Plüralizmmüasir media: reallıqlara və perspektivlərə baxış

 

PROFESSOR CAHANGİR MƏMMƏDLİ İLƏ SÖHBƏT

 

 Sevinc MÜRVƏTQIZI

 

 (Əvvəli ötən saylarımızda)

 

– Bu gün əslində ən çox məlumat verən, dərinlərə girən və informasiyanı yerin tərkindən çıxaran qəzetlərdir. Onlayn jurnalistikası nə qədər oxunaqlı olsa da, istifadəçilərinin sayı nə qədər artsa da, qəzetin oxucusunun sayına çata bilməz. Çünki qəzeti oxumaq asandır. Qəzet dizin üstündə noutbuk tələb eləmir. Telefonda gözünü zilləyib kiçik hərflərlə məlumat oxumağa məcbur olmursan. Ona görə də hələlik qəzet jurnalistikasında informasiya daha çoxdur. Ancaq qəzet jurnalistikasında dəqiqliyə, qərəzsizliyə riayət etmək yavaş-yavaş azalır. Ötən əsrin 90-cı illərinin ortalarında buna çox əməl olunurdu, indi isə artıq bu məsələyə az riayət edilir. Hər bir mətbuat orqanına, telekanala qiymət verərkən onun informasiya siyasətinə də diqqət eləmək lazımdır. Məsələn, müxalifət qəzetlərinin informasiya siyasəti hakimiyyətə narazı qüvvələrə ünvanlanır. Buna da təəccüblənmək lazım deyil. Onların işi budur. İqtidar qəzetləri də hakim partiyanın ideologiyasını həyata keçirmək, Azərbaycan dövlətinin təməl prinsiplərini qorumaqla məşğuldur. Bu cür qəzetlər olmasa, ölkədə böyük bir xaos əmələ gələr. Bunu başa düşmək istəməyənlər də var. Təəssüf ki, Azərbaycanda hətta ərəb baharını arzulayan qüvvələr, mətbuat işçiləri var. Bu, vətəndən və vətəndaşlıqdan çox-çox uzaq olan bir şeydir. Mən buna son dərəcə narahat oluram. Hər şey ölkənin içərisində həll olunmalıdır. Mən xaricdən heç bir qüvvənin Azərbaycana təsirini qəti şəkildə istəmirəm. Bu, oxucularımızdan üzr istəyirəm, öz ailəsini idarə eləyə bilməyən adamın kiməsə müraciət eləməsinə oxşayan bir situasiyadır. Kiminsə diqtəsi ilə heç nə eləmək olmaz, neyləyiriksə, özümüz eləməliyik. Azərbaycan dövləti və dövlətçiliyi də buna xidmət göstərir və kimsənin narahatlığı yoxdur.

– Qəzet və televiziyanın elektron KİV-ə  uduzduğunu deyənlərin sayı çoxalır. Hətta bəziləri lap irəli gedərək yaxın gələcəkdə qəzet erasının bitəcəyini proqnozlaşdırırlar...

– Hələlik, yox. Mən bu fikirlərlə razılaşmıram. Ola bilər ki, qəzet yavaş-yavaş uduzmağa doğru gedir, amma televiziya yox. Qəzetlər uduzmaq anını görən kimi, tamamilə uduzanda keçəcək elektron varianta. Onlayn jurnalistikadan danışanda qeyd eləmək lazımdır ki, elektron informasiya vasitələri sistemində fəaliyyət göstərən portallar, saytlar çox müstəqildirlər, bu baxımdan daha çox aktuallıq kəsb edir və hamını maraqlandırır.

Sualınızın ikinci tərəfinə gəlincə, mənim fikrimcə, qəzet həmişə öz yerini qoruyub saxlayacaq. Qəzetə meyilli adam olduğuma görə belə düşünmürəm. Ona görə ki, qəzet çox asan bir şeydir. Qəzet çox praktikdir, onu saxlaya bilirsən, dostuna ötürürsən, tələbələrinə verirsən və sair. Qəzetdə hansısa bir yazın çıxanda cəmiyyətdə tez əks-səda doğurur. Amma internetdə belə bir imkanlar yoxdur. Ölkənin hər yerində tamamilə internet imkanları olanda da zənnimcə, qəzet aktuallığını saxlayacaq.  Amma bu günlərdə bir informasiya aldım. “Vaşinqton Post” qəzeti elan edib ki, 2 ya 3 ildən sonra çap versiyasını dayandıracaq. Açığı, belə bir xəbər məni narahat elədi. Fikirləşirəm ki, “Vaşinqton Post” kimi transnasional qəzet tamamilə elektron versiyaya keçərsə, onda optimistlərin vəziyyəti ağırlaşır. Prinsipcə qəzet ola bilsin ki, bizim kimi ölkələrdə hələ uzun müddət aktuallığını saxlayacaq. Azərbaycan cəmiyyəti sürətlə noutbuklaşsa da, bizim adamlar ən yeni texnikanı təxminən 20-30 ilə tam qəbul edir. Məsələn, bizdə yeni olan nələrinsə qəbulu ilə bağlı bir məsələni misal çəkim. O vaxtlar jurnalistlərlə bağlı bilirsiniz necə müzakirələr keçirilirdi? Jurnalist cins şalvar geyinə bilərmi? Təsəvvür edirsinizmi, dünyanın belə vaxtları vardı...Sonra razılaşdılar ki, bəli, jurnalistlər cins şalvar geyinə bilər, çünki bəzən vaqondan tullanmalı olurlar, çəpər aşmalı olurlar və sair. Yeniliklər nə qədər ləngisə də, gələcək. Gələcək  onlayn jurnalistikasınındır. Güman edirəm ki, onlayn jurnalistika qanunla tənzimlənsə yaxşıdır. Çünki bəzən internetdə elə informasiyalar yayırlar ki, doğrudan da çox ciddi narahatlığa səbəb olur. Faktlar bunu göstərir. Bir vətəndaş kimi narahatlığım var ki, internet jurnalistikasını da bu qədər sərbəst buraxmaq olmaz. Qanun çərçivəsində hər şey tənzimlənsə yaxşıdır. Onlar da müəyyənləşdirərlər ki, qanun çərçivəsində bunlar hansı informasiyadan imtina edə bilərlər, hansını sayta qoya bilərlər. Amma indiki halda onlayn jurnalistika ideal vəziyyətdə azad jurnalistikadır.

