Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafında medianın rolumövzusunda beynəlxalq seminar keçirildi   

 

Avqustun 28-də Bakıda TÜRKSOY, İSESCO və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə “Mədəniyyətlərarası dialoqun inkişafında medianın rolu ” mövzusunda beynəlxalq seminar keçirilib.

Seminarda Türkiyə, Qırğızıstan, Özbəkistan, Tacikistan kütləvi informasiya vasitələrinin, həmçinin TÜRKSOY-un və İSESCO-nun nümayəndələri iştirak ediblər. Tədbirdən öncə təşkilatçılar Fəxri Xiyabana gedərək Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, önünə çələng qoyublar. Bundan sonra tədbir geniş heyətlə Beynəlxalq Mətbuat Mərkəzində davam edib. Seminarı giriş sözü ilə açan TÜRKSOY-un Azərbaycan üzrə təmsilçisi Elçin Qafarlı tədbirin əhəmiyyətindən danışaraq, onun Azərbaycanda keçirilməsinin heç də təsadüf olmadığını deyib. Gələn il TÜRKSOY-un 20 illik yubileyinin keçiriləcəyini vurğulayan E.Qafarlı Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə yaradılmış bu qurumun bir çox beynəlxalq layihələrə imza atdığını bildirib. TÜRKSOY-un Azərbaycan üzrə təmsilçisi qeyd edib ki, uğurlu fəaliyyətlərlə dolu bu 20 il türkdilli xalqların mədəni həyatının canlanması baxımından qızıl illər kimi qiymətləndirilməlidir.

Mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolunun əvəzedilməz olduğunu söyləyən E. Qafarlı Türk mədəniyyətini dünyaya tanıtdıran jurnalistlərin mükafatlandırıldığını da seminar iştirakçılarının diqqətinə çatdırıb: “Türk mədəniyyətini dünyaya təqdim edən jurnalistlərə üç ildir ki, “TÜRKSOY-un mətbuat mükafatı ” təqdim edilir”. O qeyd edib ki, mədəniyyətlərarası dialoqun gücləndirilməsində KİV-lərin rolunun artırılması istiqamətində bundan sonra da ciddi işlər görülməlidir”.

Seminarda İSESCO-nun baş katibinin müavini Muhtar Ahmedin adından təşkilatın müraciəti oxunub. Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Vasif Eyvazzadə Azərbaycan mədəniyyətinin təbliği istiqamətində xeyli işlərin görüldüyünü və mədəniyyətlərarası dialoqun çox vacib bir məsələ olduğunu qeyd edib. V. Eyvazzadə bildirib ki, bu, artıq qlobal bir prosesə çevrilib və Azərbaycan bu prosesin əsas tərəfdaşıdır: “Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən irəli sürülən təşəbbüslər mədəniyyətlərarası dialoqun inkişafında böyük əks-sədaya səbəb olmuşdur ”.

