“Babam və mən” yaxud Mansurovlar nəsli
fotoşəkillərdə
Uzun illər
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində
“Ekran dramaturgiyası” və “Televiziya rejissorluğu” fənnindən
dərs deyən, ömrünün 40 ilini kino sənətinə
həsr edən, monoqrafiyalar, dərsliklər müəllifi,
professor Aydın Dadaşovun tədrisinin əsas qayəsinin nəzəriyyənin
tətbiqi olduğunu bütün tələbələri
bilir. Onun internet şəbəkəsində yerləşdirilən
son dövrdə lentə aldığı “Nisgil”, “Sirk səmasının
cazibəsi”, “Çapıqlı adam” və nəhayət,
“Babam və mən” filmlərini nəzərdən keçirməklə,
dramaturji qanunların ekran əsərinə tətbiqinin məhsuldar
nəticəsini görmək mümkündür. “525-ci qəzet”in
28.04.2012-ci il tarixli şənbə
sayında “Çapıqlı adam” filminin bədii məziyyətlərini
oxuculara çatdırmağa səy göstərmişdik. İndi isə “Babam və mən” sənədli
filmini nəzərdən keçirək.
Musiqiçilər nəsli kimi məşhur olan
Mansurovlar ailəsinə həsr olunmuş “Babam və mən”
sənədli filminin fotoşəkillər üzərində
qurulması ekran əsərinin hər kadrının sanki
rüşeymdən cücərməsini gözönü səciyyələndirir. Ötən əsrin əvvəllərində
neft bumu ilə bağlı çiçəklənmə
dövrü başlayan Azərbaycanda zəngin iş adamı
olan Məşədi Süleymanın özünün
fotoaparatı ilə Avropa səyahətinə
çıxması Mansurovlar nəslinin zəngin foto mədəniyyətinin
mövcudluğundan xəbər verməklə yanaşı,
yüz ildən sonra yaranacaq sənədli filmin vizual təməlini
də yaratdı. Filmin mətn həllini isə
kompüter arxasında oturaraq, babasının fotolarını
nümayiş etdirib münasibət bildirən Azərbaycan Bəstəkarlar
İttifaqının birinci katibi, bəstəkar Eldar Mansurovun
daxili monoloqu yaradır. Səyahət etdikləri
yerlərin fotolarını çəkən Məşədi
Süleymanla qardaşı Mirzə Mansurun səyahət
zamanı başlarına gələn hadisələrin
dövrün fotoları əsasında aparıcı mətnində
səslənməsi mükəmməl
audiovizuallığı təmin edir. Qardaşların
getdikləri məkanlar, tanış
olduqları maraqlı insanlarla çəkdirdikləri
fotoların bu günədək ailə arxivində qorunub
saxlanılması nəhayət ki, Mansurovların zəngin
foto arxivinin bədii həllini verir.
1952-ci ildə babası Məşədi Süleymanla
çəkdirdiyi fotonun necə çəkildiyini xatırlamasa
da, fotoaparatının obyektinə düşmüş kadrlara
zaman-zaman baxdığını söyləyən Eldar
Mansurov mənəvi keçmişə
bağlılığın təzahürünə
çevrilir.
Onun mətnində qamətli kişi kimi tanınan Mansurov
qardaşları – Məşədi Süleyman və Mirzə
Mansur bəyin hətta yerişlərindən belə,
qadınların xoşlanması, çoxlu çamadanları
olan qardaşların xarici ölkələrə gəzməyə
gedərkən özləriylə tar, fotoaparat aparması, həmin
ölkələrdə çoxlu şəkillər çəkdirməsi
fikrinin qabardılması babalara həsəd hissinin göstəricisinə
çevrilir.
Vağzalları,
qatarları, asma körpüləri fotolarda izləməklə
Avropaya şütüyərək, ilk mənzil başında
qarla örtülmüş Helsinkiyə çataraq, şam meşələrinin arasında saunada
istirahət edən qardaşların fin mətbəxindən məmnun
qalmayıb Şərq plovu arzulamaları həmən reallaşır.
