“Gülüstan”, “Şəbi-hicran”
və yaxud ağac elə həmənki palıd
ağacıdır...
“Xatirələrdir qalan,
Hepsi boş, hepsi yalan...”
(Əski bir Türk mahnısından)
– Təəccüblə əsəri
götürüb vərəqləməyə başladım.
Vərəqlədikcə də təəccübüm bir az
da artırdı. Çünki atamın yazmış
olduğu “Gülüstan” poeması, cəmisi 6 səhifədən
ibarət idi. Ondan artıq deyildi. Süleymanın gətirdiyi
“Gülüstan” isə 70-80 səhifə idi. Bəs onda
Süleymanın özü demişkən, bu 70-80 səhifəlik
əsər nəmənədir? Bu haradan çıxdı?
Süleyman gedəndən sonra əsəri götürüb
diqqətlə oxumağa başladım. Oxuduqca da gözlərim
təəccübdən böyüyürdü. Həm də
gülmək tutmuşdu məni. Bəri başdan deyim ki, bu
atamın vaxtı ilə yazmış olduğu
“Gülüstan” əsəri deyildi. Yox, qətiyyən o
deyildi. Əvvəla, əsər əruzda
yazılmışdı. Atamın yazdığı
“Gülüstan” isə əruz vəznində deyildi.
Doğrudur, əsl “Gülüstan”ın bir çox beytləri,
misraları lap dəqiq desək, bəzi fikirləri elə bu
“Gülüstan”da da işlədilirdi, amma bu əsər o əsər
deyildi. Əsər başdan-başa Pəhləvi sülaləsinin,
şahlıq üsulu idarəsinin əleyhinə
yazılmışdı. Bir tərəfdən çar Nikolay,
o biri tərəfdən Rza şah Pəhləvi hey tənqid
olunurdu. Bunların isə heç birinin biri-biri ilə qəti
əlaqəsi yox idi. Uyarı belə yox idi. Axı 1813-cü
ilin o məşhur “Gülüstan” müqaviləsi
bağlananda, heç Pəhləvi sülaləsinin şah
olmaq haqqında gümanı belə yox idi. Rza şah Pəhləvinin
atası mehtər olub. O mehtərin atasının kim olması
isə 1813-cü ildə məlum deyildi. Bəs onda Pəhləvi
sülaləsi niyə və nədən ötrü bu qədər
tənqid olub, lənətlənməlidir. Özü də atamın
adı ilə. Hələ bütün bunlar bir yana qalsın, əsər
boyu arada bir o dövrkü Amerika prezidenti Cimmi Karterin də
adına duz salınırdı. Gülməlidir, özü də
çox gülməlidir. Axı Süleyman özü deyirdi
ki, biz elə bilirdik ki Bəxtiyar Vahabzadə 50-60 il bundan əvvəl
vəfat edib. O zaman farslar demişkən, xub. Bəs onda bu belə
isə Karter 50-60 il bundan əvvəl harada idi? Sözün
düzü bu əsər olduqca bekara bir əsər idi.
Heç oxumağına vaxt itirməyinə belə dəyməzdi.
Hər halda, Bəxtiyar Vahabzadə qələminin məhsulu
deyildi bu. Amma mənə bir məsələ məlum oldu ki, cənubi
Azərbaycanda bu əsər hər kimin əlinə
keçirdisə, kimin əlinə düşürdüsə,
özündən bir-iki beyt bura artırırdı. Hər kim
bu əsəri oxuyubsa ürəyini bura boşaldıb. O
taylı, bu taylı millət, vətən, Azərbaycan deyib,
yanan ürəklər, öz ürək sözlərini bura
yazıblar, bura döşəyiblər. Artıq bu əsər
bir növ o necə deyərlər, şifahi xalq ədəbiyyatına,
folklora çevrikmişdir, Bəxtiyar qələmindən kənara
çıxmışdı, özü də xeyli kənara
çıxmışdı.
Ertəsi gün Süleyman yenidən otelə
yanıma gəldi. Bu dəfə tək deyildi, Mustafa ilə gəlmişdi.
Mustafa Səyidzadə ilə. Yenə də bir xeyli söhbət
etdik. Mən fikir verib görürdüm ki, Mustafa da elə
Süleyman kimi mənimlə söhbət edə-edə
gözlərini çarpayımın baş tərəfindəki,
dolabçanın üstündəki atamın şəklindən
çəkmirlər. Hərdən gözlərini şəkildən
yayındırıb mənə baxır, sonra yenə də
gözlərini şəklə dikirdilər. Söhbət yenə
də “Gülüstan”dan düşdü. Mən daha onlara demədim
ki, ay Süleyman sənin mənə verdiyin bu “Gülüstan”
atamın yazdığı o “Gülüstan” deyil axı. Və
yaxud da, bu “Gülüstan” o “Gülüstan”dan xeyli fərqlənir.
Bu “Gülüstan”, o “Gülüstan” deyil. Vallah bu o deyil. Demədim.
Doğrudur atamın yazdığı o əsl
“Gülüstan”dan bəzi misralar, bəzi fikirlər təhrif
olunmuş halda elə bu “Gülüstan”da da işlənilirdi,
amma bu daha o deyildi axı. Hər iki “Gülüstan”dan
yadımda qalan bir-iki misranı misal gətirirəm. Məsələn.
Əsl “Gülüstan”da deyilirdi ki:
“Lap yaxşı eləyib doğrudan bizə,
Biri baran dedi, biri xər dedi.”
Cənubi Azərbaycanda, atamın
adından yazılmış “Gülüstan”da isə:
“Siz bizə xeyli zamandır
ki deyirsiz heyvan,
O taylı bəradərlərimə isə
həmən xər deyilir.”
Yaxud əsl “Gülüstan”da deyilirdi ki,
“Hanı bu əsrin qoç Koroğlusu,
qılınc Koroğlusu, söz
Koroğlusu.”
