“Azərbaycan toyları üçün çox darıxıram”   

 

AYŞƏ KƏRİMOVA-GÖNEN: “TÜRKLƏR BİZİM TOYLARIN DƏBDƏBƏSİNƏ TƏƏCCÜBLƏNİRLƏR”

 

Qərib söhbət

 

İnsan sevdiklərindən, böyüyüb boya başa çatdığı yerdən, mühitdən uzaqdadırsa, deməli, qəribdir. Fərqi yoxdur, o mühitdən az uzaqda, ya çox uzaqdasan. Bu layihə də biz Qəriblərin layihəsi olacaq. Danışanlar da, danışdıran Mən - İlhamə Qasımlı da Qəriblərik.

Bir də onu əlavə edim ki, bu dəfəki müsahibim Türkiyədə olması bu layihənin yalnız Türkiyədəki Qəriblərimizi əhatə edəcəyi anlamına gəlməsin. Amerikadan da, Avropadan da - bir sözlə, hər yerdən olacaq müsahiblərimiz. Bunun üçün mütləq oraya getməyə gərək yoxdur - müasir informasiya texnologiyalarının imkanı ilə dünyanın hər yeri ilə istər səsli-görüntülü, istərsə də çat vasitəsilə müsahibələrimizi alacağıq.

Qəriblik yalniz nostalji hissləri ifadə eləmir, həm də fərqli mədəniyyətləri, adət-ənənələri, mətbəxləri və daha nələri görmək, müqayisə etmək üçün bir fürsətdir.

“Qərib söhbət” layihəsinin ilk yazısında belə bir müqayisə fürsətini Ayşə Kərimova-Gönənlə yaxaladıq. İndi İstanbulda yaşayan, buna qədər isə Azərbaycan mediasının tanınmış imzalarından olan, türklər demiş, qazeteçi mənşəli televizyonçu olan həmkarım. Ayşə televiziya jurnalistikasına yazılı mediadan transfer edənlərdəndir. O dövr Azərbaycanın  “Yeni Müsavat”, “7 gün” kimi nüfuzlu qəzetlərində çalışdıqdan sonra televiziya sahəsinə keçib - ANS, daha sonra Space kanallarında gənclik və gender mövzularına aid çoxsaylı proqramların müəllifi olub.

2006-cı ildə isə ailə həyatı qurub Türkiyəyə köçüb. Həyat yoldaşı Doğaner Gönen də məsləkdaşıdır - nüfuzlu “Hürriyyət” qəzetinin yazı işləri müdiridir.

 

- Ayşə, səninlə ilk dəfə “Qərib söhbət” layihəsi üçün müsahibə barədə danışanda dedin ki, özümü burda qərib hiss eləmirəm. Niyə? Artıq öz evin, öz ocağın burdadır ona görəmi, yoxsa bir millət, iki dövlət yanaşmasındanmı?

- Qərib dəyiləm... Azərbaycandan Türkiyəyə gələn heç kim qərib deyil. Bura gəlib “özümü Türkiyədə qərib hiss edirəm” deyənlərə qəribə baxıram. Və anlamaqda çətinlik çəkirəm.

- Türkiyəyə gəldiyin ilk zamanlarda da xiffətin olmadı?

- Ailə, ata-ana, qardaş xiffəti əlbəttə ki oldu. Bunun Türkiyədə olmağımla əlaqəsi yoxdu.  Elə Azərbaycanın içində, amma bir rayondan başqa rayona gedən insanlar da bu hissləri yaşayır. Çünki ata ocağı, alışdığın yerlər,üzlər - bunlar gedir, yerinə sənin olan, amma sənə yad yerlər, üzlər gəlir. Buna da zamanla alışırsan. Anam Zaqataladan Qaxa gəlin gəlmişdi. Heç unutmuram, rəhmətlik nənəm hər dəfə “qız yad yerə düşdü” deyə anam üçün şikayətlənirdi. Yad yer dediyi 45 dəqiqəlik yoldu.

- Hər nə qədər bir millət olsaq da, bəzi adət-ənənələr var ki, fərqli tərəflərimizi göstərir..Bunların hansı sənə Azərbaycanın xiffətini çəkdirib?

