“Natəvan”a aparan uzun yollar   

 

 Xurşidbanu Natəvan-180

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 3 aprel 2012-ci il tarixində ədəbiyyatımızın görkəmli nümayəndəsi, poeziyamızın inkişafında müstəsna xidmətləri olmuş xanım şairəmiz Xurşidbanu Natəvanın bu ilin avqustunda tamam olan 180 illiyinin dövlət səviyyəsində qeyd edilməsi məqsədilə Sərəncam imzalayıb. Klassiklərimizə verilən böyük dəyər nümunəsi olan həmin Sərəncamda deyilir: “Xurşidbanu Natəvanın parlaq bədii istedada malik söz sənətkarı kimi ədəbiyyatımız tarixində özünəməxsus layiqli yeri vardır. Klassik ədəbi ənənələrimizi yaşadan, yüksək humanizm ideyaları, dərin lirizm ifadə edən yaradıcılığı və unikal şəxsiyyəti sayəsində Natəvan dövrün ədəbi mühitinin formalaşmasına mühüm təsir göstərərək xalqımızın mədəni irsinin zənginləşməsinə töhfələr vermiş, dolğun ictimai fəaliyyəti ilə tanınmışdır.”

“Xalqımızın mədəni irsinin zənginləşməsinə töhfələr vermiş” Xurşidbanu Natəvan XIX əsrdə Azərbaycanın dilbər guşəsi Qarabağın baş tacı Şuşada və bütöv Azərbaycanın poeziya səmasında bir Dan ulduzu tək parladı. Füzuli ədəbi məktəbinin təsiri ilə yazıb-yaratdı, klassik ədəbiyyatın aparıcı janrında-qəzəl janrında qələmə aldığı orijinal şeirlərilə ədəbiyyatımızda özünəməxsus yer tutdu. Dərin lirikası incə, zərif və kövrək hisslərinin tərcümanı oldu. Görkəmli qələm sahiblərimizlə bir sırada cəhalət və nadanlığın hökm sürdüyü çətin şəraitdə, qadınlara hüquq və haqq tanımayan bir cəmiyyətdə bütün maneələri aşdı, şəriətpərvərdələrin fitvasıyla zərif cinsin qollarına vurulmuş əsarət zəncirini qıraraq həm şair, həm də ictimai xadim kimi unikal fəaliyyət göstərdi və qurub-yaratdığı, 25 il rəhbərlik etdiyi “Məclisi-üns” şairlər məclisinin üzvlərilə birlikdə Azərbaycan ədəbi mühitinin formalaşmasında yaxından iştirak etdi... Çox maraqlıdır, sənət dünyası öz yaddaşında məhz tarixin səhifələrində yeni iz qoyan, sənətdə yeni söz deməyi bacaran sənətkarları qoruyub saxlayır və gələcək nəsillərə ötürür. Natəvanın yaradıcılığı, ədəbi-bədii irsi də poeziya sənətimizin yeni səhifələrindəndi və təzətər gül dəməti tək hər zaman təravətlidi. Qadın zərifliyi, ülviyyəti, həyatı dərkinin dərinliyi, duyum və fəhmi ilə əsərlərini mücərrədlik çərçivəsindən çıxarmağa nail olan şairənin bu özəlliyi çəkdiyi bir-birindən gözəl və mənalı rəsmlərindən də yansıyır. Rəssamlığı şeirlərindən, şairliyi rəsmlərindən insan qəlbinə birbaşa, dərindən-dərinə nüfuz edən sənətkar zəmanəsinin incə rübablı və zərif duyğulu kübar bir xanım şairi, eyni zamanda, xalqının gələcəyini, rifahını düşünən, mədəniyyətimizin inkişafı qayğısına qalan və bunun üçün əlindən gələni əsirgəməyən ictimai xadim kimi də adını tarixin daş səhifələrinə yazmışdır. Natəvanın soydaşlarını Ana Vətənimizi-Qarabağı-Şuşanı sevməyə, məhəbbət və ülviyyətə, bir-birinin qədrini, insanlığın dəyərini bilməyə səsləyən poeziyası bu gün də oxucu marağına səbəb olur, lirik şeir və qəzəlləri könülləri ehtizaza gətirir, yeni-yeni əsərlərin yaranmasına vəsilə olur. Söz sənətinin və sənətkarın dəyərini bilən ziyalı şəxsiyyətlərimizdən biri, tanınmış naşir və publisist Nazim İbrahimovla çağımızın böyük musiqi xadimi, bəstəkar Vasif Adıgözəlovu illər öncə Xurşidbanu Natəvanın həyat və yaradıcılığına müraciət etməyə, ömür səhifələrini vərəqləməyə, bədii irsinin motivləri əsasında opera yazmağa ruhlandıran da Qarabağ-Şuşa sevdalı şairənin məhz bu özəllikləri idi...

