Alim ömrünün dəyərli bəhrələri  

 

PROFESSOR QƏZƏNFƏR PAŞAYEVİN ƏSƏRLƏRİ HAQQINDA DÜŞÜNCƏLƏRİM

 

Mənim görkəmli alim, filologiya elmləri doktoru, professor Qəzənfər Məmməd oğlu  Paşayevlə tanışlığım ilk öncə qiyabi olub. Yəni mən onu keçən əsrin 60-70-ci illərində mətbuatda (“Ədəbiyyat qəzeti”, “Azərbaycanvə “Ulduzjurnallarında və bəzi başqa mətbuat səhifələrində onun özünün çap etdirdiyi və ya haqqında çap olunmuş məqalələr vasitəsilə tanımışdım. Onun İraq Respublikası, orada yaşayan qardaşlarımızkərküklülər, onların folkloru haqqında məqalələri məndə böyük maraq və onunla şəxsən tanış olmaq arzusu oyatmışdı. Tale bu arzumu qısa müddətdə gerçəkləşdirdi. Böyük dostum Abbas  Zamanovun xeyirxah evində onunla tanış olmaq  xoşbəxtliyi mənə nəsib oldu. 1980-cü illərin ortaları idi. Təzəcə doktorluq dissertasiyası müdafiə etmişdim. Bakıya səfərlərimin hamısında Abbas müəllimgilə getmək, onunla və arvadı Asya xanımla görüşmək bir ənənəyə çevrilmişdi. Hər dəfə də onlara gedəndə mütləq bir görkəmli ziyalı ilə tanış olmaq mənim bəxtimə yazılmışdı. Mən bu evdə cənublu  professor  Həmid Məmmədzadə, AMEA-nın müxbir üzvü Əliheydər Orucov və başqaları ilə tanış olmuşdum. Bu dəfə qismətimdə Qəzənfər Paşayev var imiş. Mən onlara yenicə getmişdim ki, qapının zəngi çalındı. Cavan, yaraşıqlı bir gənc içəri daxil oldu. Abbas müəllim sevincəkAlim dostum Qəzənfər Paşayev, yenicə İraqdan gəlmişdir”, – deyə bizi tanış etdi. Biz tanış olanda artıq 40 yaşı keçsə də,  o mənim gözümdə daha cavan görsənirdi. Söhbət təbiidir ki, İraqdan, orada  yaşayan dilibir  qardaşlarımızdan, onun özünün son yazılarından gedirdi. Bu ilk görüşdə mən savadlı, mədəni, söhbətcil bir alim qardaşımla tanış olmağımdan məmnun qaldım. Təxminən bir saat şirin söhbət etmişdik. Q.Paşayev kiminləsə görüşəcəyindən tez getdi. O gedəndən sonra Abbas müəllim onun haqqında mənə ətraflı məlumat verdi. Qəzənfər müəllimin elmi uğurlarından söz açdı. Şəxsi keyfiyyətlərindən danışdı. Bir cümlə ilə fikrini tamamladı. “Qəzənfər olduqca saf, dostpərəst, xeyirxah  insandır: Belə  dostlar  indi az olur”. Bu cümlə məndə yeni tanışım haqqında tam olmasa da, aydın təsəvvür oyatdı. Abbas müəllimin Əziz Şəriflə, M.Cəfər müəllimlə dostluğunun artıq 40-50 ili  keçdiyini bilirdim. Abbas müəllim təsadüfi adamla dostluq edə bilməzdi. Ona görə də Qəzənfər müəllim haqqında dediyiBelə dostlar indi az olurcümləsi mənim üçün yeni tanışım  haqqında çox şeylər deyirdi. Abbas müəllim Qəzənfər Paşayevin xarakterinin bəzi keyfiyyətlərını də açıqladı, xüsusən onun xeyirxahlığı haqqında bəzi məqamları dedi. Sonralar Qəzənfər müəllimlə arabir görüşdükcə onun bu keyfiyyətlərini aydın görürdüm. Qəzənfər müəllim kimə isə etdiyi hörmət, göstərdiyi qayğı haqqında bir kəlmə də olsa danışmazdı. Abbas müəllim demişkənSağ əlin verdiyini, sol əl bilməməlidir”. Beləliklə, xüsusən 90-cı illərdən bizim münasibətimiz sıxlaşdı. Bir-birimizə kitablarımızdan bağışlamaq ənənəsi yarandı. Qəzənfər müəllim Naxçıvan Dövlət Universitetinin Müdafiə Şurasında tez-tez iştirak edir. İddiaçılar haqqında xoş sözlər deyir, məsləhətlər verir. Rektorumuz akademik İsa Həbibbəyli ilə dostluğu bizim münasibətlərin möhkəmlənməsində mühüm rol oynamışdır.

