Nizami haqqında söz
Nizaminin 870 illik yubileyində söylənmiş
məruzə əsasında
Şeyx Nizami 1141-ci ildə yalnız Azərbaycanın deyil, ümumiyyətlə, o dövrkü Şərqin mədəniyyət mərkəzlərindən biri olan Gəncədə anadan olmuşdur və axır zamanlara qədər 1203-cü il tarixi göstərilsə də, son tədqiqatlara görə 1209-cu ildə orada da vəfat etmişdir. Onun bu dünyadakı 68 illik ömründən qalan mirasın bədii-estetik və ictimai-fəlsəfi mündəricat və miqyası nəinki 68 ilin, hətta aradan keçən 870 ilin də çərçivələrinə sığışmır, buna görə də Nizami daima müasirdir, qərinələrin çağdaşıdır.
Baxın, onun yaradıcılığıyla bağlı bu 870 ildə, elə bil ki, artıq hər şey deyilib, yüzlərlə tədqiqat işləri yazılıb, kitablar nəşr olunub, ancaq bu günün özündə də nizamişünaslıq yeni-yeni kəşflər edir, yeni fikirlər söyləyir, yeni mülahizələr irəli sürür və elmi-nəzəri mübahisələr aparır. Əsrlər bir-birini əvəz edir, siyasi-ictimai epoxalar dəyişir və hər dəfə də Nizami ədəbi irsi daha təzə, daha yeni nəzəri-estetik baxış bucağı tələb edir.
Nizami Gəncəni “sehrkarlar yurdu” adlandırırdı, Gəncəni qədim Babilə bənzədirdi, özünü isə “mahir sehrkar” hesab edirdi və öz yaradıcılığını “Gəncənin sərvəti” kimi təqdim edirdi. Ən başlıcası isə odur ki, bu fikirləri bəlkə də başqa bir böyük sənətkar söyləsəydi, “özündən demək” kimi bir az naqolay səslənərdi, ancaq Nizaminin dediklərini biz olduqca təbii qarşılayırıq, çünki burada istedadın imkanları ilə sənətkarın iddiası arasındakı üzvi vəhdət əsrlərin süzgəcindən keçib və daima da göz önündədir.
X11 əsr Azərbaycan və ümumiyyətlə, islam aləmində sinkretik mədəniyyətin yüksək bədii-estetik zirvəyə qalxdığı bir dövr idi. Yaxın və Orta Şərqdə yaşayan xalqların müştərək olaraq yaratdığı sinkretik mədəniyyət, yəni “islam mədəniyyəti” böyük sənətkarların, o cümlədən də böyük şairlərin yetişməsi üçün münbit zəmin yaradırdı və bura orasını da əlavə edək ki, həmin dövrdə Azərbaycanın şimalında və cənubunda yaranmış dövlətlərə başçılıq edən Şirvanşahlar da, Eldəgizlər də xalqın və dövlətin inkişafında sənətin, ümumiyyətlə, mədəniyyətin oynadığı böyük rolu dərk edərək, bu sahəyə xüsusi diqqət göstərirdilər. Eyni zamanda, Gəncə dünyanın müxtəlif ölkələri ilə ticarət əlaqələri yaradan mühüm, bu günün istilahı ilə desək, magistral karvan yolunun üzərində yerləşirdi və bütün bunlar böyük sənətkarların yetişməsi üçün münbit zəmin yaradırdı, ancaq bütün bunlarla da bərabər, əlbəttə, əsas – istedad deyilən Allah vergisi idi.
Və bu vergi Nizamidən əsirgənməmişdi.
