“Gülüstan”, “Şəbi-hicran” və yaxud ağac elə həmənki palıd ağacıdır

 

“Xatirələrdir qalan,

Hepsi boş, hepsi yalan...”

 

(Əski bir Türk mahnısından)

 

– Təəccüblə əsəri götürüb vərəqləməyə başladım. Vərəqlədikcə də təəccübüm bir az da artırdı. Çünki atamın yazmış olduğu “Gülüstan” poeması, cəmisi 6 səhifədən ibarət idi. Ondan artıq deyildi. Süleymanın gətirdiyi “Gülüstan” isə 70-80 səhifə idi. Bəs onda Süleymanın özü demişkən, bu 70-80 səhifəlik əsər nəmənədir? Bu haradan çıxdı? Süleyman gedəndən sonra əsəri götürüb diqqətlə oxumağa başladım. Oxuduqca da gözlərim təəccübdən böyüyürdü. Həm də gülmək tutmuşdu məni. Bəri başdan deyim ki, bu atamın vaxtı ilə yazmış olduğu “Gülüstan” əsəri deyildi. Yox, qətiyyən o deyildi. Əvvəla, əsər əruzda yazılmışdı. Atamın yazdığı “Gülüstan” isə əruz vəznində deyildi. Doğrudur, əsl “Gülüstan”ın bir çox beytləri, misraları lap dəqiq desək, bəzi fikirləri elə bu “Gülüstan”da da işlədilirdi, amma bu əsər o əsər deyildi. Əsər başdan-başa Pəhləvi sülaləsinin, şahlıq üsulu idarəsinin əleyhinə yazılmışdı. Bir tərəfdən çar Nikolay, o biri tərəfdən Rza şah Pəhləvi hey tənqid olunurdu. Bunların isə heç birinin biri-biri ilə qəti əlaqəsi yox idi. Uyarı belə yox idi. Axı 1813-cü ilin o məşhur “Gülüstan” müqaviləsi bağlananda, heç Pəhləvi sülaləsinin şah olmaq haqqında gümanı belə yox idi. Rza şah Pəhləvinin atası mehtər olub. O mehtərin atasının kim olması isə 1813-cü ildə məlum deyildi. Bəs onda Pəhləvi sülaləsi niyə və nədən ötrü bu qədər tənqid olub, lənətlənməlidir. Özü də atamın adı ilə. Hələ bütün bunlar bir yana qalsın, əsər boyu arada bir o dövrkü Amerika prezidenti Cimmi Karterin də adına duz salınırdı. Gülməlidir, özü də çox gülməlidir. Axı Süleyman özü deyirdi ki, biz elə bilirdik ki Bəxtiyar Vahabzadə 50-60 il bundan əvvəl vəfat edib. O zaman farslar demişkən, xub. Bəs onda bu belə isə Karter 50-60 il bundan əvvəl harada idi? Sözün düzü bu əsər olduqca bekara bir əsər idi. Heç oxumağına vaxt itirməyinə belə dəyməzdi. Hər halda, Bəxtiyar Vahabzadə qələminin məhsulu deyildi bu. Amma mənə bir məsələ məlum oldu ki, cənubi Azərbaycanda bu əsər hər kimin əlinə keçirdisə, kimin əlinə düşürdüsə, özündən bir-iki beyt bura artırırdı. Hər kim bu əsəri oxuyubsa ürəyini bura boşaldıb. O taylı, bu taylı millət, vətən, Azərbaycan deyib, yanan ürəklər, öz ürək sözlərini bura yazıblar, bura döşəyiblər. Artıq bu əsər bir növ o necə deyərlər, şifahi xalq ədəbiyyatına, folklora çevrikmişdir, Bəxtiyar qələmindən kənara çıxmışdı, özü də xeyli kənara çıxmışdı.

Ertəsi gün Süleyman yenidən otelə yanıma gəldi. Bu dəfə tək deyildi, Mustafa ilə gəlmişdi. Mustafa Səyidzadə ilə. Yenə də bir xeyli söhbət etdik. Mən fikir verib görürdüm ki, Mustafa da elə Süleyman kimi mənimlə söhbət edə-edə gözlərini çarpayımın baş tərəfindəki, dolabçanın üstündəki atamın şəklindən çəkmirlər. Hərdən gözlərini şəkildən yayındırıb mənə baxır, sonra yenə də gözlərini şəklə dikirdilər. Söhbət yenə də “Gülüstan”dan düşdü. Mən daha onlara demədim ki, ay Süleyman sənin mənə verdiyin bu “Gülüstan” atamın yazdığı o “Gülüstan” deyil axı. Və yaxud da, bu “Gülüstan” o “Gülüstan”dan xeyli fərqlənir. Bu “Gülüstan”, o “Gülüstan” deyil. Vallah bu o deyil. Demədim. Doğrudur atamın yazdığı o əsl “Gülüstan”dan bəzi misralar, bəzi fikirlər təhrif olunmuş halda elə bu “Gülüstan”da da işlənilirdi, amma bu daha o deyildi axı. Hər iki “Gülüstan”dan yadımda qalan bir-iki misranı misal gətirirəm. Məsələn. Əsl “Gülüstan”da deyilirdi ki:

 

“Lap yaxşı eləyib doğrudan bizə,

Biri baran dedi, biri xər dedi.”

 

Cənubi Azərbaycanda, atamın adından yazılmış “Gülüstan”da isə:

 

“Siz bizə xeyli zamandır

ki deyirsiz heyvan,

O taylı bəradərlərimə isə

həmən xər deyilir.”

 

Yaxud əsl “Gülüstan”da deyilirdi ki,

“Hanı bu əsrin qoç Koroğlusu,

qılınc Koroğlusu, söz Koroğlusu.”

