Qabilin sənət şedevri   

 

 1969-cu ildə ədəbiyyatımızda  çox böyük səs salan “Səhv düşəndə yerimiz” adlı bir şeir çap olundu. Bir aləm açıldı, cəmi 6 bənddən ibarət olan bu şeirin müəllifi hələ o zamanlar çox da məşhur olmayan  Qabil İmamverdiyev idi.

Mükalimə  mövzusu  olan “Səhv düşəndə yerimiz” çox keçmir ki, hər evə, hər məclisə, müəssisə və tədris ocaqlarına ayaq açır. Xalq tərəfindən rəğbətlə qarşılanan  bu balaca  poeziya şedevri  böyük bir tapıntı kimi az qala hər gün el arasında, ciddi toplantı və müşavirələrdə, satirik yazılarda, radio və teleekranlarda da, “Kirpi” jurnalında və digər  mətbuat səhifələrində bir zərb-məsəl, qanadlı ifadə kimi işlənməyə başladı.

Qabil yaradıcılığında, ümumən ədəbiyyatımızda nadir hadisə olan “Səhv düşəndə yerimiz”həcmcə kiçik olsa da, məzmunca, mənaca, ictimai siqləti etibarı ilə böyük mətləblərdən xəbər verir.

Xalq şairi  Cabir Novruz “Səhv düşəndə yerimiz” şeirini  çox sevdiyini bildirərək xeyli sonralar  yazırdı:

“O, 1969-cu ildə-tamam ayrı bir dövrdə yazılsa belə, elə bil ki, səksəninci illərin sonu-doxsanıncı illərin əvvəllərində məmləkətimizdə bir-birinin ardınca cövlan edən hadisələr milli fəlakətimizdən qabaqcadan  xəbər verən həyəcan təbili, hay-haray idi. Səhv düşəndə yerimiz...Yerimiz  səhv düşəndə...Bu  oldu bizim son vaxtlar  başımıza gələn fəlakətlərin  mənbəyi, əsas səbəbi. İqtidarım və ixtiyarım olsa idi, bu şeiri bənd-bənd, misra-misra iri hərflərlə çap etdirib, yerində olmayan böyüklü-kiçikli bütün vəzifə sahiblərinin başı üstündə bir xəbərdarlıq kimi asardım:

 

Duman dağı dolanar,

Qiyamət olar.

Duman yola sallanar,

Müsibət olar.

Müsibət oluruq biz,

Səhv düşəndə yerimiz.

 

lll

 

Ümman gəmisi çayda

Oturar, üzməz!

Çay gəmisi, dağ boyda

Dalğaya dözməz!

Dözümsüz oluruq biz,

Səhv düşəndə yerimiz.

 

lll

 

Muğan həsrət yağışa,

Buludlar xəsis...

Yağış tökür Talışa,

Hey-hey gərəksiz...

Gərəksiz oluruq biz,

Səhv düşəndə yerimiz.

 

lll   

 

Küt bıçaq parıldayıb

Xırçıltı salıb.

Qılınc qında pas atıb

Qında korşalıb...

 

Heyf...korşalırıq  biz,

Səhv düşəndə yerimiz.

 

Ağ biləklər, gül əllər

Tarlada qabar.

Bir qeyrətsiz yekəpər

Qızılgül satar.

Qeyrətsiz oluruq biz,

Səhv düşəndə yerimiz.

 

Tarın pərdələrini

Düzənə qurban!

Yerdəyiş et birini,

Xaric vurarsan.

Xaric səslənirik biz,

Səhv düşəndə yerimiz.

