İrəvanda Azərbaycan mətbuatının təməl daşı: “Lək-lək” satirik jurnalı    

 

XIX əsrin ikinci yarısından başlayaraq  özünün qədim abidələri, yaşayış yerləri milli-mənəvi dəyərləri, mədəniyyət abidələri, yurd yerlərinin köklü, qədim məhəllələri, görkəmli şəxsiyyətləri, maarifçi ziyalıları ədib və şairləri ilə tipik bir Azərbaycan şəhəri olan İrəvanda ədəbi-ziyalı mühiti formalaşmağa başlamışdı. Bir çox İrəvanilərin, o cümlədən Fazil İrəvaninin, “Kitabbütəharət” (1883), Molla Hüseyn İrəvaninin “Müseyyibnamə” (1888), Mirzə Ağa Əli Həkimi-İrəvaninin “Divan”ı (1889) Təbrizdə daş basması ilə Azərbaycan və fars dillərində işıq üzü görmüşdür. Bundan başqa İrəvan ziyalılarının, ədib və şairlərinin, müəllimlərinin şəhərin özündə açılmış mətbəələrdə (Edilson, Kultura, Luis) tərcümə, nəsr, dram əsərləri nəşr olunurdu. Bütün bunlar xalqın ictimai-mədəni həyatının əks etdirilməsinə, savadsızlığın aradan qaldırılmasına, elmin, təhsilin inkişafına təsirin və bu yolda ali məqsəd və fikirlərin yayılması üçün milli mətbuatın yaranması zərurətini doğururdu. Yeri gəlmişkən, qədim quberniyanın ictimai-ədəbi mühitinin, mətbuatının ilk tədqiqatçılarından olan tarixçi-alim İsrafil Məmmədov İrəvan Dövlət Azərbaycan Dram teatrının yaşı ilə əlaqədar apardığı araşdırmalara əsasən qələmə aldığı “İrəvan Teatrının neçə yaşı var?” adlı məqaləsində yazır: “1882-ci il aprelin 10-da İrəvanda çıxan “Çələk” qəzetində peşəkarlıqla yazılmış bir məqalə dərc olunub. Bu məqalədə kasıb tələbələrə kömək məqsədilə Azərbaycan türklərinin dilində “Tamahkarlıq düşmən qazanır” pyesi “ikinci dəfə oynanıldı” yazılıb”. Bu faktın özü əslində İrəvanda Azərbaycan mətbuatının yaranması tarixinin də həmin dövrə, hələ bir qədər də əvvəllərə aid olmasına aydınlıq gətirir. 1911-ci ildə isə İrəvanda mətbuat adına “Erevanskiy vestnik” qəzeti dərc olunmuşdur ki, burada da əsasən çar hakimiyyətinin rəsmi xəbərləri mühüm yer tutub. Bundan əlavə qəzetin sütunlarında reklam materialları və digər xəbərlərə də yer verilmişdir. Həmin qəzetin 26 iyun 81-ci sayında M.Mirfətullayev “Molla Nəsrəddin” jurnalında “Hoş-hoş” imzası ilə dərc olunmuş şeirə etiraz edir və bu imzanı ona istinad edənlərə həmin jurnalda bir müəllif kimi iştirak etmədiyini söyləyir. Görkəmli tədqiqatçı Qulam Məmmədlinin aşkar etdiyi bu faktın özü də həmin dövrdə quberniyanın həyatında işaran bir qəzetin mövcudluğundan xəbər verir. Adı çəkilən qəzetlər bu gün maddi dəlillər kimi əldə olmadığından hələlik onlardan ətraflı bəhs etmək mümkün deyil.

Ötən əsrin ikinci onilliyindən isə İrəvanda bir-birinin ardınca Azərbaycan dilində “Lək-lək” (1914), “Bürhani-həqiqət” (1917), “Cavanlar şurası” (1917), “Kommunist” (1922), “Rəncbər” (1922), “Zəngi” (1924-1927), “Qızıl Şəfəq” (1927-1937), “Kommunist” (1937-1939) “Sovet Ermənistanı” (1939-1989) kimi qəzet və jurnallar nəşr olunmağa başladı. Adları çəkilən məcmuələr ədəbi, siyasi, tarixi, elmi və fənni olmaqla, İrəvanın mədəni həyatında baş verən hadisələri öz səhifələrində işıqlandırmağa xidmət ediblər.