O biri “Gülüstan”da isə:

“Bizim o boyda böyük, nəhəng

Koroğlumuz var,

Bəs harda qaldı, gəlsin.

Həm şəmşirlə, həm sözlə,

Nərə çəkib çığırsın,

qoy öz sözünü desin.”

 

 

Və sairə...

 

Göründüyü kimi fikir eyni, məna eyni, amma deyim tərzi və yazılış forması fərqli idi, həm də çox fərqli idi. Yəni belə bu formada, vəzni pozuq, aydın fikir ifadə etməyən misralar ikinci “Gülüstan”da kifayət qədər idi. Əsər boyu elə belə də davam edirdi. Ən təəccüblüsü isə o idi ki, poemanın altında bir müəllif kimi atamın adı yazılmışdı. Sözün düzü poemanı tam oxuyub, altında da bir müəllif kimi atamın adını görəndə xəcalət çəkdim, utandım. Amma heç nə demədim. İstəmədim ki qəlblərini qırım, onları pərt edim. Çünki Süleyman mənə bu əsəri elə sevinə-sevinə gətirmişdi ki... İndi də bu əsərdən elə sevinə-sevinə, ürəyi atlana-atlana danışırdı ki...Elə Mustafa da... Və mən hiss elədim ki, görünür Cənubi Azərbaycanda hər kəs bu hissi keçirirmiş. Elə ona görə də bu cızma qaranın müəllifinin atam olmadığını demədim. Qoy cənubda əl-əl gəzən bu yazının müəllifinin elə məhz atam olduğunu da bilsinlər – deyə düşündüm. İndi fikirləşirəm ki, bu hadisənin üstündən 30-35 ilə yaxın bir vaxt keçib. Bu elə də az bir vaxt deyil. Yəqin ki bu poemanın həcmi bəlkə də indi artıq 100-150 səhifəyə çatıb. Çünki yuxarıda dediyim kimi, əsər boyu get-gedə poemanın vəzn pozuntusundan, misra ölçülərinin dəyişməsindən hiss olunurdu ki, bunu oxuyan hər bir kəs, böyüklü, kiçikli, atamı tanıyan da, tanımayan da, özündən bura nəsə artırır, yazır. Sanki ürəyini boşaldır, öz arzularını deyir. Mövcud rejimin qorxusundan, özlərinin deyə bilmədiklərini atamın adından yazırlar. Hm... Nə olsun, qoy yazsınlar, ürəklərini boşaltsınlar. Mən “yox, vallah-billah bunu mənim dədəm yazmayıb” deməklə onlar bunu cırıb atan deyillər ki... Mən də bir ucu Təbriz, o biri ucu Ərdəbil car çəkib əsəri inkar edən deyiləm ki... Qoy yazsınlar – deyə düşündüm. Çünki mənim də uzaqdan-yaxından eşitdiyimə, bildiyimə görə, eyni tendensiya öz Azərbaycanımızda da gedirdi.

Sonralar mən Bakıya qayıdıb, bütün bunları atama danışanda, güldü, amma təəccüb etmədi. Dedi: “Ay oğul, bilirəm. Lap yaxşı eləyib deməmisən ki, bunu mənim atam yazmayıb. İndi pis də, zəif də, yaxşı da olsa, qoy elə bilsinlər ki, mən yazmışam. İndi kimsə, nədənsə təsəlli tapmalıdır, ya yox? Deyək ki, bu da onların təsəllisidir”. Sonra atam mənə özümüzdə, yəni bu tayda yazılan “Gülüstan” poemasını gətirib göstərdi. Və bu “Gülüstan”a da bəzi əcaib, heç bir-biri ilə uyarı olmayan misraların, fikirlərin əlavə olunmasını görəndə gülmək məni tutdu. Çünki elə eyni qeyri-dəqiqlik və eyni vəzn pozuntusu bu “Gülüstan”da da var idi. Görünür elə burada da əl-əl gəzən bu “Gülüstan” poeması kimin əlinə düşmüşdüsə, özündən bura bir neçə beyt artırmışdı. Yeganə fərq isə onda idi ki, bu “Gülüstan” əruzda yazılmamışdı. Bu tayda yəni Şimali Azərbaycanımızda yazılan atamın yazmış olduğu “Gülüstan”a, əlavə olunmuş bir misranı nümunə göstərirəm. Məsələn:

 

“Bakıda binalar çoxalır,

İçində ruslar, ermənilər qocalır”.

Və sairə...”

 

İndi yadımda qalan bircə bu misradır. İndi bunu hər kim yazıbsa. mən bilmirəm. Şübhəsiz ki, bu cür səviyyəsiz bir yazını mənim atam yaza bilməzdi. əsər elə bu cür səviyyəsiz misralarla davam edirdi. İndi düşünürəm ki, əgər əsl “Gülüstan” bir tərəfə qalıb, o taylı-bu taylı hər iki qondarma “Gülüstan”lar bir birinə qarışıb üzə çıxsaydı, əsərin nəyə, kimə, hansı dövrə və ən ümdəsi isə hansı hadisəyə həsr olunduğu yəqin ki bilinməzdi. Gələcək nəsillərin də bunun ayırd olunması üçün tarixçilərdən, ədəbiyyatçılardan ibarət böyük bir komissiyanın təşkil olunmasına ehtiyac olacaqdır. Çünki bu qondarma “Gülüstan”larda əsl “Gülüstan”dan heç bir əsər əlamət yox idi. Amma nə yaxşı ki sonralar əsl “”Gülüstan” bəzi jurnallarda, kitablarda çap olundu. Və yəqin ki bu qondarma “Gülüstan”lara da son qoyuldu.

