Macarıstanda
Turançılıq
(Əvvəli
ötən şənbə sayımızda)
“Həqiqətən
də bu, son dərəcə maraqlı bir nümunədir”, -
deyə türk macarşünası Tarik Dəmirkan yazır:
- Tacın göndərildiyi tarixə bir daha diqqət yetirək.
Bu, Malazgirt savaşından (türk varlığının
ortaya qoyulduğu mühüm tarixlərdən biridir - V.Q.) təxminən
yüz il əvvələ təsadüf edir. Yəni gələcəkdə
Anadolunu fəth edərək “Türk imperatorluğu” kimi
tanınacaq Səlcuqlar və Oğuz boyları hələ Xəzər
dənizi ilə Aral gölü arasındakı bölgələrdə
yaşayırlar. Orta Avropaya gəlib yerləşən, Karpat
ovalığında xristianlığı qəbul edərək
dövlət quran, müstəqilliyini çevrədəki
xristian dövlətlərə və Karpat hövzəsinə
tanıtdıran, Bizansdan və Romadan təqdir görərək
qanunilik qazanan Macar dövləti isə Bizans imperatoru tərəfindən
“Türk dövləti” kimi qəbul olunur, bu ölkəyə
“Tourkia”, yəni “Türklərin yurdu” adı verilir”.
Eyni zamanda onu da
yaddan çıxarmaq olmaz ki, Bizansın bir xristian kimi təqdis
etdiyi türk əsilli macar hökmdarı Gezanın dini
inancları əslində şərti xarakter
daşıyırdı. German xronikaçısı,
arxiyepiskop Ditmar Merseburq (975-1018) onun əski dinindən qətiyyən
uzaqlaşmadığını, həm öz bütlərinə,
həm də xristian müqəddəslərinə ibadət
etdiyini və qurbanlar verdiyini yazır. Gezadan bunun səbəbini
soruşanda o, kifayət qədər zəngin adam olduğunu və
sərvətini həm köhnə, həm də yeni dinin
yolunda xərcləməkdə bir problem görmədiyini
bildirirmiş...
Gətirilən
faktlardan da aydın göründüyü kimi, erkən orta əsrlərdə
macarları yalnız başqaları türk
adlandırmırdılar. Onlar özləri də türk
kimliklərini dərk və qəbul edirdilər. Gezanın
oğlu, macar tarixinin ən önəmli şəxsiyyətlərindən
biri və ilk macar kralı Müqəddəs İştvan
(hakimiyyət dövrü 1000-1038-ci illər)
xristianlığa keçənə qədər qədim
türk dilində “başçı”, “qəhrəman” anlamını
bildirən Vayk adını daşımışdı.
Müasir macar tarixçisi Atilla Zoldoşun “Müqəddəs
İştvan və onun dövləti” kitabında (ingilis nəşri,
2001-ci il, səhifə 15) etiraf olunduğu kimi, “X əsrdə
Arpad ailəsində doğulan uşaqlara türk adları vermək
ənənəsi çox geniş yayılmışdı”.
Yuxarıda
özünə Kartal soyadı götürən Kursan ailəsinin
nümunəsi bu ənənənin yalnız Arpad soyunun təmşilçiləri
arasında deyil, bütünlükdə dövrün macar
aristokratiyası içərisində geniş
yayıldığını göstərir. Bu isə həmin
əsilzadələrin özlərinin türk əsilli
olmasından, yaxud öz üzərlərində
türklüyün son dərəcə güclü təsirini
hiss etmələrindən irəli gəlirdi. Yeni dinin gətirdiyi
qaçılmaz dəyişikliklər ərəfəsində
də onlar ənənəvi
adlarından, yaşam tərzlərindən asanlıqla
ayrıla bilmirdilər.
Burada XX əsrin
tanınmış macar türkoloqlarından sayılan Laslo
Türmezinin aşağıdakı sözlərini
xatırlatmaq da yerinə düşərdi. O, Macarıstanda
turançılıq ideyasının meydana
çıxmasını şərtləndirən amillərdən
bəhs edərkən yazırdı: “Bizlər də, türklər
də hunların övladlarıyıq. Tarixi qaynaqlarda bizi
“türk” adlandırmışlar. Bolqarlar da türk
soyundandır. Bizim ilk kralımız olan (Hun dövrü nəzərdə
tutulur - V.Q.) Ellak Atillanın oğludur. Müqəddəs
tacımızın alt bölümü Bizans imperatoru tərəfindən
“Tourkianın kralı Gezaya” ifadəsi yazılaraq göndərilmişdir”.
