Plüralizmmüasir media: reallıqlara və perspektivlərə baxış

 

PROFESSOR CAHANGİR MƏMMƏDLİ İLƏ SÖHBƏT

 

Demokratiya və aşkarlığın mühüm vasitəsi hesab olunan kütləvi informasiya vasitələrində  fikir, söz və məlumat azadlığının yetərincə işıqlandırılması həmişə cəmiyyəti yaxından maraqlandırır. Plüralizm, informasiya azadlığı, ölkəmizdə medianın müxtəlif sferalarının ümumi vəziyyəti, Azərbaycan mətbuatının hazırkı problemləri, inkişaf meyilləri və perspektivləri, jurnalistikamızın hazırkı durumu ilə bağlı suallar, demək olar ki, hər kəsin maraq dairəsinə daxildir. Bu kimi məsələlərlə bağlı Bakı Dövlət Universitetinin kafedra müdiri, İctimai Televiziya və Radio Yayım Şurasının sədri, professor Cahangir Məmmədli ilə söhbətləşdik. Görkəmli alimin sözügedən mövzulara fərqli və maraqlı yanaşmalarını oxucularımıza təqdim edirik.

 

 (Əvvəli 3 avqust sayımızda)

 

– Söhbətimizdə qeyd elədiniz ki, televiziya mətbuat sahələri içərisində daha öndədir, onlayn jurnalistikaya uduza bilməz...