O biri “Gülüstan”da isə:
“Bizim o boyda böyük, nəhəng
Koroğlumuz var,
Bəs harda qaldı, gəlsin.
Həm şəmşirlə, həm
sözlə,
Nərə çəkib
çığırsın,
qoy öz sözünü desin.”
Və sairə...
Göründüyü kimi fikir eyni, məna
eyni, amma deyim tərzi və yazılış forması fərqli
idi, həm də çox fərqli idi. Yəni belə bu
formada, vəzni pozuq, aydın fikir ifadə etməyən
misralar ikinci “Gülüstan”da kifayət qədər idi. Əsər
boyu elə belə də davam edirdi. Ən təəccüblüsü
isə o idi ki, poemanın altında bir müəllif kimi
atamın adı yazılmışdı. Sözün
düzü poemanı tam oxuyub, altında da bir müəllif
kimi atamın adını görəndə xəcalət
çəkdim, utandım. Amma heç nə demədim.
İstəmədim ki qəlblərini qırım, onları pərt
edim. Çünki Süleyman mənə bu əsəri elə
sevinə-sevinə gətirmişdi ki... İndi də bu əsərdən
elə sevinə-sevinə, ürəyi atlana-atlana
danışırdı ki...Elə Mustafa da... Və mən hiss
elədim ki, görünür Cənubi Azərbaycanda hər kəs
bu hissi keçirirmiş. Elə ona görə də bu
cızma qaranın müəllifinin atam
olmadığını demədim. Qoy cənubda əl-əl gəzən
bu yazının müəllifinin elə məhz atam
olduğunu da bilsinlər – deyə düşündüm.
İndi fikirləşirəm ki, bu hadisənin üstündən
30-35 ilə yaxın bir vaxt keçib. Bu elə də az bir
vaxt deyil. Yəqin ki bu poemanın həcmi bəlkə də
indi artıq 100-150 səhifəyə çatıb.
Çünki yuxarıda dediyim kimi, əsər boyu get-gedə
poemanın vəzn pozuntusundan, misra ölçülərinin
dəyişməsindən hiss olunurdu ki, bunu oxuyan hər bir kəs,
böyüklü, kiçikli, atamı tanıyan da,
tanımayan da, özündən bura nəsə
artırır, yazır. Sanki ürəyini boşaldır,
öz arzularını deyir. Mövcud rejimin qorxusundan, özlərinin
deyə bilmədiklərini atamın adından yazırlar.
Hm... Nə olsun, qoy yazsınlar, ürəklərini
boşaltsınlar. Mən “yox, vallah-billah bunu mənim dədəm
yazmayıb” deməklə onlar bunu cırıb atan deyillər
ki... Mən də bir ucu Təbriz, o biri ucu Ərdəbil car
çəkib əsəri inkar edən deyiləm ki... Qoy
yazsınlar – deyə düşündüm. Çünki mənim
də uzaqdan-yaxından eşitdiyimə, bildiyimə görə,
eyni tendensiya öz Azərbaycanımızda da gedirdi.
Sonralar mən Bakıya qayıdıb,
bütün bunları atama danışanda, güldü, amma təəccüb
etmədi. Dedi: “Ay oğul, bilirəm. Lap yaxşı eləyib
deməmisən ki, bunu mənim atam yazmayıb. İndi pis də,
zəif də, yaxşı da olsa, qoy elə bilsinlər ki, mən
yazmışam. İndi kimsə, nədənsə təsəlli
tapmalıdır, ya yox? Deyək ki, bu da onların təsəllisidir”.
Sonra atam mənə özümüzdə, yəni bu tayda
yazılan “Gülüstan” poemasını gətirib göstərdi.
Və bu “Gülüstan”a da bəzi əcaib, heç bir-biri
ilə uyarı olmayan misraların, fikirlərin əlavə
olunmasını görəndə gülmək məni tutdu.
Çünki elə eyni qeyri-dəqiqlik və eyni vəzn
pozuntusu bu “Gülüstan”da da var idi. Görünür elə
burada da əl-əl gəzən bu “Gülüstan” poeması
kimin əlinə düşmüşdüsə, özündən
bura bir neçə beyt artırmışdı. Yeganə fərq
isə onda idi ki, bu “Gülüstan” əruzda
yazılmamışdı. Bu tayda yəni Şimali Azərbaycanımızda
yazılan atamın yazmış olduğu “Gülüstan”a, əlavə
olunmuş bir misranı nümunə göstərirəm. Məsələn:
“Bakıda binalar çoxalır,
İçində ruslar, ermənilər
qocalır”.
Və sairə...”
İndi yadımda qalan bircə bu
misradır. İndi bunu hər kim yazıbsa. mən bilmirəm.
Şübhəsiz ki, bu cür səviyyəsiz bir
yazını mənim atam yaza bilməzdi. əsər elə bu
cür səviyyəsiz misralarla davam edirdi. İndi
düşünürəm ki, əgər əsl
“Gülüstan” bir tərəfə qalıb, o taylı-bu
taylı hər iki qondarma “Gülüstan”lar bir birinə
qarışıb üzə çıxsaydı, əsərin
nəyə, kimə, hansı dövrə və ən ümdəsi
isə hansı hadisəyə həsr olunduğu yəqin ki
bilinməzdi. Gələcək nəsillərin də bunun
ayırd olunması üçün tarixçilərdən, ədəbiyyatçılardan
ibarət böyük bir komissiyanın təşkil
olunmasına ehtiyac olacaqdır. Çünki bu qondarma
“Gülüstan”larda əsl “Gülüstan”dan heç bir əsər
əlamət yox idi. Amma nə yaxşı ki sonralar əsl
“”Gülüstan” bəzi jurnallarda, kitablarda çap olundu. Və
yəqin ki bu qondarma “Gülüstan”lara da son qoyuldu.
