Plüralizm və müasir media: reallıqlara və perspektivlərə  

 

 PROFESSOR CAHANGİR MƏMMƏDLİ İLƏ SÖHBƏT

 

(Əvvəli 10 avqust sayımızda)

 

– Ömrünün, fəaliyyətinin böyük bir qismi sovet jurnalistikasında keçən bir insan, jurnalist və alim kimi jurnalistikada yeni dövrə adaptasiya sizin üçün çətin olmadı?

– Mənim nəslimdən olanların əksəriyyətinə xeyli çətin oldu. Niyə? Çünki onlar o vaxtlar da sidq-ürəklə sovet jurnalistikasına xidmət edirdilər. Amma mənim içimdə həmişə bir narahatçılıq olub- elə olmaz, belə olmaz. Elə onda da içimdə millət, Azərbaycan vardı. O dövrdə mən iki dəfə doktorluq işi yazmışam. Hər ikisi Azərbaycan ədəbiyyatı ilə bağlı olub. Birinci doktorluğum “Azərbaycan nəsrinin inkişafında ədəbi tənqidin rolu” idi. Bunu yazdım qurtardım, kitab kimi də çap elədim. Sonra gördüm ki, yox, bu zəif alındı. “Azərbaycan nəsrinin müasir inkişaf meyilləri” adlı ikinci doktorluğumu da kitab halında çap elətdirdim. Təsəvvür eləyirsiniz, dərs deyirdim, amma jurnalistikadan çox ədəbiyyatla məşğul idim. Niyə jurnalistikadan yazmırdım? Çünki jurnalistikadan yazıb, həqiqəti demək olmurdu. Çünki azad söz, müstəqil fikir o vaxt az-çox ədəbiyyatda idi – Anarda, Əkrəm Əylislidə, Elçində, Maqsud və Rüstəm İbrahimbəyovlarda və digərlərində. Köhnə yazıçıların mənim əsərlərimdə adını görməzsiniz. Çünki “köhnələr” sovet ideologiyasına xidmət edirdilər. Anar “Yaxşı padşahın nağılı”nı yazırdı, o mənim əsərim olurdu, Əkrəm və Elçin yeni üslubda əsərlər yazırdılar. Elçin sətiraltı elə şeylər deyirdi ki, o mətləblər məni silkələyirdi. Fikirləşirdim ki, insan belə olar, cəmiyyət belə olar və sair. Ona görə də ədəbiyyatdan doktorluq yazmışdım. 90-cı illərdən sonra Azərbaycan mətbuatında necə azad meyillər meydana gəldisə, mən o boyda doktorluğumu atıb “Azərbaycanda jurnalistikanın inkişaf meyilləri” adlı yeni doktorluq işi yazdım. Beləliklə,  1982-ci ildən 2008-ci ilədək üç dissertasiya yazdım.  Yalnız 2008-ci ildə, o həqiqətləri istədiyim kimi doktorluq dissertasiyamda ifadə edə bildim. Əsl jurnalistikaya 90-cı illərdən sonra- görün, neçə ildən sonra qayıtdım.

– Yeni jurnalistikanın bugünkü durumu sizi qane edirmi?

– Hazırda elə bir axtarış, inkişaf gedir ki, bu, məndə bir ümid yaradır. Müsbət gələcəyə inanmağa vadar edir. O proses gedir. Reket jurnalistikasından başlamış professional jurnalistikaya kimi hər şey bu ümumi inkişafın içərisindədir. Fikir verin, artıq reket jurnalistikası öləziməyə başlayıb. Məmurlarımız bunlara bir əməlli cavab verəndən sonra, “bu idarənin qapısından çəkil get, sənin mənə heç bir iddian ola bilməz, mən normal məmur kimi demokratik qaydalarla işləyirəm”. Onda reket jurnalistikası da aradan qalxacaq.  Bir az keçəcək, bunlar da radikallıqdan əl çəkib tərəfsiz, qərəzsiz, vicdanlı, ədalətli prinsiplərlə işləməyə başlayacaqlar. Buna doğru gedirik, inşallah. Adını çəkmirəm, amma vaxtilə ən radikal qəzetlərdən biri bu dəqiqə mənim ən sevimli qəzetlərimdən birinə çevrilib. Niyə adını çəkmirəm, o dəqiqə deyəcəklər ki, filan qəzet iqtidarlaşıb. Bu gün hazırda o dediyim qəzet söymür, böhtan atmır, amma ən kəskin və dəqiq informasiyanı verir.