Yeməkxanaları, dükanları gəzib plov
üçün ət, yağ, ərik
qurusu, düyü olduğunu öyrənən Məşədi
Süleymanın tapılmayan kişmiş üçün
qardaşı Mirzə Mansuru Peterburqa göndərməsi məmnunluq
yaradır. Artıq Avropanın “göbəy”i Parisdə
ovsunlanan qardaşların səhər oyanan kimi özlərini
çatdırdıqları kafedə yüz ədəd
buterbrod sifariş vermələrini zarafat sayan ofisiantın
özünü itirməsi, mətbəxdəki
aşpazların çıxıb müştərilərə
heyrətlənmələri, restoranın sahibinin qəzetə
zəng edərək fotoqraf çağırıb
iştahlı qafqazlıların şəkillərini çəkdirib,
ertəsi gün qəzetdə çap etdirməsi filmin
komizmini artırır. İtalyan mətbəxi, pendir, pizza
fotoları ilə ekrana gələn Roma mətbəxini bəyənməyən
qardaşların restoranların birində sahibkarın icazəsilə
şiş əvəzi qalın məftildən istifadə edərək
həyətdə tonqal qalayıb qoyun ətindən kabab
bişirmələri, qəfil aləmi götürən
tüstüdən yanğının baş verdiyini
düşünən qonşuların
çağırdığı yanğınsöndürənlərin
italyan şərabı üçün ən ləziz qəlyanaltının
Qafqaz kababı olduğunu təsdiqləmələri janr təyinatını
qoruyur. İnsanlara, xüsusən qadınlara böyük
hörməti olan Məşədi Süleymanın Avstriya səfərində
Vyana teatrının məşhur opera müğənnisi,
kök əndamlı Emiliya Svillinqlə dostluq etməsi, ona
Abşeron qızılgüllərindən buket edib qatarla
göndərməsi, əvəzində sitrus meyvələr
alması ünsiyyətin poetik həllini verir. Teatrda Məşədi
Süleymanla tanış olan Vyana
operasının primadonnası Selma Kurzun öz şəklini
almanca avtoqrafla Məşədi Süleymana
bağışlaması həm də intellektual əlaqəni
səciyyələndirir.
Bir
neçə dil bilən və 1900-cü ildə Parisdə
dünya sərgisində iştirak edən Məşədi
Süleymanın qardaşı Mirzə Mansurla orada olan vaxt
“Moulin Rouge”-də “Kankan” rəqsini seyr etmələri filmin
maraqlı bir məqamını ekrana gətirir. Rəqqasə xanımlardan biri ilə gecələyən
Mirzə Mansurun daxili azadlığının onun draması ilə
qarşılaşdırılması nəzəriyyənin
uğurlu tətbiqinə rəvac verir. Rəqqasə
xanımla fotoşəklinə faşist sxolastikasının
kölgə saldığı, sonralar məşhur tarzən
kimi ad-san qazanmış Mirzə Mansurun davamçısı
Ənvərin müharibənin qurbanı olduğuna
yanıb-yaxılırıq. Hadisələrin
inkişafı artıq doğma Bakıda cərəyan etdikcə
biz “Maşo” adlı rəqqasə keşiş qızı ilə
sevgi macərası fonunda Qafqazda ilk notlu xalq-musiqi orkestri
yaratmaq üçün pul verən, məşqlərin
aparılması üçün yer ayıran, afişalar
çıxartdıran, konsertlər təşkil edən Məşədi
Süleymanın tarzən dostu, daşnaklara yardımdan imtina
etdiyi üçün təqib olunan Lazer Ter-Avanesova Kiyevdə
mənzil alması sosial-siyasi dalğada insan münasibətlərinin
həlledici rolunu təsdiqləyir.
Özünün sosial-siyasi dəyərilə seçilən
növbəti epizodda bu günümüzə qədər
davam edən erməni terroruna münasibət yeni kontekstdə
canlanır. Belə ki, neft milyonçusu Musa Nağıyevin
İsveçrədə vərəmdən müalicə
olunan oğlu İsmayılın Məşədi Süleymana
yazdığı məktublarında Bakıdakı erməni
qırğını ilə bağlı nigaranlıq öz əksini
tapır. Və bu tarixi-xronikal epizodun
ardınca dünyadan nakam getmiş İsmayılın şərəfinə
milyonçu atasının tikdirdiyi “İsmailiyyə”
binasının içərisindəki nadir kitabxana və
tarixi əşyalarla birgə erməni terrorçuları tərəfindən
yandırılıb külə döndərilməsi
vizuallığı artırır. Sonralar
bərpa olunmuş “İsmailiyyə” binasının
qarşısından keçərək Milli Azərbaycan Tarix
Muzeyinə üz tutan bəstəkar Eldar Mansurov
babasının burada saxlanılan dəyərli əşyalarını
nümayiş etdirməklə, mövzunu nizamlayır.
Montaj edilmədən yeddi dəqiqə davam edən bu uzun
planda babasının öz əliylə
hazırladığı, müxtəlif səfərlərə
götürdüyü tarını, səfər çəkici-bıçağını,
sim-mizrab, kamerton saxladığı mücrüsünü,
portsiqarını, qoşa Kuba siqarının metal və dəri
qablarını cibində gəzdirdiyini və nəhayət,
peşəkar aktyor məharətilə gecə yatarkən məxsusi
işləməli bığ bağından necə istifadə
etdiyini əyani nümayiş etdirməsi, hətta babasına
bənzəmək üçün ötən əsrin əvvəllərində
Bakıda dəb olan ucu burma bığ da
saxladığını vurğulaması müsahibin
intellektual səviyyəsinin göstəricisinə çevrilməklə,
informasiya gerçəkliyini artırır. 38 yaşlı Məşədi
Süleymanın evinə 11 yaşında gəlin köçən,
üstəlik 18 yaşında dünyaya uşaq gətirərkən
vəfat edən Həcər xanımın draması bu epizod
daxilində öz bədii həllini tapır.
