Şəxsiyyətin
və yaradıcılığın uyarlıq məqamı
Cahangir Məmmədli
Son
vaxtlar qəti inanmağa başlamışam ki, bütün
yaradıcı insanların sənət dünyası
onların şəxsiyyəti ilə uyarlıq təşkil
edir. Xüsusilə bədii və publisistik
yaradıcılıq ona sahib olan insanın lap kiçik
yaşlarından formalaşmağa başlayan şəxsiyyətinin
ifadəsidir. Klassik sənət adamlarının
yaradıcılıq faktının klassikaya çevrilməsində
ilkin rolu onun şəxsiyyəti oynayır. Adlarını
çəkmədən birmənalı şəkildə
klassik yazıçı və publisistlərimizi xatırlayaq.
Xalqı gözüaçıq, rəhbəri ədalətli,
insanı işgüzar görmək istəyən və
bütün bunları öz yaradıcılıq süzgəcindən
keçirən qələm sahibləri bu amallara öz şəxsiyyətləri
ilə də xidmət etmişlər. Azərbaycan
maarifçi hərəkatının nümayəndələri,
kamil insanın kamillik zirvəsinə qalxan yolunu öz sənət
nümunələrində ifadə edən sənətkar
yazıçı və publisistlər şəxsi nümunələri,
şəxsi fəaliyyətləri ilə də örnək
olmuşlar. Bəlkə ona görədir ki, yüksək
idealların ifadəsi olan sənət əsərlərindəki
estetik ideallar onun yaradıcısının şəxsi həyatının
bir parçası olmuşdur. Tarixi təcrübə sübut
edir ki, başqa cür olmur. Yaradıcılıq və şəxsiyyət
uyarlı olmayanda sənət əsəri deyil, konyuktur mətn
ortaya çıxır və bu “mətnlər” olsa-olsa
xırda bir zaman kəsiyində o konyuktura faktına
uyanların karına gəlir və mühit dəyişilən
kimi ya unudulub gedir, ya da yeni nəslin amansız qınaq obyektinə
çevrilir. Yenə də konktret ünvanlara müraciət
etmədən sovet dövrü partiya “ideallarına” xidmət
edən konyuktur, qrafoman ədəbiyyatı xatırlayaq. O ədəbiyyatdan
bu günə də yararlı olan nadir nümunələrin
arxasında yaradıcı insanın bütün zamanlar
üçün dəyişməz olan ləyaqətli şəxsiyyəti
dayanır...
Bütün
bunları mənə təzəcə oxuyub başa
çıxdığım bir kitab xatırlatdı. Bu kitab
müəllifinin oxucuya, bəlkə də bütövlükdə
cəmiyyətə hesabatıdır. Elmi tədqiqatçı,
publisist və yazıçı Sona Vəliyevanın “Zaman xəbərsiz
ötdü...” kitabı şəxsiyyətin və
yaradıcılığın uyarlıq faktı kimi mənə
tipik klassik ziyalılarımızın zəngin
dünyasını xatırlatdı. Ömrünü
xalqın maarifçilik işinə həsr edən
böyük Zərdabinin yaradıcılığını
teatrdan tutmuş qəzetçiliyədək bir çox sahəsinə
eyni vaxtda üz tutması, xalqı qəflət yuxusundan
oyatmaq missiyasını gerçəkləşdirən Mirzə
Cəlilin kiçik felyetondan tutmuş böyük dramaturgiyaya,
satirik jurnalistikaya, hüquqşunaslığa... müraciəti,
təkcə bəşəri musiqisi ilə klassikləşə
biləcək Üzeyir bəyin dilçilikdən tutmuş
böyük publisistikayadək istiqamət götürən
yaradıcılıq faktı və daha onlarca klassiklərin
şəxsiyyət və yaradıcılıq uyarlığının
heyrətamiz vəhdətini misal çəkmək olar.
