Xəbərsiz
ötməyən zamanın sehri
“Zaman
xəbərsiz ötdü...” jurnalist, şair, publisist, dəyərli
elm xadimi və ziyalımız Sona xanım Vəliyevanın
oxucularla təəssüratlarımı
bölüşdüyüm sayca üçüncü
kitabıdır. Kitab “Qanun” nəşriyyatında işıq
üzü görüb, 568 səhifədir. Həcminə, mövzu dairəsinin
əhatəliliyinə görə əvvəlkilərlə
müqayisəyə gəlməzdir. Özümüzdən
bixəbər sərnişinləri olduğumuz zaman qatarı
onları da bu toplunun qoynunda günümüzə, bizlərə
çatdırıb. “Cəhrayı rəngli dünyam”a,
“Arazbarı”ya yazdığım və qəzetlərdə dərc
olunmuş rəyləri də. İndi kitabın ikinci və
üçüncü bölmələrində həmin
nümunələrə rast gələndə daxilimdə o
qatarın retro istiqamətinə yönəldilməsi istəyi
baş qaldırır. Nə edəsən ki, bu, yalnız xəyalların
qanadında mümkündür. Və nə edəsən ki, “Həyat
davam edir” ifadəsi “ömür keçdi, gün
keçdi”nin mütəffiqi, dəstəkçisidir.
İstəyirsən
on illər boyu qələmə sarıl –
yaradıcılığın elə anları, məziyyətləri
var ki, tayı-bərabəri yoxdur. Şairlər,
yazıçılar belə məqamlara görə özlərini
ilham pərisinə borclu sayırlar. Biz jurnalistlərə gəldikdə
məsələ qəlizləşir, istinadımız nədənsə
qısqanclıq doğurur. Yəqin başqalarına nisbətdə
çox yazmağımızdandır. Məgər azmı olub
qıfılbənd mövzulara açar tapmağımıza
hansısa gözəgörünməz qüvvə nagahan
kömək edib?!
Tam səmimiyyətlə
deyirəm: Sona xanımın 5 il əvvəlki kitabına da,
2011-ci ildə nəşr olunmuş poetik nümunələrinə
də rəylərim eyni yaşantıların məhsuludur.
Bunlar tanınmış şair, yazıçı, jurnalist,
alim və tədqiqatçıların yazıları ilə
birgə ikinci, üçüncü fəsillərdə yer
alıb. İstəməzdim fikir və rəyimə əvəzqaytardı
kimi yanaşılsın. Onsuz da əvvəlkilərə bənzəməyəcək,
tam fərqli təhlil və məntiqlə
rastlaşacaqsınız. Sona xanımın poeziya
dünyası ilə bərabər jurnalist, tədqiqatçı
obrazına, barəsində yazılanlara da nəzər salacağam.
Bəri başdan deyim ki, qarşımda qətiyyən 5 fəslin hər biri haqqında söz demək öhdəliyim yoxdur. Çünki buna varmaq, sadəcə natamamlıqdan uzaq olmaq, bütöv obraza xas cəhətləri səciyyələndirmək zərurətindən qaynaqlanır. Sona xanımın sadəliyinə, təvazökarlığına bələd olanlara yaxşı məlumdur ki, dövri mətbuatda onun barəsində indiyədək heç bir portret xarakterli materiala rast gəlməzsən. Yazılanlar da şair və tədqiqatçının yaradıcılığı, konkret fəaliyyət istiqamətləri ilə kontekstdə götürülüb. Mövzu əhatəliliyinə baxmayaraq üçüncü kitaba ön sözün müəllifi, Azərbaycan Mətbuat Şurasının bu yaxınlarda Ali Media Mükafatına layiq görülmüş “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli də sərlövhə seçimində (“Ümidlər və arzular şairəsi”) onun şirin, rəvan, düşündürücü misralarının təsirindən çıxa bilməyib. Mən özüm də poeziya həvəskarıyam. Yüksək məna yükünə malik şeirlər asanlıqla hafizəmə həkk olunur. Onların sırasında Sona xanımın da yaradıcılıq nümunələri var. Səbəbi o şeirlərin mahiyyətində, dərdlə, qəmlə, həyatda canlı-cansız nə varsa öz dilində danışmaq məharətindədir.
