Günəş
şəhərinin memarı
Kimdən
soruşsan ən yaxşı illər hansıydı? Gəncliyinin
təsadüf etdiyi vaxtları nişan verəcək. Bizim gəncliyimizə
düşən 60-cı illər isə həqiqətən
Sovet dövlətinin nisbətən asudə,
qaçaq-quldurdan, müharibələrdən, mübarizələrdən
azad qısa illəriylə
bağlı idi. Dünya incəsənətinin, mədəniyyətinin
nümunələrindən bəhs
edən kitablar, albomlar peyda olur. “Tamizdat”, “samizdat” ədəbiyyatı
əl-əl gəzirdi.
Neorealizm kimi İtaliya kinemotoqrafiyasının inciləri ekranlara gəlir. Fellininin, Antonioninin kinolentləri mədəniyyət klublarında belə göstərilirdi. İsveçli İnqmar Berqmanın “Çiyələk talası” filminin, norveçli Edvard Munkun əsərlərindən ibarət sərginin şokuna düşən gəncləri barmaqla saymaq olsa da havada bir “holfstrim mədəniyyəti”nin ehtizazı duyulurdu. Romm, Qolik, Tarkovskinin filmləri əyalətə də ayaq açırdı. Rentgen üçün nəzərdə tutulmuş qara kağızlarda yazıldığından “kostyak” adlanan vallar qara bazarda ən çox axtarılırdı. Bu vallarda dünya caz musiqisinin önəmli nümayəndələrinin əsərləri, hətta rokn-roll da səslənirdi. XX əsr Azərbaycan avanqard rəssamları öz emalatxanalarına qapılıb əsl sənət xariqələri yaradırdılar.
Şəhər gənclərinin min ənvayi -müsibətlə əldə etdiyi xarici şirkətlərin paltarları isə Bakı cavanlarının gözəlliyinə bir zövq qatırdı. Xaricdə işləyib gəlmiş ailələrin övladları sərbəst, şən əhval-ruhiyyələri, səmimi, sadə davranışları, geniş dünyagörüşləri, bilikləri ilə ab-havanı təzələyirdi. 60-cı illərin Bakı gəncləri sanki Tomas Morun utopik “Günəş şəhərinin” sakinləri idi. Və bu “Günəş şəhərinin” reallıqda memarı da peyda olmuşdu. Futurist görkəmli, diplomat oğlu, seyid nəvəsi Fuad Seyidzadə!.. Xaliq ona hər şeyin yaxşısını qismət eləmişdi. Əsil-nəsilli, ziyalı ailənin əziz-xələf oğlu idi. Boy-buxunu, dərin zəkası, təkrarsız istedadı, dövrünün ən mütərəqqi ideyalarına köklənmiş savadı, onun cazibəsindən çıxa bilməyən sədaqətli dostları. Hətta Bakının ən gözəl qızının məhəbbəti də ona nəsib olmuşdu.
Memar, rəssam Fuad ağayana, dəbə tən gələn geyimində hansı mühitə düşsə idi, yığınağın canı idi. Onun xeyirxah qəlbinin istiliyi, öz üstünlüyünü görməməsi insanları ilk baxışdan fəth edirdi. Ən mühümü də onun dünyaya, insanlara açıq qəlbinin intəhasız azadlığı qarşısında duruş gətirə bilən yox idi. Bütün bunlar onun yaradıcılığında da öz əksini tapırdı. Əzim Əzimzadə adına Rəssamlıq məktəbində cəmi ikicə il oxusa da onun boyakarlıq əsərlərindəki məharəti, birnəfəsə vurduğu rəng yaxımlarının ekspressiyası mahir rəssamın fırçasından çıxmış lövhələr kimi baxılır. Hələ 19 yaşında olarkən Fuad ömrünün axırınadək qardaş dostluğu etdiyi Tərlan Mustafayevanın portretini çəkərkən qızın hələ 17 yaşı yox idi. Bu şahanə qızın nə vaxtsa bu qədər atasına oxşayacağını ətrafdakılar belə hiss etməmişdi. Amma Fuad rəssam gözü ilə heç kimin görmədiyini sezmişdi. Qızcığazın böyüyüb mərdlik, ədalət təcəssümü olan atasının xasiyyətlərini əxz edəcəyini duymuşdu. “Tatanın portreti” adlandırdığı (o, yeniyetmə T.Mustafayevanı həmişə belə çağırırdı) bu sənət əsərində bütöv bir psixoloji üvertüra yaratmışdı. Rəngkarlıqla məşğul olmağı Azərbaycan Dövlət Politexnik İnstitutunun memarlıq fakultəsində oxuyarkən (1955-1956-cı illərdə), sonralar Moskvada təhsilini davam etdirəndə və qısa yaradıcılıq ömründə belə tərk etməmişdi.
