Geriyə bax, dost!
Bilirəm
yazımın başlığı ünlü
yazıçımız İ. Əfəndiyevin
məşhur əsərinin adını yada salır. Sadəcə,
oradakı “qoca” sözünü “dost”la əvəzləmişəm.
Fikirləşdim ki, mətbuatımızın cəfakeş
veteranı, ağsaqqalı mənasında nəzərdə
tutulsa da, bu “qoca” sözü Telman Qarayevin xoşuna gəlməyəcək.
Ümumiyyətlə,
bu insanın qiymətləndirmə ölçüləri,
meyarı çox sərtdir. Hər şeyi bəyənən
deyil, xüsusilə də yaradıcılıqda, jurnalistika
sahəsində. Birinci növbədə də özünə
qarşı belə “zalım” olub. Məlum məsələdir
ki, yaradıcılıq işi
normallaşdırılmayan, vaxt- vədə
çərçivəsinə sığmayan, necə deyərlər,
səllimi bir fəaliyyət sahəsidir.
Adlı- sanlı qələm sahibi,
respublikanın əməkdar jurnalisti Telman Qarayev
üçünsə, bu fəaliyyət
mübaliğəsiz- filansız günün
24 saatını əhatə eləyib. Odur
ki, bu mətbuat fədaisi təkcə çoxlarında olmayan istedadı ilə seçilməyib, həm
də çoxlarında çatışmayan enerjisi,
məsuliyyəti, qəzetçiliyin, efirin
və ekranın fəhləliyi üçün
əldən- ayaqdan getməsi ilə
tanınıb. Bəli, o Azərbaycan
televiziyasında, eləcə də radiosunda
baş redaktor işləyib,
başqa vəzifələrdə
çalışıb. Amma heç vaxt ənənəvi
iş rejimindən və obrazından
çıxmayıb. Onu nə vaxt, harada axtarıblarsa, montaj otaqlarında, səsyazma studiyasında, mikrofon önündə, ya
da tozlu lentlərin
arasında tapıblar. Neçə illər qabaq
radioda canlı yayıma start
verilirdi. Bir qurum yaratmaq lazım idi ki, bu məsuliyyətli
prosesə səmərəli nəzarət eləsin. Qonorarın, muzdun olmaması öz yerində, bu işin altına girən kəs əlavə nə
qədər vaxtının itirilməsi, çoxlu
əziyyət çəkəcəyi ilə də
razılaşmalıydı. Telman Qarayev təkbaşına bütün
ağırlığı üzərinə götürdü.
Belə məqamlarda ona gülənlər
də olurdu, “fanatik”
deyənlər də. Amma bu
ikincilər tamamilə haqlıydılar. Telman
müəllim həqiqətən həmişə efirin əsiri- yesiri, dəli-
divanəsi olub. Son zamanlar gözlərinin biri
xeyli zəifləmişdi, ağrılar da vardı. Həkimlər deyirdilər ki, tezliklə müalicə olunmasa,
tutulacaq və az vaxtda o biri
göz də sıradan çıxacaq. Bütün
tənələrə, təkidlərə baxmayaraq
onu qısa müddətə də olsa, efirdən aralamaq mümkün olmadı. Müxtəlif bəhanələrlə
günü- günə satırdı.Əslində
isə neçə illər ərzində dişlə-
dırnaqla yerinə oturtduğu, böyük dinləyici auditoriyası
qazandırdığı verilişlərin səviyyəsinin
aşağı düşəcəyindən qorxurdu.
Başçılıq elədiyi redaksiyanın
əməkdaşlarında cavanları, təcrübəsizləri
vardı. İşi
yarıtmayacaqlarından ehtiyatlanırdı. Beləcə,
gözündən keçdi, adından, nüfuzundan, həyatının mənasına
çevrilən efirin mənafeyindən
keçmədi.
Telman
Qarayev SSRİ dönəmində uzaq Şərqdən,
Vladivastokdan üzü bəri ən çox ezamiyyətlərdə
olan jurnalist, radio işçisidir. İgid Azərbaycan
oğlu Tofiq Abbasovun sorağı ilə Damansk adasına gedib
çıxmışdı. Baykal- Amur magistralına yollanan həmvətənlərimizin
işi- gücü, güzəranı ilə yerində
tanış olmaq istəyi ilə ağır səsyazan aparat
çiynində Sibiri dolaşmışdı. Onun qiymətli
səs arxivinə baxanda çox mətləblər aydın
olur. Burada Ü. Hacıbəyli, T. Xrennikov, D.
Şostakoviç, Q. Qarayev, F. Əmirov, Niyazi, R. Behbudov, M.
Maqomayev, L. Zıkina, R. Pauls, V. Kikabidze kimi korifeylərin, məşhur
insanların səsini- müsahibəsini, xalq üçün
gərəkli sadə adamların, əsgərlərin,
döyüşçülərin ürək
çırpıntılarını görərsən, amma
bir zamanlar dəbdə olan kolxoz sədrlərinin, sovxoz
direktorlarının, hansısa təsadüfi idarə
müdirinin çıxışına rast gəlməzsən.