Yaradıcılığın beləcə bir çox sahəsinə
müraciətin əsas səbəbi o idi ki, bunu həmin
klassiklərin xalq, millət, Vətən dərdi ilə
formalaşmış şəxsiyyətləri tələb
edirdi. Mən Sona Vəliyevanı bir elm adamı, bir ictimai
insan, bədii yaradıcılığı ilə oxucu qəlbini
fəth etmiş bir şair, həyatımızın mürəkkəb
problemlərini gündəmə gətirən bir publisist,
jurnalistikamızın inkişafında xidmətləri olan bir
media rəhbəri və s. və s. cəhətdən xeyli dərəcədə
yaxından tanıyıram. Və tanıdığım bu
adamın şəxsiyyəti ilə
yaradıcılığının bir-birini necə
tamamladığını yaxşı bilirəm. Amma
bütün bunlar bir kitabda toplananda müəllifin şəxsiyyəti
ilə yaradıcılığı arasında
uyarlığı daha dərindən, daha aydın görmək
olur.
Mən
yuxarıda Sona xanımın yaradıcılıq istiqamətlərini
xatırladanda ilk növbədə onun elm adamı olduğunu
qeyd etdim. Sona Vəliyevanın yaradıcılıq istiqamətləri
sırasında onu ilk olaraq elm adamı, alim kimi görməyim
əbəs deyil. Çünki yaradıcılığın ən
mühüm sahəsi hesab edilən elmi axtarış, elmi tədqiqat,
elmi fəaliyyət ziyalı adamın şəxsiyyətini
daha dərindən duymağa imkan verir. Əlbəttə,
poeziya ülvi və böyük yaradıcılıqdır.
İstedad tələb edir və bu istedad varsa, onu gerçəkləşdirmək
xüsusi məqam, xüsusi vəziyyət tələb edir.
Günün aktual problemlərini görməyi bacarmaq və
üstəgəl ədəbi istedad olan yerdə publisistika
gerçəkləşir. Elmi yaradıcılıq da
xüsusi istedad tələb edir. Lakin poeziya və
publisistikanın yaradıcı insanın fəaliyyətini
stimullaşdıran gerçəklikləri var: burda
sözün müsbət mənasında insanın bir
iddiası var, ictimai rəyə qovuşmaq həvəsi var,
özünü ifadə marağı var, səni hamı
oxuyur, populyarlıq qazanırsan və s. Elmi
yaradıcılıq bir az başqa cürdür. Bu
yaradıcılıq istedaddan, həvəsdən başqa gərgin
axtarışlar, sonu görünməyən zəhmət tələb
edir. Elmi yaradıcılığın elə sahələri də
var ki, həm də vətəndaşlıq duyğusu, vətəndaşlıq
qeyrəti tələb edir. Sona Vəliyeva özünün
elmi axtarışlarını bu gün Azərbaycan
üçün çox vacib və aktual olan azərbaycançılıq
ideologiyası üzərində qurmuşdur. Azərbaycançılığın
klassik, ya da klassik elmi, fəlsəfi, ədəbi
düşüncədəki yeri və onun müasir
interpretasiyası ətrafında geniş tədqiqat
aparmış və bu gün də aparmaqda olduğu
axtarışlar cəmiyyətə çox böyük
milli-mənəvi divident gətirməkdədir. Sona Vəliyeva
bu elmi axtarışları və axtarışların səmərəli
nəticələri ilə elm aləminə, fəlsəfi-filoloji-siyasi
elm aləminə yaxşı məlum olan bir alim-vətəndaşdır.
Bu yerdə “alim-vətəndaş” birliyi də havayı səslənmir
və Sona xanımın elmi yaradıcılıq mövzusuna –
azərbaycançılıq ideologiyasına müraciəti
ilə üzvi bir vəhdət təşkil edir.
