İrəvanda Azərbaycan
mətbuatının təməl daşı: “Lək-lək” satirik jurnalı
(Əvvəli ötən
saylarımızda)
Jurnal
bütövlükdə ədəbiyyat sahəsinə
bütün saylarında geniş yer vermişdir. “Lək-lək”,
“Hərdəmxəyal”, “Yetim cücə”, “Keyfli”, “Cinni”,
“Şeytan” imzalı şeirlərin mövzusu
soydaşlarının mənəvi həyatında mədəni
geriliyin tənqidi və ifşasına həsr edilmişdir. Əksər saylarda “Taqqıltı”
başlığı ilə verilmiş dördlüklər
özlüyündə geniş bir mövzunu əks etdirməsə
də, xalqın diqqətini cəmiyyətdə mövcud olan
ictimai qüsurlara yönəldir. Bunlardan bir nümunə:
Qərq
olmalı olsan da
dənizlərdə
boğulsan,
Heç
olmasa da mümkün
əgər
sahilə çıxmaq.
Namərd
əlinə vermə əlin,
tərki-həyat
et,
Namərd
əlini tutmaqdan
əfzəldi
boğulmaq.
Burada
ifadə olunan dəniz, insanın sahilə çıxmaq cəhdi
həyatda düzgün yol seçməsi mənasında ifadə
olunmuşdur. Bununla da müəllif insana mərdlik,
mübarizlik ruhunu aşılamağa çalışır,
ictimai şüura təsir edir, namərdin bədxah
obrazını çəkir. Belə yığcam, sadə
fikirlərdə müəllif ictimai şüura təsir etməyə
çalışır. Oyadıcı təsirə malik olan bu
fikirlər təbii ki,
insanların həyatında müəyyən mənada əhəmiyyət
kəsb edirdi. Bu “taqqıltılar” qəflətdə olan millətin
oyanıb öz halını doğru-düzgün dərk etməsi,
onlarda yeniliyə həvəs oyatması baxımından
uğurlu tapıntılar olaraq yadda qalır.
Jurnalın
saylarında verilmiş “Siyasi lüğətlər”də
İranın siyasi həyatında baş verən hadisələr
diqqətə çatdırılır. Ümumiyyətlə,
İran həyatını, cənublu soydaşlarının
ictimai hallarını “Lək-lək” də öz növbəsində
reallıq prizmasından işıqlandırır. Məktub
formasında verilən felyeton, satirik məqalə və xəbərlər
- “Tiflisdən məktub”, “Makudan”, “Ordubad”, “Gəncə”, “Mərənddən
məktub” yazıları “Lək-lək”in yayılma
arealının, nüfuzunun geniş olmasına, həm də
zamanında aktual olan məsələlərə yeni forma və
məzmunda münasibət bildirməsinə görə
böyük marağa qadirdir.
Jurnalın
onuncu sayına “Lək-lək” can verir” adlı uşaqlar
üçün nəzmlə yazılmış bir
kitabça da əlavə olunmuşdur. Bu alleqorik hekayətdə
gözübağlı xalqın bütün ictimai problemlərinə
münasibət bildirilir. Jurnal elmdən, təhsildən məhrum
olan balaların acı aqibətini söyləyir. Qumarbazı,
şərabxoru tənbeh edir. Cəmiyyətin eyiblərini
açmaqla uşaqları gözüaçıq, elmli, təhsilli
olmağa səsləyir.
Özünün
fəaliyyəti dövründə hər cürə çətinliklərlə
üzləşən C.Əsgərzadə jurnalın nəşrini
davam etdirə bilməyəcəklərini başa
düşürdü. Cəmi bir nömrədən sonra, 12-ci
sayında jurnal “İxtar” başlığı ilə
oxucularına müraciətlə yazırdı:
“Bəzi
səbəblərə görə bir neçə nömrədən
sonra daha “Lək-lək” məcmuəsi çıxmayıb, onun
əvəzində “Lək-lək”müştərilərinə
yenidən nəşr ediləcək “Çınqı”
namında məcmuə göndəriləcəkdir. Möhtərəm
mühərrirlərimiz və qarelərimiz həmin “Lək-lək”
məcmuəsinin qapanılmasını nəşrimizin tənəzzülünə
həml etməyib, bəlkə “Lək-lək” əvəzinə
daha da mükəmməl bir surətdə çıxaraq “Çınqı”
məcmuəsini nəfis kağız üzərində dərc
edilib, daha parlaq və möhkəm olmasını nəzərə
almalıdırlar.
