“Azərbaycanın
təhsil tarixi”: milli təhsil haqqında fundamental
IV YAZI
Azərbaycanın təhsil naziri,
tanınmış ziyalı,
ictimai xadim, professor Misir Mərdanovun “Azərbaycanın
təhsil tarixi” çoxcildliyi Azərbaycan
təhsilinin çətin
və şərəfli
inkişaf yolunu əks etdirən salnamə kimi səciyyələndirilə bilər.
Azərbaycan təhsilinin tarixi
ilk dəfədir ki, bu cür əhatəli
və sistemli şəkildə oxuculara təqdim olunur. Görkəmli maarif fədailərinin,
mütəfəkkirlərin və pedaqoqların həyatı, onların xalqın maariflənməsi
yolunda qeyri-bərabər
mübarizədə göstərdikləri
dözüm, cəsarət
haqqında qısa oçerklər bu
fundamental əsəri daha
maraqlı və oxunaqlı edir. Bu baxımdan çoxcildliyi
həm də təhsil tarixinin publisistik dillə qələmə alınmış
ensiklopediyası da adlandırmaq olar.
Çoxcildliyin ikinci fəsli Azərbaycanda internat tipli təhsil müəssisələrinin, xüsusi məktəblərin təşəkkülü və inkişafına həsr olunub. M.Mərdanov bildirib ki, Azərbaycanda internat məktəblərinin tarixi, əslində, 20-ci illərdən başlayır. Azərbaycan SSR Xalq Maarif Komissarlığının 1926-cı il 6 yanvar tarixli Kollegiya qərarı ilə qəbul edilmiş “Kəndli gənclər məktəbləri haqqında” əsasnaməyə görə məktəblərin nəzdində kəndlərdən gələn uşaqlar üçün internat tipli yataqxanalar təşkil edilməsi nəzərdə tutulurdu. Sonralar bu tipli məktəblərin təcrübəsi əsasında internat məktəblər yarandı. Azərbaycanda məktəb şəbəkəsi 30-cu illərin əvvəllərində sürətlə genişləndi və ümumi icbari ibtidai təhsilə keçid başa çatdı. SSRİ Nazirlər Sovetinin qəbul etdiyi “İbtidai və orta məktəblərin quruluşu haqqında” qərara görə, məktəb sistemi formalaşdırıldı və yeni tip məktəblərin yaradılması nəzərdə tutuldu. Qərardan bir qədər sonra yetim və valideyin himayəsindən məhrum olmuş, habelə sağlamlıq imkanları məhdud olan uşaqlar üçün uşaq evləri, internat və xüsusi məktəblər yaradıldı. Bu da həmin kateqoriyadan olan uşaqların təhsilə cəlb olunmasını təmin etdi. Bütün bunlar təhsil almaq üçün cəmiyyətin hər bir üzvünə bərabər imkanların yaradılmasının təzahürü idi.
50-ci illərdə bir sıra ümumtəhsil internat məktəblərinin bazasında təmayüllü internat məktəblərinin təşkilinə başlanıldı. Bunlar tamamilə yeni tip ümumtəhsil məktəbləri idi. Respublikanın müxtəlif bölgələrindən gəlmiş, xüsusi istedada malik olan səkkizinci sinfi bitirmiş uşaqlar bu internatlara müsabiqə yolu ilə qəbul edilirdilər. Ehtiyacı olanlar yataqxana ilə təmin olunurdular. Uşaqlara dövlət hesabına yemək verilirdi. Bu məktəblərin maddi-texniki bazası adi orta məktəblərlə müqayisədə daha möhkəm idi, başqa sözlə, bu məktəblər yeni tikilmiş xüsusi binalarda yerləşirdi, laboratoriyalar, avadanlıqlar, əyani vəsaitlərlə daha yaxşı təmin olunurdu. Təhsil dərinləşdirilmiş proqramla həyata keçirildiyindən bu məktəblərdə işləyən müəllimlər qarşısında daha yüksək tələblər qoyulurdu: “Respublikada ilk ümumtəhsil internat məktəbləri 1957-ci ildə Bakı şəhərində, Şəki və Qusar rayonlarında təşkil olundu. Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin konkret yardımı sayəsində qısa bir müddətdə Azərbaycanda ümumtəhsil internat məktəblərinin şəbəkəsi yaradıldı. 50-ci illərin axırlarında respublikada 37 internat məktəbi fəaliyyət göstərirdi ki, orada da 8973 şagird təhsil alırdı. Bu sahədə təcrübənin az olmasına baxmayaraq, Bakıdakı 8 və 10 nömrəli, Ordubad, Ağdam, Xankəndi, Şuşa və digər internat məktəblərinin pedaqoji işçiləri nümunəvi uşaq kollektivləri yaratmağa nail oldular. Uşaqların təhsil və tərbiyəsinə yaradıcılıqla yanaşaraq, onların əməli fəaliyyətə hazırlamaq işində uğurlar qazandılar. Həmin illərdə internat məktəblərin təşkilinə o qədər aludəçilik yaranmışdı ki, hətta bəzi rayonlarda birdən-birə 3 internat mətəb açılmışdı. Sovet İKP-nin 21-ci qurultayında ümumtəhsil internat məktəblərinin uşaqların təlim-tərbiyəsində oynadığı müsbət rol yüksək qiymətləndirilirdi, bu saşədə qazanılmış uğurlar tətbiq olunurdu. İnternat məktəblərin şəbəkəsinin genişləndirilməsi haqqında yeni qərar qəbul edildi. Bu qərarın icrası ilə əlaqədar Sovet İKP MK və SSPR Nazirlər Soveti “1959-1965-ci illərdə internat məktəblərin inkişafı üzrə tədbirlər haqqında” xüsusi qərar qəbul edildi. Qərarda SSRİ Dövlət Plan Komitəsinə, müttəfiq respublikaların Nazirlər Sovetinə 1959-1965-ci illərdə internat məktəblər üçün binaların tikilməsi məqsədilə kapital qoyuluşu artırmaq və internat məktəblərinin yataqxanalarını ən zəruri avadanlıqla təchiz etmək tapışırıldı. Onların yerinə yetirilməsi Azərbaycanda internat məktəblər üçün yeni binaların tikilməsinə, onların şəbəkəsinin genişləndirilməsinə, şagird kontingentinin artırılmasına, peşəkar müəllim heyyəti ilə təsmin olunmasına şərait yaratdı. Artıq 1966-cı ildə respublikamızda, 21 min şagirdi əhatə edən 56 internat məktəb fəaliyyət göstərirdi”.
Nazir qeyd edib ki, Sovet İttifaqında ümumtəhsil internat məktəbləri Sovet İKP-nin XX qurultayının (14-25 fevral 1956-cı il) qərarına müvafiq olaraq yaradılmışdı. 15 sentyabr 1956-cı ildə Sovet İKP MK və SSRİ Nazirlər Soveti “İnternat məktəblərinin yaradılması haqqında” xüsusi qərar qəbul etdi. 1957-cı ildən başlayaraq internatlar üçün 210, 300, 450 şagird yerlik tədris korpusu, yataqxana və digər köməkçi binaların tikilməsi barədə SSRİ Dövlət Tikinti Komitəsinə tapşırıq verildi: “Sovet İKP MK və SSRİ Nazirlər Sovetinin müvafiq qərarına uyğun olaraq, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Azərbaycan SSRİ Nazirlər Soveti 1957-ci il iyulun 3-də “Azərbaycan SSR-də internat məktəblərin açılması haqqında” qərar qəbul etdi.