– Media ekspertlərinin fəaliyyəti sizi qane edirmi?

– Müasir media ekspertləri artıq dönəmlərini keçiblər. Yaxşı söz də desələr, o qədər eyni cür deyirlər ki, adam bezir. Çünki bir insan eyni şey barəsində nə qədər maraqlı söz deyə bilər? O media ekspertlərinin dediklərini  qəzetlərdən bir yerə yığıb baxsaq, görərik ki, dediklərinin 70 faizi təkrardır. Mütləq qəzetlər özləri üçün yeni ekspertlər tapmalıdır.

– Azərbaycan jurnalistikasının gələcəyini necə görürsünüz?

– Üfüqdə maraqlı, dəqiq, tərəfsiz jurnalistika görünür. Bu olmasa jurnalistika yaşaya bilməz. Mütləq ora gəlib çıxmalıdır. “Vaşinqton Post” heç vaxt yalan danışımır. Bir dəfə qəzet elan etdi ki,  İraq- ABŞ müharibəsi olacaq. Üç il əvvəl demişdi, cəmi iki gün fərqlə proqnoz özünü doğrultmuşdu. Yəni onlar dəqiqləşdirmədikləri, tam əmin olmadıqları məlumatı qəzet səhifəsinə çıxarmırlar. Biz də dəqiq, qərəzsiz, ədalətli prinsiplərlə işləməyə doğru gedirik. Sizi inandırıram, ayrı prinsiplərlə işləməyin axırı mütləq iflasa gətirib çıxaracaq. Bir azdan ölkə tam demokratik dəyərlərə gəlib çıxacaq, onda bizə dediyim prinsiplərlə işləyən jurnalistika lazım olacaq. Kim bu prinsiplərə riayət eləyib işləsə, gələcək onundur. Boş-boş sensasiyalarla uzağa getmək olmaz. Mərhum Heydər Əliyev bir dəfə “Jurnalistlərin dostu”  mükafatını alanda jurnalistikanı təriflədi, jurnalistləri dəyərləndirdi, arada bir dedi ki, amma çox sensasiyalı materiallar verirsiniz, yalan, böhtan yazırsınız: “ Bilirəm sensasiya eləməsəniz, sizi oxuyan yoxdu”. Bu, bir nəzəri fikir idi əslində. O prinsipdən çıxış eləsək, doğrudan da sensasiya oxunur. Əsl sensasiya yaxşı şeydir. Amma sensasiya xatirinə yalan danışmaq, yalançı hay-küy hələlik bizim oxucuları cəlb eləyir. Amma sabah oxucularımız da buna getməyəcəklər. Kim özünün gələcəyini qurmaq istəyirsə, kim öz qəzetini cəmiyyət içərisində , mediada saxlamaq istəyirsə, o yeni prinsiplərə əməl eləməlidir, yeni jurnalistikanın prinsiplərinə uyğunlaşmalıdır, indidən öz əməkdaşlarını da tam mənasında ona uyğunlaşdırmalıdır.

– Ölkə mətbuatının daxildən və xaricdən görünən mənzərələrində niyə bu qədər fərq nəzərə çarpır?