Görkəmli
alim, filologiya elmləri doktoru, AMEA-nın müxbir
üzvü, professor Nizami Cəfərov Sona Vəliyevanın
bu istiqamətdə apardığı tədqiqatların nəticəsini
qiymətləndirərkən belə bir nəticəyə gəlir
ki, Sona Vəliyeva, “bir sıra cəhdləri nəzərə
almasaq, ilk dəfədir ki, azərbaycançılığın
milli ideologiyaya çevrilməsinin (Heydər Əliyev
dövründə dövlət quruculuğu praktikası səviyyəsinə
yüksəlməsinə qədər!) tarixi mənzərəsini
təqdim edir. Onun təqdimatında azərbaycançılıq
yalnız etnoqrafik, etnolinqvistik, ədəbi-mədəni-mənəvi
və s. komplekslərdən ibarət deyil, bunların
hamısını ehtiva edən, lakin daha çox sosial-siyasi
xarakter daşıyan ideyalar sistemidir ki, bu Azərbaycanda milli
dövlət quruculuğu prosesinin hazırki intensiv
dövrü ücün tamamilə təbii olmaqla
yanaşı, müəllifin maraq dairəsini də əks
etdirir”. Bəli, klassik milli ziyalılarımızın ortaya
qoyduğu, sovet dövründə tamamilə unudulan, yeni
dövrdə Heydər Əliyevin tamamilə yeni zaman kontekstində
yenidən formalaşdırdığı azərbaycançılıq
ideologiyasına fundamental müraciət məhz Sona
xanımın maraq dairəsindən doğan bir hadisədir. Təsadüfi
deyil ki, Sona xanım müsahibələrinin birində “Elmi
işiniz azərbaycançılıqla bağlıdır:
“Milli dövlətçilik hərəkatının yüksəlişi
və Xalq Cümhuriyyəti dövründə azərbaycançılıq
ideyası...” kimi bir mövzuya münasibətini bildirməsini
xahiş edən jurnalistə bircə cümlə ilə cavab
verir: “Mövzu gərək damarlarından gəlsin ki, onu
layiqli təqdim edə biləsən...”
Bu yerdə
qeyd edim ki, elmin də öz poeziyası var və bəzən
elmi axtarış da qəribə bir poetik istedad tələb
edir. Alimin öz tədqiqat sahəsinə sevgisinin
böyüklüyü nəticənin
böyüklüyünü təmin edir. Azərbaycan deyilən
bir məmləkətə və bu ölkənin əbədi
sahibi olan bir millətə sevginin böyüklüyü Sona Vəliyevanı
bu mövzuya bağlamışdır. Ümummilli liderimiz H.Əliyevin
“Müstəqil Azərbaycan dövlətinin əsas ideyası
azərbaycançılıqdır” kimi qəti, elmi və
ideoloji postulatından çıxış edən Sona Vəliyeva
bu gün milli şüurumuzda gerçəkləşmiş
və bununla da millətin milli-mənlik məzmununu
bütövləşdirmiş bu böyük idealı öz
tədqiqatlarında xalqın dayaq nöqtəsi kimi təqdim
etməkdədir.
Sona
Vəliyevanın “Zaman xəbərsiz ötdü...” kitabı
onun bütovlükdə yaradıcılığını
beş fundamental istiqamətdən bizə təqdim edir. Müəllifin
təvazökarlıq edərək elmi
yaradıcılığı beşinci sırada verməsinə
baxmayaraq, mən bu məsələni – azərbaycançılıq
ideologiyasına elmi münasibəti ilk cərgədə
görürəm. Əlbəttə, məntiqi yanaşmaya
görə Sona xanımın həyat yolunu, sənət
dünyasını, əxlaqi-etik prinsiplərə dair fikirlərini,
ictimai görüşlərini əks etdirən “Portret cizgiləri”
bölməsi öz yerində – yəni birinci bölmədə
verilib. Burada şairə, tədqiqatçı, ictimai şəxsiyyət
Sona xanımın müxtəlif telekanallardakı
çıxışlarının bir az yığcam mətnləri,
insan, cəmiyyət, ailə münasibətləri barədə
müsahibələri yer alıb.
