İki cümhuriyyətin əsgəri - Hüsaməddin Tuğac   

 

 AZƏRBAYCANIN VƏ TÜRKİYƏNİN İSTİQLALINA TÖHFƏ VERMİŞ AZƏRBAYCAN ƏSİLLİ TÜRK ZABİTİNİN ŞƏRƏFLİ ÖMÜR YOLU

 

2011-ci ilin bir payız günü Gəncənin qədim Uğurlubəy karvansarasının həyətində kübar ədəb-ərkanlı, yaşı  90-a çatsa da  çox qıvraq hərəkətli və sərrast nitqli bir qadın, üzündə böyük maraq və sevinc, onu müşayiət edənlərlə çox təsirli bir söhbətdə idi. Türkiyədən Azərbaycana ilk dəfə gəlsə də o, doğma baba elindədir. Bu köhnə karvansaranın həyətinə onu gətirən səbəb yaşından bir qədər əvvəl burada, Gəncədə, atasının da iştirakı ilə baş verən hadisələrin şərəfli tarixçəsi ilə təmas arzusudur.

Bu xanımın da  20-ci əsrin əvvəllərindəki Azərbaycan milli intibahından qürurla danışmağa  böyük haqqı var. Çünki o, Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Cümhuriyyətinin yaradılması ilə nəticələnən əməli tədbirlərdə - konkret olaraq Azərbaycanın ilk ordu hissələrinin və kadrlarının formalaşdırılmasında,  ən əsası isə Türkiyənin xilaskar hərbi missiyasının gerçəkləşdirilməsində müstəsna rolu olan bir şəxsin - Türk ordusu zabiti Hüsaməddin Tuğacın qızıdır. Solmaz xanım Tuğac Azərbaycana övladı Turan xanımla birgə gəlib.

Amma əvvəlcə Birinci Dünya Müharibəsi olaylarının axarında  taleyin hökmü ilə Azərbaycana gələn  və buradakı milli mücadiləyə, Türkiyəyə döndükdən sonra isə Atatürkün istiqlal savaşına qatılan Hüsaməddin Tuğacın  portretinə cizgilər vuraq.

İstiqlal mübarizəmiz haqda Azərbaycanlı mühacirlərin xatirələrində adı o vaxtkı Gəncə Milli Komitəsinin icra heyətinin üzvü kimi çəkilən Hüsaməddin Tuğac, sən demə, əslən elə bu yurddan, daha dəqiq, Şəmkirin Qaracəmirli (Qaraca Əmirli) kəndindən imiş. Bu kənddəki Hacıismayıl oğulları nəslindən olan atası Əhməd həccdən dönərkən, Türkiyədə qalıb və orda ailə qurub. Bu faktlar Hüsaməddin Tuğacın özünün xatirələrində - onun 1966-cı ildə Ankarada çap etdirdiyi, elə bu yazıda da xeyli iqtibas edəcəyimiz “Bir nəslin dramı” kitabında da yer alıb.

1889-cu ildə Ərzurumun Həsənqala ilçəsində hərbçi yüzbaşı Hacı Əhməd və Fatma xanımın ailəsində doğulan Hüsaməddin 1910-cu ildə Hərb Okulunu bitirdikdən sonra Bağdad və Şamda xidmət edir. 1912-1913-cü illərdə Balkan savaşına qatılır. Birinci Dünya Müharibəsində isə Sarıqamışda vuruşur. 1915-ci ilin yanvarında Rus Ordusu ilə Qafqaz cəbhəsindəki bu amansız döyüşdə  9-cu Kolordunun zabiti, üstəymən Hüsaməddin Tuğac əsir düşür.

Yüksək rütbəli bir zabit kimi, həm də bəlkə Türk Ordusu komandanı Ənvər paşaya çox oxşaması səbəbilə, onu Rus Qafqaz Cəbhəsi komandanı general Yudeniçin buradakı qərargahına gətirirlər.

“Sorğulardan sonra məni bir yemək stoluna da götürdülər. Ordu komutanı general Yudeniç və başqa yüksək rütbəli zabitlər yemək yeyirdilər. Məni də bu zəngin süfrəyə aldılar. 1915-ci ilin Yeni il süfrəsi imiş. Süfrədə mənə bir qədəh “vodka” da ikram etdilər. İçmədim. İsrar etmədilər. Səhərisi gün bizi stansiyaya götürdülər. Rusiyanın içərilərinə gedəcəyiz...”

