“Gələcəkdə bu kitablardan tarixi mənbə kimi istifadə edəcəklər”

 

Bütün zamanlar boyu tarixə, dövrlərin mədəni və mənəvi abidələrinə, zamanın yetişdirdiyi şəxsiyyət və tarixi soykökə, adət – ənənələrə müəyyən nöqtələrdən incələmələr, təhlil və araşdırmalar mövcud olmuş, tədqiqatlar aparılmışdır. Tarixi keçmişin ədəbiyyata verdiyi töhfələr qədər, ədəbiyyatın da keçmişə töhfələri böyük və misilsiz olmuşdur. Bu baxımdan elmi nöqtədən aparılan araşdırmalar, tədqiqatlar müxtəlif dövrlərdə olduğu kimi davam etdirilməkdədir. Tarixin öyrənilməsi nə qədər zəruri əhəmiyyətə malik olsa da, bir o qədər də xalqın milli oyanış ruhunda daim ucalmasına xidmət etməkdədir. Bununla belə tədqiqat obyekti olan tarix və onun yetişdirdiyi dahi mütəfəkkirləri elmə bədiilik gətirilməklə öyrənilməsi işini davam etdirən şəxsiyyətlər fonunda müasir dövrümüzdə bu işi davam etdirən yaradıcı elm adamı kimi Rafael Hüseynovun adını qeyd etmək yerinə düşər. 2012 – ci ildə görkəmli ədəbiyyatşünas, tanınmış ictimai – siyasi xadim, yazıçı, publisist, tərcüməçi, mətnşünas, AMEA – nın müxbir üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, millət vəkili, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Filologiya elmləri doktoru, professor Rafael Hüseynovun tarixi araşdırmalar mövzusunda ədəbi və bədii incəliklərlə müəllifi olduğu və nəşr etdridiyi silsilə kitabları barədə söhbəti diqqətinizə çatdırmaq istəyirik.

– Rafael müəllim, heç kəsə sirr deyil ki, siz ictimai – siyasi xadim olmaqdan öncə ədəbiyyata, musiqiyə, ümumiyyətlə tarixi mədəniyyətə bağlı insansınız. Bir qədər yeni nəşrləriniz, oxucularınıza təqdim edəcəyiniz kitablar haqda söz açardınız.

– Görüləsi işlər həmişə çoxdur, təəssüf ki, niyyətlərin hamısını gerçəkləşdirməyə vaxt darlığı imkan vermir. Hər halda artıq yarısını arxada qoyduğumuz 2012-ci ildə bir neçə kitabımın işıq üzü görməsinə nail olmuşuq. Bu kitabların hər biri Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, tarixinin müxtəlif dəyərli şəxsiyyətlərini və çeşidli mühüm hadisələrini əks etdirir. Həmin kitablar silsiləsindən birincisi “Şirvan şairləri” adlanır. Bu kitabda Azərbaycanın orta əsrlərdən başlamış 20-ci əsrə qədər müxtəlif bölgələrində mövcud olmuş ədəbi məktəblər və ədəbi məclislər haqqında məlumat verilir.

