“Azərbaycanın təhsil tarixi”:
milli təhsil haqqında fundamental
V YAZI
Azərbaycanın
təhsil naziri, tanınmış ziyalı, ictimai xadim,
professor Misir Mərdanovun “Azərbaycan təhsil tarixi” Azərbaycan
təhsilinin çətin və şərəfli inkişaf
yolunu əks etdirən salnamə kimi səciyyələndirilə
bilər. Azərbaycan təhsilinin tarixi ilk dəfədir ki, bu
cür əhatəli və sistemli şəkildə oxuculara təqdim
olunur. Görkəmli maarif fədailərinin, mütəfəkkirlərin
və pedaqoqların həyatı, onların xalqın maariflənməsi
yolunda qeyri-bərabər mübarizədə göstərdikləri
dözüm, cəsarət haqqında qısa oçerklər
bu fundamental əsəri daha maraqlı və oxunaqlı edir. Bu
baxımdan çoxcildliyi həm də təhsil tarixinin
publisistik dillə qələmə alınmış
ensiklopediyası da adlandırmaq olar.
Ötən
dəfə ikinci cildi haqda söz açdığımız
çoxcildliyin üçüncü cildində müstəqillik
illərində Azərbaycanda milli təhsil sisteminin təşəkkülü,
təhsilin ayrı-ayrı pillələri üzrə
inkişaf amilləri öz əksini tapıb. Kitabda Azərbaycanda
təhsilin inkişaf tarixi şərti olaraq üç mərhələyə
bölünüb. Birinci mərhələ 1991-1993-cü illəri
əhatə edir. Bu mərhələ təhsil sisteminin tənəzzülü,
sovet hakimiyyəti illərində qazanılmış nailiyyətlərdən,
mütərəqqi ənənələrdən imtina edilməsi
dövrü kimi xarakterizə olunur. Bu dövr həm də
milli ideyaların təhsil sisteminə gətirilməsi ilə
təhsil tarixinə düşüb. İkinci mərhələ
1993-2003-cü illəri əhatə edir. Bu mərhələdə
sabitləşmə meyillərinin təhsilin inkişafına
da nüfuz etməsi, milli təhsil quruculuğu sahəsində
ilk addımların atılması, dövlətin təhsilə
diqqətinin artması, mütərəqqi və
inkişafyönümlü qərarların qəbul edilməsi,
təhsilin keyfiyyətinə nəzarətin güclənməsi,
beynəlxalq əlaqələrin intensivləşməsi, təhsilə
investisiya qoyuluşuna başlanması dövrü kimi yadda
qalıb. Üçüncü mərhələ 2003-cü
ildən sonrakı dövrü əhatə edir. Bu mərhələni
təhsil sistemində köklü islahatlar dövrü də
adlandırmaq olar. Məhz həmin dövrdə təhsil
tarixində ilk dəfə olaraq 16 inkişafyönümlü
dövlət proqramı təsdiq olunub və uğurla həyata
keçirilib. Kitabın ayrı-ayrı fəsillərində
Azərbaycanda təhsilin təşəkkülü, məktəbəqədər,
ümumi, ilk peşə-ixtisas və orta ixtisas təhsili pillələri
üzrə inkişaf amilləri, habelə pedaqoji mətbuatın
inkişaf tendensiyaları öz əksini tapıb.
