Gedən yerim olaydı...
“Xəstəxana təəssüratları”
silsiləsindən
O, çox maraqlı insan idi.
Ölümündən beş ildən
artıq keçir. Tez-tez onu xatırlayıram. Heç
cür mümkün deyil onu
beynin və ürəyin yaddaş səhifəsindən
qoparıb atmaq. Doğrusunu deyim ki, həm aramızdakı
yaş fərqinə, həm də xasiyyətimizə görə
biz dost ola bilməzdik. Dostluq daimi, bəlkə gündəlik
münasibətlər tələb edir. Və onun hər
gün görüşdüyü, ünsiyyət
bağladığı həmkarları vardı ki, hər
gün olmasa da, onlar bir yerdə, bir otaqda cəmləşir, ədəbi
söhbətlər aparır və sonra..bu söhbətlər
yeyib-içməklə davam edirdi. Bəli, biz dost deyildik,
öncə dediyim kimi, o, yaşca məndən 22 il
böyük idi (atamdan da bir yaş böyük idi), amma o, mənim
sevimli şairlərimdən biri idi. Yaradıcılığı
barədə bir neçə məqalə yazmışdım
və çox xoşuna gəlmişdi bu yazılar. Ona görə
də anadan olmasının səksən illiyi münasibətilə
(2006. avqust) İctimai Televiziyanın həyətində,
açıq havada təşkil olunan verilişdə
aparıcı Yusif Günaydından xahiş etmişdi ki, birinci
söz Vaqif Yusifliyə verilsin. Ölümündən sonra hər
il avqustun 12-də həmin veriliş təkrar olunur.
Söhbət Xalq şairi Qabildən gedir.
Onun yaradıcılığından,
özünəməxsus, son dərəcə bənzərsiz
bir şair olmağından danışmaq istəmirəm. Bu
barədə sağlığında çox yazıblar. Onun
poeziyasında elə nümunələr var ki, heç bir
mübaliğəyə yol vermədən deyə bilərəm
ki, bu əsərlər əsrlər üçün
yazılıb. “Qoy danışsın təbiət”, “Səhv
düşəndə yerimiz”, “Astara yolları”,
“Suqovuşanda”, “Uzaq səfərlər kapitanı”, “Məhəbbət
deyil”, “Tramvay parka gedir”, “Yağışlı havalarda, küləkli
havalarda”, “Dəniz yandırdı məni”, “Gedən yerim
olaydı”, “Mərsiyə”,
“Ümid sənədir ancaq”, “Nəsimi bazarında”... Və
əlbəttə, bu bənzərsiz şeir nümunələri
ilə yanaşı, “Nəsimi” poemasının
ayrı-ayrı səhifələri. Deyim ki, bu şeirlərin
bir qismi ədəbiyyat tarixinin ayrı-ayrı səhifələrinin
parlaq cizgiləridir. Məsələn, Vaqif Səmədoğlu
yazır ki, bizim nəslin bir çox şairi Qabilin “Tramvay
parka gedir” şeirindən çıxıb.
Altmış ildən artıq
yaradıcılıq yolu keçən bir şair
üçün bəlkə də bu say çox azdır,
ancaq söhbət böyük poeziyadan gedir və böyük
poeziyanın yaddaşına hətta bir-iki ölməz
şeir nümunəsi ilə həkk olunmaq xoşbəxtlikdir.
XX əsrin çox istedadlı
bir şairi-Səməd Mənsuru bircə şeiriylə (“Rəngidir”)
xatırlayırıq. Halbuki, onun satirik və lirik şeirləri
də az deyil.
Şairlik çox sirli bir aləmdir. Biz tənqidçilər
əksər hallarda şairin istənilən bir şeirindən
çox asanlıqla danışırıq. O şeiri təhlil
edirik, şairin göstərdiyi poetik hünəri və
ustalığı nəzərə çarpdırırıq.