- Azərbaycan toyları üçün çox darıxıram. Vallah, çox adam toylarımızı tənqid edir, amma elə ən gözəl toy Azərbaycan toyudu. Bizim toylara türklər məəttəl qalırlar. Bir az israfdan qaçsaq, toylarımız daha yaxşı olar. Bizim toylardakı qədər heç bir toyda əylənə bilmirəm.

- Bizim ən kasıb toyumuz buranın zəngin toylarına oxşayır.

- Bəli. Türklər bizim toyların dəbdəbəsinə təəccüblənirlər. Mənim toyuma Türkiyədən gələn qonaqlar hələ də bunu danışır.  Bu da önəmli deyil. Dəbdəbə olmaya da bilər. Bizim toylarımızın enerjisi fərqlidi.

- Ömür-gün yoldaşınla tanışlığın necə olub?

- Bakıda tanış olduq. Türkiyənin və indi də Azərbaycanın sənətiçisi olan dostum, Əhməd Şəfəqlə Tənzilə Rüstəmxanlının qonağı kimi Bakıya dəvət olunmuşdu. Axşam bərabər yemək yedik. Və elə ordan da ta nikah masasına qədər gəldik.

- Yoldaşın da jurnalistika ilə bağlı adamdı. Məslək yoldaşlığı həyat yoldaşlığına təkandır, yoxsa fikir ayrılıqlarının səbəbi?

- İnan, məsləyin evliliyə heç bir dəxli yoxdur. O qədər dəyişik məsləklərdən evli olan insanlar tanıyıram ki, mutlu-məsud yaşayırlar. Eyni məsləkdən olub, eyni fikirdə olmayanlardan da çox tanıdıqlarım var. Bizsə eyni fikir və eyni məfkurədə olduğumuz üçün mübahisəmiz az duşür.

- Hər nə qədər “bir millət” olsaq da, fərqli siyasi quruluşlarda böyüyüb inkişaf etmişik ki, bu da şəxsiyyətimizə, dünyagörüşümüzə təsirini göstərib. Sən həyat yoldaşınla və yaxın çevrənlə hansısa məqamda bu fərqi hiss edirsənmi?

- Əla və önəmli məqamdı. Yoldaşımla fərqli mühitlərdə böyüyüb tərbiyə olunmağımız günlük yaşamımızda özünü çox birüzə verir. Məsələn, mən heç vaxt planlı, daha doğrusu, dəqiq deyiləm. O isə hər zaman çox planlı və dəqiqdir. İlk vaxtlarda fərqləri çox hiss edirdim. Amma Türkiyəni tanıyıb öyrəndikcə daşlar bir-bir yerinə oturdu.

Çox dinamik, sərbəst və eyni zamanda mühafizəkar mühiti var Türkiyənin.  Məsələn, burdakı insanlar ömür böyü kirayədə yaşaya bilər və bunu problem kimi görməz. Bunu mən də öyrəndim və haqq verdim. Əsas insanın mahiyyəti və peşəsidir. İşin hardadırsa evin də ordadır. Bizim qızlar ailə qurmaq üçün evi olan oğlanı seçərlər. Çünki ev statusdur. Mən yoldaşımla tanış olanda dedi ki, heç nəyim yoxdur, sadəcə, məsləyim var. Mənə bu, kifayət elədi. Məslək insanın hər şeyidi. Başlanğıcda hər kəs kimi kirayədə oturdum. Çox gözəl, kiçik - jurnalist evi, hər tərəfi kitablarla dolu. Zamanla bərabər evimizi aldıq. Yəni demək istədiyim budur ki, böyüdüyüm mühitin qəlibləri bir an öncə dəyişdirilsə hər kəs üçün yaxşı olacaq. Bunu da insanlar özləri dəyişdirməlidirlər - düşüncələrində və əməllərində.

- Sosial həyatın dinamikliyindən danişdın... Görürsənmi, burda insanlarçün əsas pul yığmaq deyil. Ortabab imkanı olan, hətta kasıb belə, mütləq əyləncə, alış-veriş yerlərinə gedir. Bununla stresslərini atmış olurlar...