Kitabın ön sözündə Misir Mərdanov qeyd edib ki, “Azərbaycan təhsil tarixi”nin 1və 2-ci cildləri üzərində işləyərkən bir sıra çətinliklərlə üzləşib: “Kitabın birinci və ikinci cildləri üzərində işləyərkən hansı ciddi çətinliklərlə rastlaşdığımı həmin kitablarda bildirmişdim. O zaman düşünürdüm ki, müstəqillik dövründə təhsilin inkişaf mərhələləri gözlərimiz önündə və bizim yaxından iştirakımızla baş verdiyindən burada ciddi çətinliklərlə qarşılaşmayacağam. Amma bununla belə, müstəqillik dövrünün təhsil tarixini işləyərkən də özünəməxsus problemlərlə üzləşdim. Əgər qədim dövrdə tarixi materialların əldə edilməsində, sovet dövründə bununla bərabər, mövcud materialların sistemləşdirilməsində çətinliklərlə qarşılaşırdımsa, müstəqillik dövründə belə çətinliklərin olmayacağını güman edirdim. Lakin necə deyərlər, qələmi əlimə alıb ölkəmizin müstəqillik illərində təhsil tarixi üzərində işə başlayanda, bu dövrün də özünəməxsus problemləri ilə qarşılaşdım. Çətinliklərdən biri onunla bağlı idi ki, bu dövrdə təhsilin inkişafı sahəsində həyata keçirilən islahatlar, qəbul edilən qərarlar əvvəlki illərlə müqayisədə həm əhatə dairəsinə, həm də mahiyyəti və məzmununa görə həddindən artıq zəngin və irimiqyaslı idi. Digər bir çətinlik mənbələrlə bağlı idi: əvvəlki dövrlərdə təhsillə bağlı müəyyən tədqiqatlar, tarixi əhəmiyyət kəsb edən mənbələr az da olsa, var idi. Müstəqillik dövründə isə belə tədqiqatlar və mənbələr hələ yeni yaranmağa başlamışdı, bu sahədə tədqiqatlar aparılmamışdı və sanballı əsərlər yox idi. Müstəqilliyin 20 ili ərzində uzunsürən geniş mübahisə və müzakirələrdən sonra ölkədə milli təhsil sisteminin normativ-hüquqi bazası yaradıldı, 1992 və 2009-cu illərdə “Təhsil haqqında” qanunlar qəbul edildi, onların həyata keçirilmə mexanizmləri barədə hökumət tərəfindən çoxsaylı qərarlar qəbul olundu, milli təhsil sisteminin müasir tələblərə cavab verən məzmununun yaradılması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atıldı, yeni milli dərsliklər yaradıldı, təhsildə informasiya-kommunukasiya texnologiyalarının, müasir qiymətləndirmə sisteminin tətbiqi, idarəetmənin və maliyyələşmənin yeni modellərinin hazırlanması, tətbiqi, müəllim hazırlığı, əlavə təhsilin təşkili sahələrində böyük nailiyyətlər əldə olundu və sair. Bütün bunları oxucunun nəzərinə necə və hansı həcmdə çatdırmaq barədə də müəllif kimi çox fikirləşdim. Onu da qeyd edim ki, Azərbaycan təhsil tarixini yazmağa başlayanda onu oxuculara üç cilddə təqdim etməyi düşünmüşdüm. Birinci cild – qədim dövrdən 1920-ci ilədək, ikinci cild – sovet dövrü, üçüncü cild – müstəqillik illəri. Üçüncü cild üzərində işləyərkən məlum oldu ki, material olduqca genişdir və qərara gəldim ki, bu dövrün təhsil tarixini iki cilddə verim. Üçüncü cilddə müstəqillik illərində məktəbəqədər təhsil, ümumi təhsil, məktəbdənkənar təhsil, ilk peşə-ixtisas təhsili və orta ixtisas təhsilinin, dördüncü cilddə isə ali təhsil, ondan sonrakı təhsilin inkişafından bəhs edim”.
