“Azərbaycanın təhsil tarixi”: milli təhsil haqqında fundamental əsər   

 

 VI YAZI

 

Azərbaycanın təhsil naziri, tanınmış ziyalı, ictimai xadim, professor Misir Mərdanovun “Azərbaycan təhsil tarixi” Azərbaycan təhsilinin çətin və şərəfli inkişaf yolunu əks etdirən salnamə kimi səciyyələndirilə bilər.

Çoxcildliyin növbəti fəsli məktəbəqədər təhsilə, bu sahədə mövcud olan problemlərə, məktəbəqədər təhsildə dünya təcrübəsi və beynəlxalq təşkilatlarla əməkdaşlığa, həyata keçirilən tədbirlərə həsr olunub. Təhsil naziri Misir Mərdanov bildirib ki, məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq, uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir: “Şəxsiyyətin təşəkkülü və gələcək siması məktəbəqədər dövrdə aparılan təlim-tərbiyə işlərindən çox asılıdır. Məşhur rus pedaqoqu Anton Semyonoviç Makarenko deyirdi ki, tərbiyənin bünövrəsi 5 yaşınadək qoyulur və siz 5 yaşınadək nə etmisinizsə, bu artıq bütün tərbiyə prosesinin 90 faizini təşkil edir. Ona görə də tam inamla demək olar ki, maddi sərvətlərin insan kapitalına çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisələrində qoyulur. Tədqiqatlar göstərir ki, bu yaş dövründə uşağın inkişafına xərclənən vəsait sonradan 7 dəfə artıq gəlir gətirir. Təsadüfi deyil ki, inkişaf etmiş ölkələrdə təhsil büdcəsinin xeyli hissəsi məktəbəqədər təhsilə ayrılır. Məsələn, Almaniya, Fransa, Danimarka kimi inkişaf etmiş ölkələrdə təhsil büdcəsinin 10-15 faizi məktəbəqədər təhsil üçün nəzərdə tutulur. Azərbaycanda bu göstərici, təəssüf ki, hələlik 6,5 faiz təşkil edir”.

M.Mərdanov qeyd edib ki, ötən əsrin 80-ci illərinin sonunda ölkədə başlanmış böhranlı vəziyyət müstəqilliyin ilk illərində daha da dərinləşdi. Bu illərdə təhsilin məktəbəqədər pilləsinə büdcədən ayırmalar azaldı, məktəbəqədər yaşlı uşaqların ictimai tərbiyə ilə əhatə olunması səviyyəsi kəskin şəkildə aşağı düşdü. Həmin dövrdən ölkə iqtisadiyyatının iflic vəziyyətinə düşməsi, əhali arasında kütləvi işsizlik və büdcə gəlirlərinin kəskin azalması, mövcud sosial-iqtisadi infrastrukturun dağılması məktəbəqədər təhsil sisteminin də səmərəliliyini nəzərəçarpacaq dərəcədə zəiflətdi. Nəticədə 15 il ərzində Azərbaycanın müxtəlif bölgələrində Təhsil Nazirliyi və digər nazirliklərin 85 məktəbəqədər təhsil müəssisəsi bağlandı ki, onların da 45-i Bakı şəhərinin payına düşürdü. Bundan əlavə, Naxçıvanda 82 müəssisə, Dövlət Neft Şirkətinin tabeliyində olan müəssisələrdən 20-si bağlanmış, ölkə üzrə 72 məktəbəqədər təhsil müəssisəsi başqa məqsədlər üçün müxtəlif təşkilatlara verilmişdi. Digər tərəfdən Ermənistan - Azərbaycan münaqişəsi nəticəsində 242 məktəbəqədər müəssisənin işğal bölgələrində qalması və dağıdılması da ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayının azalmasına səbəb oldu: “Müstəqilliyin ilk illərində qəbul edilən “Təhsil Qanunu”, ölkənin Uşaq Hüquqları Konvensiyasına qoşulması, “Uşaq hüquqları haqqında” qanunun qəbulu məktəbəqədər təhsil sahəsində hüquqi-normativ bazanın yaradılmasına kömək etdi. Bu sənədlərin qəbulundan sonra məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən hüquqi-normativ sənədlər və tədris-metodiki vəsaitlər hazırlandı. 2003-cü ildən dövlət büdcəsindən məktəbəqədər təhsil sahəsinə ayrılan maliyyə vəsaitinin həcmi artırılmağa başladı. 2007 və 2008-ci illərdə bu artım daha nəzərəçarpan oldu. 2007-ci ildə 2006-cı ilə nisbətən artım 43,5, 2008-ci ildə 2007-ci ilə nisbətən 41,7 faiz təşkil etmişdir. 2011-ci ildə dövlət büdcəsindən bu sahəyə ayrılan maliyyə vəsaiti 92 milyondan çox olmuşdur ki, bu da 2003-cü ilə nisbətən 5 dəfədən çox artım deməkdir. Müstəqilliyin ilk illərində məktəbəqədər təhsil sisteminin vəziyyəti istər ölkənin mövcud iqtisadi inkişaf səviyyəsi, istərsə də sosial sahədə, o cümlədən əhalinin rifah halının yüksəldilməsində qarşıya qoyulan perspektiv məqsədlər baxımından qənaətbəxş hesab edilə bilməzdi. Bir sıra inkişaf etmiş ölkələrdə 5 yaşlıların hamısı icbari olaraq məktəbə hazırlıq mərhələsini keçirdilər. Ölkədə isə bu vəzifəni yerinə yetirmək üçün mövcud uşaq bağçalarının imkanları heç də kifayət deyildi. Uşaq bağçaları ən yaxşı halda ölkə üzrə 5 yaşlıların yalnız 40-45 faizini qəbul edə bilərdi. Müəssisələrin 70 faizi bağça üçün nəzərdə tutulmayan, təlim-tərbiyənin təşkili üçün minimum şəraiti belə olmayan binalarda yerləşirdi. Müstəqilliyin ilk 15 ili ərzində ölkədə yeni məktəbəqədər təhsil müəssisələri üçün binalar tikilməmişdi”.

