Türkiyəli qonaqlar “525”də olublar
QARDAŞ ÖLKƏ NÜMAYƏNDƏLƏRİ
AZƏRBAYCANLA BAĞLI HƏYATA KEÇİRMƏK İSTƏDİKLƏRİ
LAYİHƏ HAQQINDA GENİŞ MƏLUMAT VERİBLƏR
Ötən
gün Yalova bələdiyyə sədrinin məsləhətçisi
Şəmsəddin Şəkər, Türkiyənin ölkəmizdəki
səfirliyinin mədəniyyət və tanıtma
müşaviri Seyid Əhməd Arslan, sənət
tarixçisi Asiyə Karabulud və memar Aydın
Avcının təmsil olunduğu nümayəndə heyəti
redaksiyamızın qonağı olub. Qonaqlar müsahibələrində
Azərbaycana gəlişlərinin məqsədini
açıqlayıblar. Türkiyəli nümayəndələr
həyata keçirmək istədikləri mühüm bir
layihənin təfərrüatlarını qəzetimizin
oxucuları ilə bölüşüblər.
Şəmsəddin
Şəkər Azərbaycanda
olduqları üç gün ərzində muzeyləri, mədəniyyət
mərkəzlərini gəzdiklərini qeyd edib: “Bu günlər
ərzində ədəbi fəaliyyətləri, qəzetləri
izlədik. Azərbaycandakı səfirliyimizin
mədəniyyət attaşeliyi ilə birgə təmsil
etdiyimiz vilayətlə bağlı həyata keçirəcəyimiz
bir layihə səbəbindən buradayıq. Yalova bələdiyyəsi
olaraq “Türk Dünyası Şairlər Otağı” adı
ilə indiyədək yaşayıb-yaratmış
böyük türk şairlərindən 40 nəfəri
özündə ehtiva edən bir muzey yaratmağı
qarşımıza məqsəd qoymuşuq. Azərbaycandan da
4 böyük istiqlal şairinin – Hüseyn Cavid, Əhməd
Cavad, Bəxtiyar Vahabzadə və Məhəmmədhüseyn
Şəhriyarın həyat və
yaradıcılığını türkiyəli gənclərə
və turistlərə sərgiləmək istəyirik. Arzu
edirik ki, türk yeniyetmə və gəncləri Azərbaycanın
böyük şairlərini tanısınlar. Bununla
bağlı səfərimiz çərçivəsində
Azərbaycanda mədəniyyət və turizm nazirliyinin rəsmi
şəxsləri ilə görüşlər
keçirmişik, adı
çəkilən şairlərimizin ev muzeyləri ilə əlaqə
saxlamışıq, lazımi məlumatları
almışıq. Layihənin həyata keçməsi ilə
bağlı Azərbaycanda məsələyə aidiyyəti
olan insanlarla və qurumlarla görüşlər
keçirmişik. Bu görüşlərdən çox məmnun
olduq. Çünki hansı qapıya getdiksə, gülər
üzlə, qardaşcasına münasibətlə
qarşılaşdıq və azərbaycanlı şairlərin
Türkiyədə tanıdılmasından hər kəsin xoşbəxtlik
hissi keçirdiyinin şahidi olduq. Buna görə
bütün Azərbaycan xalqına, onun dəyərli
ziyalılarına təşəkkür edirəm”. Sözügedən
ideyanın yaranmasından danışan Ş. Şəkər
bunun bir zərurət səbəbindən meydana gəldiyini
açıqlayıb: “ Türk dünyasında belə bir
layihənin olmadığını gördük. Türk
xalqlarının bir-birilərinin ziyalılarını tam mənası
ilə tanımadıqlarını gördükdən sonra belə
bir orijinal layihəni Yalova bələdiyyəsi
olaraq gerçəkləşdirməyə qərar verdik.