Xalq şairi Rəsul Rzanın Q.Paşayevin “İraq-Kərkük bayatıları” kitabında oxuduğumNeçə əsrdir ki, Kərkük, Ərbil, Mosul dolaylarında yaşayan, dili, adət və ənənəsi ilə hakim ərəb xalqına heç bir bənzəyişi olmayan, sayı yarım milyona yaxın bir xalq tarixini, milli xüsusiyyətini, möhnət və sevincini, arzularını, ümidlərini şeirin sehrkar dili ilə ölümsüz xoyrat, bayatı və mahnılarında ifadə etmişdir. Bu xalqıntürk dilli iraqlılarınharadan, nə zaman bura gəldikləri haqqında müxtəlif fikirlər vardır. Bu böyük insan kütləsi hansı irqə, hansı millətə mənsubdur? Hansı xalqın zülmlə qoparılmış canlı qəlpəsidir? Hansı mədəniyyətin varisi, hansı tarixi-ictimai hadisələrin burulğanına düşüb nəhayət, İraqın Şimal nahiyələrində oturaq olmuşdur? Bu hansı qəbilə, hansı elatdır? (İraq-Kərkük bayatıları. Bakı, “Yazıçı”, 1983, səh. 8) sözləri məni gənc alimin yaradıcılığını ətraflı öyrənməyə ruhlandırdı.

Q.Paşayev kitabın müqəddiməsində yazır: “Kərküklü tədqiqatçı İrmağın dediyiVətən torpağı kiçilib genişlənə bilər, tamamilə əldən çıxa bilər, sərhədləri tükənə bilər, hətta şan və şərəfi tapdalana bilər, dini dəyişdirilə bilər. Lakin bir şey dəyişmir. Qalan bu tək varlıqana dilidirfikrində böyük bir həqiqət, məşhur:

 

Dilim, dilim,

Kəs qovun dilim, dilim,

Mən dilimdən vaz keçməm,

Olursam dilim, dilim.

 

bayatısı ilə məntiqi bir bağlılıq vardır. Yoxsa kim bilir, əsrlərlə xalqın yaratdığı mənəvi sərvətlər tarixin hansı ilişkənəsində ilişib qalar, zehnlərdən silinərdi. O cümlədən də heyrətamiz poetik gücü və zənginliyi ilə seçilən  “Kərkük bayatıları”.

Bu ritorik suala cavab kitabın məzmununu təşkil edir. Başqa sözlə desək, kitabda bunların cavabı ətraflı şərh olunmuşdur.

Bu sualların dolğun cavablarına dair gətirdiyi onlarla nümunə  Kərkük xoyratları və Azərbaycan bayatıları arasındakı oxşarlığı, eyniliyi təsdiq  edir. Bu iki xalqın eyni düşüncə tərzinə, eyni ruha, eyni kökə malik olduğu qənaətinə gəlir.

Q.Paşayev xoşbəxt taleli qələm sahibidir. Onun “Altı il Dəclə Fərat sahillərində” (Bakı, Yazıçı, 1985) kitabı Azərbaycanda və İraqda ən çox sevilən, böyük  tirajla çap olunan kitab kimi tarixə düşdü.

Qəzənfər Paşayev  kitabın ilk səhifələrində  yazır: “749-cu ildə Abdulla Əbdül Abbas xəlifə  elan edildi və Abbasilər xilafətinin əsası qoyuldu”. Onun vəfatından sonra xalq arasında Əl-Mənsur – “qalib” ləqəbi  alan Əbu Cəfər müəllifin xəyalında canlanır. “Əl-Mənsur 762-ci ildə Bağdad şəhərinin əsasını qoyur. Harun ər Rəşid (787-809) bu şəhərin şöhrətini daha da artırır. Vaxtilə “Xaqani də bu şəhəri ziyarət etmişdir” – deməklə böyük Azərbaycan şairini xatırlayır. “Biz İraqa  Bağdad şəhərinin 1200 illiyinin bayram edildiyi  1962-ci il dekabrın 2-də gəlmişdik”. O, Bağdadı müasir dünyanın ən gözəl şəhərlərindən biri hesab edir. Bağdadda yaşayan azərbaycanlıların bayatılarından  söz açır:

 

Bağdadda xurmalıxlar,

Suda oynar balıxlar.