– Print mətbuatından fərqli olaraq televiziyanın işi bir az başqadı, daha asandı. Azərbaycanda televiziyalar azdı. Deyə bilmərəm niyə azdır? Amma arzu edərdim ki, ölkəmizdə ən azı otuza yaxın televiziya kanalı fəaliyyət göstərsin, ölkə miqyasında yayımlansın, reklam bazarı, rəqabət genişlənsin. İstərdim ki, televiziyalar daha obyektiv, yaradıcı, operativ olsunlar. Həm də heç bizim ağlımıza gəlməyən verilişlər versinlər. Hansısa informasiyanı bir telekanal  verməyəndə, o birisi versin. Telekanallarımız arasında rəqabət zəifdir. Reklam bölgüsüo qədər narahatlıq doğurmur. Amma telekanalların sayı artsa, reklam bazarı uğrunda ciddi rəqabət gedəcək, bu da inkişafa zəmin yaradacaq. Amma bütün bunlara baxmayaraq televiziya kanallarının  informasiyası daha etibarlıdır. Çünki televiziyalar müəyyən qədər idarə olunur. Televiziyalar yalan danışmaqdan, dezinformasiya yaymaqdan  çəkinir, qanuna daha çox əməl edirlər. Misal üçün götürək ki, Azərbaycan Televiziyasını – AzTV-ni. Bəzən deyirlər ki, AzTV rəsmi xəbərlərə çox yer verir. Azərbaycan Televiziyası dövlətçilik ənənələrini qoruyan, Azərbaycan Prezidentinin gününü təqdim eləyən, rəsmi xəbərlərə daha çox yer verən televiziya kanalıdır. Buna mütəxəssis olaraq da təəccüblənmək bir az savadsızlıq olardı. Çünki bu televiziyanın informasiya siyasəti bundan ibarətdir. Ya gərək bu televiziya olmasın, bu televiziya mövcuddursa, belə də olmalıdır. Keçək İctimai Televiziyaya. İctimai Televiziyanın bütün informasiya siyasəti ictimai marağa söykənir. Yəni o bütünlüklə bütöv cəmiyyətin televiziyasıdır və rəsmi informasiyaya az yer verməlidir. AzTV-ni İctimai Televiziya fərqləndirəndə birincidə rəsmi xəbərə 10-15 dəqiqə yer verilirsə, ikincidə bu, 1-2 dəqiqədən artıq gedə bilməz. Amma bəzən bunlara da irad tuturlar ki, rəsmi xəbərə çox yer verilir. Amma bir Azərbaycan vətəndaşı kimi mən televiziyada rəsmi xəbərləri görmək istəyirəm; kimə ad verilib, prezident hansı fərmanları, sərəncamları imzalayıb və sair. Adını çəkdiyim hər iki telekanalın informasiya siyasəti Azərbaycan dövlətçiliyini qorumaqdır. Bu telekanallardan tamaşaçı, partiya, qrup gileyləri də ola bilər. Bütün bunları bir kənara qoymalıyıq. Bu iki televiziya Azərbaycan dövlətçiliyini və milli dəyərləri qorumalıdır. İctimai Televiziya reytinq arxasınca qaçmamalıdır və qaçmır. Yəni televiziyaya dövlət tərəfindən müəyyən kömək olunur. Buna heç büdcə yox, dövlət tərəfindən yardım deyək. Bu müəyyən kömək nəticəsində İctimai Televiziya fəaliyyət göstərir. Amma oraya heç bir kənar müdaxilə olunmur. Tutaq ki, partiya liderlərinin gileyləri var ki, onları efirə vermirlər və sair. Bu gün İctimai Televiziya artıq bu kimi məsələlərə də diqqətlə yanaşır və yanaşmalıdır da. Amma prinsipcə iki böyük məsələ var. İctimai Televiziyanın ən böyük vəzifəsi maarifçilik ideyalarını həyata keçirməkdir. Bütün dünyada belədir. Məsələn, vaxtilə ABŞ-da özəl telekanallara pulsuz lisenziya verməyin əvəzində həftədə bir-iki dəfə proqram cədvəlinə maarifləndirici verilişlər salmağı tapşırdılar. Özəl telekanallar bundan yararlandılar- pulsuz lisenziyanı aldılar, maarifçilik verilişləri təşkil etdilər, amma gördülər ki, bu verilişlərə maraq yoxdur. Bir az keçmiş bunları bir kənara atıb dedilər ki, sizin pulsuz lisenziyanız bizə lazım deyil, biz sensasiyalı materiallar, əyləncəli verilişlər verəcəyik, yəni maaarifçilik siyasətindən uzaqlaşdılar. AvropaAmerikada  ictimai televiziya məhz bu səbəblərdən meydana gəldi-reklam bazarı uğrunda mübarizə aparan telekanallara qarşı alternativ bir kanal ortaya qoydular. Azərbaycan dövlətinin, ölkə prezidentinin iradəsi ilə və Azərbaycan cəmiyyətinin sosial sifarişi ilə bizdə də İctimai Televiziya yarandı və hazırda maarifçilik prinsipləri ilə işləyir. İctimai Televiziyada cəmiyyətin bütün təbəqələri təmsil olunmalıdır, bu televiziya da mümkün qədər buna çalışır.

– Müsahibələrinizin birində qeyd eləmişdiniz ki, kaş ki, Azərbaycanda qəzetlərin sayı az olaydı. İndi isə televiziya kanallarının çox olmasını istədiyinizi bildirirsiniz. Bu maraqlı fərqləndirməni necə izah edərdiniz?