Təhsil naziri vurğulayıb ki, son illər məktəbəqədər təhsil sahəsində mövcud olan problemlərin aradan qaldırılması, ümumilikdə məktəbəqədər təhsilin təkmilləşdirilməsi istiqamətində beynəlxalq təşkilatlarla birgə müəyyən tədbirlər həyata keçirilib, müasir təlim texnologiyalarının tətbiqi sahəsində bir sıra məqsədyönlü işlər görülüb. UNİCEF, UNESCO, Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu - Azərbaycan, Ümumdünya Ərzaq Təşkilatı tərəfindən bir sıra layihələr həyata keçirilmişdir. Ölkənin 18 bölgəsində 51 məktəbəqədər təhsil müəssisəsində “Addım - Addım” təlim texnologiyasının tətbiqi üzrə müəyyən təcrübə toplanmış, 8 bölgədə treninq mərkəzləri yaradılmışdır. Təhsil Nazirliyi tərəfindən UNİCEF, UNESCO, Beynəlxalq Sülh Korpusu, Açıq Cəmiyyət İnstitutu, “Dünyaya Baxış” və digər təşkilatlarla sıx əməkdaşlığı şəraitində Bakının 11, 20, 80, 105, 257, Sumqayıtın 30-40, Mingəçevirin 10, 16 və Yevlaxın 2, 3, 4 nömrəli məktəbəqədər təhsil müəssisələrində cəmi 12 uşaq bağçasında xüsusi qayğıya ehtiyacı olan 78 nəfər uşaq inklüziv təhsilə cəlb olunmuşdur: “Müstəqillik illərində məktəbəqədər təhsilin inkişafına təkan verən mühüm amillərdən biri 2009-cu ildə yeni “Təhsil haqqında” qanunun qəbul edilməsi oldu. Bu qanun məktəbəqədər təhsil pilləsinin yeni normativ - hüquqi sənədlərinin hazırlanması üçün zəmin yaratdı. Əvvəlki qanundan fərqli olaraq, yeni qanunda 5 yaşlı uşaqların təhsilinin zəruriliyi təsbit edildi. Əlamətdar haldır ki, məhz müstəqillik illərində məktəbəqədər təhsil sahəsində dövlət sektoru ilə yanaşı, qeyri - dövlət sektorunun geniş şəbəkəsi də formalaşmağa başlamışdır. 2006-cı ildə prezidentin sərəncamı ilə Bakıda vahid idarəetmə orqanı olan Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaradıldıqdan sonra Bakı şəhərinin təhsil sistemi Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilməyə başladı. Qısa bir müddət ərzində uşaq bağçalarının maddi-texniki bazasının möhkəmləndirilməsi, avadanlıqlarla təminatı sahəsində ciddi dönüş yarandı. Ərzaqla təminat qismən yaxşılaşdı. Bu, ilk növbədə, onunla bağlıdır ki, ayrılan maliyyə vəsaiti təyinatı üzrə və səmərəli xərclənirdi”.