Sonra Süleyman qapıdan çıxarkən
təkrarən bir də şəklə baxıb dedi:
– Vallah, ağayi Vahabzadə, heç
inanmağım gəlmir ki, bu elə Bəxtiyar Vahabzadə
olsun. Mən fikir edirdim ki, ağayi Vahabzadə yekəpər,
şişman cüssəli, iri vücudlu, saçları da
qar kimi ağarmış, sinli birisi olmalıdır. Bu isə arıq,
zərif, başı da hələ tam ağarmayan,
saçlarına yenicə dən düşən bir
kişidir (bu şəkildə atamın 51, “Gülüstan” əsərini
yazanda isə 31 yaşı var idi). Bəs o taylı-bu
taylı yekə bir Azərbaycanın dərdləri, əzabları
40 milyonluq bir xalqın millət yükü bu arıq
vücuda, bu arıq bədənə necə
sığırmış? Axı o bu böyük dərdi
özündə sığdırmalıdır ki, belə bir
yazını yazıb üzə çıxarsın...Bu dərd
onu incitməsə, ona əzab verməsə, o bunu yaza bilməz
ki. Bəs bu boyda dərdi bu arıq vücud necə çəkirmiş?
Hm... Amma nə deyim vallah, bu boyda dərd bu arıq vücuda
sığa bilməz axı.
Süleyman qapıdan çıxarkən
dediyi bu sözlər mənə çoxdan olub
keçmiş, rəngi saralıb solmuş bir hadisəni
xatırlatdı. Və bu hadisə sanki yüngül bir meh
kimi yaddaşıma qayıtdı. Ötəri ağ-qara
xırıltılı səsli, köhnə retro filmi kimi,
gözlərimin önündən bir anlıqda gəlib
keçməyə başladı. Burnuma biz tərəflərin
payız ətri dəydi.
Hə... Tarix indi dəqiq yadımda deyil,
1959-1960-cı ilin payızı olardı. “Şəbi-hicran”
poeması da yeni çapdan çıxmışdı. Radio,
televizor, qəzet, jurnal hamısı elə “Şəbi-hicran”
poemasından yazır, “Şəbi-hicran” poemasından deyirdi.
Atam da cavan bir kişi idi. 33-34 yaşı olardı. Yadıma
gəlir ki, tək elə bircə bu poemanın qonorar puluna
süd rəngli “Volqa M-21” markalı avtomobil
almışdıq. O vaxtlar şəhərdə “Volqa”
maşını tək-tük idi. Bu maşını hər
adam ala bilməzdi. Yox, o dövrdə də pullu, imkanlı
adamlar çox idi. Lap elə lazımı gəlsəydi, o
papaq altında yatan oğlanlar 2-3 avtomobil də ala bilərdilər.
Belə oğlanlar var idi, amma “qarğa, məndə qoz var”, “mənəm-mənəm”
deyən oğlanlar yox idi. Çünki hər bir məsələyə
nəzarət güclü idi. Hamı da bir-birinin yolunu
gözləyirdi. Heç kim də öz həddini
aşıb eləmirdi, öz həddini bilirdi. Hər bir məsələ
müəyyən çərçivə daxilində
görülürdü. Hə... Həm də təzə mənzilə
köçmüşdük. Evimizdə heç fərli
başlı mebel dəsti də yox idi. Elə bu poemanın
yerdə qalan puluna da, o dövrlərdə ən dəbdə
olan “Tülpan” fransız mebeli almışdıq. Daha
uçmağa qanadımız yox idi.
Bu o vaxtlar idi ki,
şeirə, poeziyaya böyük hörmət var idi.
Şairin-yazıçının sözü hər yerdə
keçərli idi. Bir telefon zənginə istənilən məsələni
aşırmaq olardı. Ondan da başqa, insanların da işi
bir-birlərinə elə bir böyük məsələlərə
görə düşüb eləmirdi. İndi nə bilim,
yayda istirahət evlərinə getmək üçün
putyovka, təzə nəşr olunan kitablara yazılmaq,
onları tapıb almaq, teatra, kinoya bilet, konsertə dəvətnamə
və bu kimi indi uşağa belə gülünc görünə
biləcək adi məsələlər. Vəssalam. Əlbəttə,
o vaxtlar şair də, yazıçı da elə əsl
şair yazıçı idilər. Daha
cızma-qaraçı, böhtançı deyildilər.
Ağıllarına gələni yazmırdılar. Yazmaq
xatirinə yazmırdılar. Ədəbiyyat aləmində
olan öz uğursuzluqlarının günahını da elə
onda-bunda görmürdülər, heç nədən də
çəkinib eləmirdilər. Gündəmdə qalmaq
üçün heç kimi ləkələmirdilər. Eh...
Nə deyim vallah...
Hə... Bilmirəm nə məsələ
idi isə, Yazıçılar İttifaqından 3 nəfər
gənc şairi atamı, Qasım Qasımzadəni, bir də
Novruz Gəncəlini Azərbaycanın cənub bölgəsinə,
Lənkərana, oxucularla görüşə göndərirdilər.
Atam da təklif etdi ki, oxucularla görüşə onun təzə
aldığı maşınla getsinlər. Mən də o vaxt
balaca uşaq idim, 6 yaşım olardı. Hələ heç
məktəbə də getmirdim. Uşaq olmağıma
baxmayaraq atam hara gedirdisə məni də özü ilə
aparardı. Uşaq idim, hər bir əhvalat da mənim
üçün maraqlı idi.
Elə sürücümüz də əslən
Lənkəran tərəfdən olan, Fərman adlı cavan
oğlan idi. Atamın tələbəsi idi. Bizdə 1959-cu ildən
düz atam dünyasını dəyişənə qədər,
yəni 50 ildən də artıq bir vaxtda, xüsusi
avtomobilimizin olmasına baxmayaraq, atam heç cürə
maşın sürməyi öyrənə bilmirdi. Ha öyrənməyə
çalışırdısa, düz əməlli sürə
bilmirdi, elə bil ki sükan əlindən
qaçırdı. İndi hərdən bir uzaq yola
çıxanda, düz yolda sükan arxasında oturar “bir
qurdumu öldürüm” – deyib 5-10 kilometr sürər və
elə bununla da kifayətlənərdi. “Əşşi, yoruldum,
bəsdir” – deyərdi. İndi Fərman da bu dünyada yoxdur.