 

Şeir necə səlis  oxunursa, hiss  olunur ki, o qədər  də rəvan yazılıb. Yəni, Qabil bu əsərini yaradarkən heç də əziyyət çəkməyib, ilhamını zora salmayıb, təbini bərkə- boşa çəkməyib. Misralar, bəndlər  haqdan nazil olurmuş kimi qeybdən süzülüb, beləliklə insan idrakını heyrətə salan bir sənət əsəri doğulub. Lakin həmin şeirin doğuluşa qədərki inkişaf prosesi şair daxilində ağrılı, yanğılı və çətin olub. Kim bilir,şair bətndəki bu yetişmə prosesinin  yaşı neçə ildir. Qabil fəlsəfəsinin əsl gerçəkliyini üzə çıxaran “Səhv düşəndə yerimiz” bir tərəfdən  təbiətlə cəmiyyətdəki ümumi qanunauyğunluqların təsdiqidir. Bir tərəfdən şair Qabilin, vətəndaş Qabilin milli təfəkkürümüzdən, milli psixologiyamızdan  kifayət qədər bəhrələndiyini  sübut edir.

Şeiri oxuyan həssas, duyumlu oxucu dərhal başa düşür ki, şair klassik ədəbiyyatımızın, həm də müdrik xalq yaradıcılığımızın  kamil bilicisidir. Ona görə də qısa misralar, lakonik ifadələr dərhal oxucunu ələ alır, onun qəlbini oxşayır, onunla doğmalaşır. Mən bu fikirləri ayrı-ayrı bəndlərin  təhlili ilə bölüşmək istəyirəm.

Birinci  bənddə təsvir  olunan  duman adicə bir təbiət hadisəsidir. Lakin bu adilikdə şair üçün bir-birinin əksi olan müxtəlif məqamlar var. Birinci məqamda dağı dolanan duman poetikdir. Yaratdığı gözəlliklə şair qəlbini oxşayan bu duman qiyamət dərəcədə heyrətamizdir. Lakin məqsədə aparan yola duman sallanırsa, belə bir məqam insana pis ovqat, ürək sıxıntısı aşılıyır. Hətta, bu cür pessimist anda yüngül bir səhlənkarlıq sonu müsibətlə qurtaran qəza-qədərə gətirib çıxarır.

Belə müqayisə aparan Qabil insanların cəmiyyətdəki yerinin dəyişdirilməsini təbiətdəki zaman və məkan dəyişikliklərindən doğan fəlakətlərlə uzlaşdırır.

El deyiminə çevrilən “Vay o günə ki, çörəkçi çəkmə tikə, çəkməçi çörək yapa”  ifadəsinin  mənası çox sadədir: öz sənəti, öz peşəsi ilə məşğul olmaq əvəzinə, bilmədiyi işlərə baş qoşan fərdlər ümumilikdə cəmiyyətin inkişaf qanunlarına zidd gedir, nəticədə, milli müsibətlərə zəmin yaradırlar. Belə zamanda şairin pıçıltı ilə dediyi sözlər də bir üsyan hayqırtısı kimi səslənir:

 

Müsibət  oluruq biz,

Səhv düşəndə yerimiz.

 

İkinci bənddə şair dəniz və okean  gəmiləri ilə çay gəmilərini müqayisə edir: okeanda üzən gəmi çayda üzə bilməz. Onun yeri sahilsiz, dərin nəhrlər, ucu-bucağı görünməyən sulardır. Çay gəmiləri isə ümman suları üçün yaranmayıb.Onun zəif gövdəsi dağ boyda dalğalara  dözə bilməz. Qabil yaratdığı həmin tablolar vasitəsi ilə yeri səhv düşən insanların facisini  yaşayır  və yaşadır. Sanki bütün zamanlarda və bütün cəmiyyətlərdə milyonlarla insanların taleyini həll edən böyük səlahiyyət sahiblərinə özünün “kadr siyasəti”ni təlqin edir.

