Ölüm mələyi
Keçən
əsrin 80-90-cı illərində yenidən tüğyan edən
Qarabağ hadisələri başlanan dövrdə
yazıçı Mustafa Çəmənlinin qələmə
aldığı “Xallı gürzə” romanı oxucular tərəfindən
maraqla qarşılanmışdı. Romanda XVIII əsrin
ortalarında müstəqil Azərbaycan xanlıqlarından
biri kimi yaranmış Qarabağ xanlığının
tarixi, dövrün ictimai-siyasi durumu, Rusiya dövlətinin
yeni yaranmaqda olan bu xanlıqları işğal edib
böyük imperiyanın tərkibinə daxil eləmək
planları tarixi faktlar əsasında qələmə
alınmışdı.
“Xallı gürzə” Rusiya dövlətinin
rəmzi kimi təsvir olunmuşdu. Romanda müxtəlif əsrlərdə
təqiblərdən qaçaraq xanlığın ərazisində
sığınacaq tapmış 5-6 erməni kəndində
yaşamaq imkanı əldə etmiş ermənilərin
çirkin hərəkətləri, Rusiya hakim dairələrinin
himayəsi ilə tarixi türk yurdu, Azərbaycan ərazisi
olan Qarabağda kiçik də olsa, erməni dövləti
yaratmaq planının ilk mərhələsi təsvir
olunmuşdu.
20 illik fasilədən sonra M. Çəmənli
tarixi mövzuda ikinci əsəri “Ölüm mələyi”
romanı ilə oxucuların görüşünə gəldi.
Romanda Şah İsmayılın
yaratdığı qüdrətli Səfəvi dövlətində
onun qurucusunun
ölümündən sonra səltənətini
idarə edən oğlu I Şah
Təhmasibin 50 ildən artıq dövrünün
mühüm hadisələri süjet xəttinin əsasını təşkil
edir.
Şah İsmayıl gənc olsa da, bu
günə qədər məğlubiyyət nə olduğunu bilməmişdi. Bir-birinin
ardınca ələ keçirdiyi dövlətlərin
sayı artmış, ərazisi genişlənmişdi. Onun şahlıq qürurunun
qırıldığı Çaldıran
döyüşünə hələ altı ay
qalmışdı. Sultan Səlimlə məktublaşmalar
isə davam edirdi.
Şah İsmayıl Çaldıran döyüşündə
məğlub olduqdan sonra
çox ciddi
narahatçılıq keçirib cəmi
10 il yaşadı. Bu
müddətdə onun üzü
gülmədi, kefi açılmadı. Məşhur
akad. Tarle Napoleona həsr etdiyi qiymətli
əsərində yazır ki, Napoleon Vaterloo
döyüşündəki məğlubiyyətinin
acısını uzun müddət unuda bilmədi, onun qəlbini
didib-parçalayan Vaterloo
oldu. Şah
İsmayıl da Çaldıranı unuda bilmirdi. Bu dərd də 10 ildən sonra
onun gənc yaşlarında
dünyasını dəyişməsinə səbəb oldu. Bu vaxt
Təhmasib on bir yaşa keçmişdi.
I Şah Təhmasib öz
ehtiyatsızlığından ağır xəstəliyə
mübtəla olmuşdu. Şahı narahat edən onun döyüş meydanında yox,
öz ehtiyatsızlığından yatağa düşməsi idi.
Şah artıq bir ay idi ki,
ölümlə çarpışırdı.
Roman xəstə şahın hakimiyyətə
gəldiyi gündən keçdiyi ömür yolu, gördüyü işlərin xəyalında
canlanması ilə başlayır.
Romanın süjeti tarixi
romanların ənənəvi quruluşundan
fərqlənir. Belə ki, müharibələr,
döyüş səhnələri deyil, qələmə alınan dövrün dinc həyatı,
əsasən sarayın daxili ziddiyyətləri
süjetdə əsas yer tutur.
Müəllif romanı qələmə alarkən çoxlu tarixi mənbələrdən,
o dövrün tərkirələrindən
geniş istifadə etmiş,
hadisələrin tarixi həqiqətə uyğun canlandırılmasına nail olmuşdur.
Şah Təhmasib 53 il, 6 ay,
26 gün şahlıq etmiş,
hakimiyyətinin ilk illərində Səfəvi
dövlətinin ərazisini genişləndirmiş,
Gürcüstanın qərb hissəsini öz
ərazisinə qatmış, Şirvanşahlar
dövlətinin varlığına son qoymuş, Şəki və Şamaxı şəhərlərini
almış, Osmanlı dövləti ilə bir
neçə il müharibə
aparmış, daha sonra
Sultan Süleymanla sülh içərisində yaşamaq
üçün saziş
bağlamışdı. Romanda Şah Təhmasibin döyüş
qəhrəmanlığı, diplomatik məharəti,
siyasi iradəsi də ətraflı əks
olunmuşdur.
