Dədəlinin bəxşişi
Cəmil
Əlibəyov 85
Çinara ərəl ağacı da deyildiyini mən ilk
dəfə 1984-cü ildə Azərbaycan Dövlət Nəşriyyatında
(“Azərnəşr”) baş redaktor Cəmil Əlibəyovdan
eşitmişəm. Sözü deyərkən dirsəyini masanın
üstünə dayayıb əlini dik qaldırdı və
dedi ki, “Bax, belə, düz, şax ağac!”.
Onun bu hərəkəti həm də
xalqımızın ucaboy, düz qamət mücəssəməsi
saydığı çinar ağacının mərd ər əli
kimi qatlanmaz, əyilməz olduğunu ifadə edirdi.
O söhbətin
getdiyi günlərdə Kommunist Partiyası Mərkəzi
Komitəsinin bilavasitə nəzarəti altında
V.İ.Leninin seçilmiş əsərlərinin xüsusi 10
cildliyi buraxılırdı. Yeni nəşrə
əvvəlki 55 cildlikdə olmayan hansısa əsərlər
daxil idi. Çox ciddi, məsuliyyətli
tapşırıq idi. “Azərnəşr”in baş
redaktorunun, yəni Cəmil Əlibəyovun iş
otağını (mən qəsdən kabinet demirəm,
çünki onun otağı nəşriyyatda ən işlək
otaq idi) həmin günlərdə müharibə
dövrünün qərargahı ilə müqayisə edilə
bilərdi. Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab
Ticarəti işləri Komitəsinin (Dövlətnəşrkom),
Partiya Tarixi İnstitutunun və “Azərnəşr”in
tapşırığın icrasına cəlb edilmiş
işçiləri, demək olar, hər gün Cəmil
müəllimin otağına yığışır, 10
cildliyin nəşri prosesində tərcümə, redaktə
və çap işləri ilə bağlı qarşıya
çıxan məsələləri təcili həll edirdilər.
“Azərnəşr”də siyasi ədəbiyyat
redaksiyasının müdiri olduğumdan hər gün mən
də belə atüstü müşavirələrdə
iştirak edir və rəhbərliyin növbəti göstərişlərini
yerinə yetirirdim. Məsləhətləşmələrə
çox adam yığışsa da, nəşrin
icrasına bilavasitə “Azərnəşr” cavabdeh idi. Bir çox hallarda vaxtında yeməyə, su
içməyə də macal tapmırdıq. Əvvəllər
Cəmil müəllimin otağına adətən nadir
hallarda, bəzi məsələlərin dəqiqləşdirilməsi
üçün çağırılırdımsa, indi
iş günümün demək olar əksər hissəsi bu
otaqda keçirdi. İşin bütün gərginliyinə
baxmayaraq arabir Cəmil müəllimlə gündəlik həyat
məsələlərinə aid mövzularda da
danışırdıq. Və
aydındır ki, bir-birimizi daha yaxşı tanımağa
çalışırdıq. Cəmil
müəllimin sadəliyini, səmimiyyətini, insansevərliyini
məhz o günlərdə daha aydın görürdüm.
Özü haqqında çox danışmağı sevməyən,
adətən həmsöhbətindən hal- əhval
tutmağa üstünlük verən Cəmil müəllimin insan psixologiyasına
yaxşı bələd olduğunu onda görmüşəm.
Ahəstə və məhrəmanə səslə
öz ailəsində baş verən gündəlik əhvalatlardan
birini danışır, sonra məndən bizim evdə də
belə şeylər olub-olmadığını soruşur,
istər-istəməz ürəyimi açmağa sövq
edirdi. Məsələn, söhbətlərimizin birində
o, oğlunun telefonu iç otağa keçirərək
asta-asta kiminləsə danışdığını, ortada
qız məsələsi olduğunu başa
düşdüyünü nəql edərkən üzündə
elə bir ifadə yaranmışdı ki, az qalırdı onun oğluna qibtə edim. Çünki
bu müdrik ata oğlunun hansı yaşda olduğunun da fərqində
idi, həyatda nə baş verdiyinin də. Mənim uşaqlarımın
yaşını öyrənəndə isə dedi
ki, sənin işin uzundur, görəcəklərin hələ
irəlidədir. Bəzən elə olurdu ki, Cəmil müəllimin nəşriyyatın
baş redaktoru, özümün isə şöbə
müdiri olduğumuzu unudurdum. Lap tay-tuşlar
kimi söhbətləşirdik.