M.Mərdanov bildirib ki, kitabın hazırlanması prosesinə müsbət təsir edən bir sıra amillər də var idi: “Bir tərəfdən mən özüm və yaxın ətrafımda olan insanlar Azərbaycanın sovet təhsili sisteminin yetirmələri idik, onun müsbət və mənfi cəhətlərini yaxşı bilirdik. İkinci bir cəhət isə ondan ibarət idi ki, mən müstəqilliyin ilk illərində Azərbaycanda və onun təhsil sistemində mənfi, müsbət istiqamətlərdə atılan addımların bilavasitə içərisində idim. Bütün bu hadisələr, necə deyərlər, gözlərimin qarşısında baş vermişdi. Heç bir müsbət nəticə verməyən tələsik atılan addımların da, təkamül yolu ilə həyata keçirilən və uğurla nəticələnən hadisələrin də şahidi idim. Müstəqilliyin ilk illərində milli təhsil quruculuğunda iştirak edən insanların bu mühüm işə münasibətləri də müxtəlif idi. Bəziləri düşünürdülər ki, indiyə qədər mövcud olmuş təhsil sistemindən tamamilə imtina edərək, yeni milli təhsil sistemi yaratmaq lazımdır. Digərləri düşünürdü ki, Azərbaycanda təhsil quruculuğu birbaşa Avropa təhsil sistemi əsasında həyata keçirilməlidir. Üçüncü yanaşma tərəfdarları düşünürdülər ki, sovet dövründə təhsilin təşəkkülü sahəsində qazanılmış təcrübə və nəaliyyətlər əsas götürülməklə, Azərbaycan xalqının milli dəyərləri, tarixi inkişaf meyilləri, adət-ənənələri nəzərə alınmaqla, beynəlxalq təcrübəyə və Avropa təhsil məkanına istinad edilməklə ölkəmizdə milli təhsil quruculuğu aparılmalıdır.
Ümumilli lider Heydər Əliyev bu yanaşmanın doğruluğunu çox sərrast ifadə etmişdi: “Azərbaycan təhsil sistemində indiyə qədər əldə edilmiş müsbət təcrübə və özünü doğrultmuş, müsbət nəticələr vermiş system saxlanılmalı, inkişaf etdirilməli və müasirləşdirilməlidir. Dünya təcrübəsindən Azərbaycanın milli xüsusiyyətlərinə uyğun olan prinsiplər, qaydalar təhsil sistemimizə tətbiq edilməlidir. Biz dünyanın bütün ölkələrində- Qərbdə də, Şərqdə də əldə edilmiş nəaliyyətləri dərindən öyrənməli və onlardan Azərbaycan üçün müsbət xarakter daşıyan cəhətləri ölkəmizin təhsil sistemində tətbiq etməliyik”.
Təhsil nazirinin sözlərinə görə, müstəqillik dövrünün təhsil tarixi əvvəlki dövrlərə nisbətən bir sıra səciyəvi xüsusiyyətləri ilə fərqlənirdi. İnkar etmək olmaz ki, bu gün ölkəmizdə fəaliyyət göstərən məktəbəqədər, ümumi, ilk peşə ixtisas, orta ixtisas, ali, eləcə də əlavə təhsil müəssisələrinin geniş şəbəkəsinin, güclü elmi-pedaqoji kadr potensialının bünövrəsi məhz sovet dövründə, təhsil sahəsində aparılan məqsədyönlü siyasət nəticəsində qoyulmuş və həyata keçirilən genişmiqyaslı təhsil quruculuğu işi gələcək inkişafın güclü təməlini qoyub. Həmin dövrdə Azərbaycanda məktəbəqədər təhsil müəssisələrindən tutmuş ali məktəblərədək bütün təhsil ocaqları yeni inkişaf pilləsinə yüksəlmiş, bu istiqamətdə ardıcıl aparılan dövlət siyasəti Azərbaycan əhalisinin təhsil, ümummədəni və intellectual sıviyyəsinin yüksəldilməsində müstəsna rol oynayıb: “Müstəqillik illərində Azərbaycanda təhsilin inkişaf tarixini şərti olaraq üç mərhələyə bölmək olar. Birinci mərhələ 1991-1993-cü illəri əhatə edir. Bu mərhələ təhsil sisteminin tənəzzülü, sovet hakimiyyəti illərində qazanılmış nailiyyətlərdən, mütərəqqi ənənələrdən imtina edilməsi dövrü kimi xarakterizə olunur. Onu da qeyd etmək lazımdır ki, bu dövr həm də təhsil tarixinə milli ideyaların təhsil sisteminə gətirilməsi ilə düşmüşdür. İkinci mərhələ 1993-2003-cü illəri əhatə edir. Bu mərhələdə sabitləşmə meyillərinin təhsilin inkişafına da nüfuz etməsi, milli təhsil quruculuğu sahəsində ilk addımların atılması, dövlətin təhsilə diqqətinin