Sona xanımın poeziyası oxucusunu belə deyim, insafsızcasına təsir altında saxlayır. Onu düşündürür, duyğulandırır, kədərləndirir, sevindirir, retro hisslərinə qərq edir, nikbinliyə səsləyir. Sevimli şairimiz Fikrət Sadıq demişkən, “öz doğma mövzularını sonalaya-sonalaya axtarıb tapır, sözlərin ən zəriflərini seçir”. “Dünya ocaq, axtaran çox, tapan az” misrasından təsirlənən şairin “əsl peyğəmbər şeirin özüdür” fikrində də bir məntiq mövcuddur. Məgər Tanrının insanlara ərmağan etdiyi “Quranı-Kərim” bəşəriyyətin ən müdrik, axarlı poetik nümunəsi deyilmi?!
Sona xanımın ilk kitabı barədə nəşrdə 16 rəy toplanıb. Çəhrayı rəngin mehrinin, sehrinin cazibəsindən isə kənara çıxmaq olmur. Bunu poeziyamızın Rüstəm Behrudi kimi tanınmış siması da etiraf edir, Fərqanə Mehdiyevatək gənc istedadları da. Rəngin fəlsəfəsinə “Xəzər” televiziyasına müsahibəsində özü aydınlıq gətirir: “Çəhrayı rəng çox saf rəngdir. Rəssamlar da etiraf edirlər ki, bu rəngi çox çətinliklə almaq olur. Dünyanı çəhrayı rəngdə görmək üçün doğulduğun mühit, qohumlar, ata-ana, baba-nənə mühüm rol oynayır. Bu rəng elə formalaşır ki, sonradan mümkün deyil ki, o rəngi başqa bir rəng əvəz etsin... Çünki bu, ruh məsələsidir və ruhu da biz yox, İlahi müəyyənləşdirir”.
Çəhrayı dünya həzin, üzgün lövhələri ilə nə qədər desən var. Şairlərin isə bəxti onda gətirməyib ki, ağlamaq hissindən məhrumdurlar. Sona xanımın təbirincə, insan aglayanda boşalır, təskinlik tapır. Yaxşı ki, şairlər ağlamırlar. Goz yaşları elə gözəgörünməz seldir ki, özü ilə daxilindəkiləri aparır. Gör, nə qədər misraları, duyğulu sətirləri yuyardı. Bu, Tanrının şairə bəxş etdiyi qəm yükü, əzabdır. Həm də taleyinə biçilən yol yoldaşı.
Bu da bir taledir – tək ağlayasan,
Özün öz yaranı tək bağlayasan.
Yola
qardaş olub, sirdaş olasan,
Yol üstə yolların aşiqi çinar.
Sona xanımın dərdlərimizə
bütövlük prizmasından yanaşması ad çəkmədən
ünvanlarını tanıdır. Şəhərli ola
bilməyən qız Arazboyunun boşalmaqda,
qapıları-bacaları açıq, amma odsuz-tüstüsüz
kəndlərinin müasir faciəsinə için-için
sızıldayır. Oralar ölkəmizin sərhədboyu
yaşayış yerləri olduğundan məqam daha
düşündürücüdür. Yerin-yurdun
sahiblərinin nə vaxtsa ocaqlarına dönəcəklərinə
əminəm. Bir köç də
Gürcüstandan – azərbaycanlıların
yaşadıqları kəndlərdən uzanır. Düşünürəm-daşınıram,
ağrı-acıları yaşayıram o evlərdə
yadların məskunlaşdıqlarını görəndə.