Respublikamızda ilk ümumtəhsil internat məktəbləri elə həmin ildə Bakı şəhərində, Şəki və Qusar rayonlarında təşkil olundu. Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin konkret yardımı sayəsində qısa bir müddətdə Azərbaycanda ümumtəhsil internat məktəblərinin şəbəkəsi yaradıldı. 50-cı illərin axırlarında respublikada 37 internat məktəbi fəaliyyət göstərirdi ki, orada da 8973 şagird təhsil alırdı. Bu sahədə təcrübənin az olmasına baxmayaraq, Bakıdakı 8 və 10 saylı, Ordubad, Ağdam, Xankəndi, Şuşa və digər internat məktəblərinin pedaqoji işçiləri nümunəvi uşaq kollektivləri yaratmağa nail oldular. Uşaqların təhsil və tərbiyəsinə yaradıcılıqla yanaşaraq, onları əməli və fəaliyyətə hazırlamaq işində uğurlar qazandılar. Həmin illərdə internat məktəblərin təşkilinə o qədər aludəçilik yaranmışdı ki, hətta bəzi rayonlarda birdən-birə 3 internat məktəb açılmışdı. Sovet İKp-nin XXI qurultayında internat məktəblərinin uşaqların təlim-tərbiyəsində oynadığı müsbət rol yüksək qiymətləndirildi, bu sahədə qazanılmış uğurlar təqdir olundu. İnternat məktəblərin şəbəkəsinin genişləndirilməsi haqqında yeni qərar qəbul edildi. Bu qərarın icrası ilə əlaqədar Sovet İKP MK və SSRİ Nazirlər Soveti “1959-1965-ci illərdə internat məktəblərin inkişafı üzrə tədbirlər haqqında” xüsusi qərar qəbul etdi. Qərarda SSRİ Dövlət Plan Komitəsinə, müttəfiq respublikaların Nazirlər Sovetinə 1959-1965-ci illərdə internat məktəblər üçün binaların tikilməsi məqsədilə kapital quruluşunu artırmaq və internat məktəblərinin yataqxanalarını ən zəruri avadanlıqla təchiz etmək tapşırıldı.
Qərarların yerinə yetirilməsi Azərbaycanda internet məktəblər üçün yeni binaların tikilməsinə, onların şəbəkəsinin genişlənməsinə, şagird kontingentinin artmasına, peşəkar müəllim heyət ilə təmin olunmasına şərait yaratdı. Artıq 1966-cı ildə respublikamızda 21 min şagirdi əhatə əhatə edən 56 internat məktəb fəaliyyət göstərirdi. Kənd yerlərində internat məktəblərin şəbəkəsini genişləndirmək istiqamətində də müəyyən addımlar atıldı. 60-cı illərin axırlarına kimi hər bir rayonda ən azı bir internat məktəb açılması nəzərdə tutulmuşdu. Lakin 60-cı illərin sonu, 70-cı illərin əvvəllərində günüuzadılmış məktəb və qrupların şəbəkəsinin genişləndirilməsi ilə əlaqədar olaraq ümumtəhsil internat məktəblərə axın azalmağa başladı. Günüuzadılmış məktəb və qruplar valideynlər üçün daha əlverişli idi. Bu tiplit məktəblərdə uşaqlar dərsdən sonra müəllimlərin nəzarəti altında sabahkı dərslərə hazırlaşır, nahar və istirahət edirdilər. Günün sonunda isə valideynlər uşaqlarını evlərinə aparırdılar. Uşaqların hər gün öz valideynləri ilə bir yerdə olmaları onların təhsil-tərbiyəsində və inkişafında çox mühüm rol oynayırdı. Aqillər demiş, bir yaxşı ana yüz müəllimə bərabərdir.
70-80-ci illərdə Azərbaycanda ümumi icbari orta təhsili həyata keçirmək məqsədilə yaradılan məktəbyanı internatlar şəbəkəsi fəaliyyət göstərirdi. 1979-cu ilin əvvəllərində 6 min şagirdi əhatə edən 215 belə internat var idi. 1980-cı ilin əvvəllərində şagirdlərin məktəbə daşınmasındakı problemlər tədricən aradan qaldırıldığından, belə məktəblərin sayı da azalmağa başladı.
80-cı illərdə respublikadakı ümumtəhsil internat məktəblərinin şəbəkəsində və şagird kontingentində ciddi dəyişiklik olmadı. 1990-cı ildə ölkədə 19,4 min şagirdi əhatə edən 50 ümumtəhsil internat məktəbi fəaliyyət göstərirdi. Bəzi internat məktəblər öz təcrübəsi ilə nəinki respublikamızda, hətta SSRİ məkanında da sayılıb seçilirdi. Onların elmə, mədəniyyətə və ictimai həyatın ayrı-ayrı sahələrinə öz dəyərli töhfələrini verən neçə-neçə məzunları vardır”.