artması, mütərəqqi və inkişafyönümlü qərarların qəbul edilməsi, təhsilin keyfiyyətinə nəzarətin güclənməsi, beynəlxalq əlaqələrin intensivləşməsi, təhsilə investisiya qoyuluşuna başlanması dövrü kimi yadda qalmışdır. Üçüncü mərhələ 2003-cü ildən sonrakı dövrü əhatə edir. Bu mərhələni təhsil sistemində köklü islahatlar dövrü də adlandırmaq olar. Məhz həmin dövrdə təhsil tarixində ilk dəfə olaraq 16 inkişafyönümlü dövlət proqramı təsdiq olunub və uğurla həyata keçirilməkdədir. Təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə real vəziyyətin təhlili əsasında hazırlanıb təsdiq edilmiş bu proqramların reallaşdırılması nəticəsində təhsil unfrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, yeni dərslik siyasətinin reallaşdırılması, təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlərin tətbiqi, əmək bazarının tələbatına uyğun kadr hazırlığı və təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi və təhsil sisteminin informasiyalaşdırılması, məktəbəqədər, ilk peşə-ixtisas, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili, de-institutlaşdırma və digər bu kimi sahələrdə əhəmiyyətli nailiyyətlər əldə olunub”.
Nazir qeyd edib ki, uzun illər həsrətlə gözlənilən müstəqilliyin ilk illərində Azərbaycan çox ciddi sınaqlarla qarşılaşdı. Təhsil müəssisələrinin maddi-texniki bazası dağıdılmışdı, dərsliklərin şagirdlərə pulsuz verilməsi dayandırılmışdı, uşaqların icbari təhsilə cəlb olunması səviyyəsi aşağı düşmüşdü. Ən qabiliyyətli, bilikli, savadlı təhsil işçiləri, xüsusi ali məktəblərin professorları dolanışıq dalınca Türkiyəyə, İrana, Rusiyaya və dünyanın digər ölkələrinə üz tutmuşdular. Xarici ölkələrlə təhsil sahəsində əlaqələr tamamilə kəsilmişdi. Ermənistanın torpaq iddiası üzərində qurulan təcavüzü, ölkədəki qeyri-sabitlik, Azərbaycan ərazilərinin işğal olunması, bütün sahələr kimi, təhsil sistemini də iflic vəziyyətinə salmışdı.
Dağlıq Qarabağ və ətraf rayonların işğalı nəticəsində 220 körpələr evi, 616 ümumtəhsil məktəbi, 35 məktəbdənkənar təhsil müəssisəsi, 11 peşə məktəbi, 9 orta ixtisas məktəbi, 1 ali məktəb, 3 ali məktəb filialı dağıdılmışdır. Ermənistanın silahlı qüvvələri tərəfindən ərazimizin 20 faizinin işğalı ilə əlaqədar olaraq 1 milyondan çox azərbaycanlı, o cümlədən 175600 nəfər şagird və tələbə, 19400 təhsil işçisi, tədris müəssisələrində çalışan texniki işçi öz doğma ölkəsində didərgin salınmışdı. Həmin dövrdə qaçqın və məcburi köçkünlərin əksəriyyətinin təhsil müəssisələrinin tədris və yataqxana korpuslarında, uşaq bağçaları və məktəbdənkənar tərbiyə müəssisələrində məskunlaşması nəticəsində ölkədə təhsil sisteminin ahəngi ciddi şəkildə pozulmuşdu. Bütün çətinliklərə baxmayaraq, dövlət müstəqilliyinin bərpası ilə Azərbaycan tarixində bütövlükdə təhsil sisteminin milli ənənələr və ümumbəşəri dəyərlər əsasında yenidən qurulması üçün tarixi şərait, imkan yaranmışdı və bu imkandan istifadə etmək lazım idi: “1991-1992-ci illərdə təhsillə bağlı bir sıra mühüm qərarlar qəbul edilmişdi. 1991-ci ildə “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” qanunun qəbul edilməsindən sonra Azərbaycan Ali Sovet Milli Şurasının qərarı oldu. Qərarda 1992-ci ilin sentyabr ayından orta məktəblərin 1-ci siniflərində dərslərin yeni əlifba ilə keçirilməsi, orta məktəblərin yuxarı siniflərində, texniki peşə, orta ixtisas və ali məktəblərdə latın qrafikalı əlifbanı öyrədən fakültativ məşğələlərin təşkil edilməsi, bütün təhsil ocaqlarında müəllimlərin və digər işçilərin latın qrafikalı əlifbanı öyrənməsi üçün lektoriyaların