“Suqovuşan”
qəzeti Sabirabadın inkişaf yolunun güzgüsü kimi
(Əvvəli 28 avqust
sayımızda)
1992-ci ildə qəzet təsisçilərinin və çoxsaylı oxucuların təklifi ilə qəzetin adı dəyişdirilərək “Suqovuşan” adlandırılıb. Baş redaktor P.Məmmədova bildirir ki, 1993-cü ildə Azərbaycanın həyatında yeni bir dövrün başlanğıcı qoyulub: “Xalqımızın təkidli xahişi ilə ümummilli lider Heydər Əliyev Azərbaycana siyasi rəhbərliyə qayıtdı. Hələ 1992-ci ildə Naxçıvanda yaşayıb- işləyən Azərbaycanın dahi oğlu Heydər Əliyevlə görüşən bir həmyerlimizin təəssüratlarını qəzetimizdə dərc etmişdik. “Məndən sabirabadlılara salam söyləyin” sərlövhəli yazıda, işinin çox gərgin olmayasına baxmayaraq, ulu öndər Heydər Əliyevin sabirabadlıların vəziyyəti ilə maraqlanması, ötüb keçənləri xatırlaması, bu torpağın insanlarına dərin məhəbbəti qələmə alınb. Onu da qeyd edək ki, həmin yazı qəzetimizdə dərc olunandan sonra biz bir sıra təzyiqlərlə də üzləşdik.
Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində iqtitsadiyyatın bütün sahələrində islahatların aparılması qəzetimizə yeni mövzular gətirdi. Müstəqil dövlətçiliyimizin banisi və qurucusu Heydər Əliyevin yeritdiyi müdrik daxili və xarici siyasətin rayon ictimaiyyəti arasında təbliği, rayonun sosial həyatında və iqtisadi sahədə görülən işlər qəzetin hər sayında işıqlandırılan mövzular oldu. Ulu öndər 1998-ci ildə Sabirabada növbəti səfər etdi. Bu dəfə əsasən köçkün düşərgəsində məskunlaşan soydaşlarımızla görüşdü. Bu, dahi rəhbərin Sabirabad rayonuna 15-ci – sonuncu səfəri oldu”.
Baş redaktorun sözlərinə görə, bu gün Sabirabad yeni inkişaf dövrünü yaşayır: “Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısını hər an hiss edən sabirabadlılar sabaha böyük inamla baxırlar. Ölkə prezidentinin rayonumuza səfərləri, Sabirabadın sosial-iqtisadi inkişafını sürətləndirmək barədə ardıcıl imzaladığı sərəncamlar, Kür çayının törətdiyi təbii fəlakətin fəsadlarının aradan qaldırılması ilə bağlı verdiyi qərar və tapşırıqlar əsasında aparılan işlər getdikcə geniş vüsət alır. Kür üzərində ilk körpünü ulu öndər inşa etdirmişdir, bu gün əhalinin arzusunu nəzərə alan dövlət başçısının qərarı ilə bu çayın üzərində ikinci körpü salınır. Sabirabad böyük tikinti meydanını xatırlayır. Bu günlərdə su-kanalizasiya sisteminin təməli qoyulub. Kəndlərə asfalt yollar çəkilib, sutəmizləyici qurğular inşa olunub. YAP rayon təşkilatı, Maliyyə idarəsi, Mərkəzi Xəstəxana, şəhər məktəbləri üçün binalar inşa olunur. Rayonun baş meydanı yenidən qurulur. Elektrik təsərrüfatı təzələnir, təbii qaz şəbəkəsi genişlənir. Görülən işlər barədə danışmaqla qurtarmaz. Buna uyğun olaraq qəzetin hər sayı aparılan abadlıq-quruculuq işlərinin gedişindən xəbər verir. Bu günümüzü doğru-dürüst əks etdirməklə Sabirabadın tarixini yazır və yaşadır”.
