Zaqatala” qəzeti: 90 yaşın astanasında  

 

 BAŞ REDAKTOR İBRAHİM BƏXTİYAROĞLU: “QƏZET BU İLLƏR ƏRZİNDƏ 4 DƏFƏ ƏLİFBANIN, 3 DƏFƏ İSƏ ÇAP TEXNOLOGİYALARININ DƏYİŞMƏSİLƏ MEYDANA GƏLƏN ÇƏTİNLİKLƏRİ YAŞAMALI OLUB”

 

 “Zaqatala” qəzetinin taleyində elə iftixar etməli, qürur hissi keçirməli hadisələr var ki, bunlar barədə həyəcansız söz açmaq olmur”. Bu fikirləri “Zaqatala” qəzetinin baş redaktoru, Əməkdar mədəniyyət işçisi İbrahim Bəxtiyaroğlu rəhbərlik etdiyi mətbu orqan fəaliyyəti haqqında danışarkən bildirib. Onun sözlərinə görə, qəzet 1923-cü ilin martında fəaliyyətə başlayıb:

“Adı da o dövrə uyğun gəlirdi – “Zaqatala kəntçisi”. Rəsmi rəqəmlərə müraciət etsək görərik, qəzetimiz o dövrdə ölkəmizdə ana dilimizdə nəşr olunan 23 qəzetdən biri olub. Əhatə dairəsinə gəlincə 3 məkanı- Zaqatalanı, Balakəni və Qaxı əhatə edirdi. Düz 7-8 il ərzində bölgənin ilk mətbu orqanı kimiZaqatala kəntçisi” fəaliyyət göstərib. Ötən əsrin 20-ci illərində  bölgələrdə qəzet çıxarmaq çox çətin bir   sayılırdı. Əvvəla ixtisaslı kadrlar yox idi. İkincisi iki səhifədən ibarət olan və əski ərəb əlifbası ilə nəşr olunan qəzeti hərf-hərf yığmaq, əllə çap etmək lazım gəlirdi. O dövrdə  Zaqatala kəntçisi”nin bəxti gətirmədi. Son araşdırmalarımıza  əsasən deyə bilərik ki, qəzetin ilk redaktoru Zəkəriyyə Balaxlinski olsa da, qəzetin ərsəyə gəlməsində 1920-1930-cu illərdə Zaqatala qəza və inqilab komitələrində birinci şəxs sayılan Xəlil Ağamirovun xidmətləri  az olmayıb. Belə ki, Xəlil Ağamirov 1910-1912-ci illərdə “Kaspi  mətbəəsində mürəttib işləmişdi və qəzet işini az-çox bilirdi. Zamanın tələblərinə uyğun olaraq qəzetimiz sonralar, yəni 1923-1962-ci illərdə “Kolxozun səsi”, “Kolxoza doğru”, “Bolşevik kolxozu uğrunda”, 1962-1991-ci illərdə “Qırmızı bayraq” və nəhayət 1991-ci ilin sonundan isə “Zaqatala” adları altında fəaliyyət göstərib”.

İ.Bəxtiyaroğlunun sözlərinə görə, “Zaqatala” qəzeti fəaliyyət göstərdiyi 89 il ərzində 4 dəfə əlifbanın, 3 dəfə isə çap texnologiyalarının dəyişməsi zamanı meydana gələn çətinlikləri yaşamalı olub. O qeyd edib ki, 1962-1965-ci illərdə o zamankı “Qırmızı bayraq” qəzeti Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin  qəzeti kimi Balakən, ZaqatalaQax rayonlarının mətbu orqanı funksiyasını  yerinə yetirib: “Qeyd etmək yerinə düşər ki, hər 3 rayonun yetirmələri onilliklər boyu Zaqatalada nəşr olunan qəzetin fəaliyyətində yaxından iştirak edib, müxtəlif vəzifələrdə çalışıblar. Son 50 ili nəzərə alsaq qəzetə Nadir Əliyev, Rəcəb Rəcəbov, Əli Süleymanov, Sevil Sadıxova, Şaban Musayev, Zenfira Nəsibova və mən, İbrahim  İbrahimov rəhbərlik etmişik. Yerli qəzetimizdə ilk qələm təcrübələri dərc olunan Əhməd İsayev, Hikmət Əzimov, Qurban Cəbrayıl və çoxlu sayda  qələm sahibləri Azərbaycan mətbuatının tanınmış nümayəndələri olublar.