Təbii, insanın fəhmi, düşüncəsi, zəkası ilə yaranmışların təməli ruhu yerindən oynadan ecazkar musiqidən, əsrarəngiz bir təbiət mənzərəsindən, yüksək sənətkarlıqla qələmə alınmış söz sənəti nümunəsindən ehtizaza gəlmiş iç dünyasında, qəlbində qoyulur. Dünyanı heyrətləndirən nə varsa, hamısı mayasını məhz bu dünyadan götürür. Bəzən ulu Tanrı bəndəsinə içində yaşatdıqlarını gerçəkləşdirməyə elə bir fövqəl qüvvə və fürsət verir ki, yaratdıqları əsl mədəniyyət hadisəsinə çevrilir və dönüb olur bütün bəşəriyyətin. Bəzən isə bu sirli dünyanın qapılarını açmağı başqa birisinin taleyinə yazır və o dünyanı da məhz həmin o birisi kəşf edir. Deməli, insanın iç dünyasının səsi, çağırışı onu bir an belə tərk etmir, içində yaşananlar nə vaxtsa üzə çıxır. Və 2005-ci ilin qışında da belə bir mədəniyyət hadisəsi baş verdi. Vasif Adıgözəlovla Nazim İbrahimovun 3 pərdədən, proloq və epiloqdan ibarət “Natəvan” operasının premyerası oldu... İztirablarla dolu, ağrılı həyat yaşamasına rəğmən zamana baş əyməyən, dövrünün ictimai-ədəbi-siyasi siması olan və Qarabağ hakimi Mehdiqulu xanın “Xan qızı” kimi tanınan varisi Natəvana yeni bir əsər həsr olunması hər bir Azərbaycan türkünün qəlbində sevinc hissi doğurmaya bilməzdi. Mövzunun aktuallığı, müasir dövrlə səsləşməsi, tariximizin bəzi səhifələrinə qayıdış, bir də keçmişimizi unutmamaq, klassiklərimizə qarşı qədrdanlıq operanın premyerasına gələnləri yamanca tutmuşdu. Bu addım tarixin geri qayıtmadığını, lakin təkrarlandığını bir daha təsdiqləyirdi. Əgər belə olmasaydı, mütəfəkkir şairin hələ keçən əsrin sonlarında Qarabağ torpaqlarının parçalanması, ermənilərin Qarabağı, özlərinin də mahiyyətinə varmadan elə türkcə adlandırdıqları “Arsak-Ər saq”ı ələ keçirmək iddialarından doğan Şuşanın itirilməsi qorxusu, həyəcanı içərisində XIX əsrdə söylədiyi ağrılı misralar bu gün, XXI əsrin əvvəllərində bu dərəcədə aktual səslənməzdi!.. “Natəvan” operasının son səhnəsində-epiloqda məqbərəsini ziyarətə gələnlərin arasından şairənin ruhən söylədiyi:

 

Nigaranam Qarabağdan,

Babamın andı torpaq,

Qəlbimin odu torpaq,

Ana yurdum Qarabağ! 

Qeyrət qalam Şuşadan nigaranam...

Şuşanı alın geri,

Ahım odlar göyü, yeri!..

Şuşanı alın geri!

Şuşanı xilas edin!..

 

misraları günümüzün acı, kədərli reallığını əks etdirmirmi?

