İrəvanda Azərbaycan
mətbuatının təməl daşı: “Lək-lək” satirik jurnalı
(Əvvəli
ötən sayımızda)
“Lək-lək” hansı
mövzulardan bəhs edirdi? Ədəbiyyat, siyasi lüğətlər,
xəbərlər, məzhəki
elanlar, satirik şeirlər, teleqraf xəbərləri, şəhər
aralığından qələmə
alınmış yazılarda
İrəvanın ictimai-siyasi
mühiti, xalqın taleyi, məişət həyatı, ictimai qüsurları ilə bağlı maraqlı yazılara yer verirdi. Jurnal bir qayda olaraq
keçmiş SSRİ-nin
bir çox şəhərlərində nəşr
olunacaq qəzet və jurnalların elanını dərc etmiş, öz səhifələrində maraqlı
xəbərlərə yer
vermişdir.
Jurnal elə ilk sayından İrəvanda azərbaycanlıların ictimai-mənəvi taleyini həssaslıqla işıqlandırmağa cəhd etmişdir. Bu istiqamətdə fəaliyyət göstərən “Lək-lək” xalqın maddi-mənəvi geriliyinə yanır, millətinə xeyir verməyən, onun dərd-sərinə biganə qalan az-çox təhsil görmüş cavanların həyat tərzini müşahidə edir, naqisliklərini hədəfə alaraq onlara gülürdü. “Hərif” imzalı müəllifin”Nifrətnamə” şeirindən bir parçaya diqqət edək:
Durma yol üstə, kablayı,
gəl çəkilək
bir az yana,
Gör
(student) qatarını, dinmə,gedirlər şantana.
Getdi birisi Moskvaya, etmə ümid qayıtmağa,
Kursu çıxanda başlayır
çulu,
palazı satmağa.
“Madmazel” aləmin görüb,
donbalanır sola-sağa,
Fatmanı görcəyin deyir:
Ax ti bolşoy qurbağa.
Canını qurban eləyir elmli-başlı ceyrana.
Demokratik düşüncəyə meylli
olan “Lək-lək” öz səhifələrində
dərc olunmuş felyeton, satirik məqalələrdə savadsız
və avam kəndlilərin bir ovuc ermənilərin müsəlmanlara verdiyi sıxıntılar içərisində
yaşadıqlarını açıqca
tənqid edirdi. Maraq doğuran
cəhətlərdən biri
də budur ki, bütün bunlara özümüzünkülərin
günahkar olduğu aşkar görünür.
Jurnalın ikinci sayında
dərc olunmuş “İnsaniyyət” məqaləsi
bu mənada diqqəti çəkir.
“Müqəllid, yaxud Noxtalı” imzalı müəllif yazır:
“... Məsələn, bir gün biri gəlib
deyir:
– Cənab müdir, axır sən bir ağıllı adamsan. Sən bilərsən. Bax bu kəndlilər ki, bu qədər
musurmanı burada qoyub, gedib ermənilərdən,
cuhudlardan alış-veriş
eləyirlər. Tez
buna bir əlac tap! Əsnaf lap yandı, qırıldı...”
Məlum
olur ki, nəinki kəndlilər, savadsızlar, elə oxumuşlar, mollalar da özününkülərlə
al-ver etməyib, xeyiri ermənilərə,
ruslara, cuhudlara verirlər. Burda yazı müəllifinin
ifşa hədəfləri
aşkar görünür.
Və “Noxtalı” cənabları belələrini
məsxərəyə qoymaqdan
çəkinmir: “İstəyirəm
gedim deyim ki, ay kəndli qardaş, o şələ
papağına qurban olum, axı təəssüb din təəssübüdür.