- Sadəcə, əyləncə deyil. Keçən həftə Ramazan bayramı tətili idi. İstanbul bomboş idi, hər kəs ailəsini alıb istirahətə çəkilidi: Bodrum, Antalya, Marmaris. Türkiyənin xarici turizmi kimi daxili turizmi də güclüdür. Bizmkilərdə bu yoxdu. Məsələn, Qaxdan durub tətil üçün kimsə Lənkərana getməz. Halbuki görülməli və gəzilməli o qədər yerlərimiz var ki... Hər kəs Türkiyəyə - Bodruma gəlir. Gəlsinlər. Amma bir dəfə də öz məmləkətini gəz, əylən, istirahət et, övladlarına tanıt yurdunu.

- Amma daxili turizm xərcləri hardasa elə Antalya qiymətinə başa gəlir - bunu da deməliyik.

- Buna qatılıram. Bakı dünyanın ən bahalı şəhərlərindən birinə çevrilib. Türkiyədən turist olaraq tanışlarım Azərbaycana getdi keçən ay. Gələndə şokdaydılar. İstirahət üçün ayırdıqları bütün pulları bitmişdi. Azərbaycandan evlərinə dönən hər turist anti-reklamla məşğul olsa, elə bu Azərbaycan turizminin inkişafına zərbə olar.

- Türkiyə vətəndaşlığını almısan, deyəsən. Bu status Türkiyədəki durumuna təsir edibmi?

- Hə, artıq vətəndaşam. Vətəndaşlığın verdiyi bir məsuliyyət var. İlk növbədə vətəndaşı olduğun ölkənin qanun-qaydalarını öyrənməlisən.  Bunları öyrəndikdən sonra özünü daha inamlı və güclü hiss edirsən. Yəni vətəndaş olaraq Türkiyə Anayasasını oxuduqdan sonra sənə bir güc gəlir. Anlayırsan ki, bu Anayasa eyni zamanda sənə də aiddir və onun bir parçasısan.

- Vətəndaşlığa qəbul prosedurun necə oldu?

- Çox uzun, yorucu və stresli. Belə də olmalıdı. Vətəndaş olmaq heç bir ölkədə asan prosedur deyil. Türkiyədə də o cımlədən. Əvvəlcə 3 il boyunca oturma izni alırsan. Bu ödənişli izindir və hər il məbləğ artır. Sonra vətəndaşlıq başvurusu üçün haqq qazanmış olursan.

- Yeri gəlmiskən, bu il məbləğ təxminən beş dəfə azaldıldı...

- Nə gözəl! Bunu bilmirdim. Yeni evlənənlərə gözəl xəbər olar. Vətəndaşlıq alana qədər polis kontrolu altında olursan və periodik yoxlanırsan. Sonra vətəndaşlıq başvurusu və bundan sonrakı prosedurlar. Yenə yorucu və stresli dönəm. Allah bu situasiyada olan hər kəsin köməyi olsun.

- Polis kontroluna çoxmu tuş gəldin?

- Vətəndaşlıq alana qədər 3 dəfə gəldilər. Bəs, sən necə aldın?

- Mən hələ almamışam ki... Noyabrdan sonra baxılacaq işimə.

- İnşaallah alarsan.

- Vətəndaşlıq alma prosesinin üzücü tərəfləri nəydi?

- Üzücü deməzdim. Daha çox stresli. Çünki gözləmək insanı yorur. Bəzən bürokratik məmurlar evliliyi inandırıcı hesab etmirlər. Və ya sənədlərdə uyğunsuzluqlar olur.

- İstanbulda yaşayırsan. Azərbaycanlıların ən çox yaşadığı və ən rəngarəng sahələrdə çalışdıqları şəhərdir. Ordan necə görünürük?