İnsanları ən ucuz, tez-tələsik tikilmiş, standart evlərlə də olsa təmin etməkdə olan Sovet reallığında Fuad Seyidzadənin memar düşüncəsi az qala bir əsr öz dövrünü qabaqlamışdı. Dünya şöhrətli memarlar - Oskar Nimeyer, Le Karbüze, Kenzo Tanqe, Aleksey Şusev və digər korifeylərin irsini dərindən öyrənməklə zövqünü cilalayan F. Seyidzadə öz ölkəsinin milli ənənələri əsasında ən müasir memarlıqla səsləşən layihələr yaratmaq istəyirdi. Onun düşüncələrində monumentallıq, kosmik fəzaya calanmış bir uçuş vardı. Sovet reallığını nəzərə almaqla yaratdığı layihələrdə belə mümkün qədər funksionallıqla bərabər təxəyyülü vəcdə gətirən lakonikliyə can atırdı. Seyidzadənin Neft daşlarında tikiləcək “Estakada üzərində yaşayış evləri”, İran səfirliyi üçün bağ evi, rəssam Tahir Salahovun ləpədöyəndəki evinin layihələri Abşeron təbiətinə uyğunlaşdırılmış əsl tapıntılardı.
F.Seyidzadənin hələ tələbəlik illərində yaratdığı “Sputnik - şəhər Sumqayıt” layihəsi Kubanın paytaxtı Havanada nümayiş etdirilmiş və həvəsləndirici mükafata layiq görülmüşdü. Halbuki o dövrdə xarici ölkə müsabiqələrində, sərgilərdə iştirak etmək samballı yaradıcılıq həyatı keçmiş sənətkarlara da hər deyəndə nəsib olmurdu.
Fuad lap gənc yaşlarından ciddi layihələrdə iştirak etmiş. Püxtələşmiş heykəltaraşlar, rəssamlarla əməkdaşlıqda ölkənin bir neçə şərəf abidələrinin memarlıq işlərini görmüşdü. Heykəltaraş Ömər Eldarovun Sevastopolda Sapundağ abidə kompleksində Azərbaycan əsgərinin xatirəsini əbədiləşdirdiyi ümumittifaq əhəmiyyətli məkanın memarlıq həllini məhz Seyidzadə vermişdi. Heykəltaraş Tokay Məmmədovla işbirliyi də olduqca uğurlu olmuşdu. Onunla layihələri rayon və qəsəbələrdə həyata keçsə də, o, işinə bütün məsuliyyəti ilə yanaşmış, əlindən ortabab iş çıxarmamışdı.
Rəssam Oleq İbrahimovla indiki Sankt-Peterburq şəhərində “Bakı” restoranının layihə - tərtibatını verərkən bütün çətinliklərə, süründürməçiliklərə baxmayaraq işi yüksək səviyyədə təhvil vermişdi. Nəticədə RSFSR-nin əməkdar memarı, o zaman Leninqrad adlanan şəhərin baş memarı V.Petrovun imzası ilə respublikamızın Nazirlər Sovetinə və Rəssamlar İttifaqına məktub gəlmişdi. Məktubda deyilirdi ki, restoranın tərtibatı Leninqrad şəhər İcraiyyə Hakimiyyətinin dövlət komissiyası tərəfindən qəbul edilmiş və şəhərin mərkəzində bu restoran özünəməxsus diqqətəlayiq yerə çevrilmişdir.
