“Qürbəti kimsə sevməzdi, Şairlər yazmadan öncə

 

 PROFESSOR TOFİQ MƏLİKLİNİN 70 İLLİYİNƏ

 

Qarşımda bir kitab var... özü də adı kimi gözəl olan –“Ayrılıq heykəli”!

Elə ilk səhifəsini açanda ruhumu qanadlandıran avtoqrafa sataşır gözüm: “Duyğuların ən gözəli ilə yaşayan Afaq xanıma, başarılar diləyi ilə... T.M.” Bu sözləri oxuyuram və istər-istəməz gözlərim dolur. Çünki bu avtoqraf şəxsiyyətinə dərin hörmət bəslədiyim, qəriblər diyarında, ədəbiyyat dünyasında özümə ata, müəllim, sirdaş bildiyim, yazılarını dönə-dönə və böyük həvəslə oxuduğum, müdrik alim, təkrarolunmaz şair Tofiq Məlikliyə məxsusdur.

Tofiq bəylə tanışlığımız 2006-cı ildən başlayır. O zamana qədər yalnız haqqında eşitmiş və bəzi şeirlərini oxumuşdum. Lakin 6 il öncə, qızım Nilufər Moris Torez adına Moskva Dövlət Dilçilik Universitetinə daxil olanda, mən Tofiq Məlikli fenomeni ilə real həyatda da qarşılaşdım. Tofiq bəy bu universitetin türkologiya kafedrasının müdiri idi. Qızım, universitetdə öz təfəkkürü, biliyi və işgüzarlığı ilə seçilən, mükəmməl olduğu qədər də sadə və mehriban bir insanın məhz azərbaycanlı olması ilə qürur duyur, haqqında danışmaqla doymurdu. Qızımın bu heyranlığı ailəmizdə hamıya, ən çox da mənə sirayət etmişdi.

Bir müddət sonra, bu qeyri-adi şəxsiyyətin yaradıcılığı ilə yaxından tanış olmağa başladım. 2010 –ci ildə “Nazim Hikmət. Poeziya və poetikası” kitabı işıq üzü gördü. Tirajı çox olmasa da, kimə lazım idisə, tapıb oxuyurdu. Tofiq bəy özü demişkən, “Ciddi əsərləri oxuyanlar ziyalılar, elm adamları və tələbələrdir. İndiki dövr bu cəhətdən qəribə dövrdür; bir detektiv əsər yazılsaydı, tirajı daha çox olardı”.

Tofiq müəllimin əlli illik israrlı araşdırmalarının məhsulu olan, Nazim Hikmətin həyatının ən sirli nöqtələrinə toxunan bu kitab uğur qazanmaya bilməzdi, gözlənildiyi kimioldu.

 

Kitab haqda Tofiq bəy belə yazırdı:

Nazim Hikmətin poetikası ilə yaxından məşğul olan, onu dərindən öyrənən türkoloqların sayı çox azdır. Sovet dövründə onun daha çox inqilabi fəaliyyəti, inqilabi poeziyası, 20-ci illərin inqilabi romantikası önə çıxarılırdı. 80-ci illərdən sonra Nazimi yenidən kəşf etməyə başladılar. Artıq bu gün Nazimin şeiriyyəti və şeir sənəti başqa bir mövqedən dəyərləndirilir.

...Arxiv materialları hadisələrin altında olan münasibətləri meydana qoyur. Bu baxımdan Nazimin Moskva həyatı göründüyü kimi gözəl və problemsiz olmayıb. Tam tərsinə, daxili bir iztirab Nazimin faciəsi halına gəlmişdi. Materialları, yazılan donosları ələ keçirdikdən, Nazimə olan münasibətin nə qədər ikiüzlü bir siyasət olduğunu görəndən sonra böyük bir insanın, həyatının 15 ilini həbsxanalarda keçirmiş böyük bir şairin faciəsi meydana çıxır. Yazıqlar olsun!”

Yuxarıdan gətirdiyimiz sitatdan da Tofiq Məliklinin Nazim Hikmətə olan sevgisi, hörməti və onun yaradıcılığına verdiyi dəyər aydın görünür. O bu cəfakeş, istedadlı şairin yaradıcılığını hər kəsdən daha yaxşı bilir desək, yanılmarıq. Özünə ustad bildiyi, sevə-sevə oxuduğu Nazim Hikmətə ithaf etdiyi şeirlərindən biri də “Ayrılıq heykəli”ndə öz yerini tapıb:

 

...Bir kitab var qarşımda –

Varaq-varaq oxunmuş.

Son səhifəsində bir portret

Mərmərə dalğalarına bənzər

qıvrım saçlar,

üzündə Qızılırmağı xatırladan qırışlar,

mavi gözlərin kənarından

axan həsrət –

şair Nazim Hikmət!

...Oxudum məktublarını, ustad.

Çökdü ürəyimə həzin bir sevinc.

Bəxtiyardım,

Yenə sevdim,

yenə sevdim səni, ustad,

inamına görə,

məhəbbətinə görə,

həsrətinə görə...

 

Bəli! Həsrət yenə həsrət! Bəlkə hər bir dahi yazarın həyatında buhəsrətolmalıdır, bəlkə o, şairlərin alın yazısıdır. Həsrət daşlarından süzülüb gələn misralar bambaşqa olur, ürəkləri oxşayır, yaddaşlara hopur... Bəlkə , o yazıların ölməzliyini saxlayan da, elə onlara qatılan əbədi həsrətdir. Diqqətlə baxsanız, bu hiss Tofiq müəllimin sözləri ilə elə qovuşub ki, onu hüzün həsrətsiz təsəvvür etmək çətindir.