Atamdan çox-çox əvvəl dünyasını dəyişib.
Atam onu bir qardaşı kimi sevərdi. Aralarında yaş fərqi
az olduğundan, atam ona da “qardaşım” deyərdi.
Hə... Qərara aldılar ki, çox da
elə istiyə düşməyək deyə yola gecə
çıxsınlar ki, səhər tezdən də Lənkəranda
olaq. Xəyalınız indiyə getməsin. İndi
Bakıdan Lənkərana xarici markalı avtomobil ilə 2
saata, uzağı 2 saat yarıma gedib çatmaq olar. Amma o
vaxtlar yolların bərbad halda, maşının da ki sovet
istehsalı olduğundan, 6-7 saata həmən mənzil
başına gedib çatmaq olardı. Yadıma gəlir ki, mən
Qasım Qasımzadə ilə atamın arasında arxada,
Novruz Gəncəli isə qabaqda oturmuşdu. Fərmanda ki
öz yerində, sükan arxasında. Biz yola
çıxdıq. İndi bilmirəm, bu bir təsadüf idi,
yoxsa qəsdən həmin gün yola
çıxmışdıq. Çünki həmin gecəni
radioda yenə də “Şəbi-hicran” poemasını verirdilər.
“Şəbi-hicran”a qulaq asa-asa yol gedirdik. Novruz Gəncəli də
poemaya qulaq asa-asa ara bir nırçıldayır, hərdən
bir də başını bulayır, arxaya çevrilib atama “Ə...
köpəy oğlu, nə gözəl demisən” – deyir, yenə
də irəliyə çevrilirdi. Mən də öz uşaq
ağlımla bu sözün mənasını tam dərk
etmir, “Novruz Gəncəli atamı söyür” deyə
düşünür, ürəyimdə “köpəy oğlu
sənsən, sən özünsən” deyirdim. Arada bir tez-tez
yuxuya gedir, sonra da ayılırdım. Poema səhərə
kimi davam etdi. Lənkəran tərəf sərhəd
zonası olduğundan, o dövrlərdə ora getmək
üçün xüsusi icazə tələb olunurdu.
(Çox qəribədir. O zaman heç birinin ağlına
belə gəlməzdi ki, vaxt gələcək, aralarında
oturan bu balaca uşaq, yəni mən, o biri tayda, yəni
İranda uzun müddət yaşayacağam. Və öz Azərbaycanımızda
yasaq olan “Gülüstan” poemasını o biri tayda müzakirə
edəcəyəm. Ay aman... Deyirəm bu dünyanın nə
qədər çox atişləməz yolları var).
İndi bilmirəm, uşaq idim, yadımda deyil. Amma yadına gəlir
ki, bir də ayıldım və gördüm ki səhər təzə-təzə
açılır. Maşınımız dayanıb.
Qarşıda da zolaqlı bir şlaqbaum yolumuzu kəsib. Hərbi
geyimli 2 nəfər maşına tərəf əyilib, rusca nəsə
deyirlər. O vaxta qədər mən hərbi geyimli adamları
ancaq elə kinolarda görmüşdüm, həyatda görməmişdim.
Onlar nəsə dedi, atamla Novruz Gəncəli maşından
düşüb sərhəd köşkünə tərəf
getdilər. Həyatımda birinci dəfə idi ki, hərbi
geyimli adamları görürdüm. Qorxudan Qasım əminin əlini
tutmuşdum. Yavaşca soruşdum ki, Qasım əmi onlar
kimdirlər. Qasım əmi də yavaşca, zarafatla dedi ki,
nemeslərdir, amma qorxma. Mən heyrət içində idim. Ay
aman... İstər-istəməz, yavaşca,
pıçıltı ilə Qasım əminin sözlərini
təkrarladım: “Nemeslər...” Sözsüz ki, orada nemes-zad
yox idi. Qasım əmi mənimlə zarafat edirdi. Bakıya
qayıdandan sonra həyət yoldaşlarımı
başıma yığıb, orda mən nemesləri
görmüşdüm deyirdim. İndi bu hadisənin
üstündən 50 ildən də artıq bir vaxt keçib,
amma Qasım əminin o sözləri yadımdan
çıxmır. Elə bil ki beynimə həkk olunub. Harda
bir hərbi geyimli adam görürəmsə, sanki Qasım əminin
o pıçıltı ilə dediyi sözləri eşidirəm
“Nemeslərdir, amma qorxma”. Sənədlər qaydasında idi.
Şlaqbaum götürüldü, biz yenə də öz
yolumuzu davam etdik.
Təzə-təzə payızın nəfəsi
duyulur, ətrafdan ot, çəmən, reyhan ətri gəlirdi.
Maşın sürətlə irəlilədiyindən
çölün ətri maşına dolur, səhərin sərin
şehli havasını sinəmizə çəkirdik.
– Ay Fərman, qarşıda bir çayxana
olmalıdı deyəsən, saxlayarsan bir çay içərik,
yorulduq.
5-10 dəqiqədən sonra deyilən yerə
çatdıq. Yavaş-yavaş səhərin sərin mehi əsirdi.
Payızın ilk ayı idi, Lənkəran tərəfin cənub
bölgəsi olmasına baxmayaraq buradakı hava Bakıdan sərin
idi. Biz isə gecə çıxmışdıq ki istiyə
düşməyək. İri gövdəli, yekə bir
palıd ağacının altında oturub çay
içirdik. Qarşı tərəfdən ensiz bir arx da
axırdı. Vallah indi bunu kimə desəm inanmaz. İndi bu sətirləri
yaza-yaza, sanki həmin o arxın
şırıltısını da eşidirəm. O payız
mehini də duyuram. Hətta o iri gövdəli, budaqları
aşağı sallanan ağacın yarpaqlarının ətrini
də hiss edirəm. Həqiqətən hiss edirəm.
