Məhəmməd Əmin Rəsulzadə  Yazar: Şirməmməd Hüseynov    

 

Əsərləri

 

Üçüncü cild

 

(1915-1916)

 

Ön söz

 

Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır.

Həyatə dəvətBu dəvətin məscidlərdə və mollalarla mərsiyə cavanlar tərəfindən vaqe olduğu sizə müjdə avər bir xəbər ola bilərmi?...

Şəhərimizin yuxarı tərəfi Şamaxı yolu degilən səmtində yeni tərzi-memaridə tikilmiş zahiri gözəl kiçik bir məscid vardır. Hər dəfə yanından keçəndə tikilisindəki yeniligə mail oluyor, bir neçə dəqiqə ayaq saxladım. Fəqət nə gizlədim, bu yeni məscidin içində söylənən sözlərdə də bir yenilik varmı? – deyə hər zaman düşünüyor, özüm özlügümdə yasavər bir nəticəyə gəlirdim.

Tasua gecəsi idi; getdim. Məscidin daxili təmiratı daha tamam olmamışsa da ibadət və əza məclisləri bərpadır. Haman əski hamam, əski tas: zəngir vuranlar öz işlərində. Çay içənlər öz yerlərində. Papiros tüstüsü də dumanlanmaqda. Bunlar tamamilə dışı tazələnmiş olan məscidin ici haman əvvəlki qərar ilə qaldığına bir dəlil degilmidir? Fəqət bən çox tələsənlərdən degiləm. İbadət və təziyyətlərimizi 6-7 saətdən bir-iki saətə əskiltməyincə məscid və məbədə lazımi ehtiramın gözlənməsinə rəayət etmək bittəb mümkün olmayacağına qeneəm. Bu isə zəmanə bağlıdır. Zəncirin vurulması da birdən-birə götürüləməz. İllərlə gələn şey şübhəsiz ki, illərlə də gedəcək. Əcəba rövzə necə, moizə nə haldadır?

İştə bu suala cavab gözlüyordum. Tazəlik varsa rövzəxanda görüləcək. Onun söyləyəcəklərində həyatın tələb elədigi yeni cərəyanların inikası varsa, fəbeha demək ki, məscidlərimizin yalnız tərzi-memarisi degil, cəhəti-mənəviyəsi də islah olunuyor...

Nəhayət, rövzəxan gəldi. Hacı molla Əbduləli o fəal, cəval yürüşilə o zində məşi və rəftarı ilə minbərə çıxdı.

İlk sözü zəngir vuranlara olmasınmı?

“Hə, zəncir vurur, əndamınızı gögərdirsiniz – dedi. Zənn etməyiniz ki, bununla behişti satın alacaqsınız” – dedi. Əlavə etdi: “Xayır, ittihad bilməz, mərhəmət anlamaz, halal gözləməz və haramdan ictinab etməz, müsəlman qardaşlarınıza qıymaqdan həzər eləməz, bütün mənhiyyatə aludəlikdən çəkinməz, namaz qılmaz da, sonra gəlir özünüzü dögür, ağlarsınız, yoxsa “hər kəs ağlata, ağlaya və ağlamasına behiştə gedəcəkdir” – deyənlərəmi inandınız! Heyhat, səhv etdiniz! Hər şeydən əvvəl vacib olan qardaşlıq, yoldaşlıq, həq-əlnasi gözləmək, adam olmaqdır. Zəncir vurmaq, göz qorasını sıxıb ağlamaq isə sonrakı işdir. Birincilər olduqdan sonra inşallah bəlkə bu birilər də qəbul olunar”.

Bən artıq vəcdə gəlmiş, vicdan rahatlığı bulmuşdum. Demək ki, zahirdəki dəgişiklik nə tovr olsa da, batinə dəxi icrayi-təsir ediyormuş. Qalibdəki təcəddüd qəlbdəki təbəddülə bir nümunə imiş. Məscidlərimizin yalnız memarlığı degil, vaizkarlığı da dəgişiyormuş.