Hun-macar əlaqələrinin
araşdırılması zamanı ortaya çıxan
mühüm suallardan biri də dillə bağlıdır.
Hunların danışdıqları dili macarlar
anlayırdılarmı? Onların dilləri arasında
oxşarlıq vardımı? Atillanın ilk yürüşlərinə
qatılan macar tayfaları hunlarla necə ünsiyyət
saxlayırdılar? Belə bir dialoqa isə hər zaman
böyük ehtiyac vardı. Çünki onlar
ayrı-ayrılıqda nə qədər güclü olsalar
da, ümumi təmas nöqtəsi və ortaq ünsiyyət
dili tapa bilməsəydilər, qələbələri
çox asanlıqla məğlubiyyətə çevrilərdi.
Dilçiliyin
bir elm sahəsi kimi ilk addımlarını atdığı
orta əsrlərdə artıq macar dilinin mövcud Avropa dillərinin
heç birinə bənzəməməsi faktı ortada idi.
XVII yüzillikdən etibarən macar dilinin mənşəyinin
aydınlaşdırılması istiqamətindəki tədqiqatlar
daha geniş ölçü almışdı. Bu dil
dünyanın 60-a yaxın dili ilə müqayisə
olunmuşdu. Onların sırasında qədim Misir, şumer,
etrusk, hett, tamil, Tibet və s. kimi qədim və ekzotik dillər
də vardı. Nəticədə tədqiqatçılar
macarcanın fin-uqor dilləri qrupuna daxil olması ilə
bağlı ilk zamanlar etiraz doğurmayan qənaətə gəlmişdilər.
Lakin XIX əsrin
60-cı illərinin sonunda macar türkoloqu Armin Vamberi
(1832-1913) bu fikrin həqiqiliyini şübhə altına alan
sensasiyalı çıxışı ilə aranı
qarışdırdı. 1869-cu ildə işıq üzü
görən bir məqaləsində o, macarcanı türk dillərinin
də daxil olduğu Ural-Altay dil ailəsinə aid etdi.
Dövrün tanınmış dilçilərindən Yozef
Turi də tezliklə linqvistlər arasında parçalanma
yaradan məsələdə həmkarının tərəfində
dayandı. Təbii ki, əleyhdarlar da kifayət qədər
idi.
Armin Vamberi Qərb
dilləri ilə bir sırada türk dillərini də
yaxşı bilirdi. Dərviş libasında Orta Asiyanı
qarış-qarış gəzib dolaşmışdı.
İstanbul sarayı ilə yaxın əlaqələri
vardı. Türk dillərinə və tarixinə dair
çoxsaylı tədqiqat əsərlərinin müəllifi
kimi məşhur idi. Bir neçə dəfə dinini dəyişmişdi.
Türk ictimaiyyəti onu daha çox Rəşid Əfəndi
kimi tanıyırdı. Nəhayət, Avropa ali məktəbləri
içərisində ilk dəfə Budapeşt universitetində
müstəqil türkologiya kafedrası qurmuş və
üçdə bir əsr ərzində ona rəhbərlik
etmişdi. Vamberinin irəli sürdüyü tezis Osmanlı imperiyasının,
türk elm və siyasət adamlarının diqqətlərinin
Macarıstana cəlb olunması baxımından qiymətli
idi.
lll
Vamberinin macar
dilinin mənşəyi ilə bağlı fikirləri cəmiyyəti
hun-türk və fin-uqor kəsimlərinə ayırmaqla bir
sırada hər iki istiqamətdə axtarışların
genişlənməsinə də təkan verdi. Bunun da nəticəsində
XIX əsrin sonlarından etibarən ölkədə ilkin vətən
sayılan Turanla və bir ideya cərəyanı kimi
turançılıqla bağlı fikirlər böyük
maraq doğurmağa başladı. Əslində Turan, Turan
tayfaları və Turan irqi anlayışlarını elmi ədəbiyyata
ilk dəfə alman alimi, Oksford universitetinin professoru, qədim
dillər və dini mətnlər üzrə
tanınmış mütəxəssis Maks Müller (1823-1900)
gətirmişdi. O, özünün “Dilçiliyə dair
mühazirələr” əsərində Asiyanın
çöl xalqı olan köçəri Turan
tayfalarından oturaq və əkinçi arilərin
(iranlıların) tam əksi kimi bəhs edirdi. 1874-cü ildə
Budapeştə səfər edən Maks Müller burada öz
ideyasının bir sıra tərəfdarlarını
tapdı.
