Elm yolunda inamlı addımlarla

 

Biologiya elmləri doktoru Eldar Novruz oğlu Novruzov 30 may 1942-ci ildə Naxçıvan MR Kəngərli (keçmiş Şərur) rayonunun Qarabağlar kəndində anadan olmuş, orta təhsilini Qarabağlar kənd orta məktəbində almışdır. 1961-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunun aqronomluq fakültəsini, 1969-cu ildə Gəncə Dövlət Pedoqoji İnstitutunun (indiki GDU) biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1970-ci ildə AMEA-nın Botanika İnstitutunun əyani aspiranturasına daxil olmuş, 1975-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək biologiya elmləri namizədi alimlik, 2007-ci ildə doktorluq dissertasiyası müdafiə edərək biologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1987-ci ildə SSRİ Ali Attestasiya Komissiyası E.N.Novruzova “biokimya” ixtisası üzrə baş elmi işçi (dosent) elmi rütbəsini vermişdir.

Eldar Novruzovun 1973-cü ildə aspiranturanı bitirdikdən sonrakı bütün elmi fəaliyyəti Botanika İnstitutu ilə bağlı olmuşdur. Burada o, kiçik elmi işçi vəzifəsindən baş elmi işçi vəzifəsinə kimi yüksəlmiş və hazırda Bitki ehtiyatları şöbəsinə rəhbərlik edir.

Eldar Novruzov keçən əsrin 70-ci illərin axırlarından Azərbaycanda yayılmış çaytikanı bitkisini öyrənməyə başlamışdır. Çaytikanı bitkilər aləmində müalicə və istifadə spektrinin genişliyinə görə mühüm yerlərdən birini tutan, müxtəlif ixtisas sahibi olan botaniklərin, kimyaçıların, texnoloqların, əczaçıların və digərlərinin geniş tədqiqat obyektinə çevrilmiş bitkidir. Aparılmış tədqiqatlar nəticəsində Azərbaycan florasında yayılmış çaytikanın sənaye miqyasında istifadəsi üçün – əhəmiyyətli olan formalar müəyyən etmiş, onların kimyəvi tərkibini öyrənmişdir.

E.Novruzovun çaytikanının öyrənilməsinə dair tədqiqatların nəticələri yüksək reytinqli “Bitki ehtiyatları”, (Leninqrad) “Təbii birləşmələr kimyası”, (Daşkənd), “Beynəlxalq Ekologiya” (Hindistan) jurnallarında, “Çaytikanı çoxcəhətli möcüzəvi  bitkidir” (Dehli, 2001), “Çaytikanının kimyası və farmakologiyası” (Dehli, 2006 kitablarında çap edilmişdir. Kanada, Almaniya, Hindistan, Pakistan, Çin, Rusiyada çağrılmış çaytikanın müxtəlif problemlərinin həllinə həsr edilmiş konqres və konfranslarda məruzələrlə çıxış etmişdir. Çaytikanının tədqiqi sahəsində apardığı tədqiqatlar dünya elmi-ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyi üçün E.Novruzov 2003-cü ildə “Beynəlxalq çaytikanının tədqiqi və tətbiqi assosiasiyasının direktorlar şurasının üzvü və Azərbaycan üzrə kordinatoru seçilmişdir. Hazırda da çaytikanı müxtəlif aspektdə Eldar müəllimin aspirantları tərəfindən tədqiq edilir, fundamental və təcrübi əhəmiyyəti olan yeni nəticələr alınır.

Eldar Novruzovun apardığı son tədqiqatların nəticəsi  Azərbaycan florasında yayılmış 61 fəsiləyə, 125 cinsə aid 550 növün tərkibinin bu maddələrlə zəngin olmasını aşkar etməyə imkan vermişdir. Bu bitkilərdən 236 növ antosian, 343 növ karotinoid, 367 növ  flavanoid, 12 növ qlikoalkaloid, 11 növ saponin, 15 növ betasian saxlayan bitki ilk dəfə onun tərəfindən müəyyən edilmişdir.