P.Məmmədova vurğulayıb ki, qəzetin maraqlı və oxunaqlı buraxılması ilə bərabər, onun simasının cəlbedici olmasına da xüsusi fikir verilir: “Qəzetçilərin yaxşı yadındadır ki, doxsanıncı illərdə Azərbaycan nəşriyyatında fotoşəkillərin klişe edilməsi artıq mümkün deyildi. Rayon qəzetləri şəkilsiz çıxmaq məcburiyyətində qalmışdı. Qəzetimizin simasında yaranan bəsitlik bizi qane etmirdi. 1997-ci ildən qəzetin xüsusi saylarını Bakıdakı nəşriyyatlarda yığdırıb rəngli, şəkilli hazırlatdırıb çap etdirirdik. Artıq latın qrafikalı Azərbaycan əlifbasına keçəndə bizim bu sahədə müəyyən təcrübəmiz vardı. 2001-ci ilin avqustundan isə qəzet ardıcıl olaraq Azərbaycan nəşriyyatında yığılır, səhifələnib çap olunurdu. Bu çətinlik də uzun sürmədi. Bir mətbuat təəssübkeşi olan müəssisə rəhbərinin redaksiyamıza bağışladığı kompüter avadanlığında materialların yığılması və səhifələnməsini həyata keçirir, Azərbaycan nəşriyyatında çap etdirirdik. O vaxtdan indiyədək işlərimiz bu qaydada davam edir. Qəzet ən çətin məqamlarda belə fəaliyyətini dayandırmayıb. Biz vaxtaşırı olaraq 8 səhifəlik qəzetlər də buraxırıq. Hətta 12-16 səhifəlik qəzetlərimiz də olub. Dəfələrlə A-2 formatlı qəzetlər nəşr etmişik. Sabirabadın 80 illiyi, 2011-ci ilin yekunları, “İdman ili” münasibətilə çıxardığımız iriformatlı rəngli və xüsusi parlaq kağızlarda çap olunmuş qəzetlərimiz oxucular tərəfindən maraqla qarşılanıb”.
Baş redaktor bildirib ki, “Suqovuşan” (əvvəlki “Muğan”) qəzeti respublikada həmişə sayılıb- seçilən qəzetlərdən olub. Onun dediyinə görə, hələ vaxtilə SSRİ Jurnalistlər İttifaqının “Qızıl qələm” mükafatına layiq görülən qəzetə müstəqillik dövründə azad və demokratik Azərbaycan Respublikasının iqtisadi və mədəni dirçəlişində xidmətlərinə, zəhmətkeşlərin mənəvi tərbiyəsi sayəsində uğurlarına görə “Azərbaycan Bayrağı” diplomu, rayonun ictimai-siyasi həyatının işıqlandırılması sahəsində səmərəli fəaliyyətinə görə “Vətən” Media Mükafatı verilib: “Ayrı-ayrı əməkdaşlırımız müxtəlif Diplom, Fəxri fərman və tərifnamələrlə təltif olunub. 2010-cu ildə-Milli Mətbuatımızın 135 illiyi münasibətilə respublikanın “Əməkdar jurnalist” fəxri adına layiq görülən jurnalistlərdən biri də mən olmuşam. Bu qayğı və diqqətə görə möhtərəm prezidentimiz cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Lakin mütəmadi olaraq gözəl qəzet buraxmaq, rayon mətbuatını inkişaf etdirmək həvəsini reallaşdırmaq heç də hər zaman mümkün olmur. On il əvvəl verilən kompüter avadanlıqları dövrünü keçirdiyindən daha müasirinə ehtiyacımız var. Doğrudur, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ötən il bütün şəhər-rayon qəzetləri kimi, bizim redaksiyaya da nootbuk, A-4 formatlı printer, fotoaparat və diktofon hədiyyə edib. Buna görə Fondun rəhbərliyinə minnətdarlığımızı bildiririk. Lakin redaksiyanın əsasən A-3 formatlı printerə və digər kompüter avadanlıqlarına ciddi ehtiyacı var”.