Nizami ömrü boyu Gəncədə yaşamışdır, Gəncədə təhsil almışdır, ancaq onun heyrətamiz savadı və mütaliəsi yalnız bir şəhərin, hətta Gəncə kimi dövrünün yüksək mədəniyyətli bir şəhərinin belə yaratdığı imkanlara sığışmır. O, pəhləvi, fars, ərəb, bir sıra nizamişünasların fikrinə görə yunan dillərini bilirdi, yalnız islam dünyasının böyük qələm sahiblərinin, böyük filosoflarının deyil, eyni dərəcədə antik dövr müəlliflərinin əsərlərinə, qədim dünya tarixinə dərindən bələd idi, Aristotelin, Platonun, Evklidin irsi də onun üçün Əl-Biruni, İbn Sina, Əl-Farabi irsi kimi tamam şəffaf idi, elə bil o, bu nəhəng fikir sahiblərinin söylədiklərinə rentgen şüaları ilə baxaraq, mahiyyəti, məğzi əxs edirdi. Onun “Sirlər xəzinəsi” də, “Xosrov və Şirin”i də, “Leyli və Məcnun”u da, “Yeddi gözəl”i də, “İsgəndərnamə”si də insan və cəmiyyət, sənətkar və dövr, hökmdar və xalq, insani hissiyatlar və əxlaq kodeksləri kimi əbədi problemlərin yüksək poetik ifadəsi ilə bərabər, məhz bəşəri səviyyəli dərin fəlsəfi mahiyyəti ilə həmişəyaşardır, milli sənətin və ictimai fikrin faktı olmaqla bərabər, bəşəridir.
Məlumdur ki, Nizami “Xəmsə” poemalarının başlanğıcında Allaha, Peyğəmbərə, Hökmdara və İnsana ünvanlanmış qəsidələr yazmışdır və elə bu ünvanların özü, elə bilirəm ki, onun dünyagörüşü, fəlsəfi düşüncələrinin mündərəcatı üçün çox səciyyəvidir. O, “Quran”ı dərindən mənimsəmişdi, Həzrət Peyğəmbərin hədislərinin fəlsəfi məzmununa dərindən varmışdı və Nizamiinin Hökmdar əməllərinə, İnsan əxlaq və mənəviyyatına münasibətinin əsasında da həyatın, yaşayışın, ümumiyyətlə, kainatın məna və məzmunu ilə bağlı ali dəyərlər dayanırdı.
Nizami bədiyyatında da, fəlsəfəsində də özündən əvvəlkiləri təkrar etmirdi, yalnız onun özünə məxsus olan bədii-fəlsəfi söz deyirdi.
Baxın, “Xəmsə”də bəzən “Min bir gecə”, “Siyasətnamə”, “Qabusnamə” kimi məşhur Şərq yazılı abidələrindən, dahi fars şairi Firdovsinin “Şahnamə”sindən bizə tanış olan süjetlərə, epizodlara rast gəlmək mümkündür, ancaq bunlar heç vəchlə təkrar, hətta indiki kontekstdə təkrir də deyil, misal üçün, Şekspirin İntibah novellalarından bəhrələnərək yazdığı “Hamlet”, “Otello”, “Romeo və Cülyetta” kimi tamam orijinal və məxsusidir. Buna görə də akademik Y.E.Bertels “Nizami və Firdovsi” adlı olduqca maraqlı və sanballı əsərində bu iki nəhəng ədəbi simaları müqayisəli şəkildə tədqiq edərək çox sadə bir nəticəyə gəlib çıxır: “Nizami – Nizamidir, Firdovsi – Firdovsidir.”
Yaxud, yenə də baxın: Nizami istedadı məhəlli ərəb əfsanəsi olan “Leyli və Məcnun”u necə böyük bəşəri bir səviyyəyə qaldırmışdır. Eyni zamanda, yəqin, bu da bəşəriyə aparan yolun məhz millidən keçməsi baxımından əlamətdardır ki, misal üçün, akademik Krımski Nizaminin kiçik müasiri Məhəmməd Övfiyə istinad edərək, Nizami “Leyli və Məcnun”undakı Leylini də, Məcnunu da ərəb yox, Azərbaycan romantik qəhrəmanları hesab edir.
Nizami yaradıcılığının birmənalı
elmi-estetik təsnifatını vermək mümkün deyil. Kimdir Nizami? Romantikdir?
Bəli, romantikdir. Realistdir?
Bəli, realistdir. Utopistdir?
Bəli, utopistdir. Lirikdir,
yoxsa epik şair? Ən zərif qəzəllərin
müəllifi kimi, əlbəttə, böyük lirikdir və
yenə də, əlbəttə, mənzum roman-epopeyalar müəllifi
kimi böyük epik sənətkardır. Nizami
yaradıcılığının miqyası milli və coğrafi sərhədlər
tanımadığı kimi, bu yaradıcılıq nəzəri
təsnifatlar çərçivəsinə də yerləşmir.