“Elinə, kəndinə dön” şüarı
bizə də bir köynək qədər yaxın,
doğmadır. Bu
çağırış Sona xanımın şerlərindən
nəşət alır.
Şairin şeirlərinin səciyyəvi cəhətləri
sırasında məna dolğunluğunu,
yaddaqalanlığı xüsusi qeyd etmək istərdim. Fikrət
Sadıq deyir ki, Sona xanım təkcə “Sarı
çiçək-sarı gəlin”i yazsaydı da bəs idi.
Bir başqaları digərlərinin adlarına
çəkir. Sıralasaq “Qaragilə”, “Arazbarı”
ön cərgədə dayanar. “Arazbarı”nı
dönə-dönə oxumuşam. Şeirin təsiri
ilə eyni adlı muğamın güşələrinə,
ona üz tutan bütün sənətkarların
ifaçılıq xüsusiyyətlərinə də
yaxından bələdəm. “Qaragilə” ilə
“Arazbarı”nı ona görə
qoşalaşdırıram ki, bunlar bir ağacın arzu,
ümid, həsrət və nikbinlik adlı budaqlarıdır.
İkisinin də yarpaqları solğundur,
nicatları digər ikisindədir. Arzu və
nikbinliyin bar-bəhrəsindən onlara da, bütün
dünya azərbaycanlılarına da təskinlik, sevinc,
vüqar payı düşəcək. Ona
görə də həmin nümunələri birlik, vüsal
nəğmələri saymaq daha dürüst olardı.
“Qaragilə” mənə hər dəfə misilsiz xanəndəmiz
Rübabə Muradovanın üzgün, kədərli
çöhrəsini xatırladır. Əvvəllər elə
bilirdim aşiq-məşuq nəğməsidir. İfaçının kimliyinə, mahnının fəlsəfəsinə
varanda gümanımda yanıldığımı dərk
etdim. Çiynində silah həmvətənlərinə
pənah gətirən fədai nəğməkar “gəlmişəm
otağına oyadam səni” misraları ilə Cənublu-Şimallı
bacı-qardaşlarına xatırladırdı ki, bizim
ümumi azadlığımız, vüsalımız vəhdətdən
keçir. Sən də bir vaxtlar
azadlıq şərbətini dadmısan. Səttarxana,
Şeyx Məhəmməd Xiyabaniyə, Seyid Cəfər
Pişəvəriyə istiqlal nəğmələrini
öyrətdiyindən ilk növbədə özün
nümunə olmalısan. Müstəqillik
bayrağını yenidən başın üzərində
dalğalandırmalısan. Sona
xanımı da riqqətə gətirən ecazkar səsin
daşıyıcısı olduğu ideyadır – Azərbaycançılıqdır.
Cənub, həsrət mövzularına dönə-dönə
üz tutması sadə baxışların yetkinləşməsi,
ideya şəklində formalaşması, elmi təfəkkürümüzə
layiq tədqiqat əsərinin təqdimatı ilə
müşahidə edilməsi ilk növbədə bir
çeşmədən nəşət alır – ona vətənpərvərlik
dərsi keçmiş boya-başa çatdığı
yurddan, ata-baba ocağından.
Gözünü
dünyaya açanda el-obadan bir qədər aralı Vətəni
ikiyə bölən sərhəd tellərini,
poeziyamızın az qala bütün
günahları boynuna biçdiyi məlul-məlul axan
Arazı görüb. Mütaliəsi,
müşahidələri, atasının mənalı
pıçıltılı söhbətləri ona bir
xalqın faciəsinin mənəvi köklərini
tanıdıb.
Hələ
çox dərdlinin dərmanı gizli,
Hələ
çox açarlar ağ div əlində.
Bir
xalqın taleyi uduzulan gün
Bağlı qapı oldu Xüdafərin də.
