Aşıq Kamandar haqqında xatirələr

 

 

Aşıq Kamandar təzənəni tellərə yox, ürəklərə çəkirdi. Aşıq Kamandarın səsi boğazdan yox, ürəkdən gəlirdi. Aşıq Kamandar dərsini kitablardan yox, qırxlar pirindən, ələst aləmindən, ərənlər məclisindən almışdı. Boyu-buxunu da, yerişi-duruşu da, durumu-qırımı da, səs diapazonunun genişliyi də, nəfəs mənzilinin uzaqlığı da, avazı-laylası da, on bir telli, uzunqollu, gen sinəli tavar sazı da bəndənin yox, Allahın əsəridi.

Aşıq sənətinin iki nəhəng ustadından dərs almışdı. Nağıllı-dastanlı xəzinənin zənginliyini Aşıq Sadıqdan, sazın möcüzəsini, sehrini Aşıq Əmrahdan götürmüşdü. Aşıq Sadıq Sultanovun şəxsiyyətinə Allah kimi səcdə edərdi. Onun sənətinin sirlərindən, bənzərsiz xüsusiyyətlərindən, səhnə mədəniyyətindən, səs oynatmalarından, müxtəlif dilləri kamil bilməsindən, sənəti həmişə uca saxlamaq, tamaşaçılarını, dinləyicilərini sehirləmək, məclisi ovsunlamaq məharətindən danışmaqdan doymazdı. Aşıq Əmrahın xallı-güllü, keçidli-döndərməli, aşırımlı-bələnli barmaqlarında nə güc vardısa, hamısını öz barmaqlarına köçürmüşdü. “Aşıq Kamandarın ifasında filan hava daha gözəl səslənir” – demək qeyri-mümkün idi. O, hansı havaya əl aparırdısa, onu səsinin laylası, barmaqlarının sığalı ilə ilahi bir yüksəkliyə qaldırırdı, elə bir yüksəkliyə ki, ora heç bir ifaçı aşıq qalxa bilmirdi.

Hansı havanı daha çox sevirdim? “Dastanı”ydımı?, “Ruhani”ydimi?, “Məmmədbağırı”ydımı?, “Yanıq Kərəmi”ydimi?, “Qaradonnu”ydumu?, “Bəhmanı”ydımı?, “Sultanı”ydımı?, “Kərəmköçdü”ydümü?, “Baş sarıtel”iydimi?, “Qara kəhər”iydimi? Hansını sayım, hansını dilə gətirim?! Hamısı gözəl idi, hamısı, hamısı, hamısı... Hər hava onun ifasında heykəlləşir, ilahiləşirdi.

 

Aşıq olub tərki-vətən olanın,

Əzəl başdan pür kamalı gərəkdi.

Oturub duranda ədəbin bilə,

Mərifət elmində dolu gərəkdi.

 

Elə bil bu müqəddəs və ölməz misraları Dədə Ələsgər Dədə Kamandar üçün söyləmişdi. Kamandar əhli-ürfan məclislərinin aşığı idi. Sazı-sözü çayxana-meyxana səviyyəsinə endirənlərlə heç vaxt barışmazdı. Özünün qiymətini çox gözəl bilirdi. Mətahını baha satırdı. Özünü şax tutardı. Yersiz əllaməliyin yox, təbii yeniliklərin tərəfdarı idi. Nazı sazına yaraşırdı, sazı da nazına. “Mərifət elmindən halı” olmayanlara o yolun yolçusu olmağı tövsiyə etməzdi. Qarnı üçün yox, qədri üçün yaşayıb yaradırdı. Təzənə tellərə toxunan kimi, o an hamı bilirdi ki, bu, Kamandar sazıdı. Ağır və ləngərli, təmkinli və dalğalı, asta və usta. Nə çalanda, nə də oxuyanda qətiyyən tələsmirdi. Yarada-yarada, yana-yana, duya-duya, düşündürə-düşündürə, insanı dərinliklərə və ucalıqlara qovuşdura-qovuşdura Kamandarlıq eləyirdi.

