Macarıstanda Turançılıq      

 

Avqustun 10-dan 12-nə qədər Macarıstan Buqas bölgəsində Macar Turan Cəmiyyətinin təşkilatçılığı ilə IV hun-türk qurultayı keçirildi. Qurultay deyəndə göz önünə ilk növbədə rəsmi yığıncaq, toplantı gəlir. Amma haqqında söz açdığım tədbir tamamilə başqa xarakterlidir. İki ildən bir təşkil olunan hun-türk qurultayları daha çox xalq gəzintisi, folklor bayramıdır, insanların tarixi yaddaşlarını təzələmək, onları bu yolla keçmişə aparmaq təşəbbüsüdür. Qurultay müəyyən mənada həm də teatrlaşdırılmış tarixi şoudur. Bu “tamaşa” vasitəsi ilə müasir macarlar iki böyük köçlə, iki böyük dalğa ilə Şərqdən gələrək Avropanın mərkəzində məskunlaşan, burada öz dövlətini quran, bütün təzyiqlərə baxmayaraq milli varlığını yaşadan əcdadlarının keçdiyi şərəfli tarixi yolu izləmək imkanı qazanırlar.

Böyük talada qurulmuş köçəri çadırları, uca dirəklərin üzərində yellənən savaş bayraqları, tuğlar, cıdır yarışları, çövkan oyunu, oxatma yarışları və qılınc döyüşü, şaman musiqisi, qədim yaraq-əsləhə qurşamış hun döyüşçüləri, əsrlərin arxasından öz milli paltarları, baş geyimi və sinəbəndləri ilə çıxıb gələn qız-gəlinlər... İnsanı birdən-birə min il əvvələ aparan qeyri-adi metamorfoza! Doğrusu, bütün bunların hamısını tam bir Avropa ölkəsi olan Macarıstanda, həm də cağdaş sivilizasiyanın bir neçə addımlığında baş verməsindən heyrətlənməmək qeyri-mümkündür.

Amma bu teatrallığın arxasında bir reallıq dayanmaqdadır. İndi yaşadıqları torpaqlara Asiyadan gələn macarlar özlərinin Şərq köklərini heç zaman yaddan çıxarmamışlar. Əksinə, həmişə bundan qürur duymuşlar. Macar xalqının əsrlər boyu yaşatdığı ənənələr içərisində Hongofolos – yəni “yurd tutma” mərasiminin özəl bir yeri vardır. Aradan min ildən çox zaman keçməsinə baxmayaraq xalq indi də əcdadlarının gəlib bu torpaqlarda yerləşmələrini, yurd tutmalarını böyük şükran və minnətdarlıq hissi ilə bayram edir. Macarlar digər Avropa xalqlarından fərqli mənşəyə, fərqli mədəniyyətə və mentalitetə malik olduqlarını, “köhnə qitədə” yeni tarix yaşadıqlarını və yaşatdıqlarını nəzərə çarpdırmağa can atırlar. Qurultay bir tərəfdən onların Avropa mühitindəki bənzərsizliklərini nümayiş etdirirsə, digər tərəfdən də bu fərqliliyin, bənzərsizliyin əski hun tarixi, Böyük Turan imperiyası və türk dünyası ilə bağlı çoxəsrlik  köklərinə və mərhələlərinə işıq salır.

Yuxarıda xatırlatdığım Hongofolos ənənəsinin tələblərindən biri də “köhnə yurdda” qalanların, yəni köç prosesinə qoşulmayanların daim xatırlanması və imkan daxilində axtarılmasıdır. Bu elm adamlarından tutmuş sıravi insanlara qədər hamını maraqlandıran məsələdir. Hun-türk qurultayının əsas məqsədlərindən biri də indiki macarlarla onların Orta Asiyada, Volqa boyunda, yaxud Qafqazda qalmış eyni tarixi kökə malik qohum etnoslarla  mənəvi əlaqələrinin təmin edilməsidir.