Mən
Nizaminin 870 illiyi münasibətilə məruzə
hazırlayarkən, onun əsərlərini və onun
haqqındakı elmi-nəzəri ədəbiyyatı yenidən
gözdən keçirdiyim zaman Nizami
yaradıcılığının Qərbi Avropadakı ən
yaxşı tədqiqatçılarından biri olan Erix Fromun
belə bir fikrinə rast gəldim ki, “Nizami cəmiyyətdən
danışanda filosofdur, insandan danışanda psixoloqdur”.
E.Fromun
söylədiyi bu fikri xeyli dərəcədə genişləndirmək
olar: Nizami təbiəti təsvir etdikdə rəssamdır,
musiqidən bəhs etdikdə sənətşünasdır, təbabət
barədə söz deyəndə loğmandır və s.
Nizami Azərbaycan
şairidir, ancaq onun da yaradıcılığının
miqyası Homer və Firdovsi yaradıcılığı kimi,
Dante, Servantes, Şekspir, Höte, Tolstoy
yaradıcılığı kimi milli və coğrafi sərhədlərə
sığışmır, çünki bu dühalar,
aydın məsələdir, yalnız öz xalqlarına yox, bütün bəşəriyyətə
məxsusdurlar. Bütün Şərq poeziyasının X11 əsrdən
sonra keçdiyi nəhəng yaradıcılıq yolunda
Nizaminin daimi bədii-estetik
yolçuluğu məlum həqiqətdir, ancaq siz
dünya oriyentalistikasında akademik Y.E.Bertels kimi nüfuzlu bir
qələm sahibinin Nizamiyə həsr olunmuş tədqiqatlarına baxın: görəcəksiniz
ki, əslində, söhbət yalnız Şərq
poeziyasından getmir, orta əsrlər ingilis poeziyasının
özünü təsdiq etməsində Nizami
yaradıcılığı, Nizami mövzuları çox
ciddi əhəmiyyət kəsb etmişdir və elə bu
cür faktlara görə də Y.E.Bertels yazır ki, “Nizami ədəbiyyat
tarixində yeni bir səhifə açmışdır. Yaxud başqa bir görkəmli şərqşünasın,
akademik A.Y.Krımskinin tədqiqatlarına baxmaq kifayətdir
ki, ümumiyyətlə, Avropa ictimai fikrinin əsrlər boyu
Nizami yaradıcılığını nə dərəcədə
yüksək qiymətləndirdiyi aşkar görünsün.
Bu yerdə,
əlbəttə, Hötenin məşhur “Qərb-Şərq
divanı” yada
düşür. Höte iki Şərq dahisinin səciyyəvi
xüsusiyyətləri haqqında yazır: “Əgər
Firdovsi bütün qəhrəmanlıq əfsanələrindən
istifadə etmişsə, yüksək ilhamlı şair olan Nizami ən
incə məhəbbət münasibətlərinin ən incə
xətlərini öz əsərləri üçün
material seçmişdir.”
Höte
“Nizami yüksək yaradıcılıq ilhamına malik olan
bir şəxsiyyətdir” yazaraq, onun dahiliyini belə müəyyənləşdirir:
“İnsanın məhəbbət hissi Nizaminin əsərlərində
dahiyanə təsvir olunmuşdur.” Güman edirəm
ki, əgər şair “insanın məhəbbət hissini
dahiyanə” təsvir etmək iqtidarındadırsa, onun
yaradıcılığına və istedadına bundan
yüksək qiymət vermək mümkün deyil.
Burası da simptomatik bir hadisədir ki, Nizamidən bəhs
edərkən Höte Azərbaycan tarixinə və
coğrafiyasına diqqət yetirir və “Azərbaycan”
toponimini işlədir. Qeyd edim ki, Hötenin özü də
Nizami poeziyasının təsiri ilə əsərlər
yazmışdır.