“Suqovuşan” qəzetinin baş redaktoru qeyd edib ki, qəzetin işıq üzü görməsində qarşılaşdıqları çətinliklər onlardan asılı olmayan səbəblərdən yaranır. Onun sözlərinə görə, başlıca səbəb isə redaksiyanın maliyyə durumunun aşağı səviyyədə olmasıdır: “Tam təsərrüfat hesabı ilə fəaliyyət göstərən rayon qəzetlərinin gəlir mənbəyi əsasən abunə yazılışındandır. Xırda elanlardan daxilolmalar cüzi məbləğdir. Redaksiyanı saxlamaq, hər dəfə qəzeti taksi ilə Azərbaycan nəşriyyatına aparıb çap etdirmək, işçilərin əmək haqqı, vergi və digər ödəmələr, xidmət köçürmələri və s. üçün redaksiyanın dayanıqlı maliyyə vəsaiti olmalıdır. 500-700 abunə ilə (illik 30 manat) əmək haqqını ödəyəndə xərclər qalır və yaxud əksinə. Beləliklə, bu sayda abunədən gələn gəlir xərclərimizi ödəmir. Elə vaxt olur ki, əmək haqqının verilməsində aylarla fasilə yaransa da (əmək haqqı 200 manatdan yuxarı deyil) qəzetin buraxılışını borc-xərclə də olsa dayandırmırıq. Sabit maliyyə vəsaiti olmadığından işdən gedən əməkdaşların yerinə yenisini götürə bilmirik. İş şəraitimizə gəlincə deyə bilərəm ki, vaxtilə müvəqqəti olaraq yerləşdiyimiz uyğunlaşdırılmış binanın dörddə bir hissəsində fəaliyyət göstəririk ki, bu da bizə çox cansıxıcı gəlir”.
“Yerli qurumlardan informasiya əldə olunmasında çətinliklər olurmu” sualına cavab olaraq P.Məmmədova bildirib ki, rayon qəzetləri bölgə həyatına daha yaxın mətbu orqanlardır: “Redaksiyamızın xidməti avtomobili olarsa, biz rayonun ən ucqar ərazilərini belə (əvvəlki dövrdə olduğu kimi) gəzib, öz gözümüzlə görüb yazmağımız daha yaxşı olardı”.
Baş redaktor qeyd edib ki, bir neçə il əvvəl “Azərbaycan” qəzetində “Bizi niyə unutmusunuz” sərlövhəli yazısında rəhbərlik etdiyi mətbu orqanın problemlərini diqqətə çatdırıb: “Milli mətbuatımızın 135 illiyinə həsr olunmuş Lənkəran müşavirəsində çıxış edərək ümumilikdə rayon qəzetlərinin qarşılaşdıqları çətinliklərə ciddi sürətdə toxunmuşam. Əslində, necə deyərlər, biz varımızdan yox olmuşuq. Rayon qəzetlərinin əvvəlki ştat vahidləri əvəzində 5-6 işçi qalıb ki, onun da cəmi 2-si yaradıcı işçidir. Bu sayda heyətlə rayon həyatına dərindən nüfuz etmək, ürəyin istəyən və bugünkü tələbi ödəyən qəzet buraxmaq çətindir. Biz bu mənada kimi isə tənqid etmək fikrindən uzağıq. Deyilənlər “Suqovuşan” qəzeti kimi, əksər rayon qəzetlərinin gündəlik yaşantılarıdır. Lakin inamımızı itirməmişik. Milli mətbuatın 137-ci ildönümünün qeyd olunduğu tədbirlərin birində Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri, hörmətli Əli Həsənovun nitqində dövlət büdcəsindən maliyyələşən qurumların gəlirlərinin bir faizinin redaksiyalara köçürülməsinin mümkünlüyü barədə eşitdiklərimiz biz jurnalistlərin qəlbində ümid çırağı yandırıb. İnanırıq ki, rayon qəzetlərinin fəaliyyətini əvvəlki vəziyyətinə qaytarmaq, jurnalistlərin sosial qayğısına qalmaq, ümumiyyətlə region mətbuatının inkişafı üçün tədbirlər görülməsi gündəmə gələcək”.
Bəxtiyar MƏMMƏDLİ
525-ci qəzet.-
2012.- 30 avqust.- S.4.