Macar Turan cəmiyyətinin keçirdiyi hun-türk qurultayı hər hansı siyasi kontekstdən və siyasi iddialardan uzaqdır. Lakin buna baxmayaraq macar cəmiyyətində get-gedə kütləviləşməkdə olan bu mərasim nədənsə Rusiyanın bəzi dairələrində, xüsusən də ermənipərəst qüvvələrin cəmləşdiyi “Regnum” xəbər agentliyində ciddi təlaş doğurur. Agentliyin şərhçisi Dmitri Semuşkin qurultayın son günü – avqustun 13-də “Reqnum” saytında yerləşdirilən “Nə üçün Macarıstan “Böyük Turanın” xeyrinə fin-uqor birliyinə xəyanət etdi?” adlı yazısında ölkənin indiki əhalisinin fin-uqor mənşəli macarlaşdırılmış slavyanlar olduğunu iddia edir. Müəyyən dairələrin maraqları naminə onların süni yolla sayca kiçik və apatik fin-uqor birliyindən ayrılaraq sayı 250 milyonu keçən, passionar enerjisi aşıb-daşan böyük türk ailəsinə calandıqları fikrini əsaslandırmağa çalışır. Əlbəttə, müəllifin narahatlığını başa düşmək mümkündür. Rusiya Federasiyasının subyektləri olan Tatarıstan, Başqırdıstan, Yakutiya, Xakasiya, Çuvaşıstan, Altay, Saxa  başqa qədim türk xalqlarının bayraqlarının macar çöllərində dalğalanması ona rahatlıq vermir. Əgər macarlar qədim slavyanlardısa,  bu məntiqlə Semuşkin və kompaniyasının tatarları, altaylıları, yaxud xakasları türkləşdirilmiş rus elan edəcəkləri gün də o qədər uzaqda deyil!

İlk hun-türk qurultayı 2007-cı ildə Qazaxıstanda keçirilmişdi. Qurultay ideyasının müəllifi və əsas təşkilatçısı tanınmış macar antropoloqu, səyyah və tarixçi Andraş Jolt Birodur. O, Macarıstanda min ildən bəri mövcud ulus toplantısı – qurultay ənənəsini dirçəltməyə nail olmuşdur. Andraş Biro eyni zamanda müasir macarların soy-kök etibarı ilə qədim türklərlə bağlılığı ideyasının atəşin tərəfdarlarından biridir. Həm də bunu yalnız gəlişi gözəl söz kimi, şüar kimi təkrarlamaqla kifayətlənmir.

Bir neçə il bundan əvvəl inadlı axtarışlar nəticəsində Qazaxıstanın Turqay əyalətində, habelə ona bitişik ərazilərdə hələ də özlərini majar – macar adlandıran etnik qrup aşkara çıxarılmışdır. Ardınca həmin macarların başqa bir qolunun müasir Özbəkistan ərazisində yaşadığı  məlum olmuşdur. Bu sadəcə bir təsadüfdür, yoxsa dünyanın fərqli səmtlərində yaşayan eyni adlı etnoslar arasında qohumluq əlaqələri var? Suala cavab tapmaq üçün Andraş Bironun təşəbbüsü ilə “qazax macarları” ilə ölkəsindəki həmvətənlərin müqayisəli DNK analizlərini aparılmışdı. Mütəxəssislər nəticələr əsasında hər iki toplumun genetik eyniliyi qənaətinə gəlmişdir. Həmin nəticələr ABŞ-nın nüfuzlu “American Journal of Pusical Anthropology” məcmuəsində dərc edilmiş və macarların soy-kökü ilə maraqlanan bir sıra tanınmış alimlərin diqqətini çəkmişdi. Bu da öz növbəsində Macarıstan və Qazaxıstan macarlarının müştərək köklərini tapmaq üçün tarixin qədim qatlarına baş vurmağın, hun-türk araşdırmalarının zəruriliyi fikrini ortaya çıxarmışdır. Qazaxıstan alimlərinin və mədəniyyət xadimlərinin yaxından iştirakı ilə 2007-ci ildə təşkil olunan ilk hun-türk qurultayı da hər şeydən əvvəl bu ideyaya xidmət edirdi. Məhz bu qurultaydan sonra qazax-macar əlaqələrinin daha intensiv inkişaf dövrü başlanmışdı.

