Suqovuşan” qəzeti Sabirabadın inkişaf yolunun güzgüsü kimi   

 

 “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımızda bölgə qəzetləri, region mətbuatı xüsusi yer tutur.Belə mətbu orqanlardan biri də “Suqovuşan” qəzetidir.

Qəzetin baş redaktoru Pakizə Məmmədova hazırda rəhbərlik etdiyi qəzetdə müxtəlif illərdə korrektor, ədəbi işçi, şöbə müdiri, redaktor müavini işləyib. 1992-ci ildən isə “Suqovuşan” qəzetinin baş redaktorudur. P.Məmmədova qəzetin tarixi haqqında məlumat verərkən bildirib ki, 1930-cu ildə iki səhifəlik “Pambıq cəbhəsində” adı ilə həyata vəsiqə alan qəzet ötən 82 ildə enişli-yoxuşlu yol keçərək bu günümüzədək öz dəyərini, cəmiyyətdə özünəməxsus yerini və rolunu qoruyub saxlamağa çalışıb: “Əslində rayon qəzetini zaman özü yaradıb. Ötən əsrin əvvəllərində dairə kimi ayrı-ayrı qəza və mahalların tərkibində fəaliyyət göstərən Petropavlovkaya 1930-cu ildə inzibati rayon statusu veriləndə onun rəsmi mətbu orqanını təsis etmək barədə qərar qəbul edilib. Qəzetə “Pambıq cəbhəsində” adının verilməsi də dövlət siyasətindən irəli gəlib. Kənd təsərrüfatının kollektivləşdirilməsi siyasətinin ortaya atıldığı bir vaxtda Muğan düzündə pambıqçılığın inkişaf etdirilməsi, bütün qüvvələrin bu strateji əhəmiyyətli məhsulun istehsalının artırılması naminə səfərbərliyə alınması üçün təbliğat-təşviqat işlərinin gücləndirilməsində “Pambıq cəbhəsində” qəzetinin üzərinə mühüm vəzifələr düşürdü. Bir il sonra rayona Azərbaycanın böyük şairi Sabirin adı verildi. Qəzet isə hələ iki səhifə həcmində A-3 formatında çıxır, materiallar əl şriftləri ilə yığılır, mexaniki üsulla çap olunurdu.

Milli mətbuatımızın banisi Zərdabi yazırdı ki, hər bir vilayətin qəzeti o vilayətin aynasıdır. Pambıq cəbhəsindəqəzetinin 1939-cu ildə buraxılmış saylarının birində dərc olunmuş bir xəbəri diqqətinizə çatdırmaqla o dövrdə nəinki Sabirabadda, eləcə Azərbaycan kəndlərində yaşayış səviyyəsinin hansı vəziyyətdə olması barədə təsəvvür yaratmaq olar.Qolxozçular bolşevik  qolxozu qolxozçular varlı olmuşlarsərlövhəli yazını bir hərfinə belə toxunmadan verirəm: “Qolxozçuların qulturası artıb inkişaf edərək qolxozçu evlərində qultur yaşayış, stol, stul, burjunnu qravat, patifon, radiopriyomniq başqa qultur şeyləri daha da artmaqdadır. Təkcə 32 təsərrüfata malik olanSovetlərqolxozunda 24 qolxozçunun evində patifon, qarmon başqa qultur səliqələri vardır”. Şərhə ehtiyac yoxdur. Tarixin salnaməsi olaraq qəzetimizdən götürdüyümüz təkcə bu informasiya ilə  inkişafımızı müqayisə etməyə dəyər”.

Baş redaktor bildirib ki, Böyük Vətən müharibəsi başa çatdıqdan sonra hər yerdə olduğu kimi, Sabirabadda da bütün qüvvələr quruculuq işlərinə, kənd təsərrüfatının inkişafına, adamların zərbəçi əməyə səfərbər olunmasına yönəldilmiş bu siyasətin həyata keçirilməsində rayon qəzetinin rolundan geniş istifadə olunub. P.Məmmədovanın sözlərinə görə, həmin dövrdə qəzetin səhifələrinin sayı artıb, mətbəəyə yeni avadanlıqlar verilib: “1962-ci ildəPambıq cəbhəsində”nin fəaliyyətinə xitam verilib. Azərbaycan KP MK-nın qərarına əsasən, yaradılan Sabirabad rayonlararasıMuğanqəzeti Əli Bayramlıindiki Şirvan şəhərini Saatlı rayonunu da əhatə edirdi. Qəzetin redaksiyası mətbəəsinin Sabirabadda yerləşməsinə baxmayaraq əməkdaşlar digər texniki işçilər hər üç rayonu təmsil edir, qəzeti həmin rayonların həyatını işıqlandıran materiallarla təmin edirdilər.Muğanrayonlararası qəzet kimi cəmi 3 il fəaliyyət göstərib, rayonlar  öz qəzetlərinin buraxılışını davam etdiriblər. Muğanqəzeti isə RPK-nin XDS-nin orqanı kimi Sabirabad rayonu çərçivəsində fəaliyyət göstərib”.