Etnik və dil
baxımından Avropadan tam fərqli mövqedə dayanan
Macarıstan turançılığın meydana gəlməsi
və yayılması üçün münbit guşəyə
çevrildi. Turan ideyası ilk növbədə macar cəmiyyətindəki
hun-türk və fin-uqor təmayüllərinin təmsilçilərini
bir dam altında toplamağa imkan verirdi. Çünki
turançıların qənaətinə görə,
Ural-Altay, fin-uqor və Uzaq Şərq xalqları böyük
Turan ailəsini təşkil edirdilər. Başqa sözlə
desək, macarlar, finlər, estonlar, Anadolu və Azərbaycan
türkləri, tatarlar, türkmənlər,
qırğızlar, qazaxlar, özbəklər,
başqırdlar, çuvaşlar, slavyanlaşmış
bolqarlar və bir sıra digər xalqlar turanlılar
sayılırdılar. Anlayışın
hüdudlarını genişləndirənlər, hətta
çinliləri, yaponları və koreyalıları da bu ailəyə
daxil edirdilər.
Turan ideyasına
maraq digər tərəfdən də siyasi amillərə
bağlı idi. XİX əsrin sonu - XX əsrin əvvəllərində
macarların da tərkibinə daxil olduqları dual dövlət
- Avstriya-Macarıstan imperiyası zəifləməyə
başlamışdı. Bunun əksinə onları həm
şərqdən, həm də qərbdən sıxan
panslavizm və pangermanizm getdikcə
qüvvətlənirdi. Bu iki dalğadan birinin, yaxud hər
ikisinin altında qalıb boğulmamaq, milli xüsusiyyətləri
və dövlətçiliyi qorumaq üçün
macarların ideoloji baxımdan özlərini həm
qonşularından, həm də bütünlükdə Avropa
cameəsindən fərqləndirmələrinə
ehtiyacları yaranmışdı.
İki dünya
müharibəsi arasındakı 1920-1940-cı illərdə
macar turançılığının əsas qida mənbələrindən
biri də cəmiyyətdə hərbi əhval-ruhiyyənin
yüksək olması ilə bağlı idi. Özlərini
Asiyanın böyük fatehlərinin nəslindən sayan
macarlar əsasən əkinçilik və
balıqçılıqla məşğul olan fleqmatik fin və
estonlarla, yaxud da xanti-mansilərlə eyni etnik mənşəyi
bölüşmələri
fikrini qəbul etmək istəmirdilər.
Belə şəraitdə
ilk yada düşən xalqın Asiya kökləri,
köçəri mədəniyyətinə mənsubluq və
ari irq təmsilçiləri ilə fərqlər olmuşdu.
Macar intellektualları dünyanın ciddi dəyişikliklər
ərəfəsində olduğu XX əsr
başlanğıcında Qərbə
inamsızlıqlarının ifadəsi kimi üzlərini
Şərqə çevirməyi, öz həqiqi köklərinə
qayıtmağı məqsədəuyğun sayırdılar.
Birinci Dünya müharibəsi nəticəsində doğma
torpaqlarının təxminən üçdə iki hissəsini
itirmələri də onların Avropa dəyərlərindən
müəyyən dərəcədə üz çevirmələrində
və özünəqayıdış hisslərinin qüvvətlənməsində
mühüm rol oynadı.
“Türk milliyyətçiliyinin
kökləri. Yusif Akçura” kitabının müəllifi,
fransız türkoloqu Fransua Georgeon
turançılığın bir fikir cərəyanı kimi
ilk dəfə Macarıstanda meydana gəldiyini və buradan digər
ölkələrə yayıldığını iddia edir.
Fransız müəllifi özünün bu iddiasında
haqlı sayılmalıdır. Həm də maraqlıdır
ki, türk birliyi düşüncəsi ilə sıx
bağlı olan, türk düşmənlərini daim qorxuya
salan hər iki ideya cərəyanının - panturanizm və
pantürkizmin yaradıcıları müasir Türkiyə
hüdudlarından kənarda doğulmuşdular. Turançılıq
düşüncəsi Macarıstanda meydana
çıxdığı kimi, pantürkizmi də Anadoluya Azərbaycan
türkləri və Qazan tatarları gətirmişdilər.
Soy-kökə və
əcdadların ilkin vətəninə get-gedə artan maraq
1910-cu ildə Macarıstan Turan Cəmiyyətinin qurulması
ilə nəticələndi.