Daha sonra estafet Qazaxıstandan Macarıstana keçmişdi. 2008-ci ildə ikinci, 2010-cu ildə isə üçüncü hun-türk qurultayı bu ölkədə böyük uğurla baş tutmuş və cəmiyyətin ən müxtəlif təbəqələrində böyük maraq doğurmuşdu. Sadə xalq arasında qurultayın keçirildiyi günlər “Hunnap” – yəni “hun günləri” adını almışdı.

Bir qədər yuxarıda da qeyd etdiyim kimi, hun-türk qurultayı sırf elmi səciyyə daşımır. Doğrudur, tədbir çərçivəsində müxtəlif türk məmləkətlərindən, Avropa ölkələrindən olan antropoloqlar, etnoqraflar, hunşünas və türkoloqlar  da bir araya gəlir, macar dili, tarixi, macar-türk əlaqələri, Avrasiya məkanında macarların yeri və rolu ilə bağlı görüşlərini bölüşür, polemika aparırlar. Hər bir elm sahəsinin mütəxəssisləri son dövrlərdə gördükləri işlər barəsində məlumat verirlər. Lakin böyük ərazidə qurulmuş çadırların yalnız birində gedən bu elmi mübahisələr işin kiçik, həm də daha çox gələcəyə hesablanmış hissəsidir. Əsas nəticə isə alimlərin çadırından kənarda, yüksək səviyyədə hazırlanmış tarixi şounun göstərildiyi böyük talada əldə edilir.

Bunun da nəticəsində macarlar arasında  hun-türk  qurultayının populyarlığı ildən-ilə artır. Xüsusi ilə yeni yetişən gənclik bu məsələdə daha həssas və fəal mövqeyi ilə seçilir. Heç bir təmənna, yaxud fayda güdmədən, tapşırıq almadan yalnız səmimi inanclarına dayanaraq bu tədbiri hazırlayan adamların entuiziazmı və vətənpərvərliyi isə ən yüksək tərifə layiqdir. Ümumi nisbətdə sayca bəlkə də o qədər böyük olmayan, lakin son dərəcə enerjili və monolit “hunçular” qrupu getdikcə daha artıq bir inadla xalqın tarixinin dərin qatlarına nüfuz edir, onu indiki avropalı macarların xoşuna gələn tərzdə deyil, olduğu kimi göstərməyə çalışır.

Macarıstanda səfir kimi fəaliyyətimin üçüncü ayında, 2010-cu ilin avqustunda III hun-türk qurultayının işində iştirak etdim. Qaqauzlardan, Bolqarıstan türklərindən tutmuş xakaslara, altaylılara, uyğurlara qədər böyük türk ailəsinin bir çadır altına toplaşdıqlarına, eyni, yaxud yaxın fikirləri, görüşləri paylaşdıqlarına şahid oldum. Qurultayın təntənəli açılış günü hətta  dünya türklərinin birgə fəaliyyəti ilə bağlı qədim türk runik əlifbası – Orxan-Yenisey abidəsinin qaya parçalarına həkk edildiyi əlifba ilə yazılmış rəmzi sənəd də qəbul edildi. (Yeri gəlmişkən, Parlamentdə 43 yerlə təmsil olunan “Yobbik –Daha yaxşı Macarıstan uğrunda” partiyasının təşəbbüsü ilə bütün yaşayış məntəqələrinin giriş və çıxışında onların adları həm də runik hərflərlə yazılmış lövhələrdə göstərilir).  Ən başlıcası isə müxtəlif türk ellərindən gəlmiş mədəniyyət adamları ecazkar musiqi və sənət dili ilə Macarıstanın Buqats bölgəsindəki məşhur milli parka toplaşmış insanların zaman və məsafə ölçüsünə baxmayaraq əsrlər boyu eyni, yaxud yaxın mənəvi-estetik dəyərləri paylaşdıqlarını ortaya qoydular.