Ancaq etiraf edək ki, necə nəzəri bir təfəkkürlə,
poeziya sənətinə bələd olan bir mütəxəssis
kimi “silahlansaq” da, o gözəl şeirin yaranması
möcüzəsinə baş vura bilmirik.
Budur, “Gedən yerim olaydı” şeiri. Hər
cür ictimai pafosdan uzaq, sırf subyektiv, intim duyğuların
ifadəsi. Ancaq bu subyektiv, şəxsi, intim duyğuların təcəssümü
olan şeir hamımızın etirafına çevrilir.
Harasa gedən yerim olaydı.
Çətin bir ünvan axtaraydım,
Gəlişimə inanmayan,
Gəlişimi gözləməyən
İnsan axtaraydım.
Raketdən sürətli nə var
dünyada;
Təki...
Gedən yerim olaydı.
..Axşam düşəndə
Çataydım
Sıldırımlı dağlara
sığınmış bir kəndə.
İt zəncir
gəmirəndə
Adam çıxaydı səsə.
Bir cüt pərişan gözlə
Göz-gözə,
Bir xoş mehriban üzlə
Üz-üzə
Dayanaydım.
Hər bir insanın qəlbində belə
həzin, çox kövrək duyğular yarana bilər. Qabil
də insan tənhalığının poetik şeiriyyətini
yaradıb. Mən bunu bu il, iyun-iyul aylarında iki müxtəlif
xəstəxanada, təngə gəldiyim, havasına öyrəşməyib
fiziki gücümün tükəndiyi palatalarda açıq
hiss elədim. O zaman “Gedən yerim olaydı” şeirinin
yadımda qalan misralarını öz-özümə
pıçıldayırdım və birdən-birə
içimdəki sağalmamaq qorxusundan yaranan o ümidsizlik qəlpələri
parça-parça olurdu. Bax, poeziyanın gücü bunda
imiş!...
Qabil və onun poeziyası ilə mənim
çox sevdiyim Əli Kərim və
poeziyası arasında demək olar ki, heç bir
üslubi və semantik bağlılıq görmürəm.
Bunlar tamam ayrı-ayrı şairlərdir. Deyim ki,
altmışıncı illərin əvvəllərində
Qabil də M.Rahim, N.Xəzri, O.Sarıvəlli ilə bir “cəbhədə”
yeni, modern şairlərə qarşı mübarizə
aparırdı. Amma çox keçmədi ki,
altmışıncı illərin o cavan novator şairləri
özlərini təsdiq etdilər və necə deyərlər,
döyüşlər bitdi. Xatırlayıram ki, heç
cür yenilikçiləri bəyənməyən, onları
klassik ədəbiyyatımızın ənənələrinə
qarşı mübarizədə suçlayan Məmməd
Rahim İsa İsmayılzadənin “Güllələr demədi”
şeirinə ayrıca bir məqalə həsr etmiş, tərifləmişdi.
Mətləbdən uzaq düşmək
istəmirəm. Qabil və Əli
Kərim həm fərdi üslub, həm də poetik
düşüncə etibarilə fərqli şairlər
olublar. Ə.Kərim zənnimcə. Heç vaxt “Qoy
danışsın təbiət” və “Səhv düşəndə
yerimiz” tipli qabilanə şeirlər yazmazdı. Qabil də
“İki sevgi”, “Atamın xatirəsinə”, “Babəkin
qolları” poetik düşüncəsinə məhrəm
şair olmamışdır. Hətta Ə.Kərimin Nəsimiyə
həsr etdiyi “Şəhidliyin zirvəsi” və Qabilin “Nəsimi”
poeması da eyni mövzuya həsr edilsə də, tamam fərqli
nümunələrdir. Lakin Qabilin şeirlərini oxuyanda elə
məqamlarla üzləşdim ki, istər-istəməz Əli
Kərimin poetik məna dolu misraları arasında canbirlik,
qanbirlik hiss etdim. Qabilin “Tramvay parka gedir” və onlarla bu tipli
yarı istehsalat, yarı qəlb dialektikasını əks
etdirən şeirləri ilə Əli Kərimin o zaman
neftçilərə həsr etdiyi şeirlər yan-yana
düzülsə, qətiyyən aralarında ciddi bir fərq
nəzərə çarpmaz. Məncə, Qabilin “Küləkli
havalarda, yağışlı havalarda”, “Suqovuşanda”
şeirləri, “Sənsiz dənizə çıxdım, Dəniz
yandırdı məni” misraları ilə Ə.Kərimin bir
çox sevgi şeirləri bir sevgi təndirində bişiblər.