Başlanğıc mərhələdə Cəmiyyətin
əsas hədəfi etnoqrafiya, tarix və coğrafiya ilə
bağlı araşdırmaların aparılması, habelə
maarifçilik fəaliyyətinin genişləndirilməsi
idi. Onun qurucuları arasında qraf Pal Teleki, Jenö
Çolnoki, Gyula Pekar, Bela Vikar, Aladar Ban kimi
tanınmış və böyük nüfuz sahibi olan insanlar
vardı. Macarıstan Elmlər Akademiyasının üzvləri,
şair və yazıçılar, hətta dövlət və
hökumətdə yüksək vəzifə tutan şəxslər
də Turan Cəmiyyətində təmsil olunmuşdular.
Tarixçi-alim Şandor Markinin, populyar şair Arpad Zemplyenin
macar turançıları sırasında yer almaları Cəmiyyətin nüfuzunu və
ona bəslənən inamı daha da artırmışdı.
Şübhəsiz,
Macar Turan Cəmiyyətinin əsas siması alim, siyasətçi
və dövlət xadimi qraf Pal
Teleki (1879-1941) idi. O, ilk növbədə görkəmli
coğrafiyaşünas kimi tanınırdı. 31
yaşında Macarıstan EA-nın həqiqi üzvü
seçilmişdi. 1920-1921 və 1939-1941-ci illərdə
ölkənin baş naziri, habelə iki dəfə xarici
işlər naziri olmuşdu. Antisemit mövqedə dayansa da,
Hitler Macarıstanı dostluq və əməkdaşlıq
müqaviləsi imzaladığı Yuqoslaviyaya qarşı hərbi
əməliyyatlara sürükləyəndə bunu dövləti
və milləti üçün şərəfsizlik sayaraq
baş nazir ikən həyatına intiharla son qoymuşdu.
Maraqlı bir detal: onun hökumətə rəhbərlik etdiyi
dövrdə Macarıstan hərbi sənayesi “Turan” adlı
yüngül döyüş tanklarının istehsalına
başlamışdı!
Pal Telekinin nəzərində Turan
çox geniş anlayış
idi. Eyni zamanda o, Turan məfhumunun türklüklə tarixi əlaqəsinə
də xüsusi diqqət yetirirdi: “Bir coğrafi anlayış
olaraq ortaya atılan Turan çox tez-tez Türklüklə bərabər
tutulur - deyə alim “Turan” məcmuəsinin 1913-cü ildə
çapdan çıxan ilk saylarından birində
yazırdı. - Əslində bu yanaşma tərzi çox da
haqsız sayılmamalıdır. Çünki bu gün bizim
Turan adlandırdığımız bölgələr antik
dövrlərdə həmin yerlərdə fərqli
xalqların məskunlaşmasından, hətta bu gün də
fərqli xalqların yaşamasından asılı olmayaraq
gerçək mənada özünün ən parlaq
dövrünü Türklüyün meydana
çıxması ilə təsdiq etmişdir”.
Başqa bir macar turançısı -
şair Arpad Zemplenyi “Turan birliyi” adlı məqaləsində
məsələyə daha konkret şəkildə yanaşaraq
yazırdı: “Türklərin ən qədim dövləti
Turan sayıla bilər. Bu gün bu torpaqlar Türküstan, yəni
Türk yurdu kimi tanınır”.
Təşkilatlanma mərhələsinin
ardınca 1913-cü ildə Turan cəmiyyətinin eyni adlı
jurnalı nəşr olunmağa başladı. Dövrün
tanınmış ziyalılarını, fikir adamlarını
ətrafında toplayan məcmuədə macar dili ilə bir
sırada fransız, alman və türk dillərində də
məqalələr verilirdi. Maddi və təşkilati
xarakterli çətinliklər üzündən nəşrin
dövriliyini ardıcıl təmin etmək mümkün
olmamışdı. Lakin bununla belə İkinci Dünya
savaşına qədər ilk turançı məcmuə
mövcudluğunu qoruyub saxlamışdı.
“Turan” dərgisinin redaksiya heyətinə
dövrün macar və Avropa elmi mühitində yaxşı
tanınan İqnati Qoltsier, Pal
Teleki, Gyula Nemet, Zoltan Takaç, Gyula Pekar, Bela Erödi,
Yenö Kovaç və b. alimlər, ictimai xadimlər daxil
idilər.
Macar Turan Cəmiyyətinin
sıralarının get-gedə genişlənməsi, yeni əlaqələrin
yaranması nəticəsində 1916-cı ildə o,
Macarıstan Şərq Mədəniyyəti Turan Cəmiyyəti
adlandırılmışdı. Aradan dörd il keçəndən
sonra isə ölkənin müxtəlif yerlərində təsis
edilmiş analoji qurumları bir dam altında birləşdirmək
zərurəti ortaya çıxmış, nəticədə
Macarıstan Turan Federasiyası qurulmuşdu. Federasiyanın fəaliyyəti
ölkə İkinci Dünya müharibəsinə qədər
davam etmişdi.
