Rəfiqə Məmmədovanın
yaradıcılığına nəzər salarkən...
BU DÜNYANIN
MÖVZUSU DA, HAKİMİ DƏ UŞAQLARDIR
Uşaq dünyası şeirsiz,
nağılsız, laylasız, nəğməsiz miskin aləmə
bənzəyərdi. Bunlar o kövrək dünyanın bər-bəzəyi,
yaraşıqlı xonçasıdır. Hamımızın
uşaqlıq yaşantılarına xas lövhələrdir –
dəcəli, nadinci, ipə-sapa yatmayanı bəxşişdən,
hədə-qorxudan çox söz sənətinin nümunələri
həlimləşdirib. Nə vaxt yuxuya getdiyimizi, səhərin
necə açıldığını hiss etməmişik.
Şirin röyalar eşitdiklərimizin təsiri ilə
yaranıb. Yenisini dinləmək ümidi ilə növbəti
gecələri səbirsizliklə gözləmişik.
Böyüklərdən miras qalan təcrübə
özümüz valideyn olanda karımıza gəlib. Amma
etiraf edək ki, heç birimiz bunu babalar, nənələr qədər
bacarmırıq. Ona görə də babalığa, nənəliyə
iddialı olanlar vaxtında başlarına çarə
qılsınlar. Nəvələr ətəklərindən
yapışanda iki-üç nağılın, tapmacanın
ümidinə qalmasınlar.
Deyirəm nə yaxşı uşaq ədəbiyyatımız,
onun kifayət qədər üz tutulası sanballı
nümunələri var. Yoxsa nə vaxtadək “yenisini söylə”
israrlı şirin-şəkər balaların
başını “Cırtdan”la, “Məlikməmmədin
nağılı”... ilə qata bilərdik. Bu mənada uşaq
ədəbiyyatımızın Mirzə Ələkbər
Sabir, Abbas Səhhət, Abdulla Şaiq kimi təməlinin
yaradıcılarına da minnətdarıq, sovet dönəmində
onun formalaşmasına ömür-gününü həsr edənlərə
də. Günümüzə gəldikdə müstəqillik
illərində Azərbaycan poeziyası, nəsri kifayət qədər
uğurlara imza atsa da övladarı, nəvələri
üçün yeni müjdələr soraqlayan ata-analar,
baba-nənələr qarşısında borcluya bənzəyirlər.
Hərçənd indi sərbəst yazmaq, çap olunmaq
imkanları daha genişdir. Səbəbi çoxdur, ən
başlıcalarını sadalayacağam. Əvvəla
böyüklər üçün yazılanlar kiçiklərin
anlam dünyasını nadir halda nəzərə alır. Həcmləri
irad, qınaq mövzusu deyil. Uşaqlar üçün qələmə
alınanlar isə qısa və lakonikliyi ilə seçilməli,
yorucu olmamalı, böyüklərdə təbəssüm,
kiçiklərdə əzbərdən bilməyə meyl
oyatmalıdır. Yaradıcılığın yorucu, əzablı
yoluna dözmək hər yazarın işi deyil.
Aşağıdakı misralara diqqət yetirək:
Qanadlanar, öyünər,
Quş öz
yuvası ilə.
Qəlbdən qəmi
silinər
Vətən nəğməsi
ilə...
lll
Bər-bəzəkli
beşiyin
Bəzədi evi, körpə.
Dalbadal sual
verir
Bacın: – Nənə, o, bizə
Niyə xoş
gəlir belə?!
Xoşdur hər
birimizə...
Bu şeirlər 1999-cu
ildə qələmə
alınıb. Hər ikisi bir qələmin,
düşüncənin məhsuludur.
“Yuva” şeiri “Zər çiçəklər”,
“Körpə nəvəm
Ayana” isə “Ardımca gəl” kitabından götürülüb.
Hər ikisinin müəllifi R.Məmmədovadır.