Yeri
düşmüşkən, sitat bolluğundan çəkinməyərək
mən XX əsr dünya ədəbiyyatı klassiki Lui Araqonun
1955-ci ildə yazdığı sözləri də
xatırlatmaq istəyirəm: “X11 əsr bizim Fransada Qustav
Koenin ifadəsi ilə desək, orta əsrlər ədəbiyyatının
qızıl dövrü olduğu kimi, Azərbaycanda da X11 əsrdə
elə bədii əsərlər yaradılmışdır
ki, onlar indi geniş mənada çiçəklənən
Azərbaycan ədəbiyyatının əsasını təşkil
edir”.
L.Araqondan
yarım əsr əvvəl – 1902-ci ildə isə onun həmvətəni,
görkəmli Avropa orientalisti L.Bouat yazırdı: “X1-X11 əsrlərdə
türk mənşəli şairlərin əksəriyyəti
farsca yazırdı... Xaqani və Nizami farsca
yazan ən böyük türk şairləridir”.
Hərgah
söhbət Hötenin, Araqonun, Bouatın Nizamiyə
münasibətindən düşdüsə, mən müasir
nizamişünaslığa istinad edərək, şairin 870
illiyində Y.Hammer-Purqştal, Vilhelm Baxer, Bürqel, P.Horn,
Ritter, Rudolf Helpke, Bartold, Kraçkovski, Makovelski, Əhməd
Atəş, Yan Ripka, Əli Nihat Tərlan, Şibli Nemani, Səid
Nəfisi, Vahid Dəstgirdi, yuxarıda adlarını çəkdiyim
akademiklər Bertels və Krımski kimi Nizami
yaradıcılığını tədqiq edən mütəfəkkirlərin
adlarını çəkmək istəyirəm. Adlarını çəkmədiklərim isə,
olsun ki, bundan da artıqdır.
Eyni
zamanda, elə bilirəm ki, ömürlərini Nizaminin və
ümumiyyətlə, ədəbiyyatımızın tədqiqinə
həsr etmiş Həmid Araslı, Məmməd Cəfər Cəfərov,
Ələşrəf Əlizadə, Mikayıl Rəfili,
Mirzağa Quluzadə, Əkbər Ağayev, Mübariz
Əlizadə, Rüstəm Əliyev, Qəzənfər
Əliyev, Azadə Rüstəmova, Qasım Cahani kimi alimlərimizin,
Nizami poemalarını ilk dəfə tam şəkildə Azərbaycan
dilinə poetik tərcümə etmiş Abdulla Şaiqin, Səməd
Vurğunun, Süleyman Rüstəmin, Rəsul Rzanın, Məmməd
Rahimin, Mikayıl Rzaquluzadənin də adlarını
xatırlayıb, onların ruhunu şad etməliyik.
Bunu da
xüsusi qeyd etmək istəyirəm ki, 1951-ci ildə
M.Ə.Rəsulzadənin Türkiyədə nəşr
etdirdiyi “Azərbaycan şairi Nizami” monoqrafiyasının
Nizaminin Azarbaycan xalqının milli şairi kimi
tanınması və qəbul edilməsində ciddi rolu oldu.
Nizami
yaradıcılığı hələ ilkin orta əsrlərdən
etibarən o qədər populyar olmuşdur ki, bu
yaradıcılıq nümunələrinin – təbii ki, ilk
növbədə “Xəmsə” poemalarının, eləcə
də qəzəllərin, qəsidələrin üzü
köçürülmüş, müxtəlif ölkələrə
yayılmışdır və hələ kitab nəşrinin
mövcud olmadığı bir dövrdə onun oxucu
auditoriyası imperiyalar, şahlıqlar, krallıqlar sərhədi
tanımamışdır. Elə buna görə də bu gün İstanbulda və Londonda,
Tehranda və Parisdə, Qahirədə və Sankt-Peterburqda,
Berlində və Daşkənddə, başqa şəhərlərdə
Nizami irsinin nadir əlyazma nüsxələri saxlanır.
Nizami ədəbi məktəbinin nümayəndələri
yalnız Azərbaycan şairləri deyil, bir çox
böyük fars, türk, hind, özbək,
əfqan, kürd, qazax və başqa xalqların böyük
sənətkarları bu məktəbin nümayəndələridir
və onlar belə bir irsi-bədii mənsubiyyətləri ilə
fəxr etmişlər.