Macarıstanda turançılıq
ideyaları bu dövrdə daha çox özünün
romantik inkişaf dövrünü yaşayırdı.
Aparıcı Turan xalqları kimi macar, türk və
bolqarların ortaq tarixi kökləri, gələcək birgə
əməkdaşlığı ilə bağlı fikirlər
daha tez-tez səslənirdi. Professor Gyula Pekar Şərq Mədəniyyət
Mərkəzinin 16 noyabr 1916-cı il tarixli
toplantısındakı “Turançı tədqiqatların əhəmiyyəti”
adlı məruzəsində Turan birliyi ilə bağlı
daha çox hisslərin təsiri altında yaranan idillik bir
lövhə cızmışdı:
“Macar, Türk və Bolqar... Yəni
biri-birinə yaxın olan bu üç xalq artıq yenə
birlikdə addımlamaqdadır. Bir zamanlar Volqa boyundakı
böyük Macarıstanda da birlikdə idik. O torpaqları da
birlikdə fəth etdik. Orada birlikdə yaşadıq. Hətta
bəlkə də eyni dildə danışdıq. Sonra birdən
bu üç qardaş üç ayrı istiqamətə yol
tutdular. Müqəddəs Turul quşunun qanadı altından
birlikdə çıxdılar. Əcəba, görəsən
ayrılarkən “Min il sonra görüşərik” - deyə
bir-birlərinə vədə verdilərmi? Macar Atillanın
mirasını axtarmağa başladı. Qarlı Karpat
dağlarını aşdı, özünə yeni yerdə
yurd saldı. Bolqar Qara dəniz sahillərindən Balkanlara
üz tutdu. Qarşısına çıxan slavyanları məğlub
etdi. Amma özü də yaralandı. Sonda dilini və dinini
itirsə də, şəxsiyyətini itirmədi. Qəhrəman
turanlı olaraq qaldı.
Üçüncü qardaş Türk idi. O da
üzünü şərqə tutdu. Qafqazın qarlı zirvələrindən
aşdı, Bizansı yendi. Məscid minarələrinə
ay-ulduzunu vuraraq qələbəsini dünyaya yaydı. Amma
bunlardan sonra bilgisizlikdən doğan bir mübarizə
başladı. Bu üç qardaş biri-birlərini
tanımadan, öyrənmədən necə savaşa girdilər?
Aradan qan-qada ilə dolu min il keçdi. Dünya alt-üst
oldu. Nəhayət gözlənilən möhtəşəm
an gəlib çatdı. Qardaşlar bir-birlərini
tanıdılar. İndi birlikdə olmağın sevincini yaşayırlar”
.
Min ildən bəri Avropada yaşayan, digər
Turan xalqları ilə müqayisədə daha böyük tərəqqi
və inkişaf yolu keçən macarlar “birlikdə
addımlanacaq yolda” özlərini şəksiz lider kimi
görürdülər. Qraf Pal Telekinin “Turan uluslarının
Qərb təmsilçiləri sayılan biz macarların
üzərinə düşən tarixi vəzifə 600
milyonluq turanlının ideya və iqtisadi lideri olmaqdır”
sözləri də bu inam və düşüncədən
irəli gəlirdi.
Gyula Pekar da təxminən eyni
düşüncəni paylaşaraq yazırdı: “Turan irqinin
təmsilçilərindən yalnız biz Macarlar tarixdən
ibrət dərsi götürdük. Turanın qərbdəki
son qalası kimi yaşadıq. Avropanın ortasında dirəniş
göstərdik. Yad xalqlar arasında tək başına qalsaq
da millətlər dənizində kimliyimizi itirmədik. O biri tərəfdən
arxamızda, Asiya çöllərində Turan xalqları
yüz illik yuxuya dalmışdılar. Amma indi Türk və Bolqar
qardaşlarımız artıq uyqudan oyanıblar və biz bu
oyanan qardaşlarımızla birlikdə uzaqlarda hələ də
özünə gəlməyən, özünü tapa bilməyən
qardaşlarımızı oyandırmaq məcburiyyətindəyik.
Onlar da oyanacaqlar. Əsla şübhəniz olmasın.
Asiyanın dərinliklərində dolaşan səyyahlardan
soruşun: bu xalqlar Macar ulusunu tanıyırlar və bizi Turan
xalqlarının lideri kimi qəbul edirlər. Dünyadakı
yüz milyonlarla turanlı artıq birlikdə olmağın,
tale birliyini yaşamağın fərqindədirlər”.