Sonra Süleyman qapıdan çıxarkən təkrarən bir də şəklə baxıb dedi:

– Vallah, ağayi Vahabzadə, heç inanmağım gəlmir ki, bu elə Bəxtiyar Vahabzadə olsun. Mən fikir edirdim ki, ağayi Vahabzadə yekəpər, şişman cüssəli, iri vücudlu, saçları da qar kimi ağarmış, sinli birisi olmalıdır. Bu isə arıq, zərif, başı da hələ tam ağarmayan, saçlarına yenicə dən düşən bir kişidir (bu şəkildə atamın 51, “Gülüstan” əsərini yazanda isə 31 yaşı var idi). Bəs o taylı-bu taylı yekə bir Azərbaycanın dərdləri, əzabları 40 milyonluq bir xalqın millət yükü bu arıq vücuda, bu arıq bədənə necə sığırmış? Axı o bu böyük dərdi özündə sığdırmalıdır ki, belə bir yazını yazıb üzə çıxarsın...Bu dərd onu incitməsə, ona əzab verməsə, o bunu yaza bilməz ki. Bəs bu boyda dərdi bu arıq vücud necə çəkirmiş? Hm... Amma nə deyim vallah, bu boyda dərd bu arıq vücuda sığa bilməz axı.

Süleyman qapıdan çıxarkən dediyi bu sözlər mənə çoxdan olub keçmiş, rəngi saralıb solmuş bir hadisəni xatırlatdı. Və bu hadisə sanki yüngül bir meh kimi yaddaşıma qayıtdı. Ötəri ağ-qara xırıltılı səsli, köhnə retro filmi kimi, gözlərimin önündən bir anlıqda gəlib keçməyə başladı. Burnuma biz tərəflərin payız ətri dəydi.

Hə... Tarix indi dəqiq yadımda deyil, 1959-1960-cı ilin payızı olardı. “Şəbi-hicran” poeması da yeni çapdan çıxmışdı. Radio, televizor, qəzet, jurnal hamısı elə “Şəbi-hicran” poemasından yazır, “Şəbi-hicran” poemasından deyirdi. Atam da cavan bir kişi idi. 33-34 yaşı olardı. Yadıma gəlir ki, tək elə bircə bu poemanın qonorar puluna süd rəngli “Volqa M-21” markalı avtomobil almışdıq. O vaxtlar şəhərdə “Volqa” maşını tək-tük idi. Bu maşını hər adam ala bilməzdi. Yox, o dövrdə də pullu, imkanlı adamlar çox idi. Lap elə lazımı gəlsəydi, o papaq altında yatan oğlanlar 2-3 avtomobil də ala bilərdilər. Belə oğlanlar var idi, amma “qarğa, məndə qoz var”, “mənəm-mənəm” deyən oğlanlar yox idi. Çünki hər bir məsələyə nəzarət güclü idi. Hamı da bir-birinin yolunu gözləyirdi. Heç kim də öz həddini aşıb eləmirdi, öz həddini bilirdi. Hər bir məsələ müəyyən çərçivə daxilində görülürdü. Hə... Həm də təzə mənzilə köçmüşdük. Evimizdə heç fərli başlı mebel dəsti də yox idi. Elə bu poemanın yerdə qalan puluna da, o dövrlərdə ən dəbdə olan “Tülpan” fransız mebeli almışdıq. Daha uçmağa qanadımız yox idi.

Bu o vaxtlar idi ki,  şeirə, poeziyaya böyük hörmət var idi. Şairin-yazıçının sözü hər yerdə keçərli idi. Bir telefon zənginə istənilən məsələni aşırmaq olardı. Ondan da başqa, insanların da işi bir-birlərinə elə bir böyük məsələlərə görə düşüb eləmirdi. İndi nə bilim, yayda istirahət evlərinə getmək üçün putyovka, təzə nəşr olunan kitablara yazılmaq, onları tapıb almaq, teatra, kinoya bilet, konsertə dəvətnamə və bu kimi indi uşağa belə gülünc görünə biləcək adi məsələlər. Vəssalam. Əlbəttə, o vaxtlar şair də, yazıçı da elə əsl şair yazıçı idilər. Daha cızma-qaraçı, böhtançı deyildilər. Ağıllarına gələni yazmırdılar. Yazmaq xatirinə yazmırdılar. Ədəbiyyat aləmində olan öz uğursuzluqlarının günahını da elə onda-bunda görmürdülər, heç nədən də çəkinib eləmirdilər. Gündəmdə qalmaq üçün heç kimi ləkələmirdilər. Eh... Nə deyim vallah...

Hə... Bilmirəm nə məsələ idi isə, Yazıçılar İttifaqından 3 nəfər gənc şairi atamı, Qasım Qasımzadəni, bir də Novruz Gəncəlini Azərbaycanın cənub bölgəsinə, Lənkərana, oxucularla görüşə göndərirdilər. Atam da təklif etdi ki, oxucularla görüşə onun təzə aldığı maşınla getsinlər. Mən də o vaxt balaca uşaq idim, 6 yaşım olardı. Hələ heç məktəbə də getmirdim. Uşaq olmağıma baxmayaraq atam hara gedirdisə məni də özü ilə aparardı. Uşaq idim, hər bir əhvalat da mənim üçün maraqlı idi.

Elə sürücümüz də əslən Lənkəran tərəfdən olan, Fərman adlı cavan oğlan idi. Atamın tələbəsi idi. Bizdə 1959-cu ildən düz atam dünyasını dəyişənə qədər, yəni 50 ildən də artıq bir vaxtda, xüsusi avtomobilimizin olmasına baxmayaraq, atam heç cürə maşın sürməyi öyrənə bilmirdi. Ha öyrənməyə çalışırdısa, düz əməlli sürə bilmirdi, elə bil ki sükan əlindən qaçırdı. İndi hərdən bir uzaq yola çıxanda, düz yolda sükan arxasında oturar “bir qurdumu öldürüm” – deyib 5-10 kilometr sürər və elə bununla da kifayətlənərdi. “Əşşi, yoruldum, bəsdir” – deyərdi. İndi Fərman da bu dünyada yoxdur. Atamdan çox-çox əvvəl dünyasını dəyişib. Atam onu bir qardaşı kimi sevərdi. Aralarında yaş fərqi az olduğundan, atam ona da “qardaşım” deyərdi.