Neçə il əvvəl xüsusi surətdə belə tənqid olunmayan bədən incitmək əzasi imdi minbərdən, mərsiyəxan ağzından, zəncir vuranın dik gözü içinə nə cəsarət, nə şiddətlə tənqid olunub da söyləniyor!...

Ey qadiri-küll olan zaman, sən nələr yapmaz, nələr yapamazsan!

Fəqət təcəddüd daha artıqdır. Yalnız təziyələrin şəkli degil, “tələfsifat degilsə” də tənqid olunuyor. Həm də nə şiddətlə! Bax qovzəxan nə söyliyor:

Aləm tamam yol tutub getdi. Xəlq göylərdə uçuyor. Biz hələ yerdədə yürüyə bilməyib sürükləniyoruz. “Minbər şeytanı” da sizə diyor ki, bu sürüklənmək şanımızdandır. Çünki Allahın mömin bəndəsi zəlil gərək olsun. Fəqət aldanmayınız bu əmaməli münafiqə, o yalan diyor. Şahidim isə Quran. Qurani-məcid: “Əlizətülla və əlrəsulə və əlmöminin (yəni izzət üllah, rəsuli və mominlərinin şanıdır) dedikdən sonra kimin nə ağzıdır ki, zillət və miskinəti mömin sifətidir – deyə tərif etsin. Yox, mömin zəlil degil, əziz olar. Başı qapazlı, gözü əllərdə, özü zillət və miskinətdə, topraqlar üstündə sürünmək hərgiz yaşamaq degil, min dəfə degildir. Öylə bir yaşayış mömin yaşayışı, müsəlman həyatı degildir. “Allah dünyanı kafirlərə, axirəti isə möminlərə vermişdir” – deyənlər, şübhəsiz ya xüsusi bir qərəz güdənlər və ya Allahın dedigini bilməyənlərdir. Ay müsəlmanlar, biliniz, dünyada yaşamaq, izzət və şərəflə yaşamaq üçün bilikli olmaq, bir olmaq gərək!”

Hələ “bilikli və bir olmaq” üstündə Əli, Ömər və Abubəkr həzrətləri ilə sair əshabi-giramın səvaneh həyatından gətirdigi misallar nə qədər müfid, nə dərəcədə müəssər idi!...

İştə, həyatə bundan daha qüvvətli bir dəvət ola bilərmi? Fəqət siz deyə bilərsiniz ki, “bir gül ilə bahar olmaz”. Olmaz. Fəqət gül bir degildir. İştə, sizə digər bir daimi həyat: Mirzə İbrahim. O da Hacı Molla Əbdüləli kibi dünyayi zəm edən mollaları məzəmmətliyor. O da möminin zillət degil, izzəti-şanından olduğunu iddia ediyor! Bu, eşidənlərinin ruhuna qədər nüfuz edən natiq, kəndinə məxsus mətin bir məntiqlə elm ilə din ehkamını təhlil ediyor da izzətlə yaşamaq üçün çarə olaraq müasir olmayı, “külli-yövm hüvafi şan” hökmünə tabe olaraq zəmanə elm və fənnlərini təhsil ilə əvvəlcə elm, sonra da sərvət və saman sahibi olub məzəllət və miskinətə təhəmmül etməməgi tövsiyə ediyor. Hər zaman ögrənməli, çünki Sokrat elm üçün zaman yoxdur söyləmiş.  Çünki Peyğəmbəri–xüda dəxi bu mənaye təsdiqlə “itlabəl-elm mən ləməhəd əli ələlhəd” demişdir – diyor. Sair minbərçilərə rəğmən cəmaəti sırf o dünyayə və yalnız din elminə degil, həyatə, dünya həyatinə dəvət edən bu zat qulaq asanlarına diyor ki: dünya elmi, zaman və əsri-sənayei ögrənsinlər, əqillərini işlətsinlər, dünya beş qəpigə dəgməz deyə vəz edən cəhalə etina etməyib yaşamağa əzm etsinlər. Zəmanə adamı olsunlar. Düadan bir şey çıxmayacağına inanıb, təşəbbüs eləsin, hər şeyi Allahdan gözləməsinlər. Çünki iş yalnız Allaha qalıyorsa, “adamın atasını yandırarlar”.