Bu ilki qurultay da sənətin insanları yaxınlaşdırması, ümumi anlaşma dilinə çevrilməsi baxımından istisna olmadı. Təkcə onu qeyd etmək lazımdır ki, Avropanın mərkəzində keçirilən bu tədbirdə dünyanın üç qitəsindən gəlmiş 22 türk xalqının təmsilçiləri iştirak edirdi. Əsas ağırlıq əvvəlki illərdə olduğu kimi yenə də ictimai-siyasi xadimlərdən, yaxud alimlərdən daha çox mədəniyyət adamlarının üzərinə düşürdü. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, istər iki il əvvəlki, istərsə də indiki qurultayda milli musiqimizin mahir bilicisi professor Məcnun Kərimin yaratdığı və bədii rəhbəri olduğu Azərbaycan qədim xalq çalğı alətləri ansamblı böyük məharət göstərmişdi. Macarıstan Turan Cəmiyyətinin saytında insanları həqiqətən də qədim çağlara aparan ansamblın çıxışları ilə bağlı yüzlərlə hərarətli rəyə rast gəlmək mümkündür. Həqiqətən   Macarıstanın müxtəlif yerlərindən qurultaya gələn minlərlə insanın bəlli bir hissəsi ansamblın ifasını dinləyərkən müəyyən doğmalıq və yaxınlıq hiss ediblərsə (əminəm ki, məhz belə olub!) demək, o zaman müasir macarlarla onlardan minlərlə kilometr aralıda yaşayan indiki azərbaycanlılar arasındakı mədəni-mənəvi əlaqənin mövcudluğu öz təsdiqini tapıb!

Macarların türk xalqları ilə yaxınlığı, soy-kök ortaqlığı məsələsini yeni şəraitdə xüsusi bir ardıcıllıqla gündəliyə çıxaran və həmvətənlər arasında bu istiqamətdə geniş maarifçilik işi aparan Macar Turan cəmiyyəti təxminən on il bundan əvvəl yaranıb. Təbii ki, bunun üçün ilk növbədə ölkədə ictimai-siyasi fikri və mədəni-ideoloji həyatı  daim nəzarətdə saxlayan kommunist sisteminin süqutu tələb olunurdu. Digər tərəfdən, adı çəkilən cəmiyyət quru yerdə yaranmamışdı. Daha əvvəllər – ötən əsrin başlanğıcında fəaliyyət göstərmiş oxşar istiqamətli qurum, sadəcə, yenidən bərpa edilmiş, fəaliyyətini təzələmişdi. Bir sözlə, Şərqə bağlılıq, macarların hesab etdikləri kimi, turançılıq heç vaxt bu ölkəyə və onun xalqına yad olmamışdı.

 

lll

 

Müasir tarixşünaslıqda da qəbul olunduğu kimi, macarların əcdadları indi yaşadıqları əraziyə iki böyük köçlə gəlmişdilər. Birinci dalğa eramızın IV-V əsrlərinə təsadüf etmişdi. Həmin dövrdə orta əsrlər Avropa tarixçilərinin “Tanrının qılıncı” adlandırdıqları böyük sərkərdə, İtil (Volqa) çayı sahillərində doğulmuş türk olduğu iddia edilən Atilla (406-453) hun tayfalarını Avropanın mərkəzinə gətirmişdi. Daha doğrusu, özündən əvvəl başlanmış prosesin genişlənməsinə və tamamlanmasına təkan vermişdi. Aralarında macarların da olduğu hun tayfaları daha çox indiki Macarıstan ərazisində cəmləşdiklərindən ölkənin latın və ümumən Qərb mənbələrində işlənən, günümüzdə də qorunub saxlanan Hunqariya  adı buradan yarana bilərdi.