Hə... Qərara aldılar ki, çox da elə istiyə düşməyək deyə yola gecə çıxsınlar ki, səhər tezdən də Lənkəranda olaq. Xəyalınız indiyə getməsin. İndi Bakıdan Lənkərana xarici markalı avtomobil ilə 2 saata, uzağı 2 saat yarıma gedib çatmaq olar. Amma o vaxtlar yolların bərbad halda, maşının da ki sovet istehsalı olduğundan, 6-7 saata həmən mənzil başına gedib çatmaq olardı. Yadıma gəlir ki, mən Qasım Qasımzadə ilə atamın arasında arxada, Novruz Gəncəli isə qabaqda oturmuşdu. Fərmanda ki öz yerində, sükan arxasında. Biz yola çıxdıq. İndi bilmirəm, bu bir təsadüf idi, yoxsa qəsdən həmin gün yola çıxmışdıq. Çünki həmin gecəni radioda yenə də “Şəbi-hicran” poemasını verirdilər. “Şəbi-hicran”a qulaq asa-asa yol gedirdik. Novruz Gəncəli də poemaya qulaq asa-asa ara bir nırçıldayır, hərdən bir də başını bulayır, arxaya çevrilib atama “Ə... köpəy oğlu, nə gözəl demisən” – deyir, yenə də irəliyə çevrilirdi. Mən də öz uşaq ağlımla bu sözün mənasını tam dərk etmir, “Novruz Gəncəli atamı söyür” deyə düşünür, ürəyimdə “köpəy oğlu sənsən, sən özünsən” deyirdim. Arada bir tez-tez yuxuya gedir, sonra da ayılırdım. Poema səhərə kimi davam etdi. Lənkəran tərəf sərhəd zonası olduğundan, o dövrlərdə ora getmək üçün xüsusi icazə tələb olunurdu. (Çox qəribədir. O zaman heç birinin ağlına belə gəlməzdi ki, vaxt gələcək, aralarında oturan bu balaca uşaq, yəni mən, o biri tayda, yəni İranda uzun müddət yaşayacağam. Və öz Azərbaycanımızda yasaq olan “Gülüstan” poemasını o biri tayda müzakirə edəcəyəm. Ay aman... Deyirəm bu dünyanın nə qədər çox atişləməz yolları var). İndi bilmirəm, uşaq idim, yadımda deyil. Amma yadına gəlir ki, bir də ayıldım və gördüm ki səhər təzə-təzə açılır. Maşınımız dayanıb. Qarşıda da zolaqlı bir şlaqbaum yolumuzu kəsib. Hərbi geyimli 2 nəfər maşına tərəf əyilib, rusca nəsə deyirlər. O vaxta qədər mən hərbi geyimli adamları ancaq elə kinolarda görmüşdüm, həyatda görməmişdim. Onlar nəsə dedi, atamla Novruz Gəncəli maşından düşüb sərhəd köşkünə tərəf getdilər. Həyatımda birinci dəfə idi ki, hərbi geyimli adamları görürdüm. Qorxudan Qasım əminin əlini tutmuşdum. Yavaşca soruşdum ki, Qasım əmi onlar kimdirlər. Qasım əmi də yavaşca, zarafatla dedi ki, nemeslərdir, amma qorxma. Mən heyrət içində idim. Ay aman... İstər-istəməz, yavaşca, pıçıltı ilə Qasım əminin sözlərini təkrarladım: “Nemeslər...” Sözsüz ki, orada nemes-zad yox idi. Qasım əmi mənimlə zarafat edirdi. Bakıya qayıdandan sonra həyət yoldaşlarımı başıma yığıb, orda mən nemesləri görmüşdüm deyirdim. İndi bu hadisənin üstündən 50 ildən də artıq bir vaxt keçib, amma Qasım əminin o sözləri yadımdan çıxmır. Elə bil ki beynimə həkk olunub. Harda bir hərbi geyimli adam görürəmsə, sanki Qasım əminin o pıçıltı ilə dediyi sözləri eşidirəm “Nemeslərdir, amma qorxma”. Sənədlər qaydasında idi. Şlaqbaum götürüldü, biz yenə də öz yolumuzu davam etdik.

Təzə-təzə payızın nəfəsi duyulur, ətrafdan ot, çəmən, reyhan ətri gəlirdi. Maşın sürətlə irəlilədiyindən çölün ətri maşına dolur, səhərin sərin şehli havasını sinəmizə çəkirdik.

– Ay Fərman, qarşıda bir çayxana olmalıdı deyəsən, saxlayarsan bir çay içərik, yorulduq.

5-10 dəqiqədən sonra deyilən yerə çatdıq. Yavaş-yavaş səhərin sərin mehi əsirdi. Payızın ilk ayı idi, Lənkəran tərəfin cənub bölgəsi olmasına baxmayaraq buradakı hava Bakıdan sərin idi. Biz isə gecə çıxmışdıq ki istiyə düşməyək. İri gövdəli, yekə bir palıd ağacının altında oturub çay içirdik. Qarşı tərəfdən ensiz bir arx da axırdı. Vallah indi bunu kimə desəm inanmaz. İndi bu sətirləri yaza-yaza, sanki həmin o arxın şırıltısını da eşidirəm. O payız mehini də duyuram. Hətta o iri gövdəli, budaqları aşağı sallanan ağacın yarpaqlarının ətrini də hiss edirəm. Həqiqətən hiss edirəm.