Budapeştin Avropa standartlarına cavab verən
universitetlərinə Osmanlı imperiyası və
Bolqarıstandan çoxsaylı tələbələr cəlb
edən macar turançıları
“birlikdə olmağa” bu yolla öz töhfələrini
verirdilər. Tarik Dəmirqanın yazdığına görə
1916-1917-ci tədris ilində macar universitetlərində 186
türk gənci təhsil alırdı. 1921-ci ildə bu
ölkənin ali məktəblərindən məzun olan
türklərin sayı 200-ü keçmişdi. Sonrakı illərdə
onların sırasından Türkiyəyə və
türklüyə sədaqətlə xidmət edən tanınmış
mütəxəssislər, elm və mədəniyyət xadimləri
yetişmişdilər.
1921-ci ildən etibarən başqa bir
turançı mətbu orqanın - “Körösi Çomo
Arxivium” məcmuəsinin nəşrinə
başlanmışdı. Şandor Çomo Körösi
(1784-1842) məşhur macar dilçisi və şərqşünas
idi. Dövrünün poliqlot alimlərindən sayılır,
macar dilinin mənşəyi ilə bağlı tədqiqat əsərlərinin
müəllifi kimi tanınırdı. Bu məqsədlə, hətta
Tibet dilini öyrənmiş, ilk Tibet qrammatikası və
tibetcə-ingiliscə lüğət tərtib etmişdi.
1921-ci ildə Macarıstan EA nəzdində Şərq tədqiqatları
üzrə ixtisaslaşan yeni elmi institut - Çomo
Körösi Cəmiyyəti yaradılmışdı.
Müasir Türkiyə türkologiyasının banilərindən
biri, azərbaycanlı alim Əhməd Cəfəroğlu
1948-ci ildə bu Cəmiyyətin həqiqi üzvü
seçilmişdi.
“Turan” kimi “Körösi Como Arxivium” məcmuəsi
də macar dili ilə yanaşı
aparıcı Avropa dillərində məqalələr
verirdi. 1930-cu illərdə məcmuə tədricən öz
istiqamətini dəyişərək adını çəkdiyim
Cəmiyyətin çap orqanına çevrilmişdi.
Sonda mühüm bir nöqtəyə də
diqqət yetirmək lazımdır: İkinci Dünya
savaşı ərəfəsində macar
turançıları getdikcə daha artıq dərəcədə faşizm və
irqçilik mövqeyinə yaxınlaşırdılar. Bu da
Avropada gedən mənəvi-siyasi proseslərlə
bağlı idi. Əgər qonşu İtaliyada Mussolini
faşizmi qədim Roma imperiyasının nüfuz və əzəmətini
bərpa etmək fikrinə düşmüşdüsə,
macarlar nə üçün ucsuz-bucaqsız Turanın
möhtəşəmliyi haqqında danışmamalı idilər?
Əgər Hitler ari irqinin üstünlüyündən dəm
vururdusa və bunu dünya fatehliyi uğrunda təbliğatının
ayrılmaz tərkib hissəsinə çevirirdisə, macarlar
hansı səbəbdən Turan irqinin fəzilətləri barəsində
söz açmamalı idilər? Oxşar vəziyyət
1930-cu il Türkiyəsində də müşahidə
olunurdu. Bütün bunlar sonda yaxşı heç bir şeyə
gətirib çıxarmadı. Romantik və birləşdirici
ideya kimi meydana çıxan
turançılığın siyasiləşdirilməsi
sonda bumeranqa çevrilərək onun özünə zərbə
vurdu...
lll
Maraqlıdır ki, turançılıq
ideyası Macarıstanla demək olar ki, eyni vaxtda Osmanlı
imperiyasında və Azərbaycanda da yayılmağa
başlamışdı. Macar Turan Cəmiyyətinin ardınca
1911-ci ildə İstanbulda Turan Nəşri-Maarif Cəmiyyəti,
iki il sonra isə eyni məqsədlərə xidmət edən
Türk Ocaqları yaradılmışdı. Hər iki cəmiyyətin
qurulması və sonrakı fəaliyyətində Əli bəy
Hüseynzadə və Əhməd Ağaoğlu kimi görkəmli
şəxsiyyətlərin simasında Azərbaycan türklərinin
mühüm payı vardı.
Vətən nə Türkiyədir
türklərə,
nə Türküstan,
Vətən böyük və müəbbəd
bir ölkədir - Turan!