- Çox rəngarəng görünürük. Yuxarıda anlatdıqlarımdan sonra səncə necə görünə bilərik?! Bəzən deyirlər ki, Türkiyədə Azərbaycan diasporunun güclənməsinə ehtiyac yoxdur. Məncə, çox səthi düşuncədir. Qardaşı qardaşa qarşı çevirmək istəyən o qədər xarici qüvvələr var ki... Ona görə də, əslində, İstanbulda, güclü diaspora ehtiyacımız var. Heç bir xarici qüvvə bizim birliyimizi istəməz.

- Türkiyədə gündəlik həyatda səni ən çox təsirləndirən nə olur?

- Günlük həyat şərtləri bir çox cəhətdən Azərbaycana görə üstündü. Bu da dövlətçilik və idarəetmənin daha əskiyə dayanmasından irəli gəlir. Hər şey sistemləşdirilib və elektronlaşdırılıb. Yəni idarətmə dövlətin hər xidmətini vətəndaşının ayağına gətirir. Ən önəmli cəhət səhiyyədir ki, sağlıq sığortaları yüzdə yüz vətəndaşı təmin edir. Ən çox məmnun olduğum cəhət sığorta və təqaüd sistemidir.

- Deyəsən, yeni işə düzəlmisən...Təbrik edirəm.

- Təşəkkür edirəm. Türk Musiqi Birliyi Televiziyası - TMB TV-də yayın Koordinatoruyam.

- Səhv etmirəmsə, vətəndaşlıq alıncaya qədər sığortalı işə düzələ bilməmişdin - çalışma iznin olmadığından. Ümumiyyətlə, səncə ədalətlidirmi - bu ölkədə yaşayırsan, bu ölkənin ailəsisən, amma ailənin maddi təminatının möhkəmləndirə bilmən üçün sənə çalışma izni verilmir...

- Əlbəttə, ədalətli deyil!  Məncə, buna bir nəzər salınmalıdır. Və bizim statusda olan insanların hüquqları təmin olunmalıdır. Vətəndaş olana qədər işləyə bilmədim. Çünki sığortam qarşılanmırdı.

- Türkiyədə iş tapmaq asandırmı? Bir türk tanışım mən buraya yeni gələndə deyirdi ki, bizdə “torpilsiz”,  yəni tapşırıqsız sığortalı işə keçmək asan deyil...

- Mən çox ciddi iş axtarışında olmadım. Gələn təklifləri dəyərləndirdim. Ciddi iş axtarışında olsaydım, bəlkə tapardım, bəlkə də yox. Çünki Türkiyənin də ciddi işsizlik problemi var.

- Evlilikdən sonra üç il evdar xanım oldun... Uzun illərin dinamik, işgüzar həyatından sonra psixoloji-mənəvi baxımdan evdarlığı necə atlatdın?

- Evin keyfini çıxardım, kitab oxudum, mətbəxə əylənə-əylənə girdim. Yemək bişirmənin incəliklərini öyrəndim. Tərəvəzləri öyrəndim, bol-bol süfrə açdım, qonaq qəbul elədim. Masaarxası keyfli söhbətlər təşkil etdim. Dinamik iş həyatında olan Türkiyə mediasının dəyərli insanları qonağım oldu, onlara xidmət etdim və eyni zamanda süfrə arxasında Türkiyəni tanıdım. İndi də həftənin ən az bir günü süfrə açıram və jurnalist həmkarlarımız, yazarlarımız qonağımız olur. Bundan keyifli və bundan dinamik nə ola bilər?!

 

Hə, bir də sən bizə nə vaxt gəlirsən gəl, sənə istədiyin kimi sümüklü bozbaş bişirim.

- Mal ətindənmi olacaq?

- Ürəyin necə istəyir.

- Tapa bildinmi sümüklü mal ətini?

- Mən taparam.

- Deməli, hələ tapmamısan. Bizim evə yaxın bir qəssab dükanı açılıb, deyir, öncədən sifariş etsəniz gətirərəm. Dediyim budur ki, mal ətini sümüyü ilə hər zaman tapmaq olmur. Bu yaxınlarda marketin qəssabından öyrəndim ki, sən dəmə, sümüyü sabun istehsalında istifadə edirmişlər.

- Ola bilər. Təbii məhsuldu. Kimyəvi maddələrdənsə, təbii hər zaman üstündü.