Çoxcildliyin ikinci ümumi təhsilin inkişafı, müstəqilliyin ilk illərində ümumi təhsilin təşkili, normativ- hüquqi bazanın yaradılması, Azərbaycanda təhsil islahatları, ümumtəhsil məktəblərinin avadanlıqlarla təchizatına həsr olunub.

Nazir bildirib ki, hər hansı bir ölkədə təhsil sistemi formalaşmağa başladığı vaxtdan etibarən ilk növbədə ümumi təhsilin inkişafına ciddi diqqət yetirilir. Bu, səbəbsiz deyil. Çünki insanın şəxsiyyət kimi formalaşmasında, zəruri biliklərə və həyati bacarıqlara yiyələnməsində ümumi təhsil müstəsna rol oynayır. Ola bilər ki, insan həyatının sonrakı mərhələlərində digər təhsil pillələrinin imkanlarından istifadə etməsin, lakin hamı ümumi təhsilin icbari mərhələsini hökmən keçməlidir. Ona görə də bu mərhələnin yekununda vətəndaşa dövlət standartları səviyyəsində elə keyfiyyətli təhsil  verməlidir ki, o həmin bazadan istifadə edərək cəmiyyətdə öz yerini tuta bilsin, “artıq adama” çevrilməsin: “Müstəqillik illəri Azərbaycanda ümumi təhsil sahəsində əhəmiyyətli islahatlar dövrü kimi xarakterizə edilir. İlk növbədə, 70 il ərzində mövcud olmuş kiril əlifbasından imtina edildi, latın qrafikalı əlifbaya keçildi. Ümumi təhsil müəssisələrinin infrastrukturu əsaslı şəkildə yeniləşdirildi, qısa zaman ərzində 2000-dən çox yeni məktəb inşa edildi və ya əsaslı təmir olundu, müasir avadanlıqlarla təchiz olundu. İKT-nin ümumi təhsil sisteminə tətbiqi sahəsində mühüm addımlar atıldı. Ən əhəmiyyətli addım ondan ibarət idi ki, ümumi təhsilin yeni konsepsiyası hazırlandı və təsdiq olundu, məzmun tam yeniləşdirildi, yeni kurikulumlar tətbiq eildi. Şagird nailiyyətlərinin qiymətləndirilməsi sahəsində yeni mexanizmlər tətbiq edilməyə başlandı. Milli dərslik yaradıcılığı sahəsində əhəmiyyətli nailiyyətlər qazanıldı. Təhsil müəssisələrinin maliyyələşdirilməsi sahəsində yeni mexanizmlərə keçid məqsədilə adambaşına maliyyələşmə sahəsində müəyyən addımlar atıldı. Təhsil qanunvericiliyinin yeniləşdirilməsi istiqamətində dövrün tələbinə uyğun olaraq, taleyüklü işlər görüldü. 1998-si ildə ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncama əsasən “Azərbaycan Respublikasının Təhsil sahəsində islahat Proqramı” hazırlandı. Proqramda ümumi təhsilin məzmununun yeniləşdirilməsi, dərslik siyasətinin təkmilləşdirilməsi, kadr, maliyyə, maddi-texniki, tədris-metodiki və informasiya təminatı, yeni idarəetmə modelinin yaradılması və digər məsələlər öz əksini tapdı. İslahat proqramı 1999-cu ildə dövlət başçısının sərəncamı ilə təsdiq edildi”.