Bu bənim bizzat gördügüm və bu yolda vəz etdiklərini eşitdigim həyat dahilləridir, digər və rovzələrdə dəxi az-çox bu ruh müşahidə olunmuş, ruhlarda bir oyanıqlıq görülmüşdür.

Hətta, Qazi Hacı Mir Məhəmmədkərim ağa cənabları həyatə dəvət movzuində bir az ifrata varmış, sərvət və saman təhsilini elmə belə müqəddəm tutmuş imiş.

Məlumdur ki, insanları həyatə dəvət etmək əqli bir taqım mövhumat əsarətindən xilas edərək zəkayi-bəşərə hürr və azad bir surətdə tərəqqi etmək imkanı vermək deməkdir. Zəka isə “hökmdar və ədəbiyyat” sahibi Alfyerinin dedigi kibi, sərvət və samandan müavinət alar, fəqət, heç bir zaman onun tabe və münqadi olamaz! Bu nöqteyi-nəzərdən yaşamaq üçün elmi sərvətə müqəddəm tutan Mirzə İbrahim həyatə dəvət yolusunun ən doğrusunu tövsiyə ediyor.

Minbər vəzlərində görülən bu hallar “bahar” olmasa da, “bahar”ın gəlməsini göstərən günlərdir. Bu günlərdən daha münasibi, bu gül aşiqi bülbüllərdən imdi hər şəhərdə bir-ikisi tapılar ki, bu da intibah dövrünün sürətlə başa gəlməkdə olduğuna dəlalət edər.

“Əmr bemərufə və nəhyiəz münkər” və cübbəsini ifa etmək üçün qəzetələrin ən müvafiq bir vəsilə olduğunu minbər üstündən söyləyən bir molla, şübhəsiz ki, həyatə dəvət misalında söylədigi həqiqətləri zəmanənin hökmü və qəzetələr vasitəsilə yapılan elmi və müsbət nəzəriyyələrin təsiri ilə söyliyor. Müntəzəm bir mədrəsəmiz olsa da, əhvali-zamanə bələd, fünuni-hazirəyə aşina, ehtiyacati-əsrdən anlar əməlpərvər müəllimlərlə mollalar yetişdirsək və bunları yalnız böyük şəhərlər degil, qəsəbələrə, köylərə qədər yaysaq, o vəqt hər tərəfdən çağrılan əvam istər-istəməz başını qaldırıb baxacaq, baxınca şahrah həyat və mədəniyyəti görəcək, haman səmti-amala yönələcəkdir.

 

M.Ə.Rəsulzadə

“Açıq söz”, 24 oktyabr 1916, 312

 

Fəbeha – daha yaxşı

Həqqünnas – özgə malı

Dai – duaçı, iddia

Münqad – boyun əyən, itaət edən

Avər – gətirən

Alferi Vittorio (1749-1803) İtalyan dramaturq və şairi (bax MSE 1933, c.1.səh.249)

 

Anadolunun istimdadi

 

Bu günki nüsxəmizdə “Kaspi” qəzetəsindən mənqul bir məktub dərc ediyoruz. Məktub sahibinin imzası hər nə qədər məlum degilsə də, yazısından bir zabit və ya əsgər olduğu anlaşılıyor. Bu zabit rus ordusu istilasında olan Anadolu çöllərində minlərlə müsəlman uşaqlarının canlı cənazələr kibi gəzişib, aclıqlarını rəf etmək üçün ordu mətbəxindən atılan sür-sümüklərdən yeyinti axtardıqlarını, yanmış, yaxılmış xərabələrin külləri, topraqları içində yuvarlanıb da yatdıqlarını, üzlərində cocuqluq şətarət və təravətindən bir əsər belə qalmadığını, kiçikkən qocaldıqlarını, amansız soyuq, mərhəmətsiz qışa qarşı müdafiəsiz olub tamamilə məhv olacaqlarını xəbər veriyor da, müsəlmanlara, müsəlman cəmaətlərinə müraciət ediyor. Allah üçün istimdad ediyor. Biz soldatlar, “mümkün olduğu qədər öz payımızı onlarla bölüşüyoruz. Fəqət bu iktifa etməz. Ehtiyac böyükdür” dedikdən sonra “tələsiniz” – deyə ricasına təkid ediyor.