Kitabda ölkədə yaradılan ilk uşaq evləri haqda da ətraflı məlumatlar yer alıb. Vurğulanıb ki, Azərbaycanda yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün uşaq evləri 40-cı illərdə Bakı şəhərində və respublikanın ayrı-ayrı rayonlarında təşkil edilmişdi. İlk vaxtlar həmin müəssisələrə 2-ci Dünya müharibəsində almanlar tərəfindən işğala məruz qalan respublikalardan yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar gətirilmişdi. Təkcə o faktı qeyd etmək lazımdır ki, Bakı şəhərinin 2 nömrəli uşaq evində 1946-cı ildə 129 uşaq saxlanılırdı ki, onlardan da 91 nəfəri RSFSR, Belorusiya və Ukraynadan gətirilənlər idi. 1943-cü ildə Bakı şəhərində 24, respublikanın digər rayonlarında isə 27 uşaq evi fəaliyyət göstərirdi: “Sovet hakimiyyəti illərində respublikada sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 6 xüsusi məktəb fəaliyyət göstərmişdi. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və tərbiyəsi, minimum proqram əsasında həyata hazırlanması dövlətin həmişə diqqət göstərdiyi məslələrdən olmuş, onların cəmiyyətə inteqrasiyası üçün şərait yaradılmışdır”.
Üçüncü fəsli Azərbaycanda texniki peşə təhsilinin inkişafına həsr edilib. Qeyd edilib ki, XX əsrin 20-ci illərində əhalinin əksər hissəsinin savadsızlığı və ilkin peşə biliklərinə malik olmaması sənaye müəssisələrinin fəaliyyətinə mənfi təsir göstərirdi. Bu problemli həll etmək məqsədilə respublikada texniki peşə təhsilinin yenidən təşkili, xalq təsərrüfatının müxtəlif sahələrinin ixtisaslı fəhlə kadrları ilə təmin edilməsi, fəhlələr arasında texniki savadsızlığın aradan qaldırılması istiqamətində mühüm addımlar atıldı. İlk addım Azərbaycan İnqilab Komitəsinin 5 avqust 1920-ci il tarixli dekreti ilə Xalq Maarif Komissarlığı tərkibində Baş Texniki Peşə Təhsili Komitəsinin yaradılması oldu. V.A.Lomov Baş Texniki Peşə Təhsili Komitəsinin sədri vəzifəsinə təyin edildi. Dekretdə xalq təsərrüfatının müxtəlif sahələrini, xüsusilə sənayeni ixtisaslı fəhlə kadrları ilə təmin etmək məqsədilə Baş Texniki Peşə Təhsili Komitəsi qarşısında aşağıdakı vəzifələr qoyulmuşdu: ali texniki, peşə-texniki təhsili müəssisələrinin idarə edilməsi, yaşlıların və 14 yaşdan yuxarı yeniyetmələrin təhsilin bütün tipləri üzrə sərbəst təhsil almalarının təşkil edilməsi, texniki peşə təhsili müəssisələri və kursların təşkili, əməyin müxtəlif sahələri üzrə qısamüddətli peşə kurslarının təşkil edilməsi, teniki peşə təhsili məsələlərinə dair təbliğat və maarifləndirmə işinin gücləndirilməsi, idarə və müəssisələrin texniki peşə təhsili sahəsində kadr hazırlığı üzrə tələbatının öyrənilməsi və əlaqələndirilməsi, “Vahid əmək məktəbləri”nə əmək prosesinin təşkilində yardım edilməsi və sair.