M.Mərdanov yazıb ki, dövlət müstəqilliyinin bərpası ilə Azərbaycan tarixində ikinci dəfə təhsil siyasətinin dəyişməsi və bütövlükdə təhsil sisteminin milli ənənələr, ümumbəşəri dəyərlər əsasında yenidən qurulması üçün tarixi imkanlar yarandı. Müstəqilliyin ilk tədris ilində Azərbaycanın ümumtəhsil məktəblərində sinifdən-sinfə keçmə və buraxılış imtahanları aparıldı. 1991-1992-cı tədris ilində Xalq Təhsil Nazirliyi yaranmış vəziyyəti nəzərə alaraq Ermənistanla və Qarabağın dağlıq hissəsi ilə həmsərhəd olan yaşayış yerlərində təhsil alan orta ümumtəhsil məktəbləri şagirdlərini sinifdən-sinfə keçirmə imtahanlarından azad etdi. Həmin şagirdlər illik qiymətlər əsasında sinifdən-sinfə keçirilirdilər. Müstəqilliyin ilk illərində tədris planları həm 3 illik, həm də 4 illik ibtidai təhsil təcrübəsini özündə cəmləşdirmişdi. Həmin illərin tədris planlarında 5-8 və 10-cu siniflərdə əmək praktikası nəzərdə tutulmuşdu ki, bu zaman şagirdlər tədris ili ərzində 10-20 gün bilavasitə istehsalat sahələrində iş prosesi ilə tanış olurdular. 1991-1992-ci tədris ilində Xalq Təhsil Nazirliyinin əmri ilə ümumtəhsil məktəblərinin 2, 5 və 6-cı siniflərində tədris ili ərzində 22 saat olmaqla Mülki müdafiə fənninin tədrisinə başlandı. Xüsusi proqram təsdiq edildi, bu dərslərin dərs cədvəlinə daxil edilməklə sinif rəhbərləri tərəfindən aparılması nəzərdə tutuldu. 1992-1993-cü tədris ilində tətbiq edilən tədris planlarında artıq bir sıra dəyişikliklər edilmişdi. Azərbaycan tarixi fənni 8-ci sinifdən deyil, 5-ci sinifdən tədris olunmağa başlanmış, Sovet dövlətinin əsasları və hüququ, Etika və ailə həyatının psixologiyası fənləri çıxarılıb, İctimaiyyət fənni İnsan və cəmiyyət fənnilə əvəz olunmuşdur. Müstəqilliyin ilk aylarında qəbul edilən “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdi. Qanunun qüvvəyə minməsi barədə Azərbaycan Respublikasının qanunu qəbul edilmişdi. Qanunun qüvvəyə minməsi barədə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarında 1992-ci ilin sentyabr ayından orta məktəblərin 1-ci siniflərində dərslərin yeni əlifba ilə keçirilməsi, orta məktəblərin yuxarı siniflərində latın qrafikalı əlifbanı öyrədən fakültativ məşğələlərin təşkil edilməsi, bütün təhsil ocaqlarında müəllimlərin və digər işçilərin latın qrafikalı əlifbanı öyrənməsi üçün lektoriyaların yaradılması öz əksini tapmışdı: “Qərarda 1993-cü ildə orta məktəb dərsliklərinin latın qrafikalı əlifba ilə çap edilməsi, orta məktəblərin ibtidai siniflərində latın qrafikalı əlifbanın öyrənilməsinə başlanması, təhsil sisteminin bütün sahələri üzrə latın qrafikalı əlifbanın tətbiqinin başa çatdırılması da nəzərdə tutulmuşdu. Şübhəsiz, qanunun qəbul edilməsi mahiyyət etibarilə mütərəqqi addım idi, lakin xüsusi hazırlıq aparılmadan 1992-1993-cü tədris ilindən ümumtəhsil məktəblərində yeni əlifbanın tətbiqinə başlanması ümumi təhsil sisteminin tədris-metodik ədəbiyyatla təminatında ciddi problemlər yaratdı. Təhsil Nazirliyi yeni yaranmış dərsliklərin nəşri işinin daha çevik həyata keçirilməsi üçün Nazirlər Kabinetinə müraciət etdi. 1992-ci ildə Azərbaycan Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə “Öyrətmən” nəşriyyatı təsis edildi. Bu nəşriyyat milli dərsliklərin yaranmasında və nəşrində mühüm rol oynadı. 1993-1994-cü ilin tədris planlarında bir sıra dəyişikliklər edildi. Həmin dərs ili üçün 23 variantda tədris planları hazırlandı. Tədris planları təlim ləzgi, gürcü, rus dillərində aparılan məktəbləri, eləcə də ayrı-ayrı fənlər, o cümlədən şərq dilləri 2-ci sinifdən dərindən öyrədilən məktəb və sinifləri əhatə edirdi. 1993-1994-cü tədris ilindən ölkənin təlim Azərbaycan dilində olan bütün məktəblərində dördillik ibtidai təhsil sisteminə keçilmiş, bununla da 11 illik orta ümumtəhsil sisteminin bünövrəsi qoyulmuşdu. Bu, üçillik ibtidai təlim sistemindən əsaslı şəkildə fərqli olan tədris planı, proqram və dərsliklərlə işləyən yeni sistem idi. Müstəqillik əldə etdikdən sonra məktəblilərin yay istirahətinin təşkili istiqamətində də müəyyən tədbirlər həyata keçirildi. 1993-cü ildə Bakı şəhərinin 100 məktəbində şəhər tipli düşərgələr təşkil olundu, hər növbədə 9050 nəfər şagirdin istirahəti təmin edildi. Bu dövrdə təhsil sahəsində mütərəqqi amillərə qarşı neqativ münasibətin daha bir təzahürü Nazirlər Kabinetinin qərarına əsasən 1992-1993-cü tədris ilindən orta ümumtəhsil məktəbi məzunlarının qızıl medal və tərifnamə ilə təltif edilməsinin dayandırılması olub. Eyni zamanda Maarif Nazirliyinin əmri ilə “Orta ümumtəhsil məktəbi məzunlarının gümüş medalla təltif edilməsi haqqında” nazirliyin əmri ləğv edildi və 1992-1993-cü tədris ilindən orta məktəb məzunlarına  “Təlimdə müvəffəqiyyətə görə” gümüş medal verilməsi də dayandırıldı. Səbəb kimi Təhsil Qanununda şagirdlərin medalla təltif olunması məsələsinin nəzərdə tutulmaması göstərilmişdi. Ümumi təhsildə mövcud olan çətinliklərin aradan qaldırılması işinə 1993-cü ilin ikinci yarısından başlandı. Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, ümumi təhsil sahəsində də müşahidə olunan tənəzzül meyillərinin aradan qaldırılmasına başlandı. Təhsilin inkişafına yönəlmiş real addımlar atıldı”.