O, bir şah kimi
qətiyyətli, düşmənlərinə, ona xəyanət edənlərə
qarşı amansız olmuşdur.
Romanda Şah Təhmasibin
hakimiyyət dövrü bir
neçə əlamətdar tədbirləri ilə yadda qalır. O, şərabxanaları,
qumarxanaları, fahişəxanaları ləğv etmiş, məktəblər, mədrəsələr
açmış, məscidlər tikdirmiş,
Hüseyn Vaizin Kərbəla
hadisələrindən bəhs edən “Rövzətüş-şühəda”
əsərini tərcümə etdirmişdi.
O, xalqı düz yola dəvət etmiş,
alimlərə, üləmalara, ziyalılara ehtiramla
yanaşmış, yetimlərə himayədarlıq göstərmiş,
yetim oğlan və
qızlar üçün yetimxanalar
açdırmış, sənətkarlığın, ticarətin
inkişafına şərait yaratmış, xalqın güzəranını
yaxşılaşdırmışdır. Bu xeyirxah əməllərinə
görə rəiyyətin hökmdara məhəbbəti
artmışdı. Şah özü
də xeyirxah əməlləri ilə təskinlik
tapırdı.
“ Kartli çarı Simon farağat durmurdu, tez-tez Şəkiyə, Şirvana
hücum edirdi. Buna görə də dörd
dəfə Gürcüstana hücum edib onları
yerində oturtmuşdu. Sonuncu
dəfə qaynı Şamxal Sultan Çərkəz Kartli
çarını əsir götürüb
Qəzvinə – onun hüzuruna
gətirmişdi. O, İslamı qəbul etmədi. Amma şah ona
heç bir cəza
vermədi. Bir müddət dövlətxanada saxladı.
İslamı qəbul etmədiyinə görə yox, dəfələrlə məmləkətin
sərhədini keçib əlsiz-ayaqsızların
qanını tökdüyünə görə onu Əlamut qalasına saldırdı. Axı
hər kəs tutduğu əmələ
görə öz mükafatını
almalıdır”.
Şah Təhmasibin müsbət keyfiyyətlərindən
biri də gənclik dostlarını
unutmaması, onlara qayğı göstərməsi
idi. Şah bir gün ona
məlumat verən Kor Şahəli ilə
söhbətində uşaqlıq dostu Əmiraslan
bəyi soruşur.
Kor Şahəli şaha
belə cavab verir:
– Çiyninə
xırqə salıb İranı-Turanı dolaşıb
qayıdıb vətənə, həqiqət, ədalət
axtarıram deyib indi də
xəlvətə çəkilmiş, düz
qırx gün meşənin ortasında xan çinarın koğuşunda
xəlvətdə qalıb.
Şah tapşırır ki,
onu tapıb yanına gətirsin. Əmiraslan
bəy səhərisi gün şahla üz-üzə oturub
söhbət edirdi. Hətta şaha uşaqlıq xatirələri ilə
bağlı yazılmış Qazi Cahan Qəzvinlinin bir beyt şeirini də oxuyur.
Nə gözəl
tərəqqi etdilər bişək,
Katib, nəqqaş, Qəzvinli, bir də eşşək.
Onlar bu maraqlı
söhbətlə də ayrılırlar
Romanda maraqlı surətlərdən biri də Pərixan bəyimdir. O, həm
gözəl, həm də ağıllı idi.
Mükəmməl təhsil almışdı. Şeir,
sənət həvəskarı idi.
Atası onu çox sevirdi. Gənc qız da hərdən
atasının yanına gələr, onunla
müxtəlif mövzularda söhbət
edərdi. Şah qızının fərasətini
görüb onu öz müşaviri təyin
etmişdi.
Dövrün görkəmli şairi
Mövlana Möhtəşəm Kaşi Pərixan bəyimə bir
qəsidə həsr etmişdi. Pərixan
da ona bir
neçə qızıl pul göndərmişdi.
Kaşi az sonra Şah Təhmasibə
həsr etdiyi qəsidəsini Pərixan bəyim
vasitəsilə şaha
çatdırmışdı. Şah bu qəsidəni oxuduqdan sonra qızına demişdi
ki, bu şeirdə Kaşinin istedadı yox, dəllallığı
üzə çıxıb. Mən şairi
dəllal görmək istəmirəm.