“Divani”dən “Təcnis”ə, “Təcnis”dən “Qaraçı”ya, “Qaraçı”dan “Dübeyti”yə, “Dübeyti”dən ta “Müxəmməs”ə qədər keçidləri ilə keçir, havadan havaya elə körpülər salırdı ki, onun kamilliyinə, ustadlığına heyran qalmamaq olmurdu.

Yeri gəlmişkən, “Baş Divani” havasına Qurbanidən oxuduğu bir şeirin üstündə Kamandarvari gəzişmək istəyirəm:

 

Fələk, sənlə əlləşməyə bir belə meydan ola,

Açıla Haqqın qapısı, ədalət-divan ola.

 

Onun oxumağı oxumaq deyildi, fələklərə meydan oxumaq idi. Haqqın qapısını açmağa can atırdı, ədalət-divan axtarırdı. Həyatda olan ədalətsizliyə, haqsızlığa, zorakılığa, yalana, böhtana, şərə, süründürməçiliyə, insanı əzən, insani dəyərləri öldürən xüsusiyyətlərə üsyan idi onun oxumağı. O, bir ustad sənətkar kimi çox gözəl bilirdi ki, Haqqın qapısını açmağa ancaq haqq vergisi olanların gücü çatar.

 

Pərim, zülfün kölgəsində

                      bir qədər yatmaq gərək,

Tabutumdu sərv ağacı,

                       kəfənim yarpaq gərək .

 

Aşıq Kamandarın ömür-gün yoldaşı Pəri xanım ustada vəfasız çıxdı, üç il Kamandardan əvvəl Haqqa qovuşdu. Bəlkə də Pəri xanım bu gün yaşasaydı, onun sevimli Kamandarı ölümə təslim olmazdı, daha çox yaşaya bilərdi. Pəri xanımın zülfünün kölgəsində yata bilmədiyi üçün tez-tələsik tabutu sərv ağacı, kəfəni yarpaq oldu ustadın.

 

Bir gülü ki, dərəmmirsən,

 

dərib xəndan eyləmə,

Bir könlü ki, tikəmmirsən,

yıxıb viran eyləmə.

 

Bu beyt onun sənəti uca saxlamaq üçün sənətkar dostları qarşısında tələbkarlığını əyani şəkildə göstərən ən gözəl nümunə idi. Ustad bu sözü oxumaqla bu yolun yolçularına deyirdi: havanı çalanda qarışdırma, yeddi arxın suyunu bir yerə yığma, havadan havaya keçidin sərhəddini dəqiq bil, “ustad görməyənin işi xam qaldı”, ustaddan öyrənməkdən bezmə, yorulma, sözü səhv oxuma, fikri sərrast və aydın qandır, məclisin arxasınca getmə, məclisi arxanca apar, el-obanın “bərəkallah”ını qazan, bunları bacarmırsansa, get özünə başqa sənət  tap! Çünki bu sənət ilahi bir eşqə bağlıdır. Onu adiləşdirənləri nə Allah bağışlayır, nə də el-oba!

“Aşıq Qərib” dastanına heykəl qoydu ustad Kamandar. Bu məşhur dastanın bir parçasını televizorda elə ifa elədi ki, elə bil bütün qəribləri qürbətdən vətənə gətirdi. “Qərib gələydi” qoşmasına “Gülabı” havası üstündə sərin-sərin oxuya-oxuya qəriblərin ürəyinə su çilədi. Qərib gələydi deyə-deyə Kamandar gələydi arzusuyla yanıb-yaxılıram.

 

Qızlar, mənə bir təsəlli eyləyin,

Əlim üzülməzdən Qərib gələydi.

Şirin canımı yara qurban eylədi,

Güllərim solmazdan Qərib gələydi.

 

           

 

Çağırın yanıma dərdli anamı,

Qərib yoxdu, o bağlasın yaramı.