 

lll

 

1914-cü il fevralın 22-də İrəvan ziyalılarından Mirməhəmməd Mirfətullayev və Cabbar Əsgərzadənin müdir və naşirliyi ilə “Lək-lək” satirik jurnalı nəşrə başladı. Bununla əlaqədar İrəvan qubernatoru 1914-cü il 21 yanvar tarixli məktubunda M.Mirfətullayev və C.Əsgərzadəyə “Lək-lək” adlı jurnal buraxmaq haqqında icazə vermişdir. Bu icazədə jurnalda baş məqalələr, şeir, şəhər işləri, Qafqaz xəbərləri, teleqramlar, xarici və daxili xəbərlər, felyeton, təmsil, “poçta qutusu”, elan buraxılması nəzərdə tutmuşdu (Bax: Gürcüstan MDTA, fond 480, iş ¹ 968, siy. 1). Jurnalın həftəlik nəşri nəzərə alınsa da tarixlərindən də aydın olur ki, saylarının arasında böyük fasilələr yaranmışdır. Görünür, hakimi-mütləqiyyətin sensor qadağaları və maddi-texniki çətinliklərin olması “Lək-lək”in də müntəzəm fəaliyyət göstərməsinə maneçilik törətmişdir. Bütün bunlara baxmayaraq cəmi 12 sayı işıq üzü görmüş bu jurnalın maraqlı bir ictimai-ədəbi taleyi olmuşdur.

Ötən əsrin ikinci onilliyində İrəvanda Azərbaycan mətbuatının ilk müjdəçisi və quberniyanın yeganə mədəni-mənəvi siması olan “Lək-lək”in yaranmasına təkan verən amillərdən biri heç şübhəsiz, həmin dövrdə Şərqi qəflətdən oyadan “Molla Nəsrəddin” satirik jurnalı olmuşdur. İrəvanın səmasında qanad çalan bu jurnal əvvəldən axıra qədər birmənalı olaraq “Molla Nəsrəddin”in yolu ilə getmiş, onun ənənələrinə sadiq qalmışdır.

Qeyd olunduğu kimi “Lək-lək”in müdiri və naşiri həmin dövrdə İrəvanın  ictimai-ədəbi mühitində kifayət qədər tanınan, maarif və mədəniyyətin inkişafında böyük xidmətləri olan Cabbar Əsgərzadə (Baxçaban) və Mirməhəmməd Mirfətullayev idi. Lakin bu məcmuəni araya-ərsəyə gətirmək ideyası əslində C.Əsgərzadəyə məxsus olmuşdur. Bunu naşirin 1913-cü il dekabrın 4-də  Bakıya, Məmmədəli Sidqiyə yazdığı bir məktubundan da görmək mümkündür. O, İrəvandan göndərdiyi həmin məktubunda “Lək-lək” adlı satirik jurnal çıxarmaq istəyində olduğunu bildirirdi. M.Sidqinin şəxsi fondunda C.Əsgərzadənin 40-a qədər məktubu var. Bu məktubların bir neçəsində o, “Lək-lək” adlı satirik məcmuə nəşr etdirmək barədə yaxın dostu, məsləkdaşı ilə öz fikirlərini bölüşmüşdü. Hələ nəşrə başlamazdan əvvəl, o, jurnalın ətrafına istedadlı yazarları toplamaq haqda düşünür, bu məsələdə ən çox mollanəsrəddinçilərin köməyinə arxalanırdı. Bu məqsədlə də bir çox “Molla Nəsrəddin”in yazarlarının jurnalda iştirakını istədiyindən onların ünvanlarını xəbər alırdı. Görkəmli tədqiqatçı Nazim Axundov özünün “Azərbaycan satira jurnalları (1906-1920-ci illər)” əsərində “Lək-lək”in də nəşri tarixinə, ictimai-ədəbi mövqeyinə nəzər saldığı icmal xarakterli araşdırmasında C.Əsgərzadənin M.Sidqi ilə bu xüsusda yazışmalarını diqqətə çəkmişdir. Belə məktubların birindən bəhs edən tədqiqatçı C.Əsgərzadənin 18 fevral 1914-cü il tarixli məktubuna da nəzər salır. O, yazır: “C.Əsgərzadə yenə də təkrarən M.Ə.Sidqidən xahiş edir ki, “Molla Nəsrəddin”in müxbir və şairlərinin ünvanını bildirsin və s. Başqa məktublar da sübut edir ki, “Lək-lək” mollanəsrəddinçilərə istinad etməyə və onun köməyinə arxalanmağa çalışmışdır”. Tədqiqatçı Qulam Məmmədli isə C.Əsgərzadənin M.Sidqiyə ünvanladığı məktubundan belə bir cümləni nəzərə çatdırmışdır: “Məfkurəmiz gərək məlumunuz olsun, “Molla Nəsrəddin”dir, amma səliqəmiz ayrı vəziyyətlərdir”. Bu araşdırmalardan göründüyü kimi, C.Əsgərzadə bütün fəaliyyətlərində “Molla Nəsrəddin”in yolu ilə gedəcəklərini qətiyyətlə bildirirdi. Naşir jurnalın birinci sayının baş məqaləsində bunu xüsusi olaraq nəzərə çatdırırdı: “Məsləkimizin ən əvvəli budur ki, biz “Molla Nəsrəddin” kimi hər kəsin eyibini və iradını apaçıq söyləməyib, onun kimi sadəcə yazıb, ana dili tərəfdarı olub, belə ki, şəlalə kimi lüğətlərin cibini töküşdürüb ən qiymətli soqatlar çıxardacayıq. ...Qaldı xanlar, bəylər, ağalar. Bunları da ki, Allah özü hörmətli yaradıbdır, borcumuzdur hörmət eləyək”, söyləməsi ilə jurnalın məsləkini, yaradıcılıq yolunu oxucularına bəyan edirdi. Baş məqalədə deyilən fikirlər, əslində jurnalın yaşam yolunda toxunacaqları mövzulardan xəbər verirdi.