Beləcə, yaranan şeirlər müsibətlərimizin
köklərinə varmaq, çıxış yolunun nədən
ibarət olduğunu öyrənmək, tədqiq və təbliğ
etmək istəyi onu möhtəşəm mövzuya – Azərbaycançılıq
ideyasına üz tutmağa sövq edib. Nəticədə
şair, jurnalist, publisistin ictimai nüfuzuna tədqiqatçı-alim,
filologiya üzrə fəlsəfə doktoru adları da əlavə
divident gətirib.
Dissertasiya müdafiə edənlərin xətrinə dəyməsin. Cəmiyyət
bu cür xəbərləri eşitməyə öyrəşib.
Adiləşmənin səbəbi əksəriyyətinin
mahiyyətində axtarılmalıdır. Çoxları
bir kafedra, fakultə hüdudları çərçivəsində
ilişib qalır. Orijinallıq, vətən,
xalq cəmiyyət üçün faydalılıq hər
halda həmişə öz diqtəsini etməkdədir.
Kitabın beşinci bölümündəki “Azərbaycançılıq
ideologiyasının təşəkkülü və tarixi
inkişaf yolu” alimin elmi-tədqiqat əsəridir. Cəmi 81 səhifədir.
Sürətlə oxusan, bir çox mətləblərin
mahiyyətindən uzaq düşəcəksən. Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü, filologiya elmləri doktoru Nizami Cəfərovun
qısa, konkret ön sözü də köməyinə
çatmayacaq. Diqqətli mütaliədən
sonra görəcəksən ki, arxivlərdə keçən
günlərin, ayların necə zehn, təfəkkür məhsuludur.
Bununla da görkəmli alimimiz N.Cəfərovla bərabər
həmin qayğılı anların müşahidəçisi
“Azərbaycançılıq ideologiyası və onun təbliğatçısı”
məqaləsinin müəllifi, filologiya üzrə fəlsəfə
doktoru Qərənfil Dünyaminqızının da fikirlərinə
şərik olacaqsan.
Azərbaycançılıq ideyasına dair yazılan
materiallar yüzlərlədir. Bölünmə, səpələnmə
belə taleyi yaşayan hər bir xalqın iztirablı yeri
olduğundan aktual mövzuya maraq bitib-tükənən deyil.
Xoş məramın təcəssümçüsü
kimi yolu daim gözləniləndir. Sona
xanım isə əsrlərdən bəri mövcud
baxışları, fikirləri ümumiləşdirməklə,
təhlil süzgəcindən keçirməklə
inandırıcı, dolğun nəticələr
çıxarmaq bacarığı ilə başqalarından
seçilir. Müəllif bu istiqamətdə
yeni cığır salmaqla cəmiyyətin intizarına son
qoyub, gözləntiləri doğruldub. Bunun
reallaşdırılması isə hər vaxt gözlənilən
niyyət idi. Şeirləri ilə bərabər
publisistikası da təkanverici təsir
bağışlayırdı. Birincini bir kənara
qoyub “Publisistik etüdləri” vərəqləyək.
“Sona
xanım “Kaspi” haqqında” guşəsində ifadəsini
tapanları ötən il “Üç əsrin
qəzeti” kitabının təqdimat mərasimində onun
dilindən eşitmişik. Onda mənə tam təfərrüratı
ilə məlum olub ki, S.Vəliyeva qəzet təsisi zamanı
bu qədər adlar bolluğunda niyə məhz 1897-ci ildə
nəşrə başlamış “Kaspi”ni
seçib. Dəfələrlə səmimi etiraf edib ki, bu nəşrin
bir təsisçisi var. O isə sadəcə Məmmədağa
Şaxtaxtlı, Həsən bəy Zərdabi, Əhməd bəy
Ağayev, Üzeyir Hacıbəyov kimi korifeylərin
ruhlarının nigarançılıqdan xilası naminə
“Kaspi”yə ikinci həyat verib. Sona xanımın məruzəsində
yadda qalan cəhətlərdən ən ümdəsi bu mətbu
nəşrin 300 sayının H.Zərdabinin redaktorluğu ilə
çıxması faktı idi. Həsən bəyin
yubileyi ilidir, tədbirlər sıralanır. Həmin faktı demək olar, bütün
toplantılarda qabartmaqdan zövq alıram. Həsən bəyi əyalətin üzücü həyatının
ətalətindən xilas edənlər xalqımıza, ictimai
fikrimizə sonsuz dərəcədə gözəl xidmət
göstərmişdilər. 1991-ci ildən
oxucularla gündəlik görüşə gələn bu
günün “Kaspi”si də əsl ziyalı tribunasıdır,
sələfinin etibarlı davamçısıdır.