Bakı şəhərində rəssamlar üçün tikilmiş emalatxananı da, o, layihələşdirmişdi. İndi də həmin emalatxanalarda Fuadın dostlarından olan rəssamlar işləyir. Onun dostları arasında artistlər, musiqiçilər, yazıçılar, bir sözlə yaradıcı istedadlar çox idi. Və ilk dəfə Bakı Şəhər İcraiyyə Komitəsinin nəzdində Xüsusi Layihə - Smeta Bürosu yaradılanda məhz F. Seyidzadəni ora başçılıq etməyə layiq bildilər. Az müddətdə öz ətrafına ən qabaqcıl gəncləri toplayan Fuad sözün əsl mənasında şəhərsalmada yeknəsəkliyə qarşı mübarizəyə qalxdı. Yaşayış binalarının, iş yerlərinin daha humanist, insanın həyat tərzinə yaxın olmasının qayğısına qalırdı. Rəssamların yaşayış evinin layihəsi bu mənada əsl tapıntı idi. Lakin bu layihə hələ də reallaşdırılmayıb. Ümumiyyətlə o zaman Seyidzadənin üzgörənliklə rekonstruksiyasını verdiyi sahələrin bir çoxu indi-indi sökülüb abadlaşdırılır. Yarım əsr bundan qabaq memar Seyidzadə bütün Füzuli küçəsi boyunca Elmlər Akademiyasına qədər park salmağı arzulayırdı. Bu gün artıq həmin ərazidə parkın torpaq işləri görülür. Dövrünü qabaqlamış memar sevimli Bakısını çilçıraq içində yanan əsrarəngiz şəhərə çevirmək istəyirdi. İndi Bakını Nobel mükafatı laureatı Zaha Hədidinin layihəsi əsasında tikilmiş kompleks də bəzəyir.
İnsan özü dünyadan köçsə də, onun nə vaxtsa düşündükləri, uğrunda çalışdıqları həyata keçir. Arzular çin olur. 1972-ci ildə 34 yaşında avtomobil qəzasında dünyasını dəyişmiş memar, rəssam bütün paytaxt gözəllərinin “qənimi”, dost-tanışlarının ürəyi -qəlbi Fuad Seyidzadənin də həyəcanları, qayğısına qaldıqları öz yerini alır. Həmin 72 -ci ilin məşum 6 avqustunda Nabran yolunda qəzaya uğrayan Fuad balaca oğlu Ülvini istirahət yerində yoluxmağa gedirdi. Onda Ülvisinə çata bilməyən atanın oğlu barədə arzuladıqları da həqiqətə döndü. Atasına, əsil-nəcabətinə layiq oğul böyüdü. Yüksək intellektə, mərifətə yiyələndi, ən əsası isə iki oğul atası oldu. Bu isə Fuadın ən böyük arzusu idi.
Fuad Seyidzadənin vəfatından 40 il keçsə də onun hamıya kömək etmək istəməsi, alicənab-ağayana görkəmi, sənətinə sonsuz məhəbbətiylə heç kimin yadından çıxmayacaq. 26-ya qədər təkrarsız layihə müəllifi kimi memarlıq tariximizdə yaşayacaq. İndi də Fuadın adı gələndə paytaxt gözəllərinin gözünü yaşardan F.Seyidzadə şimşək kimi çaxıb gedən işıq timsalında xatirələrdə uzun ömür sürəcəkdi
Sara Nəzirova
525-ci qəzet.- 2012.- 25 avqust.- S.28.