–Bircə misal çəkmək istəyirəm. Təxminən üç il bundan əvvəl “Yeni Müsavat” qəzetindən bir jurnalistin kiçik yazısı Mətbuat Şurasında müzakirə olundu. Mətbuat günü münasibətilə mükafat verilməli idi. O mükafat təqdim olunan yazılar arasında balaca bir yazı vardı. O qızın adı yadımdan çıxıb. Yazının məzmunu belə idi: “İsveçrəyə treninqlərdə iştirak etmək üçün getmişdik. Orada xarici jurnalistlərə təqdim etmək üçün kəskin materialları çap edən jurnal aparmışdım. Bir də kəskin material verən qəzetlər. Onları orada oxuyub ruslara tərcümə elədirdik. Orada yazıların mətni ingilislərə, fransızlara tərcümə olundu. Onlar mat qaldılar ki, bu qədər də sərbəst yazı vermək olar?” Mən təklif elədim ki, gəlin Mətbuat Şurasının mükafatını bu yazının müəllifinə verək. Ona görə ki, “Yeni Müsavat” qəzeti bu cür yazaraq Azərbaycan mətbuatının ən kəskin material verməsinə xaricilərin təəssüratını ifadə edib. Həmin mükafatı elə o yazıya verdik. Demək istədiyim odur ki, bizim indiki sərbəst, müstəqil və son dərəcə radikal yazılarımıza xaricdə təəccübləniblər. Biz belə yazıları veririk, amma onlar vermirlər. Onlar belə radikal işləmirlər.

– O dediyiniz radikallıq nədən qaynaqlanır ki?

– Radikallıq hakimiyyətə gəlmək istəyən adamların tərəfindən çıxış eləmək cəhdindən irəli gəlir. Bir zümrə jurnalistlər hakimiyyətdə olanların kreslosunu qoruyur. Bir zümrə jurnalistlər isə hakimiyyətə gəlmək istəyənlərin mənafeyini müdafiə edirlər, onların cəbhəsindən çıxış edirlər. Ona görə də bizdə o radikallıq var. Mən həddindən artıq tərifi də radikallıq hesab edirəm. Məqalələrimdən birində bir dəfə qeyd eləmişdim ki, təkcə tənqidə görə yox, saxta tərifə görə də insanı məhkəməyə vermək lazımdır. Belə eləsələr, yalan tərifdən də çəkinərlər. Mənim fikrimcə, saxta, yalan təriflə təhqir elə eyni şeydir. Amma prinsipcə hələ bizim Qərb mətbuatına, onların ifadə tərzinə çatmağımıza hələ çox var. Həzrəti Məhəmməd Peyğəmbərlə bağlı Danimarkada karikaturalar çəkilib yayılanda mən Amsterdamda ictimai televiziyalarla bağlı bir tədbirdə iştirak elədim. Mən də dəyirmi masa arxasında ekspert kimi oturmuşdum. Orada belə bir fikir ortaya çıxdı ki, bu cür hadisələr ətrafında müsəlman dünyasında yaranan ajiotajları, piketləri verərkən karikaturalar göstərilməsin. Müzakirə olunurdu ki, qəzetlərdə informasiya verilərkən demək olarmı ki, bu karikaturalara görə müsəlman dünyası ayağa qalxıb? “Qardian” qəzetinin müxbiri durub dedi ki, biz o karikaturalar ortaya çıxan kimi belə bir qərara gəldik ki, bu barədə danışanda karikaturaları yenidən çap eləmək olmaz. Çünki bu karikaturanı yenidən göstərmək onun yenidən təbliğatı deməkdir.

Görün, bunlar nə qədər namuslu iş görürlər! Amma Amsterdam İctimai Televiziyasının direktoru dedi ki, xeyr, mən bu fikirlə razı deyiləm: “ Biz divara yazıb vurmuşuq ki, nədən danışırıqsa, onu göstəririk”.

Düzü, mən də fikirləşdim ki, televiziyanın strukturu üçün- nədən danışırsa onu göstərmək, yaxşı şeydir. Televiziyanın ruhu, xisləti bundan ibarətdir. Onda bizim Zərdüşt Əlizadə durdu ayağa, dedi ki, mənim sizə bir sualım var: “Mən bilən, pedofillik Hollandiyada çox inkişaf edib, düzdür?” Təsdiqlədilər. Dedi ki, buna qarşı mübarizə var? Bunu da təsdiqlədilər ki, bəli, mübarizə aparılır. Zərdüşt Əlizadə “Efirdə bu barədə söhbət gedirmi”-deyə soruşdu.  Dedilər, gedir. Dedi ki,  onu göstərirsiniz? Dedilər ki, yox. Amsterdam televiziyasının rəhbəri bundan sonra ağ cib dəsmalını çıxarıb dedi ki, mən sizin sözünüzün qarşısında təslim oluram.

