Xan qızı”nın ədəbi-bədii irsinə sonsuz sevgi nümunəsi   

 

 Xurşudbanu Natəvan-180

 

Elə insanlar var ki, sağlığında ölməzlik qazanırlar. Həyatda öz missiyalarını dərindən başa düşən belələri işıqlı əməlləri ilə bilavasitə  zamanında xalqının əzizinə çevrilirlər. Əgər bu danılmaz həqiqəti  xəyalən keşməkeşli Azərbaycan tarixinin XIX əsr mənzərəsinə yönəltsək, onda heç şübhəsiz həyat və fəaliyyətləri ilə millətinə qürurverici başucalığı gətirən şəxsiyyətlər qalereyasında “Xan qızı”nın –  Xurşudbanu Natəvanın (1832-1897) möhkəm yer tutduğunu görərik.

Çoxumuzun taleyinə sovet dönəmində yaşamaq düşməsinin qarşılığında,    o vaxtlar “kommunizmdə yaşamayaq  kimi  mavi arzunun  qanadlarında qərar  tutmuş bizlərə – fəhlə-kəndli balalarına hər addımda uzaq keçmişdə onların sələflərinə xanların-bəylərin qənim kəsilməsini təkrar-təkrar söyləməkdən usanmazdılar. İnsanların çoxu buşirin  yalana inansa da, onlarin dillərində  əsl mənası çoxuna bəlli olmayanXan qızı” kəlməsinin göyərdiyi də yaxın keçmişin bu günə kimi xatırlanan həqiqətlərindəndir. Azərbaycan tarixində yer almış xanların hər birinin kifayət qədər  övladının, o cümlədən qızlarının olması heç kimə sirr deyil.  Cəmiyyətimizdə tarixən qız övladına olan münasibətin necəliyi barəsində bizcə bu gün heç kimə mühazirə oxumağa da ehtiyac yoxdur.Amma tarixin amansızlığı ilə seçilən  xəlbiri onların heç birinə öz “sinəsində” yer verməyib. Bu mənada ölümündən keçən 115 ildə İbrahim xanın nəvəsi, Mehdiqulu xanın qızı  Xurşudbanu Natəvanın adının Azərbaycan cəmiyyəti üçün işıqlı əməllər məcmusuna çevrilməsi, heçaydan arı, sudan duru olmayan xanlar nəslinə  bəlkə də bir bəraət qazandırıb, desək, yəqin ki, yanılmarıq.

Bəs görəsən  Xurşudbanu Natəvanın zamanında özünə və ətrafına qürurvericilik  bəxş edən “Xan qızı” ayaması hansı əməllərin qazancı idi ? Cəmisi 65 il ömür sürən “Xan qızı”nı tarixdə yaşadan heç şübhəsiz Azərbaycan cəmiyyətinin ən müxtəlif  təbəqələrinə göstərdiyi təmənnasız  qayğı və münasibət olmuşdur. İndiki 115 illik zaman distansiyası onun doğma Şuşaya su kəməri çəkdirməsini, Şuşada bütün Azərbaycanda məşhur olan “Məclisi-üns” ədəbi məclisini təşkil etməsini, təzadlarla dolu taleyinitez-tez dəyişgən ovqata köklənən duyğularını poetik misralara  çevirməsini, təsviri və dekorativ-tətbiqi sənət sahəsində bənzərsiz nümunələr yaratmasını və neçə-neçə digər işlərini dəyərləndirməyə imkan verir.. Elə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının “Xurşudbanu Natəvanın anadan olmasının 180 illik yubileyinin keçirilməsi haqqında”  3 aprel 2012-ci il tarixli sərəncam imzalaması da onun bu günki xələflərinin  Xan qızı”nın  heç vaxt yaddan çıxmayacaq əməllərinə verdiyi qiymətin göstəricisidir.

Etiraf edək ki, dünyasını dəyişəndən sonra  keçən bir əsrdən çox müddətdə onun ədəbi-bədii irsi arzulanan səviyyədə təbliğ olunmayıb. Əgər bu vaxta qədər çap olunan bir neçə kitabı nəzərə almasaq, demək olar ki, Natəvanın qibtə olunacaq səmərəli ictimai-siyasi və ədəbi-bədii fəaliyyəti ictimaiyyətə yaxşı təqdim edilməmişdir.. Elə düşünürük ki, bu günlərdə  dəyərli ziyalımız, tanınmış yazıçı-publisist Mustafa Çəmənlinin tərtibində  “Təhsil” nəşriyyatında işıq üzü görmüşNeçin gəlməz” kitabı bu vaxta qalmaqda davam edən bu arzuolunmaz  boşluğu kifayət qədər doldurmuşdur.