Mən dünyanın çox ölkəsində olmuşam. Demək olar ki, qarış-qarış bu dünyanı gəzmişəm. Hər ölkənin də, hər yerin də özünə məxsus kafesində, restoranında bir sözlə iaşə obyektində çörək yemişəm. Avropanın belə yerlərində olan o səliqə-sahman, o təmizlik, o çəngəl, bıçağın parıltısı, qab-qaşığın stol üstünə səliqə ilə düzülüşü, xidmətçinin qar kimi, ağappaq köynəkdə olması, təmizliyi, eyni zamanda quruluğu, müştəriyə yaxınlaşıb süni şəkildə gülümsəyib salam verməsi, o qədər səliqə sahmanlı, cilalanmış olur ki, bütün bunlar ilk baxışda, ilk dəqiqələrdə müştəriyə olduqca xoş təsir bağışlayır. Sonradan isə bütün bunlar adamı bezdirir. Sanki adamın sərbəstliyini, asudəliyini əlindən alır. Mən belə yerlərdə heç bir səmimiyyət filan görmürəm, arxayınçılıq görmürəm. Şəxsən mən belə düşünürəm. Amma özümüzdə... Əşşi, biz ayrı aləmik...

Hər yol kənarında qoyulan o səliqəsiz, pinti çayxanalar, o natəmiz kababxanalar, o çirkli süfrə, əyri-yürü alüminium çəngəl, bıçaq, o paslı, saralmış, çapma araq stəkanı o qədər mənə doğmadır ki, Avropanın yüz elə səliqə, sahmanlı yeməkxanasını özümüzün bircə dənə o səliqəsiz, yayda ot, qışda kömür iyi gələn çayxanasına dəyişmərəm, vallah dəyişmərəm. Nədənsə son vaxtlar mənə elə gəlir ki, o çapma stəkanda deyilən ən adi, ən məzmunsuz, adamı bezdirən, uzun-uzadı bitib tükənməyən o izharı məhəbbətli sağlıqların hamısı, par-par parıldayan o büllur qədəhdə deyilən konkret sağlıqlardan daha təbii, daha səmimidir. Nəsə mənə elə gəlir ki, büllur qədəhdə deyilən sağlıqlar səmimi deyil, sünidir.

İndi deyilənlərə görə elə bizdə də, bizim özümüzdə də yol kənarlarında tikilən yeni iaşə obyektləri öz səliqə, sahmanına görə o Avropada tikilən o kafelərdən, o yeməkxanalardan geri qalmır. Ola bilər. Təki olsun. Mən çoxdandır vətəndə olmuram, ona görə də heç nə deyə bilmərəm. Amma indi nə olursa olsun, necə olursa olsun, təki o səmimiyyətimizi itirməyək, simamızı itirməyək, özümüzü itirməyək, özümüz olmağımızı saxlayaq, özümüz olaq, özümüzə oxşayaq. Lənkərana çatmamış o yolun qırağında olan o çayxana, o yeməkxana, bəlkə də mənim həyatımda gördüyüm ilk çayxana idi. Ondan sonra bu dünyanın ən müxtəlif yerlərində olmağıma baxmayaraq, harda olmuşamsa, o dadlı, o şirin səmimiyyəti görə bilməmişəm. Xidmətçi bizdən ötrü az qala əldən-ayaqdan gedirdi. Yox bu adi xidmətçi xidməti deyildi. Alacağı pula görə də deyildi, bu nə idisə indiki dövrə qədər gəlib çatmayan, dillə deyiləsi mümkün olmayan ayrı bir şey idi, saf səmimiyyət idi. Burada sünilikdən heç bir əsər-əlamət yox idi.

Səhər erkən olmasına baxmayaraq, çayxanada adam az deyildi. Hələ get-gedə çoxalır, hələ gəlirdilər də. Bizim oturduğumuz stola baxıb, öz aralarında nəsə danışırdılar. Mən üşüməyim deyə atam pencəyini çıxarıb mənim çiynimə salmışdı. Elə bil ki əynimə yekə bir palto geyinmişdim. Pencəyin ətəyi yerlə sürünürdü. Özümü çox pis hiss edirdim. Onsuz da arıq olan atam, köynəkdə bir az da arıq görsənirdi. Mən pencəyi əynimdən çıxarmaq istəyirdim. Atam isə, ay oğul soyuq olar, qoy qalsın deyirdi. İndi isə bu sətirləri yaza-yaza kövrəlirəm. Atamla bağlı bir epizod yadıma düşür.

Atam dünyasını dəyişməmişdən 2-3 il əvvəl birlikdə bulvarda oturmuşduq. Mən pencəkdə idim, o isə köynəkdə. Birdən nəsə hiss etdim ki atam üşüyür, pencəyimi çıxarıb çiyninə saldım. Ay aman... Elə bil ki, atam əyninə yekə bir palto geymişdi. Pencəyin ətəkləri yerlə sürünməsə də, atam sanki onun içində üzürdü. Gözlərim doldu, kövrəldim. Üzümü yana çevirdim. Axı mən niyə belə yekəldim, böyüdüm. Axı sən niyə yığıldın, ay ata... Nəyə görəsə özümü günahkar bildim. Mənə elə gəlirdi ki, atam vaxtı ilə olan öz uca boyunu, qamətini,  sağlamlığını, mənə verib onun üçün də belə kiçilib. İstədim çığırım ki, ay ata, axı sən niyə belə yumağa dönmüsən. Axı sən belə deyildin. Ucaboy, şümal oğlan idin. Mən səni yenə də elə görmək istəyirəm. Nə olar, yenə də elə ol.