Adını çəkmirəm, amma həmin vaxt bizim telekanallardan biri həmin karikaturaları göstərmişdi ki, yəni müsəlman dünyası bu karikaturalara görə ayağa qalxıb. Düzgün eləməmişdilər.

Dünyanın ən demokratik qaydalarının mövcud olduğu İngiltərədə (Dünyanın bütün ölkələri, az qala hamısı, qanunları İngiltərədən öyrənirlər, ona oxşamaq istəyirlər)  təhqirsiz, böhtansız prinsiplərlə işləyən qəzetlər çoxdur. Orada jurnalistika özü-özünü tənzimləyir.

Bir dəfə Almaniyada təcrübə üçün bir konfransda iştirak elədik. O konfransa bəzən nazirlər gəlir, özləri gəlməsələr də nümayəndələrini göndərirlər. Məlumat verirlər ki, nazirlik nə işlər görür. Orada informasiya üç raundda verilir.  Sanki auksiondu, hansısa tanınmış rəssamın əsərini hərracda satırlar. Bir nəfər oturur, çəkici vurur, birinci raund! Bu o deməkdir mətbuat konfransı keçirən nazirin dediklərinin hamısını dırnaq içində vermək olar, efirə çıxarmaq olar. İkinci raundun qaydalarına görə, deyilənlər yozula da bilər, onlara şərh də verilə bilər. Üçüncü raunddakı informasiyalar ancaq jurnalistlərin özləri  üçün deyilir. Bunu mətbuata çıxarmaq olmaz. Bu informasiyalar mətbuat üçün deyil. Ən maraqlı məsələlər həmin üçüncü raunda səslənir. Mən oradan çıxanda jurnalistlərin birindən soruşdum ki, ən maraqlı şeyləri axırda dedilər. Necə olur ki, bunlar qəzet səhifəsiə çıxmır. Həmin jurnalist cavab verdi ki, otuz ildir bu praktikadan istifadə olunur. Hələ bir dəfə də üçüncü raundun materialları mətbuta çıxmayıb. Təsəvvür edin, yüzlərlə jurnalist oturur orada. Bizdə belə bir praktika olsa, biz birbaşa üçüncü raunddan başlayarıq. Ona görə də hələ ki, xaricdən biz yaxşı görünmürük. Ona görə mən çox çalışıram ki, mətbuatımızı xaricilərə çox göstərməyək. Amma bizim belə treninqlərə getməyimizin  bizə böyük faydaları olur. Gələndən sonra onu tələbələrimə danışıram, təbliğ edirəm. Rus jurnalistikasında yenə də sovet dönəmindəki təsir var. Orda yenə də təbliğat var və sair. Biz belə şeylərdən imtina eləmişik və eləməkdəyik. Azərbaycan jurnalistikasının sabahı var. Çünki yeni gələn nəsil çox təfəkkürlüdür. Universitetdə tələbələr yığışıb öz maddi vəsaitləri hesabına “Student tayms” qəzeti buraxırdılar. Onlar göstərmək istəyirdilər ki, tərəfsiz, qərəzsiz, vicdanlı qəzet buraxmaq mümkündür. Onlar auditoriyadan öyrəndiklərini qəzet buraxmağa sərf elədilər. Bax, belə bir nəsil yetişir. Belə bir nəslə eşq olsun ki, jurnalistikamızın sabahı onların əlindədir. İnanıram ki, yeni nəsil tamamilə yeni ruhda olacaq. Qərbdən də gözəl, onlardan da irəli. Onlar öz tarixi mətbuat ənənələrinə-Üzeyir bəyə, Mirzə Cəlilə söykənərək  yeni jurnalistikasını yaradacaqlar.

Mirzə Cəlilin bircə “Azərbaycan” məqaləsi dünyaya dəyər. Orada bütöv Azərbaycanın xəritəsi var. Orada Azərbaycanın həyatı, ruhu, Azərbaycan vətəndaşının vətənə sevgisi var. Akademik İsa Həbibbəyli haqlı olaraq, dəqiq şəkildə bu yazını  “Azərbaycan bəyannaməsi” adlandırıb. Biz məhz bunlara söykənərək gözəl bir jurnalistikaya gedəcəyik.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2012.- 18 avqust.- S.22.