Baş Texniki Peşə Təhsili Komitəsinin tərkibində Elmi-Texniki Şura fəaliyyət göstərirdi. Şuşa ixtisaslı fəhlələr hazırlamaq məqsədilə keçmiş sənət məktəblərinin nəzdində kursların açılması, bu məktəblərin Azərbaycan bölmələri üçün tədris proqramlarının hazırlanması, məktəblərin təftiş edilməsi, qəza xalq maarifi şöbələrinin nəzdində texniki peşə təhsili bölmələrinin təşkil edilməsi məsələlərinə baxır və onları həl edirdi. Respublikada yeniyetmə və gənclərin texniki peşə təhsili sisteminə fəal cəlb olunmasını stimullaşdırmaq məqsədilə Azərbaycan İnqilab Komitəsi tərəfindən “Azərbaycan SSR texniki peşə məktəb və kurslarında oxuyan tələbələrin (şagirdlərin) hərbi səfərbərlikdən azad edilməsi haqqında” 30 sentyabr 1920-ci il tarixli xüsusi dekret verirdi. Həmin dekretlə texniki peşə təhsili müəssisələri və kurslarında təhsil alan bütün tələbələr (şagirdlər) və kursantlar hərbi çağırışdan azad edilirdi. Bu dekretdən az sonra Azərbaycan İnqilab Komitəsi tərəfindən “Texniki peşə təhsili mükələfiyyəti haqqında” 17 dekabr 1920-ci il tarixli dekret verilirdi. Dekretə əsasən 18 yaşından 40 yaşına qədər bütün fəhlələr icbari qaydada texniki peşə təhsilinə cəlb edilməli idilər. Bununla ələqadər 14 yaşdan yuxarı yeniyetmələr texniki peşə təhsili müəssisələrində təhsilə cəlb edilir, 40 yaşından yuxarı fəhlələr isə müxtəlif sahələr üzrə peşə kurslarına göndərilirdilər. Bütün bu hüquqi-normativ aktlar Azərbaycan SSR-də yeni sovet texniki peşə təhsili sisteminin yaradılmasında mühüm rol oynadı.
Sovet hakimiyyətinin ilk illərində qarşıya çıxan əsas çətinliklərdən biri, mövcud sənaye müəssisələrinin fəaliyyət dairəsini genişləndirmək üçün ixtisaslı fəhlə kadrlarının çatışmaması idi. Məsələn, Azərbaycan SSR-də neft sənayesində ixtisaslı fəhlə kadrları çatışmadığından neft hasilatını artırmaq çətin idi. O zaman neft sənayesindəki ixtisaslı fəhlələr, bu sahədə çalışanların ümumi sayının cəmi 13, 8 faizini təşkil edirdi. Buna görə də Bakının bütün neft rayonlarında ixtisaslı fəhlə kadrlarının hazırlanması üçün qısamüddətli kurslar təşkil olundu, fərdi və briqada şagirdliyi qaydasında ixtisaslı fəhlələr hazırlanması prosesi genişləndirildi: “XX əsrin 20-ci illərində Azərbaycan orta ixtisas təhsilinin yenidən qurulmasına ilk növbədə milli müəllim kadrların hazırlanması ilə başlandı. Çünki ümumtəhsil məktəbləri şəbəkəsinin sürətlə genişlənməsi, təhsilə cəlb olunan şagirdlərin sayının artması genişmiqyaslı milli müəllim kadrlarının hazırlanmasını tələb edirdi. Azərbaycan dilində dərs deməyi bacaran müəllimlərə böyük ehtiyac var idi. Müəllim kadrlarının hazırlığı sahəsindəki mövcud çatışmazlığı aradan qaldırmaq məqsədilə ilk növbədə qısamüddətli – iki və üçaylıq pedaqoji kursların təşkilinə başladı.1920-ci ilin yayında Bakı, Çuxuryurd, Corat, Qusar, Lənkəran, Hacıkənd, Nuxa (Şəki), Şuşa və Zaqatala şəhərlərində qısamüddətli pedaqoji kurslar təşkil edildi. Bu kurslarda 1120 nəfər müəllim hazırlanıb respublikanın ibtidai məktəblərinə dərs deməyə göndərildi.1920-ci ilı sentyabrın axırlarında “Kommunist” qəzetinə verdiyi müsahibəsində xalq maarif komissarı Dadaş Bünyadzadə bu münasibətlə deyirdi: “...Biz indiyə qədər yalnız proqramlar, kommuna həyatına aşina olaraq müəllimlər hazırlamaqla, insan tərbiyəsi üçün, doğru insanlar yetişdirmək planları ilə uğraşmaqdayıq. İndi isə bir tərəfdən müəllimlər yetişdirmək, bir tərəfdən də yetişmiş müəllimləri məktəblərin başına keçirməyə başladıq. Azərbaycanın doqquz şəhərində pedaqoji kurslar açılmışdı. Müsəlman müəllimləri yetişdirmək üçün Maarif Komissarlığı xüsusi kurslar açıb və yenə də açacaqdır”. 