Ürəgi hissi-mərhəmətlə qabaran və bigünah yşaqların fəlakətini soyuqqanlılıqla görə bilməyən bu şəfqətli cənabdan əvvəl də Türkiyədən alınmış yerlərin, Anadolu müsəlmanlarının ehtiyac içində olduğunu bizə bildirmişlərdi. “Əgri dağ” səyahəti nəticəsində dağılmış Kürdüstanın qəddar ehtiyac içində olduğunu, Rzaqulu Nəcəfzadə cənabları müəssər bir məqaləsilə “Açıq söz”də təsvir etmişdi. Bundan sonra İksirdəki cəmiyyəti-xeyriyyə nümayəndəsi Əhməd bəy Pepinov cənabları Bakı cəmiyyəti-xeyriyyəsinə çəkdigi teleqrafında Türkiyədən gələn müsəlman qaçqınların cəmiyyət şöbəsini əhatə edərək çörək istədiklərini bildirmişdi. Nəhayət, Məlv uyezdindən Ağamusa Nağıyev naminə çəkdigi bir teleqrafda pristav Qasım bəy “cənnəti almaq istərsəniz, bu zavallılara müavinət ediniz” demişdi. Haman gün eyni misalda bir teleqraf dəxi Bakı cəmiyyəti-xeyriyə idarəsinə gəlmişdi...

İştə, aylardan bəri gələn istimdad fəryad və əminlərə imdi “Kaspi” vasitəsilə nəşr olunan bu dilxəraş sətrlər dəxi əlavə olunuyor...

Bu məktubda bütün müsəlmanlara, müsəlman cəmiyyəti-xeyriyyələrinə, mərhəmətli və şəfqətli cənablara müraciət olunuyor. Fəqət bu müxatiblər əllərindən gələn müavinətdən böyük və səmərəli bir faidə almaq üçün bütün verə biləcəklərini Bakı müsəlman cəmiyyəti – xeyriyyəsinə vermişlərdir ki, o da bu böyük vəzifənin icrasını öz öhdəsinə almışdır.

Əcəba, cəmiyyəti-xeyriyyə bu istimdadları nəzəri-etinayə almış, bu xüsusda bir tədbir görmüşmü?...

Bizə məlum olan budur ki, cəmiyyət tərəfindən Ərzurum kibi Türkiyədən alınmış nöqtələrə qədər getmiş, az-çox müavinət göstərmişdir.

Əcəba, cəmiyyət göstərdigi müavinətin bu qədərinə iktifa etmişmi, yoxsa daha ziyadə müavinətə kəndisində imkan görməmişmidir? İştə, bir sual. Vəqtilə cəmiyyəti–xeyriyyə nümayəndəsi Sultanov ilə qaçqınlara nəzarət edən nümayəndə Tamamşov arasında təbəddül edən mükatibə və danışığa baxılarsa, bu xüsusda cəmiyyət günahı özündə degil, hökumət təxsisatının Anadolu müsəlmanlarına düşən hissəsinin təxirə uğramasında təsəvvür ediyor.

Məlum olduğu üzrə Qafqasiyadaki hərbzədə müsəlmanlarla qaçqınlara müavinət üçün hökumət tərəfindən cəmiyyəti-xeyriyyə idarəsinə külli məbləğ verilmişdir. Gözləniyordu ki, Türkiyədən alınan yerlərdəki müsəlman hərbzədələrinin ianəsi də bu qaidə ilə cəmiyyətə veriləcək. Fəqət bu intizar bu vəqtə qədər qövldən-felə keçməmiş. Son xəbərlərə görə hökumət tərəfindən Türkiyədən alınan yerlərdəki müsəlman qaçqınlara 400 min manat təxsis edilmişsə də, bu pulun cəmiyyət əliiləmi, yoxsa istila edilmiş yerlər qubernatorluğu vasitəsiləmi sərf olunması məsələ ixtilaflı bir məsələ təşkil etmişdi.