Üçüncü bənd isə bir daha təsdiqləyir ki, Qabil Azərbaycan coğrafiyasına  yaxşı bələddir, ölkəmizin ayrı-ayrı bölgələrini qarış-qarış gəzib, onun dağının da, aranının da spesifik xüsusiyyətlərini yaxından tanıyır. Nə yazıqlar ki, təbiət heç də həmişə Qabilin arzuladığı səxavətdə olmur. Və yaxud, öz bölgüsündə həmişə mizan-tərəziyə dəqiqliklə riayət etmir. Bəzən təşnə könüllərin yanğısına su tökmək əvəzinə, suya ehtiyacı olmayan yerlərə lüzumsuz yağış yağdırır. Bir qətrə suyun yeri səhv düşəndə, böyük Nizaminin dediyi kimi “Artıq içiləndə dərd verir”, lazım olduğu yerə düşməyəndə isə insan əməyini puça endirir. Ən pisi budur ki, bir çox halda insan, yerini səhv salan o bir qətrə su kimi cəmiyyətdə gərəksiz varlığa çevrilir:

 

Gərəksiz oluruq biz,

Səhv düşəndə yerimiz.

 

XXI əsrin əvvəllərində belə, şair Qabilin narahatlıqlarına haqq qazandıran mətləblərin bəzisi şeirin dördüncü bəndində öz ifadəsini tapıb. Nə qədər ki, gözümüz önündə  “küt bıçaq”lara yer verilir, imkan və şərait yaradılır, yaşıl işıqlar yanır, nə qədər ki, “QILINC OĞULLAR” təzyiqlərə və təqiblərə məruz qalaraq qında pas atır, mənsub olduğumuz cəmiyyət korşalır. Əslində korşalan bizim özümüzük, bizim bu günümüzdür, sabahımızdır. Bu faciə isə şair Qabilin vətəndaş hissiyyatından acı təəssüfsüz ötüşmür:

 

Heyf, korşalırıq biz,

Səhv düşəndə yerimiz.

 

Təxminən 40 il öncə qeyrətimizin  başı üstündə həyəcan təbili kimi səs-küy salan misraları ilə Qabil sanki bir neçə ildən sonra başımıza gələcək müsibətlərə ağlayırdı. Və sanki hiss edirdi ki, torpaqlarımız işğala, qız və gəlinlərimiz düşmən təcavüzünə məruz qalacaq, “sonra gec olacaq”. Hayıflar ki, şair harayı öz vaxtında qalın divarları, meşin qapıları keçərək söz sahiblərinə çatmadı. Bəlkə də, belə naqis vəzifə adamlarının qeyrətsiz qərarları “ağ biləkləri, gül əlləri tarlada qabar”, “namussuz yekəpərlərin  əlləri isə qızılgül satar” elədi. Bu məqamda Qabilin fəryadı od püskürən qəzəbə çevrilir:

 

Qeyrətsiz oluruq biz,

Səhv düşəndə yerimiz.

 

Şeirin sonunda şair Qabil milli sərvətimiz olan tarı öz təbinə uyğun kökləyir. Lakin ən lirik anda belə o, fəlsəfəsinə sadiq qalaraq həqiqəti yalandan ayırmağa macal tapır. Şairə görə tarın pərdələri də xüsusi bir nizamla düzülüb. Bu pərdələrdən birinin yerini dəyişsən, rəvan musiqi axarı da “xarici səslənəcək”. Necə ki:

 

Xaric səslənirik biz,

Səhv düşəndə yerimiz.

 

Bəli, əsl şeir  belə yazılır. Bəli, şeirdə xəlqilik olanda o, ilk sözündən son deyiminə qədər xalqın halal malına çevrilər.

Şair sözü bəsit və azyaşar olmamalıdır.

Şair cəmiyyətin aynası olmalı, onun ağrı-acısını dərindən hiss etməli, cəmiyyətdəki özbaşnalığa,qanunsuzluğa, ədalətsizliyə dözməməli, münasibət bildirməli, aşkar etdiyi hədəfləri açıq və amansız tənqid etməlidir.

Qabilin “Səhv düşəndə yerimiz” şeiri şairin Azərbaycan xalqının dilində natəmiz hərəkətlərə, neqativ hallara, yersiz vəzifə tutanlar fonunda həyat səhvlərinə atalar sözü kimi cahanşümül bir dəruni ifadə səviyyəsinə çıxmış, vətəndaşlıq manifesti  kimi daima səslənməkdədir. Burda Qabilin poeziyası elə bir səmtə istiqamətlənib ki, konkret hədəf bütün dövrlərdə olan naqisliklərə öz prizmasından baxaraq onların cərəyan dairəsini, qorxulu cəhətlərini taparaq ifşa edir, dövrünün, mühitinin  qüdrətli ittihamçısı dərəcəsinə qalxır.