Natəvanın “Ürəyim Vətən, ey gözəl diyar! Od vurub yağılar, Aman, yanır dağlar, daşlar, bu qarlı zirvələr. Külə dönür ürək açan gözəl mənzərələr. Yandı arzu diləyim, qara bulud örpəyim, Necə dözüm buna mən? Göyə qalxdı ah-naləm, Az qala çatladı sinəmdə ürəyim” sızıltıları Şuşa, Qarabağ həsrətli bağrıyanıq el oğlu, el qızlarımızın könül fəryadı deyilmi? Operanın müəlliflərinin günümüzün həqiqətlərinin, yaşadığımız həyatın reallıqlarının bu dərəcədə təsirli bədii təsvirini verməkdə bircə amal və məqsədlərinin olduğu gün kimi aydındır: - Əsir Qarabağın taleyini düşünmək, Natəvanın simasında bütün xalqın “andı, qəlbinin odu, Ana yurdu Qarabağı, qeyrət qalamız Şuşanı” düşməndən azad etmək uğrunda ayağa qalxmaq, səfərbər olmaq!

Əslində şairin, yazıçının, yaxud bəstəkarın sənət amalı əsasən tarixi hadisələri, görkəmli şəxsiyyətlərin həyat həqiqətlərini bədii priyomlardan istifadə edərək yüksək sənətkarlıqla öz əsərlərində canlandırmaq, düşüncələrini oxucu və ya dinləyiciyə ötürmək, onlarda Vətən sevgisini oyatmaqdır... 

Məsələnin digər maraqlı tərəfi “Qarabağ” mövzusunun gündəmə gətirilməsi, orijinal bir musiqi əsərinin hədəfinə çevrilməsi... ədəbiyyatımızda, kino sənətimizdə, eləcə də incəsənətin digər sahələrində son illər yaranmış müəyyən boşluqdan, Qarabağ hadisələrinin ədəbiyyatda yetərincə işıqlandırılmamasından, bu mövzuda yeni-yeni əsərlər yazılmamasından daha çox danışıldığı bir zamanda, yəni, iki əsrin qovuşağında bu sahədəki buzu “Natəvan” operasının az da olsa, əritməsiydi... Açığı, ömrünün dəyərli 45 ilini müxtəlif janrlarda musiqi əsərləri bəstələməyə həsr etmiş və simfoniya, simfonik poema, musiqili komediya, oratoriya, fortepiano üçün prelüdiyalar, variasiya, simfonik və xalq çalğı alətləri üçün konsertlər, romanslar, teatr və kinofilmlər üçün bir-birindən gözəl musiqilər, 100-dək mahnı yazan Vasif Adıgözəlovun ruhoxşayan, təkrarsız musiqisinin, əsərdə ifa olunan “Qarabağ şikəstəsi”nin bu operaya ölməzlik gətirəcəyinə şübhə etmirdim. Xurşidbanu Natəvanın, Qasım bəy Zakirin və Rüzgar xanım Əfəndiyevanın librettonun mətnində istifadə olunmuş lirik şeir və qəzəllərinin, korifey sənətkarlarımız Xuraman Qasımovanın və Azər Zeynalovun ifalarının tamaşaçıları ovsunlayacağına, istedadlı muğam ifaçılarımızdan Nəzakət Teymurova və Mənsum İbrahimovun, həmçinin Natəvan İsmayılovanın, əsərin musiqi rəhbəri və dirijoru Yalçın Adıgözəlovun çıxışlarının da böyük maraq doğuracağına əmindim. Daha maraqlı cəhətsə uzun illər yüksək dövlət vəzifələrində çalışmış, neçə-neçə kitabın müəllifi və tərtibçisi olmuş, kitab çapı, nəşriyyat-poliqrafiya sahəsində ustad naşir kimi tanınmış Nazim İbrahimovun libretto janrına müraciət etməsi idi. Nazim müəllimlə Vasif Adıgözəlovun birgə işi, ədəbiyyatımıza, musiqimizə bu əvəzsiz xidməti fəal vətəndaşlıq mövqeyinin göstəricisi olmaqla yanaşı, həm də bir yenilik idi. Yenilik, qəribəlik Nazim İbrahimovun məhz nisbətən çətin, məsuliyyətli sahə olan libretto müəllifi kimi çıxış etməsində idi və bu onun mövzuya müraciəti,  çox güman ki, birdən-birə baş verməmişdi... Bu proses mənim üçün də maraqlı idi, “Natəvan”a aparan uzun yolların onu yormadığı qənaətində idim və hələ 2003-cü ildə tamaşanın premyerasından sonra onunla görüşümüz zamanı buna tamamilə əmin olmuşdum...