O,
heç vaxt, heç yerdə, heç şəraitdə
öz əqidəsinə, yaradıcılıq prinsiplərinə
zidd getməyib. Ürəyinə, ruhuna yatmayan mövzulardan kənar
dolanıb. Müharibə gedən vaxt radiodan böyük bir
yaradıcı qrup cəbhə bölgəsinə ezam
olunmuşdu. Qrupda incəsənət ustaları da vardı.
İlk görüşümüz hərbi hissədə
baş tutdu. Konsertlə gecəyə qədər davam elədi.
Axşam rayon rəhbərliyi təklifini bildirdi ki,
bütün təşkilatların fəaliyyətini əks elətdirən
radio verilişləri hazırlansın, heç kəsin əməyi
diqqətdən kənarda qalmasın. Bölgü
aparıldı, jurnalistlərdən biri tikinti idarəsindən,
digəri emal müəssisəsindən, başqası polisdən
və s. yazmaq istədiklərini bildirdilər. Növbə
Telman Qarayevə çatdı. “Gündüzkü
görüşdə bir iki əsgər qaralamışam”-
dedi. “Yaxşı səsi olanı, kamança çalanı,
başqa istedad sahibi var. Deyirlər hələ bu cür
neçəsi də səngərdə, postdadı. Onları
bir yerə yığıb bir veriliş eləyəcəm”.
Elədi də. Həmin döyüşçülərdən
sağ qalanlar sonralar da Telman müəllimlə əlaqə
saxlayırdılar, indi də ünsiyyətləri var. Başqa
misal. Məktublar şöbəsi bizim redaksiyaya tabe idi.
Çoxlu şikayətlər də alırdıq. Və
bunları aidiyyəti üzrə cavabdeh yuxarı təşkilatlara
göndərirdik. Biləsuvardan bir ana dönə- dönə
yazırdı ki, polis onun oğlunun ölümü ilə
bağlı işi düzgün araşdırmır. Rayon
prokuroru hər ikimizin tanışı idi. Telman müəllim
təklif elədi ki, gəl gedək, bəlkə yazıq
qadına bir köməyimiz dəydi. Rayona çatanda
gördüm ki, ayağını sürüyür, “bilirsən
ki, o qapılar mənlik deyil”- dedi. “Tanışımızdan
mənim də adımdan xahiş elə, bu işi bir daha nəzarətə
götürsün, qoy o qadın da bilsin ki, biz laqeyd
qalmamışıq. Mən də gedim uşaq incəsənət
məktəbinə, görüm yerli istedadlardan nə yaza
bilirəm.”
Gözəl atalar sözü var “İgid odur atdan düşə,
atlana”. Telman Qarayev də
bir jurnalist kimi həmişə süvar olub. 20 Yanvar gecəsi
hamı başını
itirib neylədiyini bilməyəndə o gülləboranı,
qışqırtıları, insanların etiraz səslərini diktafona yazmış, gecənin bütün mənzərəsini
lentə almış,
səhərisi hazır
verilişlə işə
gəlmişdi. O vaxtdan
həmin proqram 20 Yanvarla bağlı material
hazırlayanlar üçün
bir istinadgah, qiymətli mənbədir və “ qızıl
fondda” saxlanılır.
Ümumiyyətlə isə, bu əvəzsiz səs saxlancında onun saya gəlməyən verilişləri qorunur ki, hər biri
öz məzmunu, dəyəri ilə əvəzsizdir və bunları vaxtaşırı
efirdən dinləyirik.
Dünya
işığından məhrum
olması da Telman müəllimin qələmini əlində
ala bilməyib. Yaradıcılığının formasını dəyişib.
Bəlkə bu da taleyin məsləhətidir
ki, daim irəli baxan, yeni planlarla nəfəs alan
bu insan, nəhayət, bir qədər geriyə boylansın, 50 ildən artıq bir dövrdə yazdıqlarını
sistemləşdirsin, arxivinin
qaranlığından çıxarıb
toplu halında ictimaiyyətin ixtiyarına
versin. Telman Qarayevin son illərdəki
heç nə ilə ölçülə
bilməyən zəhməti,
inadkarlığı nəticəsində
üç böyük
sanballı kitab ərsəyə gəlib və biri ötən
il işıq
üzü görərək
rəğbət və
məhəbbətlə qarşılanıb.
O biriləri də çap ərəfəsindədir.
Avqustun 2-i ustad
qələm sahibinin
ad günüdür. Bu ərəfədə xatırlamalar,
təbriklər, ünvanına
deyilən xoş ürək sözləri çox olacaq. Özü həmişə belə tədbirlərin önündə
gedib. İnsanların dəyərini, xidmətini
cəmiyyətə tanıdıb,
könlünü şad
eləyib.
İndi isə bunları
qəbul eləməyə
alışmaq lazımdır.
Ən azı ona görə
ki, bu onun
halal haqqıdır.
Bəxtiyar Bəxtiyarov
525- ci qəzet.-2012.-2 avqust.-S.4.