Onda yenə düşünürəm
ki, bu zəmanənin
məxluqu söz mətəli deyil. Deyəcək ay cənab, bircə
mənə de görüm
bu bəzzazlar özləri şəkəri
və çayı, parçanı haradan alırlar? Yainki bu moskvaçılar,
tiflisçilər çiti,
mahudu haradan gətirirlər? Lap mat qalıb
deyəcəyəm ermənidən,
urusdan, cuhuddan. O da deyəcək sərkar, bəs eləsə bizi məzur tutun. Bu ki, əvvəl-axır
onlardan alınası şeydir, daha biz bu ağaların zəhmətinə razı
olmuruq ki, burdan Moskova-filana getsinlər. Özüm-özümə
bu cavabları verəndən sonra hansı dükana gedirəm ki, ay kişi, heç
Mehdi Tağıyevin avtomobil paprosundan sizdə tapılar? Deyirlər yoxdur. Tağıyevin çitini-bezini vallah
tanımıram ki, tutum kəndlilərin gözünə dürtüm
ki, bax, bütün-bütünə papirosdan
bezə kimi nə qədər fabrikalar varsa müsəlmanlarındır. Sən də musurmandan al!
Sonra düşünürəm
ki, kəndlilərə
deyim ki, bu çay-şəkər
murdardı. Bunu nə alın, nə də satın! Nə də için! Onda da öz sözümdən
utanıram. Mən bu
yekəlikdə yalanı
necə deyim? Halbuki bunları cənab müctəhidlər özləri
də meyl buyururlar. Axırda deyirəm, insaniyyətdir,
baba, əl çək!”
Nadanlığın, ictimai qüsurların içərisində yaşayan
“Lək-lək”in ifşa
hədəfləri müxtəlifdir,
yetərincədir. Bu sıradan
o,İrəvanda “Cəmiyyəti-xeyriyyə”nin açılmasında
bir rəyə gələ bilməyən
başbilənlərin bir-birinə
zidd fikirlərinə rişxənd edir. Yaxud başqa bir xəbərdə gecə kursları məsələsində
də millətin savadlanması qeydinə qalmaqdansa aralarında konflikt yaradan müxtəlif firqə nümayəndələrinin bir-biri
ilə dil tapa bilməməsinə istehza edir. Məişət qayğılarının yaşamaq yolunda ağır, dözülməz
dərdlərə, çarəsizliklərə
gətirib çıxarması
halları ciddi tənqid olunur.
Jurnalda xalqın
ictimai, mədəni həyatı ilə bağlı hər sayda verilmiş bir-birindən maraqlı elanlar oxucuda rəğbət doğurur. Müsəlman
qadınlarının teatr
tamaşalarına baxmasına
şərait yaratmaqdan
ötrü günorta
tamaşaları barədə
“Apollo teatrosu”nun anonsu,
Novruz bayramı münasibətilə Mirfətullayev
bəradərlərinin mağazasında
ucuz qiymətlə satışa qoyulan malların çeşidi və güzəşti, xaricdən gələn təcrübəli diş
həkiminin xidmət növü və şəraiti, əkin-biçindən
ötrü cürbəcür
gül-çiçək, pencər toxumlarının
satışı, xalis
və təmiz şirniyyatların satıldığı
qənnadı dükanının
reklamı bir əsr bundan qabaq İrəvanda soydaşlarımızın həyatını,
yaşam tərzini, mədəni-mənəvi güzaranı,
gözlərimiz önündə
canlandırır. Burada oxucuya
maraqlı görünən
də odur ki, bu elan
və xəbərlərdə
qədim yaşayış
məskənimiz olan İrəvan quberniyasında
adları çəkilən
mülklərin, imarətlərin,
dükanların məhz
azərbaycanlılara məxsus
olması bugünkü
baxışla yad edilir. Yəni öz yurdunda
öz mülkünün,
torpağının sahibi
olması faktları bir hüquqi sənəd kimi xatırlanır.