Bundan əvvəllər də onunla tez-tez rastlaşırdım, bəzən “Respublika” qəzeti redaksiyasına işə gələndə, bəzən də işdən gedəndə... Özünəməxsus jestləri, yüksək etikası, qızlara, qadınlara qarşı ölçülü-biçili, mədəni rəftarı diqqətimi çəkirdi. Ehtiramla salamlaşar, liftin qarşısında bizlərə yol verər, sonra özü daxil olardı, onun heç bir yersiz hərəkətinin və sözünün, məqsədli baxışlarının şahidi olmamışdım. Nədənsə o, mənə daha çox XIX əsr zadəganlarını xatırladırdı, Avropanın, Rusiyanın o dövrdəki aristokratları gəlirdi gözlərimin önünə. Soruşa bilərsiniz ki, niyə məhz əcnəbilər? Yəqin ona görə ki, bizdən fərqli olaraq Avropa və rus klassik ədəbiyyatının nümayəndələri bu təbəqənin həyatını, onların formalaşdıqları mühiti daha yaxşı, geniş, dolğun əks etdirə bilmiş, çəkilmiş kinofilmlərin köməyi ilə hamının qəbul edə biləcəyi bir aristokrat imici formalaşdırmağa nail olmuşdular. Axı, aristokratlıq təkcə səliqəli gözəl geyim, bəlağətli nitq, ürəyəyatan jestlər, bir sözlə, mədəni görünməklə ölçülmürdü, aristokratlıq həm də vətənpərvərlik, təəssübkeşlik nümayiş etdirmək, yüksək mənəviyyat sahibi olmaq deməkdi... Zənnimcə, Nazim İbrahimov tarixin müxtəlif dönəmlərində qırılıb-çatılan, lakin “kökü olduğu üçün zaman-zaman göyərən” Azərbaycan aristokratiyasının bu günümüzədək yaşayan nümayəndələrindən biridir.

1988-ci ildən üzübəri erməni qəsbkarlarının Qarabağa, Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın işğal olunması, yurdumuzun viran edilməsi, qız-gəlinlərimizin əsir götürülməsi, ləyaqətinin alçaldılması, xalqımızın başına gətirilən müsibətlər Nazim İbrahimovun da, görünür, yuxusunu ərşə çəkmiş, ürəyini ağrıtmış, rahatlığını əlindən almışdı. Librettonun yazılması, əslində, uzun illər qəlbinin dərinliklərində köz tutub qalmış duyğu və düşüncələrin, ağrılı hisslərin poetik sözün qüdrətilə ifadəsi idi. O, söhbətimiz zamanı bütün bunlara aydınlıq gətirərək demişdi: “Məni həmişə bu sual düşündürüb: -Axı nəyə görə, qoynumuzda yer verdiyimiz, süfrəmizin başında bəslədiyimiz, evimizin əziz qonağı sandığımız, uzun illər dostluq, qardaşlıq etdiyimiz ermənilər bizə tarixən düşmən kəsiliblər? Vəzifəmlə əlaqədar olaraq Azərbaycanın rayon və kəndlərində çox olmuşam, hər yerdə də, daha doğrusu, ermənilərin sıx yaşadığı səfalı, gözəl guşələrimizdə bu millətə qarşı hörmət və məhəbbət görmüşəm. Ancaq qonşularımız nankorluq etdilər, xırda, cılız hisslərin əsirinə çevrilərək əzəli, əbədi qonşularına xəyanət etdilər, xalqımıza olmazın zülm və işgəncə verdilər, torpaqlarımıza yiyələnmək məqsədilə işğal etdilər və bütün dünyaya özlərinin haqlı olduqlarını car çəkdilər. Mən bu mövzuya təsadüfən müraciət etməmişəm, doğrudur, libretto nisbətən çətin, az-az müraciət olunan sahədir. Ancaq mən ermənilərin bu xəyanətlərini ifşa etmək, Qarabağ həqiqətlərini beynəlxalq aləmə çatdırmaq üçün lakonik, yığcam musiqi əsəri ilə tez, asan və tərcüməsiz (çünki musiqinin, mədəniyyətin tərcüməyə ehtiyacı olmur) cavab verməyi daha məqsədəuyğun saydım və bununla ermənilərə, həm də dünyaya göstərmək istədim ki, Azərbaycanın bu torpaqda, Qarabağda böyük tarixi yaşayır. Bura xalqımızın qədim mədəniyyət beşiyidir. Görün, bu xalqın mədəni səviyyəsi, dünyagörüşü hansı dərəcədədir ki, hələ XIX əsrin əvvəllərində böyük təfəkkür sahibi, geniş erudisiyalı, ərəb-fars, rus, gürcü və fransız dillərini bilən yüksək mədəniyyətli bir xanım-şairə yetişdirmişdir. Xasay bəylə Tiflisdə yaşayarkən Aleksandr Düma ilə görüşmüş və bu zaman fransız yazıçısının Natəvanın kübarlığı, yüksək mədəniyyəti, etik qaydalara uyğun davranışı, söhbətləri böyük marağına səbəb olmuşdu. Bildiyiniz kimi, görüşdən aldığı xoş təəssürat nəticəsində Düma Xan qızına fil sümüyündən şahmat da bağışlamışdı. Natəvan bir şair, bir diplomat, siyasi və ictimai xadim, eyni zamanda mənsub olduğu xalqın mədəniyyətinin təmsilçisi, simasıdır... Xan qızı A. Dümada bu təəssüratı oyatmışdı... Bəli, mən, məhz Natəvanın simasında göstərmişəm ki, Qarabağ Azərbaycan türklərinin torpağı, Üzeyirin, Bülbülün, Xanın vətənidir, musiqimizin konservatoriyasıdır...”