Son illərdə Moskvada keçirilən ədəbi- bədii məclislərdə, yubiley toplantılarında da Tofiq müəllimlə tez-tez üz-üzə gəlirik onun hərtərəfli insan olmasından xəbər verən özünəməxsus çıxışlarını, yerində deyilmiş duzlu-məzəli kəlamlarını eşitdikcə özümü çox şanslı sayıram.

Tofik Məlikli, hələ o aranlıq sovet illərində Türk dünyası mədəniyyət ədəbiyyatları arasında sağlam körpü qurulmasında müstəsna xidmətləri olan bir türk oğlu türkdür olmuşdur. Həm o, türklüyünü Türkiyədə, Azərbaycanda yox, Sovet ittifaqının paytaxtında sübuta yetirmiş bir Türkdür!!!

Bu il fevral ayının 17-də Moskvadakı Millətlər evində sevimli şairimiz Məmməd İsmayıl ilə keçirilən görüşdə onun böyük həssas ürəyinin bir daha şahidi oldum. Məmməd bəyin çıxışı Tofiq müəllimi elə təsirləndirmişdi ki, tədbirin aparıcısı olduğunu belə unudurdu bəzən... gözləri dolurdu. Başqa necə ola bilərdi. Vətən həsrətli ürəkləri şeirlə, sözlə dolu iki müdrik insan bir arada idi axı! Hər ikisi mənim üçün xüsusi olan iki insan! Biri Vətən nisgilli şeirlərini oxuyub ürəkləri fəth edirdi, digəri isə ürəyində yığılıb qalan sözlərini, gözlərində gilələnən yaşları saxlaya bilirdi.

Bu görüşdən sonra Tofiq Məlikliyə olan böyük hörmətim, birəbeş artdı.

... indi qarşımdakı bu kitab... Gözəl şeirlərlə dolu...hər sətrində şair ürəyinin çırpıntıları, hər kəlməsində müdriklik... Oxuyuram oxuduqca da heyran oluram.

yaxşı ki, hələ sözün qədrini bilən sözü ucalda bilən insanlar var! yaxşı ki, şairləri ilhama gətirən analarımız, Vətənimiz, qəlbimizdə onlara məhəbbətimiz var!

 

...Mən anama şeir yazmaq

 istəyirəm.

Yazıram:

Sən – ANAMSAN!

Bu sözlərin yanında duracaq,

Ona qüvvət verəcək,

Duyğulu,

Səmimi,

Ürəyimdəkiləri deyə biləcək

Başqa bir söz, bir kəlmə

Tapa bilmirəm.

Eləcə yazıram

Tək misralı şeirimi!

 

Sən – ANAMSAN!

 

Həqiqətən , anaya bir bu qədər ehtiram hörmətlə deyilmiş misralardan sonra başqa sözə şərhə ehtiyac qalmır.

Tofiq bəydən, əsərlərindən, yaradıcılığından, onun Moskva ədəbi həyatındakı rolundan çox yazmaq olar. Lakin bircə onu demək kifayətdir ki, Tofiq Məlikli harada olur olsun, hər zaman Azərbaycanını təmsil edən, ona sadiq olan bir insan kimi tanınır bu tanınmağı ilə qalmır, özü ilə bərabər Vətənini tanıdır, sevdirir, tərənnüm edir.

Bu ay şairimizin 70 yaşı tamam olur. Bəli, gənc gümrah Tofiq müəllimin 70 illik yubileyidir. Gəlin, Allahdan ona uzun, şərəfli ömür, sağlamlıq xoşbəxtlik arzu edək! Qoy hər zaman gözəl şeirləri ədəbi axtarışlarındakı uğurları ilə bizi sevindirsin!

Yazımı, məqaləmin başlığına nədən olanBədbin bir axşamda yazılmış qürbət şeiri”nin son sətirlərilə bitirmək istəyirəm.

 

...Hər şey böyükdür qürbətdə,

Məsafə ,

Həsrət ,

Günlər ...

Qürbətdə hər şey böyükdür,

 

Xəyal da,

Düşüncələr ,

Yuxular da...

hikmətsə,

Qürbətdə xüsusilə böyükdür

Qəlbləri göynədən göz yaşı,

Qəmli gözlərdə...

 

P.S. Elə şəxsiyyətlər var ki, onların haqqında eşidənlər, oxuyanlarGörəsən həyatda bu insan necədir? vaxtsa onu yaxından görə bilərəmmi?” – deyə düşünürlər. Yəqin qismət bizə qarşı çox mülayım əliaçıq davranmışdır ki, qürbət eldə Vətən hərarəti ala biləcəyimiz, qeyrətli, vətənpərvər milli ruhunu qoruyub saxlamağı bacarmış, hamımıza atalıq edən, adı kimi özü həqiqətən yanar, isti bir ocaq olan“Ocaq”cəmiyyətinin sədri Tofiq müəllim başda olmaqla, Çingiz Hüseynov, Nəsib Nəbioğlu, İlham Bədəlbəyli, Sultan Mərzili, Əliş Əvəz, Cəfər Sadiq, Vasif Məmmədov, Əşrəf Hüseynli kimi yazıçı şairlərimizin, publisistlərimizin arasındayıq.

 

Əgər bir gün, ədəbi Moskvaya ədəbi məclislərin birinə qonaq olsanız, üzündə təbəssüm, gözlərində dərin bir hüzün olan hündürboy, hər kəsdən seçilən alicənab bir insan görsəniz bilin ki, o, bizim TOFİQ MƏLİKLİdirTürkü qəlbində yaşadan, sətirlərdə canlandıran dünyaya sevdirən insan!

 

Moskva.

14.08.12.

 

 

525-ci qəzet.- 2012.- 18 avqust.- S.24.