Azərbaycanda ədəbi məclislər həmişə mövcud olmuşdur. Yurdumuzda bütöv bir Azərbaycan ədəbiyyatı olmaqla yanaşı, ədəbiyyatımızın ayrı-ayrı şəhərlərdə formalaşan mədəni mərkəzləri ətrafında müəyyən musiqi, ədəbi yığıncaqlar daimi fəaliyyət göstərmişdir. Həm də bu mərkəzlərin hər birində müəyyən üslub, ifadə tərzi özünəməxsusluğu hər zaman duyulmuşdur. Orta əsrlərdə Təbrizdə, Ərdəbildə, Xoyda, Marağada, Beyləqanda, Gəncədə, Şirvanda, Abşeronda ədəbi mərkəzlər olmuş və həmin mərkəzlərdə o dövrün çox böyük şairləri, mədəniyyət, elm xadimləri yetişmişlər. Lakin bu ədəbi məclislərin bütün tarix içərisindəki varlığını göz önünə gətirəndə onu da müşahidə edirik ki, müəyyən əsrlərdə hansısa şəhərdə, hansısa bölgədə olan ədəbi məclislər çox fəaldır, daha bəhrəlidir, öndəgedəndir, müəyyən bir əsr içərisində isə sanki həmin ətraflarda səngimə gedir, seçkin simaların sayı da azalır. Və daha parlaq özünü göstərmə növbəsi ayrı bir şəhərdə olan məclisə çatır. Yəni elə məhsul verən torpaq kimi. Sanki təbiət, tarixin özü bu yüksəlmə, tərəqqi, parlaqlıq mərhələlərini növbələşdirir. Tutalım, XII əsrdə Gəncə, Təbriz çox fəal idi. Amma XIII əsrdə onların fəallıqları bir o qədər azalan kimi olur. Baxmayaraq ki, orada yenə ədəbi və mədəni həyat davam edir, amma birincilik, əsas mərkəz olmaq şansı başqa məkana keçir. XIII əsrdə Marağa Azərbaycanın əsas elm və ədəbiyyat mərkəzlərindən birinə çevrilir. O dövrdə Marağada Nəsrəddin Tusinin rəhbərliyi ilə Marağa Rəsədxanasının yanında Marağa elm mərkəzi fəaliyyət göstərirdi. Buraya dünyanın ən müxtəlif ölkələrindən dəvət edilmiş universal bilikli alimlər toplaşırdı. Bu baxımdan da orada ədəbiyyat və mədəniyyət çox sürətlə inkişaf edirdi. XV-XVI əsrlərdə Səfəvilər İmperiyasının güclənməsi ilə Şah İsmayılın ədəbi həyata əhəmiyyətli şəkildə təkan verməsilə bu fəallıq artır. Sözümün canı odur ki, müxtəlif dövrlərdə müxtəlif şəhərlərdə fəallıq olub. Bir dövrdə bir yerdə artıb, başqa əsrdə başqa bölgədə. Amma istisnasız olaraq bütün əsrlər içərisində daim fəal olan, heç vaxt sönməyən bir ədəbi məclis, bir ədəbi mərkəz vardır ki, o da Şirvandır. Şirvanda ədəbi həyat həmişə qaynayıb. Ona görə də “Şirvan şairləri” kitabında XII əsrdən başlayaraq XX əsrə qədər Şirvanda mövcud olmuş şairlər, mədəni həyat, o mühitin aparıcı simaları haqqında məlumat vermişik. Eyni zamanda əyanilik, kitabın cazibədarlığı üçün Azərbaycan rəssamlığında və Azərbaycan heykəltaraşlığında onillər boyu bu bölgədə yetişmiş yaradıcılara və onların əsərlərinə həsr edilmiş müxtəlif illustrasiyalar öz əksini tapmışdır. Düşünürəm ki, gələcəkdə Azərbaycanın ədəbi-mədəni məktəbləri ilə bağlı kitablarımız bir silsilə halını alsın. “Şirvan şairləri”dən sonra “Təbriz şairləri”, “Gəncə şairləri”, “Abşeron şairləri”, Azərbaycan ədəbi məclisləri və Təbriz şairləri” adında ayrıca toplular buraxmaq arzusundayıq. Eyni zamandaŞirvan şairləri” kitabı ingilis dilində də nəşr olunub və kitabın sonunda da həmin şairlərin şeirlərindən nümunələr ingiliscəyə yaxşı bədii tərcümələrdə verilib. Çünki biz Azərbaycanda onsuz da həmin şairləri gözəl tanıyırıq, amma lazımdır ki, ölkəmizdən kənarda da onları tanısınlar, bilsinlər və yetərincə məlumata sahib olaraq ədiblərimizin yaradıcılığına, bütövlükdə milli kimliyimizə aşina olsunlar.

Diqər nəşr olunan kitabım isə “Sabirin saatı” adlanır. Bu kitab böyük Azərbaycan satiriki Mirzə Ələkbər Sabirin həyat və yaradıcılğına həsr olunub. M. Ə. Sabirin 150 illiyi qeyd olunan ərəfədə, bununla bağlı müxtəlif tədqiqatlar, onun əsərlərinin nəşrləri işıq üzü görür və biz də öz töhfəmizi verməyə çalışdıq.

– Maraqlıdır, nəyə görə kitabın adını məhs “Sabirin saatı” adlandırmaq qərarına gəldiniz?