Cami, Dəhləvi, Nəvai, Marağayi, Hatifi, Behişti
və başqaları kimi böyük sənətkarlar öz
“Xəmsə”lərini məhz Nizaminin “Xəmsə”sindən
ruhlanaraq, təsirlənərək yaratmışlar. Arif Ərdəbili, Həqiqi,
Ağqoyunlu Zəmiri, Nakam kimi Azərbaycan şairləri ilə
bərabər, Hilali, Nami, Vəhsi Kirmani, Vüsal Şirazi,
Əbdi bəy Şirazi, Ruhul Əmin kimi görkəmli fars
şairləri, özbək ədəbiyyatının Xarəzmli
Qütb, Xarəzmi Süheyli, yaxud türkmən ədəbiyyatının
Əndəlib kimi nümayəndələri ayrı-ayrı əsərlərini
Nizami mövzularında yazmışlar.
Nizami
orbitindən çıxmaq, Nizami cazibəsinə biganə
qalmaq çox çətin məsələdir və bu cazibənin
gücünü təsəvvür etmək üçün
orta əsrlər
ümumtürk klassik ədəbiyyatının ən
böyük nümayəndələrindən birinin –
böyük özbək şairi Əlişir Nəvainin
söylədiyi sözləri xatırlamaq, elə bilirəm
ki, kifayətdir: “Nizami sənəti o qədər əzəmətli
və ağır çəkilidir ki, onu ölçmək
üçün göylər qədər böyük tərəzi,
Yer kürəsi kimi iri ölçü vahidi lazımdır.”
Dahi
Füzulinin Azərbaycan dilində yazdığı “Leyli və
Məcnun” nə qədər orijinal və məxsusi olsa da, nə
qədər seçilsə də, fakt budur ki, bütün
poetik “Leyli və Məcnun”ların ilkinini Nizami yaradıb.
Nizami bu qədim ərəb əfsanəsini qələmə
alaraq, yuxarıda dediyim kimi, onu bəşəri bir səviyyəyə
qaldırıb, eyni zamanda, bu əfsanəni klassik Şərq
poeziyasının əbədi mövzusuna çevirib, həm
də söhbət yalnız böyük poemalardan getmir, Nizami
sayəsində bu surətlər – Leyli də, Məcnun da –
janrından asılı olmayaraq, ümumiyyətlə, klassik
poeziyanın estetik obrazlar qalereyasına daxil olublar, özü
də söhbət yalnız poemalardan getmir: siz məhəbbət
mövzusunda yazılmış az qəzəl taparsınız
ki, orada estetik bir obraz kimi Leylinin, ya da Məcnunun (Qeysin)
adına rast gəlməyəsiniz.
Nizamişünaslar
Nizaminin bəzi əsərlərini, misal üçün,
“Sirlər xəzinəsi”ni onun
yaradıcılığında yeni mərhələ hesab
edirlər və burda təəccüblü bir şey yoxdur,
böyük bəşəri əsərləri yeni-yeni bədii-estetik
və fəlsəfi axtarışlar meydana
çıxarır, ancaq ən əsası budur ki, Nizami
yaradıcılığı bir küll halında dünya ədəbiyyatında
və dünya ictimai fikrində
bir mərhələdir.
Bəlkə də təkrara varıram, ancaq bir daha demək
istəyirəm ki, Nizami milli hadisə deyil, o – bəşəri
hadisədir.
Mən
Nizaminin 800 illik yubileyi keçirilən zamanlarda Aleksandr Fadeyevin
yazdığı məqalədə onun maraqlı bir fikrinə
rast gəldim. Fadeyev yazır ki, feodal müharibələri
cəmiyyəti pərən-pərən saldığı bir
vaxtda, Nizaminin timsalında Azərbaycanda elə bir sənətkar
tapıldı ki, bütün bəşəriyyətin
xoşbəxtliyi naminə heç nədən çəkinmədən,
cəsarətlə öz səsini ucaltdı. A.Fadeyev tədqiqatçı deyildi, nasir idi, daha
artıq dərəcədə isə sovet ədəbiyyatı
təşkilatçılarından biri, “ədəbiyyat
generalı” idi, ancaq onun bu müşahidəsi, elə bilirəm
ki, çox sərrastdır.