Qadir Mövlam sözü versin aramı,

Gözlərim dolmazdan Qərib gələydi.

 

Ancaq nə fayda, min çağır, min harayla, daha Kamandar gələsi deyil. Səsi-sorağı bütün qapıları döysə də, şirin avazı yetirmələrinin dilində hər yerdən gəlsə də, özü məclislərə gələsi deyil.

Borçalı mahalında ömrümün uşaqlıq və gənclik illərini xatırlayıram. Aşıq Kamandar hansı kəndə toya gələrdisə, azı bir ay əvvəl səsi-sədası ev-ev dolaşardı ki, filankəsin toyuna Kamandar gələcək. Hamı həsrətlə o günü gözləyər, toy sahibinə bəxtəvər deyərdilər. Mənsə dördgözlə yollara baxar, sağlığında əfsanəyə çevrilmiş aşığın yoluna göz dikməkdən yorulmazdım.

O, evdən çıxıb məclislərə gedəndə elə bilirdin general ağır bir döyüşə gedir. Onun gedişi, bəzənməyi, tellərinə sığal çəkməyi, tikmə və dolu qamətinə yaraşan papağı başına qoymağı, gümüşü sallama kəməri belinə bağlamağı, paltarının ütülü-sığalı yaraşıqlı, çəkməsinin tumarı, səliqəsi həqiqətən də onu generala bənzədirdi. Aşıq libasını o qədər nazla geyinərdi ki, o, evdən çıxana qədər bayırda gözləyən toy sahiblərinin canı çıxardı. Belə məqamları görəndə mən hərdənbir yarıciddi, yarızarafat bayatı dili ilə aşığa atmaca atardım:

 

Yar içərdən,

Kəs bağrım, yar içərdən.

Gözüm qapıda qaldı,

Çıxmadı yar içərdən.

 

O da cavab əvəzi ya yüngülcə təbəssümlə gülər, ya da kefikök olanda qəhqəhə çəkərdi.

Deyirdim ay ustad, elə altdan geyinib üstdən qıfıllanmısan ki, elə bil toy məclisinə yox, güləş meydanına, ya da müharibəyə gedirsən. Aşığın bu fikrə özünəməxsus ciddi münasibətilə açıqlama verdiyi heç yadımdan çıxmır. Cavab təxminən belə idi: – “Sənət meydanı ilə güləş meydanının heç bir fərqi yoxdur. Hər ikisində yıxmaq və yıxılmaq, qələbə çalmaq və məğlub olmaq məsələsi var. Sən Şah İsmayıl olsan da, unutma ki, qarşına Ərəbzəngi çıxa bilər. Koroğlu olsan da, Gizir oğlu Mustafa bəylə qarşılaşa bilərsən. Dastanlarımızda elə məqamlar var ki, səndən asılı olmayaraq səni özündən çıxardıb obrazın ixtiyarına verə bilər. Kərəm kimi kül olmaq da, Qərib kimi Hələbdən Tiflisə gələndə yolda qara-borana düşmək də, Gülgəzin yolunda Abbas kimi quyuya düşüb Yaradana yalvarmaq da – hər şey başına gələ bilər. Ona görə məclisə girən aşıq döyüşə girən əsgər kimi bütün varlığını öz sənəti üçün səfərbər eləməli, onu dinləyənlərə ürəyinin yağını, gözünün nurunu, qəlbinin hərarətini, xəzinəsinin incilərini verməlidir. Bunları bacardınsa, qələbə çalmısan, deməli, könüllər fəth eləmisən, yox, bacarmadınsa, rüsvayçılıqla məclislərdən uzaqlaşacaq, bir də o yerlərə dönə bilməyəcəksən. Bax, budur mənim xalq qarşısında, el məclislərində həmişə səfərbər olmağımın sirri!”

Bəli, bu böyük həqiqəti ancaq Aşıq Kamandar səviyyəsinə yüksələn ustadlar dərk edə bilər. Budur böyüklük! Budur xalq qarşısında əsl sənətkar məsuliyyəti!

