Jurnalist, maarifçi
və ictimai xadim Əsgər
ağa Gorani Gəncədə
yad
HƏSƏN
BƏY ZƏRDABİNİN TƏLƏBƏSİ VƏ ƏMƏL
DOSTU MİLLİ MƏTBUATIN 137 İLLİYİNDƏ
EHTİRAMLA ANILIB
Builki
Milli Mətbuat Günü bəlkə də Gəncədə
son illərin sözün əsl mənasında ən dəyərli
sayıla bilən bir ictimai aksiya ilə yaddaşlarda qalacaq. Azərbaycan
milli mətbuatının yaranmasının 137-ci
ildönümü günü Gəncədə fəaliyyət göstərən qəzet,
jurnal və informasiya agentliklərinin əməkdaşları,
eləcə də televiziya kanallarının bölgədəki
təmsilçiləri yəqin ən azı son 50 ildə ilk
dəfə olaraq, görkəmli maarifçi, ictimai xadim və
Azərbaycanın ilk jurnalistlərindən olan Əsgər
ağa Goraninin məzarı önünə qərənfillər
qoyublar.
Həsən
bəy Zərdabinin tələbəsi və məsləkdaşı
olan Əsgər ağa Gorani 1910-cu ildə 53 yaşında vəfat
edib və Gəncənin qədim
“Səbzikar” qəbiristanlığında dəfn olunub.
Nə qədər utancdoğuracaq olsa da, görkəmli maarifçi, publisist, teatr xadimi (!), xeyriyyəçi və nəhayət, güclü ictimai fiqur (o, ömrünün son illərində Gəncə şəhərinin indiki dillə desək, meri işləyib) olmuş Əsgər ağanın Gəncə memarlıq ənənələri üslubundakı məqbərəsi onilliklər ərzində bərbad hala düşmüş; hətta içərisi geniş olduğundan, bir növ qəbiristanlığın taxta, daş, sement anbarına çevrilmişdi. Amma bu qədim qəbiristanlıqda nəhayət təmir işlərinə başlanması xəbəri bir ümid müjdəsi kimi yerli media əhlini də bura cəm edib.
“Qarabağnamə”nin müəllifi olan Mirzə Adıgözəl bəyin nəvəsi, 1857-ci ildə Gəncə (Yelizavetpol) qəzasının Goran kəndində dünyaya göz açan Əsgər ağa Haqverdi ağa oğlu Adıgözəlov-Gorani ilk təhsilini Gəncə şəhər məktəbində aldıqdan sonra Bakıda gimnaziyada oxuyub və oranı qızıl medalla bitirib. Sonra Moskvada Petrovski-Razumovski adına Kənd Təsərrüfatı və Meşəçilik Akademiyasında torpaqşünaslıq üzrə ali təhsil alıb.
Hələ gimnaziya tələbəsi ikən o, müəllimi Həsən bəy Zərdabinin təşəbbüsü ilə tamaşaya qoyulmuş Mirzə Fətəli Axundov komediyalarında baş rolları ifa edib. Azərbaycan milli teatrının yaranması faktı kimi tarixə düşmüş, 1873-cü ilin martın 10-da oynanılan “Hekayəti vəziri xani Lənkəran” tamaşasında Teymur ağa, bir qədər sonra, aprelin 17-də göstərilən “Hekayəti mərdi xəsis”də isə Hacı Qara rollarını ifa edən Əsgər ağa ilk səhnə aktyorlarımızdan sayılır.
Moskvada təhsil alarkən Azərbaycanın ilk mətbu orqanı olan “Əkinçi” qəzetinin ən fəal yazarlarından olan Əsgər ağanın bu qəzetdə 39 məqalə və məktubu çap olunub. Yaranmaqda olan müasir baxışlı milli ziyalı təbəqəsinin öncüllərindən olan Əsgər ağanın istər məqalələri, istər də müəllimi Həsən bəyə və dostlarına yazdığı məktubları onun maarifçi-tərəqqipərvər fikir və əməlinin kiçik nümunələridir. Bu məktublardan Əsgər ağanın xalq arasında maarif işinin gücləndirilməsinə dair fikirləri, onun məktəblər üçün riyaziyyat, tarix, coğrafiya və əlifba kitabları tərtib etdiyi (!), Gəncəyə dönərkən burada jurnal nəşr etmək niyyəti və digər ideyaları aydınlaşır.
Yaradıcı və bədii zövqə malik Əsgər ağa həmçinin Ağa Məhəmməd Şah Qacarın Qafqaza yürüşündən bəhs edən “Qara yel” tarixi romanının, “Qocalıqda yorğalıq” pyesinin və “Hənək, hənək, axırı dəyənək” vodevilinin (!) , A. S. Puşkin və M. Y. Lermontovdan tərcümələrin müəllifidir.
Ali təhsilini başa vurduqdan sonra Əsgər ağa bir müddət Tiflis və Kutaisdə, daha sonra Gəncəyə qayıdaraq burada bir sıra dövlət vəzifələrində çalışıb. 1905-ci ildə isə gəncəlilər bu nəcib şəxsiyyəti özlərinə rəhbər seçiblər. Ömrünün son 5 ilində Gəncə şəhər Bələdiyyəsinin sədri işləyən Əsgər ağa Gorani özünün maarifçilik və xeyriyyəçilik əməlləri ilə tarixə düşüb. Onun təşəbbüsü və bir çox hallarda vəsaiti ilə Gəncədə biri qızlar üçün dörd məktəb, bir xəstəxana açılıb, sahil bağı salınıb, yollar və küçələr abadlaşdırılıb, yeni binalar inşa edilib, dahi Nizaminin qəbri təmir olunub...
102 il əvvəl Əsgər ağanın dəfninə böyüklü-kiçikli bütün Gəncə gəlibmiş. Zaqfqaziyanın bütün qəzetləri ona xatirə yazıları dərc ediblər. Gəncəlilər Əsgər ağanın məzar-türbəsinin də “Səbzikar”da ən hündür olmasını qərarlaşdırıblar.
Məyər ol Əsgəri-Gorani gələ,
Neçə məktəb gələ dəxi əmələ.
Seyid Əzim Şirvaninin bu sətirləri neçə nəslin dilinin əzbəri olub. Demək olar ki, 20-ci əsrin 50-ci illərinədək “Əsgər ağa” türbəsi Gəncə ziyalıları üçün nəcib əməllərə abidə simvolu olub. Amma onilliklər keçdikcə, Əsgər ağanın müasirləri və onların övladları həyatdan köçdükcə, zaman-zaman nəcibliyin yerini başqa “dəyərlər” tutduqca, “Əsgər ağa” türbəsinin adı, orada kimin uyuması faktı belə unuduldu.
Amma “su gələn arxa bir də su gələr” axı... Son vaxtlar ölkəmizdə, xüsusən Gəncəmizdə milli dəyərlərə və bu dəyərləri yaratmış şəxslərə həssaslıq nümayiş etdirilməsi, şəhərin görkəminin və mənəvi mühitinin sahmana salınması cəhdləri, elə bu çərçivədə qədim “Səbzikar”ın və orada uyuyan Əsgər ağa Gorani, Abdulla Tovfiq Sur, Məşədi Cəmil Əmirov və digər dəyərli isimlərin son məkanlarının da abad olacağına inam doğurur.
Zakir MURAD
Gəncə
525-ci qəzet.- 2012.- 17 avqust.- S.4.