Rastlaşdığı
maraqlı məqamları fotoaparatın yaddaşına
köçürüb gələcəyə göndərən,
əl ilə düzəltdiyi tarı səsləndirməklə,
minilliklərin süzgəcindən keçmiş mədəniyyəti
Avropaya əyani çatdırmaqla, mənəvi kimliyimizi bəyan
etməklə yanaşı, kübar xanımların mərhəm
imicini qazanan Məşədi Süleymanın timsalında
tarixin xronoloji ardıcıllıqla izlənilməsi daha bir
epizodu sosial-siyasi istiqamətə yönəldir.
İmperiyanı təmsil edən məmurlara, generallara, jandarm
rəislərinə xanımlarıyla birgə ziyafətlər
verən Məşədi Süleymanın bağında Məşədi
Əzizbəyov başda olmaqla, kommunarları – bolşevikləri
belə gizlətməsi siyasi uzaqgörənliklə deyil,
ehtiyacı olana yardım kimi təzahürünü tapan
mentalitetə söykənir. Bakıya bolşeviklərin gəlişiylə
mülkləri, bağları əlindən alınan Məşədi
Süleymanın Nəriman Nərimanovla yaxın münasibəti
hesabına, Üzeyir bəyin sayəsində indiki “Köhnə
Univermaq”da musiqi şöbəsində çalışarkən,
satdığı tarı musiqiçi olmaq həvəsinə
düşüb alət seçə bilməyən heyvərənin
başında sındırması əslində modernizmə
xas olan ironiyanı bütün film boyu kadrarası məqamlarda
belə sezilməklə önə çəkə bilir. Və bir vaxtlar yardım əli uzatdığı
bolşeviklərin hakimiyyəti dövründə kiçik mənzildə
yaşayıb, gününü darısqal emalatxanada tar
düzəltməklə keçirən Məşədi
Süleymanın ömrünün sonrakı illərini
keçmişin parlaq xatirələri ilə yaşaması
taleyini sevmək məcburiyyətində qalan qəhrəmanımıza
rəğbət yaradır.
Filmin növbəti bölümündə dövrün
repressiyalarından xilas olan atasından, o cümlədən əmisindən
muğam sənətinin incəliklərini əxz edən Bəhram
Mansurovun erkən yaşlarında peşəkar tarzən kimi
tanınmaqla, musiqi tariximizə düşməsi öz əksini
tapır.
Dövrünün bütün mahir xanəndələrini
müşayiət etməklə yanaşı, 55 il ərzində
Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrının solisti olan Bəhram Mansurovun bircə Leyli ilə
Məcnunu “qovuşdura bilməməsi”nə təəssüfləndiyi
tamaşaçıda təbəssüm yaradır. Sənət
xiridarı olan ömür-gün yoldaşı ilə
böyütdüyü və musiqi təhsili verdiyi
üç oğlunu bəstəkar, dirijor, tarzən görmək
istəyən Bəhram Mansurovun ayda bir neçə dəfə
imkan tapıb eyvanda kabab bişirməsinin də fotoşəkillərdə
ekrana gətirilməsi Mansurovların qastronomik mədəniyyətinin
genetik yaddaşda yaşadığından xəbər verir. YUNESKO-da Azərbaycan musiqisini təbliğ edən
ilk azərbaycanlı musiqiçi olan Bəhram Mansurovun
vallarının dünyaya yayılması fonunda bəstəkar
Eldar Mansurovun atasına həsr etdiyi “Bəhramnamə”
muğam-rok sintezinin səhnəyə gətirilməsi bu
bölməni tamamlayır.
Sonuncu
bölmədə film boyu kompüter qarşısında
oturmaqla, babasından, atasından qalma fotoşəkilləri
şərh edərkən keçmişinə haqlı
vurğunluğu gözə çarpan (xüsusən
babasının inqilaba qədərki ömür yoluna həsəd
çəkən) bəstəkar Eldar Mansurovun da
mahnılarının bütün dünyada səsləndirilməsi,
repertuarlarını formalaşdırdığı
şou-biznes ulduzları ilə fotoşəkilləri
nümayiş olunduqdan sonra Mansurovlar nəslinin sonuncu nümayəndələrinin
musiqi sənət yolunu seçməmələrinin üzə
çıxması və nəhayət, qucağındakı
körpə nəvəsinin əlindəki mobil telefona həvəs
göstərməsi minilliklərdən gələn mənəviyyatımızın
xilası üçün həyəcan təbilinə
çevrilir.
P.S.
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun Elmi
Şurasının qərarı ilə “Qarabəy Qarabəyov”
(Azərbaycan dövlətçilik tarixində islam amili)
adlı monoqrafiyası işıq üzü görən
professor Aydın Dadaşov sənədli film studiyalarında mənəvi
səviyyənin tədricən aşağı düşməsi
səbəbindən “Qarabəy Qarabəyov” adlı kinossenarini
film studiyalarında deyil, televiziya kanallarının birində
ekranlaşdırmaq fikrində olduğunu dedi. “Babam
və mən”in ərsəyə gəlməsinə görə
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə
minnətdarlığını bildirən Eldar Mansurov isə
bu filmin ingiliscəyə tərcüməsini gözlədiyini
söylədi.
SƏADƏT
525-ci qəzet.-
2012.- 1 dekabr.- S.16.