Nə böylə sevda olsun,

Nə böylə ayrılıxlar.

 

Yunanlar İraqı Mesopotamiya – “İki çay arası” adlandırmışlar. Dəclə və Fərat çayları buradadır. Onlar Türkiyədən baş alaraq gəlir.

Nəcəf  şəhərində vaxtilə naxçıvanlıların tikdirdiyi “Bakı məktəbi” də vardır.

“Füzulinin nəvə-nəticələri arasında” fəslində  Kərkük vilayəti, onun əhalisi (“türkman” adlanır), xalqın tarixi haqqında ətraflı məlumat verilir.

Kərkük xoyrat və maanilərini nəşr etmiş cənab Tərzibaşı kitabına yazdığı maraqlı və qiymətli məqaləsinin bir çox yerində İraqın türk dilli əhalisinin  ən çox Azərbaycan xalqına yaxın olduğunu söyləyir. O yazır: “Bizim xoyrat və maanilərlə ilgilisi ən yaxın olanı, mühəqqəq   azəri olanlarıdır”.

İraqın türk dilli sakinləri azərbaycanlılara çox yaxındırlar. Təbriz ləhcəsi, Kərkük xoyrat və maanilərinin demək olar ki, əsas ləhcəsidir:

 

Oxunmuri,

Dərdim çox, oxunmuri.

Məcnun təkin gəzirəm,

Göz yara toxunmuri.

 

Burada elə xoyratlar vardır ki, onların əkizini cənub bayatılarında görürük:

 

Əyil yaylığın götür,

Mən götürsəm söz olar.

 

(Kərkük)

 

Qız, dəsmalını qovza,

Mən qovzasam söz olar.

(Cənubi Azərbaycan)

 

Bu misraların eyni hiss və ilham mənbəyindən su içdiyi aydındır.

 

Bülbül kişidi gəldi,

Dərdə tuş idi gəldi.

Bülbül gül havasına

Hələ qış  idi gəldi.

 

Kərkükdə Azərbaycanla bağlı çoxlu faktlar vardır. İraqda Ağdam, Ağdaş, Ağsu, Boyat, Qarabulaq, Qaraqoyunlu, Qaradağ, Əmirli, Yayci, Yengicə, Mərdinli, Üçtəpə, Çardaqlı və s. yer adları bizdə olduğu kimidir və orada azərbaycanlılar yaşayır.

Qəzənfər Paşayev böyük ədəbiyyatşünas alim, professor Fuad Köprülüzadənin İslam Ensiklopediyasında qeyd etdiyi bu cümləni misal gətirir: “İraq türkmanları, yəni oğuzcanın azəri türkcəsini qonuşan türklər”.

Kitabda Qəzənfər Paşayevin Kərkük alimləri ilə məktublaşmasına da geniş yer verilmişdir. Bu məktublarda xalqın adət-ənənəsi haqqında ətraflı məlumat verilir.

Kitabın birinci nəşrindən sonra onun haqqında bir neçə maraqlı rəy çap olunmuşdur. Tanınmış şair və ədəbiyyatşünas alim Qasım Qasımzadə də kitab haqqında “Ömrün əbədiləşən illəri” adlı maraqlı məqalə yazmış və çap etdirmişdir. (“Ulduz” jurnalı, 1986-cı il). Nəşriyyat bu yazını “Son söz əvəzi” kimi kitabın  yeni nəşrinə (1987) daxil etmişdir.