Təhsil naziri qeyd edib ki, müstəqil Azərbaycanın ilk “Təhsil qanunu”na uyğun olaraq 1993-1994-cü illərdə ümumi təhsilin normative-hüquqi bazasının yaradılmasına başlandı. Təhsil Nazirliyinin mütəxəssisləri tərəfindən qanunun müddəalarının tələbləri baxımından ümumi təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən bir çox normativ-hüquqi sənədlər hazırlandı, təsdiq olundu və yerli təhsil orqanları, müəssisələrinə göndərilməsi təmin edildi. Ölkə başçısının sərəncamına əsasə 2-ci Təhsil İslahatı Layihəsinin hazırlanması üçün Azərbaycan hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında razılıq əldə olundu. Təhsil Sektorunun İnkişafı Layihəsinin hazırlanması, eləcə də Kredit sazişinin qüvvəyə minməsi üçün Azərbaycan hökuməti qarşısında qoyulmuş qüvvəyəminmə şərtlərinin yerinə yetirilməsi məqsədilə Dünya Bankı 483 min ABŞ dolları məbləğində Yaponiya hökumətinin qrantını ayırdı. Tədqiqatların nəticələrinə və 10 illik strategiyaya uyğun olaraq 2003-2007-ci illəri əhatə edən Təhsil Sektorunun İnkişafı Layihəsinə dair zəruri sənədlər hazırlandı. Proqram və onun 1-ci mərhələsi üzrə 2003-cü ilin aprelində ABŞ-da, Vaşinqton şəhərində Dünya Bankı və Azərbaycan hökumətinin nümayəndə heyəti arasında yekun danışıqlar aparıldı və razılaşma protokolu imzalandı. On illik strategiyanın əsas məqsədi ümumi təhsilin keyfiyyətinin yüksəldilməsini təmin etməkdən ibarət idi və onun 3 mərhələdə həyata keçirilməsi nəzərdə tutulmuşdu: “Azərbaycanla Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən Təhsil Sektorunun İnkişafı üzrə Layihə çərçivəsində ümumi təhsil sistemində maliyyə islahatlarına 2003-cü ildən başlanmışdır. İslahatların məqsədi məktəb büdcəsinin bir şagirdə ayrılan maliyyələşdirmə prinsipi əsasında formalaşması mexanizminin tətbiqi və bu prinsip əsasında məktəbə ayrılmış budcə vəsaitlərinin idarə olunmasında məktəblərə müstəqilliyin verilməsindən ibarət idi. Yeni maliyyələşmə mexanizminin tətbiqinə başlanmazdan əvvəl Təhsil Nazirliyi beynəlxalq ekspertlərlə birlikdə ciddi araşdırmalar aparmış, adambaşına maliyyələşmə düsturunu müəyyən etmiş, Maliyyə Nazirliyi ilə çoxsaylı müzakirələr aparmışdı”.