Romanda təsvir olunan
söhbətlərdən şah Təhmasibin
klassik ədəbiyyatı dərindən bildiyini görürük.
Romanda bəzi hadisələr haqqında
İbrahim mirzənin dili ilə məlumat verilir. Əsərdə Osmanlı ordusu ilə döyüşlər, sonra bağlanan sülh haqqında danışılır. Sultan Süleymanın oğlunun
atasına bağışlanmaq üçün
yazdığı məktub və onun
cavabı yada salınır.
Romanda şah Təhmasibin
son gecəsi də yaddaqalan
təsvirlərlə qələmə
alınmışdır.
13 may 1576- cı ildə axşam
şahın vəziyyəti ağırlaşır. Onun xəyalında
keçmiş günlərin uzun illik xatirələri
canlanır. 100 minlik qızılbaş ordusu hər yerdə onu bir ağızdan coşğun
avazla “Heydərü Səfdərdi bizim pirimiz,
qırxımıza taydı bizim birimiz” sədaları səslənir. “Bu inam, bu
etiqad, bu eşq onu qələbədən
qələbəyə aparırdı”.
Şahın
oğlanları arasında hakimiyyət uğrunda
mübarizə süjetdə mühüm yer tutur. Şah
hakimiyyətin acgöz bir
əjdaha olduğunu, ayrı-ayrı arvadlardan doğulmuş
uşaqlarının bir-birinə qənim kəsildiyini
aydın görür və bundan ciddi
narahatçılıq keçirirdi.
Doqquz qardaş, səkkiz
bacı, üstəlik gəlin, yeznə, qayın, əmi,
dayı, xala, bibi və
onların uşaqlarının hakimiyyət üçün
necə bir təhlükə təşkil
etdiyi göz
qabağında idi. O, hər
ehtimala qarşı olacaq
təhlükəni aradan qaldırmaq üçün müəyyən tədbirlər
görsə də, təhlükə tam
sovuşmamışdı. Sarayda
atasının yanında qalan Heydər də
yaşa dolduqca gələcəkdə
şah olmaq həvəsi
ilə yaşayırdı.
Şah Təhmasib dünyasını dəyişən
gecə onun gürcü
arvadından olan oğlu
Heydər mirzə atasının yanında
qaldığından bu anlarda
özünü taxta sahib olmağa daha yaxın hesab edir. Anası da oğlunun özünü
şah elan etməsinə
çalışır. Heydər mirzə hətta
anasının tapşırığı ilə şah adından onun vəsiyyətini
yazır.
Heydər mirzə
şah ölən an onun barmağından möhür
üzüyünü çıxarıb öz barmağına taxır və “vəsiyyəti”
möhürləyir, qılıncını belinə
bağlayır. Saray əhli bir anda vəziyyəti bilib narahatçılıq keçirir.
Şahın meyiti isə ortalıqda qalıb. Saray əyanları hərə bir
tərəfdə gizlənib vəziyyətin sonunu
gözləyir. Həkim Əbu Nəsiri meyit
olan otaqdakı buxarının içərisindən
tapıb öldürürlər. Bu
qarışıqlıqda Heydər mirzə də öldürülür.
Səhər
şahın da, Heydər mirzənin də
meyitlərini yuyub dəfn edirlər.
Axund isə dəfndən sonra səltənət və padşahlıq
xütbəsini İsmayıl mirzənin adına oxuyur. İsmayıl mirzə Qəhqəhə
qalasından çıxaraq Qəzvinə doğru
hərəkət edir.
Romanın ən
ziddiyyətli surəti – İsmayıl mirzədir. Müəllif
onu bir şəxs olaraq hərtərəfli təsvir etmişdir. Döyüşlərdə qəhrəmanlığı
ilə seçilən İsmayıl bir igid sərkərdə kimi
böyük nüfuz
qazanmışdı.
Osmanlılarla
müharibədə İsmayıl mirzə Qarsı üç gün
mühasirədə saxlayıb Osman
Çələbinin qoşununa qalib gəlmişdi. Düşmənləri ona misilsiz şücaətini
“Dəli İsmayıl” adı verməklə etiraf
edirdilər.
Romanda Pərixan bəyimin İsmayıl
mirzəyə xüsusi rəğbəti,
vurğunluğu var. Pərixan
bəyim onu hər cəhətdən bütün şahzadələrdən üstün tuturdu. Hətta
doğma qardaşından da
çox sevir. Çünki İsmayıl mirzə onun nəzərində misilsiz
bir qəhrəmandır. Onun
belə düşünməyə əsası və haqqı
da vardı. İsmayıl mirzə hələ
on dörd
yaşından əlində qılınc hərb meydanına
atılmışdı. Hələ onda Pərixan
bəyim anasının bətnində idi.