Tərkibində BFM saxlayan bitkilərin kompleks öyrənilməsi nəticəsində E.Novruzov bir sıra fundamental və praktiki əhəmiyyət kəsb edən mühüm nəticələr almışdır:

E.Novruzovun apardığı işlər bitki sistematikasında, filogenetik sistemin yaradılmasında da olduqca əhəmiyyətlidir. O Azərbaycanda kimyəvi taksonomiyanın əsasını qoymuşdur. Onun bitkilərin tərkibində olan bioloji fəal maddələr antosianlar, flavanoidlər, katexinlər, karotinoidlər, qlikoalkaloidlərin kəmiyyət və keyfiyyətcə öyrənilməsinə dair tədqiqatlarının nəticələri növ mənsubiyyəti çətin müəyyən edilən polimorf növlərin təyinində bu maddələrdən kimyəvi taksonomik vahid kimi istifadə edilməsini eksperimentlərlə göstərmişdir.

Onun bitkilərin tərkibində olan maddələrlə onların təbii-tarixi inkişaf prosesində qazandığı əlamətlər arasındakı korrelyativ qanunauyğunluq olmasına dair elmi nəticələri filogenetik sistemin qurulmasında olduqca əhəmiyyətlidir. Eldar müəllim müəyyən etmişdir ki, təkamülün müxtəlif pillələrində duran bitkilərin anatomik-morfoloji quruluşlarında mürəkkəblənmə getdiyi kimi, onların tərkibində olan maddələrin quruluşlarında da mürəkkəbləşmə getmişdir. O bunu flavanoid, antosian maddələrinin quruluşunun mürəkkəbləşməsi timsalında eksperimental yolla göstərmişdir.

E.Novruzov tərəfindən aparılan tədqiqatlar nəticəsində əldə etdiyi elmi yeniliklər “Piqmentı reproduktivnıx orqanov rasteniy i ix znaçenie” monoqrafiyasında öz əksini tapmışdır. O, öz eksperimentlərinin nəticəsini və dünya ədəbiyyatında olan məlumatları analitik təhlil edərək, antosian, flavanoid, karotinoidlərin bitkilər aləmində yayılma qanunauyğunluğu, bitki orqanlarında sintezi yolları, onların sintezinə təsir edən biotik və abiotik amillər haqqında yeni elmi müddəalar irəli sürmüşdür.

E.Novruzov təbii bitki sərvətlərindən səmərəli istifadə etmək üçün mühüm əhəmiyyət kəsb edən, botanika elminin cavan sahələrindən olan bitki ehtiyatşunaslığının problemləri həllinə dair qiymətli tədqiqatlar aparmışdır. O, Azərbaycan florasında geniş yayılmış tibbi, yeyinti və digər sahələrdə sənaye miqyasında istifadə edilə biləcək bitkilərin bioloji, istifadə ehtiyatını, onların məhsuldarlığını və məhsuldarlığa təsir edən ekoloji amilləri araşdırmasında da geniş tədqiqat işləri aparmış və aldığı nəticələr keçmiş SSRİ-nin və indi Rusiyanın bu sahədə aparıcı jurnalı olan “Bitki ehtiyatları” (Rusiya EA Botanika) jurnalında çap etdirmişdir.

Eldar müəllimin apardığı tədqiqatlar nəticəsində Azərbaycan florasında 100 növdən çox yağlı bitki aşkar edilmişdir. Texnoloji araşdırmalarla bu bitkilərdən yağlarının alınmasının yeni metodları hazırlanmışdır. Onun bu metodları da ixtira kimi qiymətləndirilmiş və müəlliflik şəhadətnaməsi verilmişdir.

E.Novruzovun BFM alınma texnologiyalarının nəticələri dəfələrlə respublika, ümumittifaq və beynəlxalq sərgilərdə nümayiş etdirilərək mükafat almış, Azərbaycan EA və SSRİ EA mühüm nəticələri sırasına daxil edilmişdir.