M.Mərdanov vurğulayıb ki, Azərbaycan təhsilində dərslik yaradıcılığı sahəsində ən böyük nailiyyətlər məhz müstəqillik illərində əldə edilib: “Ümummilli lider Heydər Əliyevin xalqın tələbilə hakimiyyətə qayıdışı dərslik islahatı sahəsində də yeni mərhələnin əsasını qoymuşdur. Belə ki, ölkədə dərsliklərlə təminatda yaranmış vəziyyəti nəzərə alan, dərsliyin məktəb üçün strateji əhəmiyyətini dərindən bilən və yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə Nazirlər Kabinetinin 25 avqust 1994-cü il tarixli qərarı ilə 1995-96-cı tədris ilindən etibarən hər il ibtidai sinif dərslikləri dövlət vəsaiti hesabına çap edilib şagirdlərə verilməyə başlandı. 1993-94-cü tədris ilindən ümumi təhsilin məzmununda aparılan dəyişikliklərə uyğun olaraq, milli dərsliklərin tamamilə yenidən hazırlanması işinə başlanıldı. Belə ki, V-XI siniflər üzrə 63 adda dərslik çap edildi. Bununla paralel olaraq ibtidai siniflər üzrə dərsliklərin yeniləşdirilməsi istiqamətində də müəyyən işlər görüldü. 1994-95-ci dərs ilində I-XI siniflər üçün 77 adda dərslik çap edilmişdi. Lakin yeni hazırlanan dərsliklər əvvəlkilərə nisbətən xeyli təkmilləşdirilsə də, hələ də tələblərə tam cavab vermirdi: uzun illər müştərək yaşanmış sovet təsirindən xilas ola bilmirdi, müstəqilliyin kövrək illərinin hələ çətinliklə formalaşan və möhkəmlənən ideoloji istiqamətləri az-az görünürdü, poliqrafik keyfiyyət aşağı səviyyədə idi. Buna görə də əvvəlki illərdə çap olunmuş dərsliklər istifadə edilməklə yanaşı, bu işin keyfiyyətinin yaxşılaşdırılması sahəsində axtarışlar da davam etdirilirdi. 1995-96-cı tədris ilində I-IV siniflər üçün 21 adda dərslik çap edilmişdi. 1996-97-ci tədris ilində ümumi təhsil tarixində ilk dəfə olaraq “Azərbaycan Respublikası Konstitusiyasının əsasları” dərsliyi hazırlandı. Həmçinin həmin tədris ilində I-IV siniflər üçün 22 adda dərslik çap edildi. Dərslik və dərs vəsaitlərinin hazırlanması işində ümummilli lider Heydər Əliyevin söylədiyi belə bir konseptual fikir, əslində bu işlərə müəyyən istiqamət verdi: “Dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlərdən biri də odur ki, biz artıq öz təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənlərinə uyğun qururuq. Burada dərsliklərin dəyişilməsi, yeni dərsliklərin yaradılması xüsusi əhəmiyyət kəsb edir... İndi dərs alan uşaqlar, gənclər gərək mütləq bizim yeni dərsliklər əsasında oxusunlar...”.  Ümummilli liderin bu konseptual göstərişi əsasında yeni milli dərsliklərin yaradılması istiqamətində ciddi addımlar atılmağa başlandı. 1997-98-ci tədris ilində dövlət vəsaiti hesabına ibtidai siniflər üçün 26 adda dərslik çap olundu. Bundan başqa, V-XI siniflər üçün 11 adda yeni dərslik hazırlanmış və nəşr edilərək istifadəyə verilmişdi. 1998-99-cu tədris ilində ümumtəhsil məktəbləri üçün 24 adda ibtidai sinif dərsliyi dövlət vəsaiti hesabına çap olunaraq şagirdlərin istifadəsinə verilmişdi. Bununla yanaşı, həmin tədris ilində V- XI siniflər üçün 15 adda yeni dərslik nəşr edilmişdi.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi orta təhsilin dövlət standartları”nın və prezidentin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”nın icrası ilə başlanan II mərhələ tədris planları və proqramlarının, dərs vəsaitləri və digər tədris-metodik ədəbiyyatların məzmunca yeniləşdirilməsi, müasir standartlara cavab verən yeni nəsil dərsliklərin hazırlanması, nəşri və ümumtəhsil məktəblərinin bu dərsliklərlə dövlət vəsaiti hesabına fasiləsiz təmin edilməsi məqsədilə genişmiqyaslı tədbirlərə başlanılması ilə səciyyələnir. Qeyd etmək lazımdır ki, həmin dövrdə dövlət nəşriyyatlarının fəaliyyətinin zəifləməsi, özəl nəşriyyatların isə hələ kifayət qədər inkişaf etməməsi dərslik nəşrində ciddi çətinliklər yaradırdı. Kağız qıtlığı, poliqrafik keyfiyyətin aşağı olması və digər amillər görülən işlərin effektinə mənfi təsirini göstərirdi.

