“Zaqatala”
qəzeti: 90 yaşın astanasında
BAŞ REDAKTOR İBRAHİM BƏXTİYAROĞLU:
“QƏZET BU İLLƏR ƏRZİNDƏ 4 DƏFƏ ƏLİFBANIN,
3 DƏFƏ İSƏ ÇAP TEXNOLOGİYALARININ DƏYİŞMƏSİLƏ
MEYDANA GƏLƏN ÇƏTİNLİKLƏRİ
YAŞAMALI OLUB”
“Zaqatala” qəzetinin taleyində elə
iftixar etməli, qürur hissi keçirməli hadisələr
var ki, bunlar barədə həyəcansız söz açmaq
olmur”. Bu fikirləri “Zaqatala” qəzetinin baş redaktoru, Əməkdar
mədəniyyət işçisi İbrahim Bəxtiyaroğlu
rəhbərlik etdiyi mətbu orqan fəaliyyəti haqqında
danışarkən bildirib. Onun sözlərinə görə,
qəzet 1923-cü ilin martında fəaliyyətə
başlayıb:
“Adı
da o dövrə uyğun gəlirdi – “Zaqatala kəntçisi”.
Rəsmi rəqəmlərə müraciət etsək görərik,
qəzetimiz o dövrdə ölkəmizdə ana dilimizdə nəşr
olunan 23 qəzetdən biri olub. Əhatə dairəsinə gəlincə
3 məkanı- Zaqatalanı, Balakəni və Qaxı əhatə
edirdi. Düz 7-8 il ərzində bölgənin ilk mətbu
orqanı kimi “Zaqatala kəntçisi” fəaliyyət göstərib.
Ötən əsrin 20-ci illərində bölgələrdə qəzet
çıxarmaq çox çətin bir iş sayılırdı. Əvvəla
ixtisaslı kadrlar yox idi. İkincisi iki səhifədən ibarət
olan və əski ərəb əlifbası ilə nəşr
olunan qəzeti hərf-hərf yığmaq, əllə
çap etmək lazım gəlirdi. O dövrdə “Zaqatala kəntçisi”nin bəxti
gətirmədi. Son araşdırmalarımıza əsasən deyə bilərik ki, qəzetin
ilk redaktoru Zəkəriyyə Balaxlinski olsa da, qəzetin ərsəyə
gəlməsində 1920-1930-cu illərdə Zaqatala qəza və
inqilab komitələrində birinci şəxs sayılan Xəlil
Ağamirovun xidmətləri az
olmayıb. Belə ki, Xəlil Ağamirov 1910-1912-ci illərdə
“Kaspi” mətbəəsində
mürəttib işləmişdi və qəzet işini
az-çox bilirdi. Zamanın tələblərinə uyğun
olaraq qəzetimiz sonralar, yəni 1923-1962-ci illərdə
“Kolxozun səsi”, “Kolxoza doğru”, “Bolşevik kolxozu
uğrunda”, 1962-1991-ci illərdə “Qırmızı bayraq” və
nəhayət 1991-ci ilin sonundan isə “Zaqatala” adları
altında fəaliyyət göstərib”.
İ.Bəxtiyaroğlunun
sözlərinə görə, “Zaqatala” qəzeti fəaliyyət
göstərdiyi 89 il ərzində 4 dəfə əlifbanın,
3 dəfə isə çap texnologiyalarının dəyişməsi
zamanı meydana gələn çətinlikləri
yaşamalı olub. O qeyd edib ki, 1962-1965-ci illərdə o
zamankı “Qırmızı bayraq” qəzeti Azərbaycan KP
MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin qəzeti kimi Balakən, Zaqatala və
Qax rayonlarının mətbu orqanı funksiyasını yerinə yetirib: “Qeyd etmək yerinə
düşər ki, hər 3 rayonun yetirmələri onilliklər
boyu Zaqatalada nəşr olunan qəzetin fəaliyyətində
yaxından iştirak edib, müxtəlif vəzifələrdə
çalışıblar. Son 50 ili nəzərə alsaq qəzetə
Nadir Əliyev, Rəcəb Rəcəbov, Əli Süleymanov,
Sevil Sadıxova, Şaban Musayev, Zenfira Nəsibova və mən,
İbrahim İbrahimov rəhbərlik
etmişik. Yerli qəzetimizdə ilk qələm təcrübələri
dərc olunan Əhməd İsayev, Hikmət Əzimov, Qurban Cəbrayıl
və çoxlu sayda qələm
sahibləri Azərbaycan mətbuatının
tanınmış nümayəndələri olublar.