Lakin bu mövcud ehtimallardan yalnız biridir. Məşhur macar türkoloqu Armin Vamberi hunlarla türklərin qədim qollarından olan uyğurlar arasında müəyyən əlaqənin mövcudluğunu əsaslandırmağa çalışırdı. O, yazırdı: “Biz macarların nəzərində Uyğur adının xüsusi əhəmiyyəti var. Çünki ruslar özlərindən daha şərqdə yaşayan və rus olmayan xalqları bu adla, daha dəqiq desəm, Uqor adı ilə çağırırdılar. Kəlmə ruscadan alman dilinə Unger/Ungar şəklində keçmişdi. Amma bu ad Arpadın macarlarına deyil, daha əvvəl Pannoniyada yaşayan Ural-Altay köklü xalqa (yəni hunlara – V.Q.) aiddir”. Nəhayət, Hungariya adının üçüncü açıqlaması da qədim türklərlə bağlıdır. Bir sıra mütəxəssislərin fikrincə, latın dilindəki Ungari, alman dilindəki Ungarn, ingiliscədəki Hungarian kəlməsi türk dilindəki “on oğuz” (bolqar – “on oqur”) ekzoetnonimindən yaranmışdır. Həqiqətən də, Karpat ovalığına yürüş zamanı formalaşan tayfa ittifaqına yeddi macar və üç Xəzər tayfası daxil idi. Xəzər tayfaları özlərinin hərbi məharəti və vuruşqanlığı ilə seçilirdi. Bir az aşağıda da görəcəyimiz kimi, hunlar və macarlar öz aralarında ortaq dildə danışmaları və bir-birlərinin anlamaları fikri də qəbul edilir.

Görkəmli macar türkoloqu Gyula Nemetin qənaətinə görə, Hun imperatorluğunun dövlət idarəçiliyində istifadə olunan dil qədim türk dili olmuşdu. Onun fikrincə, Atilla adı da bu gün macar dilində müəyyən fonetik dəyişikliklərlə qorunub saxlanan “ata” sözündən yaranmışdır. Atillanın atasının adı Mundzuk idi. Bu ada müasir Tuva türklərinin arasında bizim günlərdə də təsadüf edilir. Onun əmilərindən birinin adı yunan mənbələrində Oibarsios kimi qeyd edilmişdir. Mütəxəssislərin fikrincə, əgər ənənəvi yunan yazılış forması bir kənara qoyularsa, bu ad orta çağ türkləri arasında geniş yayılmış Aybarsdır. Nəhayət, Atillanın xanımlarından birinin adının Erika – Arıkan, oğullarından birinin adının Denqizik (Deniz) olması da onun soy-kök etibarı ilə qədim türklərə bağlılığı ehtimalını daha da qüvvətləndirir.

X əsrdə, daha dəqiq desəm, 896-cı ildə kral Arpadın və Kursanın rəhbərliyi ilə Ural dağlarını aşan macar tayfaları əvvəlcə Transilvaniyanı ələ keçirmiş, buradan isə Pannoniyaya (indiki Macarıstan ərazisinin bir hissəsi) yayılmış, orada möhkəmlənərək öz dövlətlərini  qurmuşdular. Tədricən müasir macar millətinin formalaşma prosesi başlanmışdı. Yaşadıqları dövlət o zaman da, indi də Macarorsaq, yaxud bizim adət etdiyimiz tərzdə Macarıstan adlanırdı. Bu iki etnonim və toponimin əsrlər boyu paralel şəkildə yaşaması, birinin digərini sıxışdırıb sıradan çıxarmaması əslində hun-macar, daha geniş anlamda isə türk-macar əlaqələrinin simvolu kimi dəyərləndirilə bilər.

