Müslüm Maqomayev. Gəncə
epizodları
BÖYÜK
MUSİQİÇİ SADƏ İNSANLARIN XATİRƏLƏRİNDƏ
O,
20-ci əsrin bir neçə onilliyi ərzində Avrasiya
materikinin böyük bir hissəsində yasayan insanların
zövqünü formalaşdıran şəxsiyyətlərdən olub. Dünyanın dörd bir
guşəsində əsl sənəti duyanlar da bu
böyük azərbaycanlını tanıyıb və seviblər.
Vətənimizin istənilən şəhər və kəndində
adı böyük ehtiram və fəxrlə çəkilən Müslüm Maqomayevin xatirəsinə
Gəncədə xüsusi rəğbət hissləri
olduğunu desək, yanılmarıq. Gəncəlilərin yaddaşında
Müslüm həm də dahi Nizaminin ekran obrazını yaradan sənətkar
kimi yer tutub. 1982-ci ildə “Nizami” filminin burada aylarla davam edən
çəkilişləri dövründə Müslüm
xeyli müddət əsl gəncəli olubmuş. Hətta ona
burda gəncəlisayağı, sevgi ilə “Müslümlə” deyən
dostları da olub. (Bilməyənlərə bildirək ki, “lə”
sözünü köhnə gəncəlilər qardaş hesab edilən dostlara
müraciətdə çox
işlədirlər və
bu, “lələ”
sözünün yerli bir
variantıdır).
İstər
filmin çəkilişi dövründə, istər də
Müslümün ondan qabaq və sonralarda Gəncəyə gəlişi
zamanı yaxın dostluq münasibətində olduğu
adamlardan biri mərhum Hacı Həmzəyev olub. Köklü gəncəli Mirhəmzəlilər
nəslinin nümayəndəsi olan Hacı müəllim
ixtisasca diş həkimi idi. O, həmçinin Gəncənin
adət-ənənələrini, tarixini, bu şəhərin
sənət aləmini mükəmməl bilən köhnə
gəncəli kimi Müslümün
ən yaxın məsləkdaş və həmsöhbəti
olub. Böyük musiqiçi və onun xanımı Tamara
Sinyavskaya Hacı müəllimin ailəsinin ən istəkli
qonaqları idilər. Dostlar həm də səfalı Gəncə
diyarında qarış-qarış gəzmədikləri yer
qoymayıblar. Rəhmətlik Hacı müəllimin evindən götürdüyümüz fotolar
həmin səmimi anları əbədiyyətə həkk
ediblər.
Amma Gəncədə Müslümün əziz obrazı yalnız fotoşəkillərdən deyil, burada onunla ünsiyyətdə olmuş sənət adamlarının yaratdıqları tablolardan da boylanır. Gəncənin köhnə Zərrabi məhəlləsində yaşayan sənətkar, hazırda Gəncə Dövlət Dram Teatrının baş rəssamı Vahab Cəfərov da o vaxt özü kimi gənc dostlarıyla Müslüm Maqomayevin qədim Sərdar bağında yerləşən Yaşıl Teatrdakı konsertindən əvvəl ona yaxınlaşaraq salamlaşdıqlarını və bu adi salamlaşmanın sənət haqda bir saatı keçən çox dəyərli söhbətlə nəticələndiyini xatırlayır.
“Onun mülahizələri
elə bil, mənim üçün bir manifest oldu. Orijinallıq
və yüksək estetik meyarların hər növ sənətin başlıca
şərti olduğunu
vurğulayan Maqomayevin
yalnız nitqi deyil, sifətinin cizgilərinin hərəkəti,
gözlərinin işığının
deyərdim ki, səsinin ritmilə dəyişməsi özü
bir enerji mənbəyi idi” –deyən V. Cəfərov vurğulayır
ki, məhz həmin söhbət onu hansısa rəsm işləyərkən
orijinal olmayan nə varsa, onu qəti rədd
etmək prinsipinə sadiq qalmağa sövq edib.
“Müslümün sənətinin
gücü onda idi ki, burada
hər şey – ənənələr və
orijinallıq, klassizm və müasir energetika, hüzur və dinamika, bəşərilik və millilik vəhdətdə idi. Mən də çəkdiyim
bu tabloda böyük səntkarımızı
bu aurada təsvir etmək cəhdi göstərmişəm”-deyə, Vahab söhbətini tamamlayır.
Gəncənin daha bir qədim, Dördyol məhəlləsindəki, yaşı
yüzü keçmiş
bir evdə isə Müslümə həsr olunmuş daha
böyük ölçülü,
insan boyundan da hündür olan rəsm əsəri asılıb.
Rəsmi mərhum sənətkarımız, Xalq
artisti Mobil Əhmədov
çəkib. O, vokal
və səhnə ustası olmaqla yanaşı, həm də təhsilli rəssam olub axı. Əsərin tarixçəsi haqda Mobil
müəllimin qardaşı,
lap bu yaxınlarda Allahın rəhmətinə
qovuşan Bəşir
Əhmədov vaxtilə
Müslüm Maqomayevin
vəfatı ilə bağlı bu sətirlərin müəllifinin
hazırladığı televiziya
oçerkində bunları
söyləmişdi:
“Müslüm Maqomayevin
Gəncədə həmişə
dostları olub. O, yay aylarında tez-tez Göygölə gələrdi.
Qardaşımla da ora çox gediblər.Böyük
musiqiçi Müslüm
Maqomayevin də yaxşı rəssamlığı
vardı. Mobillə bir-birinə
dostluq şarjları da çəkib internetlə göndərərdilər.
Mobil bir gün
Gəncədə olarkən
Müslümün böyük
portretini işləmək
qərarına gəldi.
Əsərin ideyası
belədir: Müslüm
20-ci əsrin sülh uğrunda mübarizləri
arasında. Burada Yer kürəsinin ekvatorunda zəmanənin ən tanınmış sülh carçıları
– Pablo Pikasso, Çarli
Çaplin, Cəvahirləl
Nehru, Pablo Neruda, Viktor Xara, Mstislav Rostropoviç, Roma Papası
görünürlər. Öndə
isə sağ qolunu yuxarı qaldırmış Müslüm
“Buhenvald harayı” oxuyur...”
Doğrudan da Müslümün obrazı daha çox elə əlini “müslümsayağı”
yuxarıda əbədi
saxlayaraq yüksək
mədəniyyətə və
ideallara çağırış
simvolu kimi yadımızda qaldı. Milyonların
sevimlisi 2008-ci ilin bir payız günü “Anamın anasısan”
deyə vəsf etdiyi doğma Azərbaycanına döndü.
Əbədiyyətə Vətəndə qovuşmaq üçün.
Zakir MURAD
525-ci qəzet.- 2012.- 18 avqust.- S.18.