Beləcə, Hüsaməddin Tuğacı digər türk zabit və əsgərləri ilə birgə Rusiyanın ucqarlarına sürgünə aparılırlar. Qatar əvvəlcə Gəncə, Bakı, Petrovskdən keçir. Hüsaməddinə nədənsə, ayrıca, təmtəraqlı vaqon-otaq ayırıblar. Bunun səbəbini Petrovskə çatanda anlayır. Sən demə, ruslar onun Ənvər paşaya oxşarlığından faydalanmaq istəyiblər. Yerli əhali xüsusi vaqonda aparılanın əsir alınmış Ənvər paşa olduğunu zənn edəcək.

“Petrovskdə dayanarkən pəncərəyə yaxınlaşdım. Aşağıda bir topa adamın mənim vaqonumu göstərib bir-birinə nələrisə dediklərini hiss edirdim. Görkəmindən erməni olduğu bilinən birisi isə əlini boğazına çəkib mənə axırımın çatdığını anlatmaq istəyir,sonra da  əllərini göyə qaldırıb sanki şükür edirdi”.

Qatar Samaraya yaxınlaşarkən  Hüsaməddin bir neçə ay davam edəcək tif - qarın yatalağı xəstəliyinə tutulur və bu şəhərdəki hospitala yerləşdirilir. Dəfələrlə ölümün gözlərinə baxır. Davamlı qarabasma və sayıqlamalarla mübarizə aparmalı olur. Nəhayət, səhhəti yerinə gəlir. Sağaldıqdan sonra Sibirə sürgün yolları davam edir. Çelyabinsk, Tomsk və nəhayət, İrkutsk. Buradakı qərib, məşəqqətli həyat. Amma ondan güclü - Vətənə dönüb, mübarizəyə təkrar qatılmaq eşqi.

Bir neçə aydan sonra Hüsaməddin daha iki sürgün yoldaşıyla birgə düşərgədən qaça bilirlər. Lakin ələ keçirilib yenidən İrkutksa qaytarılırlar. Onlar haqda elə bir ciddi ölçü götürülmür. Ümumiyyətlə, o vaxtın düşmənləri bir-birinə qarşı mərd davranışları ilə seçilirlərmiş. H.Tuğac xatirələrində sürgün yoldaşları ilə birgə rusların icazəsilə qəzet belə nəşr etdiklərini, hətta “Bayqal türklərinin tarixinə dair məqalələr üzərində işlədiyini” (!) qeyd edir.

Sibir sürgünü ümumən iki il yarım çəkir. 1917-ci ildə Rusiyada baş qaldıran hərc-mərclik sürgündəkilərin də işinə yarayır. Hüsaməddinin təkrar qaçışı uğurlu olur.

Yeni bir macəralı səyahət başlayır. Sibir şəhərləri, Orta Asiya... Qırğız Xalq Komitəsinin köməyilə saxta sənəd düzəltməyə müvəffəq olan Tuğac Daşkəndə, sonra  Krasnovodska gəlir. Buradan gəmi ilə Bakıya doğru yola çıxır.

 Bakıda Hüsaməddin Tuğac Azərbaycanın irəli gələnləri - Məhəmməd Əmin Rəsulzadə və Əlimərdan bəy Topçubaşovla görüşüb-danışmağa vaxt tapır.  Görüşlərdə çətin vəziyyətin açarının Gəncədə olduğu aydınlaşır. Nəhayət, Hüsaməddin Tuğac Gəncəyə yollanır.

Qəribədir, Gəncədə qaldığı mehmanxananın sahibi, hələ sürgünə yollanarkən yaxınlıqdakı Dəllər stansiyasında ötəri söhbət etdiyi, Gəncənin addımlı adamlarından olan Sarı Ələkbər İmamqulu oğlu imiş. Hələ o vaxt Hüsaməddin, Sarı Ələkbərə atasının buralardan, Gəncə vilayətinin Şəmkir elinin Qaraca Əmirli kəndindən olduğunu demişdi.

Hüsaməddin Tuğacın qayıtması Gəncədəki mücadilə liderləri üçün göydəndüşmə idi. O, dərhal Gəncə Milli Komitəsinin rəisi Nəsib bəy Yusifbəyli ilə görüşdürülür və Komitənin icra heyətində yer alır.

Milli Komitənin Sarı Ələkbər və Nağı bəy Şeyxzamanlının rəhbərlikləri altında iki silahlı dəstəsi mövcud idi. Amma hərb sənətinin hərtərəfli öyrədilməsinə, silahla davranışların aşılanmasına, eləcə də yeni silahların əldə olunmasına böyük ehtiyac duyulurdu. Bu işlər dərin hərbi təcrübəyə malik Hüsaməddin Tuğaca tapşırılır.

Tezliklə xüsusən gənclərin hərbi vərdişlərə yiyələnməsi  üçün Gəncənin bir neçə yerində, o cümlədən Uğurlubəy karvansarasının geniş həyətində təlim meydanları fəaliyyətə başlayır. İlk döyüş sınağı da gerçəkləşdirilir - Şəmkirin həmən Dəllər stansiyasında, cəbhədən dönən rus əsgəri hissələri tərksilah edilir və əldə olunan silahlar hesabına Gəncə Milli komitəsinin cəbbəxanası gücləndirilir.