Bu
kontekstdə, hətta Nizami utopiyası belə, bədii-fəlsəfi
təxəyyül zənginliyi ilə bərabər, həm də
sırf sənətkar cəsarətinin ifadəsi
baxımından Azərbaycan sənət və ictimai fikir tarixinin çox
tutarlı səhifələrindən biridir.
Bu yerdə mən XX əsr görkəmli rus şairi və
tərcüməçisi Pavel Antokolskinin metedoloji baxımdan
çox xoşuma gələn bir fikrini xatırlayıram. P.Antokolski antik utopiya ilə,
konkret olaraq, Platonla, İntibah dövrünün Tomas Mor və
Foma Kampanella kimi utopistləri ilə
paralellər apararaq, yazır ki, Nizami utopiyası orta əsrlər
qaranlığı içində (ruscası: “v nedrax
srednevekovoy noçi”) doğulmuş yeganə sosial utopiya idi.
Nizami yaradıcılığı yalnız Azərbaycan
ədəbiyyatının və ictimai fikrinin
inkişafında deyil, Azərbaycan musiqisinin, teatr və kino sənətinin,
təsviri sənətin, xalçaçılığın,
heykəltəraşlığın inkişafında da
müstəsna rol oynamışdır. Üzeyir Hacıbəyovun
ölməz iki romansını, yaxud Qara Qarayevin “Yeddi gözəl”
kimi XX əsr dünya balet sənətinin şedevrlərindən
birini, “Leyli və Məcnun” simfonik poemasını, “Payız”
lirik xorunu, Fikrət Əmirovun bütün dünyada səslənən
“Nizaminin xatirəsinə” simfoniyasını, daha sonralar
yazdığı “Nizami” baletini, Niyazinin “Xosrov və
Şirin”, Əfrasiyab Bədəlbəylinin “Nizami”
operalarını, bir çox digər Azərbaycan bəstəkarlarının
əsərlərini xatırlayaq. Hələ mən
muğam sənətimizə mükəmməl daxil olmuş
Nizami qəzəllərini demirəm və bu gün professional
Azərbaycan musiqisini və muğam sənətini Nizami şəxsiyyəti
və mövzularından kənarda təsəvvür etmək
heç vəchlə tam mənzərə yarada bilməz.
Orta əsr
miniatürlərindən başlamış F.Əbdülrəhmanov,
M.Abdullayev, C.Qaryağdı, B.Mirzəzadə, T. Məmmədov,
O.Sadıqzadə, T.Nərimanbəyov və başqaları
kimi görkəmli rəssam və heykəltəraşlarımızın
əsərlərinəcən Nizami şəxsiyyəti və
Nizami mövzuları təsviri sənətin və heykəltəraşlığın
Azərbaycan mədəniyyətinin milli faktoruna çevrilməsində
güclü stimullardan biri olmuşdur. Bu gün
Bakının mərkəzindəki Nizami heykəli, Qız
qalası kimi, neft buruğu kimi Bakının simvollarından
biridir.
Yuxarıda
adını çəkdiyim Pavel Antokolski Nizami
haqqındakı elə həmin essesində yazır ki, hər
bir böyük şair vaxt, zaman okeanında üzən bir gəmidir.
O gəminin reysi əsrlərlə davam edə bilər. Nizami də 800 illik bir zaman yolçuluğundan sonra
“birdəfəlik olaraq özünün fiziki və ruhani vətəninə
qayıtdı.”
Mən bu
kiçik yazını əlamətdar və rəmzi hesab
etdiyim bir faktı xatırlamaqla bitirmək istəyirəm:
Nizaminin 870 illiyi münasibətilə Gəncədə, onun məqbərəsini
əhatə edən sahədə 50 min ağac əkilmişdir.
Bu, əlamətdardır
və rəmzidir ona görə ki, bu gün Nizami yalnız ruhən
yaşamır, o, 870 ildən sonra, eyni zamanda, cismən də
bu dünyadadır, cismən də bizimlə bir yerdədir, o,
cismən çiçəkləyir, gül açır, bəhrə
verir.
Və bu, həm də əlamətdar və rəmzidir
ona görə ki, böyük Allah vergisi cism ilə ruhun vəhdətini
tələb edir, çünki böyük sənəti cism
ilə ruhun vəhdəti yaradır.
ELÇİN
525-ci qəzet.-
2012.- 1 dekabr.- S.24-25.