Şair Salam Sarvan üçün “allah kəssin” düşüncələrindən…

 

 Mən ən az özümü itirdim

bu həyat dediyiniz “nədir”sədə,

özümə bir az qalmış unutdum

dostumu, anamı,

bir də çörək pulunu...

kişilər alınlarından,

bunu bir dəfə demişdim.

 

 

hamıya yadlaşmaqmış

səndən sonrası,

içib göyə ulamaqmış,

köçüb getməkmiş birdəfəlik

bütün adamlardan,

daha

uçulmağa məhkum

kərpic divar ömrüdü mənimki...

daha

vağzala gecikmiş qatar

fiti qədər ünvansızdı

darıxmağım da...

sən məndə üzməyi öyrənəndə

mən səndə çoxdan boğulmuşdum...

indi

islanmış küçük qədərəm

bu yer üzündə...

bilmirəm sən

kimi gözləyirsən

hələ də...

 

 

lll

 

 

Xərçəng göz yaşı boyda

nöqtə qoydu

ömrünün sonuna...

“1956-da doğulub.

Orta təhsilli evdar qadın olub.

2011-də dəyişib dünyasını...”

yazdım “karakol”da.

həyatın üç cümləyə sığdı, anam,

ömür bunca qısaymış yəni...

sən məni dilsizliyimdə anlardın,

mənsə,

heç bir dildə anlamadım gedişini.

sən demə,

bizi atama tapşırdın, atamı allaha, özünü...

təkcə özünü tapşırmağa

kimsən olmadı...

bu dünyayla vidalaşmaqdan çox,

ölümlə salamlaşmağa bənzəyirdi,

lütfən...

qollarını

çiynindəki mələklərin

yanına qaldırmağın

təslim olmağın idi xəstəliyə.

ağrıdan

xəfifcə yumulmuş əllərini açmağın

tanrıdan ömür dilənmək deyildi,

əlini üzməyin işarəsiydi

hamıdan...

bizi sevgimiz dustaq eləyir,

nifrətimizsə qoymur azad olaq!

insan bu aralıqda keçirir günlərini.

sən bu aralıqdan qaçdın, anam...

 

 

bacım

ayaqlarını qucub yalvarırmış,

“getmə!..”

bağırırmış, “qal!..”

düzü, mən uzaqlardaydım

o zaman.

bacımın səsindən çox,

ölümünün susqunluğu dəldi

qulağımı ən əvvəl...

göz yaşı boyda nöqtə qoydu

ömrünün sonuna, xərçəng...

mənsə...

Lütfən...

 

 

lll

 

 

Kəsib tullayasan qollarını da,

yetim saxlayasan qucaqlarını...

biryolluq hamıdan küsüb gedəsən,

bir it qucaqlaya ayaqlarını...

 

 

ay ağac, yazıqsan – qış ağacısan,

bu bekar torpağın boş ağacısan,

bilsəydim anamın baş ağacısan,

o vaxt sındırmazdım budaqlarını...

 

 

öləsən, qəbrinlə boyun düz gələ,

yasına unutduğun 5-3 qız gələ,

bir gün uzaqlardan bir payız gələ,

deyə ki, qaytarın yarpaqlarımı!..

 

 

lll

 

 

Elə unudasan unudanda da,

özün də yadınnan çıxasan elə.

qoyasan özünü qapı ağzında,

durub pəncərədən baxasan elə...

 

 

bir şeir yazasan həmin qadına,

yanasan bir gilə kibrit oduna,

atasan özünü qatar altına,

o qız da şeirini oxuyub gülə...

 

 

qısılıb qalmışam quş kölgəsinə,

nə yaxşı qovuşdun bir özgəsinə.

mən qurban gedərəm körpə səsinə,

ey təki səadət xəbərin gələ...

 

 

lll

 

nə vaxtsa bir gün

bədənimi

doğrayıb göndərəcəm sənə...

sağ qolumu boynuna salıb

dizinin üstə qoyarsan başımı...

ayaqlarımda gözün olsun,

arxamca düşüb axtarmasınlar məni...

barmaqlarımı yanaşı düzərsən –

18 eləyəcək mütləq.

tətikçi barmaqlarım

mənsiz qalacaq, əlbət...

öz əllərimlə

məni güllələməyəsən deyə,

nə vaxtsa, bir gün

qatilim olmayım deyə,

dənizə atacam barmaqlarımı...

bədənimi doğrayıb

göndərəcəm sənə,

yorğun dizlərimə döyüb

rahatca ağlayarsan

nə vaxtsa,

bir gün, bir gün, lap yaxınlarda...

mütləq ağlayarsan..

 

 

Şəhriyar del Gerani

525-ci qəzet.- 2012.- 1 dekabr.- S.30