Mən dünyanın çox ölkəsində
olmuşam. Demək olar ki, qarış-qarış bu
dünyanı gəzmişəm. Hər ölkənin də,
hər yerin də özünə məxsus kafesində,
restoranında bir sözlə iaşə obyektində
çörək yemişəm. Avropanın belə yerlərində
olan o səliqə-sahman, o təmizlik, o çəngəl,
bıçağın parıltısı,
qab-qaşığın stol üstünə səliqə ilə
düzülüşü, xidmətçinin qar kimi,
ağappaq köynəkdə olması, təmizliyi, eyni zamanda
quruluğu, müştəriyə yaxınlaşıb
süni şəkildə gülümsəyib salam verməsi,
o qədər səliqə sahmanlı, cilalanmış olur ki,
bütün bunlar ilk baxışda, ilk dəqiqələrdə
müştəriyə olduqca xoş təsir
bağışlayır. Sonradan isə bütün bunlar
adamı bezdirir. Sanki adamın sərbəstliyini, asudəliyini
əlindən alır. Mən belə yerlərdə heç
bir səmimiyyət filan görmürəm,
arxayınçılıq görmürəm. Şəxsən
mən belə düşünürəm. Amma
özümüzdə... Əşşi, biz ayrı aləmik...
Hər yol kənarında qoyulan o səliqəsiz,
pinti çayxanalar, o natəmiz kababxanalar, o çirkli süfrə,
əyri-yürü alüminium çəngəl,
bıçaq, o paslı, saralmış, çapma araq stəkanı
o qədər mənə doğmadır ki, Avropanın yüz
elə səliqə, sahmanlı yeməkxanasını
özümüzün bircə dənə o səliqəsiz,
yayda ot, qışda kömür iyi gələn
çayxanasına dəyişmərəm, vallah dəyişmərəm.
Nədənsə son vaxtlar mənə elə gəlir ki, o çapma
stəkanda deyilən ən adi, ən məzmunsuz, adamı
bezdirən, uzun-uzadı bitib tükənməyən o
izharı məhəbbətli sağlıqların
hamısı, par-par parıldayan o büllur qədəhdə
deyilən konkret sağlıqlardan daha təbii, daha səmimidir.
Nəsə mənə elə gəlir ki, büllur qədəhdə
deyilən sağlıqlar səmimi deyil, sünidir.
İndi deyilənlərə görə elə
bizdə də, bizim özümüzdə də yol kənarlarında
tikilən yeni iaşə obyektləri öz səliqə,
sahmanına görə o Avropada tikilən o kafelərdən, o
yeməkxanalardan geri qalmır. Ola bilər. Təki olsun. Mən
çoxdandır vətəndə olmuram, ona görə də
heç nə deyə bilmərəm. Amma indi nə olursa
olsun, necə olursa olsun, təki o səmimiyyətimizi itirməyək,
simamızı itirməyək, özümüzü itirməyək,
özümüz olmağımızı saxlayaq,
özümüz olaq, özümüzə oxşayaq. Lənkərana
çatmamış o yolun qırağında olan o
çayxana, o yeməkxana, bəlkə də mənim həyatımda
gördüyüm ilk çayxana idi. Ondan sonra bu
dünyanın ən müxtəlif yerlərində
olmağıma baxmayaraq, harda olmuşamsa, o dadlı, o şirin
səmimiyyəti görə bilməmişəm. Xidmətçi
bizdən ötrü az qala əldən-ayaqdan gedirdi. Yox bu adi
xidmətçi xidməti deyildi. Alacağı pula görə
də deyildi, bu nə idisə indiki dövrə qədər gəlib
çatmayan, dillə deyiləsi mümkün olmayan ayrı
bir şey idi, saf səmimiyyət idi. Burada sünilikdən
heç bir əsər-əlamət yox idi.
Səhər erkən olmasına baxmayaraq,
çayxanada adam az deyildi. Hələ get-gedə
çoxalır, hələ gəlirdilər də. Bizim
oturduğumuz stola baxıb, öz aralarında nəsə
danışırdılar. Mən üşüməyim deyə
atam pencəyini çıxarıb mənim çiynimə
salmışdı. Elə bil ki əynimə yekə bir palto
geyinmişdim. Pencəyin ətəyi yerlə
sürünürdü. Özümü çox pis hiss
edirdim. Onsuz da arıq olan atam, köynəkdə bir az da
arıq görsənirdi. Mən pencəyi əynimdən
çıxarmaq istəyirdim. Atam isə, ay oğul soyuq olar,
qoy qalsın deyirdi. İndi isə bu sətirləri yaza-yaza
kövrəlirəm. Atamla bağlı bir epizod yadıma
düşür.
Atam dünyasını dəyişməmişdən
2-3 il əvvəl birlikdə bulvarda oturmuşduq. Mən pencəkdə
idim, o isə köynəkdə. Birdən nəsə hiss etdim
ki atam üşüyür, pencəyimi çıxarıb
çiyninə saldım. Ay aman... Elə bil ki, atam əyninə
yekə bir palto geymişdi. Pencəyin ətəkləri yerlə
sürünməsə də, atam sanki onun içində
üzürdü. Gözlərim doldu, kövrəldim.
Üzümü yana çevirdim. Axı mən niyə belə
yekəldim, böyüdüm. Axı sən niyə
yığıldın, ay ata... Nəyə görəsə
özümü günahkar bildim. Mənə elə gəlirdi
ki, atam vaxtı ilə olan öz uca boyunu, qamətini, sağlamlığını, mənə
verib onun üçün də belə kiçilib. İstədim
çığırım ki, ay ata, axı sən niyə belə
yumağa dönmüsən. Axı sən belə deyildin.
Ucaboy, şümal oğlan idin. Mən səni yenə də
elə görmək istəyirəm. Nə olar, yenə də
elə ol.