Qəzənfər Paşayev tərtib etdiyi “Kərkük folklor antologiyası”na (Bakı, Azərnəşr, 1987, təkrar nəşr, 1990) ön sözdə yazır: “Taleyimi “Bilmirəm haralıyam, torpağım-daşım qərib” deyən bu elatın – İraqda yaşayan, sayı 600 mindən artıq olan kərküklülərin taleyi ilə bağladığım 1963-cü ildən bu günə qədər Kərkük folklorunun zənginliyi məni məftun etmiş, sehirləmişdir. O vaxtdan bəri bu qeyri-adi xalq müdrikliyinin əfsunu əsl məhəbbətə çevrilmiş, “Kərkük bayatıları” (1968), “Arzu-Qənbər” dastanı” (1971), “Kərkük mahnıları” (1973), “İraq-Kərkük atalar sözləri” (1978), “İraq Kərkük bayatıları” (1984), “Kərkük tapmacaları” (1984), “Altı il Dəclə Fərat sahillərində” (1984) kitablarının, onlarla məqalələrin, eləcə də Kərkük dialektinə həsr olunmuş namizədlik dissertasiyasının yazılmasına səbəb olmuşdur. Burada insanın qəlbini riqqətə gətirən, xalqın əsrlərlə yaratdığı, göz bəbəyi kimi qoruyub yaşatdığı saysız-hesabsız  incilər vadır”.

Qəzənfər Paşayev ön sözdə daha sonra yazır:  “Kərkük folkloru antologiyası” kitabının hər səhifəsində əziz oxucular, folklorumuza bir doğmalıq, yaxınlıq və hətta eyniyyət görəcək, qeyri-adi ürəyinizdən keçirəcəksiniz: “Elə bu bizdə də belədir”.

Antologiyada inam və etiqadlar, adət və ənənələr, xeyir-dua, arzu-dilək, tapmacalar, atalar sözləri və məsəllər, vəsflər, bənzətmələr, deyimlər, nağıllar və dastanlar, xoyratlar, lətifələr, Molla Nəsrəddin töhfələri, Mollanın nəvə-nəticələrindən töhfələr,  xalq mahnıları, beşik nəğmələri, uşaq folkloru, Kərkük dünyası başlığı altında onlarla nümunə verilmişdir.

2003-cü ildə “Elm” nəşriyyatı Qəzənfər müəllimin irihəcmli (320 s.)  “Kərkük folklorunun janrları” adlı monoqrafiyasını nəşr etmişdir. Kitaba Türkiyə, Erçiyes Universitetinin (Kayseri) professoru  Mahir Naqib “Abidə bir əsər” adlı maraqlı ön söz yazmışdır.

“Sovet dönəmində türk xalqlarıın ədəbi-mədəni mövzularda tədqiqatlarında yaşadıqları rejimin ideologiyasının tələblərini gözləmək əsas şərt idi. Hətta türk dünyasının mədəniyyətinin eyniliyini demək suç hesab olunurdu. Ancaq bəzi istisnalar olurdu”. Bu istisnalarından biri, bəlkə də ən önəmlisi dəyərli elm adamı Qəzənfər Paşayevin göstərdiyi xidmətlərdir. Q.Paşayev XX əsrin 60-70-ci illərində altı il İraqda bir rus firmasında ingilis dili üzrə mütərcim işlədiyi vaxt, gecəsini gündüzünə qataraq İraq türkləri barədə folklor materialları toplamış, İraq türklərinin şair, ədəbiyyatçı və araşdırmaçıları ilə tanış olmuş, yazılı və şifahi qaynaqlara nüfuz etmiş, çox zəngin bir kolleksiya ilə məmləkətinə – Azərbaycana dönmüşdü. Həmin tarixdən sonra bir ipligə incə danələri düzən kimi, qiymətli kitablarını sıralamağa başlamışdır. Bu kitablar Quzey Azərbaycanda illər ərzində həm də siyasi rejimin ən sıx olduğu dönəmdə ənənəyə çevrilən bir cığır açmışdır. Kitabların azəri ziyalılarına təsiri özlüyündə bir tədqiqat mövzusudur...

...Qısası, XX yüzilin Azərbaycanı İraq türkünü  Qəzənfər Paşayevlə yenidən kəşf etmişdir. Əslində Azərbaycan ziyalısı İraq türklərini 1959-cu ildə bir təsadüf nəticəsində Kərkükü ziyarət edən azəri şair və ədəbiyyatçıları Rəsul Rza, Bəxtiyar Vahabzadə və Qasım Qasımzadə ilə tanımışdır. Ayrıca XX əsrin 60-cı illərində Bakıda yaşayan kərküklü Sinan Səidin də bu tanışlıqda böyük rolu olmuşdır. Amma onların heç birinin Q.Paşayevin çalışmaları qədər dərin iz buraxmadığı aydındır”.