E.Novruzov güclü ekspermentatordu. Elmi-tədqiqat işinin, ekspermentlərinin aparılması işinə xüsusi diqqət yetirir, alınmış elmi nəticələri nüfuzlu jurnallarda çap etdirir, doktor olmağı önəmə çəkmirdi. Onun elmi tədqiqatları ruhlandıran, çap edilmiş əsərlərinin hələ özü almamışdan xarici alimlər tərəfindən həmin əsərlərin onlara göndərilməsini, öz işlərində onun metodlarından və aldığı nəticələrdən geniş şəkildə istifadə etmək istədikləri vaxtlar olur. Onun elə bir elmi məqaləsi yoxdur ki, ona xarici alimlər müraciət etməsinlər.  Elə vaxtlar olub ki, Eldar müəllimin bəzi xaricdə çap edilən əsərlərinin çap edilməsinin elmi ədəbiyyatını izləyərkən xarici alimlərin əsərlərində onun əsərinə istinad edildiyini görəndən sonra bilmişdir.

Azərbaycan florasında yayılmış 550-dən çox növlərə bioloji fəal maddələrin kəmiyyət və keyfiyyət tərkibinin tədqiqatçısı və əksəriyyətinin ilk müəllifi olaraq fitokimya, biokimya, biotexnologiya və bitki ehtiyatşünaslığının nəzəri və təcrübi əhəmiyyət kəsb edən problemlərinin həllinə həsr edilmiş elmi işləriniz bu sahədə yeni istiqamət olub, bitki taksonlarının kimyəvi müəyyən edilməsində, filogenetik sistemin dəqiqləşdirilməsində mühüm rola malikdir. Məhsuldar elmi yaradıcılığınız sayəsində əldə etdiyiniz uğurlu nəticələr elm aləminin diqqətini cəlb edə və tez-tez istinad edilən 150-dən çox əsərlərdə, o cümlədən bir monoqrafiya, 17 müəlliflik şəhadətnaməsi, 3 Texniki şərt və 3 Texnoloji instruksiyada öz əksini tapmış, bir sıra beynəlxalq simpozium və konqresslərdə təqdim olunmuşdur.

Müdrüklük dövrünə qədəm qoymuş E.Novruzov tükənməz enerji və yaradıcılıq imkanına malik dünya şöhrətli bir alim və elm təşkilatçısıdır. Onun yaxından rəhbərliyi altında 3 namizədlik dissertasiyası müdafiə olunmuş və hazırda 2 doktoranta, 3 dissertant və 1 doktorluq işinə rəhbərdir. Onun elmindən, zəkasından, ideyalarından gənc kadrlarımız, dünya alimləri hələ çox bəhrələnəcəklər.

E.Novruzov fəal elmi-təşkilatı iş aparır. Botanika İnstitutunun Elmi Şurasının, Botanika İnstitutunun nəzdində  fəaliyyət göstərən Doktorluq Dissertasiyası Şurasının və Respublika Elmi Tədqiqatların təşkili və əlaqələndirilməsi şurasının biologiya elmləri (Botanika, Biokimya) üzrə problem şurasının üzvü, Doktorluq Dissertasiyası nəzdindəki Seminar Şurasının sədridir.

Eldar müəllim insanlarla münasibətdə təvazökar və alicənablığı, ehtiyacı olanlara kömək etmək keyfiyyəti və dostlarına, yoldaşlarına münasibətdə səmimiliyi sevən insandır. O, elmi və digər tədbirlərdə çox lakonik şəkildə obyektiv fikir söyləməyi bacaran, aydın düşüncə təfəkkürlü, ziyalı və son dərəcə tələbkar müəllim və bir o qədər də diqqətcil, səmimi, təmkinlidir.

Eldar müəllim, biz birlikdə 70-ci illərdə aspirant dostlar olmuşuq, birgə təhsil almışıq. O dövrdə sizin gənclik illərində də botanika sahəsində perspektivli araşdırmalar aparmaq gərəkli və faydalılığına biz hamımız – aspirant yoldaşların ürəkdən inanırdıq. Bu gün artıq Siz ömrünüzün 70-ci baharındasınız. Sizi bu tarixi gün  70 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirik, Sizə can sağlığı, əzizlərinizlə birlikdə sevinc dolu, mənalı günlər keçirməyinizi, elmi-pedaqoji və təşkilatı fəaliyyətinizdə bitib tükənməyən uğurlarla elmin şərəfli yollarında daha uca zirvələrə doğru hər zaman ön sıralarda olmağınızı arzulayırıq.

 

 

İsmayıl Məmmədli,

filologiya elmləri doktoru,

professor

 

525-ci qəzet.-2012.- 9 avqust.-S.4.