Teleçıxışlarını ifadə edən
müsahibələri, ayrı-ayrı saytlarda, mətbuat
orqanlarındakı söhbətləri oxucuya Sona
xanımın Azərbaycan qadını və onun
tipologiyası, insanlıq, ədalət, yaxşılıq,
yaddaşlarda qalmaq strategiyası, ailənin müqəddəsliyi,
özünü xaraketrizə edən portret cizgiləri, şəxsi
həyatının və ailəsinin ictimai maraq kəsb edən
məqamları barədə fikirləri onun təkcə
yaradıcılıq dünyasını deyil, habelə bir
şəxsiyyət kimi, tipik bir Azərbaycan qadını kimi
xarakterini açmağa xidmət edir.
Sona
Vəliyeva ürəyi vətənə sevgi dolu bir vətəndaşdır.
Öz sözləridir: “Ən böyük sevgi, Vətənə,
torpağa olan sevgidir. Bu, danılmaz bir sevgidir... Bütün
sevgilər ölür. Anaya, torpağa olan məhəbbət
ötüb keçmir. Torpaq əldən gedəndə insan
dünyasını itirir”. Doğrusu, mən əvvəllər
bədii sözdə, sənət əsərində siyasəti,
açıq ideoloji xətti heç qəbul etməzdim. Amma zaman bizim
hamımız kimi məni də torpaqla, Qarabağ dərdi ilə
sınağa çəkdi və mən Məmməd Arazdan, Zəlimxandan
tutmuş, indicə başlayan ən cavan şairədək hər
kəsin yaradıcılığında Qarabağ, azərbaycançılıq
motivləri axtarıram.
“Evində
ərinə naz satan gözəl,
Gəlib
küçələrdə göy satan oldu...” deyə
qaçqınçılığın ağır xislətini
ilahicəsinə ümumiləşdirən Zəlimxan Yaqubun
bu sətirlərindən həyəcanlanmamaq necə
mümkün deyilsə, Sona xanımın:
“İtər
qəlb istisi, canı isinməz
Nə
yesə ağzının dadı bilinməz
Yüz
də biz diləyək,
Tanrı bitirməz
Torpağı,
Vətəni əsir olanın...”
sətirlərindən
də qeyrətə gəlməmək mümkün deyil.
“Zaman
xəbərsiz ötdü...” müəllifinin şəxsiyyətini
xarakterizə edən müsahibələri onun
publisistikasının da tematikasını
aydınlaşdırır. Başqa bir müsahibəsində
azərbaycançılığın tərkib elementi kimi
üç amili göstərir: “Azərbaycan yurdu, Azərbaycan
dili və Azərbaycan insanı”. Onun fikrincə, “bu
üç amil vəhbətdə fəaliyyət göstərə
bilərsə, o zaman azərbaycançılıq
ideologiyası inkişaf edə bilər”. Bu fikirdəki “Azərbaycan
yurdu” ifadəsi mənim üçün daha önəmli
oldu. Həm də ona görə ki, Sona xanımın
istisnasız olaraq bütün yaradıcılıq kredosu Azərbaycan
yurdu ilə və bu gün bu yurdun əsirlikdə qalan
Qarabağ torpağı ilə yoğrulmuşdur.