O, librettonu yazanda Azərbaycan nəşriyyatının baş direktoru idi. Təsadüfi deyil ki, nəşriyyat-poliqrafiya sahəsində işlədiyi illəri “Ozünün intibah dövrü sayır...” Çox güman ki, məhz bu illərdə ustad bir naşir kimi formalaşdığını, bir-birinin ardınca nəşr etdirdiyi kitabları nəzərdə tutur... Məktəb illərində, sonra universitet həyatında xüsusi fəallıq göstərən bir insan, təbii ki, əmək fəaliyyəti dövründə də bu tendensiyanı davam etdirib. İstər Oktyabr rayon Partiya Komitəsinin birinci katibi işləyəndə (1971-80), istərsə də Azərbaycan Nəşriyyat-Poliqrafiya və Kitab Ticarəti işləri üzrə Dövlət Komitəsinin direktoru (1980-91) və yaxud Azərbaycan Dövlət Ensiklopediyasının baş redaktoru (1991-92), Azərbaycan nəşriyyatının baş direktoru (1993-2005) və 1975-1990-cı illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı və Ali Sovetin plan-büdcə komissiyasının sədri kimi fəaliyyət göstərdiyi vaxtlarda... Daim yeniliyə can atıb, savadlı, bilikli təşkilatçı olduğunu təsdiqləyib, tabeliyində olan əməkdaşlara diqqət və qayğı ilə yanaşıb. Nəşrkomda işlədiyi illərdə bir çox ilklərə imza atıb. İlk öncə, burada ədəbi mühit yaratmağa çalışıb və buna nail olub, özü isə bir Azərbaycan türkü kimi ədəbiyyata, sənətə, milli dəyərlərimizə daha sıx tellərlə bağlanıb. Bu möhkəm bağlılıq bu gün də onun bütün ruhuna hakimdir.