Ön söz müəllifi onu da nəzərə almışdır ki, Q.Paşayev İraq xaricində İraq türklərinin folkloru mövzusunda doqquz kitab nəşr etdirən  (sonralar onların sayı artdı) ilk və tək elm adamıdır. 

“1991-ci ilin mart ayında Azərbaycana birinci ziyarətimdə ilk işim Q.Paşayevi aramaq olmuşdur. İlk görüşdə bir-birimizə o qədər tez yaxınlaşdıq ki, sanki illər idi bir-birimizi tanıyırdıq. İlk diqqətimizi çəkən xüsusiyyət Kərkük folklorunun Paşayevin ailəsində də yaşaması idı. Bir zamanlar tək torpaq parçası halında olan Kərkük və Azərbaycan, XX yüzilin başlarında iki ayrı ada halına gəlmişdir. Bu gün iki adanı bir-birinə bağlayan körpünün memarı Q.Paşayevdir”.

Monoqrafiyada Kərkük folkloru janr baxımından təsnif edilir, onun epik, lirik növləri məzmun və poetik quruluşuna görə araşdırılır.

Q.Paşayevin “Ədəbiyyatşünaslıq elmimizin patriarxı” (Bakı, “Ozan”, 2010) kitabı akademik Bəkir Nəbiyevin 80 illik yubileyinə həsr edilmişdir. Filologiya elmləri doktoru Asif Rüstəmlinin ön sözü ilə nəşr olunmuş kitaba müəllif müxtəlif illərdə qələmə aldığı yeddi məqaləni daxil etmişdir. Bu məqalələrdə Bəkir müəllimin portret cizgiləri, şəxsi keyfiyyətləri, yaradıcılığının əsas məziyyətləri ümumiləşdirilmişdir.  “Nə yaxşı dünyada yaxşı var imiş” məqaləsində müəllif Bəkir müəllimin çoxlarına nümunə ola bilən dolğun və mənalı  həyat yolunun gərgin olduğuna diqqəti cəlb edir. “Onda həyat eşqi çox güclüdür. Yaşamaq isə belə adamlar üçün yaratmaq deməkdir” fikri məqalədə konkret nümunələrlə öz təsdiqini tapır.

1994-cü ildə böyük Füzulinin 500 illik yubileyi münasibətilə İraq və Türkiyə səfərində Bəkir müəllimlə yol yoldaşı olmuş Qəzənfər müəllim  bir neçə gün davam edən bu ciddi səfərdə onun səmimiliyi, xeyirxahlığı, söhbətcilliyi haqqında öz təəssüratını oxucularla bölüşür.

Qəzənfər Paşayev sonrakı yazısını Bəkir Nəbiyevin “Heydər Əliyev haqqında etüdlər” kitabına həsr etmişdir. H.Əliyevin XX əsrin sonlarında Azərbaycanı fəlakətdən xilas etməsi kitabda konkret faktlarla qələmə alınmışdır. H.Əliyev Məkkə ziyarətinə gedəndə görkəmli ziyalılardan da bir dəstəsini öz təyyarəsində aparmışdır. Bu faktın özü ulu öndərin ziyalılara münasibətini göstərmək üçün kifayətdir. Kitabda H.Əliyevin dilimiz, elmimiz, ədəbiyyatımız, incəsənətimiz, mədəniyyətimizlə bağlı gördüyü misilsiz işlər yüksək qiymətləndirilmişdir. Bu bölmədə H.Əliyevin dahi şair H.Cavidin cənazəsinin uzaq Sibirdən gətirilməsindəki rolunu həyəcansız oxumaq mümkün deyil.

H.Əliyevin Türkiyədə keçirilən “Füzuli–500” tədbirlərinə  Azərbaycan nümayəndə heyətini öz təyyarəsində aparması  da dahi öndərin görkəmli ədəbiyyat xadimlərinə münasibətini bildirmək üçün maraqlı faktdır.