1920-ci ilin16 oktyabrında Azərbaycan SSR Xalq Maarif Komissarlığı Kollegiyası Bakı və qəzalarda yeni pedaqoji kurslar açmaq haqqında qərar verdi. Qərara görə Bakı şəhərində qadın pedaqoji kursları, Sabunçu rayonunda, Şuşada, Qazaxda, Nuxada (Şəkidə), Gəncədə kişi pedaqoji kursları yaradıldı.1920-1923-cü illərdə 2365 müəllim qısamüddətli kurslar vasitəsilə təkmilləşmə keçdi. Onlardan 179 nəfəri qadın idi.1923-cü illərdə respublikanın bir çox şəhərlərində – Şuşada, Qubada,Gəncədə, Qazaxda, Nuxada (Şəkidə), Göyçayda, Salyanda, Lənkəranda da pedaqoji kurslar fəaliyyətə başladı. 1924-cü ilin aprel-may aylarında pedaqoji kursların açılması ilə bağlı yeni elan verildi. Qəbul edilmiş ərazilərdən bəlli olurdu ki, əhali arasında pedaqoji təhsil almağa meyil qüvvətlidir. Bu ərizələrin birində yazılmışdı: “Arzum budur ki, müəllimlər üçün açılmış yay pedaqoji kursunun dinləyicisi olum, xahiş edirəm ərizəmi rədd etməyəsiniz”.
Məktəblərin milli müəllim kadrları ilə təmin edilməsində yay aylarında təşkil olunan bu kursların böyük rolu oldu. Həmin dövrdə I pillə məktəblərdə işləyən müəllimlərin 90%-ni həmin kursların məzunları təşkil edirdi. Amma təəssüf ki, müəllim kadrları hazırlığında kəmiyyət dəyişikliyi keyfiyyət dəyişikliyinə keçmədi.
“Yay kursları”nda təhsil alanların əksəriyyətinin səviyyəsi I pillə məktəblərin tələbinə cavab vermirdi. Kurslarda hər il eyni fənlər və mövzular təkrar olunurdu. Orada dərs deyən müəllimlərin özlərinin pedaqoji hazırlığı zəif olduğundan təhsil alanların bilik səviyyəsi yüksəlmirdi. Ona görə də ciddi ehtiyacdan yaranan bu kurslar çox keçmədi ki, öz fəaliyyətini dayandırdı”.
Kitabda vurğulanıb ki,1920-ci ilin yayında Nuxalda (Şəkidə) Müəllimlər seminariyası təşkil olundu. Həmin ilin noyabrında görkəmli pedaqoq Rəşid bəy Əfəndiyevin təşəbbüsü ilə bu seminariyanın qadın şöbəsi yaradıldı. 1921-ci ildə həmin şöbə ayrıca seminariyaya çevrildi.1920-21-ci tədris ilində Azərbaycanda təlim anna dilində aparılan 4 müəllim seminariyası fəaliyyət göstərirdi. Bunlar Azərbaycan tarixində tədrisin mili dildə aparıldığı ilk orta ixtisas pedaqoji təhsil müəssisələri idi. 1921-ci il oktyabrın 9-da Xalq Maarif Komissarlığının Kollegiyası ilk dəfə olaraq “Müəllimlər Seminariyası haqqında” Əsasnamədə seminariyada təhsil müddətinin dörd il olması, tələbələrin təlim və tərbiyəsinin təşkili qaydaları müəyyən edildi, qəbulun demokratik prinsiplər əsasında aparılması xüsusi qeyd olundu.
Çoxcildliyin 5-ci fəsli Azərbaycanda ali məktəblərin inkişaf tarixinə həsr olunub. Bildirilib ki, 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, bolşeviklərin hakimiyyətə gəlməsi ilə respublikanın, o cümlədən Bakı Universitetinin də tarixində mürəkkəb bir dövr başlandı. İlk addımlarını atan universitetin elmi fəaliyyəti, təlim-tərbiyə işi sinfilik və partiyalılıq prinsipi ilə ölçülən üzərində qurulub. 5-ci fəsildə Azərbaycan Neft və Kimya İnstitutu, Azərbaycan Dövlət Konservatoriyası, Azərbaycan Dövlət Pedaqoji İnstitutu, Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutu, pedaqoji kadrların ixtisasartırma, yenidən hazırlanma, elmi-pedaqoji tədqiqat institutları barədə geniş məlumatlar yer alıb. Həmçinin Azərbaycanda ali siyasi və ali hərbi təhsilin təşəkkülü və inkişafı barədə də məlumatlar verilib.