Ünsiyyətimiz
artdıqca Cəmil müəllim də yavaş-yavaş
uşaqlıq illərindən üzü bəri
başına gələn əhvalatlardan, çəkdiyi əziyyətlərdən,
həyatda rastlaşdığı adamlardan
danışırdı. Cəmil Əlibəyovla
bax, beləcə dostlaşmışıq. Sovet hökumətinin bəy övladlarının
başına açdığı oyunlardan xəbərdar
olduğumu göstərmək üçün mən də
ona atam haqqında danışmışam. 1905-ci ildə
Şuşada bəy ailəsində doğulub erməni-müsəlman
qırğını üzündən bələkdə təhlükəsiz
yerə, Bərdəyə qaçırılmış atam da
ta 60-65 yaşlarınadək sovet dövlətinin
müvafiq orqanlarının təqibinə məruz
qalmışdı. Mən bunu Cəmil müəllimə
danışanda dedi ki, “hə, qağa, bunların
hamısı mənə tanışdır. Sənin
atanın aqibətini mən də yaşamışam. Dövr belə idi”.
Bu cür söhbətlərin sonunda həmişə
eyni qənaətə gəlirdik ki, təqsirkar sovet
orqanları deyildi, onlar öhdələrinə qoyulmuş vəzifəni
yerinə yetirirdilər. Bəla
burasındaydı ki, cəmiyyətdə hörmət-izzət
qazanmış, bilikli, dərrakəli və bacarıqlı bəy
övladlarının uğurlarına paxıllıq edən xəbis
soydaşlarımız müvafiq orqanlara “donos”
yazırdılar. Əgər təhqiqat
orqanlarının qərəzi olsaydı, sorğu-suala
çağırılan bəy övladlarını cəza
müəssisələrinə təhvil verərdilər.
Amma bu, baş vermirdi və elə həmin Sovet hakimiyyəti
barələrində əsassız “donos” yazılan vətəndaşları
dövlət və xalq qarşısındakı xidmətlərinə
görə müxtəlif fəxri adlarla, orden- medallarla təltif
edirdi. Deməli, insanın dəyəri, sanbalı, məziyyətləri
o zaman da öz
qiymətini alırdı.
Millətimizin
tarixindən xəbərdar olanlar yaxşı bilirlər ki, Azərbaycan
cəmiyyətinin inkişafında məhz bəy ailələrindən
çıxmış ziyalıların çox böyük
rolu olmuşdu. Cəmil Əlibəyovun nümunəsi
buna əyani sübutdur. O da Azərbaycan
jurnalistikasının, mədəniyyətinin
inkişafındakı xidmətlərinə görə layiqli
hörmət və nüfuz qazandı. Cəmil
Əlibəyovun daşımış olduğu vəzifələr,
aldığı mükafatlar haqqında rəsmi və qeyri-rəsmi
mənbələrdə çox yazılıb. Ən böyük mükafatı isə xalqın rəğbət
və məhəbbətidir. Rəhbər
işçi kimi də, yazıçı-publisist kimi də,
valideyn kimi də, bir dost-yoldaş kimi də Cəmil Əlibəyov
özünü doğrultmuş adamdır.
Cəmil müəllimlə ünsiyyətdə olmuş
hər kəs təsdiq edə bilər ki, o, heç zaman səsini
zilə qaldırmırdı. Hətta amiranə
dediyi sözləri də asta səslə deyir, amma bu sözlər
ucadan bağıran adamın sözlərindən daha təsirli
olurdu. Onun davranışında bir
ağayanalıq var.