Kitabda Qəzənfər Paşayevin maraqlı məqalələrindən biri də onun B.Nəbiyevin “Seçilmiş əsərləri”nin beşinci cildinə yazdığı ön sözdür. Kitabdakı “Ədəbiyyatşünaslıq elmimizin təntənəsi” adlı məqalədə “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” kitabının yeni nəşri qiymətli töhfə kimi dəyərləndirilmişdir.

Kitab ömrünün 60 ilini ədəbiyyatşünaslıq elminə həsr edən, onun inkişafında xüsusi xidmətləri olan görkəmli alim, sadə və təvazökar insan, akademik Bəkir Nəbiyevin 80 yaşına həsr olunmuş “Ədəbiyyatşınaslıq elmimizin patriarxı” məqaləsi ilə tamamlanır.

Q.Paşayevin “Borcumuzdur bu ehtiram” kitabında (Bakı, “Ozan”, 2010, 240 səh.)  S.Vurğun, Rəsul Rza, Ə.Cəfərzadə, B.Vahabzadə, Məmmədağa Şirəliyev, Abbas Zamanov, Yaşar Qarayev, Nigar Rəfibəyli, Hüseyn Arif, kərküklülərdən: Ehsan Doğramacı, məşhur müğənni Əbdülvahid Küzəçioğlu, Sinan Səid, Əbdüllətif Bəndəroğlu, Mövlud Taha Qayaçı və b. həsr olunmuş məqalələri oxucu rəğbəti qazanmışdır.

Q.Paşayevin qiymətli tədqiqatlarının bir qismi qüdrətli şairimiz Nəsimiyə həsr olunmuş “Nəsimi haqqında araşdırmalar” kitabında toplanmışdır. (Bakı, “Qarabağ”, 2010, 168 s.) Qəzənfər Paşayevin Nəsimi yaradıcılığına marağı təsadüfi deyildir. Hələ keçən əsrin 80-ci illərində o, “Nəsiminin divanının İraq nüsxəsi”ni  (“Yazıçı”, 1987) nəşr etdirməklə ədəbiyyat tariximizə qiymətli töhfə bəxş etmişdir.

Müəllif “Nəsimi divanının İraq nüsxəsi” və naməlum şeirlər” adlı ilk məqaləsində göstərir ki, Nəsiminin İraq divanını tanınmış İraq alimi Ə.Bəndəroğluna Kərkük vilayətinin Tus Xurmatu qəzasının Bəşir kəndində yaşayan, yaşı yüzü keçmiş, özünü Şah İsmayılın nəslindən hesab edən Səid Heydər töhfə etmişdir. Q.Paşayevin belə bir nadir nüsxəni çap etdirməsi Nəsimişünaslıqda layiqli xidmətdir.

Q.Paşayev məqalədə Nəsiminin qəbrinin üzə çıxarılmasında xalq şairi Rəsul Rzanın  müstəsna xidmətlərini yüksək qiymətləndirmişdir. Rəsul Rza 1968-ci noyabr ayında Suriyada səfərdə olarkən Hələb valisi ilə görüşür, Nəsiminin məzarı ilə bağlı ona müraciət edir. Vali köməkçisinə tapşırıq verir. 15-20 dəqiqədən sonra köməkçi Nəsiminin qəbrinin Hələbdə olması barədə xəbər verir və şair oranı ziyarət edir.

Q.Paşayev “Nəsiminin həyat və yaradıcılığına yeni baxış” məqaləsində yazır ki, Nəsimi dinə qarşı təqsirli bilinərək öldürülməyib. Misir Sultanı Müəyyəd onu osmanlılarla onların arasında düşmənçilik toxumu səpməkdə təqsirli bilərək edamına göstəriş vermişdir.

Q.Paşayev “Şeyx Nəsimi, tarixi həqiqətlər, həyəcanlı anlar” məqaləsində 10-17 noyabr 2008-ci ildə Suriya səfərinin əhəmiyyətini xüsusi vurğulayır. Onlar burada Nəsiminin məqbərəsinin baxıcısı ucaboylu Məhəmməd Nəsimi ilə tanış olmuşdular. Q.Paşayev yazır: “Təsadüfə bax, Məhəmməd Nəsimi M.Abdullayevin “Nəsimi” portretinə və Rasim Balayevin yaratdığı Nəsimi obrazına oxşayırdı”.