Bu ixtilaflı məsələnin nə yolda həll olunduğu isə daha bəlli degildir. General Tomaşovun canişin dəftərxanəsinə vaqe olan son müraciəti nəzərə alınırsa, o zaman müşariileyhin bu pulun “soyuz qorodov” əlilə sərf olunması tərəfində olduğu anlaşılır.

Əlbəttə, yaxşı və faidəli olardı ki, bu vəqtə qədər gecikmiş olan bu müavinət müsəlman cəmaətinə daha yaxın dura bildigi mühəqqəq olmuş müsəlman cəmiyyəti-xeyriyyəsinin əlilə icra edilə idi.

Bununla bərabər cəmiyyəti-xeyriyyənin bu vəqtə qədər yalnız gözünü hökumət əlinə tikib də, kəndi qüvvəsilə, cəmaət parası ilə, qardaş qəpigi ilə olsa da, müavinət etməkdəki ğəfləti, əlbəttə ki, nəzəri-müsamihə ilə görülüməz!

Hökumət təxsisatı öz yerində. Fəqət ürəkləri cərihədar edən nalələri biz də dinləməli, bir qardaş ürəgi ilə cuşa gəlib köməgə getməliyiz ki, bu da ancaq cəmiyyətin borcudur.

M.Ə.Rəsulzadə

“Açıq söz”, 3 noyabr 1916 ¹318

 

 

İstimdad – imdad, kömək istəmə   

 

Ənin – inilti

Mənqul – köçürülmüş     

Şətarət – şuxluq

Müəssir – təsirli                               

Dilxəraş – çox faciəli

Müxatib – xitab edən                           

Müsamihə – başısoyuqluq

 

 

Darülmüəlliminlərdə inorodislər

 

Rusiya üsuli-idarəsini təşkil edən binanın köşə daşlarından birisi də inorodis politikasdır. Bu siyasətjə, ruslar, provaslavlılar əsl, onlardan qeyri-olan inorodislər isə fərdirlər. Daha dünən idi ki, böyük bir vilayətin böyük qubernatoru ruslara böyük, – qeyri-ruslara da kiçik oğul diyordu. Məlum olduğu üzrə böyük bir məmur ağzından nəzakətlə çıxan bu “tərif” sifət Rusiya ilə müqəyyəd olmayan dillərdə isə “doğma və ögey” sözlər ilə təşxis olunuyor.

Ögeylərin, daha rəsmi təbirlə kiçiklərin ailədəki mövqeyi məlumdur. Suya, çölə, küçə dükanına, hamama boğja aparmağa bunlar göndərildigi halda, doğmalarla böyüklərin köhnəsini geyər, süfrənin aşağısında oturdular, “can” əvəzinə “yaman” eşidərlər.

Başqadan doğma mənasına gələn inorodislər Rusiya qanunları nəzərində hər daim bu ögey vəziyyətində bulunmuşlardır. Bu vəziyyət bilxassə məktəb işlərində gözə çarpmış və təsirini göstərmişdir.

Bu dəfə duma məarif komisyonunda darülmüəlliminlər həqqində tərtib verilmiş layihə müzakirə olunuyormuş. Məarif naziri İqnatov dəxi əsnayi-müzakirə də hazırlamış. Darülmüəlliminlər layihəsi hökumət tərəfdən təsis olunacaq bu məktəblərə yalnız provaslavnıların daxil ola bilmələri qeyd edilmişdir ki, komisyonun nəzər diqqəti dəxi bilxassə bu nöqtəyə cəlb olunmuşdur. Moskva qəzetələrində göründügi vəchlə kadet firqəsinin nümayəndəsi Uvrunkov təklif eləmişdir ki, məzkur maddə tamamilə qaldırılıb, darülmüəlliminlərin qapısı bilaistisna hər kəs üçün açıq buraxılsın. Uvrunkovdan başqa müsəlman fraksiyasının nümayəndəsi Yenikeyev cənabları təklifdə bulunub inorodislərə, əzcümlə müsəlmanlara məxsus darülmüəlliminlər açılması cəhətini tələb eləmişdir.

Birinci təklif rədd edildigi halda Yenikeyev təklifi komisyonca qəbul edilmişdir.