İndiyə qədərki yaradıcılığı ilə  Azərbaycan ədəbiyyatı və mədəniyyətinin öyrənilməsinə və təbliğinə duyulası töhfələr vermiş Mustafa Çəmənlinin  Neçin gəlməz”i bu vaxta qədər “Xan qızı”na həsr olunmuş bütün kitablardan köklü şəkildə fərqlənir. Belə ki, 160 səhifəlik bu çox tutumlu kitabda Xurşudbanu Natəvanın Azərbaycanın ictimai-siyasi həyatında, ədəbiyyatında, mədəniyyətində, təsviri sənətində qoyduğu silinməz izin mahiyyəti, bu səmərəli fəaliyyətin qaynaqları göstərilmişdir. Əlavə edək ki, Mustafa Çəmənlinın bu kitabda özünün kitab mədəniyyəti sahəsindəki çoxillik təcrübəsindən peşəkarcasına istifadə edərək maraqlı tərtibçilik nümunəsi göstərmişdir. Elə bunun nəticəsidir ki, əslində kitab içinə bir kitab olanNeçin gəlməz” kifayət qədər dolğunluğu ilə diqqət çəkir. Bölmədən-bölməyə keçən oxucu hər dəfə müxtəlif ovqata köklənir. İlk olaraq kitabda tərtibçinin niyyəti ilə tanış olan oxucu, sonrakı səhifələrdə  filologiya üzrə fəlsəfə doktoru Paşa Əlioğlunun təqdimatında “Xurşudbanu Natəvanın irsi” ilə tanış olur...

Etiraf edək ki, hər bir oxucunun  tanınmış şəxsiyyətlərin həyatından bəhs edən xatirələri  böyük həvəslə mütaliə etməsi danılmaz həqiqətdir. Çünki keçmiş tarixin çox maraqlı, dadlı-duzlu hadisələrini gözümüz önündə canlandıran belə yazılar heç  bədii təxəyyülün məhsulu olmayıb, bilavasitə reallığı, olmuşları əks etdirir. Bu mənada tərtibçinin kitaba daxil etdiyi “Əkbər xan Naxçıvanskinin Xurşudbanu Natəvan haqqında xatirələri”nin diqqətçəkən olacağı birmənalıdır.  Belə ki,  Əkbər xan Natəvanın qızı Xanbikənin oğludur, bu mənada doğrudan da onun xatirələrində Natəvanlı günlərə insanı duyğulandıracaq bir münasibətin mövcudluğu kifayət qədər hiss olunan, bütünlükdə isə yaddaqalandır.

Kitabdakı digər xatirələrin də özünəməxsus əhəmiyyəti var. Mirzə Rəhim Fənanın  Mir Həsən Mir Haşım oğlu Ağamirovun “Məclisi-üns” barədə xatirələri  bu qəbildəndir. Zamanında Azərbaycanda çox məşhur olan bu ədəbi məclisi Şuşada təşkil edən və vaxtaşırı ora öz dövrünün də digər bölgələrdə yaşayıb-yaradan söz adamlarını dəvət edən şairə  bununla  çoxəsrlik Azərbaycan ədəbiyyatının XIX əsr mərhələsinə yaddaqalan töhfələr vermişdir, desək, həqiqəti söyləmiş olarıq.

Görkəmli simaların şəxsi əşyalarının bizim dövrə gəlib çatmış nümunələrinin həmin insanlar barəsində əldə edə biləcəyimiz məlumatları daha da  əyaniləşdirməsi birmənalıdır. Bu mənada kitaba tərtibçi tərəfindən jurnalist Novruz İbrahimoğlununXan qızının xatirə əşyaları” məqaləsinin daxil edilməsi duyulası maraq doğurur.  Zəngin informasiyalı yazıya əlavə edilmiş şairənin şəxsi əşyalarının rəngli fotoları onun  zövqünü görməyə və dəyərləndirməyə kömək edir. Duyulası dərəcədə oxunaqlı olan kitabda yer almış Zülfüqar Hacıbəyovun  “Şəhadət” yazısını həyəcansız oxumaq olmur. Z.Hacıbəyov  ilə  yanaşı onun qardaşı dahi Üzeyir Hacıbəylinin imzası ilə bu günümüzə gəlib çatmış həmin şəhadətdə təsdiq olunur ki,  Natəvanın nəticəsi olan Leyla Xasay qızı Usmiyevada olan Quran  şairənin yaxın adamları səfərə gedəndə ayələr oxuyub, onlara xeyir-dua verdiyi səmavi kitabdır. Əlavə edək ki, vaxtı ilə Z. və Ü.Hacıbəyli qardaşları Qoriyə təhsil almağa yola düşəndə Xan qızı onları bu Quranın altından keçirib, yaxşı yol arzulamışdı.   Elə kitabın  “Ömürdən anlar  bölməsində yer almış xatirələrdə də şairənin həyatından çoxumuzun bilmədiyi hadisələrə işıq salınıb. Bütün bunlar heç şübhəsiz bu görkəmli şəxsiyyətin ömür yolunda  baş verənləri bütün rəngarəng çalarları ilə duymağa imkan verir.