“Səhv düşəndə yerimiz” vətəndaşlıq manifesti, vətəndaşlıq harayı, cəsarəti ilə poeziyamızda bədii sənətkarlıqla tam vəhdət təşkil edir. Kiçik həcmli bu şeir Azərbaycan poeziyasında ictimai məna daşıyan sənət əsəri kimi yüksək ictimai- fəlsəfi ümumiləşdirmə dərəcəsinə qalxıb.

Təsadüfi deyil ki, Qabil adı çəkiləndə adətən, birinci olaraq “Səhv düşəndə yerimiz” şeiri yada düşür. Əgər Qabil elə bircə bu şeiri yazsaydı, onun ədəbiyyat tariximizdə  həqiqi söz ustası, qeyrətli bir vətəndaş kimi yaşamağa haqqı çatardı. Bu şeir 40 il öncə qələmə alınıb. Lakin şeirin müasirlik tutumu o qədər geniş, yayılma və təsiretmə dalğası o qədər əhatəlidir ki, burada  zaman haqqında fikirləşmirsən. Cəmiyyətdə, ictimai həyatda, mənəvi dünyamızda hər şey dəyişir, yeniliyə doğru baş alır, ancaq “səhv düşəndə yerimiz” prinsipi hələ də davam edir.

“Səhv düşəndə yerimiz”ifadəsi o dərəcədə güclü idi ki, xalqın  dilində bir zərb misala çevrildi. Şeirin ictimai- siyasi dəyəri də elə bunda idi.

Belə ki, Qabilin şeirdə qaldırdığı  problem dünyəvi problemdir, o, bütün dövrlərdə, cəmiyyətdə mövcud olub, bu gün də sözsüz ki, mövcuddur.

Mərhum şairimiz  Nüsrət Kəsəmənli də “Səhv düşəndə yerimiz”in çox dahiyanə yazıldığını göstərərək qeyd edirdi ki, indi ümman gəmisini nəinki çayda, hətta səhrada araba kimi sürürlər. Çay gəmiləri isə pulun, vəzifənin gücünə dağ boyda dalğaları quzuya döndərir. Biz qanımızda pas atan qılınclara bənzəyirik. Yerimiz səhv düşdüyü  üçün kütləşirik, korşalırıq. Yaxşı ki, Siz varsınız, Qabil müəllim. Səhv düşən yerimizi göstərən bir şairimiz var. Üzdən mələk kimi görünənləri rentgen şüası kimi daxilini həm bizə, həm özünə göstərirsən. Onları elə ifşa edirsən ki, özlərini müdafiə etmək üçün əl yeri qoymayırsan.

“Səhv düşəndə yerimiz” şeirindən hiss-həyəcansız danışmaq olmur. Dünya gərdişini sahmana salmaq polemikasına çıxan Qabil “Səhv düşəndə yerimiz”i kəşf etdi. Bu sənət şedevri sanballı yazıların başlığı oldu. Beləliklə, o, sanki, Qobustan qayalarında dərin cizgilərlə həkk olunaraq, Azərbaycan xalqının dəyərli “daş abidəsi”, “elin qanadlı ifadəsi”, atalar sözü, zərb məsəli olmaqla vətəndaşlıq pasportu aldı.

Qeyd etmək vacibdir ki, bu şeir sənətkarın digər əsərlərinin yazılmasına bir təkan oldu. Az sözlə böyük mətləblər ifadə edən şeir  və poemaları Qabili çağdaş poeziyasında daha da möhkəmləndirdi. O, bir növ, şeirin-sənətin meyarına, məhək daşına çevrildi.  

 

 

Ədalət Məmmədov,

Azərbaycan Universitetinin

dissertantı, tədqiqatçı- filoloq,

Qabilşünas

 

525-ci qəzet.- 2012.- 11 avqust.- S.19.