Bu
yeni nəşr olunan “Çınqı” məcmuəsi Əli Məhzun Hacı Zeynalabdinzadə
və “Lək-lək” müdirlərindən Cabbar Əsgərzadənin
təhti-müdiriyyətlərində olub, İrəvanın
bir neçə maarifpərvər cavanlarının madii və
mənəvi köməklikləri ilə nəşr olunacaq.
Ümum
qarelərdən təvəqqe olunur ki, əgər
“Çınqı” məcmuəsi nəşri bizdən
asılmayan səbəblərə görə bir neçə
həftə təxir olunarsa, səbirsizlik etməyib, bizləri
məzur tutsunlar. “Lək-lək” elanını dərc edən
qəzetələrdən təvəqqe olunur yenidən
yazdığımız qərar ilə “Çınqı” məcmuəsinin
elanını versinlər”.
Bu, əslində
bir istefa xəbərdarlığıydı. Onun
bağlanılması səbəbləri öz şərhini
tamam açmasa da, məsələnin başqa bir tərəfi,
jurnalın yeni adla, həm də daha mükəmməl, parlaq
bir şəkildə oxucularına təqdim edilməsi vədi,
istəyi maraqla qarşılanır. Bu barədə bir qədər
sonra.
Burada
bir haşiyə: Bu gün Azərbaycan dövri mətbuatına
dair biblioqrafiq göstəriciləri tədqiq edərək üzə
çıxaran bir sıra tədqiqatçı alimlərimizin,
o cümlədən N.Axundov, Z.Mustafayeva, S.Rüstəmovanın
müxtəlif illərdə nəşr etdirdikləri
biblioqrafiya kitablarında bəzi mətbuat göstəricilərinin
adlarına rast gəlməsək də, inqilaba qədərki
və inqilabdan sonrakı dövri mətbuatda onlardan bir
çoxu haqda məlumatlarla qarşılaşırıq. Bu,
hər şeydən əvvəl müəlliflərin özlərinin
də qeyd etdiyi kimi, axtarış məkanlarında, arxivlərdə,
kitabxanalarda nüsxələri əldə olan dövri mətbuat
nümunələri əsasında toplanılaraq tərtib
olunub. Onlar nüsxələri əldə olmayan mətbuatın
sadəcə adlarını qeyd ediblər. Görkəmli tədqiqatçı
Q.Məmmədli İrəvanda nəşr olunan “Cavanlar
şurası”, “Rəncbər”, “Zəngi” kimi qəzetlərin
müxtəlif saylarında gedən yazılardan nümunələr
göstərmişdir. Deməli, İrəvanda nəşr
olunmuş bu qəzetlərin bəzi nüsxələri (bəlkə
də hamısı) bir zaman maddi dəlil kimi mühafizə
olunub ki, Q.Məmmədli onlara müraciət edib. Tədqiqatçı
bu cür qiymətli, səhih məlumatları
özünün də yazdığı kimi əsasən
Moskva, Leninqrad, Kazan və başqa şəhərlərin
arxiv və kitabxanalarında apardığı
axtarışlarda əldə etmişdir.
Qayıdaq
“Lək-lək”in aqibətinə. Jurnalın bağlanmasına
səbəb nə idi? Təkcə maddi-texniki çətinliklərmi?
Jurnalın ilk saylarından da görünür ki, onun sahibləri öz qüvvələrini
xalqın maariflənməsi, mədəni geriliyinin aradan
qaldırılması yolunda mübarizəyə sərf
etmişdilər. Bu maarifpərvər ziyalılar nəyin
bahasına olursa-olsun, hansı çətinliklərlə
üzləşsələr də İrəvanda bir
kiçicik məcmuə ilə xalqın gözünün
açılmasına, milli şüurunun formalaşmasına
xidmət etməyə çalışırdılar. “Lək-lək”in
bağlanmasının obyektiv səbəbləri yəqin ki, gələcək
tədqiqatlarda araşdırılacaqdır.