Birdən başımı qaldırıb gördüm ki, bütün çayxananın gözü elə bizdədir. Baxışları ilə gah atamı, gah Qasım Qasımzadəni, gah da Novruz Gəncəlini göstərirdilər. Qasım əmi deyirdi ki, deyəsən bizi kiməsə oxşadırlar. Üzü bir az tüklü, əynində də səliqəsiz, çay ləkəli, qısa ağ xələt geymiş xidmətçi oğlan da tez-tez bizə yaxınlaşıb, şirin Lənkəran ləhcəsi ilə “daha nə lazımdır, nə istəyirsiz” soruşur və bizim “heç nə lazım deyil, çox sağ ol” deməyimizə baxmayaraq, bizim sifariş vermədiyimiz bəzi şeyləri də stolun üstünə düzürdü:

– Ay qardaş, vallah lazım deyil, çox sağ ol, biz yol üstəyik, gedəsiyik, tələsirik, götür bunları.

– Yox, yox nuş olsun, yeyin.

Tez də çəkilib gedirdi.

Yəqin indiki dövr olsaydı, düşünərdik ki, bu çayçı, çayxana müdiri, atamgili kimlərləsə səhv salıblar. Ya elə biliblər ki bunlar prokuratura işçiləridir, milisdəndilər, ya nə bilim təftişdəndirlər, müfəttişdirlər, daha nə bilim kimlərdir. Yoxsa tanımadıqları adama bu qədər hörmət olmaz.

Birdən qonşu stoldan cavan bir oğlan dostlarından ayrılıb bizim stola tərəf yaxınlaşdı. O da yadımdadır ki, əyninə göy rəngli, dama-dama bir köynək geymişdi. Yaxınlaşıb ədəblə salam verdi, sonra dedi ki:

– Mən çox üzr istəyirəm, biz bir həftədir eşidirik ki, Bakıdan Lənkərana şairlər gələsidirlər. Oxucularla görüşə. Bu gün axşam da klubda onlarla görüş olasıdır. Bütün bu tərəflərin də Astaranın, Masallının, Lerikin sakinləri dünən axşamdan burdadırlar. Şairlərlə görüşmək istəyirlər. Bizə də dünən Bakıdan şair Azad Talışoğlu deyib ki, bəs şairlər artıq yoldadırlar. Biz də səhər tezdən bura gəlmişik ki, klubda onlara yaxınlaşmaq mümkün olmayacaq. Heç olmasa onları burda görək, heç olmasa onlarla bir kəlmə kəsək. O gələn şairlər sizlərsiz?

1959-60-cı illər idi. Hələ heç nə atam üzdən tanınırdı, nə Qasım Qasımzadə, nə də ki Novruz Gəncəli. Ancaq elə adları eşidilmişdi.

Qasım Qasımzadə gülərək dedi:

– Bəs sən özün nə fikirləşirsən, biz heç şairə oxşayırıq, yoxsa yox?

Cavan oğlan gülümsəyərək:

– Əlbəttə, üz gözünüzdən, təhər-töhürünüzdən hiss olunur ki siz elə şairsiniz. Amma bir məsələni də bilmək istəyərdik.

Novruz Gəncəli:

– Hə, buyur.

– Biz bilmək istəyirik görək, Bəxtiyar Vahabov sizlərdən hansınızsız? (o vaxtlar atamın familiyası Vahabzadə yox, Vahabov idi) Sonra heç cavab gözləmədən, oturduğu qarşı stoldakı dostlarını göstərərək dedi ki, bəs o biri dostlarımla mərc çəkişmişik, görək Bəxtiyar Vahabov bunlardan hansıdır? Bir dostum deyir ki, Bəxtiyar Vahabov budur deyib, Qasım Qasımzadəni göstərdi. O biri dostum isə sizi göstərir (Novruz Gəncəlini). Deyir ki, yox sən səhv edirsən, Bəxtiyar Vahabov budur. Mən isə... bir az duruxub... bu oğlanı deyirəm, barmağı ilə atamı göstərir. Deyirəm ki yox. Bəxtiyar Vahabov budur. Özü də əla bir qonaqlıqdan mərc çəkişmişik. Kim uduzsa sabah axşama qonaqlıq verəsidir.

Atamgil gülüşdülər.

Novruz Gəncəli Qasım Qasımzadəni göstərərək deyir:

– Qardaş, sən mərci uduzdun. İndi get sabahkı qonaqlığının tədarükündə ol. Bəxtiyar Vahabov budur, deyib Qasım Qasımzadəni göstərir.

– Hə?...

Həmənki cavan oğlan bir qədər təəccüb edir. Sonra öz pərtliyin büruzə verməyərək:

– Nə olar. Olsun. Sizin hər üçünüzə də canım qurban. Sonra Qasım Qasımzadəyə baxaraq: – Mən əsl Bəxtiyar Vahabovu gördüm. Elə bu mənə bəsdir... Hə... Amma mən elə bilirdim ki... Yaxşı bağışlayın siz Allah. Əgər artıq, əskik danışdımsa üzr istəyirəm, – deyib uzaqlaşmaq istəyirdi ki, Qasım əmi gülə-gülə:

– Ay qardaş dayan!

Əli ilə Novruz Gəncəlini göstərərək, bu zarafat edir, mən Bəxtiyar Vahabov deyiləm. Bəxtiyar Vahabov budur – deyib atamı göstərir.

Cavan oğlan əlini əlinə bərkdən vuraraq:

– Əşşi, mən bilirdim də... bilirdim də...bilirdim də...Bilirdim ki mənimlə zarafat edirsiniz. Siz gəlib burada oturan kimi, mən dərhal Bəxtiyar Vahabovu tanıdım. Uzaqdan gözüm onu aldı. Bildim ki o elə budur. Deyib yenə də atamı barmağı ilə göstərdi. Üzünü atama tutaraq.

