“Mətbuatda yaşayan işıq”
YENİ NƏŞR OLUNAN BU
KİTAB UNUDULMAZ MƏTBUAT XADİMİ, ƏMƏKDAR
JURNALİST MƏMMƏD MƏMMƏDOVUN HƏYAT VƏ
YARADICILIQ YOLUNA GÜZGÜ TUTUR
2011-ci
il may ayının 21-də fəal mətbuat xadimi, dəyərli
jurnalist, yaxın dostum Məmməd Məmmədov faciəli
şəkildə dünyasını dəyişdi. Onu
tanıyanlar bu itkini dərin ağrıyla
qarşıladılar, M. Məmmədov haqqında neçə-neçə
yazı qələmə alındı, onun fəaliyyətinə,
yaradıcılığına, mətbuatdakı yerinə aid
məqalələr, xatirələr yazıldı.
Naxçıvan Dövlət Universitetinin rektoru, akademik
İsa Həbibbəyli “Mətbuatda yaşayan işıq”,
AMEA Naxçıvan Bölməsinin sədri, akademik
İsmayıl Hacıyev “Mənalı ömür yolunun
yolçusu”, “Azərbaycan” qəzetinin kollektivi “İş
yoldaşımızın xatirəsi”, “Azərbaycan” qəzetinin
şöbə müdiri Xalid Niyazov “Siz həmişə bizimləsiz”,
“Kəlam” jurnalının redaktoru Niyaz Niftiyev “Yerin
görünür”, “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli
“Yaxşı yol, Məmməd müəllim”, “Şərq
qapısı” qəzetinin müxbiri, tələbə
yoldaşı, dostu Kərəm Həsənov “Jurnalistikada Məmməd
Məmmədov məktəbi”, “Jurnalistikada aydın bir iz: milli
mətbuatda Məmməd Məmmədov imzası”, “Oğuz səsi”
qəzetinin redaktoru Şəhla Nəbiyeva “Əziz və
unudulmaz bir imza, yaxud dost itirməyin ağrısı”, “AMEA
Naxçıvan Bölməsinin elmi işçisi Musa Quliyev
“Elegiya əvəzi – kədərli etiraf”, “Simsar”
jurnalının redaktoru Elmar Hüseynov “Bizdən
ayrılanlar”, AMEA Naxçıvan Bölməsinin elmi
işçisi Elxan Yurdoğlu “Uzun, incə bir yol”, “Örnək
jurnalist, əvəzsiz baş redaktor, əsl mətbuat fədaisi”,
“Kaspi” qəzetinin müxbiri Rufik İsmayılov “Şərq
qapısı”nda tanıdığım dəyərli mətbuat
xadimi, unudulmaz insan”, AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsinin əməkdaşı
Türkanə Bəylərli “Unudulmaz gözəl insan Məmməd
Məmmədovu xatırlayarkən”, AMEA Naxçıvan
Bölməsinin böyük elmi işçisi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Ələkbər
Qasımov “Sabahını görən insan” adlı məqalələrlə
mətbuatda çıxış etdilər. Onlar milli
jurnalistikada xüsusi yeri və rolu olan əvəzolunmaz
jurnalist, özünəməxsusluğu və təkrarolunmazlığı
ilə seçilən publisist, araşdırıcı alim,
ictimai–siyasi proseslərdə yaxından iştirak edən fəal
ictimaiyyətçi, deputat Məmməd Məmmədovun həyat
və yaradıcılıq salnaməsini vərəqlədilər.
Bu müddət ərzində, ölümü ilə
ölümsüzlüyə qovuşan Məmməd Məmmədov
cismən bizdən ayrılsa da, ruhən bizimlə – qələm əhli ilə birgə
yaşadı.
Məmməd
Məmmədov zirvəsinə hər kəs öz
prizmasından yanaşdı, onu gördüyü və
düşündüyü kimi təsvir etməyə
çalışdı.
Akademik
İsa Həbibbəyli onun haqqında bu sözləri
yazıb: “Bir əsrə yaxın inkişaf yolu keçmiş
“Şərq qapısı” qəzetinin tarixində xüsusi bir
Məmməd Məmmədov mərhələsi mövcuddur. “Şərq
qapısı”nın Məmməd Məmmədov dövrü
bu çoxillik qəzetin intibah mərhələsi kimi səciyyələnə
bilər”.
Akademik
İsmayıl Hacıyev elmi rəhbəri olduğu Məmməd
Məmmədovun fəaliyyətini hərtərəfli təhlil
edərək, bu fikirləri önə çəkib: “Məmməd
müəllim çox məhsuldar jurnalist, publisist və
araşdırıcı idi. Onun hər bir əsəri müəllifin
uğuru kimi qeyd edilə bilər: “Naxçıvan kiçik
Azərbaycandır” (1998), “Şərqin qapısı
Naxçıvan” (2001), “Ömrün qırxıncı
baharı” (2002), “Heydər Əliyev çörəyi” (2004),
“Mənim qəzetli dünyam” (2006), “Siyasətdə
Naxçıvan dərsləri” (2009), “Naxçıvan:
dövlət müstəqilliyi uğrunda mübarizənin
dayağı” (2011), “Mənim həyat məktəbim” (2011).