Bir dəfə, televiziya verilişlərinin birində Əli Kərim
yaradıcılığından söz açan Qabil dedi ki, Əli
Kərim doğrudan böyük şairdir və heç kim
buna şəkk eləməsin.
Qabil müəllimin bir ayağı klassik
poeziya ərazisində, bir ayağı isə bu
çağların şeir məkanındaydı. Çox az
şair tapılar ki, klassik poeziya ənənələrini
yaradıcı şəkildə Qabil kimi davam etdirə bilsin.
Söhbət ondan getmir ki, sən əruzu bilirsən, klassik
şeir formalarına yaxşı bələdsən. Yox! Əsas
odur ki, XXI əsrin polifonik şeir üslubları arasında
klassik şeir üslubunu yeni, müasir poetik təfəkkür
modelinə sığışdıra biləsən. Bu mənada
Qabilin 20 Yanvar şəhidlərinin xatirəsinə həsr
etdiyi “Mərsiyə” şeiri klassik şeir formasının
ehyası kimi qiymətləndirilməlidir.
Tutulub vahimədən nitq bu gün,
dil bu səhər,
Bəzəyib Abşeronu qanlı qərənfil
bu səhər,
Bakı fəryad eləyir,
gözdən axır sel bu səhər.
Gəmilər nalə çəkir,
ərşə çıxır zil bu səhər.
Gecəni atəş ilə
qırmızı dan eylədilər,
Xalqımı-millətimi güllə-baran
eylədilər!
Vaxtilə Abbas Səhhət yazırdı
ki, Mirzə Ələkbər Sabirin şeirləri İran məşrutə
hərəkatına bir ordudan ziyadə xidmət etmişdir.
Doxsanıncı illərdə də poeziyamız bu
missiyanı yenidən üzərinə
götürdü.Qabilin həmin illərdə qələmə
aldığı “Çalsın Azərbaycan haray zəngini”,
“Qeyrət, a vətəndaşlar”, “Çalma, qaboy”, “Bu
gün idman vaxtı deyil”, “Xəcalət”, “Qərənfillərdən
uzaq”, “Çadırlar”, “Çadırlara
alışmayın”, “Yanıq Kərəmi”, “Nəsimi
bazarında”, “Rəqs”, “Haray, tələsir, gəlin!” və nəhayət,
“Ümid sənədir ancaq...” şeirləri vətəndaşlıq
cəsarətindən doğan poetik nümunələrdir. Həmin
şeirləri Qabil xaos və hərcmərclik
dövrünün yaratdığı ictimai-siyasi, mənəvi-psixoloji
ab-havaya kəskin etiraz kimi qələmə
almışdır.
“Çadırlara
alışmayın!”- bu, o deməkdir ki, ruhunuz sönməsin,
xarici ölkələrin pay-puşuna göz dikməyək, əlinizə
silah götürüb torpaqları azad edək. “Yanıq Kərəmi”yə
oynamaq olmaz, bu gün hər kəs
işğal olunmuş Vətən torpaqları barədə
düşünməlidir. Qabilin bu şeirləri fransız
yazarı Apollinerin belə bir fikrini xatırladır: “Yaddan
çıxarmayaq ki, hər hansı bir millətdən
ötrü ruhən işğal olunmaq silah gücünə
işğal olunmaqdan daha təhlükəli ola bilər”.
Dəyirmi masalarda
İzi var dirsəklərin.
