Payızda ruh sevinci, qışda hadisə... İlqar
Hərdən eşidirəm
ki, bir mövzuda iki-üç dəfə yazandan sonra adam yorulur. Daha yazmaq istəmirsən. Amma deyəsən
bu tezisin bəzi istisnaları da olur. Məsələn,
iki mövzu var ki, mən o barədə bəlkə də yüz dəfə yazsam, yenə yorulmaram. Birinci mövzu dindir. Bəlkə də, beş yüz dəfə
bu barədə yazmışam. İkinci mövzu isə dostlarımız haqqında açılan xoş söhbətlərdir, Doğrudur, Vətən, ana, məhəbbət mövzuları da önəmlidir, ancaq şairlər üçün.
Mənimki din və dostluqdur. Din haqqında dörd kitabın müəllifiyəm, dostlar haqqında isə dörd yüzdən çox məqalənin. Ancaq hələ ki, usanmaq barədə düşünmürəm.
Xüsusən, İlqar Həsənov kimi bir həmkar barədə yazmaq xoş və məmnunluq gətiricidir. Üstəlik, ötən ilin avqustunda qeyd etdiyim kimi
bu adamın 70 yaşı tamam olana qədər hər yay bir yazı qələmə
alacağam. 70-dən sonra özü bilər. Onsuz da o qədər cavan dostları var ki, 16-17 ildən sonra həmin dostların qələmi və ya klaviaturası daha kəsərli olacaq. Qərəz...
İlqar
Musa oğlu Həsənov bizim
xoşbəxt
həmkarlarımızdan biridir. Çünki onun jurnalist kimi özünəməxsus üslubu, istənilən məsələyə orijinal münasibəti,
ən başlıcası,
istənilən yazıda kifayət qədər cəsarəti və qeyri-adi dərəcədə məsuliyyəti var. Bunların hamısını
bir adam haqqında deməyin özü də bir məsuliyyətdir.
Ancaq biz faktı
fakt kimi qəbul etmək zorundayıq. Elə həmkarlarımız
var ki, ifrat dərəcədə cəsarətlidir
və bütün yazılarında basıb, kəsib gedir. Nəticədə özünü
məhv edir, qəzeti isə nüfuzsuz. İlqarın cəsarəti ağla söykənən cəsarətdir.
Elə həmkarlarımız var
ki, ehtiyatlılıq onun nəinki canında, qanındadır,
hətta qələmindən
düşən
istənilən sözündə də adama diş ağardır. Növbəti məzuniyyətə çıxmaq üçün yazdığı ərizəni 5-6 dəfə dəyişdirən
həmkarımızı az görməmişik ki? İlqarın ehtiyatlılığı ona görədir ki, heç bir yazıda kiminsə haqqının tapdalanmasını istəmir. Bir dəfə ona
dedim ki, filankəs o qədər haqsızlıq edib, xalqın malını yeyib, onun haqqında nə üçün daha kəsərli yazmırsan? — Bəy,
o məsələlərin
hamısını mən soruşacaqdımsa,
onda prokurorluq, məhkəmə, korrupsiyaya qarşı mübarizə qurumları nə üçündür?
Hər kəsin özü üçün formalaşdırılmış səlahiyyət çərçivəsi var. Prokuror mənim işlərinə
qarışmırsa, bu, onun məsuliyyətinin göstəricisidir,
mən hüquq-mühafizə
orqanlarının səlahiyyətlərinə müdaxilə etmirəmsə, bu da mənim jurunalistlik ədəbimin səviyyəsidir — deyə
cavab verdi. Bu adam
istənilən
məsələdə öz həddini gözləməyin ustasıdır. İstənilən yazıda özünə, kollektivinə, ümumilikdə,
mətbuata
nüfuz
qazandırmağın tərəfdarıdır və həmin istəyinə kifayət qədər nail olur.
İlqar Həsənovun
xoşbəxtliyinin əsas səbəblərindən biri də odur ki,
o, təkcə yaxşı yazmır, həm də yaxşı danışır. Bu iki
keyfiyyətin eyni adamda təşəkkül tapması o qədər də tez-tez ələ düşən məqamlardan deyil. Oljas Süleymenov “Az
— Ya” əsərində yazır: “Yazı əbədi deyil. Çoxları onu itirib. Danışıq
dili — budur son səhifədən
açdığımız tarixi biliklərin tükənməyən, əbədi mənbəyi. Yazılı abidələr
qalmasa da, canlı dilin ki, durur, oxu
o yazını”. Məsələyə
Süleymenovun prizmasından
yanaşsaq, biz İlqar
Həsənovun hər söhbətində, hər xatirəsində
mükəmməl bir yazı oxuyuruq. Mən hərdən təəssüf
hissi ilə düşünürdüm ki, İlqar təbli jurnalistlər axır vaxtlar az yazırlar. Amma Oljas Süleymenovun qeyd etdiyim fikrinə rast gələndən
sonra şükür etdim ki, İlqar elə hər gün, hər görüşdə, hər ünsiyyətdə
yazır,
öz
sözü, söhbəti ilə.