- deyə türklərə öz qədim
vətənini nişan verən Ziya Göyalpın fikirləri
XX əsrin əvvəlində turançılığı
Osmanlı imperiyasında da milliyyətçi ruhlu
ziyalıların, ilk növbədə isə yaradıcı gəncliyin
böyük maraq duyduğu bir mövzuya çevirmişdi.
1912-ci ildə türk ədəbiyyatında
ilk “turançı” əsər - sonralar milli-azadlıq hərəkatının
fəal nümayəndələrindən biri kimi məşhurlaşan
Xalidə Ədib Adıvarın “Yeni Turan” romanı meydana
çıxmışdı. “Yeni Turan” utopik əsər idi. Qəhrəmanlarından
birinin dili ilə “Yeni Turan, güzel ölkəm, Söyle sene
yol nerede?” - deyə axtarışlarının hədəf və
istiqamətini nişan verən müəllif öz milli kimliklərini
yenidən tapmış türklərin təxminən iyirmi il
sonrakı həyatını, onların mənəvi və mədəni
birlik uğrunda mübarizələrini göz önündə
canlandırmağa çalışmışdı.
Aradan altı il keçəndən sonra
Türkiyədə ikinci “turançı” roman işıq
üzü görmüşdü. “Aydəmir” adlanan bu əsərin
müəllifi yenə də qadın yazıçı -
Müfidə Fərid Tək idi. Kitabda rus əsarəti
altındakı Şərqi Türküstanın siyasi və
sosial problemləri həyatlarını
türkçülük və turançılıq
idealının təntənəsi uğrunda fəda etməyə
hazır olan Aydəmir və Həzin adlı iki gəncin məhəbbəti
fonunda təsvir olunmuşdu.
“Yeni Turan” və “Aydəmir” romanları tək
Türkiyədə deyil, Azərbaycanda da türk gəncliyinin
fikri inkişafına, türkçülük və vətənpərvərlik
duyğularının oyanmasına, türk birliyi
ideyasının geniş
ölçüdə yayılmasına təkan vermişdi. XX
əsr türk tarix elminin mötəbər simalarından biri
kimi tanınan Şövkət Sürəyya Aydəmir məhz
Fəridə Təkin romanın təsiri altında
özünə Aydəmir təxəllüsü
götürmüşdü. Həm də sadəcə bununla
kifayətlənməmişdi. Həyatda da romanın qəhrəmanı
kimi hərəkət etmiş,
rus əsarətinə qarşı çarpışan
türk elinə - Azərbaycana gələrək
xalqımızın istiqlal savaşında və mədəni
tərəqqi uğrunda mübarizəsinə
qoşulmuşdu.
Həyatının Azərbaycan
dövrünü təsvir etdiyi “Suyu arayan adam” kitabında
müəllif burada həm də türkçülük və
turançılıq təbliğatı aparmasından söz
açaraq yazırdı: “Biz hamımız türkük və
qardaşıq, - deyirdim. - Məmləkətimiz isə birdir.
Adı Turandır. Biz hamımız turanlıyıq.
Turanın sərhədləri çox genişdir. Sarı dənizdən,
Çin ölkəsindən Dunaya qədər uzanıb gedir.
Bu önümüzdən axan Araz başlanğıcı və
sonu ölkəmizdə olan bir irmaqdır. Xəzər
Turanın daxili bir dənizidir. Qara dəniz, Mərmərə,
şərqdə Aral gölü, Baykal gölü, xülasə,
şərqdə və qərbdə uzanan ovalıqlar, yaylalar,
dağlar hamısı bizimdir. Bu torpaqlar biri-birinin ardınca
xilas olacaqdır. Xilas olan torpaqlarda türk dövlətləri
qurulacaqdır. Sonra onlar hamısı birləşəcəklər...”
XX əsrin əvvəllərindəki Azərbaycan
ədəbiyyatında da Turan anlayışına
sıx-sıx təsadüf edilir. İstər romantik poeziyada,
istərsə də satirik şeirdə Turan bütün
türklərin ortaq, müştərək vətəni kimi təqdim
edilir. Hətta müəyyən mənada “turanlı” məfhumu
“türk” anlayışı ilə
müqayisədə daha geniş və ümumiləşdirici
xarakter daşıyır.