Mühərrirlər İrəvanın ictimai-siyasi, mədəni həyatındakı maddi-mənəvi geriliyə göz yumacaqlarını, xanları, bəyləri, mollanümaları, qumarbazları, yolkəsənləri, tazıbazları, quşbazları yada salaraq onlardan “himmətsizlik, mürüvvətsizlik, rəhmsizlik, inayətsizlik görsək gözümüz kor olacaq, eşitsək, qulağımız kar olacaq, danışmaq istəsək, dilimiz lal olacaq”, deməklə həm də jurnalın ifşa hədəflərini cəsarətlə açıqlayırdı. Baş məqalənin məram və məqsədi, istək və amalları bir qədər də ciddi və bədii formada “Lək-lək”in salamı“ şeirində ifadə olunmuşdur.

 

Salaməleyküm sənə, İrəvan!

Bu gələn “Lək-lək”dir,

sənə mehmandır,

Xeyir xəbərçidir, doğru danışan,

Uzağı görəndir, uca uçandır.

 

Oxuyub çıxmamış çəkib cırmayın!

Qolun, qanadını vurub qırmayın!

Dediyi həcvdən hədyan sormayın!

Sözü acıdırsa əgər ağudan,

Naxoşun davası acı dərmandır.

 

Jurnalın birinci sayıındakı şeirlərdə, “Qafqaz xəbərləri”, “İrəvan xəbərləri”, “Qaranlıq istiqbal”, “Elanlar”da İrəvanın ictimai-siyasi həyatı, xalqın balalarının elmdən, təhsildən məhrum olması, qadınların hüquqsuzluğu, mövhumatın, dini fanatizmin millətin taleyində maddi və mənəvi geriliyə səbəb olması ağrıları tənqid olunmuşdur. Bu yazıların hər biri özlüyündə hədəfə aldığı mövzunu real həyatın, xalqın yaşam tərzinin fonunda işıqlandırmışdır. İlk sayının son səhifəsində “İdarədən” başlığı ilə belə bir İxtar (xəbər) dərc olunub: “Bu nömrə üçün hürufat başqa bir kitaba işləndiyindən naşi kifayət verməyib, mündəricatın azlığına səbəb oldu. Bu barədə oxucularımızdan üzr istəyirik”. Bu, cəmi 60 nüsxə ilə həyata qədəm qoyan jurnalın ilk sayından maddi-mənəvi sıxıntılarla yanaşı onun fəaliyyətində texniki çətinliklərinin yaranmasından xəbər verirdi.

 

(Ardı var)

 

 

Şəfəq NASİR

 

525-ci qəzet.- 2012.- 23 avqust.- S.-4.