Gələk ədəb-ərkan məsələsinə. Aşıq Kamandar həddən ziyadə zərif adam idi, həssas və kövrək idi. Sözə qüvvət, bir hadisəni xatırlatmaq istəyirəm. Bakıda, bizim evdə ömrə-günə yazılan bir məclis qurulmuşdu. Ağsaqqal filosof alimimiz Camal Mustafayev, Kamandar sənətinin vurğunları Oruc Əlizadə, Səməd Gürzəliyev, rəhmətlik Knyaz Nəzirli, yazıçılar, şairlər Kamandar sənətinin alovunda alışıb yanırdılar. Ustad “Mina gəraylı” havasına “Qalacaq” rədifli bir gəraylı oxuyurdu. Şeirdə təxminən bu misralar var idi:

 

Kərəm yandı, külü qaldı,

Şairdən də söz qalacaq.

Şairin də balası var,

İz üstündə iz qalacaq.

 

Sonuncu beyti dəyişdirdi, başqa cür oxudu, yəni bala sözünü, övlad deyimini ayrı sözlə əvəz elədi. Mən ustadın üzünə baxıb işarə elədim ki, axı düz oxumadın. Ustad işarə verdi ki, üstünü vurma. Məclis dağılandan sonra dedim, ay aşıq, bayaq o sözü niyə olduğu kimi oxumadın? Dedi, ay Zəlimxan, məclisdə filankəs iştirak edirdi, onun övladı olmur, mən bala sözünü dilimə gətirsəydim, onun yarasının üstünə duz basmış olardım. Bir daha dərk elədim ki, təkcə böyük sənətkar olmaq kifayət eləmir, eyni zamanda şəxsiyyət olmaq lazımdır.

Bəxtəvərli günlərimiz çox olub Borçalının azman aşıqlarıyla. Hüseyn Saraclının danışdığı dastanlara, qaravəllilərə qulaq asmaq üçün canımı verərdim ki, İlahi, məclis qurtarmasın. Əmrah kişinin barmaqlarına günlərlə baxardım ki, görüm hansı xalı götürə bilərəm. Kamandarla üz-üzə durar, sazı-havacatı qoşalaşdırardıq. Bu, o demək deyil ki, mən Kamandar kimi çalıb-oxuya bilirdim. Xeyr, əstəğfürullah! Sadəcə olaraq, ustad məni çalğıda və oxumaqda elə gözləyirdi ki, qulaq asan elə bilirdi bir saz çalınır, bir adam oxuyur. Biz üz-üzə dayananda ən çox “Mina gəraylı”, “Şahsevəni”, “Qəhrəmanı”, “Ovşarı”, “Dübeyti” havaları çox çalıb-oxuyardıq. O havaları indi qanadı qırılmış qərib bir quş kimi Kamandarsız oxuyuram.

Həyatda olduğu kimi, sənətdə də daşlı-kəsəkli yollar var və bu yolların cəfakeş, yorulmaz yolçuları var. Həyatda olan yollar kimi sənətdə olan yolların da özünəməxsus və oxşar cəhətləri var. Dədə Qorquddan gələn, yüz yerə, min yerə şaxələnən cığırlar, yollar içində Aşıq Kamandarın öz yolu var. O yol təkcə dağlardan, dərələrdən yox, həm də ürəklərdən, könüllərdən keçib gedir. Aşıq Kamandar özündən əvvəllə özündən sonranın arasında ən uzunömürlü körpüdür. Urmiya və Təbrizdə, Qarsda və Ərzurumda, Dərbənddə və Borçalıda üzünü görüb, səsini eşitmədiyimiz minlərlə cavan aşıqlar da bu müqəddəs körpüdən keçib Aşıq Kamandarın səsini-avazını, laylasını-havasını, xatirəsini, eşqini gələcək nəsillərə və əsrlərə çatdırmaq üçün dəmir çarıq, dəmir əsa ilə el-el gəzib, dünyanı dolaşacaqlar.