Demək ki, ögeylər – doğmalar üçün açılmış darülmüəlliminlərə girə bilməzlər. Rus heyəti vüzərasının məişəti ilə rus düması məarif komisyonunun məsləhəti budur. Fəqət inorodislərə, əz cümlə müsəlmanlara, məxsus olmaq üzrə ayrı darülmüəlliminlər təsis oluna bilər.

Bu ayrı müsəlman darülmüəllimini məzkur layihəyə girdirilən məsih maddə mövcibincə əcəba nə kibi bir şəkil alacaq?

“N.V.” qəzetəsində oxuduğumuza görə Yenikeyev təklifində istənilən darülmüəllimində rus tarixi, coğrafiya və dilindən başqa bütün dərslər ana dilində oxudulacaqdır. Demək Yenikeyevin təklifinin qəbul etməsilə duma məarif komisyonu inorodislər üçün açılacaq (seminariya) darülmüəlliminlərin milli bir şəkildə olmalarına müvafiqət etmişdir.

Burada “R.V.” ilə “R.Sl” qəzetələrinin verdigi xəbərlər arasında bir az fərq vardır ki, həqiqət əhvalda o bir az fərqin həyati-milliyyəmiz nöqteyi-nəzərindən böyük təsiri ola bilər. “R.V.” qəzetəsində Yenikeyev “müsəlmanlara məxsus darülmüəllimin açmanın imkanı” həqqində bir təklifdə bulundu degilir, halbuki “R.S.”da “inorodislər və əzcümlə müsəlmanlara darülmüəlliminlər açılması təklifində bulundu” ibarəsi işlənmişdir.

Fərq məlumdur. Birinci şəkildə məsələ xüsusi bir şəkil alıyor. Buradan müsəlmanlar özləri istərlərsə, kəndilərinə məxsus tədrisati öz dəllərində olmaq üzrə darülmüəlliminlər aça bilərlər, hökmü çıxarılır. Bunun isə əhəmiyyəti yox və bu yeni kəsb olunmuş bir ixtiyar dəxi degildir. Çünki 1914-cü il iyul qanununun hökmünə görə inorodislər, əzcümlə müsəlmanlar bu tipdə darülmüəlliminlər açmaq imkAnındadırlar.

İkinci şəklin hökmü isə başqadır. Burada anladığımıza görə, xüsusi surətdə degil, rəsmi surətdə hökumət tərəfindən inorodislər, əzcümlə müsəlmanlara məxsus darülmüəlliminlər açmaq tələbi vardır. Böylə bir tələbin əhəmiyyəti və bu tələb mövcibincə açılacaq darülmüəlliminlərdə bütün tədrisatın ana dilincə olması cəhətilə böyük mənası vardır. Çünki 1914-cü il qanununu hər nə qədər inorodislərə xüsusi məktəblər və əzcümlə darülmüəlliminlər açmaq imkanı veriliyorsa da, bu müəssisələrin tamami-məsrəfini də onların öz öhdəsinə təhmül ediyor.

Böylə məktəblərə xəzinə, zemstvo və ya şəhər idarələrdən bir qəpik sərf olunarsa, o zaman məzkur məktəblər tamamilə vəzarət idarəsinə keçib və ümumi proqramla idarə olunmalıdır. Ümumi dövlət vergilərinə kəmalla iştirak edən inorodis xəlqinin əleyhiddə olaraq kəndi milli məktəbləri həqqində ayrıca bir məsrəfə mütəhəmmil olmaları isə aşkardır ki, ağır bir vəzifədir. Bundan əlavə 1914-cü il qanununa müvafiq açılan xüsusi məktəblər ümumi hüquq və ixtiyardan da məhrumdurlar.

İştə, Yenikeyev təklifini “R.S.” daki şəklində, bu şəklin təfsiri də bizim anladığımıza müvafiq isə və bu təshih duma ilə şuradan keçib qanun gücünə minərsə, o zaman həyati-milliyyəmizi sıxan zəngir həlqələrindən biri açılmış olur.