Fərəhli
haldır ki, ötən əsrin 70-80-ci illərində ulu
öndər Heydər Əliyevin jurnalist kadrlarının
hazırlanmasına göstərdiyi böyük diqqət sayəsində
Zaqatala jurnalistikası perspektivli və istedadlı kadrlarla zənginləşib.
Qəzetin fəaliyyətinə həmişə yüksək
qiymət verilib, onun əməkdaşları müxtəlif fəxri
adlara və mükafatlara layiq görülüblər. Müxtəlif
illərdə qəzetin əməkdaşlarından 2 nəfəri
“Əməkdar mədəniyyət işçisi”, Həsənbəy
Zərdabi, 1 nəfər “Qızıl qələm”
mükafatı alıb”.
Qəzetin
baş redaktoru bildirib ki,
“Zaqatala” qəzeti bölgə qəzetləri içərisində
müxtəlif yaradıcılıq müsabiqələrində
ən fəal iştirak edən qəzetlərdən biridir.
İ.Bəxtiyaroğlunun sözlərinə görə, qəzetin
əməkdaşları son bir neçə ildə 3 dəfə
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinə Dövlət Dəstəyi
Fondunun keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin
qalibi olub, diplomlarla və pul mükafatları ilə
mükafatlandırılıblar: “Bundan əlavə qəzetin əməkdaşları
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin keçirdiyi müsabiqələrdə yaxından
iştirak edərək mükafata layiq yerlər tutublar.
“Zaqatala”
qəzeti arxada qoyduğu onilliklər ərzində daim yeniliklər
etməyi ilə diqqət mərkəzində olub. Məsələn,
ötən əsrin 70-80-ci illərində əlamətdar
hadisələrə həsr olunmuş buraxılışlar
olurdu. Son 5-6 ildə isə qəzetimiz bölgə qəzetlərinin
içərisində ilk dəfə olaraq A-2 formatına
keçdi, müəyyən sayları 4, qalanı isə 2 rəngdə
çap olunur. Hazırda rayon icra hakimiyyətinin yaxından
köməkliyi ilə ayda 4 dəfə oxucuların
görüşünə gəlir. “Zaqatala” qəzeti bir
zamanlar bolşevik və kommunist ideologiyasının təbliği
məqsədilə söz meydanına gəldi.
Ömrünün xeyli hissəsini bu işə həsr elədi.
Amma heç vaxt zaqatalalıların inamını
qırmadı, daima onlarla birgə oldu. İndi saralmış
qəzet səhifələrini vərəqlədikcə ötən
illər bir kino lenti kimi gözümüzün önündən
keçir. Minlərlə zaqatalalılarımızın, habelə
qonşu Balakən və Qax rayonlarının sadə
insanlarının şəkilləri, barələrində
yazılan sözlər əbədi ünvan kimi qalmaqdadır.
20 ildən artıqdır ki, biz müstəqillik ideyasından
sonsuz qürurla söhbət açırıq. Bu tarixi nailiyyətdən
biz də payımızı ala bilmişik. Söz və mətbuat
azadlığından bəhrələnirik, dünya qəzet
texnologiyasına yiyələnirik. Həyatımızın,
yazılarımızın təməlində nikbinlik, Azərbaycanlı
olmağın fəxarəti yaşayır. “Zaqatala” qəzetinin
8000-ci yubiley sayı tarixi nailiyyətimiz olan müstəqilliyimizin
bərpasının 20 illiyinə təsadüf etdi. Bu da biz qəzet
işçilərinin taleyinə düşən xoşbəxt
bir hadisə idi. Yubiley tədbirində Azərbaycan Mətbuat
Şurasının sədri Əflatun Amaşovun, “İki
sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin,
“Kür” ”(Yevlax) qəzetinin baş redaktoru Əminə
Yusifqızının, “Əkinçi” (Zərdab) qəzetinin
redaktoru İsaməddin Əhmədovun, “Mingəçevir
işıqları” (Mingəçevir) qəzetinin baş
redaktoru Fərman Nəbiyevin və Qaxda çıxan “Şəlalə”
qəzetinin kollektivinin iştirakı bir daha region mətbuatı
olaraq “Zaqatala qəzeti”nə bəslənilən böyük
hörmətin təsdiqinə çevrildi”.
İ.Bəxtiyaroğlu
qeyd edib ki, “Zaqatala” qəzeti fəaliyyətini bu gün də
uğurla davam etdirir. Onun fikrincə, qəzet hər həftə
oxucularının görüşünə gəlir, Zaqatala
rayonunun ictimai-siyasi və iqtisadi-mədəni həyatını geniş surətdə
əks etdirən müxtəlif səpkili yazıları
oxucular maraqla qarşılayırlar.
(Ardı var)
BƏXTİYAR
525-ci qəzet.- 2012.- 15 avqst.- S.4.