Uşaq ədəbiyyatımızın
ən məhsuldar, sayılıb-seçilən nümayəndələrindən
olan Rəfiqə xanım üç ildir ömrünün 8-ci
onilliyinin zirvəsinə
doğru yol gedir. Müəllifi olduğu 15 şeir, hekayə, miniatür povest kitabının və romanın səkkizi şəxsi kitabxanamdadır. Elə ki, səs- küylü,
sözə baxmaz balaca qonaqlarım oldu hansınısa götürüb bir-iki nümunə oxuyuram. Bununla da özümü
bir növ “işə salıram”. Beləcə onlar mənə “Uğurlu ovu”, “Dostluğu”, “İnamı”,
“Bizim bağ”ı vərəqlətdiriblər.
Onun portreti
və haqqında qısa qeydlərə yalnız “Nəciblik duyğusu” kitabında rastlaşmışam. Təvazökarlığı
təqdirə layiqdir.
Ən yaxşı təqdimat yaradıcılığın
mahiyyətindən, ruhundan
qaynaqlanmalıdır.
Rəfiqə xanımın
gülər çöhrəsi
qeyri-ixtiyari məsumluq
mücəssəməsi olan
dünyagörmüş analarımızı,
nənələrimizi xatırladır.
Onun qayğılı-duyğulu
dünyasına vardıqca
belə qənaətə
gəlirsən ki, müşahidə etdiyin dolğun portretin üzdə görünən
kiçik bir hissəsidir. Kitabdakı qısa bioqrafik qeydlər də ümumi məlumat çərçivəsi
ilə məhdudlaşdığından
suallarına yaradıcılığının
özündə cavab
axtarmalısan. Mən
də bu seçimə üstünlük
verib yenidən kitablarına üz tutdum. Göz önündə əsrarəngiz
bir lövhə yarandı. R.Məmmədovanın
uşaq psixologiyasına
bu qədər bələdçiliyinin, fikri
ifadə etmək bacarığının qaynaqları
sırasında öncə
xanım-xatunluğu İkinci
Dünya müharibəsinin
aclıq, fəlakət
dolu illərinə düşən anasının
bitib-tükənməyən iztirablı taleyi diqqətimi çəkdi.
O ana ki, həyat yoldaşının
faşistlərə qarşı
döyüşdə həlak
olması barədə
qara xəbərindən
də sınmayıb,
övladlarını insanlara,
təbiətə, ətraf
mühitə, gözəlliyə
məhəbbət ruhunda tərbiyə edib.
Qara xallı
kəpənək,
Zər qanadlı
çiçək...
Anam öpdü
üzümdən,
Çiçək qaçdı gözümdən.
Bu çiçəyi
üzmədim,
Razı qaldım
özümdən !
Humanizm, qayğı,
nəvaziş uşaqlığı
gözdoymaz təbiətimizin
əsrarəngiz guşələrində
keçən R.Məmmədovanın
həyata baxışlarına
hakimdir. Bakı Dövlət Universitetinin tələbə həyatı
bu hissləri cilalayıb, uzun illər müəllimlik fəaliyyəti daha da kamilləşməsinə
təsirsiz ötüşməyib.
İlk şeirində
(“Mənim sevimli diyarım”) Vətən məfhumu doğulduğu,
boya-başa çatdığı
yurddan o yana keçməyib. Sonra həmin coğrafi məkanın hüdudları
tarixi sərhədlərimizə
qədər uzanıb.
O, yaradıcılığa inamlı addımlarla qədəm qoymasında özünü ilk növbədə
Xalq şairi Bəxtiyar Vahabzadəyə
borclu sayır. Poeziya ustadı tələbə Rəfiqənin
şeirlərinə nəzər
salanda “bu qız istedadlıdır”,
–deyib. Yazmağı davam etdirməyi məsləhət görüb.
Tezliklə yeni şeirləri ilə bərabər ilk hekayələri dövri mətbuatda işıq üzü görüb.
