Vinod Kumar: “Bir çox ölkələrə
səfir təyin olunmaq imkanım var idi, amma
Azərbaycanı seçdim”
Müsahibimiz Hindistanın Azərbaycana
yenicə təyin olunmuş səfiri doktor Vinod Kumardır .
Qeyd edək ki, V.Kumar ixtisasca həkimdir, diplomatik fəaliyyətə
başlamazdan əvvəl uzun müddət cərrah işləyib.
Diplomatik sahəyə 1986-ci ildə gəlib və ali hüquq
təhsili alıb. Həmin ildən Hindistanın Xarici
İşlər Nazirliyində işləməyə
başlayıb. Berlində beynəlxalq münasibətlər
üzrə aspiranturanı bitirib. Azərbaycandan əvvəl
1988-ci ildə Almaniya, Əlcəzair, Özbəkistan,
Malayziyada diplomatik korpuslarda çalışıb. Son olaraq
Almaniyada baş konsul vəzifəsini icra edib. Azərbaycana təyinatdan
öncə isə Hindistanın Xarici İşlər
Nazirliyində çalışıb.
- Cənab
səfir, iki aya yaxındır ki, Bakıdasınız.
Maraqlıdır, ölkəmiz barədə təəssüratlarınız
nədən ibarətdir?
-Mən Azərbaycan barədə çox eşitmişdim. Ölkəniz barədə gələn xoş xəbərləri eşidəndən sonra şəxsən Hindistanın xarici işlər nazirinə Azərbaycanda çalışmaq istəməyimlə bağlı müraciət etdim və məni Azərbaycana səfir göndərdilər. Delhidə olarkən bir çox ölkələrə səfir təyin olunmaq imkanım var idi. Amma mən Azərbaycanı seçdim. Çünki burada gedən sürətli inkişaf diqqətimi cəlb etdi. Biz Hindistanda diqqət yetirirdik ki, son 5-6 ildə qlobal iqtisadi böhrana baxmayaraq hansı ölkələr öz iqtisadiyyatını inkişaf etdirməyi bacardı. Belə ölkələrdən biri də Azərbaycandır. Mən bu inkişafı şəxsən görmək üçün Azərbaycana səfir təyin olunmağımı istədim. Düşünürəm ki, 2020-ci ilə kimi Azərbaycan inkişaf etmiş ölkələr liqasına daxil ola biləcək. Azərbaycana gəlməzdən əvvəl məlumatım bundan ibarət idi ki, qlobal böhrana baxmayaraq uğurlu inkişaf edən bir ölkədir. Amma iyun ayında artıq Bakıya gələndə yalnız çicəklənmə və inkişafla qarşılaşmadım, gördüklərim mənə Nyu-Yorku xatırlatdı. Çünki bura gəlməzdən əvvəl Nyu-Yorkda olmuşdum. Bakıda gəzərkən, dənizkənarı parkda olarkən mən özümü Nyu-Yorkda hiss edirəm. Artıq bir neçə gündən sonra mən və ailəm Bakıda özümüzü evimizdəki kimi hiss etdik. Burada çox rahatıq. Mənə elə gəlir ki, Avropa artıq tarixə çevrilir. Ən yeni tarix hazırda Hindistan, Çin, MDB ölkələrində yazılmağa başlayır. Ona görə Azərbaycana gəldiyimdən qətiyyən məyus olmamışam, məhz bu seçimi etdiyim üçün çox sevinirəm.
-Azərbaycanın iqtisadi inkişafını qeyd etdiniz. Yeri gəlmişkən, iki ölkə arasında iqtisadi əlaqələrin səviyyəsi o qədər də ürəkaçan deyil. Sizcə bu istiqamətdə hansı addımların atılması vacibdir?
-İki ölkə arasında ticarət dövriyyəsinin potensialdan xeyli aşağı olması ilə razıyam. Bu qətiyyən real vəziyyəti əks etdirmir. Adətən səfir təyin ediləndə diplomat fikir verir, əgər həmin ölkələr arasında ticarət yüksəkdirsə, onda səfirlərin işi müəyyən qədər yüngül olur. Çünki əməkdaşlıq iqtisadi sahədə yaxşı inkişaf edirsə, digər sferalar da onun ardınca inkişaf edir. Son 5 ildə ticarət dövriyyəsini əks etdirən rəqəmlər çox aşağı olub.
Ötən il ticarət dövriyyəsi
390 milyon dollar olub. Bu da əsasən
neftin hesabınadır.
Hindistandan Azərbaycana gələn
malların çeşidi
olduqca azdır. Əczaçılıq, elektron avadanlıqları,
avtomobillər əsas
ixrac etdiyimiz məhsullardır. Neft ticarət
dövriyyəsinin 70-80 milyon
dollarını təşkil
edir.
Son altı ayda bu rəqəmlərdə
böyük bir artım olub. 2012-ci ilin birinci yarısında
ölkələrimiz arasında
iqtisadi-ticarət əlaqələrinin
həcmi 700 milyon
dollar olub və bu rəqəmin ilin sonunda 1 milyard dollara çatacağını düşünürəm.
Hindistanın bir sıra şirkətləri Azərbaycandan
neft alır, son vaxtlar həmin neftin alınması çoxalıb. Bunun iki
səbəbi var. Birincisi,
Hindistanın neft emalı zavodları məhz Azərbaycan neftinin istifadəsini daha münasib sayırlar. İkinci səbəb İran
neftinə qoyulan sanksiyalarla bağlıdır.
Hindistanın neftə tələbatının
11 faizini İran nefti ödəyirdi, amma sanksiyalara görə biz həmin nefti Azərbaycandan alırıq. Biz qeyri neft sektorunda
əməkdaşlığı da inkişaf etdirməyə çalışırıq.