Bununla bərabər komisyonun kadetlər təshihini rədd etməsilə inorodislər, əzcümlə müsəlmanların böyük bir ziyana uğradıqlarını görməmək də mümkün degildir.

Məzkur layihə imdiki halı ilə gücə mindikdən sonra demək ki, darülmüəlliminlər yalnız provaslavnıların tabeliyində (inhisarında) olacaq. Bunun nəticeyi-təbiiyyəsi isə ümumi məktəblərdəki müəllimligin inorodislər üzünə qapanmasından ibarət olub qalacaq. Başqa sözlə, yəni ögeylər doğmalara məxsus açılan süfrə başına qoyulmayacaqlardır.

Əcəba, bütün Rusiya millətləri ayrı-seçgi salmadan köks-köksə dayanıb da vətən müdafiəsində bir vücud olduqlarını isbat etməkdə olduqları böylə bir zamanda olsun Rusiya millətləri arasında ayrı-seçginlik salmaq politikasından əl götürülməyəcəkmi?

 

M.Ə.Rəsulzadə

“Açıq söz”, 11 noyabr 1916, 325

 

İnorodis – özgə xalqdan olan, ögey

Fər – ikinci dərəcəli, əsas olmayan

Məişət – istək, iradə

Yenə o məsələ

Yenə o məsələ – məktəb məsələsi!

 

Fəqət bilirəm: müharibə xəbəri axtaran oxucu deyəcək ki, canım nə məktəbbazlıqdır. Fəqət o müharibə xəbərindən bu dərəcədə maraqlanan oxucu, əgər həqiqi bir oxucu isə, oxuya-oxuya zamanın mütləq məktəb zamanı, bütün qələbə və zəfərlərin də mütləq məktəb və məarif nəticəsi olduğunu əlbəttə dərk edər. Və əlbəttə həyati-milliyyəmizə dəxli olan məktəb məsələsinə Civ dərəsindəki qanlı müharibələr qədər əhəmiyyət verər.

Yenə o məsələ: darülmüəlliminlərin məsələsi. Hazırda duma məarif komisyonunda olan vəzarət layihəsinə görə Rusiyada mövcud olub bundan sonra Rusiyada təsis olunacaq institutlara, seminariyalara (iki növ darülmüəllimin) inorodisl?r qəbul olunmayacaq. Bu qanun zatən bu vəqtə qədər də böylə idi. Fəqət bununla bərabər Zaqafqazski seminariya Daşkənd, Kazan və bəzi bu kibi yerli əhalisi qeyri-rus çox olan şəhərlərdə qismən məxsusi şöbələr açmaq surətilə, müsəlmanlar bu məktəblərə qəbul olunuyordular. Axır illərdə, əzcümlə Qafqasiyada bu təhdidat bir az azalmağa üz qoymuş, müsəlmanlar institutlarla seminariyalara yol tapmışlar idi.

Yeni düşünülməkdə olan qanun bu xüsusda nə kibi istisnalara malik olacaq, burası – əldə məlumat kafi olmadığından – bizə naməlumdur. Fəqət qəzetələrdən ögrəniyoruz ki, yerinə görə institutlarla seminariyalarda inorodis dilləri oxudulacaqdır.

Darülmüəlliminlərə inorodislər buraxılmayacaq. Darülmüəlliminlərdə inorodis dilləri də oxudulacaq. Bu iki zahirdə biri-birinə zidd görünən əsas – qarşı-qarşıya qoyulub diqqət olunursa, haman nə kibi bir məktəb politikasının nəzərdə olduğu meydana çıxar. Apaşkara görülür ki, bu iki əsas biri-birinə zidd olmayıb biləks biri o birini təkmil ediyor.

Məktəblərin rusluq nöqteyi-nəzərindən milliləşməsi (nasyonalizasiya şkol) – işinə bu iki əsası doğuran və onları biri-birinə bağlayan hökumət qeyri-ruslardan seminariyalara adam qəbul olunmadıqda: məntiq hökm ediyor ki, qeyri-ruslar müəllim ola bilməyib müəllimlik, xəlqi tərbiyə etmək, fəqət rus millətinin imtiyazati-hakimiyyəsindən olacaq. O halda qeyri-rus olan vilayətlərdə, o vilayətlərin dilini bilməyin rus müəllimlər müşkülat çəkməyəcəklərmi?... İştə, bu müşkülatə məhəl qalmamaq üçün rus müəllimlər qeyri-rus uşaqlarından ibarət məktəblərdə dərs verə biləcək bir hala qoyulmaq istənilir. Onlara yerli dillər ögrədilmək planı hazırlanıyor.