- Dostlarımdan əvvəllər Azərbaycandan mənə plovluq düyü gətirmələrini xahiş edirdim...

- Hə, düyümüz əladı, plovu bambaşqa olur. Hələ heç ətirini demirəm.

- Burda daha çox qalın və yumru düyüyə tələbat olduğu üçün hər marketdə olmur uzun düyü. Türklər öz ağız dadlarına sədaqətlidirlər... Onlara verdiyim bizim plovluq düyüləri özəl dəyərləndirmədilər. Türklərdə plov gündəlik yeyilən yeməkdir - makaron, bulğur kimi.

- Ağız dadı müzakirə olunmaz - deyirlər. Hər kəsin öz zövqü var. Bəyənməyənə zorla bəyəndirmək olmaz. Amma Bakıya kim gəldisə, bizim yeməklərimizi çox bəyənib. Evimə gələn qonaqlarım nəzakət xatirinə yeməklərimizi bəyəndiklərini söyləyə bilərlər. Amma səyahət zamanı tam səmimi olduqlarını görürəm. Şəki pitisi, Lənkəran ləvəngisi, Qax sülhülüsü, Qarabağ plovları, dəvə qutabı, gürzələrimiz, qurutlu xəngəlimiz... Hansını deyim?!

- Amma bir məsələ var ki, ankaralılar kimi, istanbullular da yağlı yeməkləri çox sevmirlər.

- Düz eləyirlər. Hər ləzzətli olanı da yemək düz deyil. Yeyərkən sağlamlığını da düşünəcəksən. Ən azından çiy səbzəyə alışmaq lazımdır. Azərbaycandan gələn qonaqlarımı tərəvəz salatına alışdırana qədər çox mücadilə etdim. Amma sonunda bacardım.

- Diqqət etmisənmi, türkiyəlilər tibbi maariflənmə məsələsində bizdən çox-çox irəlidədirlər? Meyvə-tərəvəzin faydaları barədə burda o qədər yeni məlumatlar öyrəndim ki... İnsanlar meyvə-tərəvəzi ləzzət almaqçün yox, onun hansı vitamin qrupuna aid olduğunu bilərək və bundan faydalanmaqçün yeyir..

- Elə bunu demək istəyirəm. Sadəcə, ləzzət almaq üçün qıdalanmaq doğru deyil. Bəzən yediyiniz şey ləzzətsiz ola bilər. Amma bu sizin üçün faydalıdır.

- Bayaq evinin qonaq-qaralı olduğundan danışdın. Azərbaycanla burdakı insanların ünsiyyətindəki fərqlərdən biri də dostlarin tez-tez toplanmasıdı. Məsələn, bizimkilər daha çox özəl günlərdə bir yerə toplaşar, amma türklər qarşılıqlı ziyarətləri çox sevirlər. Deyirlər ki, sosiallaşma çox önəmlidir.

- Bəli. Qadınların çay süfrəsi dəvətləri, altın günləri, qəhvəaltı dəvətləri, axşam yeməkləri... Ən çox da qəhvəaltı dəvətlərini sevirəm. Bir reklamda deyildiyi kimi,  həyat -  paylaşdıqca gözəldir. Bizimkilər əksəriyyəti süfrəyə qarın doyurmaq yeri kimi baxırlar.  Halbuki süfrə müqəddəsdir, süfrə fəlsəfədir, göz zövqüdür, dərdləşməkdir,  maariflənməkdir,  əylənməkdir, stress atmaqdır.

- Evdarlıq sənə kulinariyanın fəlsəfəsini mənimsədib, deyəsən.

- Həm də çox. Daha da öyrənəcəklərim var. Evdarlıqla tanış olmayana qədər - mən həyatda heç nə bilmirəmmiş. Ciddi deyirəm. Karyerası olan xanımlar evdarlığa aşağılayıcı bir iş kimi baxırlar. Bunu anlaya bilmirəm. Elə ilk karyera evdarlıqdan başlayır.

 

 

İlhamə QASIMLI

 

525-ci qəzet.- 2012.- 25 avqust.- S.8-9.