Sadəliyi
böyüklüyündən, sakitliyi müdrikliyindən,
xatircəmliyindən, özünə inamından irəli gələn
Cəmil müəllimin həyatını mən bu
baxımdan örnək hesab edirəm. Bunu
“Azərnəşr”də, sonra isə “Kommunist” qəzetində
onun rəhbərliyi altında işlədiyim müddətdə
daha dərindən yəqin etmişəm.
Yadımdadır, “Azərnəşr”də işlədiyimiz
dövrdə hərdən hirslənib “yuxarıdan” gələn
tapşırıqların mənasız olduğunu dilə gətirir,
yerinə yetirməyəcəyimi söyləyirdim. Cəmil müəllim belə
anlarda yumşaq, sakit səslə əsəblərimi
cilovlayıb deyirdi: “ Qağa, bilirsən nə
var? Sənin, mənim hirslənməyimizin
heç nəyə xeyri yoxdur. Bu iş onsuz da
görüləcək. Onlara da göstəriş
verənlər var, bəs onlar neyləsin? Sən
heç olmasa mənə gileylənirsən, bəs onlar dərdini
kimə desin?” Bu sözlərdən sonra sakitləşib
elə səylə işləyirdim ki, axırda Cəmil
müəllimin özünün mənə yazığı
gəlirdi. Otağına çağırıb eyni
yumşaq səslə deyirdi : “ Qağa,
özünü öldürmə, iş bu gün də var,
sabah da olacaq. Tələsdirdiklərinə də
fikir vermə, onlar da işin belə qısa müddətdə
qurtarmayacağını yaxşı bilirlər”.
Cəmil
müəllimdən eşitdiyim bir hikmətli sözdən
sonra “Atalar sözləri”nin təxminən necə yarandığını
özüm üçün kəşf etmişəm.
Bir dəfə aldığım
tapşırıq məni o qədər
tıncıxdırmışdı ki, lap ərizə yazıb
işdən çıxmaq qərarına gəlmişdim.
Fikrimi Cəmil müəllimə bildirəndə
ondan eşitdiyim cavab hikkəmi soyutmaqla yanaşı, məni
xeyli düşündürdü. O dedi ki, “Qağa, tutalım
işdən çıxıb getdin oturdun evdə. Nə edəcəksən? Başlayacaqsan
olub-keçəni götür-qoy etməyə. Başına gələnləri
saf-çürük etdikcə daxili əzab çəkəcəksən.
İstədiyin budur? Ondansa
gedib işini görsən yaxşıdır. Bir işin əzabını çəkməkdənsə
əziyyətini çəkmək yaxşıdır”. Əsl ata sözüdür. Bu
sözü neçə illərdir ki, hər yerdə misal
çəkirəm. Fəlsəfəsinə
varanda görürsən ki, burda həm mənəvi kateqoriya
var, həm də fiziki.