Jurnalistlərdən
biri Sona xanıma “Qaragilə” şeiri ilə bağlı bir
sualında çoxlarının bu əsəri məhəbbət
mövzusunda olmadığını bilmədiklərinə
işarə edir. Sona xanım: “Mənim bu şeirim xalq
mahnısı “Qaragilə”yə həsr olunub... Bu mahnı o
taylı, bu taylı Azərbaycana həsr olunub. Mən bu
mahnının müxtəlif versiyalarına qulaq
asmışam. Onun hər bir bəndində torpaq nisgili, bir
yurd harayı, bir Ərdəbil həsrəti, Təbriz həsrəti
var. Ucsuz-bucaqsız bir dərd var, nəticəsiz bir həsrət
var bu mahnıda...” Yaradıcı bir insanın “Qaragilə”yə
elmi-bədii interpretasiyası çox maraqlıdır və
onun öz versiyasında yazılan “Ay Qaragilə” yalnız bu
assosiasiyanın məhsulu ola bilərdi. Acı bir ağrı
ilə “nəticəsiz həsrət” kimi ifadə etdiyi bu dərdin
əlacsızlığı yandırır Sona xanımı:
“Gözündən
alışan kədərə neynim,
Mən
hicran danışan qədərə neynim,
Puç
olan ömürə, hədərə neynim,
Eşqin
dastan oldu, ay Qaragilə”
Mən hər
hansı bir kəsin yaradıcılığına qiymətində
çox inandığım və öz
yaradıcılığının da qiymətini bildiyim
Rüstəm Behrudinin Sona xanımın şeirləri
haqqında bir məqaləsinə diqqətlə baxıram və
böyük Lev Tolstoyun “bu dünyada hər şey ötüb
keçəcək, var da, dövlət də... Əbədi
qalan yalnız bədii söz olacaq”
postulatını Rüstəmin yeni deyimində
görürəm: “Əbədiyyətə çevrilməyin
bircə yolu var – o da sözdən keçir. Ancaq adi sözdən
yox – ruhuna barmaqlarımızla toxuna bildiyimiz sözlərdən
keçir əbədiyyətin yolu...” Bu möcüzəli
postulatdan sonra bizim Behrudimiz yazır: “Bu son iki ildə mənə
yüzə yaxın şeir kitabı
bağışlayıblar. Oxuduğum da olub, ilk misralardan bezib
kənara qoyduğum da. Son sona qədər oxuduğum kitab Sona
Vəliyeva adlı bir müəllifin “Mənim çəhrayı
dünyam” adlı bir kitabı oldu... Çünki bu kitabda
doğma olan kənd yolları, itirilmiş doğmaların
xiffəti, paltosuz günlərimdə üstümə
yağıb məni təpədən-dırnağa isladan yaz
yağışı, “kasıblıq”, “dərd”, “birdən-birə”
kəsilən məktublar – daha nələr, nələr var”.
Bu yaşantılar doğmadır Rüstəmə. Bu
yaşantılar hamıya doğmadır, insan olan hər kəsə
doğmadır.
Sona Vəliyevanın
poeziya yaradıcılığı haqqında bir məqaləsində
Sabir Rüstəmxanlının da bu sətirlərini
elmi-obrazlı fikir kimi qəbul etdim: “Şeir nəğmə
kimi, dua kimi doğulur... Şeir-şair ruhunun şəkli və
ruh abidəsi olmaqla yanaşı, ürəyə, ömrə,
taleyə tutulan
güzgüdür. Orda müəllifin bütün daxili aləmi,
yaşantıları görünür. Bu baxımdan şeirin
milli təfəkkürə nə
şəkildə bağlı olması, onun hansı
qatında yer tutması şairin xarakterindən çox
asılıdır”. S.Rüstəmxanlının bu sətirləri
məni yenə də yaradıcılıq və şəxsiyyət
probleminə qaytarır. Çünki S.Rüstəmxanlı
bu fikirdədir ki, “Sona xanım şeiri ictimai hadisə
sayır. Heç bir şeirində millətin taleyindən,
zamanın gətirdiyi dərdlərdən kənarda deyildir. Bu
baxımdan onun şeirlərinin ədəbiyyatımızda
müstəqilliyimizə özül hazırlayan Bəxtiyar
Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk,
qadınlardan Mədinə Gülgün, Hökumə Billuri və
başqalarının vətəndaşlıq xəttinə
bağlılığı göz qabağındadır...” Mən
“müstəqilliyimizə özül hazırlayan” şairlər
sırasına çox böyük məsuliyyətlə Sabir
Rüstəmxanlının özünü də əlavə
edərdim. Amma ən əsas odur ki, müstəqilliyə gedən
yolun nə qədər ağır olduğunu şəxsi
yaradıcılığında, ictimai fəaliyyətində
yaşamış Sabir Rüstəmxanlı dilə gətirir.