1999-2000-ci tədris ilindən dövlət vəsaiti hesabına nəşr edilən ibtidai sinif dərsliklərinin nəşrinin yeni qaydada, yəni prezidentin fərmanına uyğun olaraq tender yolu ilə həyata keçirilməsinə başlanıldı və həmin il I-IV siniflər üçün 21 adda dərslik çap olunaraq şagirdlərin istifadəsinə verildi. Dərsliklərin nəşrində tenderin tətbiqi bu sahədə mövcud olan inhisarın aradan qaldırılması, dövlət vəsaitinə qənaət edilməsi, ən başlıcası isə dərsliklərin poliqrafik keyfiyyətinin yaxşılaşdırılması istiqamətində irəliyə doğru mühüm addım idi. 1999-cu ildən başlayaraq ümumi təhsilin dövlət standartlarına uyğun olaraq yeni tədris planlarına tam keçidə qədər bütün fənlər üzrə Təhsil Nazirliyində orta məktəb müəllimləri və tanınmış mütəxəssislərdən ibarət işçi qrupları yaradıldı və bu qruplar ümumtəhsil məktəblərinin V-XI siniflərinin mövcud “Azərbaycan dili”, “Ədəbiyyat”, “Tarix”, “Riyaziyyat”, “Coğrafiya”, “Biologiya”, “Fizika və astronomiya”, “Kimya”, “Rus dili” proqramlarını məzmunca əhəmiyyətli dərəcədə təkmilləşdirdi. I-IV siniflər üçün proqramlar isə yeniləşdirildi. Bu, bir də ona görə zəruri idi ki, 1999-cu ilə qədər ümumtəhsil məktəbləri 1993-94-cü illərdə çap olunmuş tədris proqramları ilə işləyirdi. Beləliklə, 1999-cu ildə I sinif proqramları çap olunaraq yerlərə çatdırıldı. Həmçinin ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün “Azərbaycan dili”, “Riyaziyyat”, “Coğrafiya”, “Rus dili”, VII-XI sinifləri üçün “Fizika” və “Astronomiya”, VIII-XI sinifləri üçün “Kimya”, “Azərbaycan tarixi”, “Ümumi tarix” və X-XI sinifləri üçün “Azərbaycan tarixi” proqramları hazırlandı”.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2012.- 25 avqust.- S.14-15.