Hindistanda informasiya texnologiyaları
sahəsi olduqca inkişaf edib və dünyanın istənilən yerində Hindistan brendlərinin adını görmək mümkündür. Bundan başqa,
kənd təsərrüfatı
çox inkişaf edib. Hindistan Azərbaycanda İnnovasiya
Mərkəzi açmaq
barədə təklif
verib və bu təklif hələ də gündəmdədir. Bu ilin aprelində Bakıda keçirilən
hökumətlərarası komissiyanın iclasında müxtəlif sahələrdə
müzakirələr olub.
Azərbaycan komissiyanın iclasında
mərkəzin yaradılmasının
mümkün olduğunu
deyib. Hindistanın İnformasiya Texnologiyaları
Nazirliyi təklif edib ki, Azərbaycanın
nümayəndə heyəti
səfər etsin və konkret Azərbaycan modeli üçün nələrə
ehtiyac olduğu barədə fikirlərini
bildirsinlər. Hindistan bu
modeli əvvəllər
Daşkənddə və
Afrikada həyata keçirib. Azərbaycan üçün
bu sahədə hansı məqamlara diqqət yetirilməli olduğunu bilmək istəyirik. Səfərdən sonra bu barədə
ətraflı biləcəyik.
-İkitərəfli münasibətlərin
inkişafı üçün
başqa hansı tədbirlərin həyata
keçirilməsini zəruri
sayırsınız?
-Təəssüf ki, Hindistanda Azərbaycanı
yaxşı tanımırlar.
Burda bir problem əlaqələndirmə
ilə bağlıdır.
Bildiyiniz kimi bir neçə il əvvəl
Bakı-Delhi birbaşa
uçuşlar var idi. Sonradan iqtisadi cəhətdən
gəlirli olmadığı
üçün dayandırıldı.
Aprel ayında iki ölkə arasında hava əlaqəsinə dair sənəd imzalandı və yaxın vaxtlarda reyslərin bərpa olunacağına ümid edirik. Bundan başqa, iki
ölkə arasında
rəsmi və diplomatik pasportlara sahib şəxslərin vizadan azad olunmasına dair müqavilə hazırlanıb və yaxın vaxtlarda sənədin imzalanması
gözlənilir. Ümid edirəm
ki, müqavilə imzalandıqdan sonra vizaların alınması
hər iki tərəf üçün
asanlaşacaq. Biz Hindistana daha çox azərbaycanlının
səfər etməsində
maraqlıyıq. Ötən
il 2 mindən
çox azərbaycanlı
Hindistana səyahət
edib. Bizim ölkəmizin daha
çox azərbaycanlının
Hindistana səfər etməsində maraqlıdır.
Ona görə viza üçün müraciət
edənlər növbəti
gün vizanı alırlar. Amma son vaxtlar Hindistandan
bura səfər etmək istəyənlərin
şikayətlərini alırıq.
Azərbaycan səfirliyinə müraciət edəndə
viza üçün bəzi çətinliklər
olur, proses uzadılır. Biz bu məsələnin həll olunmasına çalışırıq və
ümid edirik ki, yaxın vaxtlarda imzalanacaq sənəddən sonra bu, daha liberal şəkildə həyata
keçiriləcək.
Bundan başqa
hazırda Azərbaycanla
Hindistan arasında imzalanmaq üçün
15 sənəd hazırlanıb.Onların
bəziləri artıq
tamamlanıb. Bu müqavilələr
arasında anlaşma memorandumları da var. Bunlar mədəniyyət,
təhsil, eksdradasiya, ikiqat vergiqoymanın aradan qaldırılması,
sərmayələrin qarşılıqlı
təşfiqi, kommunikasiya
və informasiya texnologiyaları, Bakı Musiqi Akademiyası ilə Hindistanın buna bərabər qurumu, səhiyyə, idman, gənclər eyni zamanda ətraf
mühitinin qorunmasına
dair əməkdaşlıq
üzrə sənədlərdir.
Bunlar elə müqavilələrdir
ki, imzalanmaları mütləq yüksək
səviyyəli rəsmilərin
səfərləri zamanı
baş tuta bilər.
Elə müqavilələr
var ki, mütləq
xarici işlər nazirlərinin, yaxud prezidentlərin iştirakı
ilə imzalana bilər.
Ona görə
də bu sənədlərin imzalanmasının
konkret tarixini demək çətindir. Sənədlərin bir çoxu artıq tamamlanmaq üzrədir. Bəzilərinin isə artıq imzalanmasını gözləyir.
-Bu sənədlərin imzalanması
siyasi əlaqələrin
inkişafına necə
təsir edə bilər?
-Bizim əməkdaşlığımızın
səviyyəsi iki ölkənin potensialına
cavab vermir. Ona görə də yüksək səviyyəli
səfərlərin həyata
keçirilməsi çox
vacibdir. Uzun müddətli
və davamlı əlaqələr yaratmaq üçün mütləq
hüquqi sənədlər
olmalıdır. Həmin hüquqi
sənədlər hazırlanıb,
imzalandıqdan sonra bizə onlara əsaslanaraq öz istəklərimizi həyata
keçirmək qalacaq.
Azərbaycandakı atəşgah ölkələrimiz
arasında münasibətlərin
hələ qədimdən
mövcud olmasına bir sübutdur. Biz bu məqamlardan istifadə edib əlaqələrimizi daha
da inkişaf etdirməliyik. Mən çox
istərdim ki, burda diplomat kimi çalışdığım müddət ərzində
mümkün qədər
əlaqələri irəli
aparım və hər iki tərəf
bu münasibətlərdən
qazansın.
Pərvanə
525-ci qəzet.- 2012.- 25 avqust.- S.7.