yaradılması öz əksini tapdı. Eyni zamanda qərarla 1993-cü ildə orta, orta ixtisas və ali məktəb dərsliklərinin latın qrafikalı əlifba ilə çap edilmısi, orta məktəblərin ibtidai siniflərində latın qrafikalı əlifbanın öyrənilməsinə başlanması, təhsil sisteminin bütün sahələri üzrə latın qrafikalı əlifbanın tətbiqinin başa çatdırılması nəzərəd tutulmuşdu. Əlbəttə, xüsusi hazırlıq işi aparılmadan, nəşriyyat poliqrafiya müəssisələrinin imkanları nəzərə alınmadan yeni qrafikaya keçilməsi xeyli çətinliklər də yaratdı. Azərbaycanın həyatında çoxsaylı taleyüklü problemləri həll etmiş ümummilli lider Heydər Əliyev, 1991-ci ildə qəbul olunmuş, lakin həyata keçirilmə mexanizmi işlənməmiş bu məsələnin də həllinə nail oldu. Məhz Heydər Əliyevin sərəncamı ilə 2000-ci ildə ölkədə, o cümlədən təhsil sistemində latın qrafikasına tam keçid bərqərar oldu”.
M.Mərdanovun dediyinə görə, həmin dövrdə milli təhsil quruculuğunun aparılması üçün təhsil qanunvericiliyinin yeniləşdirilməsinə ciddi ehtiyac yaranmışdı. İlk növbədə yeni təhsil qanunu qəbul edilməli idi. Ciddi müzakirələrdən sonra 1992-ci ildə Təhsil Qanunu qəbul edildi. Qanunda bir sıra mütərəqqi müddəalar, o cümlədən dövlət təhsil müəssisələrində əlavə pullu təhsil qruplarının yaradılması, dövlət ali məktəb tələbələrinə təhsilini başa vurduqdan sonra beş il müddətinə ödəmək şərtilə kreditin verilməsi, orta təhsil pilləsində təlimin təmayüllər üzrə aparılması, ali təhsilin çoxpilləli sistenimə keçilməsi, ali məktəblərə muxtariyyət hüququnun verilməsi, qeyri dövlət təlim-tərbiyə müəssisələrinin yaradılması, mütəxəssis hazırlığı aparmaq üçün ixtisaslara lisenziya verilməsi, ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyasının keçirilməsi, yeni tipli təhsil müəssisələrinin yaradılması və sair məsələlər təsbit olunmuşdu. Lakin qanunda əsas təhsil pilləsinin beş ildən dörd ilə endirilməsi, onbirillik icbari ümumi orta təhsildən səkkizillik icbari təhsilə keçid mahiyyət etibarilə ümumi təhsilin inkişafında geriyə doğru bir addım idi. Sənəddə bir sıra müsbət və mütərəqqi cəhətlərin olmasına baxmayaraq, qanun hazırlanarkən mövcud reallıqlar, ölkənin social-iqtisadi durumu nəzərə alınmadığına görə bir çox məsələlərin qanuna daxil edilməsində tələsikliyə yol verilmişdi və təbii ki, sonradan həmin məsələlərin həyata keçirilməsi mümkün olmadı. Müstəqilliyin ilk illərində miılli təhsil quruculuğu sahəsində müəyyən addımlar atılsa da, nəzərdə tutulan bir sıra mühüm məsələləri həll etmək mümkün olmadı. Azərbaycan xalqının çağırışı ilə ümumilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra vəziyyət tamamilə dəyişdi. 1994-cü il mayın 12-də atəşkəs elan edildi, ölkədə siyası sabitliyin bərpası və iqtisadiyyatın dirçəlişi sahəsində uğurlu nailiyyətlərin təməli qoyuldu. Bütün bunlar təhsil sistemində nizam-intizamı, bu sahədə çalışan insanların social müdafiəsini xeyli yaxşılaşdırdı və təhsilin inkişafına öz təsirini göstərdi. 1995-ci ildən etibarən ölkədə siyasi sabitlik bərqərar oldu, ölkə iqtisadi cəhətdən ciddi uğurlar əldə etdi. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu. Bu, müstəqil ölkəmizin ilk əsas qanunu idi. Konstitusiyanın “Təhsil qanunu” adlanan 42-ci maddəsində dövlətin təhsil siyasətinin əsas prinsipi təsbit olundu: hər bir vətəndaşın təhsil almaq hüququ vardır, dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir, təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir, maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir, dövlət minimum təhsil standartlarını müəyyən edir.