Sona xanımın bu şairlərin vətəndaşlıq xəttinə
bağlılığı həqiqətdir, S.Rüstəmxanlının
bu poeziya barədə həqiqətləri sırasında bu
da bir həqiqətdir ki, “Sona xanımın şeirləri
ürəyimizdə Vətən havasını, uşaqlıq
dünyamızın xiffətini əsdirir, yenidən tərk
edilmiş ocaqlara qayıdırıq, payızın
sarılığından, narın yağışların kədərindən,
ot basmış qəbristanlıqda məzar daşlarına
dönmüş atalarımızın, analarımızın
şirin xatirələrindən keçirik”.
Sona
xanımın poeziyası haqqında oxuduğum son məqalələrdən
biri ünlü tənqidçi, ədəbiyyatımızın
keşiyindən ən çətin vaxtlarda belə çəkilməyən
Vaqif Yusiflinindir. “Ədəbi həyat” rubrikası ilə
“Arazbarı üstə” adlanan bu məqalədəki fikrin əsas
leytmotivlərindən biri yenə də şairənin vətənpərvərlik
duyğularıdır. Və burda Vaqif Yusiflinin gətirdiyi:
“Sağlığın,
varlığın dəyər ölçüsü
Vətən
sərhədidir, Vətən bayrağı.
Uğrunda
ölməyi bacarmadıqca
Torpaq
unudacaq Vətən olmağı” misraların həqiqəti
adamı ayağa qalxmağa çağırır.
Mən
haçansa bir yazıçının nəsri barədə
məqaləmdə demişdim ki, bədii əsər
yalnız o zaman insana doğma, məhrəm olur ki, həmin
insan- konkret mənada-oxucu bu əsərdə özünü
görür, gerçək həyatı, gerçək
dünyanı, bu gerçəklik haqqında öz
düşüncələrini görür. Tənqidçi
Vaqif Yusifli Sona xanımın poeziyasında bu duyğuları
yaşadığını belə ifadə edir: “Mən oxucu
kimi təbiətdən yazılan şeirləri maraqla oxuyuram.
O şeirləri ki, orada yağış yağsın və bu
yağış hardasa bir az mənə bənzəsin.
Çünki yağışda bir az qüssə var, həsrət
var...və həm də həzinlik var. Sona xanımın “Bu
yağış mənə bənzəyir” şeirini oxuyandan
sonra dərk elədim ki, məndə bu fikir haçan
doğub? Elə bil bu şeiri mən yazmışam
(şairliyim olmasa da). Bax, şeir ona görə yazılır
ki, sənin içindəki yağışı da
yağdırır”. Vaqifin bu sətirləri məndə qəribə
duyğular yaratdı: çox zaman bizə elə gəlir ki,
tənqidçi əsəri daha çox ideya – estetik istiqaməti,
obrazlar sisteminin necə peşəkarlıqla, ustalıqla,
yaxud naşılıqla yaradıldığını diqqətdə
saxlasın və haçansa bu qeydlər onun karına gəlsin.
Amma Vaqifin sətirlərində tənqidçi
düşüncəsindən çox oxucu qavraması, oxucu
qiyməti, oxucu duyğusu var. Deməli, bu şeir elə
ustalıqla yaradılıb ki, onu ancaq estetik zövq almaq
üçün oxumaq olar.