Vaxtsız ayrılığına inanmadığımız Aşıq Kamandarın qəfil ölümü bizi bir çox mətləblər haqqında ciddi düşünməyə vadar edir. Sənətkarlarımızın qədir-qiymətini vaxtında bilirikmi, onların böyüklüyünü lazımınca dərk edirikmi, milli şüurun inkişafında əvəzsiz xidmətləri olan, özümüzü özümüzə tanışdıran və tanıdan şəxsiyyətlərin xəzinəsindən lazımınca bəhrələnmək üçün arzu olunan səviyyədə iş görürükmü?

 

Xeyr!  Xeyr! Xeyr!

 

Aşıq sənətinə bələd olanlar yaxşı bilir, “aşığın yükü” adlı bir söz var. Abbas Divarqanlının “Arallar, yükündə nə var deyəllər” deyimi də bu fikrin bədii ifadəsidir. Yüklü aşıq “Baş divani” ilə məclisi açar, “müxəmməs”lə, yəni duvaqqapma ilə qapayar, sona yetirər. “Baş Divani”dən “Müxəmməs”ə qədər gələn yolda “Ustadnamə”, “Vücudnamə”, “Təcnis”, “Qıfılbənd”, “Hərbə-zorba”, “Dodaqdəyməz”, “Gözəlləmə”, “Deyişmə” və s. formaların hansı lazım gəlsə, onu yerində, məqamında işlədər, sözü-söhbəti dinləyiciyə qızıl qiymətinə satar, bal kimi yedirdər. Gör nə qədər güclü yaddaşa, iti hafizəyə malik olmalısan ki, bu qədər çeşid müxtəlifliyi olan şeirləri bilib yerində işlədəsən. Bu aləmə dərindən bələd olan sənətkarlar haqqında deyirlər: “Filankəs çox yüklü aşıqdır”.

Dəfələrlə məclislərdə şahidi olduğum üçün deyə bilərəm ki, bu yük Kamandarda artıqlaması ilə var idi.

 

Hərcayı hədyanı sayar,

naşı bilməz qiymətin,

Əhli-ürfan məclisində gövhər

misaldır yüküm.

Pirim mənə nüsrət verdi,

 bu gün çıxdım bazara,

Sərrafısan, aç baxgınan,

gör nə cəlaldır yüküm. 

 

Dəb xatirinə, kiməsə xoş gəlmək üçün ucuz, yüngül, bayağı şeirlər oxumazdı, özünün sevdiyi “gövhər misal” şeirləri seçməkdə, sərrafına satmaqda yükündə olan cahi-cəlalı əsl sahibinə çatdırmaqda ayrıca bir aləm idi Aşıq Kamandar!

Dədə Ələsgərdən misal gətirdiyim bu “Divani”ni o, təsadüfən oxumurdu, özünü, kimliyini ifadə edirdi.

Aşıq Kamandarın varlığı aşıq sənətinə elə bir şöhrət gətirdi ki, o şöhrət çələngi heç vaxt solmayacaq. Təsadüfi deyil ki, bu gün aşıqların əksəriyyəti İranda, Türkiyədə, Borçalıda, Dərbənddə, Kərkükdə, 9 milyonluq müstəqil Azərbaycanımızda, ümumiyyətlə türk dünyasında aşıq Kamandar yolu ilə gedir, onun üslubunda çalıb oxuyurlar. Bu gün gənc aşıqların çoxu özünü Kamandarın şagirdi hesab edir, ona oxşayanlar, ona bənzəyənlər fəxrlə deyir ki, mən ustad Kamandarın şagirdiyəm. Aşıq Kamandar sənətini bundan sonra dünyaya gələn yüzlərlə, minlərlə aşıqlar yaşadacaq. Neçə ki, xalqımız var, sazımız var, Aşıq Kamandar da var olacaq, yaşayacaq!

 

 

Zəlimxan Yaqub

Xalq şairi

525-ci qəzet.- 2012.- 1 dekabr.- S.27.