Təhsil nazirinin sözlərinə əsasən, artıq 1998-ci ildə ölkədə təhsil sahəsində yeni islahatların həyata keçirilməsi üçün şərait yaranmışdı: “Bütün bunların məntiqi nəticəsi olaraq 1998-ci ildə ümummilli lider Heydər Əliyevin “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası haqqında” sərəncam imzaladı. Sərəncama əsasən təhsil sahəsində islahatlar aparmaq üçün komissiya yaradıldı və mən həmin komissiyanın sədri təyin olundum. Komissiyanın tərkibinə nazirlər, komitə sədrləri və digər vəzifəli şəxslər daxil idi. Qarşıya qoyulan tapşırıqlardan biri də bu idi ki, Dünya Bankının Bakı ofisi ilə əlaqələr yaradılsın və islahatların həyata keçirilməsində Dünya Bankı Azərbyacana yardım göstərsin. Tapşırıqlara əsasən Dünya Bankının Bakı ofisi ilə lazımı əlaqələr yaradıldı. Azərbaycanda uğurlu islahatların aparılmasına Dünya Bankı ilə birgə həyata keçirilən layihələr əhəmiyyətli töhfə verdi. 1999-cu ildə Azərbaycan hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası arasında “İnkişaf üçün kredit haqqında saziş” imzalandı və prezidentin sərəncamə ilə təsdiq olundu. Dünya Bankının təsnifatına əsasən kredit mahiyyətcə öyrədici və innovasiya xarakteri daşıyırdı. Yəni bu kiçikhəcmli kreditin məqsədlərindən biri də Azərbaycanın təhsil sistemində Dünya Bankının qaydaları, prosedurları, təlimatları üzrə zəruri bilik və bacarıqlar formalaşdırmaq, müvafiq kadr hazırlığını təmin etmək, təhsil innovasiyalarını dəstəkləməkdən ibarət idi. Layihənin dəyəri 5,5 milyon ABŞ dolları təşkil etmişdi ki, bu məbləğin də 500 min dolları Azərbaycan hökumətinin payına düşürdü. Birinci layihə uğurla başa çatdırıldıqdan sonra bir-birinin ardınca yeni layihələr həyata keçirildi”.