Bir epizodu da yaxşı xatırlayıram. Əsəri
tematik plana salınmış müəlliflərdən birinin
əlyazması çıxdaş edilmişdi. Müəllif
“Dövlətnəşrkom” ilə “Azərnəşr”
arasında vurnuxurdu, döymədiyi qapı, ağız
açmadığı adam
qalmamışdı, əsərini çapdan buraxdırmaq
üşün dəridən-qabıqdan
çıxırdı. Tərslikdən həmin
kitab da mənim işlədiyim şöbənin xətti ilə
çap edilməli idi. Müəllif demək olar hər
gün nəşriyyata gəlib zəhləmi tökür, əsəri
redaktə etməyimə razı salmaq üçün mənə
yağlı vədlər verirdi.Müəllif “Dövlətnəşrkom”da
müsbət cavab
aldığını deyəndə onun sözlərini Cəmil müəllimə
çatdırdım. Cəmil müəllim nəinki təəccüblənmədi,
hətta gülümsündü və həmişəki
qaydada asta səslə dedi: “Bilirsən, Akif, bu adamda abır-həyadan
əsər-əlamət yoxdur. Nəyə desən əl
atıb öz istəyinə nail olacaq. Arada sənin,
bir də yəqin ki, mənim adımız dilə-ağıza
düşəcək. İmkanın varsa,
onun yazısına bir əl gəzdir, kitabı buraxaq,
canımız qurtarsın”. İlk dəfə
onda Cəmil müəllimə etiraz etdim. Dedim ki, müəllifin
üzdəniraq yazısını düzəltmək
mümkün deyil, onun əvəzinə də mən əsər
yazan deyiləm. Beləliklə, kitab bizim işlədiyimiz
dövrdə işıq üzü görmədi, Cəmil
Əlibəyov və mən nəşriyyatdan getdikdən sonra
çapdan çıxdı. Onda mən Cəmil
Əlibəyovun dediyi sözləri yadıma salıb
müdrikliyinə bir daha əmin oldum.
Kommunist” qəzeti redaksiyasında işləyəndə də dəfələrlə redaktor Cəmil müəllimin müsbət keyfiyyətlərinin şahidi olmuşam. Adım tərcüməçiydi, amma çox vaxt “qeyri-standart” tapşırıqlar üzrə mütəxəssis kimi işlədilirdim. Qəzet Mərkəzi Komitənin orqanı olduğuna görə redaktor tez-tez Mərkəzi Komitədən müxtəlif tapşırıqlar alırdı. Onların yerinə yetirilməsi üçün isə məndən münasibi yox idi. Mənim gördüyüm işləri redaktorun müavini rəhmətlik Rəfail Nağıyev və məsul katib Şakir Yaqubov da asanlıqla görə bilərdilər. Ancaq onların bilavasitə qəzetin hasilə gəlməsi ilə bağlı vəzifə borcları çox olduğundan həm rus dilində, həm də Azərbaycan dilində işlənən belə tapşırıqlar adətən mənə həvalə edilirdi. Cəmil müəllim belə tapşırıqların icrasını asanlaşdırmaq üçün məni dəhlizin başında yerləşən, redaktorun iş otağına bitişik olan otaqda yerləşdirmişdi. Hər halda bunu mən belə başa düşmüşdüm. Sən demə məsələnin başqa bir səbəbi də varmış. Kifayət qədər tanındığına görə adını çəkmək istəmədiyim bir əməkdaş Cəmil müəllimlə daha yaxın ünsiyyət qurmaq məqsədi iləmi, öz şəxsi marağı üçünmü, ya nədənsə redaktorun katibəsi ilə sıx əlaqə saxlayırdı. İşlədiyim otaq katibənin otağı ilə yan-yana olduğundan Cəmil müəllim məndən çəkindirici amil kimi istifadə etmək istəyibmiş. Bir gün Mərkəzi Komitəyə göndərilmək üçün yazılmış məktubu birlikdə oxuduğumuz məqamda Cəmil müəllim sözarası belə bir cümlə işlətdi: “Qağa, sənin canın üçün əcəb işə düşmüşəm. Buna (yəqin ki söhbətin kimdən getdiyini bildiyimi nəzərə alıb ad çəkmədi) deyən lazımdı ki, şəhərdə qız azdı bəyəm? Gərək gəlib elə mənim katibəmə ilişəsən?”
Cəmil müəllimin o məsələni necə çözdüyündən xəbərim olmadı. Yəqin ki, özünə xas olan tərzdə həmin şəxslərlə söhbət aparıb məsələni həll etmişdi. Əslində onun hər iki işçini inzibati qaydada cəzalandırmaq, hətta işdən qovmaq imkanı vardı. Bunu istəmirdi. Üstüörtülü gileyinin səbəbi isə o idi ki, insanlardan həmişə umduğu mədəniyyət, şərəf və ləyaqəti görmürdü.