R.Məmmədovanın yaradıcılığında aktiv dövr 1970-ci ildən başlayıb. “Pioner” (“Günəş”),
“Göyərçin” jurnallarında,
“Xalq qəzeti”, “Ədəbiyyat və incəsənət”, “Azərbaycan
müəllimi”, “Savalan”
qəzetlərində onlarla
hekayə və şeiri dərc olunub. Dövrünün sayılıb-seçilən uşaq
şairi Teymur Elçinlə tanışlıq
isə Rəfiqə xanımda potensialına inamı artırıb.
1984-cü ildən Azərbaycan
Dövlər Radiosunda
onun əsərlərinə
efir həyatı bəxş olunub. Qarşılıqlı əməkdaşlıq
20 il davam edib. Maraqlıdır ki, 2002-ci ildə rəssam həyatından söhbət açan “Könül” romanından səslənən parçalara
ən fəal münasibət Cənubi Azərbaycandan redaksiyaya ünvanlanan məktublarda ifadəsini tapıb.
Rəfiqə xanım
uşaq dünyasının
rəssamı, boyakarıdır.
Detalları incəliklərinə
qədər təsviri
ilə zövq mənbəyinə çevirir.
Kölgəli barlı meşə,
Vurğunsan Al Günəşə!
Qoynun işıqla
dolar,
Quşlar şəfəqlə
oynar!
(“Bülbül nəğməli meşə”
şeiri)
Oxşar manera
hekayələrində də
aparıcı xətti
təşkil edir. “Nəciblik qığılcımları”nda,
“Mən ekoloq olacağam”da, “Bizim bağ”da yer, yurd lövhələrinin təsviri zövq oxşayır.
Rəfiqə xanımın
ilk dinləyiciləri ailə
üzvləri, övladları
olub. İndi boya-başa çatıblar,
özləri də valideyndirlər. Analarına
nənə sevinci yaşadırlar. Rəfiqə
xanım yenə onlar üçün yazır. Bu dəfə daha çox Qarabağdan, vətənpərvərlikdən.
Yazdıqlarında çagırış
ruhu güclüdür.
Şəcərəsi sanki
Qarabağın xəritəsidir.
“Nənəm şuşalı,
atam cəbrayıllı,
anam füzulili, ömür-gün yoldaşım
ağdamlıdır dedim”
(“Teymur Elçin haqqında xatirə”dən).
O, “Gültəkin həkim”
hekayəsi ilə Naxçıvanik yaxınlığında
döyüşdə yaralı
çıxararkən düşmən
gülləsinə tuş
gələn Həcər
qeyrətli döyüşçü
qızlarımızın ölməz
igidliklərindən söhbət
açır. “İnam”da
qələbənin qaçılmazlığını
deyir. “Zəngilana nə vaxt qayıdacağıq”da
balaca Minarəyə o
günün uzaqda olmadığını anladır.
Çünki “Ən böyük Vətən”də
söylədiyi kimi Azərbaycanın hər yeri doğma və əzizdir. Ən böyük Vətən isə xalqdır. Sənətkar Füzulinin Alxanlı kəndinin simasında “Bu da atəşkəs” hekayəsində riyakar düşmənin iç
üzünü açır.
“Dağ qartala dərs meydanıdır”,
“Dağlar” və digər şeirlərində
Vətənin nicatının,
ərazi bütövlüyünün
bərpasının igid
övladlarının, döyüşçülərinin
əllərində olduğuna
inamı təlqin edir.
Rəfiqə xanımın
yaradıcılıq diapazonuna
əhatəlilik səciyyəvidir.
Ona üz tutanlar mahnı mətnləri, tapmacalar, yanıltmaclarla... da tanış ola bilərlər. Bunlar incə, həssas qəlbdən süzülüb
gələn duyğu və düşüncələrin
məhsulu, həm də yaşayıb-yaratmağı
stimullaşdıran axtarış
dolu günlərin, ayların, illərin bəhrələridir.
Əflatun AMAŞOV,
Azərbaycan Mətbuat
Şurasının sədri
525-ci qəzet.- 2012.- 18 avqust.-
S.16.