İlqar
Musaoğlunun xoşbəxtliyini
sübut edən başqa bir məqam onun çoxlu sayda dostlarının
olmasıdır. Onda xüsusi, bəlkə də qeyri-adi cazibə keyfiyyəti var. İstənilən
adamla bircə söhbətdən sonra həmin adam yenə də İlqarın həmsöhbəti
olmaq istəyir. Onun cazibəsini
heç nə neytrallaşdıra bilmir. Ancaq burada başqa bir həqiqət də var. Məşhur
Amerika yazıçı
və riyaziyyatçısı
Martin Qardner “Milyonlar üçün nisbilik nəzəriyyəsi”
adlı kitabında (Albert Enşteyn
haqqındadır) yazır
ki, Enşteynə görə cazibə heç zaman neytrallaşdırılmır, o, ləğv edilir. Yəni yüksəkdən düşən daşı tutub saxlamaq olar, ancaq yerin onu cəzb etməsini dayandırmaq mümkün deyil. İlqarın dostluqdakı cazibəsi də neytrallaşdırılan
deyil. Ona görə də İlqarla hər görüşümüz arzu edilən, gözləniləndir.
Doğrudan da, İlqarın redaksiyaya
hər gəlişi bir hadisə olur, ondan yeni söhbətlər,
maraqlı faktlar, duzlu əhvalatlar gözləyirik.
Ona görə də ən cavan işçimizdən ən ağsaqqal əməkdaşımıza qədər hamı onun gəlişini gözləyir, səsini, danışığını izləyir. Üç-dörd il qabaq bu məzmunda zarafatyana bir bənd söyləmişdim:
Hər
hansı bir İlqara bənzədim ki, İlqarı, hər gəlişi, hər səsi işdə hadisə olsun? Mən hansı
bir ilk qara bənzədim ki, İlqarı payızda ruh sevinci, qışda hadisə olsun?
Ooo, söz-söhbət başladı, nə başladı. Biri dedi ki, İlqarı proletariat rəhbərinə tay tutmağın ayıbdır, biri söylədi ki, o boyda şairin sözlərinə parodiya qoşmaq sənə üzağlığı
gətirmir,
bir başqası məsələyə “elmi” münasibət
bildirdi: — qışda qar yağmasının nəyi hadisədir ki? O biri ona cavab
verdi: ilk qar payızın axırlarında yağmalıdır,
qışa
qalıbsa,
deməli hadisədir. Daha çox bilənimiz sual verdi ki, qar yağması niyə ruh sevinci olmalıdır? Ona da cavab verən
tapıldı: Payızın
yağışlarından insanın özü kimi ruhu da yorulur və ilk qar ruhu təzələyir, sevindirir.
Hamıdan sonra
məsələyə münasibət bildirən İlqar Musayeviçin fikirləri isə həm maraqlı, həm də auditoriyada xoş əhval-ruhiyyə
yaradılması
baxımından tutarlı idi: — Bilirsinizmi, mən bu şair tayfasıyla çox oturub durmuşam, ünsiyyətdə
olmuşam. Ona görə də
dəqiq bilirəm ki, istənilən şairdə bir sancmaq, iynələmək məqsədi olur. Hacı da bu şeirdə mənə sataşır ki, qar kimi soyuqdur, insana yovuşmur, bizi itirib axtarmır və sairə. Öz canım üçün belədir.
Onda Telman Heydərov düzəliş verdi:
Sən şairlərlə
durub-oturmusan. İttifaq
ki, şair deyil,
jurnalistdir. İndi İlqarın cavabına baxın: — Öz canım üçün, onun sırf şair olmaması daha pisdir. Şair-publisistlər daha
dəhşətli olurlar. Öz canım üçün, çox görmüşəm. Dəhşətdir.
Amma təzadlı cəhətləri
də var. Məsələn,
mən son
30 ildə onu ən səbirli adamlardan biri kimi tanıyıram. Ancaq kəmhövsələ olduğu vaxtları da göz görməsin. Elə vaxtlarında
gərək
Mehdi Mükərrəmoğlunun
çox yaşamaq ümidi barədə söz açasan. Dərhal o məzmunda bir neçə əhvalat danışır
və
bayaqkı tornadalı,
qan-qadalı anlar geridə qalır.
Bir dəfə ən yaxın dostlarımız üçün zarafat formalaşdırmışdıq. Məsələn, 20-30 il yoldaşlıq,
dostluq etdiyimiz adama çox ciddi şəkildə
deyirdik: “Bağışlayın, sizin adınız mənim yadımdan çıxıb”.
Guya, zarafat etdiyimiz adamın bizim üçün
o qədər də
əhəmiyyət kəsb etmədiyini sezdirirdik. Dostlarımızdan biri bu zarafatı ciddi qarşılayıb
demişdi ki, get
yaddaşıvu təmir elətdir. Bir başqası isə
ciddi şəkildə
incimişdi. Dostundan
bu sözü eşidən İlqarın cavabı isə sonralar lətifəyə
çevrilmişdi:
— Bağışlayın, sizin adınız mənim yadımdan çıxıb.
— Öz canım üçün elə mənim də yadımdan çıxıb.
Bu gün əziz dostumuzun ad günüdür.
Ömrün növbəti
ilinə qədəm qoyur. Arzu edirik bu il və qarşıdakı onilliklər onun üçün tornadosuz, qan-qadalı anlarsız keçsin. Bir də ki,
öz adını heç zaman yaddan çıxarmasın. “Öz canım üçün,
qətiyyən yaddan çıxmalı ad deyil”.
İttifaq MİRZƏBƏYLİ,
Respublikanın Əməkdar jurnalisti
525-ci qəzet.- 2012.- 24 avqust.- S.4.