Fərəhli haldır ki, ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin jurnalist kadrlarının hazırlanmasına göstərdiyi böyük diqqət sayəsində Zaqatala jurnalistikası perspektivli və istedadlı kadrlarla zənginləşib. Qəzetin fəaliyyətinə həmişə yüksək qiymət verilib, onun əməkdaşları müxtəlif fəxri adlaramükafatlara layiq görülüblər. Müxtəlif illərdə qəzetin əməkdaşlarından 2 nəfəri “Əməkdar mədəniyyət işçisi”, Həsənbəy Zərdabi, 1 nəfər “Qızıl qələm” mükafatı alıb”.

Qəzetin baş redaktoru bildirib ki,  Zaqatala” qəzeti bölgə qəzetləri içərisində müxtəlif yaradıcılıq müsabiqələrində ən fəal iştirak edən qəzetlərdən biridir. İ.Bəxtiyaroğlunun sözlərinə görə, qəzetin əməkdaşları son bir neçə ildə 3 dəfə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibi olub, diplomlarlapul mükafatları ilə mükafatlandırılıblar: “Bundan əlavə  qəzetin əməkdaşları Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi müsabiqələrdə yaxından iştirak edərək mükafata layiq yerlər tutublar.

Zaqatala” qəzeti arxada qoyduğu onilliklər ərzində daim yeniliklər etməyi ilə diqqət mərkəzində olub. Məsələn, ötən əsrin 70-80-ci illərində əlamətdar hadisələrə həsr olunmuş buraxılışlar olurdu. Son 5-6 ildə isə qəzetimiz bölgə qəzetlərinin içərisində ilk dəfə olaraq A-2 formatına keçdi, müəyyən sayları 4, qalanı isə 2 rəngdə çap olunur. Hazırda rayon icra hakimiyyətinin yaxından köməkliyi ilə ayda 4 dəfə oxucuların görüşünə gəlir. “Zaqatala” qəzeti bir zamanlar bolşevikkommunist ideologiyasının təbliği məqsədilə söz meydanına gəldi. Ömrünün xeyli hissəsini bu işə həsr elədi. Amma heç vaxt zaqatalalıların inamını qırmadı, daima onlarla birgə oldu. İndi saralmış qəzet səhifələrini vərəqlədikcə ötən illər bir kino lenti kimi gözümüzün önündən keçir. Minlərlə zaqatalalılarımızın, habelə qonşu Balakən və Qax rayonlarının sadə insanlarının şəkilləri, barələrində yazılan sözlər əbədi ünvan kimi qalmaqdadır. 20 ildən artıqdır ki, biz müstəqillik ideyasından sonsuz qürurla söhbət açırıq. Bu tarixi nailiyyətdən biz də payımızı ala bilmişik. Söz və mətbuat azadlığından bəhrələnirik, dünya qəzet texnologiyasına yiyələnirik. Həyatımızın, yazılarımızın təməlində nikbinlik, Azərbaycanlı olmağın fəxarəti yaşayır. “Zaqatala” qəzetinin 8000-ci yubiley sayı tarixi nailiyyətimiz olan müstəqilliyimizin bərpasının 20 illiyinə təsadüf etdi. Bu da biz qəzet işçilərinin taleyinə düşən xoşbəxt bir hadisə idi. Yubiley tədbirində Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin, “Kür” ”(Yevlax) qəzetinin baş redaktoru Əminə Yusifqızının, “Əkinçi” (Zərdab) qəzetinin redaktoru İsaməddin Əhmədovun, “Mingəçevir işıqları” (Mingəçevir) qəzetinin baş redaktoru Fərman Nəbiyevin və Qaxda çıxan “Şəlalə” qəzetinin kollektivinin iştirakı bir daha region mətbuatı olaraqZaqatala qəzeti”nə bəslənilən böyük hörmətin təsdiqinə çevrildi”.

İ.Bəxtiyaroğlu qeyd edib ki, “Zaqatala” qəzeti fəaliyyətini bu günuğurla davam etdirir. Onun fikrincə, qəzet hər həftə oxucularının görüşünə gəlir, Zaqatala rayonunun ictimai-siyasi və iqtisadi-mədəni  həyatını geniş surətdə əks etdirən müxtəlif səpkili yazıları oxucular maraqla qarşılayırlar.

