Nüfuzlu söz sahibi   

 

(Rüstəm Kamalın 50 yaşına)

 

Rüstəm Kamalın ədəbi-fəlsəfi mühakimələri təzə olduğu qədər də bənzərsizdi. Deyəcəyi fikri milli kontekstdə ümumilləşdirmək bacarığı güclüdür. Obrazlı düşündüyündən təşbehləri və məcazları yadda qalır, təhlil etdiyi mövzu barədə aydın və tamamilə yeni fikir söyləyir.

Paleontoloqlar daşı, torpağı rəngindən tanıdıqları kimi, R.Kamal da sözün alt qatını (sətiraltı fikri də demək olar) üst qatından oxuyuronun çalarlarını müəyyən edir. Bizim yaxşı tanıdığımız bir müəllifi bəzən o yenidən kəşf etmək iddiasında olurbu, onda çox gözəl alınır.

Rüstəm Kamala inanmamaq mümkün deyil, çünki o təkcə elmi məntiqlə yox, həm də vəhylə danışır. Onu belə məqamlarda görmüşəm və sevinmişəm.

Haqqında danışdığı şeirdən qabaq özünü kəşf edir. Geniş miqyaslı düşünürdüşündürür. Sözün sehrinə doğru çəkir. Sözdə də xalılarımızdakı rəngləri, boyaları axtarır. Söz gərək yazılmasın deyir, toxunsun. Sözü müəllif yox, qoy müəllifi söz təqdim etsin. Şairdə heykəltaraşı görür. Söz yonulmalıdır ki, heykəlləşsin, söz-vətən olsun. Ədəbiyyat millətin xidməti pasportu rolunu oynayır. Yazıçı yoxdur, əsər var; əsər yoxdursa, yazıçı da yoxdur.

Rüstəm Kamal ədəbiyyatdan danışanda boyundan çox uca görünür.

O, diqqət ayırdığı yazıçının, şairin, alimin əsərindən danışarkən həm mətnlərarası fikirləri oxuyur, həm də müəllifi onun özünə və müasirlərinə tanıdır. Sonra da yaşadığı mühit haqqında poetikqlobal mühakimələr yürüdür. Bu, onun yaradıcılıq üslubu, yazı manerasıdır.

Kamal Abdulla, Nizami Cəfərov haqqında nəşr etdiyi kitabları dediyimə misal ola bilər. Xalq şairi Zəlimxan Yaqubun yaradıcılığı da onun təhlilində oxucuya çox xoş təsir bağışlayır.

İstər-istəməz Asif Əfəndiyevi (sonralarAsif Ata” yazdırırdı) xatırladım. Həm də təəssüflə xatırladım ki, belə bir kulturoloji dünyagörüşə malik tənqidçi, ədəbiyyatşünas alim unudulubdu.

Rüstəm Kamalın yubiley gecəsində akademik Teymur Bünyadov Asif Atanın adını çəkdi və Nizami Cəfərovla mənə üzünü tutdu ki, yadınızdadırmı? Əlbəttə, yadımızdan çıxmamışdı.

Mən vaxtilə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru olduğum vaxtlarda, tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri işləyən Nizami Cəfərovun ondan aldığı gözəl bir müsahibəni çap etmişdim. Zəng vurub minnətdarlıq edirdi. Əslində bu müsahibə üçün mən ona minnətdar idim.

Asif Əfəndiyevlə Rüstəm Kamalın üslub yaxınlığını aydın görmək olur. Bundan başqa, bir tənqidçi kimi sevdiyi və haqqında yazdığı kitabda yüksək qiymətləndirdiyi Nizami Cəfərov onun ruhi qidasıdır.

Bütün bunlar göstərir ki, Rüstəm Kamal ədəbi tənqidə böyük nəfəslə gəlib; o dünya mədəniyyəti qaynaqlarını ədəbiyyatını və fəlsəfəsini gözəl bilməklə milli zəmində inkişaf edir. Azərbaycan ədəbi-tənqidi fikrinin Böyük nümayəndəsi kimi tanınır və sevilir. O, artıq geniş miqyaslı fəlsəfi ümumiləşdirmələrilə “Rüstəm Kamal ədəbi mühiti” formalaşdıran nüfuzlu söz sahibidir. Biz dostları da onun yüksək istedadını və insani keyfiyyətlərini görüb sevinirik.

 

 

Nəriman Həsənzadə,

Xalq şairi

 

525-ci qəzet.- 2012.- 11 avqust.- S.17.