Hüsaməddin Tuğacın Gəncədə ən yaxın dostlaşdığı adam Nağı bəy Şeyxzamanlı olur.

“Naki bəy mənə yaxın məsləkdaşlıqdan başqa, bir qardaş oldu. Onun yaşlı anasını mən də özümə bir ana bildim”.

İki cürətli dostun istənilən riskli məqamlardan belə çəkinməmək xüsusiyyətlərini duyan Milli Komitə rəisi ən vacib missiyanı gerçəkləşdirməyi də onlara həvalə edir.

“Bir axşam Nəsib bəy məni xüsusi toplantıya çağırdı. Gəncə və Bakının, bütün Azərbaycanın xilası naminə Türk Ordusunu dəvət üçün arkadaşım Naki bəy Şeyxzamanlı ilə birgə Türk hökuməti və Ənvər paşanın yanına,  bizim bir təmsilçi olaraq  göndərilməyimizi  uyğun bilmişdilər”.

Hüsaməddin Tuğac və Nağı bəy uzun və macəralı yolçuluqdan sonra 1918-ci ilin fevralında Suşəhrində Türk 3-cü Qafqaz Ordusu komandanı Vəhib paşanın qərargahına çatırlar. Vəhib paşa vaxtilə Hüsaməddinin atası, 1904-cü ildə şəhid olmuş yüzbaşı Hacı Əhmədlə döyüş dostu olubmuş. Nümayəndələrin Azərbaycan, eləcə də Qafqaz cəbhəsinə aid  raportları çox qiymətli idi və vəziyyət dərhal Ənvər paşaya çatdırılır. Ənvər paşa heyəti İstanbula görüşə dəvət edir. Türk dünyasına xidmətləri müqabilində Hüsaməddin Tuğaca yüzbaş rütbəsi verilir. Ən əsası, Azərbaycana Nuru paşa komandanlığında Türkiyə qüvvələrinin yardımı təmin olunur.

Daha bir vacib məqam! Məhz Hüsaməddin Tuğacın raportu Türk Ordusunun Qafqaz cəbhəsində daha tez və daha konkret məramla hərəkətə keçməsinə səbəb olur və bununla da buralardakı məkrli erməni planlarının qarşısı alınır.

3 illik fasilədən sonra Hüsaməddin Türk Ordusunda xidmətinə qayıdır və Şərq Cəbhəsində vəzifə borcunu yerinə yetirir, 1919-cu ildə İstanbul Hərb Akademiyasını da bitirir. 1921-1924-cü illərdə Gürcüstanda, Türkiyənin Tiflisdəki Hərbi Attaşeliyində, həmçinin Türkiyə Böyük Millət Məclisinin  Qafqaz Siyasi Nümayəndəliyində çalışır. 1927-ci ildən Tehranda Hərbi Attaşelikdə, bir müddət Milli Əmniyyət Təşkilatının İstanbul və Diyarbakır bölgələri üzrə müfəttişliyində, 1934-cü ildən Vyanadakı Hərbi Attaşelikdə, 1937-ci ildən Xarici İşlər Nazirliyində və digər mühüm dövləti vəzifələrdə işləyir, kurmay yarbay hərbi rütbəsinəcən yüksəlir. H. Tuğac üç dəfə Türkiyə Böyük Millət Məclisinə Cümhuriyyət Xalq Partiyasından Qars və Ağrı bölgəsindən millət vəkili seçilir.

Hər zaman Türk dünyasının milli maraqları naminə vəzifə borcunu şərəflə yerinə yetirmiş H. Tuğac 1920-ci ilin iyulundan 1923-cü ilin avqustunadək Atatürkün başladığı İstiqlal Savaşlarına da qatılıb, millətin xilası və onun tərəqqisi, “mövcudiyyətinin yeganə təməli olan Cümhuriyyət”(M.K.Atatürk) uğrunda dönməz mübarizlər sırasında yer alıb. O, Mustafa Kamal paşa və İstiqlal Savaşının digər rəhbərlərinin ən yaxın adamlarından  olub.

Millət və Cümhuriyyət sevgisi Hüsaməddinin övladlarına da sirayət edib. Gəncədəki, eləcə də doğma ocaqda - Qaracəmirli kəndindəki təsirli görüşlərdəki söhbətlərdə yaxın insanların qovuşmasının sevinci ilə yanaşı bu ruh da özünü göstəirdi.