Amansız qəfil ölüm həmkarımız Məmməd
müəllimin yaradıcılıq planlarını
yarımçıq qoydu. Lakin təsəllimiz odur ki, onun
oxucularla görüşü yüzlərlə publisist
yazılarda, oçerklərdə, elmi məqalələrdə
və adını qeyd etdiyimiz 9 kitabda öz ifadəsini
tapmışdır. 2005-ci ilin dekabrın 10-da
“Naxçıvan Muxtar Respublikasında ictimai-siyasi proseslər”
(1988-2005-ci illər) adlı namizədlik dissertasiyası
müdafiə etdi. Məmməd müəllim burada
özünü yetkin tədqiqatçı, vətən
tarixinin bilicisi və təəssübkeşi kimi bir daha təsdiq
etdi. Qeyd olunan mövzu ilə bağlı Məmməd müəllimin
bir monoqrafiyası və 50-dən çox elmi məqaləsi
çap olunmuşdu”.
“Azərbaycan”
qəzeti Məmməd Məmmədovu belə xarakterizə
edib: “Məmməd həssas həmkar
idi. Qəzetimizdə elə bir uğurlu yazı olmazdı ki,
zəng vurub müəllifə təşəkkür etməsin.
Məmməd həm də təbii insan idi. Necə var idisə,
elə də görünürdü, özünü başqa
cür təqdim etməyi heç fikirləşmirdi də... Fikirləşdiyi
dilində, dilindəki əməlində idi”.
Jurnalist
həmkarı və dostu Xalid Niyazovun fikirləri də
maraqlıdır: “O, saatın, günün, hətta anın
“hulqumundan sıxıb” vaxtdan səmərəli bəhrələnməyi
bacarırdı... Hər şeyi zamanında həll etməyə
çalışırdı, bəzilərimiz kimi zamanın
insafına buraxmayıb, namizədlik elmi işini vaxtında
yazıb alimlik dərəcəsi də aldı. Deputat kimi
ictimai fəaliyyətdən də qalmadı, jurnalist kimi də
qələmini ovxardan düşməyə qoymadı... Hərdən
mənə belə gəlir ki, Naxçıvan barədə
daha heç kim Məmməd kimi sevgi ilə, təndirdən təzəcə
çıxmış lavaştək isti, ətirli, kövrək
yazılar yazmayacaq”.
“Kaspi” qəzetinin baş redaktoru
Natiq Məmmədli isə yarımçıq qalan bir
ömür yolunun yolçusu ilə vidalaşdığı
anı belə təsvir edib: “Yaxşı yol, qardaş”. Hər
dəfə görüşüb ayrılanda Məmməd
müəllimə belə deyərdim. Bilirdim ki, yolu uzaqdı.
Naxçıvan buracıq-oracıq deyil. Amma sonuncu dəfə
dediyim “Yaxşı yol” isə heç yaxşı yol
olmadı. Əziz dostumuzun, gözəl jurnalistin ömrü
49-cu ilində elə yoldaca qırıldı”.
Məmməd
Məmmədovun redaktorluq və müəllimlik
bacarığının nəticəsidir ki, onun
açdığı cığırla irəliləyən,
vətənə, xalqa sədaqətlə, bacarıqla xidmət
edən bir jurnalist nəsli yetişib. Hazırda Məmməd
Məmmədov məktəbinin yetirmələri müxtəlif
mətbuat orqanlarında və dövlət qurumlarında
çalışırlar. Sahil Tahirli Naxçıvan MR Ali Məclisinin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsində, Rufik İsmayılov “Kaspi” qəzetində,
Elmir Şirinov Azərbaycan Respublikası Vergilər Nazirliyində,
Elmar Hüseynov “Simsar” jurnalında, Hafizə Əliyeva
“Arazın səsi” qəzetində, Fərid Hacıyev Rabitə
Nazirliyində, Azad Nağıyev Nəqliyyat Nazirliyində,
Türkanə Bəylərli AMEA Naxçıvan Bölməsində,
Rahil Tahirli Gömrük Komitəsində, Lətafət Əhmədova
isə Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsində mətbuatla bağlı sahələrdə
çalışırlar.
Bu il
22 iyul Milli Mətbuat Günündə Məmməd Məmmədovu
onun oğlu, jurnalist həmkarımız Vüsar Məmmədovun
nəşr etdirdiyi “Mətbuatda yaşayan işıq” adlı
kitabı ilə yad etdik. Naxçıvan MR Ali Məclisinin “Əcəmi”
Nəşriyyat Poliqrafiya Birliyində nəfis tərtibatla nəşr
olunmuş 280 səhifəlik bu kitabda Məmməd Məmmədovun
dünyasını dəyişməsindən sonra onun
haqqında xatirələrini yazıb mənəvi borcunu yerinə
yetirən müəlliflərin məqalələri dərc
edilib. Burada Məmməd Məmmədovun həyat və fəaliyyətinin
müxtəlif məqamlarına şahidlik edən fotolar, rəsmi
sənədlər, 9 elmi və publisistik kitabına
yazılmış resenziyalar və müxtəlif mətbuat
orqanlarına verdiyi müsahibələr öz əksini
tapıb. Hər birimizə örnək olacaq bir ömür
yaşamış Məmməd Məmmədovun həyat və
fəaliyyətini özündə əks etdirən bu kitab
onun ölməz xatirəsinə əbədi məhəbbətin
ifadəsidir.
K.HƏSƏNOV
525-ci qəzet.-2012.-8 avqust.-S.4.