O,  məhz nəşriyyat-poliqrafiya sahəsində özünü tapıb, yaradıcılıq imkanlarını üzə çıxara bilib. 80-ci illərdə bu sahəyə rəhbərlik edərkən istehsalata müasir poliqrafiya texnologiyaları cəlb edib, Əhmədlidə 4 saylı ilk müasir “Şərq-Qərb” kitab mətbəəsini tikdirib, 3 saylı mətbəəni bütünlüklə yenidən qurub.  Mingəçevir, Bərdə, Ucar, Yevlax, Quba, bir sözlə, respublikanın 12 rayonunda yeni mətbəələr inşa etdirib. Dövlət nəşrkomun vəsaiti ilə 4-cü mikrorayonda 170 mənzilli bina tikdirərək bu sahədə çalışan əməkdaşlarının ev-mənzil problemini həll edib. Nəşriyyat-poliqrafiya sahəsində milli kadr hazırlığına xüsusi önəm verdiyindən onun təşəbbüsü ilə hər il Moskva və Ukraynaya poliqrafiya işləri üzrə ali məktəblərə müsabiqədənkənar qalan yerlərdə təhsil almaq üçün bir neçə gənc göndərilirdi. Bütün nəşriyyatlarda çox məhsuldar əmək ahəngi yaradılmışdı. Nəticədə isə bu illərdə onun təşəbbüsü və rəhbərliyi ilə tikilib istifadəyə verilən Kitab evinin, eləcə də Respublika və Şəhər kitab mağazalarının rəflərində “Azərbaycan ədəbiyyatının klassikləri” çoxcildliyi, rus dilində “Azərbaycan” ədəbiyyatı”nın 20 cildliyi, “Dünya ədəbiyyatı inciləri” seriyasından 100 cildlik əsərlərin 32 cildi, “Gənclik” nəşriyyatı ilə birgə “Dünya uşaq ədəbiyyatı” silsiləsindən 50 cild (bunların 14 cildini Azərbaycan yazıçılarının əsərləri təşkil edirdi), həmçinin hər il Yazıçılar Birliyi ilə birgə yazıçı və şairlərin onlar üçün yaradıcılığın əzablı yollarında sanki yaşıl işıq olan ilk kitabları satışa çıxarılıb və bununla onların oxucularına böyük sevinc duyğuları yaşadıb. “Azərbaycan Ensiklopediyası”nın X cildi nəşr olunub və ondan mükəmməli hələ ki, meydanda yoxdur. “Üzeyir Hacıbəyov ensiklopediyası”nın Azərbayan və rus dillərində nəşri mədəni həyatımızda əlamətdar hadisəyə çevrilib. “Cəlil Məmmədquluzadə ensiklopediyası”nın nəşrini isə sonrakı illərdə reallaşdırıb. O vaxt “Natəvan” operasının librettosunun klavirini də yaxın dostu Vasif Adıgözəlovun arzusu ilə nəfis şəkildə, yüksək poliqra-fik səviyyədə çapını reallaşdırıb və düşünüb ki, “qoy tarixdə qalsın, uzunömürlü olsun...”

Öyrəndim ki, onu “Natəvan”a aparan uzun yolların izi elə Qarabağa gedib çıxır. Ancaq onu da bilirdim ki, “Qarabağ” mövzusunun Vasif Adıgözəlovun yaradıcılığında müstəsna yeri vardı və bu mövzu onun üçün böyük əhəmiyyət kəsb edirdi.

Çünki əslən qarabağlı olan Vasif  müəllimin atası Zülfü Adıgözəlov yurdumuzun bu dilbər guşəsində 1918-ci ildən üzübəri baş verən bütün ağrılı hadisələrin, müsibətlərin canlı şahidi idi və oğlunu da, heç şübhəsiz, bu hadisələrin yaratdığı kədərli, həm də milli ruhun qapsadığı bir mühitdə böyüdüb tərbiyə etmişdi... Vasif  müəllim üçün “Natəvan” operasını yazması barədə N.İbrahimovun təklifi göydəndüşmə deyildi, çünki o, bu uzun illərdə xalqının xeyirxahı, himayədarı, müqəddəs ideallarının carçısı kimi tanıyıb sevdiyi Natəvanın dərin və kövrək lirikası ruhunda köklənmiş, hər birimizin çox bəyəndiyi “Qərənfil” mahnısını da şairənin eyniadlı qəzəlinin mətni əsasında yazmışdı.