– Dünən gecə bütün bura yığışanlar səhərə kimi radioda “Şəbi-hicran”a qulaq asmışıq. Əşşi, ay qardaş, sən bizdə can qoymadın, hamımızı ağlatmısan. Əşşi... Birdən sanki qəhərləndi, çənəsi əsdi, gözləri doldu deyəsən. Sonra qəhərlənə-qəhərlənə “Şəbi-hicran”dan bir beyt dedi:

 

Ağladın yayıldı səsin hər yana,

Bülbül bağçalardan ötdü dedilər.

Gələndə Məhəmməd gəldin cahana,

Gedəndə Füzuli getdi dedilər.

 

Daha nə isə demək istədi, amma deyə bilmədi, bacarmadı. Qəhər onu boğurdu. Bu dediyi sözlər o qədər səmimi, o qədər təbii idi ki... Səmimiyyətdən gözləri dolmuşdu, danışa bilmirdi. Sonra hər üçü ilə əllə görüşdü. O biri dostları da digər stollardan durub bizə tərəf yaxınlaşdılar. Novruz Gəncəli gülə-gülə soruşdu ki:

– Yaxşı bəs sən hardan bildin ki, nə mən, nə də ki bu oğlan, baxışları ilə Qasım Qasımzadəni göstərərək, biz Bəxtiyar Vahabov deyilik, Bəxtiyar Vahabov məhz elə bu oğlandır.

Həmənki oğlan gülümsəyərək:

– Vallah mən fikirləşdim ki, “Şəbi-hicran”ı yazan kök, dolu adam ola bilməz deyib baxışları ilə Qasım Qasımzadə və Novruz Gəncəlini göstərdi. Düşünürdüm ki, “Şəbi-hicran”ı yazan adam arıq adam olmalıdır. Əlbəttə, “Şəbi-hicran” kimi poemanı yazan adam gərək arıq olsun. Şam kimi əriməlidir, yanmalıdır ki, “Şəbi-hicran”ı yaza bilsin, ağlamalıdır ki, ağlada bilsin. Yoxsa....

Qasım əmi dərhal ayağa durub, həmin oğlanın alnından öpdü:

– Afərin sənə, halal olsun sənə, düz tapmısan – dedi.

Sonra Novruz Gəncəli ayağa durub stolun pulunu vermək istəyirdi ki, çayçı oğlan:

– Mənim sizə borcum var, sizin mənə yox. Sizin mənim çayxanamda oturub elə çay içməyiniz mənim üçün böyük şərəfdir, iftixardır.

Novruz Gəncəli isə təkid edirdi:

– Əgər bir məmləkətin şairlərini ki səhər çay-çörəyinə qonaq edə bilməyəcəyiksə, onda biz nəyə lazımıq ki. Ayıbdır.

 

lll

 

Axşam klubda, sözün əsl mənasında adam əlindən tərpənməyə belə yer yox idi. Evdən stul gətirən kim, yerə qəzet salıb oturan kim, ayaq üstə duran kim. Bir sözlə iynə atsaydın yerə düşməzdi. Hər oxunan şeirdən sonra gurultulu alqışlardan sanki qulaq tutulurdu. Görüş bəlkə də 3 saata qədər çəkdi. Görüşün də sonunda hamı əllərində şeir kitabları, atam gilə yaxınlaşır, daha doğrusu yaxınlaşmır, bəlkə də hücum çəkir, kitabın üz səhifələrinə nəisə yazmağı, avtoqraf verməyi xahiş edirdilər. Raykom, ispolkom, prokuror, bir sözlə şəhər rəhbərliyi yaddan çıxmışdı. Heç onlara belə əhəmiyyət verən yox idi. Ay hay...

İndi bu hadisənin üstündən 50 ildən də artıq bir vaxt keçib. Hər dəfə televizorda Azərbaycan filmin istehsalı olan “Böyük dayaq” filmində o müşavirə səhnəsi göstəriləndə istər-istəməz gözlərimin qarşısında Lənkərandakı şairlərlə olan o görüş səhnəsi canlanır.

 

35 ildən sonar

 

1994-cü ilin payızı idi. Deyir söz vaxtına çəkər. Yenə də payız fəsli. Lənkərana ezamiyyətə getmişdim. O vaxtlar mən mədəniyyət nazirinin müavini vəzifəsində idim. Təqribən elə atamgilin vaxtı ilə Lənkərana oxucularla görüşə getdikləri yaşda olardım. İndi arada 1 il, 2 il yaş fərqi ola bilər ya yox. Yenə də əvvəlki səmimiyyət, əvvəlki hörmət, orada oturma, burada otur qayğısı. Lakin bu qayğı, o qayğı deyildi. Bu vəzifəyə olan qayğı, o isə şəxsiyyətə olan qayğı, hörmət idi. 1959-cu ildən sonra yolum bu tərəflərə düşməmişdi. Hər bir şey mənim üçün təzə idi. Məndə qəribə bir hiss yaranmışdı. Elə bilirdim ki, yenə də Lənkərana getsəm o iri gövdəli palıd ağacının altında oturub çay içsəm, yenə də hər şey təkrarlanacaq. Yenə də əyninə göy rəngli dama-dama köynək geymiş o cavan oğlan, o ağ rəngli, səliqəsiz, çay ləkəsi olan xələt geymiş, üzü bir qədər tüklü, çayçı oğlanı görəcəyəm. Onlarla söhbət edəcəyəm. Deyəcəyəm ki, ay əmi, yadındadır? Nə? Əmi?... Nə əmi, mən nə danışıram? Axı o vaxtlar onlar mənim indiki yaşımdan xeyli cavan idilər. Mənə isə elə gəlirdi ki, vaxtı ilə o çayxanada oturub çay içənlərin hamısı yenə də orada olacaq. Hamısı da elə əvvəlki yaşlarında. Heç kim də qocalıb eləməyib. Özü də çox qəribədir. Nədənsə mənə elə gəlirdi ki, indi mənim  38-39 yaşım olmasına, saçlarıma da artıq tək-tük dən düşməsinə baxmayaraq keçmişdə çayxanada gördüklərimin hamısı elə əvvəlki yaşlarında olacaqlar. Əvvəlki kimi, yenə də elə o çayxanada oturub, arın-arxayın söhbət edir, mübahisə edir, şeirdən, poeziyadan danışır, yenə də hansı şairəsə görə qonaqlıqdan mərc çəkişirlər. Bircə siyasətdən danışmırlar.