Avropanın köçəri əsilli yeni sakinləri az müddətdən sonra xristian dinini qəbul edərək inanc baxımından qədim qitənin digər xalqları ilə bərabərlik hüququ qazansalar da, yaşam tərzlərindən və adət-ənənələrindən asanlıqla əl götürməmişdilər. Onlar yeni yurdda da öz həyat və məişətlərini uzun müddət ucsuz-bucaqsız Asiya bozqırlarında olduğu kimi sürdürmüşdülər. Bu isə Avropanın “həqiqi sakinləri” tərəfindən təqdir edilmirdi. XII əsrdə macar krallığını gəzib-dolaşan alman yepiskopu, yazıçı və tarixçi kardinal Otto fon Freyzinq (1114-1158) ilk növbədə avropasentrik mövqedən özünün yeni din qardaşlarına yuxarıdan aşağı baxır, onları bəyənmirdi.

Hətta İsa dininə pənah gətirmələri də macarları uzun müddət “köhnə qitənin” daha “mütərəqqi və mədəni nümayəndələrinin”  nəzərində onlara yaxın, sıralarından olan və din qardaşları saydıqları insanlara çevirməmiş, necə deyərlər,  “avropalı” edə bilməmişdi. “Macarlar çox çirkindirlər, – deyə kardinal xronikasında yazırdı.   Boyları qısadır, gözləri dərində yerləşir, danışıq və hərəkətləri tam bir barbar təsiri bağışlayır. İnsan bilmir ki, belə ecazkar məmləkəti bu canavarlara qismət edən taleyə lənət yağdırsın, yoxsa Allahın hikməti önündə heyrətlənsin?” Otto Fleyzinq daş və kərpicdən tikilmiş evlərin mövcudluğuna baxmayaraq macarların hələ də çadırlarda yaşamağa üstünlük verdiklərini  ayrıca nəzərə çarpdırırdı.

Ancaq hər addım başı üzləşdikləri yadlıq, ögeylik hissinə baxmayaraq macarlar yeni vətənlərində möhkəmləndilər. Köçəri həyatının gətirdiyi vərdişlər və döyüşkən keyfiyyətləri onların mövcudluq uğrunda mübarizədə qələbəsini təmin etdi. Şərqdən slavyanların, qərbdən isə germanların təzyiqlərinə sinə gərərək Avropanın tam mərkəzində qurduqları dövlətin sərhədlərini genişləndirdilər. Tədricən macar kralları qitənin söz sahibi olan hökmdarlarına çevrildilər.

Təbii olaraq suallar yaranır. Orta Asiyadan, Volqa boyundan yola çıxan macar tayfaları hara getdiklərini bilirdilərmi? Qarşıda onları nələr gözlədiklərindən xəbərləri vardımı?  Məskunlaşdıqları torpaqları qoyub yeni vətən axtarışına çıxarkən üz tuta biləcəkləri bir ünvan, sığına biləcəkləri qüvvə tanıyırdılarmı? Macarlar qanlı savaşlardan, ölüm və təhlükələrdən keçərək hara, kimin yanına üz tutmuşdular?

Müasir dövrdə bir sıra macar tarixçilərinin bu suala aydın və birmənalı cavabı var: onlar bir neçə yüz il əvvəl köç etmiş əcdadlarının – hunların səltənətinə yol almışdılar. “Hunlar və Tanrının qılıncı Atilla” kitabının müəllifi, məşhur macar türkoloqu Gyula Nemet yazır: “Zənnimcə macarlar hunları və onların kralı Atillanı çox əski zamanlardan tanıyırdılar. Özlərinin də bu soydan gəlmələri fikrini qəbul edirdilər. Ola bilsin ki, indiki vətənlərini – Karpat ovalığını fəth edərkən həmin düşüncə özünü o qədər də aydın nəzərə çarpdırmamışdı. Amma bu ehtimal çox da qüvvətli sayıla bilməz. Əksinə, bir sıra mənbələr məhz adı çəkilən dövrdə macarlar arasında özlərinin hun soyundan olmaları qənaətinin daha geniş yayıldığını göstərməkdədirlər”.