İxtarın
elə ilk cümləsindən də
məlum olduğu kimi “Lək-lək”in yerinə
“Çınqı” adında məcmuə nəşr
olunacağı nəzərdə tutulurdu. Deməli, “Lək-lək”in
qapanmasına səbəb təkcə maddi çətinlik
deyil, xəbərdarlıqda bildirildiyi kimi, onun əvəzində
daha mükəmməl və parlaq
olacaq “Çınqı” məcmuəsinin nəşr
olunacağı fikri idi. M.Mirfətullayevin könüllü
surətdə jurnaldan istefa verməsi, son nömrənin ilk səhifəsində bu barədə
məcmuənin oxucularına açıqlaması ilk növbədə
C.Əcgərzadə ilə yollarının ayrılmasına
bir işarədir. Çünki onlar həyata yeni qədəm
qoyacaq “Çınqı”nı əvvəlki birlik, güc ilə
araya-ərsəyə gətirməyi düşünmədən,
nəzərə almadan ayrılmışlar. Bu da “Lək-lək”in
bağlanması ilə əlaqədar verilmiş xəbərin
C.Əsgərzadəyə məxsus olmasını sübut
edir. O, “Çınqı”nı M.Mirfətullayevlə deyil, Əli
Məhzun Zeynalabdinzadə ilə birgə və İrəvanın
bir neçə maarifpərvər cavanlarının madii və
mənəvi köməklikləri ilə nəşr
olunacağını nəzərdə tuturdu. Başqa bir tərəfdən
jurnalın 11 sayının hər birində ünvan M.Mirfətullayevin
dükanı qeyd edildiyi halda, “Lək-lək”in sonuncu - 12-ci
sayının ünvanı İrəvanın “Luis” mətbəəsi
göstərilirdi. Sözün bu məqamında belə bir
sualla qarşılaşırıq: “Çınqı”
adında jurnal nəşr olunubmu? Bəzi araşdırmalarda
onun nəşri ilə bağlı hələlik bir xəbərə,
fakta rast gəlməsək də bununla bağlı qəti
fikir söyləmək də mümkün deyil. Burada illər
öncə dövlət arxivində araşdırmalar
apardığım zamanlarda vaxtilə orada çalışan
erməni əsilli işçilərin xəyanəti nəticəsində
İrəvan quberniyası ilə bağlı xeyli sənədlərin,
türk dilində olan əlyazmaların, şəcərə
tarixini yaşadan sənədlərin, çap məhsullarının
məhv edildiyi haqqında söhbətlərin şahidi
olduğumu xatırladım. İndi düşünürəm
ki, bəlkə sorağında oldum “Çınqı”nın,
bu gün təkcə adları bəlli olan başqa nəşrlərin
də varlığı mövcud olub. Güman ki, onlar da erməni
qısqanclığının, xəyanətinin qurbanı
olub. Üzdəniraq qonşularımız Qərbi Azərbaycandakı
həyatımızı, yaşam tariximizi uzun illər mərhələ-mərhələ
məhv ediblər. Amma bu bir həqiqətdir ki, tarixin
çox-çox dərinə işləmiş
kökünü məhv etmək mümkünsüzdür.
Dünyanın bir çox ölkələrində, elə
keçmiş SSRİ ərazisində arxivlərdə,
kitabxanalarda qədim torpağımız olan Qərbi Azərbaycanın
ictimai-siyasi, iqtisadi, mədəni tarixi ilə bağlı sənədlər
mühafizə olunur. Maddi, fiziki məhv olmadan savayı, insana
mədəni-mənəvi itirmələr bəlkə daha
çox əzab verir. Çünki onlar tariximizin ədəbi-mədəni
abidələridir. Onları arayıb-axtarmaq, dilləndirmək
vətənpərvər övladlarını, tədqiqatçılarını
gözləyir. Bu istiqamətdə çalışmaq,
axtarışlar aparmaq ən başlıcası o torpaqda uyuyan
babalarımızın ruhu qarşısında mənəvi
borcumuzdur.
Şəfəq NASİR
525-ci qəzet.- 2012.- 25 avqust.- S.22.