Ona görə də Avropa və milli opera ənənələrini layiqincə davam etdirən, milli folklor nümunələrimizlə Avropasayağı komponentlərin özünəməxsus ustalıqla sintezini yaradan bəstəkar üçün “Cıdır düzündə xalq gəzintisi”, “Şuşada yanğın” kimi kütləvi səhnələrə, məşhur xalq rəqslərinə, muğam elementlərinə və aşıq havalarına geniş yer ayırdığı operanı işləmək o qədər də çətin olmayıb.

Ancaq BDU-nun geologiya fakültəsini bitirib təyinatla Geologiya Dövlət Komitəsində işləməyə başlayan Nazim İbrahimov üçün bu mövzuda və janrda əsər yazmaq çox məsuliyyətli bir addım idi. Onu bu addımı atmağa geoloq kimi fəaliyyət göstərdiyi və illərin çoxunu ekspedisiyalarda keçirdiyi zaman məhz Qarabağda gördükləri və yaşadıqları sövq edib. Bu illər onun üçün əsl həyat məktəbi olub. Xatırlayırdı ki, “respublikanın, demək olar ki, bütün kənd və rayonlarını atla, maşınla, yaxud piyada gəzmişəm. O, illər ömrümün ən xoşbəxt çağları idi. Ana yurdumu qarış-qarış gəzdikcə gözəlliyinə heyran olur, möcüzələrindən doymurdum... Ekspedisiyalar zamanı mən Azərbaycanı dərindən tanıdım və sevdim. Basarkeçərdə xırda-xırda göllər mövcud olduğu bir düzənlik vardı. Qəribədir, bir az aralıda isti adamı pörtdüyü halda, bu göllərin üstü yay-qış buz bağlayardı... Geoloji-kəşfiyyat işləri mənə çox şey öyrətdi, at sürməyi də, kəndlinin yaşayışını da. Çörəyin də qədrini bildim, həyatın da, bir sözlə, kişi kimi formalaşdım. O həyat mənim ikinci universitetim oldu... O qədər maraqlı, qəribə hadisələr baş verirdi ki... Qarabağda idik. Qırxqız yaylağında. İki ayımız tamam idi və biz geri dönürdük. Hamı atlı idi. Birdən yağış yağmağa başladı. O yerlərin təbiətinə xas idi. Bircə dəqiqənin içində hava min bir dona girirdi. İndi də belə oldu. Bir andaca yağış doluya çevrildi. Yolumuz isə hələ çox qalırdı. Yüksəklikdə idik. Aramızda olanlardan kimsə qışqıra-qışqıra dedi ki, əyninizdəki plaşları çıxarıb atların başına salın. Belə də etdik. Sonra bildik ki, dolu atın başına dəyəndə, diksinir, hirsindən üstündə nə varsa üzüaşağı, düz dərənin dibinə atır. Demək olar ki, belə hallar tez-tez baş verirdi...”

Nə az, nə çox, düz on dörd il geoloq işləyib Nazim müəllim. Bu şəhərli balası Azərbaycan kəndini və sakinlərini o qədər sevib ki, onların qoyunu necə kəsmələrinə, çörəyi necə bişirmələrinə o qədər tamaşa edib ki, görüşümüz zamanı da o çağları xatırladı və gözlərini yumub nəyinsə qoxusunu ciyərlərinə çəkirmiş kimi səsləndi: - “Burnumun ucu göynəyir o illərin motal pendirinin qoxusu üçün...  Uşaqların çoxunun xoşu gəlmirdi bu spesifik qoxudan...” Bir də dedi ki, addım-addım gəzdiyim Qarabağın ağrıları məni yaman üzür...”

Deməli, “Natəvan”ın rüşeymləri qəlbində o vaxtlardan cücəribmiş, sadəcə, qol-budaq atmaq üçün məqam gözləyirmiş. Məqamı da ki, ermənilərin yurdumuza növbəti təcavüzü yetirdi və beləliklə də mənfur düşmənə tutarlı cavab olan yeni bir mədəniyyət incisi yarandı.