– Bu gün insanlar sosial mediada- sosial şəbəkələrdə özlərini daha aydın ifadə edirlər, hadisələrə daha aktiv və operativ reaksiya verirlər...

– Doğrudur. Sosial mediada insanlar öz fikirlərini, düşüncələrini istədikləri kimi ifadə edə bilirlər. Burada o qədər müxtəliflik olur ki, onların içərisindən nəsə seçmək olur. Amma bir cəhət də var ki, müxtəliflik həddən artıq çoxdur, lazımlı nəsə seçmək çətinləşir. Bir məqamı deyim, bəlkə oxucularımıza da təəccüblü görünər. Azərbaycanda bir televiziyanın mövcud olduğu vaxtda mənim aldığım informasiya bəlkə də indi saytlardan, qəzetlərdən və telekanallardan aldığım informasiyadan çox idi. İndi bu qədər informasiya bolluğunda sanki xəbər tapmırsan. Vaxtilə kinoteatrda bir filmə baxıb 10 gün onu müzakirə edərdik. İndi telekanallarda bir filmə baxırlar, reklam fasiləsində çevirib o birisinə baxırlar. Tamamilə məzmunsuz bir dünya meydana gəlib. Bu da sosial şəbəkələrə oxşayır, bu tipli şeydir. İnformasiya çoxdur, amma onun içindən bizə seçməyi diqtə edən bir məqam yoxdur. Bu mənada sosial mediaya marağım azdır.

– Niyə sosial şəbəkələrdə bizim insanlarımız plüralist fikirlərini, azad düşüncələrini daha çox gizli adlarla-niklərlə verməyə meyillidirlər?

– Birinci səbəb budur ki, biz hələ söz azadlığına tam öyrəşməmişik. O vaxtlar sovet hökuməti hələ dağılmamışdı, hələ bu barədə sadəcə söz-söhbət dolaşırdı. Qorbaçovun yenidənqurma prosesi başlamışdı, demokratiya sözü çox hallanırdı. Onda belə bir lətifə çıxmışdı; biri tanışına zəng edir ki, “Pravda” qəzetinin baş məqaləsini oxumusanmı? Müsahibi yox deyir. Məqalə haqqında danışan deyir ki, telefonla demək istəmirəm, gəlim, danışaram. Təsəvvür edin ki, insan qəzet səhifəsində çıxan yazını telefonda deməyə narahatlıq keçirir. Görün, biz sovet dönəmində senzuradan, qadağalardan o qədər qorxmuşuq ki, bu hələ də zehnimizdən, düşüncəmizdən çıxmır. Cavan nəsil məni əvəz edəndən, o demokratizimin, plüralizmin adını dəqiq ifadə edəndən sonra həqiqi söz azadlığından ehtiyat etməyəcəyik. Amma insanın, xüsusilə də jurnalistin içində bir senzura olmalıdır. O vicdan senzurasıdır. Vicdan prinsipi ilə yaşayan insan vicdansız informasiyanı saytına, qəzetinə, sosial şəbəkəyə qoymaz. Hazırda bir qrup tamamilə radikal şəkildə nə istəsə onu eləmək arzusundadır, bir qrup da qorxur nələrdənsə. Hələlik ehtiyat edənlərin sayı daha artıqdır, ona görə də harasa bir şərh də yazanda adlarını bildirməyə ehtiyat edirlər. Sosial şəbəkələr bəlkə də gənclərin tanışlığa, bir-birilə ünsiyyət qurmağına kömək edir. Amma oradakı çoxluqdan bəhrələnmək çətindir.

–Yeri gəlmişkən, hansısa sosial şəbəkədə təmsil olunursunuz?

– Yox, heç bir sosial şəbəkədə yoxam. Mənim sosial şəbəkəm tələbələrimdir. Əgər mənim auditoriyam olmasa dərd çəkib ölərəm. Tələbələrim mənim həyatımdır. Bir gün dərsə girməyəndə elə bil nəsə itirirəm. Onlarla mən çox sərbəstəm. Jurnalistika fakültəsində metodiki şuranın sədriyəm. Müəllimlərdən tələb eləyirəm ki, metodikaya əməl eləsinlər. Amma auditoriyada qapını bağlayıb dərsə başlayandan sonra mənim öz metodikam var. Tamamilə öz istədiyim şəkildə dərs keçirəm.

 

(Ardı var)

 

 

525- ci qəzet.-2012.-3 avqust.-S.4.