Zaqatala” qəzeti fəaliyyətini bu günuğurla davam etdirir. Qəzet hər həftə oxucularının görüşünə gəlir, Zaqatala rayonunun ictimai-siyasi və iqtisadi-mədəni  həyatını geniş surətdə əks etdirən müxtəlif səpkili yazıları oxucular maraqla qarşılayırlar. Baş redaktor İbrahim Bəxtiyaroğlu bildirir ki, qəzet redaksiyanın nəzdindəki kompüter mərkəzində yığılır və səhifələnir: “Qalan digər proseslər isə Bakı şəhərində, “Azərbaycan” nəşriyyatında tamamlanır. Qəzetimiz 1500 tirajla iki rəngdə çap olunaraq rayonumuzun bütün yaşayış məntəqələrini, idarə, müəssisə və təşkilatlarını əhatə etməklə yayılır.

Region mediası olaraq qəzetimizin işıq üzü görməsində bir sıra problemlərlə qarşılaşırıq. Belə ki, qəzetimiz də daxil olmaqla bu gün region mətbuatının maddi-texniki bazası arzuolunan səviyyədə deyil. Məsələn, 90 yaşını qeyd edəcək “Zaqatala” qəzetinin, çox təəssüf ki, bu günə kimi ayrıca binası yoxdur. İndiyədək qəzetin redaksiyası darısqal, normal şəraitindən uzaq bir  məkanda yerləşib. Digər tərəfdən region qəzetlərinin maliyyə problemləri hələlik tam öz həllini tapmayıb. Bu da əmək haqlarının artırılmasına, yeni avadanlıqların alınmasına, qəzetin dövriliyinin artırılmasına ciddi əngəllər törədir. Ən ciddi problemlər sırasında regionda mətbəənin olmamasını da ayrıca qeyd etmək lazımdır. Mətbəənin olmaması səbəbindən qəzetlərin nəşr xərcləri ilbəil artır. “Zaqatala” qəzeti Bakı şəhərində nəşr olunduğundan əlavə vəsaitin xərclənməsi zərurəti yaranır. Bundan əlavə qəzetin oxuculara çatdırılmasında istər-istəməz əlavə vaxt itkisi meydana gəlir”.

Baş redaktor qeyd edib ki, rayon qəzetlərinin əksəriyyətində bu gün nisbətən yaşlı və təcrübəli əməkdaşlar çalışır: “Elə bizimZaqatala” qəzetinin yaradıcı heyətinin üzvləri 35-40 il stajına malik işçilərdir. Doğrudur, təcrübəli, jurnalistikanın sirrlərinə yetərincə bələd olan insanlarla işləmək nisbətən rahatdır. Lakin etiraf olunmalıdır ki, region qəzetləri gələcək uğurlu fəaliyyətlərini davam etdirmək üçün yeni media anlayışına malik, çevikmüasir informasiya-texnologiyasını geniş şəkildə istifadə etməyi bacaran, gənc və perspektivli kardlarla təmin olunmalıdır. Çox təəssüf ki, bu vəzifəni yerinə yetirmək əksər qəzetlərə, o cümlədən “Zaqatala” qəzetinə bu günədək müyəssər olmayıb. Biz qəzetimizə gənclərin gəlməsi, burada möhkəmlənməsi üçün tərəfimizdən hər bir addımı atmağa hazırıq. Lakin ara-sırada qəzetimizə təcrübə keçmək üçün gələn gənc jurnalistlərin nəzəri hazırlıqları aşağı səviyyədədir, onlarda seçdikləri peşəyə qarşı məhəbbət hissi azdır. Görünür, jurnalist kadrlarının hazırlığının əsaslı şəkildə yaxşılaşdırılması üçün respublika səviyyəsində daha ciddi addımlar atılmalıdır. Jurnalistlərin peşə hazırlığına diqqət ilk növbədə bu işlə məşğul olan jurnalistika fakültələri tərəfindən  artırılmalıdır”.