Vaqif
Yusiflinin poetik yağışa assosiasiyasının elə –
belə yaranmadığını göstərmək
üçün Sona xanımın yağışla
bağlı digər bir şeirinə bu sətirlərin
müəllifinin də bir il öncəki bir məqaləsindən
sitat gətirmək istərdim: “Doğrusu, bu poeziya mənim
qarşıma birdən – birə, qəflətən
çıxdı. İndiki qarmaqarışıq, sözü
hər şeydən ucuz tutan, bəsit rejissor işi ilə
daha çox yadda qalan primitiv musiqi kliplərinə baxmağa həvəsim
olmadığı vaxtlarda telekanalların hansındansa
qulağıma bir səs gəldi:
Yaz gecəsi
dəli-dolu,
Buludu
giley dolu
Yerdə
bir qız unudulub,
Yollara
yağış yağır...
Bu misralar
çox poetik idi və məndə qəribə assosiativ
düşüncələr yaratdı.
Müəllif
bir yaz yağışının doğurduğu
duyğuları poeziyaya çevirib insan qəlbinin dərin
qatlarına təsir edən misralar yaratmışdı. Bu
şeirin hər misrasında insanı duyğulandıran məqamlar
vardı:
Bu
yağış dostum, yarımmı,
Dərdim
desəm ovudarmı?
Mən
Tanrının yol adamı,
Yollara
yağış yağır.
Sona
xanımın poeziyası oxucularındır. Şeirlərə
elmi-tənqidi yanaşmalar zamanında isə bu poeziya elm
adamlarınındır. Bu mənada xeyli vaxtdan bəri birgə
işimizdən və elmi yaradıcılığından
tanış olduğum filologiya elmləri doktoru Muxtar
Kazımoğlunun “Tənhalıq qıfılbəndi” məqaləsi
də maraqlıdır. Bu məqalə Sona xanım
poeziyasına sırf estetik cəhətdən yanaşır və
yenə də axırda onun Vətənlə, Azərbaycan
yurdu ilə, torpaqla bağlılığını göstərir.
Həqiqətən də:
“Göyçədi,
Şuşadı, Təbrizdi,
Dərd
köhnəldi, təzələndi.
Yanan
küldüm, közərdim
Odum
boyumdan yuxarı –
Arazbarı”
– deyən bir şairin Vətənə, Vətən dərdinə
bağlılığı oxucunu da bu bağlılığa
qovuşdurur. Muxtar Kazımoğlunun fikrincə, “Araz boyu, eləcə
də başqa çaylar, göllər, dənizlər,
dağlar, dərələr boyu kəsilən, doğranan Vətənin
ağrısını çəkərkən,
acısını daxilən yaşayarkən müəllifin
Şah İsmayılı xatırlaması təsadüfi
deyil. Şah İsmayılı xatırlamaqla müəllif məmləkəti
qüdrətli görmək arzusunda olduğunu bildirir”. Və
mənim dostum, ünlü jurnalist, Mətbuat
Şurasının sədri Əflatun Amaşovun da bu poeziya
haqqında məqaləsini
“Arazbarı” – bu bir zəfər himnidir”
adlandırması da təsadüfi deyil. Əflatun Amaşov
belə bir qəti fikirdədir ki, “Arazbarı”dakı
ucalıq, yenilməzlik, hünər, yanğı dolu zəngulə
elə tariximizin özüdür. O, ən əvvəl adı
qədim yunan mənbələrində belə
hallandırılan coğrafi termindir. Quzeydə Xudafərindən
başlayıb Beyləqanda mənzil başına
çatır ki, ona Qarabağ Arazbarısı deyilir. Digəri
isə yenə də Qarabağ Arazbarısıdır – tarixi Qərbi
Dizmar mahalından Oltan qalasınadək uzanır. Nə fərqi
– hər ikisi özümüzündür, başı bəlalı,
qayğılı, ümid və əməlimizə möhtac
ağrı-acıları göz dağı kimi
xalqımıza mirasdır”. Və Əflatun Amaşovun dediyi kimi, “yadelli tapdağı
altında inləyən Qarabağ Arazbarısının qəlbi
od tutub yanır. Sona xanım da yanğıları biganəliklə
izləmir, müasir poeziyamıza qadın yazarlar
arasında “Arazbarı”
mövzusunu ilk olaraq gətirir”. Göründüyü kimi, bu
poeziya nümunəsi alimlərimizə və publisistlərimizə
Vətən, torpaq qeyrəti barədə söz deməyə
böyük imkan vermişdir.