Kitabın 6-cı fəslində isə Azərbaycanda pedaqoji mətbuatın, elmi-pedaqoji kitabxananın, xalq maarifi muzeyinin təşəkkülü və inkişafı barədə söhbət açılıb. Yazılıb ki, Azərbaycanda uzunömürlü pedaqoji mətbuat orqanı keçən əsrin 20-ci illərində yaranıb. Həmin dövrdə Azərbaycanda yeni məktəb təhsilinin təşkili, onun məzmunu, təlim üsulları və digər maarif məsələləri üzrə ciddi tədbirlər həyata keçirilməyə başlanıb. Məktəblərdə təlim-tərbiyə işinin təşkilinə rəhbərlik etmək, müəllimləri, tərbiyəçiləri yenii pedaqoji metodlarla tanış etmək, məktəb haqqında rəsmi dövlət sənədlərini müəllimlərə çatdırmaq üçün pedaqoji mətbuatın yaradılması zərurəti yarandı. Azərbaycan XMK-si bütün çətinliklərə baxmayaraq, pedaqoji xarakterli mətbuat orqanlarının yaradılması təşəbbüsü reallaşdırıldı. 1920-ci ilin oktyabrında Azərbaycan XMK “Xalq maarifi” jurnalının nəşrinə başladı. Təəssüf ki, jurnalın ancaq bir nömrəsi çap edildi. 1923-cü ilin yanvarında yazıçı Tağı Şahbazinin redaktorluğu ilə nəşrə başlayan “Maarif və mədəniyyət” jurnalı pedaqoji mətbuatda canlanmaya səbəb oldu. “Maarif və mədəniyyət” jurnalı Azərbaycan XMK-nin təşəbbüsü, daha doğrusu, kollegiyanın 1922-ci il oktyabr ayının 14-də keçirilmiş iclasın nərarı ilə yaradıldı, 1923-1927-ci illərdə Azərbaycan XMK-nin orqanı oldu. 1928-ci ilin yanvar ayından “Maarif və mədəniyyət” jurnalının adı dəyişdirilib “İnqilab və mədəniyyət”adlandırıldı və o, Azərbaycan Yazıçılar Cəmiyyətinin orqanına çevrildi. Bütün məzmunu və mündəricəsi ilə pedaqoji mahiyyət daşıyan elmi-pedaqoji və metodik jurnal “Yeni məktəb” olmuşdur. Jurnalın ilk sayı 1924-cü ilin aprelində nəşr edilmişdir. Jurnal Azərbaycan XMK-nın elmi-metodik şurasının aydın orqanı idi. Bu Şura məktəblərə elmi-metodik rəhbərlik etməli, tədris proqramları və planları hazırlamalı, tədris kitabları və metodik rəhbərlik nəşri ilə məşğul olmalı idi: “Azərbaycanda pedaqoji elmlərin inkişafında, təhsilin nəzəri və praktik problemlərinin həllində “Azərbaycan müəllimi” qəzetinin də xüsusi mövqeyi vardır. “Azərbaycan müəllimi” qəzetinin nəşri xalq maarifimizin 20-90-cı illər inkişaf tarixi ilə qırılmaz sürətdə bağlıdır. “Azərbaycan müəllimi” qəzeti təhsil sistemi işçilərinin etibarlı köməkçisi kimi müəllimlərin yeni məktəb quruculuğu işinə, böyüyən nəslin tərbiyəsinin həyata keçirilməsinə cəlb edilməsində mühüm rol oynayıb, ümumi icbarı yeddillik, səkkizillik, 70-80-cı illərdə isə ümumi orta təhsilin həyata keçirilməsində fəal iştirak etmişdir. Müəllimlərə nəzəri, metodik və praktik cəhətdən faydalı materiallar vermiş, pedaqoji ictimaiyyətin qüvvəsini məktəb və maarifin tərəqqisinə, vahid əmək, politexnik məktəbin tələblərini həyata keçirməyə istiqamətləndirə bilmişdir”.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2012.- 11 avqust.- S.14-15.