Sona
xanımın publisistik qeydlərinin çox az
qismi kitaba daxil edilib. Cəmi 9 yazısı ilə təkrarən
tanış olmaq imkanı mövcuddur. Onları ümumiləşdirən cəhət hər
birindəki vətəndaş mövqeyinin mütləq surətdə
Azərbaycançılıq ideyası ilə
uzlaşmasıdır. Həssas oxucu
heç həmin terminlə rastlaşmadan da müəllif mətləbinin
nədən ibarət olduğunu dərk edir. Yoxsulluqdan şöhrətin əlçatmaz zirvəsinədək
yüksələn Əzim Əzimzadənin, misilsiz sənətkar
Bəhruz Kəngərlinin portretlərini sözlə yaradarkən
bu ştrixləri qabarıq nəzərə
çarpdırır. Şəhid şairimiz Mikayıl
Müşfiq ruhuna hörmətin bundan
qaynaqlandığını hiss etdirir. “İki
sevda arasında aşıq və ya Azərbaycan Heyranı”
İrfan Ülkü barədə yazarkən də ənənəsinə
sadiq qalır.
Mən vətənpərvərliklə Azərbaycançılığın
sərhədlərində fərq görmürəm. Birini digərindən
ayrı təsəvvürə gətirmək
yanlışlıqdır. Baxın, Azərbaycanın
uğurları dünyanın müxtəlif ölkələrinə
səpələnmiş soydaşlarımızda necə fəxarət
doğurur. Qarabağ problemimizə
onların dəstəyi izdihamlı aksiyalarla müşahidə
olunur. Milli Qəhrəmanımız
Mübariz İbrahimovun ölməz igidliyinə doğan
doğma reaksiyaları xatırlayaq. “Kaspi”
qəzeti də bu təlatüm fonunda bir müsabiqə
keçirdi, nəticədə “Mübariz yol” kitabı yarandı.
Sona xanımın həmin kitaba ön sözündən sətirlər:
“Vətənin “daşları” – insanları ərazi və
torpaq bütövlüyü uğrunda sinəsini sipərə,
qeyrətini silaha çevirə bildiyi yerdə sözün əsl
mənasında vətəndaş olmağı bacarırlar. Yaxın və uzaq keçmişimizin qəhrəmanlıq
tarixində belə BÖYÜK VƏTƏNDAŞLARIMIZ
saysız-hesabsızdırlar”.
Müəllif publisistin müstəqilliyimizin 20-ci ilində
mediamızın inkişafına baxışlarına da belə
doğma hisslər hakimdir. Zaman-zaman parçalanmış
torpaqlarının yalnız Cənubi Qafqaza düşən
qismində 1918-ci ildə cümhuriyyət yarada bildiyini, bu
sevincin ömrünün cəmi 23 ay çəkdiyini deyərək
Azərbaycançılıq məfkurəsinin 70 illik sovet
imperiyası dövründə də şüurlardan silinmədiyini,
milli tələbat səviyyəsinə
qalxdığını yazır. Ulu öndərimiz Heydər Əliyevin
Azərbaycana rəhbərliyə başlaması ilə
sıradan çıxmaqda olan tarixi, mənəvi dəyərlərimizin
yenidən dirçəldilməsi, ədəbiyyatımızda
Cənub mövzusunun qabardılması və digər kompleks
işlərin həyata keçirilməsi barədə fikirlər
ona görə materialda ifadəsini tapır ki, mediamız hər
zaman Azərbaycançılıq ideyasını
müşahidəçi kimi seyr etməyi özünə
sığışdırmayıb. Bu baxımdan
da “Publisistik etüdlər”lə tanışlıqdan sonra
oxucunun beşinci fəslin mütaliəsinə
hazırlanmasına ehtiyac qalmır. Tələbat
onun mövzunu necə inkişaf etdirə biləcəyinə
maraqdan irəli gəlir.