Böyük Mirzə Ələkbər
Sabir özünün proqram mahiyyətli “Fəxriyyə”
şeirində türk dünyasının keçdiyi mürəkkəb
və sarsıntılı yoldan, türk insanlarının
üzləşdikləri böyük ziddiyyətlərdən,
türk əsilli hökmdarların yabançı qüvvələrin
təsiri ilə bir-birlərinə qənim kəsilmələrindən
danışarkən məhz “Turanlılarız,
adiyi-şüğli-sələfiz biz, Öz
qövmümüzün başına əngəlkələfiz
biz!” - deyirdi. Göründüyü kimi, turanlılıq onun
nəzərində türklük və müsəlmanlıqdan
daha ümumiləşdirici bir anlayış idi. Türk birliyi
ideyasının atəşin pərəstişkarı
Hüseyn Cavid isə eyni düşüncəni bir qədər
fərqli şəkildə - romantik coşqunluqla ifadə edərək
yazırdı: “Şimdi Turana qılıncdan daha kəskin
qüvvət, İştə mədəniyyətdir, mədəniyyətdir,
mədəniyyət !”
Təxminən oxşar hisslərə macar
turançısı Arpad Zempleni “Şərqə sarı
dön, macar!” adlı şeirində də təsadüf
edilir. Turanı “dünyanı nizama salan və bəzən də
dağıdan” bir qüvvə kimi səciyyələndirən
şair soydaşlarını öz əski vətənlərinə
sahib çıxmağa çağıraraq yazırdı:
“Şərqə dön, macar, Şərqə dön! Öz
böyük və şərəfli əcdadlarını
yalnız orada tapa bilərsən! Qərbdən
üzünü çevir. Orada bizi adam yerinə qoymayaraq
istismar edirlər. Səkkiz əsrdən bəri Qərbin
bütünlüyünü qorumaq üçün
tökülən qanlarımızın müqabilində
mükafatımız bəyənməzlik və həqarət
oldu. Bizi ürəyimizdən keçən həqiqəti deməyə
qoymadılar. Roma, almanlar və slavyanlar bu gün pulları ilə,
sabah isə qılıncları ilə amansızcasına həyatımıza
son qoyacaqlar. Qəhrəman millətim, dostunu Şərqdəki
qardaşlarının arasında axtar!” (sətri tərcümə
Tarik Dəmirkan - V.Q.)
Şairin “Quru dəyirman”
adlandırdığı başqa bir əsərində isə
İkinci Dünya savaşı ərəfəsində macar cəmiyyətinə
hakim kəsilən bədbin əhval-ruhiyyə yenə də əfsanəvi
vətən Turanla əlaqəli şəkildə göz
önündə canlandırılırdı:
“Zaman bizə ibrət verir, iz buraxmadan qeyb
oluruq.
Turan! Turan!
Saxta bir nəşə ilə
yaşayırıq,
amma ümidsizlik içərisindəyik,
Turan! Turan!
Əvvəl-axır qapımızı
döyən bəd
xəbərlərə kədərlənirik,
Turan! Turan !”
Türkçülük və
turançılıq hərəkatının
ideoloqlarından sayılan azərbaycanlı fikir adamı Əli
bəy Hüseynzadənin macar-türk genetik və tarixi əlaqələrinin
ilk tədqiqatçılarından Armin Vamberiyə ithafla
yazılan
Əcdadımızın müştərəkən
mənşəyi Turan
Birdir yolumuz ermək üçün nur ilə
həqqə
Mümkünmü ayırsın bizi
İncil ilə Quran?
şeiri də Azərbaycan
turançılarının öz macar həmfikirləri ilə
qiyabi dialoqunun parlaq nümunələrindən biridir. Diqqətəlayiq
haldır ki, bu kiçik şeir parçası ilk dəfə
Budapeştdə, “Turan illiyi” məcmuəsinin 1917-ci il
buraxılışında dərc edilmişdi. Macar
turançılarının diqqətini çəkən
dördlük məcmuənin həmin sayında tanınmış
etnoqraf, şərqşünas və türkoloq, 1926-cı ildə
Ə.Hüseynzadə ilə birlikdə Bakıda keçirilən
I Türkoloji qurultayın iştirakçısı olmuş
professor Gyula Mesaroşun (1883-1957) tərcüməsində macar dilində də verilmişdi.
Bu faktdan çıxış edərək həm də Əli
bəy Hüseynzadənin əsəri orijinaldan macar dilinə
çevrilən ilk azərbaycanlı müəllif olduğunu
söyləmək mümkündür.
Təxminən 150 illik tarixə malik macar
turançılığı müasir dövrdə öz
mövqelərini bərpa etmək, ötən əsrin əvvəllərində
olduğu kimi yenidən macar xalqı arasında populyarlıq
qazanmaq uğrunda mübarizə aparır. Artıq bu istiqamətdə
müəyyən uğurların əldə edildiyini söyləmək
mümkündür.
Avqust, 2012-ci il
Budapeşt
Vilayət
QULİYEV
525-ci qəzet.-
2012.- 25 avqust.- S.10-11.