Nəsiminin məzarı üstündə ərəb dilində yazılmışdır: “Bu, şəhid bəndə, böyük sufi arif, Allahın dostu, Şeyx Əli İmadəddin Nəsiminin qəbridir. O, 824 hicri ilində (əslində 820  hicri – Q.P.) şəhid olmuşdur. Allah ona rəhmət eləsin. Qəbri müqəddəs olsun. Gözəl hərflə yazılmış “Həzrət Nəsimi təkyəsi” lövhəsinin aşağısında onun haqqında belə məlumat verilmişdir: “Nəsimi təkiyəsi qədim bir məscid idi. Burada 820 hicri, 1417 miladi ilində İmadəddin  Nəsimi dəfn edilmişdir. Təkyə onun adı ilə adlandırılmışdır. Bu, Məmlük Sultanı Məlik əl-Müəyyəd Şeyxin zamanında (Məmlük dövründə) olmuşdur”. “İraq divanı və biz” məqaləsində Ə.Bəndəroğlu və Q.Paşayevin bu məsələ ilə bağlı görüşləri şərh edilmişdir. Tədqiqatçı “Nəsimi irsinin tədqiqi və nəşri tarixinə bir nəzər” məqaləsində Nəsimi irsinin tədqiqinə həm Azərbaycanda, həm də İraqda marağın azalmadığına diqqəti cəlb edir. Kitab mövzu ilə bağlı olduqca maraqlı fotoşəkillərlə tamamlanmışdır.

Q.Paşayev həm də dəyərli dilçi alimdir. Onun “Kərkük dialektinin fonetikası” monoqrafiyası. (Bakı, “Elm”, 2003) və “Dilimiz-varlığımız” (Bakı, “Ozan”, 2011) əsərləri deyilənlərə  sübutdur. “Dilimiz-varlığımız” IV fəsildən ibarətdir.

I  fəsildə “Kitabi-Dədə Qorqud”, İraq türkman ləhcəsi və ədəbi dilimiz”,  “Azərbaycan dilinin qərib dialektləri”, “ABŞ-da Azərbaycan dilinə dair araşdırmalar”, “İraq türkman tarixinə və dialektinə bir baxış” məqalələri  yer alır.

Kitabın II fəsli – “Qürur duyduğumuz tarixi şəxsiyyətlər” adlanır. Bu fəsildə Mirzə Kazımbəy, M.F.Axundzadə, Məmmədağa Şirəliyev haqqında məqalələr verilmişdir.

Əsərin “Çağdaş dilçilərimizin yaradıcılığından etüdlər” adlı III fəslində  Tofiq Hacıyev,  Qəzənfər Kazımov, Zirəddin Xasıyev, Nigar Vəliyeva və başqaları, həmçinin “Azərbaycanca-ingiliscə lüğət”; 2003), Azərbaycanca-ingiliscə-rusca frazeoloji lüğət; 2011) kitablarının müəllifi,  BDU-nun Xarici dillər kafedrasının müdiri Abbas Abbasova həsr olunmuş məqalələr yer alır.

Kitabın sonuncu IV fəsli İngilis dilinin tədqiqi problemlərinə həsr olunmuşdur. Kitab bütövlükdə Qəzənfər Paşayevin alimlik qüdrətini, axtarış cəsarətini təsdiq edən uğurlu nümunədir.

Onu da deyək ki, professor Q.Paşayevin iştirakı və maddi dəstəyi ilə AMEA-nın Dilçilik İnstitutunun Dialektologiya şöbəsinin əməkdaşları “İraq-türkman ləhcəsi” adlı sanballı elmi əsər yazaraq çap etdirmişdir (Bakı, “Elm”, 2004, 422 səh.).

Professor Q.Paşayevin elmi əsərləri İraq, Türkiyə, İran və Azərbaycanda, eləcə də Qərb aləmində çap olunur. Tədqiqatçının ABŞ-da, nüfuzlu jurnallarda İraqda yaşayan qardaş-bacılarımıza və Füzuliyə həsr olunan məqalələrinin dərc olunması çox mətləblərdən, alimin səviyyəsindən söz açır.