– “Sabirin saatı” iki mənada işlənilmiş bir ifadədir. Çünki Sabirin əsərlərində, ədəbi nümunələrdə onun məxsusi bir saatı, özünün müəyyən etdiyi bir zaman vardır ki, həmin Əbədi Zaman arasıkəsilməz müasirlik duyğusu ilə doludur. Eyni zamanda Sabirin də hər insan kimi dəqiq vaxtı bilmək üçün evində, cibində, qolunda saatı olub. Kitabda bir tarixi şahidliyin vasitəsiylə buna da işarə var.

Salman Mümtaz Sabir haqqında yazmış və gələcək nəsillərə çox dəyərli məlumatlar ötürmüş insanlardan biridir. O vaxtilə Şamaxıya gedərək Sabirlə görüşmək istəyir. Görüşüb və həmin görüşdən son dərəcə maraqlı bir müsahibə də yadigar qalıb. Görüş əsnasında Sabir həmişə ara-sıra saatına baxırmış. Mümtaz özlüyündə narahat olur ki, bu davranış bəlkə Sabirin görüşü tez başa vurmaq istəyindən irəli gəlir və saata baxmaqla işarə edir ki, yekunlaşdırmaq lazımdır. Amma Sabir də həssas adam idi və Salman Mümtazın narahatçılığını hiss edərək saata baxmağının səbəbini bişirdiyi sabunun vaxtını qaçırmamaq səbəbindən olduğunu dilə gətirir. Axı şeirləri ilə cəmiyyətin his-pasını təmizləmək istəyən Sabir həm də dolanışığını təmin etmək məqsədilə sabun bişirməklə məşğul olurdu.

Sabir çoxdan həyatda yoxdur. Onun ocaq üstündəki sabun qazanı ömrünü çoxdan başa vurub, ocaq da lap çoxdan sönüb, amma dahi şairin şeirlərinin ocağı sönməyib, onun saatı da işləməkdə davam edir. Bu mülahizələrlə də kitabın adı “Sabirin saatı” oldu.

– Rafael müəllim, bildiyimizə görə sizin daha 3 kitabınız son günlərdə oxuculara təqdim olunub. Bu barədə də məlumat vermənizi xahiş edirəm.

–Sonuncu 3 kitab həm iri həcmli olmaqları, həm əhatə dairələri ilə seçilirlər. Onlardan biri “Hamısı ulduz” adlanır. Musiqi tariximizin səhifələrini əks etdirir. Digəri “İmzamız” dır. Bu, sənət düşüncələrindən ibarət əsərdir. Üçüncüsü isə ölməz tarixi şəxsiyyətlərimiz, misilsiz söz ustalarımız və qədim yazılı abidələrimizdən bəhs edən “Söz Heykəli” adlı kitabdır. Bu kitabların hər biri 50 çap vərəqindən artıq tutuma malikdir. Bu kitablarda Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, ziyalılığının son min ildəki, inkişaf yolu izlənilir. Lakin əslində kitablardakı zaman layları daha intəhasızdır. Tutalım, “İmzamız” kitabında millətimizin tarixə atdığı ən mötəbər imzalardan olan Qobustandan da bəhs edilir. Qobustan qaya rəsmlərinin dünya mədəniyyətindəki yeri və Azərbaycan düşüncəsinin formalaşmasındakı əhəmiyyəti dərinlikləri ilə təhlil olunur. Lakin elə bunun ardınca əsərdə Azərbaycanın divar və kitab rəssamlığının enişli-yoxuşlu yolu, miniatürümüz və miniatürçülərimizin barəsində də bilgilər verən yazılar gəlir.

“Söz heykəli” ədəbiyyat xadimləri haqqında olan bir kitabdır. Burada XI əsrdə ömür sürmüş Qətran Təbrizi, XIII əsrdə hünərlər göstərmiş Nəsrəddin Tusi, XVI əsrdə Hindistanın idarəedicilərindən olmuş sərkərdə şair Məhəmməd Bayramxan, XVII əsrdə yeni üslub yaratmış Saib Təbrizi, XVIII əsrin övladı Şakir Şirvani, XIX əsrdə parlamış Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, XX əsrin simaları Abbas Səhhət, Seyid Hüseyn, Firudin bəy Köçərli və digər ədiblərimizin həyat, yaradıcılıq yolu araşdırılır, onlara yeni baxış bucağından yanaşılır, eyni zamanda həmin şəxsiyyətlərin həyatının bu günədək bəlli olmayan səhifələri təqdim edilir. Bu düşüncələrin hər biri uzun illərin axtarış və müşahidələri, zəngin arxiv materialları əsasında yazılmışdır.