– İndi qəzetlər o qədər çoxdur, o qədər adam qəzet istehsalı ilə məşğuldur ki, insan jurnalistikadan yavaş-yavaş bezmək istəyir. Çox təhlükəli bir vəziyyət yaranır. Qəzet bolluğu həddindən artıqdır. Jurnalistikaya dəxli olmayan adamlar ki qəzet buraxırlar, bundan ehtiyatlanıram. Əgər hazırda Azərbaycanda bu qədər yox, 30 qəzet olsaydı, reklam bazarına girmələri də asanlaşardı, onların maliyyə qaynaqları reklamdan gələrdi, özləri özlərini təmin edərdilər. Satışları normal olardı.  Amma indi vərəqə tipində hərə bir qəzet buraxır. Mən buna görə çox böyük narahatlıq keçirirəm. Televiziyanın çox olmasının isə elə bir narahatıçılığı yoxdur. Mən o rəqabətin arzusundayam. Bəlkə televiziya hələ də bütün informasiya vasitələrindən öndədir. Onun informasiyasına bir az ürəkgenişliyi ilə yanaşmaq lazımdır. Məsələn, çap mətbuatında vəziyyət belədir ki, tirajı yuxarı olmayan qəzetə reklam vermirlər. Tirajın böyük olması üçün isə gərək peşəkar olasan. Televiziyanın proqramları da bu tipdədir. Televiziyada peşəkar jurnalistin apardığı, hazırladığı proqramda reklam baha olur. Bir var Mir  Şahinin proqramında, bir də var kiminsə verilişində reklam qiyməti. Çünki Mir Şahin verilişi elə peşəkarcasına hazırlayır ki, onun proqramına hamı baxır. Bax, bu mənada reklam bazarı uğrunda mübarizə jurnalisti namuslu, dəqiq, qərəzsiz və peşəkar olmağa vadar edir. Peşəkar olmayan da şantaja, sensasiyaya gedir. Bu mənada teleproqramları say çoxluğu və keyfiyyət üstünlüyü lazımdır ki, rəqabət bazarı qaydaya düşsün.

– Hazırda televiziyaların maarifçilik və xəbər vermək missiyaları arxa plana keçməsinə, əyləncə verilişlərinin efirləri “zəbt etməsinə” münasibətiniz necədir?

– Bununla bağlı ən rəsmi qaydada, akademik səviyyəsində söhbət açıldı. Müzakirələr aparıldı, müəyyən nəticələr oldu. Belə məqamlar, tədbirlər vaxtaşırı olmalıdır. Xüsusilə özəl kanallarda şou, əyləncə proqramları daha çox reklam bazarına girə bilirsə, onları qınamaq olmaz. Həqiqətən reytinq yığırlar. Digər proqramlarda peşəkarlıq çatmadığına görə digər proqramlarla reklam bazarına girə bilməyən kanallar əyləncə verilişləri ilə bunu bacarırlar. Amma baxın, Allahın Moskvasında elə proqramlar var ki, saatlarla tamaşaçını ekran arxasında oturmağa vadar edir. Bu yaxınlarda Sarkozinin getməsi, Ollandın prezidentliyə gəlməsi ilə bağlı bir tok-şouya baxdım. 4 nəfər ekspertin iştirakı ilə veriliş hazırlamışdılar. Daha bizdəki ekspertlər kimi yox, hərəsinin öz mövqeyi, öz müstəqil düşüncə tərzi olan sanballı, obyektiv ekspertlərdən danışıram. Bütün gecəni- 4 saat müddətində Fransada seçkilər prosesini verir, camaatın alqışlarını, Ollandın çıxışını, Sarkozinin vida nitqini yayımlayır, canlı yayım gedir, ekspertlər də hadisələri şərh və müzakirə edirdilər. Çox ciddi məsələyə həsr olunmuş həmin proqramda reklamın qiyməti də çox baha olub. Demirəm, biz də Fransa ilə işləyək. Amma bizim elə problemlərimiz var ki, onları peşəkarlıqla efirdə verə bilsələr, şou proqramlar onların yanında öləziyər. Əlbəttə, indi telekanalların böyük əksəriyyətində əyləncə funksiyası daha əvvələ keçib. Amma bütün telekanallarda yaxşı verilişlər də var. Kanalların xəbərlər proqramlarında xeyli irəliləmələr var, formatlarını genişləndiriblər, aparıcılar müəyyən dərəcədə formalaşmağa başlayıblar, peşəkarlaşıblar. İrəliləyişlər çoxdur.

 

 

(Ardı var)

 

525-ci qəzet.-2012.- 9 avqust.-S.4.