Tədbir iştirakçılarını salamlayan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə mədəniyyətlərarası ünsiyyətin sağlam məcrada inkişaf etməsinin olduqca aktual olduğunu deyib:Bu gün dünyada sivilizasiyaların dialoqu, qarşılıqlı anlaşması və daha da möhkəmlənməsi, mədəniyyətlərarası ünsiyyətin sağlam məcrada inkişaf etməsi məsələləri olduqca aktuallaşıb. Bəşər övladının indiyə qədər keçib gəldiyi yol sübut edir ki, mədəniyyətlərin dialoqu olmadan dünya yalnız fəlakətlərə sürüklənə bilər ”. Azərbaycanın beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazandığını söyləyən icraçı direktor Prezident İlham Əliyevin bu məsələyə ciddi önəm verdiyini bir daha tədbir iştirakçılarının nəzərinə çatdırıb: Son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin statistikasına diqqət yetirsək aydın şəkildə görərik ki, bu sahədə təşəbbüslərin çox böyük əksəriyyəti artıq beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanmış Azərbaycan tərəfdən gəlib. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın dəstəyi və bilavasitə təşkilatçılığı ilə ölkəmizdə reallaşdırılan nüfuzlu beynəlxalq mədəniyyət tədbirləri respublikamızı dünyanın mədəni həyatının mərkəzinə çevirib desək, yanılmarıq. Diqqətinizə çatdırım ki, 2010-cu il sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nyu-Yorkda BMT Baş Məclisinin 65-ci sessiyasında 2011-ci ilin aprelində Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini rəsmən bəyan etmişdi. Azərbaycan tərəfinin dünya üzrə ilk belə bir mötəbər məclisin Bakıda keçirilməsi ilə bağlı təşəbbüsünü o vaxtlar bir sıra nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən YUNESKO, Avropa Şurası və onun Şimal-Cənub Mərkəzi, BMT-nin Sivilizasiyalar Alyansı yekdilliklə dəstəklədilər. Təqdirəlayiq haldır ki, təkcə dəstəklə bitmədi, yuxarıda adları çəkilən qurumlar, həmçinin İSESKO Bakı Forumunun beynəlxalq tərəfdaşlarına çevrildilər. İndi fəxrlə deyə bilərik ki, ölkəmiz bu gün əsas mədəniyyətlərarası dialoq mərkəzlərindən biri hesab olunur ”.

Müasir dövrdə medianın mədəniyyətlərarası münasibətlərin inkişafında rolunun əvəzsiz olduğunu söyləyən V. Səfərli təmsil etdiyi qurumun bu sahədə gördüyü işlərdən də danışıb. O bildirib ki, mədəniyyətlərarası dialoqun təşviq edilməsi istiqamətində medianın üzərinə böyük vəzifə düşür: “Heç kəsə sirr deyil ki, mədəniyyətlər arasında insanlara daha dolğun məlumatı kütləvi informasiya vasitələri çatdırır. Bu baxımdan Azərbaycan mətbuatı tarixən tolerantlığa, millətlərarası münasibətlərin inkişafına və sülhə xidmət edib. Deyilənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci ildə imzaladığı “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”nda da öz əksini tapıb. Hər il konsepsiya çərçivəsində Fond müntəzəm olaraq bu istiqamətdə KİV layihələrinə maliyyə dəstəyi verir”.

Tədbirdə “Qərbə Doğru Axan Çay” sənədli filminin qısa təqdimatı olub. Bundan sonra Seminar millət vəkili Qənirə Paşayevanın çıxışı ilə davam edib. Müzakirələrdə Türkiyə Mədəniyyət Araşdırma mərkəzinin nümayəndəsi Agah Karlıga, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Özbəkistanın nümayəndəsi Umida Maniyazova, Tacikistanın nümayəndəsi Nazarali Prnazarov, Qırğızıstan nümayəndəsi Yıldız Orospakova və Türkiyə nümayəndəsi prodüser-rejissor Cengiz Gökltaş çıxış ediblər. Tədbirin sonunda tövsiyə xarakterli sənəd qəbul olunub. Qeyd edək ki, TÜRKSOY, İSESCO VƏ KİVDF təşkilatçılığı ilə Bakıda keçirilən beynəlxalq seminar üç gün davam edəcək. Proqrama əsasən seminar iştirakçılarının AzərTac informasiya agentliyi, Türkdilli ölkələrin Parlament Assambleyasında, Azərbaycan respublikası Mədəniyyət və Turizm Nazirliyində, Azərbaycan Mətbuat Şurasında görüşləri də nəzərdə tutulub. Bundan əlavə tədbir iştirakçıları mədəniyyət proqramı çərçivəsində paytaxtımızın bir çox görməli yerləri ilə o cümlədən Dövlət Bayraq Meydanı, muzey mərkəzləri ilə də tanış ola biləcəklər.

 

 

525-ci qəzet.- 2012.- 29 avqust.- S.4.