Sona
xanımın bütövlükdə
yaradıcılığına və xüsusi olaraq
poeziyasına geniş marağın bir sıra səbəbi
var. Bu bir sıra səbəbin içərisində onun
sözə səmimi münasibətidir. Bu səmimiyyət – həyata,
hadisələrə, xalq dərdinə, Qarabağ
ağrısına münasibətin içindən keçir.
Elmi adamlardan tutmuş şair zümrəsinədək,
jurnalistdən tutmüş adi oxucuyadək hər kəsi Sona
xanımın vətəndaşlıq duyğuları
maraqlandırır. Sona Vəliyevanın ilk kitabı barədə
bir məqaləsində istedadlı şairimiz,
özünün də Qarabağ dərdini yaşayan
poeziyası ilə bəzən, hətta uzaq ellərdə belə
sözünü deyən İsgəndər Etibar deyir:
“Kitabın müəllifi qadındır – Sona Vəliyeva
şeirlərində isə kişi ruhu var. Sona xanımın
bütün şeirlərində əsl kişi qeyrəti
döyünür. Vətən narahatlığı, millət
ağrısı sızıldayır. Onun hər şeirində
ilham mayası, insan, vətəndaş narahatlığı
var. Bayağı sevgi sızıltıları qeyb olub. Bunun
yerini daha böyük, daha uca məhəbbət – Vətən,
millət harayı, dərdi, döyüşü, nisgili, Azərbaycan
bayrağı timsalında dalğalanır”. Bu sözlər
şair qəlbindən gəldiyinə görə bir az
obrazlıdır. Amma bu obrazlılıqda bizi
düşündürən, Sona xanımın
yaradıcılığına yenidən baxmağa sövq edən
böyük bir həqiqət var.
“Zaman xəbərsiz
ötdü...” kitabında toplanan yazılar, çox güman
ki, bizi Vətən, vətəndaşlıq
duyğuları, torpaq qeyrəti haqqında yeni
düşüncələrə sövq edəcək. Bu
güman həm də ondan doğdu ki, lap ötən yaxın
günlərdən birində 1 nömrəli Mərkəzi Xəstəxanada
Könül xanım Abidova adlı bir həkim Sona
xanımın bu kitabını əlində
tutmuşdu və kitab barədə çox həvəslə,
həm də filoloq təfəkkürlü bir bacarıqla xəstələrdən macal
tapmış iş yoldaşlarına maraqlı informasiyalar
verirdi. Mənə çox doğma və əziz bir xəstənin
çarpayısı önündə ağır anlar
yaşadığım bir vaxtda kiminsə poeziyadan,
publisistikadan söhbət açması mənə qəribə
bir təsəlli verdi. Kitaba bələdçiliklə
danışan bu həkim qadının da fikirlərində
Sona xanımın şəxsiyyəti ilə
yaradıcılığının uyarlılığı
tez-tez vurğulanırdı. Bədii, publisistik
yaradıcılıqdan uzaq bir oxucunun “Zaman xəbərsiz
ötdü...” kitabı barədə dəqiq fikirləri məndə
belə bir inama da şübhə yeri qoymadı ki,
bütövlükdə elmi-publisistik üsluba malik bu kitab həm
də geniş oxucu kütləsinin maraq dairəsindədir.
Bizim bu qarışıq dünyamızda belə şeylər
az olur.
525- ci qəzet.-2012.-4 avqust.-S.20-21.