Kitabda təqdim olunan əsər 9 bölmədən ibarətdir. Fundamental məsələyə
məsuliyyətli alim, tədqiqatçı, vətəndaş
baxışları oxucu tələbkarlığına adekvat
cavabdır. Bu baxımdan silsilə
yazıların mövzusu olan bir əsər barədə ətraflı
yazımızı sonraya saxlayıb qısa qeydlərlə
kifayətlənmək istəyirik.
Sona xanım oxucunun Azərbaycançılıq
ideologiyasının köklərinə varması
üçün onu tarixin dərin qatlarına səyahətə
dəvət edir. Ulu Zərdüştü, “Avesta”nı, “Kitabi-Dədə-Qorqud”u,
“Koroğlu” dastanını, Şah İsmayıl Xətaini, Təbrizin
“Şairlər məqbərəsi”ndə uyuyan poeziya nəhənglərini
xatırladır. Əsərin “Azərbaycan maarifçiləri
və azərbaycançılıq” bölməsinin
girişində yazır: “Azərbaycançılıq
ideologiyasının ardıcıl və məqsədyönlü
formalaşması prosesi elmi ədəbiyyatda XIX əsrdə təşəkkül
və inkişaf tapan maarifçilik hərəkatına aid
edilir”.
Milli oyanışa xidmətin ziyalı məfkurəsinə
təsirində Azərbaycanın ikiyə bölünməsi
faktoru daim katalizator rolunu oynayıb. A.Bakıxanovun
“Gülüstani-İrəm”ini azərbaycanşünaslığın
ilk elmi qaynaqlarından biri kimi dəyərləndirən alim
tarixi ardıcıllıqla M.F.Axundovun, C.Məmmədquluzadənin,
M.Ə.Sabirin, M.Ə.Rəsulzadənin və digər görkəmli
şəxsiyyətlərin mənsub olduqları cərəyanların
bu istiqamətdəki xidmətlərinə işıq
salır.
Təqdirəlayiq
haldır ki, müəllif bir çox yazarlardan fərqli olaraq
“Azərbaycançılıq ideyası Azərbaycan Sovet
Sosiailst Respublikası dövründə” bölməsi ilə
on illərin qadağalarının aradan götürə bilmədiyi
ideologiyanın daşıyıcıları barədə də
müfəssəl məlumatlar verir. Bu gün isə dünya
azərbaycanlılarının müstəqil Azərbaycan
Respublikasını özlərinin qibləsi, istinadgahı
saymalarında ulu öndər Heydər Əliyevin
dühasının, onun ideyalarının layiqli
davamçısı Prezident İlham Əliyevin misilsiz xidmətlərinin
yeri və roluna konkret misalların, sənədlərin,
faktların dili ilə məntiqi aydınlıq gətirir.
Sona xanım yekunda “qeyd olunan araşdırmalar hələlik
azərbaycançılığın bütöv, tam
ictimai-siyasi təlim, vahid baxış və görüşlər
sistemi kimi elmi-akademik həllini tapması üçün
kifayət deyildir” deyir. Biz də müəlliflə
razıyıq.
Əflatun AMAŞOV
525-ci qəzet.-
2012.- 11 avqust.- S.9.