Əvət, məktəb bütün dövlət binasının dayanacağı bir özüldür. Dövlət binası hankı üsuli-siyasətlə tikilmək istənilirsə, binanı saxlayacaq olan məktəb də məzkur siyasətin müqtəziyatına görə olmalıdır. Bu vəqtə qədər davam edən idarənin, yəni bütün millətləri bir qazana töküb nə tövr olsa da, rus aşı bişirmək istəyən bürokrat millətcillərin tikmək istədikləri bina Rusiya binası degil, rus binasıdır.

Məlumdur ki, Rusiya binası deyincə rus millətinin təxti-hakimiyyətində, müxtəlif millətlərin kəmali-azadlıqla ittihadlarından mürəkkəb müşfiq bir vətən, rus binası təbirində isə (senzor sətri çıxarıb – Ş.H.) bütün müəllimləri ancaq ruslardan olmaq üzrə qoyulan məktəb özülünün üstündə tikiləcək binanın hankı növdən olacağını artıq siz özünüz biliniz!

Proqramları, Rusiyayi “müşviq bir vətən” halına qoymaq əməli ilə tərtib olunan kadet firqəsinin təklifini, yəni darülmüəlliminlərə bilafərq millət və məzhəb hər kəsin qəbul edilməsini duma məarif komisyonu rədd eləmişdir. Fəqət bununla bərabər müsəlman fraksiyasının nümayəndəsi Yenikeyevin təklifi qəbul olunmuşdur. Bu təklifə görə müsəlmanlara məxsus müsəlman darülmüəlliminləri təsis olunacaq.

Keçən məqaləmizdə bu qərarın bundan ötrü nə dərəcədə mühüm bir şey olduğunu zikr etmişdik. Artıq o cəhətini təkrar etmiyəcəgiz. Yalnız bizi maraqlandıran bir cəhət vardır: görəsən müsəlmanlar üçün açılacaq milli darülmüəlliminlər hökumətin xərcinəmi açılacaq (xəbərin məntiqi böylə olacağına ehtimal veriyor) və görəsən bu darülmüəlliminlərdə oxuyub müəllimlik şəhadətnaməsi alacaq müsəlmanlar digər seminaristlər dərəcəsində sahibi-hüquq olacaqlarmı?...

Olacaqmı, yoxmu? Bu, əlbəttə, cərəyani-əhvalə və Dövlət düması ilə Şurayi-Dövlət rəyinə bağlı bir məsələdir. Arzu etməklə olursa, əlbəttə, sahibi-hüquq olmaları mətlubdur. Aşkardır ki, müsəlmanlara məxsus darülmüəlliminlərdə hazırlanıb çıxan müəllimlər milli müsəlman məktəbləri ilə, xüsusi surətdə açılan məktəblərə müəllim olacaqlar. Bu məktəblərlə, məzkur məktəblərdə dərs oxudacaq müəllimlərin hüquqca dövlət məktəbləri dərəcəsində hüquqlu və səlahiyyətdar olmalarını görmək amalımızdır. Bunu yalnız biz degil, digər inorodislər də arzu və tələb etməkdədirlər. Bu tələbdən bəhs edən məqalələrindən birisinə erməni mühərrirlərindən birisi pək həqli olaraq “böyük məsələ” ünvanını vermişdir. Bu böyük məsələnin həlli isə ən böyük arzumuz, ən əziz diləgimizdir.

 

M.Ə.Rəsulzadə

“Açıq söz”, 15 noyabr 1916, 328

 

 

(Ardı var)

 

Şirməmməd Hüseynov

 

Əvvəli ötən şənbə saylarımızda

 

525-ci qəzet.- 2012.- 18 avqust.- S.26-27.