O vaxtki Lənkəran mədəniyyət şöbəsinin müdirindən xahiş etdim ki, məni həmənki o çayxanaya aparsın. Əvvəlcə bilmədi ki haranı deyirəm. Bir təhər izah etdim. Əlqərəz, uzun sözün qısası. Maşına əyləşib, Lənkəranın bütün ətrafını gəzişməyə başladıq. Elə harada iri gövdəli palıd ağacı görürdümsə, maşını saxlatdırıb düşürdüm... Nəhayət ki həmin yeri tapdıq.... Artıq orada çayxana, filan yox idi. Heç çayxanadan belə əsər əlamət də qalmamışdı. Amma deyilənlərə görə 1959-1960-cı ildən sonra, məhz elə bu yerdə, 2-3 dəfə çayxana olub, fəaliyyət göstərib, sonra yenə də ləğv olunmuşdur. Lakin həmənki o iri gövdəli palıd ağacı isə öz yerində idi. Möhkəm durmuşdu. Heç kim onu ləğv edə bilməmişdi. Hələ bu palıd ağacı bu yerdə çox belə çayxanaları yola salacaqdır, ötürəcəkdir. Çünki kökü çox dərində idi. Yaşıl budaqları ətrafı daha da tutmuşdu. Ətrafında isə xeyli cavan ağaclar əkilmişdi. Hər əkilən ağacın da yanında torpağa onu qoruyan dirəklər basdırılmışdır. Dayanıb diqqətlə bu cavan ağaclara baxırdım. Amma nə qədər diqqət yetirirdimsə, bu cavan ağacların nə ağac olmasını, hansı növə aid olmasını bilə bilmədim. Nədənsə mənə birdən elə gəldi ki, bu növü və fəsiləsi məlum olmayan, dirək gücünə qalan o ağaclar bu qoca palıda kinayə ilə baxırlar. Onu bəyənmirlər. Onun iri gövdəsinə baxıb sanki ağız büzürlər. Bu qoca palıdın budaqları isə sanki bir az da böyümüşdür, ətrafa bir az da uzanmışdı. Hətta kölgəsi ətrafında əkilən bu dirəkli cavan ağaclara da düşürdü. Yüngül külək əsirdi. Və hər dəfə də külək əsdikcə bu cavan ağaclar dirəyə bağlanmalarına baxmayaraq, əqidəsiz, məsləksiz insanlar kimi, küləyin əsmə səmtinə uyğun olaraq, sağa-sola yırğalanırdılar, əyilirdilər. Bu külək isə, bu qoca palıda qətiyyən təsir etmirdi, edə bilmirdi. Gücü çatmırdı. Qoca palıd heç öz yerindən tərpənib eləmirdi də. Çünki bu qoca palıd bu həyatda çox şeylər görmüşdü, çox məsələlərdən agah idi. Başından çox boranlar əsmişdi. Həyatda çox bərkə, boşa düşmüşdü. Həyatın hər üzünə bələd idi. Çünki dirəksiz böyümüşdü. Qoca palıd bilirdi ki, indi dünyada iqlim dəyişib, özü də yaman dəyişib. Qışı yandırıcı, yayı isə dondurucu olub. Bu cavan ağaclar isə, bu indiki iqlimə, nə şaxtaya, nə istiyə tab gətirə bilməyəcəklər. Çünki heç nəyə hazır deyirlər. Çünki kökləri yoxdur, dərinə işləməyiblər. Bir iki ilə onları ya don vuracaq, ya da ki gün yandıracaq. Kəsilib, itib, batacaqlar. Amma bu qoca palıd onu bəyənməyib, ona ağız büzənləri də, onlara tərəf uzanan budaqları ilə öz kölgəsi altına alıb, küləkdən qoruyurdu.

Birdən yağış çisələməyə başladı. Qaçıb palıdın altında dayandım. Bu palıdın iri budaqları məni yağışdan və get-gedə güclənən küləkdən qoruyurdu. Vaxtı ilə bu ağacın altında oturub çay içdiyimiz zaman çiynimə salınmış atamın pencəyi kimi.

 

lll

 

Hə... İndi Süleyman qapıdan çıxarkən dediyi “o taylı-bu taylı bu boyda millət dərdi, vətən ağrısı bu boyda arıq vücuda necə sığırmış” sözləri mənə vaxtı ilə Lənkəranda eşitdiyim “Şəbi-hicran”ı yazan adam gərək arıq adam olsun, Şəbi-hicranı bəlasını öz daxilində yerləşdirsin, yerləşdirə bilsin. Bu isə elə bir bəladır ki, hər kimin daxilində yerləşsə, onu şam kimi əridəcəkdir. Və o adam da şam kimi əriyib yanacaqdır ki bunu yaza bilsin. Şam kimi əriyib yanmasan, bunu yaza bilməzsən” sözlərini xatırlatdı.

 

Minsk, 2012-ci il 

 

 

İsfəndiyar Vahabzadə    

 

525-ci qəzet.- 2012.- 11 avqust.- S.24.