Macar alimlərinin araşdırmalarına görə bu gün ölkə xalqı arasında ən geniş yayılmış kişi adı sayılan Atilla adına tarixi qaynaqlarda ilk dəfə 1138-ci ildə təsadüf edilir. Başqa sözlə desək, orta əsr macarları yeni vətəndə möhkəmləndikdən sonra bu torpaqların ilk fatehi olan əcdadlarını unutmamış, onun xatirəsinə ehtiramlarını adını yaddaşlarda yaşatmaqla bildirmişdilər. Əgər Atilla yadelli imperatorun adı olsaydı, ortaq tarixin qürur doğuran səhifələri ilə bağlanmasaydı, təbii ki, əski yurda dönənlər arasında bu qədər geniş yayıla bilməzdi. Həm də Atillanın yalnız adı deyil, qoyduğu miras  da onu əcdadları sayan yeni sakinləri daim maqnit kimi özünə çəkmişdi. Təbii ki, söhbət maddi deyil, mənəvi mirasdan, ənənələrdən gedir.

Avropaya uzun və təhlükələrlə  dolu səfərləri zamanı macar tayfalarının yolu indiki Azərbaycan ərazisindən də keçmişdi. “Şirvan tarixi” əsərinin müəllifi, şərqşünas F.V.Minorski Bizans xronikaçısı Konstantin Baqryanorodnıya istinadən VIII əsrin ortalarında peçeneqlərin basqınına uğrayan macarların bir hissəsinin Gəncə ilə Tiflis arasında, indiki Tovuz rayonu ərazisində məskunlaşdıqlarını göstərir. Alimin ehtimalına görə burada onlar qonşuluq şəraitində yaşadıqları albanların təsiri altında xristian dinini qəbul etmiş və tədricən etnik assimilyasiyaya uğramışdılar.

Hunlarla macarların etnik yaxınlığı, hətta eyni kökdən olmaları həm macar xalq yaradıcılığında, həm də bir sıra tədqiqatçıların  araşdırmalarında öz əksini tapmışdır. Məsələn, XI əsrin sonlarında yazıya alınan “Gesta Ungarorum” eposu əslində başdan-başa hunlarla macarların əlaqə və qardaşlığına həsr edilmişdir. Bu mənbədə onlar eyni soy-kökə mənsub xalqlar kimi tanıdılır, Arpadın isə Atillanın nəslindən olduğu bildirilir. Arpad və sərkərdələrinin aradan təxminən beş yüz il keçəndən sonra Macarıstan ərazilərinə qayıtmaları onların yenidən öz ata-baba torpaqları üzərində vərəsəlik hüququnu  təmin etmələri, tarixi yurdlarına dönmələri  kimi dəyərləndirilir. Bu müəyyən mənada xalqın öz hun-türk keçmişinə qayıdışı da adlandırıla bilər.

Arpadla birlikdə macarların böyük köçünə rəhbərlik edən və hakimiyyəti onunla bölüşən  sərkərdə Kursanın (?-904) nəslinin taleyi bu baxımdan səciyyəvidir. O, Arpadın təkbaşına idarəçiliyinin təmin olunması məqsədi ilə düzəldilən sui-qəsd nəticəsində öldürüldükdən sonra sağ qalan ailə üzvləri Kartal (türkcədə kart – el, “möhkəm yurd”, “möhkəm el” mənasında – V.Q.) soyadını götürmüşdü.

O da diqqət çəkicidir ki, Arpad Atilla ilə qohumluğa iddialı yeganə macar kralı deyildi. Sonrakı əsrlərdə də bir çox krallar birbaşa, yaxud dolayısı yolla əski hunlar və onların qüdrətli hökmdarı ilə  yaxınlıq və varislik əlaqələrini nəzərə çarpdırmağa çalışırdılar. Bu meyl tarixə Kun (Hun) ləqəbi ilə daxil olmuş kral IV Laslonun (hakimiyyəti 1272-1290-cı illəri əhatə edir) zamanında özünü daha nəzərəçarpacaq şəkildə göstərmişdi. Hökmdarın arxalandığı başlıca qüvvə həm əski hun nəsilləri, həm də monqol istilası nəticəsində Macarıstana üz tutmuş Böyük çöl türkləri – kumanlar (qıpçaqlar) idi. Çox ehtimal ki, qıpçaqlara bu isti münasibətin də əsasında qan qohumluğu və genetik yaxınlıq dayanırdı. IV Laslo macar-hun varislik əlaqələrini hakimiyyətinin aparıcı xəttinə çevirməklə kifayətlənməmiş, həm də birləşdirici səciyyəli bu ideyanın tarixi baxımdan  əsaslandırılması qayğısına qalmışdı.