İ.Bəxtiyaroğlu bildirib ki, region qəzetləri bu gün rayon icra hakimiyyətləri ilə əməkdaşlıq şəraitində fəaliyyətlərini davam etdirir. Onun sözlərinə görə, təsisçilərdən biri olaraq rayon icra hakimiyyətlərinin yerli qəzetlərə dəstəyinin artırılmasına hər zamankından indi daha çox ehtiyac hiss olunur: Lakin reallıq elədir ki, bu gün rayon icra hakimiyyətləri yerli qəzetlərə birbaşa maliyyə dəstəyi vermək imkanından məhrumdur. 1996-cı ildə “Azərbaycan” qəzetində yerli qəzetlərin fəaliyyətinin mövcud durumunun müzakirəsinə həsr olunmuş səhifədə təklif etmişdik ki, region qəzetlərinin birbaşa maliyyələşməsi üçün rayon icra hakimiyyətlərinin smetasında vəsait ayrılması nəzərdə tutulsun. Günü bu gün də məsələnin bu şəkildə həlli açıq qalır. O ki qaldı yerli dövlət qurumlarından informasiyanın əldə olunmasına, burada elə bir çətinlik nəzərə çarpmır”.

Baş redaktor qeyd edib ki, bölgələrdə medianın inkişafı üçün dövlət səviyyəsində ayrıca bir proqramın qəbuluna ehtiyac var: “Çünki region mətbuatının hüquqiiqtisadi əsaslarına dair bir çox məsələlər hələ də tənzimlənməmiş qalır. Rayon qəzetlərinin reklam bazarı, demək olar ki, yox səviyyəsindədir. Araşdırmalarımız göstərir ki, yerli idarə, müəssisə və təşkilatlar bir sıra reklam materiallarının məhz yerli qəzetlərdə dərc olunmasında daha çox maraqlıdırlar. Çünki reklam materiallarının yerli qəzetlərdə yerləşdirilməsi xərcləri daha ucuzdurreklam materialları verənləri tam qane edir.

Bölgələrdə  medianın inkişafı üçün atılacaq digər addım  ən müasir çap texnologiyasına malik mətbəələrin yaradılmasıdır. Belə bir mətbəələrin regionlarda yaradılması yerli mətbuatın inkişafında önəmli rol oynaya bilər. Söhbət təkcə qəzet redaksiyaları üçün həyati əhəmiyyət kəsb edən, onsuz da az olan maliyyə imkanlarına qənaət etməkdən getmir. Bu günkü sürətli internetonlayn media şəraitində qəzetlərin operativ şəkildə oxuculara çatdırılması daha çox aktuallıq kəsb edir. Bölgələrdə mətbəələrin yaradılması nəhayətdə bəzi qəzetlərin dövriliyini kəskin surətdə artıqmaq imkanı yarada bilər. Məsələn, “Zaqatala” qəzetinin çoxdandır ki, gündəlik qəzet nəşri barədə ayrıca layihəsi işlənib. Hesab edirik ki, müasir dünyagörüşünə malik zaqatalalı oxucular gündəlik rayon qəzetini almağı çox istərdilər. Vaxtaşırı bu barədə bizə müraciət edənlər də az deyil. Lakin reallıq elədir ki, biz bu gün düşündüyümüz və hazırladığımız gündəlik qəzet nəşri layihəsini mətbəələrin olmaması səbəbindən ərsəyə gətirə bilmirik”.

İ.Bəxtiyaroğlu respublikada ilk region qəzetlərindən olanZaqatala” qəzetinin gələn il 90 illik yubileyini qeyd edəcəyini diqqətə çatdırıb. Onun fikrincə, bu qəzetin kollektivi, o cümlədən zaqatalalılar üçün mühüm bir hadisədir: “Zaqatala” qəzeti 90 il ərzində mətbu sözün kəsərinin artırılmasına, jurnalist nüfuzunun və şərəfinin yüksək səviyyədə qorunmasına böyük səylər göstərib. Biz əminik ki, qəzetimizin 90 illik yubileyi Zaqatalamızın tarixində geniş iz qoyacaq bir hadisə kimi qeyd ediləcək. Bakı şəhərindən və regionlardan tədbirimizə çoxlu sayda qonaqların gələcəyi, bu unudulmaz anları bizimlə birgə bölüşəcəyi şəksizdir”.

 

 

BƏXTİYAR

 

525-ci qəzet.- 2012.- 16 avqust.- S.2.