P.Məmmədova qeyd edib ki, qəzetin keçdiyi dövrdən danışarkən rayonun inkişaf yoluna nəzər salmaq lazımdır: “Bu baxımdan 1969-1982-ci illər Azərbaycanda bütün sahələrin, o cümlədən mətbuatın və jurnalistikanın inkişafında çox mütərəqqi dövr olub. Respublikanın mətbu orqanlarının, o cümlədən rayon qəzetlərinin inkişafı, redaksiyaların ixtisaslı jurnalist kadrları ilə təmin edilməsi istiqamətində mühüm addımlar atılıb. Mətbəələr ilbəil müasir poliqrafiya maşınları ilə təmin edilir, qəzetlərin tirajı yüksəlirdi. Bizim qəzetin tirajı da artıq 20 min nüsxə həddinə çatmışdı. O dönəmdə Azərbaycan KP MK-nın birinci katibi olan ümummilli liderimiz Heydər Əliyev hər il, bəzən ildə iki dəfə Sabirabada səfər edir, pambıq tarlalarında, taxıl zəmilərində, heyvandarlıq komplekslərində əməkçilərlə görüşüb, onların işi və qayğıları ilə yaxından maraqlanırdı. Respublika rəhbəri səfərləri zamanı görkəmli alimləri, tanınmış mədəniyyət xadimlərini, yazıçı və şairləri də özü ilə gətirirdi. Bu isə zəhmətkeşlərin əmək coşqunluğunun artmasına, ruh yüksəkliyinə səbəb olurdu. O illərdə pambıqçılıq rayonlarının zona müşavirələri Sabirabadda keçirilirdi. Rayonumuzda pambıq istehsalı 110 min tona çatmışdı. Rayonda hər il məhsul bayramları keçirilir, qabaqcıllara minik avtomobilləri, qiymətli hədiyyələr və s. verilirdi. Sabirabadlıların əziz dostu Heydər Əliyev rayon əhalisinin arzu və istəklərinin reallaşmasına yaxından kömək göstərirdi. Rayonda tikinti-quruculuq işləri ilbəil genişlənirdi. Kür çayının üzərində nəhəng körpü, möhtəşəm mədəniyyət sarayı, müasir məktəblər, rabitə, səhiyyə və mədəniyyət ocaqları, qrup su kəməri qurğusu, çoxmərtəbəli yaşayış evləri və digər sosial tikililər az müddət ərzində rayonun simasını tanınmaz dərəcədə dəyişmişdi. Bu obyektlərin bir çoxunun təntənəli açılışında ümummilli lider Heydər Əliyev şəxsən özü iştirak edib. Respublika rəhbərinin rayonumuza səfərləri, əhali ilə görüşləri, kənd təsərrüfatında qazanılan uğurlar, rayonda aparılan işlər “Muğan” qəzetinin səhifələrində özünə yer alan qiymətli materiallardır və həmin illərin qəzet bağlamaları redaksiyamızın arxivində bu günədək qorunub saxlanılır. Onu da qeyd edək ki, o vaxt taxılçıların sosializm yarışını operativ işıqlandırmaq üçün məhsul yığımı dövründə qəzeti gündəlik çıxarırdıq. Doxsanıncı illərdə 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağ müharibəsinin acıları, torpaqlarımızın erməni işğalçıları tərəfindən zəbt olunması nəticəsində doğma yurdlarından zorla çıxarılan 20 mindən artıq soydaşımızın Sabirabadda məskunlaşması, şəhidlərimizin qəhrəmanlıq dolu şərəfli ömür yolu, Qarabağ əlillərinin qayğıları... Bütün bunlar o dövrdə qəzetimizin əməkdaşlarının qələmə aldıqları  mövzular olub. Qaçqın və məcburi köçkünlərin ilk gündən qəzetimizlə sıx bağlılığı yarandı. Onların həyatından bəhs edən materiallar, köçkünlərin bədii yazıları qəzetin hər nömrəsində “Yurd həsrəti” adlı xüsusi səhifədə dərc olunurdu. Qəzeti çətinliklə buraxdığımız həmin çağlarda mətbəəmizdə məcburi köçkün və qaçqın şairlərin şeir kitablarını nəşr edirdik”.

Baş redaktor bildirib ki, 1992-ci ildə qəzet təsisçilərinin və çoxsaylı oxucuların təklifi ilə qəzetin adı dəyişdirilərək “Suqovuşan” adlandırılıb”.

 

(Ardı var)

 

 

Bəxtiyar MƏMMƏDLİ

 

525-ci qəzet.- 2012.- 28 avqust.- S.4.