Yeganə məqsədimiz türk dünyasının
ziyalılarını, böyük mütəfəkkirlərini
bir-birimizə tanıtmaqdır. İstəyirik ki, hansısa
türk balası bu muzeyə girəndə orada Azərbaycandakı
Bəxtiyar Vahabzadə ilə Türkiyədəki Məhmət
Akif arasında bir fərq olmadığını
görsün və ya Abayı tanısın, bir
qırğız dastanını öyrənsin, Kərkükdən
məlumatı olsun. Bütün türk dünyasında
artıq yüzillərdir uzaqlaşan mədəniyyət tellərini
yaxınlaşmasını, eyni bir millətin övladları
olduğumuzu ən azından Türkiyədəki türklərin
bilməsini istəyirik. İnşallah, 2013-cü ilin sonuna qədər
layihəni yekunlaşdırmaq istəyirik. Türk
Dünyası Şairlər Otağı Muzeyi türk
dünyası tarixində bir ilk olacaq. Muzeydə müstəqil
türk dövlətlərindən
Azərbaycan, Türkmənistan,
Qırğızıstan, Özbəkistan, Qazaxıstan
şairləri ilə yanaşı
dövlət olaraq mövcud olmayan türk
xalqlarının-başqırdlar, tatarlar, kərküklər
şairləri ilə təmsil olunacaq. Bolqarıstan,
Yunanıstan və Makedoniyadan olan türklərin şairlərindən
nümayəndələr də olacaq. Burada xalqın dövlətinin
olub-olmaması əhəmiyyətli faktor deyil, onların mədəniyyət
və ədəbiyyat tarixinə bəxş etdikləri
töhfələr, türk dünyasına xidmətləri əsas
götürülür. İstiqlal şairləri, türk
dünyasını bir-birinə ən çox
yaxınlaşdıran, həyatlarını buna həsr edən
söz adamları haqqında məlumatlar yer alacaq. Muzeydə
40 şairlə bağlı nə varsa- kitablar, proşürlər,
filmlər, fotolar və sair sərgilənəcək. Həm də
mövzularla bağlı sənədli filmlərin çəkilişi
də nəzərdə tutulur”.
Layihədə
hələlik məhz 40 şairin yer almasını Ş.
Şəkər bunun uğur gətirəcəyinə
inanmaları ilə əlaqələndirib: “Türklərdə
tarix boyunca qırx sayı uğurlu olub. Bizim
dastanlarımızda, məsələn “Kitabi-Dədə
Qorqud”da qırx araba ilə gedirlər,
nağıllarımızdakı qırxıncı qapı və
sair. İslam dönəmində biz bunu qırx birə
çıxardıq və “qırx bir kərə maşallah”
dedik. Hələ ki, bu qüdsi rəqəmi gerçəkləşdirməyi,
sonra bütün türk dünyası ziyalılarının
birgə dəstəyi ilə bu sayı 1001-ə
çatdırmağı düşünürük və beləliklə
də bütün türk dünyasının şair,
yazıçı və mütəfəkkirlərinin fəaliyyətini
sərgiləmiş olarıq. Layihənin Yalovadakı
adıçəkilən muzeylə bağlı hissəsi bələdiyyəmizin,
başqa ölkələrə aid hissəsi isə həmin
ölkələrə etdiyimiz rəsmi müraciətlər əsasında
hər bölgənin öz maliyyə yardımı ilə
gerçəkləşdiriləcək. Sonra təmsil olunan
ölkələrin hər birindən rəsmi nümayəndələr
dəvət edilməklə türk dünyası qurultayı
ilə muzeyin açılışı reallaşacaq”. Azərbaycana,
Bakıya ilk gəlişinin olduğunu bildirən həmsöhbətim
dolğun təəssürat aldığını qeyd edib: “Həmişə
xəyallarımda yaşatdığım bir səfər həyata
keçib. Belə bir xeyirli vəsilə ilə gəlmək
qismətimizdə olduğu üçün çox xoşbəxtəm.
Hələ uşaqlığımdan zehnimdə Azərbaycan
vardı – öz layiqli, tanınmış övladları ilə.
İndi də onların sırasına Rəşad Məcid
kimi, Azər bəy kimi ziyalılar əlavə olundu. Bundan
çox məmnun oldum. Bakı par-par yanan, xəyallarımdakından da gözəl
bir şəhərdir. Şəhər olaraq da çox
inkişaf etmiş bir məkandır. Bakı Allahın sevərək
yaratdığı şəhərlərdəndir. Qədrini-qiymətini
bilmək lazımdır”.