O, bu dünyaya bir il sonra
(1548) gələcəkdi. Sonralar biləcəkdi
ki, atası şah Təhmasib
ona xəyanət etmiş
qardaşı Əlqəs mirzənin yerinə on
dörd yaşlı İsmayıl mirzəni
Şirvan hakimi təyin
etmişdi... Lakin
İsmayıl mirzənin ərköyün böyüməsi,
itaətsizliyi atasını həmişə narahat
edirdi.
Şahın
oğluna qəzəbinin əsl səbəbi
isə onun Osmanlılarla
bağlanmış 1555-ci il tarixli sazişin
ağır şərtlərini qəbul etməməsi idi. İsmayılın çılğın
təbiəti, ərköyünlüyü bu
şübhələri daha da artırırdı. Bu
itaətsizliyinə və ondan şübhələndiyinə görə atası onu Qəhqəhə qalasında dustaq edir.
Hər bir insan üçün
dustaq həyatı olduqca
kədərli hadisədir. Xüsusən gənc şahzadə
üçün bu əsl
dəhşətdir. İsmayıl mirzə hətta yeni doğulacaq
qızının üzünü görməmişdi.
Ona görə də müəllif bu illərdə İsmayılın həyatını,
arzularını, düşüncələrini ətraflı
təsvir etməyi lazım bilmişdir.
İsmayıl
mirzəni daha çox
düşündürən, narahat edən
bu idi ki,
bu uzun zaman
kəsiyində onun heç
bir qohumu, dostu, hətta arvadı belə onun
yanına gəlməmişdi. Əslində onlara
bu imkan verilməmişdi.
İsmayıl
mirzə uzun illər bu
Qalada ağır, üzücü,
sonu görünməyən dustaq həyatı yaşamalı olmuşdu.
“...O, hərdən
zindan qoynuna
sığınan qaranquşların taleyini
düşünür, fikirləşirdi ki, zindanda dünyaya
gələn elə zindanı özünə Vətən sayar. Amma heç
vaxt zindandan Vətən
olmaz. Ancaq elə ki, qaranquşlar
bala çıxarırdılar, haradan olsa yem
gətirib balalarını yedizdirib
böyüdürdülər, sonra
qanadları üstə alıb onlara uçmaq öyrədərdilər.
İsmayıl mirzənin rəngi-ruhu açılırdı.
Çünki qaranquşlar
gəldikləri kimi də uçub
gedirdilər. İsmayıl mirzə dəstə ilə uçub gedən quşların arxasınca sonsuz kədərlə baxardı”. Çünki quşların qalaya
gəlməyə də, qaladan geri qayıtmağa da
imkanları vardı. İnsan isə bu imkandan məhrumdur.
Müəllifin bu təsviri İsmayılın daxili çırpıntılarını, dəruni
hisslərini aydın göstərir və onun
intiqam hissilə yaşamasını şərtləndirən
başlıca səbəblərdən biri
kimi diqqəti cəlb edir.
İsmayıl
mirzənin siyasətində bir müsbət
cəhət diqqəti cəlb edirdi. Şah şiəliklə sünniliyi
yaxınlaşdırmaq istəyirdi. Türk
xalqlarının qarşılıqlı düşmənçiliyində
bu fakt həmişə
mənfi rol oynamışdı.
Müəllif roman üzərində işlərkən o dövrə aid mövcud tarixi mənbələrdən,
xüsusən İsgəndər bəy Münşinin
“Tarıxı-i aləmara-yi Abbasi” əsərindən
geniş istifadə etmişdir.
Ona görə də romanda
tarixi faktların sənətkar təxəyyülü
ilə canlandırılmasında tarixi həqiqətə
sədaqətini yazıçının uğuru
kimi qiymətləndirmək olar.
Müəllif
romanını epiloqla bitirir
və qəhrəmanlarının sonrakı taleyindən
oxucularını agah edir.
Düşünürəm ki, əsər
tarixi həqiqətlərə söykənən,
psixoloji və həm də hər zaman müasir səslənəcək
ibrətli bir romandır. Əsərdən
çıxarılan nəticə çoxqatlı,
çoxçalarlıdır. Onlardan biri də budur ki, Allah
qarşısında günahı olan hər
bir bəndə gec-tez
öz günahına görə cəzasını
alacaqdır. Romanı oxuyub başa çatandan sonra düşünürsən ki, nə üçün
əsrlər keçib, dəyərlər
dəyişsə də insan xisləti dəyişməz
qalır.
Yavuz Axundlu,
Professor
525-ci qəzet.- 2012.-
11 avqust.- S.16