O özü həmişə belə olmuşdur: ləyaqətli, xeyirxah və dürüst. “Azərbaycan gəncləri” qəzetinin redaktoru olanda da, Dövlət Televiziya və Radio Verilişləri Komitəsində sədr müavini işləyəndə də, “Azərbaycanfilm” kinostudiyasının direktoru olanda da, Azərnəşrin baş redaktoru, “Kommunist” qəzetinin redaktoru, “Yazıçı” nəşriyyatının baş redaktoru vəzifələrində, başqa vəzifələrdə işləyəndə də. Cəmil müəllim gənclərin bütöv bir dəstəsini jurnalistlik, publisistlik yoluna yönəltmiş, onların peşəkar kimi yetişib püxtələşməsinə yardımçı olmuş, istedadlı, zəkalı gəncləri daha yaxşı işləməyə həvəsləndirmiş, xeyir-dualarını vermişdir. Bunu onunla birgə işləmiş hər kəs etiraf edir.
Uşaqlıq çağlarından bəyliyinin səfasını yox, cəfasını çəkmiş, həyatın haqsızlıqları, insanların naqisliyi ucbatından əzablı anlar yaşamış olan Cəmil müəllim bütün bunlardan sarsılmamış, sınmamış, əksinə, daha möhkəm, daha mübariz olmuş, müdrikləşmişdir. Dədəsinin dədəsinin də hökmranlıq etdikləri,söz və nüfuz sahibi olduqları Dədəli oymağında, Dədəli kəndində dədəsiz yaşamağa, anasının himayəsinə sığınmağa məhkum edilmiş Cəmil Əlibəyov zəkası, mübarizliyi və çalışqanlığı sayəsində bütün sınaqlardan alnıaçıq- üzüağ çıxmış, heç zaman qürurunu və ləyaqətini itirməmiş, sənətin və şöhrətin zirvələrini fəth etmiş, öz yaradıcılığı, həyat mövqeyi ilə ümumxalq hörmət və məhəbbətini qazanmışdır.Bu gün Cəmil Əlibəyov özü böyük bir Dədədir, Dədəlinin Azərbaycan xalqına qiymətli bəxşişidir. Məncə, məhz Cəmil Əlibəyov həyatı yaşamalısan ki, “Mənim analı dünyam”ı yaradasan. Kürə şəklində olduğu üçün nə ucu, nə də bucağı olmayan dünyaya məhz Cəmil Əlibəyovun gözü ilə baxmalısan ki, “Bu dünyanın o biri ucu”nu görəsən.
Maksim Qorki “Mənim universitetlərim” əsərində özünün keşməkeşli həyat yolunu təsvir etmiş, biliklərə və təcrübəyə də bunun sayəsində yiyələndiyini dilə gətirmişdir. Cəmil Əlibəyovun keçdiyi həyat yolu onunkundan heç də az əzablı və keşməkeşli olmamışdır. Amma Cəmil müəllim öz həyat yolunun bir çox məqamlarını əsərlərində daha ustalıqla və daha yüksək bədii səviyyədə əks etdirmişdir. Cəmil müəllimin həyatına və yaradıcılığına bələd olanlar bunu daha yaxşı duya bilirlər.
...Deyirlər,Allah hansı bəndəsini daha çox istəyirsə, onu daha çox sınağa çəkir. Bu gün Cəmil müəllim yenə sınaqdan keçməkdədir. Mən əminəm ki, o, bu sınağı da məharətlə adladacaq. Axı o, heç vaxt əyilməyib və sınmayıb.
Cəmil müəllimi 85 yaşının tamam olması münasibəti ilə ürəkdən təbrik edir,tezliklə şəfa tapmasını, onun üçün darıxmış oxucularını yeni əsərləri ilə sevindirməsini arzulayıram!
Akif QƏHRƏMANLI,
tərcüməçi-jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin
Həsən bəy Zərdabi adına mükafatının laureatı
525-ci qəzet.-
2012.- 1 dekabr.- S.26.