“Atam çox müşfiq, dövrünün tələblərinə görə çox kübar, bilikli, eyni zamanda tələbkar bir şəxs idi. Alman, fransız, fars dillərini, üstəlik sürgündə öyrəndiyi rus dilini bilirdi. Bütün amalı Türk dünyasına xidmət, Cümhuriyyət ideallarına sədaqət ruhunda idi. Azərbaycanlı mühacirlərin əksəriyyəti bizim evdə tez-tez olurdular. Atamın hələ Azərbaycandan özünə qardaş hesab etdiyi Naki bəy Seyxzamanlı ilə ən sıcaq münasibətləri burada da davam edidi”- deyə, Solmaz xanım xatirələrini bölüşür.

Qızı Solmaz xanımdan başqa Hüsaməddinin daha bir övladı olub. Babasının adını daşıyan doktor Əhməd Tuğac hərbi həkim olub. 1950-ci illərdəki Koreya savaşında iştirak edərkən özü infeksion xəstəliyə yoluxub. Şəraitsizlikdə yanlış müalicə onda şəkər xəstəliyi də yaradıb və səhhətini ciddi surətdə pozub. O, 1977-ci ildə 50 yaşında vəfat edib.

Solmaz xanım atasının böyük Atatürklə dostluğundan da xeyli epizodlar danışaraq,  bu dahi şəxsiyyətin onu görən hər kəsin yaddaşına əbədilik hopduğunu vurğulayır:

“Mustafa Kamal paşa ilə ailəvi dostluq münasibətlərimiz vardı. Yadımdan heç çıxmaz - mən səkkiz yaşında ikən atam, anam və qardaşımla uşaq bayramı ilə bağlı bir tədbirdə idik. Atatürk də orada idi. Məni qucağına götürdü, dizinin üstündə oturtdu. Uşaqların gələcəyi barədə sözlər deyirdi. Onun gözünün içinə baxdım. Sanki mavi dəniz idi və elə bil, adamı işıqlı bir dünyaya aparır, aparırdı...”

Solmaz xanım baba yurduna öz qızı, indi ABŞ-da yaşayan Turan xanımla gəlib. O da babası haqda xatirələrini bölüşür:

“Dədəmiz həm də çox xeyriyyəçi bir şəxs olub. Bir vakf yaratmış və imkansız təbəqədən olan qabiliyyətli uşaqları seçərək, yüzlərlə belə gənclərə təhsil imkanı yaratmışdı. Onların arasında Azərbaycandan da xeyli uşaq olub. Dədəm hətta özünün bütün maaşını belə bu cür işlərə sərf edib.”

Hüsaməddinin atası Hacı Əhmədin doğma yurdda, Qaracəmirlidə daha iki qardaşı yaşayıb. Onlara da 30-cu illərin repressiya məhbəslərindən pay düşüb. Hazırda Hüsaməddin Tuğacın  burada, eləcə də Gəncə və Bakıda xeyli əmisi  övladları var. Onlardan biri, Füzuli Əhmədov türk dünyasının qəhrəmanlarından biri sayılası əmizadəsinin mübarizə yolunun yada salınması, eləcə də onun övladlarının doğma ocaqla bağlılığının bərpası üçün xeyli iş görüb.

“ Özümü çox xoşbəxt sayıram, ona görə  ki, cəsurluğu haqda ancaq yaşlı insanların və cümhuriyyətçi mühacirlərin xatirələrindən eşitdiyimiz Hüsaməddin Tuğacın adının, ruhunun və onun övladlarının doğma yurda qayıdışına nail olmaq qismətimə düşdü. Ot kökü üstə bitər, deyiblər. Hazırda  Hüsaməddinin nəvə-nəticələrindən Türk Silahlı Qüvvələrində, o cümlədən NATO strukturlarında çalışanları da var. Mən də istəyirəm ki, övladlarla ata-babaların idealları arasında bağlılıq yaransın”-deyə, o bildirir.

Füzuli müəllim həm də Hüsaməddin Tuğacın ömür yolu ilə bağlı onun Türkiyə və ABŞ-da yaşayan övladlarından xeyli fotoşəkillər yığıb. Onların arasında həmçinin Türkiyə tarixininin müxtəlif dövrlərində iz qoymuş olan Cəlal Bayar, Bülənd Ecevit, Ərdal İnönü kimi siyasi xadimlərlə birgə fotolar da var.

Eyni millətin iki Cümhuriyyətinin qurulmasında əməyi keçmiş  Hüsaməddin Tuğac 1975-ci ilin yanvarın 5-də 86  yaşında vəfat edib. Onun qəbri Türkiyənin və Azərbaycanın bir çox cümhuriyyətçi mübarizlərinin uyuduğu Əsri məzarlığındadır.

 

 

Zakir MURAD

 

525-ci qəzet.- 2012.- 25 avqust.- S.25.