Birdən başımı qaldırıb
gördüm ki, bütün çayxananın gözü elə
bizdədir. Baxışları ilə gah atamı, gah Qasım
Qasımzadəni, gah da Novruz Gəncəlini göstərirdilər.
Qasım əmi deyirdi ki, deyəsən bizi kiməsə oxşadırlar.
Üzü bir az tüklü, əynində də səliqəsiz,
çay ləkəli, qısa ağ xələt geymiş xidmətçi
oğlan da tez-tez bizə yaxınlaşıb, şirin Lənkəran
ləhcəsi ilə “daha nə lazımdır, nə istəyirsiz”
soruşur və bizim “heç nə lazım deyil, çox
sağ ol” deməyimizə baxmayaraq, bizim sifariş vermədiyimiz
bəzi şeyləri də stolun üstünə
düzürdü:
– Ay qardaş, vallah lazım deyil, çox
sağ ol, biz yol üstəyik, gedəsiyik, tələsirik,
götür bunları.
– Yox, yox nuş olsun, yeyin.
Tez də çəkilib gedirdi.
Yəqin indiki dövr olsaydı,
düşünərdik ki, bu çayçı, çayxana
müdiri, atamgili kimlərləsə səhv salıblar. Ya elə
biliblər ki bunlar prokuratura işçiləridir, milisdəndilər,
ya nə bilim təftişdəndirlər, müfəttişdirlər,
daha nə bilim kimlərdir. Yoxsa tanımadıqları adama bu
qədər hörmət olmaz.
Birdən qonşu stoldan cavan bir oğlan
dostlarından ayrılıb bizim stola tərəf
yaxınlaşdı. O da yadımdadır ki, əyninə
göy rəngli, dama-dama bir köynək geymişdi.
Yaxınlaşıb ədəblə salam verdi, sonra dedi ki:
– Mən çox üzr istəyirəm,
biz bir həftədir eşidirik ki, Bakıdan Lənkərana
şairlər gələsidirlər. Oxucularla görüşə.
Bu gün axşam da klubda onlarla görüş
olasıdır. Bütün bu tərəflərin də
Astaranın, Masallının, Lerikin sakinləri dünən
axşamdan burdadırlar. Şairlərlə görüşmək
istəyirlər. Bizə də dünən Bakıdan şair
Azad Talışoğlu deyib ki, bəs şairlər artıq
yoldadırlar. Biz də səhər tezdən bura gəlmişik
ki, klubda onlara yaxınlaşmaq mümkün olmayacaq. Heç
olmasa onları burda görək, heç olmasa onlarla bir kəlmə
kəsək. O gələn şairlər sizlərsiz?
1959-60-cı illər idi. Hələ
heç nə atam üzdən tanınırdı, nə
Qasım Qasımzadə, nə də ki Novruz Gəncəli.
Ancaq elə adları eşidilmişdi.
Qasım Qasımzadə gülərək
dedi:
– Bəs sən özün nə fikirləşirsən,
biz heç şairə oxşayırıq, yoxsa yox?
Cavan oğlan gülümsəyərək:
– Əlbəttə, üz
gözünüzdən, təhər-töhürünüzdən
hiss olunur ki siz elə şairsiniz. Amma bir məsələni də
bilmək istəyərdik.
Novruz Gəncəli:
– Hə, buyur.
– Biz bilmək istəyirik görək, Bəxtiyar
Vahabov sizlərdən hansınızsız? (o vaxtlar atamın
familiyası Vahabzadə yox, Vahabov idi) Sonra heç cavab
gözləmədən, oturduğu qarşı stoldakı
dostlarını göstərərək dedi ki, bəs o biri
dostlarımla mərc çəkişmişik, görək Bəxtiyar
Vahabov bunlardan hansıdır? Bir dostum deyir ki, Bəxtiyar
Vahabov budur deyib, Qasım Qasımzadəni göstərdi. O
biri dostum isə sizi göstərir (Novruz Gəncəlini).
Deyir ki, yox sən səhv edirsən, Bəxtiyar Vahabov budur. Mən
isə... bir az duruxub... bu oğlanı deyirəm,
barmağı ilə atamı göstərir. Deyirəm ki yox.
Bəxtiyar Vahabov budur. Özü də əla bir
qonaqlıqdan mərc çəkişmişik. Kim uduzsa sabah
axşama qonaqlıq verəsidir.
Atamgil gülüşdülər.
Novruz Gəncəli Qasım Qasımzadəni
göstərərək deyir:
– Qardaş, sən mərci uduzdun. İndi
get sabahkı qonaqlığının tədarükündə
ol. Bəxtiyar Vahabov budur, deyib Qasım Qasımzadəni
göstərir.
– Hə?...
Həmənki cavan oğlan bir qədər
təəccüb edir. Sonra öz pərtliyin büruzə verməyərək:
– Nə olar. Olsun. Sizin hər
üçünüzə də canım qurban. Sonra Qasım
Qasımzadəyə baxaraq: – Mən əsl Bəxtiyar Vahabovu
gördüm. Elə bu mənə bəsdir... Hə... Amma mən
elə bilirdim ki... Yaxşı bağışlayın siz
Allah. Əgər artıq, əskik danışdımsa üzr
istəyirəm, – deyib uzaqlaşmaq istəyirdi ki, Qasım əmi
gülə-gülə:
– Ay qardaş dayan!
Əli ilə Novruz Gəncəlini göstərərək,
bu zarafat edir, mən Bəxtiyar Vahabov deyiləm. Bəxtiyar
Vahabov budur – deyib atamı göstərir.
Cavan oğlan əlini əlinə bərkdən
vuraraq:
– Əşşi, mən bilirdim də...
bilirdim də...bilirdim də...Bilirdim ki mənimlə zarafat
edirsiniz. Siz gəlib burada oturan kimi, mən dərhal Bəxtiyar
Vahabovu tanıdım. Uzaqdan gözüm onu aldı. Bildim ki o
elə budur. Deyib yenə də atamı barmağı ilə
göstərdi. Üzünü atama tutaraq.