Saraya yaxın adamlardan sayılan tanınmış din xadimi Simon Kezai çox güman ki, kralın tapşırığına, yaxud arzusuna əsasən əski qaynaqları bir daha nəzərdən keçirərək, habelə “İncil”lə müqayisələr apararaq “Macar hun tarixi” adlı əsər yazmışdı. Yarı əfsanəvi xarakter daşıyan bu kitabda macarlarla hunların mənşəyi Babil qülləsini inşa etdirən Nəmrudun nəsli ilə əlaqələndirilirdi. Əfsanəyə görə Nəmrudun Hunor və Mogyor adlı iki oğlu olmuşdu. Onlar atalarının izni ilə ova çıxır və yeni yurdda məskən salırlar. Daha sonra hər ikisi Alan kralının qızları ilə evlənirlər. Nəticədə Hunorun soyundan hunlar, Mogyorun soyundan isə macarlar dünyaya gəlirlər.

Əlbəttə, bu sadəcə əfsanədir. Lakin həmin əfsanə mühüm bir tarixi məqamı – hun və macarlar arasındakı əlaqəni bir daha təsdiq edir.

Hunların türk kimlikləri müasir elmi fikirdə özünə getdikcə daha artıq tərəfdarlar toplamaqdadır. Macar xalqının soy-kökünün formalaşmasında isə bilindiyi kimi, hun ünsürü əhəmiyyətli rol oynamışdır. Macar şərqşünası Laslo Rosony Ankarada, Türk Kültürünü Araşdırma İnstitutunun əsərlərində (1983) çap etdirdiyi “Türk dövlətinin Qərbdəki varisləri” adlı məqaləsində mənsub olduğu xalqın etnik biçimlənməsində hun-türk və fin-uqor başlanğıclarının yerindən və mövqeyindən bəhs edərkən “sadə bir dillə desək, türklər macarların atası, finlər isə anasıdır” qənaətinə gəlmişdi.

Orta əsrlər Bizans, yunan, ərəb və İran mənbələrində macarlardan türklər kimi bəhs olunurdu. Britaniya tarixçisi Piter Qolden “Köçərilər və onların Rusiya Çölündəki qonşuları: Türklər, Xəzərlər və Qıpçaqlar” kitabında (Oksford, 2005)  Bizans qaynaqlarının Xəzər xaqanlığının torpaqlarından Şərqi Türkiyə (Eastern Tourkia), Macarıstan ərazisindən isə Qərbi Türkiyə (Western Tourkia) kimi bəhs etdiyini göstərir.

Bu həqiqətin öz əksini tapdığı tarixi qaynaqlar da mövcuddur. Arpad soyundan olan böyük hersoq Geza (Arpadın nəticəsi idi, hakimiyyət dövrü 972-997-ci illər) xristianlığı qəbul etdiyini bildirəndə, Bizansdan hakimiyyətinin rəsmən tanınmasının rəmzi kimi tac almışdı. Gezanın əlində xaç şəklində əsa tutmuş barelyefi ilə birlikdə indi də qorunub saxlanan və Budapeşt Tarix muzeyində nümayiş olunan həmin tacın üzərində “Tourkia kralı Geza” sözləri həkk edilmişdi.

 

(Ardı var)

 

 

Vilayət QULİYEV

 

525-ci qəzet.- 2012.- 18 avqust.- S.10-11.