Zamanın aktual mövzusu, ağrılı problemi olan məktəbsizlik, elmsizlik dərdi dövrün maarifpərvər ziyalılarını həmişə düşündürmüş, bu yolda onları ideoloji mübarizəyə səfərbər etmişdir. Yeni üsullu məktəblərin açılması, dərslərin səviyyəsi məsələsini “Lək-lək” də mətbuat nəzərləri ilə izləmiş, bu sahədəki qüsurları, yarıtmaz halları satirik bir üslubda tənqid etmişdir. “İrəvanda “Rusko-tatarski” məktəb və yaxud veyillərin fabrikası” məqaləsində müəllif ana dili və rus dilinin tərəfdarlarının fikirlərini açıqlayır, heç bir hazırlığı olmadan böyük sərmayə toplamaqla guya yeni bir məktəb açılmasını və onun da ixtiyarının ruhanilərə verilməsini götür-qoy edənlərin fikrinə diqqət yönəldir. Lakin məktəbdə uşaqlara veriləcək biliyin, tədrisin səviyyəsi onları narahat etmir. Bundan sonra müəllif oxucusunu yuxarıda adı çəkilən məktəblə tanış edir, onun ”üstünlüklərini” açıb göstərir. Və sonda bu məktəbin fəaliyyətinə heyrətini gizlədə bilmir: “Mənə ən heyrət verən şey burasıdır ki, öz-özümə deyirəm: Görəsən bu şkolu bir onca il beləcə başına qoyasan, heç dindirməsən, buradan ildə neçə təsbih veyl uşaq çıxar ki, axırda İrəvana desinlər Veyillər mədəni”.
Jurnalın üçüncü sayında “Mükafat, yaxud ikisi də ecazdır” məqaləsində müəllif millətinin işıqlı insanlarına, ziyalılara, şair və ədiblərə qənim kəsilən, imkan tapan kimi onlara sui-qəsd edən mollaları, mövhumatçıları tənqid atəşinə tutur. Onların şər əməlləri ilə ermənilərin öz xalqının şair oğlunun xatirəsini əbədiləşdirən xeyirxahlığını müqayisə edir: “Ermənilər 9 il bundan əqdəm İrəvan mahalının Kənəkir kəndindən çıxma bir şairləri var imiş ki, İrəvan şəhər məktəbində inspektorluq edirmiş. Özünün də adı Xaçatur Abovyan imiş. İndi ermənilər yığışıb şəhər bulvarının küncündə məbəriamda heykəlini nəsb etmək üçün ağır bir qiymətə yer alıblar. Özünü ki, dirildə bilmirlər, barı mücəssəməsini yapdırsınlar ki, İrəvana gələn səyyahlar görsünlər ki, bunların bir belə milli şairləri var imiş. Özü yaşamasa da adı qiyamətə kim qalsın. Odur ki, Bakıdan, Qubadan, Ordubaddan, Naxçıvandan, hər yerdən bizim də molla yavalarımız öz milli şairlərinə mürtəd deyib, qətlinə fitva verirlər ki, özlərini erməni ruhanilərinin qabağında başı uca etsinlər ki, onların yekə babası da bu qozlardan qırmayıb. Biz bir-birimizi qırmaqdan usanıb, indi şairləri, yazıçıları öldürürük. Necə ki, Hacı molla Ruhullanı Bakıda, Yusif Heydərzadəni Mərvdə şəhid etdilər...Onlar Xaçaturu dirildir, bunlar da Müznübü öldürür. Heç təfavüt etməz”.
“Lək-lək”in səhifələrində xalqın milli mənafeyini ifadə edən, ictimai problemlərini çözən, dövrün ictimai-siyasi mənzərəsini işıqlandıran müxtəlif janrlarda və mövzularda dərc olunmuş bütün yazılar maraqla oxunur. Hətta bədii cəhətdən zəif olan bəzi şeirlərdə, satirik yazılarda qaldırılan problemlər fakt və hadisələrin reallıqla işlənməsi baxımından həmin dövrün ictimai-ədəbi mühitini duymağa və qiymətləndirməyə imkan verir. Jurnalın dilinin bir qədər ağır, səliqəsiz və çətin olması onun ətrafında bəhs açmağa, İrəvanda ilk Azərbaycan mətbuatının müjdəçisi olması baxımından tədqiq edilməyə əsla mane olmur.
(Ardı var)
Şəfəq
NASİR
525-ci qəzet.-
2012.- 24 avqust.- S.2.