Hüseyn Şərifin 1984-cü ildə  mətbuatda çap etdirdiyiBir hədiyyənin tarixçəsi” məqaləsi qədim təsviri sənət tariximizin hələ də qaranlıq qalan səhifələrinə işıq salmaqda əvəzi yoxdur, desək, yanılmarıq. Belə ki, burada söhbət Xurşudbanu Natəvanın bədii yaradıcılığından söz açılır. Burada şairənin  bu günə kimi ictimailəşməyən  dörd rəsm əsərinin və bir neçə qəzəlinin Cənubi Azərbaycandan Bakıya necə gəlib çıxmasının tarixçəsi nəql olunur.  Bu yerdə əlavə edək ki, Mustafa Çəmənli çox məntiqli olaraq Xurşudbanu Natəvanın məşhur “Gül dəftəri”ndə çəkilmiş rəsmlərinin reproduksiyalarını  Neçin gəlməz” kitabına daxil etməklə ilk dəfə olaraq onun bədii yaradıcılığını küll halında göz önünə gətirilməsini şərtləndirmişdir.  Əsasən gül-çiçək təsvirlərindən və mənzərələrdən ibarət olan bu rəsmlər özündə Şərq və Qərb rəssamlığının bədii ənənələrini birləşdirməklə  XIX əsr təsviri sənətimizi zənginləşdirən yaddaqalan sənət nümunələri hesab oluna bilərlər.

Respublikamızın tanınmış fırça ustalarının şairənin ömür yoluna həsr olunmuş rəngkarlıq, qrafika  və heykəltəraşlıq əsərlərini də  onların Natəvansız günlərin yaradıcı insanlara yaradıcı-psixoloji təsirinin ifadəsi kimi qəbul etmək olar. Mikayıl Abdullayev,  Ömər Eldarov, Həyat Abdullayeva, Oqtay Sadıqzadə, Altay Hacıyev,Natiq Əliyev, Abdulla Ələkbərov və b. müxtəlif  illərdə yaratdıqları sənət nümunələrində xeyirxah əməlləri və özünəməxsus ədəbi-bədii yaradıcılığı ilə Azərbaycan tarixində dərin iz salmış Xurşudbanu Natəvan şəxsiyyətinə böyük sevgiehtiram duyulur.

Kitabda  Xan qızına  rəssam və heykəltəraş münasibəti ilə yanaşı şairlərimizin ona həsr etdikləri poetik nümunələr də toplanmışdır.  Q.B.Zakir, M.H.Yüzbaşov, S.Vurğun,M.Rahim, H.Arif, Ə.Kürçaylı, H.Billuri  Ə.Məftunun ilhamlı qələminin məhsulu olan bu şeirlərdə ona ayrılmış 65 illik ömür payında dünyanın hər üzünü görmüş Xurşudbanu Natəvanın insani keyfiyyətlərinə, yaradıcı məziyyətlərinə bədii-obrazlı güzgü tutulmuşdur.

Neçin gəlməz”də yaddaşlarda həm də şairə kimi yaşayan Xan qızının ədəbi yaradıcılığına geniş yer ayrılması da təbiidir.  Belə ki, kitabda şairənin bütün poetik irsi toplanmışdır.Tərtibçinin oxuculara təqdim etdiyi qırx beş poetik nümunənin hər biri şairənin ömrünün hər günü kimi çox müxtəlif, dəyişkən ovqatdadır. Xurşudbanu Natəvana həsr olunmuş bu nəşrin latın qrafikası ilə çapını və onun həm  indiki və həm də sonrakı nəsillərə ünvanlandığını nəzərə alan Mustafa Çəmənli kitabda şeirlərdə istifadə olunan ərəb-fars mənşəli sözlərin mənasını açan lüğəti əlavə etməklə müasir oxucuya kömək göstərmiş olub.

Kitabın haqqında söz açdığımız və dilə gətirməyə imkanımız olmayan məziyyətlərinin kifayət bolluğu ilk növbədə onun tərtibçisi Mustafa Çəmənlinin ərsəyə gətirdiyi bu əvəzsiz mənəvi dəyərin ictimailəşdirilməsi kimi bir işə çox  məsuliyyətlə yanaşmasının, Natəvanın irsinə nəhayətsiz sevgisinin  göstəricisidir.

Sonda kitabın işıq üzü görməsini həyata keçirənlərin ünvanına da xoş söz demək istərdik.  “Təhsil” nəşriyyatı ənənəsinə sadiq qalıb növbəti məhsulunu da nəfis şəkildə çap etməklə, bu gün bir daha ədəbi-bədii kitabların nəşrində özünəməxsus yeri olduğunu sərgiləmişdir.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mövcudluğu dövründə çap olunan çoxsaylı kitablar  bu gün milli mədəniyyətimizin təbliğində ölçüyəgəlməz rol oynayır, desək, həqiqəti söyləmiş olarıq. Elə Mustafa Çəmənlinin tərtib etdiyiNeçin gəlməz” kitabının mədəniyyətimizin hərtərəfli öyrənilməsinə xidmət edəcək  belə yaddaqalan nəşrlərdən olacağı birmənalıdır...

 

 

Ziyadxan ƏLİYEV,

əməkdar  incəsənət xadimi

 

525-ci qəzet.- 2012.- 18 avqust.- S.19.