M.Mərdanov vurğulayıb ki, müstəqilliyin bərpasından sonra ölkədən kənarda yaşayan soydaşlarımızın dərsliklərlə təmin edilməsinə xüsusi diqqət yetirilməyə başlanmışdır. 1994-ci ildən etibarən Gürcüstanın təlim Azərbaycan dilində olan məktənləri dərslik və dərs ləvazimatları ilə təmin edilir. Dağıstanın Azərbaycan məktəblərinə və Amerika, Hollandiya, Macarıstan, İngiltərə, Kanada, Rusiya, Ukrayna, Belarus, Almaniya və Orta Asiya respublikalarında fəaliyyət göstərən “Bazar günü” məktəblərinə də hər il soydaşlarımız üçün dərslik və dərs vəsaitləri göndərilir. Məktəb kitabxanaları əlavə oxu materialları- uşaq ensiklopediyaları, Azərbaycan və xarici ölkə yazarlarının əsərləri ilə təmin edilib: “Müstəqillik illərində istedadlı şagirdlərə dövlət qayğısı artırıldı, belə şagirdlər üçün təhsil müəssisələrinin şəbəkəsi genişləndirildi, müstəqilliyin ilk illərində ölkədə lisey və gimnaziyaların sayı 4 idisə, 2011-ci ildə belə təhsil müəssisələrinin sayı 75-ə çatdırıldı. Ümumtəhsil məktəbləri üçün yeni dərsliklərin hazırlanması məsələsi hər zaman ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olub. Ulu öndər bu sahədə aparılan işlərlə müntəzəm maraqlanıb, daim Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi dərsliklərinin təhsil sistemində müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıb. Dərsliklərin nəşri və çapı işləri Azərbaycan prezidentinin 29 yanvar 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət satınalmaları haqqında” Qanuna uyğun olaraq tender yolu ilə həyata keçirilir.
Nazirlər Kabinetinin 19 mart 2004-cü il tarixli sərəncamına uyğun olaraq dövlət ümumtəhsil məktəblərinin I-XI sinif şagirdlərinin dərsliklərlə pulsuz təmin olunması işini tənzimləmək məqsədilə hazırlanan “Dərsliklərin nəşri, çapı və paylanması qaydaları” 2004-cü il tarixli, 3103 nömrəli şəhadətnamə ilə Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Prezidentin 20 fevral 2003-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”na uyğun olaraq 2003-2005-ci illər ərzində ümumtəhsil məktəblərinin I-XI sinif şagirdlərinin dərsliklərlə pulsuz təminatı yerinə yetirilib. 2005-ci ildə Təhsil Nazirliyində qeyri-dövlət təşkilatlarının nümayəndələri də cəlb olunmaqla “Ümumi təhsil sistemində dərslik siyasəti” sənədi hazırlanıb və Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra müvafiq əmrlə təsdiq edilib.
1999-cu ildən 2007-ci ilə kimi ümumtəhsil məktəblərinin I-IV sinif proqramları, V-XI siniflər üçün “Azərbaycan dili”, “Ədəbiyyat”, “Riyaziyyat”, xarici dil, “Azərbaycan tarixi”, “Rus dili”, “Fizika” (VII-XI s.), “Kimya” (VIII-XI s.) , “Coğrafiya” (VI-XI s.), “Ümumi tarix” (VI-XI s.), “İnsan və cəmiyyət” (VIII-XI s.), “Biologiya” (VI-XI s.) və s. proqramlar hazırlanıb, təkmilləşdirilib və çap olunaraq istifadəyə verilib. 2005-ci ildə bazis tədris planı əsasında işlənilən yeni proqramlar V-XI siniflər üzrə seçmə fənlər də nəzərə alınmaqla müvafiq olaraq “A” və “B” variantlarında hazırlanıb ki, bu da müəllimlərin işini xeyli asanlaşdırıb. Təlim gürcü dilində olan məktəblərin ibtidai sinifləri üçün gürcü dili proqramı həmin məktəblərin yerləşdiyi Qax, Zaqatala və Balakən rayonlarının müəllimləri tərəfindən işlənilib və təsdiq edilərək istifadəyə verilib. Milli azlıqların cəm halda yaşadığı regionlarda fəaliyyət göstərən məktəblərin I-IV sinifləri üçün ana dili (doğma dil) proqramları yenidən işlənərək çap olunub”.
M.Mərdanov bildirib ki, müstəqillik illərində məktəbdənkənar təhsil müəssisələrində uşaq və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, onların maraq, meyil və bacarıqlarının, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi sahəsində bir sıra nailiyyətlər əldə olunub. Həmin müəssisələrin maddi-texniki bazası əsaslı şəkildə yeniləşdirilib.
Sevinc QARAYEVA
525-ci qəzet.-
2012.- 18 avqust.- S.14-15.