Layihədə
orijinal iç dizaynı ilə məşğul olacaq sənət
tarixçisi Asiyə Karabulud hələ
peşə həyatının əvvəlində olduğunu
və belə böyük, bütün türk
dünyasının marağına səbəb olacaq bir layihədə
yer aldığına görə özünü xoşbəxt
hiss elədiyinin vurğulayıb: “Çünki eləyəcəyimiz
iş həm Türkiyədə, həm də türk
dünyasında bir ilk olacaq. Mükəmməl bir işlə
türk dünyasının qarşısına çıxmaq
üçün qrup olaraq hamımız səfərbər
olmuşuq. İnanıram ki, hər şey alınacaq. Muzeydə
qırx şairdən başqa böyük bir kitabxana da
yaratmağı planlaşdırırıq.
Memarlığı, daxili quruluşu ilə fərqli bir iş
ortaya qoymaq istəyirik”. Layihənin peşə həyatında
ilk işi olması səbəbindən çox həyəcanlandığını
bildirən A. Karabulud vilayətin bələdiyyə sədri
Yaqub bəyin də bu layihəyə böyük önəm
verdiyini deyib. Bu mənada üzərlərinə böyük
bir məsuliyyət düşdüyünü, amma öhdəsindən
gələcəklərinə əminliyini ifadə etdi.
Yalovanın Türkiyənin göz bəbəyi olan
İstanbul, Kocaeli və Bursanın qonşuluğunda,
yaşıllıqlar və dəniz arasında gözəl
turistik bir ortamda yerləşdiyini vurğulayan A. Karabulud
muzeyin bölgəyə daha böyük turist axını cəlb
edəcəyinə inandığını bildirib. Azərbaycana
ilk dəfə gəldiyini, Bakının çox sadə və
şıq bir şəhər olduğunu deyən A. Karabulud
buradakı görüşlərdə hər kəsin
onları sevgi və hörmətlə
qarşıladığını söyləyib.
Layihənin
memarlarından Aydın Avcı bu layihədə
iştirakından məmnunluğunu diqqətə
çatdırıb. A. Avcı layihənin memarlıq və
inşaat işlərinin ona aid olacağını, bu məsuliyyətli
işin öhdəsindən layiqincə gələcəyinə
inandığını qeyd edib. A. Avcı müsahibəsində
Azərbaycanı çox bəyəndiyini, indiyədək
Bakıya gəlməməsindən
peşmanlığını nəzərə
çatdırıb.
Türkiyənin
Azərbaycandakı səfirliyinin mədəniyyət və
tanıtma müşaviri Seyit Əhməd Arslan söhbətimizdə
hər iki ölkə arasında sağlam bir ünsiyyət
qurmağın səfirlik olaraq başlıca vəzifələri
olduğunu vurğulayaraq bu layihədən irəli gələn
işləri görmək üçün Azərbaycanda zəmin
hazırladıqlarını bildirib. Layihə ilə
bağlı Hüseyn Cavidin ev muzeyində, Nizami Gəncəvi
adına Ədəbiyyat Muzeyində olduqlarını, muzeyin
direktoru Rafael Hüseynovla səmimi
bir görüşün alındığını, mədəniyyət
və turizm nazirliyində aiddiyyəti olan şəxslərlə
görüşdüklərini, lazımi dəstəyi
aldıqlarını söhbətində önə çəkib.
Bu layihə haqqında öyrəndikdə Azərbaycan tərəfi
də çox xoşbəxt və məmnun oldu. Biz də bu məsələdə
vasitəçi olmağımızdan çox sevinirik. Yalova
coğrafi olaraq çox gözəl bir bölgədir və hər
il ulduzu daha çox parlayan vilayətlərimizdəndir. Turizm potensialı yüksəkdir,
xüsusilə də termal turizm çox
inkişaf edib. Burada universitetin
olması da bölgənin araşdırma
qaynağına çevrilməsinə
zəmin yaradır.
İnanıram ki, Türk Dünyası Şairlər
Otağı Muzeyi araşdırmaçı alimlər,
tələbələr və
şəhərə gələn
qonaqlar üçün
əhəmiyyətli bir
mərkəzə çevriləcək
və mədəniyyətimizə
böyük töhfələr
verəcək. İnsan xarici
ölkələrə getdikdə
baş çəkəcəyi
yerlərin siyahısını
tərtib edir. İnanıram ki, bu muzey həmin siyahıda layiqli yerini alacaq.
S.MÜRVƏTQIZI
525-ci qəzet.-2012.-3
avqust.-S.2.