– Rafael müəllim, “Hamısı ulduz” kitabı hardasa sizin bundan xeyli öncəki “ 1002- ci gecə” kitabının davamı kimi qəbul olunur.

–Doğru müşahidədir. Təsadüfi deyil ki, “ 1002- ci gecə” kitabındakı müəyyən materiallar da bir qədər işlənərək bu kitaba da daxil edilmişdir. Çünki “1002-ci gecə” 20 il əvvəl həmin kitab kiril əlifbası ilə nəşr edilmişdi və bu baxımdan da müasir nəslin bir çox nümayəndələri heç həmin kitabla tanış deyil. Digər tərəfdən o vaxta nisbətən indi söz demək imkanları da çoxalıb, yeni materiallar əldə edərək köhnə yazıları təkmilləşdirmək imkanımız da yaranıb. Yeni kitabda təbii ki, bir sıra başqa sənətkarlarımız haqqında ilk dəfə oxuyacağınız yazılar da var. Məsələn, Hacıbaba Hüseynov bizim böyük xanəndəmiz idi. Onun haqqında kitabda böyük yazı yer alır. Həmin yazı həm Hacıbaba Hüseynovun muğam dünyamızın klassiklərindən biri kimi, həm də şair olaraq xalqımız tərəfindən daha yaxşı tanınmasına bələdçi olacaqdır.

Amma onu da qeyd edim ki, bu silsilə davam edəcək. Mənim 4 cildlik “Axşam görüşləri” adlı kitabım da, zənnimcə, qarşıdakı 2-3 ildə işıq üzü görəcək. Orada “1002-ci gecə” də başlanmış “Hamısı ulduz”da davam edən yol daha dolğun bir şəkildə görünəcək.

– Əksər kitablarınızda nisgil, həsrət dolu, insanlarda xatirələr oyadan mövzulara yer verirsiniz. Yaradıcılıq işi insanın daxilindən gələn istək, ürəyindəki həvəs qığılcımları ilə üzə çıxır. Bunun səbəbini daxili dünyanız ilə əlaqələndirmək olarmı?

– Kitablarımda haqqında bəhs etdiyim insanların əksəriyyəti indi həyatda yoxdur. Vaxtında mən hamısının səslərini yazmışam, onların arxivində işləmişəm, məktublarını, gündəliklərini oxumuşam, əksəriyyəti ilə də dostluq etmişəm, mehriban ünsiyyətdə olmuşam. Onların bir çoxu artıq həyatda yoxdur, amma həmin xatirələrin hamısı, onların yaddaşda olan səsləri, məktubları, gündəlikləri tarixdir, sənəddir. Bu sənədlər olmasa Azərbaycan tarixi bütöv görünməz. Mən də çalışmışam ki, bu kitabların içərisində həmin işıqlı insanlar vasitəsilə tariximizin hansısa parçalarını əbədiləşdirək və elə edək ki, həm o insanlar həmişə göz önündə qalsınlar, həm də onların nuru ilə tarix içərisindəki yolumuz bugündəkilərə bir qədər də aydın görünsün.

Çünki məhz bu cür qəlpələr qovuşaraq bütöv bir tarixi formalaşdırır. Tarixi də zaman keçdikdən sonra, üstündən onillər, yüzillər ötəndən sonra dəqiq yazmaq istəyəndə məhz bu cür ilk mənbələrə ehtiyac duyulur. İndi də, gələcəkdə də. Ola bilsin ki, bu gun bu kitabları maraq xatirinə, mənəvi qida, zövq almaq üçün oxuyurlar, gələcəkdə isə bu kitablardan tarixi mənbə kimi istifadə edəcəklər.

 

 

Ceyhun ABASOV,      

ADMİU-nun 4-cü kurs tələbəsi

 

525- ci qəzet.-2012.-4 avqust.-S.8.