– Dünən gecə bütün bura
yığışanlar səhərə kimi radioda “Şəbi-hicran”a
qulaq asmışıq. Əşşi, ay qardaş, sən
bizdə can qoymadın, hamımızı ağlatmısan. Əşşi...
Birdən sanki qəhərləndi, çənəsi əsdi,
gözləri doldu deyəsən. Sonra qəhərlənə-qəhərlənə
“Şəbi-hicran”dan bir beyt dedi:
Ağladın yayıldı səsin hər
yana,
Bülbül bağçalardan
ötdü dedilər.
Gələndə Məhəmməd gəldin
cahana,
Gedəndə Füzuli getdi dedilər.
Daha nə isə demək istədi, amma deyə
bilmədi, bacarmadı. Qəhər onu boğurdu. Bu dediyi
sözlər o qədər səmimi, o qədər təbii
idi ki... Səmimiyyətdən gözləri dolmuşdu,
danışa bilmirdi. Sonra hər üçü ilə əllə
görüşdü. O biri dostları da digər stollardan
durub bizə tərəf yaxınlaşdılar. Novruz Gəncəli
gülə-gülə soruşdu ki:
– Yaxşı bəs sən hardan bildin ki,
nə mən, nə də ki bu oğlan, baxışları ilə
Qasım Qasımzadəni göstərərək, biz Bəxtiyar
Vahabov deyilik, Bəxtiyar Vahabov məhz elə bu
oğlandır.
Həmənki oğlan gülümsəyərək:
– Vallah mən fikirləşdim ki, “Şəbi-hicran”ı
yazan kök, dolu adam ola bilməz deyib baxışları ilə
Qasım Qasımzadə və Novruz Gəncəlini göstərdi.
Düşünürdüm ki, “Şəbi-hicran”ı yazan
adam arıq adam olmalıdır. Əlbəttə, “Şəbi-hicran”
kimi poemanı yazan adam gərək arıq olsun. Şam kimi əriməlidir,
yanmalıdır ki, “Şəbi-hicran”ı yaza bilsin,
ağlamalıdır ki, ağlada bilsin. Yoxsa....
Qasım əmi dərhal ayağa durub, həmin
oğlanın alnından öpdü:
– Afərin sənə, halal olsun sənə,
düz tapmısan – dedi.
Sonra Novruz Gəncəli ayağa durub stolun
pulunu vermək istəyirdi ki, çayçı oğlan:
– Mənim sizə borcum var, sizin mənə
yox. Sizin mənim çayxanamda oturub elə çay içməyiniz
mənim üçün böyük şərəfdir,
iftixardır.
Novruz Gəncəli isə təkid edirdi:
– Əgər bir məmləkətin
şairlərini ki səhər çay-çörəyinə
qonaq edə bilməyəcəyiksə, onda biz nəyə
lazımıq ki. Ayıbdır.
lll
Axşam klubda, sözün əsl mənasında
adam əlindən tərpənməyə belə yer yox idi.
Evdən stul gətirən kim, yerə qəzet salıb oturan
kim, ayaq üstə duran kim. Bir sözlə iynə atsaydın
yerə düşməzdi. Hər oxunan şeirdən sonra
gurultulu alqışlardan sanki qulaq tutulurdu. Görüş bəlkə
də 3 saata qədər çəkdi. Görüşün
də sonunda hamı əllərində şeir kitabları,
atam gilə yaxınlaşır, daha doğrusu
yaxınlaşmır, bəlkə də hücum çəkir,
kitabın üz səhifələrinə nəisə
yazmağı, avtoqraf verməyi xahiş edirdilər. Raykom,
ispolkom, prokuror, bir sözlə şəhər rəhbərliyi
yaddan çıxmışdı. Heç onlara belə əhəmiyyət
verən yox idi. Ay hay...
İndi bu hadisənin üstündən 50
ildən də artıq bir vaxt keçib. Hər dəfə
televizorda Azərbaycan filmin istehsalı olan “Böyük dayaq”
filmində o müşavirə səhnəsi göstəriləndə
istər-istəməz gözlərimin qarşısında Lənkərandakı
şairlərlə olan o görüş səhnəsi
canlanır.
35 ildən sonra
1994-cü ilin payızı idi. Deyir söz
vaxtına çəkər. Yenə də payız fəsli. Lənkərana
ezamiyyətə getmişdim. O vaxtlar mən mədəniyyət
nazirinin müavini vəzifəsində idim. Təqribən elə
atamgilin vaxtı ilə Lənkərana oxucularla
görüşə getdikləri yaşda olardım. İndi
arada 1 il, 2 il yaş fərqi ola bilər ya yox. Yenə də əvvəlki
səmimiyyət, əvvəlki hörmət, orada oturma, burada
otur qayğısı. Lakin bu qayğı, o qayğı
deyildi. Bu vəzifəyə olan qayğı, o isə şəxsiyyətə
olan qayğı, hörmət idi. 1959-cu ildən sonra yolum bu tərəflərə
düşməmişdi. Hər bir şey mənim
üçün təzə idi. Məndə qəribə bir
hiss yaranmışdı. Elə bilirdim ki, yenə də Lənkərana
getsəm o iri gövdəli palıd ağacının
altında oturub çay içsəm, yenə də hər
şey təkrarlanacaq. Yenə də əyninə göy rəngli
dama-dama köynək geymiş o cavan oğlan, o ağ rəngli,
səliqəsiz, çay ləkəsi olan xələt
geymiş, üzü bir qədər tüklü,
çayçı oğlanı görəcəyəm.
Onlarla söhbət edəcəyəm. Deyəcəyəm ki,
ay əmi, yadındadır? Nə? Əmi?... Nə əmi, mən
nə danışıram? Axı o vaxtlar onlar mənim indiki
yaşımdan xeyli cavan idilər. Mənə isə elə gəlirdi
ki, vaxtı ilə o çayxanada oturub çay içənlərin
hamısı yenə də orada olacaq. Hamısı da elə əvvəlki
yaşlarında. Heç kim də qocalıb eləməyib.