Q.Paşayev, ümumiyyətlə, 40-dan artıq kitabın müəllifi və tərtibçisidir. Onların arasında Paşayevin şah əsəri hesab olunan “İraq-türkman folklorunu” xüsusi qeyd etmək istərdim. Bu əsər Bakıda (1992, 2003),  Bağdadda (1995), İstanbulda (1998), Tehranda (2008) çap   olunmuşdur. (Onu da deyim ki, bu məqalədə yalnız Q.Paşayevin mənə hədiyyə etdiyi kitablardan söz  açmışam).

Onun tərtib etdiyi kitablar sırasında “Qoca Azaflıyam...” (Bakı, 2007, 760 səh.) əsəri də vardır. Burada tədqiqatçı bütün aşıq şeir  şəkillərindən söz açır və təsdiq edir ki, Azaflı Mikayıl bütün aşıq şeir  şəkillərində əsərlər yaratmışdır, bu da şair-aşığın istedadının göstəricisidir.

Professor Q.Paşayevin çoxsaylı kitabları  arasında məxsusi yeri  olan kitablardan biri də  “Nostradamusun möcüzəli aləmi” əsəridir (Bakı, “Təhsil”, 2007, 750 səh.) Bu əsər müəllifin yeddi illik gərgin əməyinin məhsuludur. Müəllif “Ömür kitabı” başlıqlı qısa ön sözdə yazır: “Yaradanın iradəsi və ilahi vergi sayəsində özündən çox-çox sonralar yer üzündə baş verəcək əlamətdar hadisələri tarixi mərhələlər üzrə görmüş Mişel Nostradamusun möcüzəyə bənzər həqiqətlərdən, labüd olaraq baş verəcək hadisələrdən bəhs edən katrenlərini tədqiqat süzgəcindən keçirdikcə şüurlu həyatım boyu cavabını tapmağa aciz olduğum, ürəyimdə tərəddüd və şübhələrlə götür-qoy etdiyim “alın yazısı”; “tale”, “qismət”, “qəzavi-qədər”, “yazıya pozu yoxdur” kimi bəşəri problemlərə bu ahıl vaxtımda cavab tapdım”. Müəllifin verdiyi hökm inandırıcıdır:  “Bu katrenlər bizə bilmək istədiyimiz gələcək aləmdən söhbət açır. Məna və dəyərinə görə Nostradamusun katrenləri heç şeydən, heç kimdən asılı olmayan, bütöv və tamamilə sərbəst bir aləmdir. Bu aləmin daxilinə vardıqca insan riqqətə gəlir. Bu aləm insanın istəyindən asılı olmayaraq gerçəkləşir. Budur Nosradamusun möcüzəli aləminin sirri, sehri və gücü”.

Bu il Qəzənfər müəllim üçün daha uğurlu olmuşdur. “Azərbaycan”, “525-ci qəzet” və “Ədəbiyyat qəzeti”ndə dostumun  7 cildliyinin tam şəkildə nəşr olunduğunu və   Nizami Cəfərov, Vaqif  Arzumanlı, Qəzənfər Kazımov kimi görkəmli alimlərimizin  yazılarını oxuyub sevindim. Müəllif bu qiymətli əsərləri mənə göndərəndə daha artıq fərəh hissi keçirdim. Qəzənfər müəllimin “Seçilmiş əsərləri”nin 7 cildliyinə müəllifin müxtəlif illərdə ədəbiyyatşünaslığa, dilçiliyə, folklora aid tədqiqatları, yazdığı və nəşr etdirdiyi  məqalələri, həmçinin bədii tərcümələri toplanmışdır. Bütövlükdə 7 cildlik müəllifin yaradıcılıq diapazonunun genişliyini və mövzu dairəsinin əhatəliyini bir daha təsdiq edir, onun bir alim kimi elmi marağının miqyasını və səviyyəsini aydın göstərir.

Professor Q.Paşayevın Azərbaycan Milli Elmlər Akademiyasında folklor üzrə şuraya sədr seçilməsi də onun görkəmli alim kimi nüfuzundan xəbər verir.

Görkəmli alim, xeyirxah dost, ləyaqətli ziyalı Qəzənfər müəllimin 75 illiyini ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, yeni yaradıcılıq zirvələri arzulayıram.

 

 

Axundlu Yavuz

 

525-ci qəzet.- 2012.- 18 avqust.- S.28-29.