Nazim müəllim neçə illər üzərində işlədiyi librettonu araya-ərsəyə gətirərkən keçirdiyi gərgin anları da yada salaraq dedi: “Əvvəl mövzunu seçdim, sonra Vasif müəllimlə danışdım. Yüzlərlə librettonu nəzərdən keçirdim. Çağırış çox emosional idi. Rejissor Firudun Səfərov məhz bu məqamı çox yaxşı düşünüb. Ancaq qəribədir ki, librettonu yazdıqca elə bilirdim, mən özüm də o mühitin içindəyəm. Bu, Cıdır düzü, bu Xan qızı Natəvan, bu da Məclisi-ünsdür. Doğrusu, narahatlıq keçirirdim. Birdən bəyənilməz, yanlışlığa, səhvlərə yol verilər. Xoşbəxtlikdən hər şey yaxşı oldu, tamaşa uğurlu alındı, maraqla qarşılandı...”

Ata-babalarımızdan bu günümüzə gəlib çatan belə bir müdrik kəlam var: - Əgər keçmişə tapançadan atəş açsan, gələcək səni topa tutacaqdır!..

Biz keçmişimizi, tariximizi qorumalı, sənətkarlarımızı, böyük şəxsiyyətlərimizi yaşatmalı, dünyaya tanıtmalı, gələcək nəsillərə ötürülməsinin qayğısına qalmalı, onlara əmanət qoymalıyıq... Heç bir yalansız, təhrifsiz-filansız...

Bu sahədə Vasif Adıgözəlov və Nazim İbrahimov kimi şəxsiyyətlərin, eləcə də digər istedadlı qələm sahiblərimizin müstəsna rolu vardır, olmuşdur və olacaqdır. Bu, sizlərin və bizlərin, hər şeydən əvvəl, vətəndaşlıq borcu, vətəndaşlıq mövqeyidir.

“Natəvan” operası Azərbaycan türklərini ayıq-sayıqlığa, keçmişimizi unutmamağa, tarixin dərslərindən ibrət götürməyə, torpaqlarımızın azadlığı uğrunda səfərbər olmağa bir çağırışdır. Əsərin finalında da Natəvanın narahat ruhu “Qarabağdan, qeyrət qalam Şuşadan nigaranam” deyir:

 

Şuşanı alın geri,

Ahım odlar göyü, yeri!..

Şuşanı alın geri!

Şuşanı xilas edin!..

 

- harayını çəkir, fəryad qoparır, sanki “Torpaqdan pay olmaz!” - hökmünü verir...

P.S. Mən bu mövzuya təkrar qayıtdım. Düşünürəm ki, nə qədər ki, Qarabağ torpaqları düşmən əsarətindədir, dədə-babalarımızın qərib ruhları sərgərdandır, ermənilərin qanlı pəncəsində qız-gəlinlərimiz, qardaş-bacılarımız əsirlikdədir, tapdalanan ləyaqətimizin, sınan qürurumuzun, ləkələnmiş namusumuzun qisasını almamışıq, məhv olunmuş maddi-mənəvi abidələrimiz bərpa olunmayıb, bizlər bu mövzulara təkrar-təkrar qayıtmalıyıq, yorulmadan, usanmadan, “Bəsdir!” demədən...

Söylədiklərimin əyani təsdiqi 2005-ci il fevral ayının 25-də M.F.Axundov adına Opera və Balet teatrında “Natəvan” operasının tamaşası zamanı şahidi olduğum anşlaq idi. Xocalı soyqırımının 13-cü ildönümünü bir gün əvvəl qeyd edən soydaşlarımız göz yaşları içərisində operaya tamaşa edir, Xuraman Qasımovanın, Azər Zeynalovun və b. çıxışlarını alqışlayır, Qarabağla bağlı söylənənlərin, kədərli və düşündürücü musiqinin hər birinin ürək tellərini ehtizaza gətirdiyini təsdiqləyirdilər. Hər tamaşanın anşlaqla keçdiyini söyləyən Xuraman Qasımova səhnəarxası söhbətində, qəribə də olsa, bir nüansa toxunaraq bizlərə sual vermişdi: “Görəsən bu qədər tamaşaçı axını olduğu halda, “Natəvan” operasının nümayişi Azərbaycan Dövlət Opera və Balet Teatrının proqramına niyə az-az salınır?” Sual bu günümüz üçün, 2012-ci ilin avqust ayı üçün də aktualdır, elə deyilmi?!

 

 

Esmira FUAD,

Filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2012.- 25 avqust.- S.20-21.