Özü də çox qəribədir. Nədənsə mənə
elə gəlirdi ki, indi mənim
38-39 yaşım olmasına, saçlarıma da artıq
tək-tük dən düşməsinə baxmayaraq
keçmişdə çayxanada gördüklərimin
hamısı elə əvvəlki yaşlarında olacaqlar. Əvvəlki
kimi, yenə də elə o çayxanada oturub,
arın-arxayın söhbət edir, mübahisə edir,
şeirdən, poeziyadan danışır, yenə də
hansı şairəsə görə qonaqlıqdan mərc
çəkişirlər. Bircə siyasətdən
danışmırlar.
O vaxtki Lənkəran mədəniyyət
şöbəsinin müdirindən xahiş etdim ki, məni həmənki
o çayxanaya aparsın. Əvvəlcə bilmədi ki
haranı deyirəm. Bir təhər izah etdim. Əlqərəz,
uzun sözün qısası. Maşına əyləşib,
Lənkəranın bütün ətrafını gəzişməyə
başladıq. Elə harada iri gövdəli palıd
ağacı görürdümsə, maşını
saxlatdırıb düşürdüm... Nəhayət ki həmin
yeri tapdıq.... Artıq orada çayxana, filan yox idi. Heç
çayxanadan belə əsər əlamət də
qalmamışdı. Amma deyilənlərə görə
1959-1960-cı ildən sonra, məhz elə bu yerdə, 2-3 dəfə
çayxana olub, fəaliyyət göstərib, sonra yenə də
ləğv olunmuşdur. Lakin həmənki o iri gövdəli
palıd ağacı isə öz yerində idi. Möhkəm
durmuşdu. Heç kim onu ləğv edə bilməmişdi.
Hələ bu palıd ağacı bu yerdə çox belə
çayxanaları yola salacaqdır, ötürəcəkdir.
Çünki kökü çox dərində idi.
Yaşıl budaqları ətrafı daha da tutmuşdu. Ətrafında
isə xeyli cavan ağaclar əkilmişdi. Hər əkilən
ağacın da yanında torpağa onu qoruyan dirəklər
basdırılmışdır. Dayanıb diqqətlə bu
cavan ağaclara baxırdım. Amma nə qədər diqqət
yetirirdimsə, bu cavan ağacların nə ağac
olmasını, hansı növə aid olmasını bilə
bilmədim. Nədənsə mənə birdən elə gəldi
ki, bu növü və fəsiləsi məlum olmayan, dirək
gücünə qalan o ağaclar bu qoca palıda kinayə ilə
baxırlar. Onu bəyənmirlər. Onun iri gövdəsinə
baxıb sanki ağız büzürlər. Bu qoca
palıdın budaqları isə sanki bir az da
böyümüşdür, ətrafa bir az da
uzanmışdı. Hətta kölgəsi ətrafında əkilən
bu dirəkli cavan ağaclara da düşürdü.
Yüngül külək əsirdi. Və hər dəfə də
külək əsdikcə bu cavan ağaclar dirəyə
bağlanmalarına baxmayaraq, əqidəsiz, məsləksiz
insanlar kimi, küləyin əsmə səmtinə uyğun
olaraq, sağa-sola yırğalanırdılar, əyilirdilər.
Bu külək isə, bu qoca palıda qətiyyən təsir
etmirdi, edə bilmirdi. Gücü çatmırdı. Qoca palıd
heç öz yerindən tərpənib eləmirdi də.
Çünki bu qoca palıd bu həyatda çox şeylər
görmüşdü, çox məsələlərdən
agah idi. Başından çox boranlar əsmişdi. Həyatda
çox bərkə, boşa düşmüşdü. Həyatın
hər üzünə bələd idi. Çünki dirəksiz
böyümüşdü. Qoca palıd bilirdi ki, indi
dünyada iqlim dəyişib, özü də yaman dəyişib.
Qışı yandırıcı, yayı isə dondurucu
olub. Bu cavan ağaclar isə, bu indiki iqlimə, nə
şaxtaya, nə istiyə tab gətirə bilməyəcəklər.
Çünki heç nəyə hazır deyirlər.
Çünki kökləri yoxdur, dərinə işləməyiblər.
Bir iki ilə onları ya don vuracaq, ya da ki gün yandıracaq.
Kəsilib, itib, batacaqlar. Amma bu qoca palıd onu bəyənməyib,
ona ağız büzənləri də, onlara tərəf
uzanan budaqları ilə öz kölgəsi altına alıb,
küləkdən qoruyurdu.
Birdən yağış çisələməyə
başladı. Qaçıb palıdın altında
dayandım. Bu palıdın iri budaqları məni
yağışdan və get-gedə güclənən küləkdən
qoruyurdu. Vaxtı ilə bu ağacın altında oturub
çay içdiyimiz zaman çiynimə salınmış
atamın pencəyi kimi.
lll
Hə... İndi Süleyman qapıdan
çıxarkən dediyi “o taylı-bu taylı bu boyda millət
dərdi, vətən ağrısı bu boyda arıq
vücuda necə sığırmış” sözləri mənə
vaxtı ilə Lənkəranda eşitdiyim “Şəbi-hicran”ı
yazan adam gərək arıq adam olsun, Şəbi-hicranı bəlasını
öz daxilində yerləşdirsin, yerləşdirə
bilsin. Bu isə elə bir bəladır ki, hər kimin daxilində
yerləşsə, onu şam kimi əridəcəkdir. Və
o adam da şam kimi əriyib yanacaqdır ki bunu yaza bilsin.
Şam kimi əriyib yanmasan, bunu yaza bilməzsən” sözlərini
xatırlatdı.
Minsk, 2012-ci il
İsfəndiyar
Vahabzadə
525-ci qəzet.-
2012.- 4 avqust.- S.24-25.