Ağla sığan söhbəti,
Sözü var dəstəklərin,
Yardım bağlamasında
Özü var dəstəklərin.
Lap ləl-cəvahir olsun
Hər yardımın dəyəri.
Ümid sənədir ancaq
Azərbaycan əsgəri!
Ali qonaqlar gəlir
Dünyanın hər yerindən.
Ürək yanır, göz dolur
Şəhid qəbirlərindən.
Düşünüb daşınıram
Özlüyümdə dərindən.
İntiqam ala bilməz
Qana qan ola bilməz
Məzarları bəzəyən
Ehtiram çiçəkləri...
Ümid sənədir ancaq
Azərbaycan əsgəri!
lll
Bu məqamda mən Qabilin dillər əzbəri
olan “Qoy danışsın təbiət” şeirinə üz
tuturam. Əgər Azərbaycan təbiətinin gözəlliklərini
əks etdirən şeirlərdən ibarət bir poetik toplu tərtib
edilsə, Qabilin bir neçə şeiri və heç
şübhəsiz, “Qoy danışsın təbiət”
şeiri orada özünə yer tapacaq. Bu şeiri xarakterizə
edən bir cəhət diqqəti xüsusilə cəlb edir-
sünii və qeyri təbii görünə bilən heç
nə yoxdur- “patetika istisi, ritorika soyuğu” (Yaşar Qarayev) bu
şeirə yaddır.
Başımın üstündə çətirli
meşə,
Yuyunmuş, daranmış, ətirli meşə.
O yazda yaşıldı, payızda əlvan.
Bir ağac kəhraba, bir ağac mərcan.
Bir yarpaq günəşin şöləsində
zər,
Bir yarpaq buludun cözünü silər.
Dinim, ya dinməyim, dinləyim əlbət
Qoy danışsın təbiət!
Budaqdan ayrılan hər sarı yarpaq
Elə bil uşaqdır, yetim bir uşaq
Üşüyür,
büzüşür saplağında nəm,
Vüsalla, hicranla doludur aləm.
Xoşdur o ilk bahar, bu son bahar da.
Ürək məna gəzir bu duyğularda
Hansı məxluqda var belə şeiriyyət?
Qoy danışsın təbiət!
Professor Tofiq Hacıyev “Qabilin qabilliyi” adlı məqaləsində
yazır: “Qabil deməli olduğu sözü heç vaxt
saxlamayıb. Həmişə düşünüb: Tanrı
bu şairlik istedadını ona verib ki, xalqına gərək
olan sözü desin”. Bu mənada Qabili sözün əsl mənasında
xalqa bağlı olan bir şair hesab edirik.O.heç vaxt xalq
haqqında mücərrəd danışmayıb, onun sevincinə
şərik olub, dərdindən-sərindən yazıb.
Bu isti yay günündə böyük
şairimiz Qabili xatırladığım yazını başa
çatdıranda birdən-birə onun 61 il öncə qələmə
aldığı bir şeiri xatırladım: “Küləkli
havalarda, yağışlı havalarda”. Dəhşətli
istinin əlindən necə can qurtarmaq olar, qoy payız gəlsin,
qoy küləklər əssin, yağışlar
yağsın, sanki Qabilin şeiri məni o küləkli, o
yağışlı payız havasına çəkib
apardı.
Külək əsir...üşüyür
yenə daş –divar,
Səkilərin üstünə
düşür damcılar.
Küçələrdən tələsik
keçib gedirlər,
Səni xatırlayıram, qəlbimdə kədər-
Biz də belə gedərdik.
Küləkli havalarda,
yağışlı havalarda.
Külək əsir közərir odum,
yanıram,
Yağış yağır, gözümdən
yağır sanıram,
Səni, səni axtarır, səni gəzirəm.
Başqa vaxtı hicrinə bir cür
dözürəm,
Ancaq dözə bilmirəm
Küləkli havalarda,
yağışlı havalarda.
Vaqif
YUSİFLİ
525-ci qəzet.-
2012.- 11 avqust.- S.18.