Sözün birləşdirmək gücü...
2011-ci ilin oktyabr ayında Şimali Kipr Türk Cümhuriyyətinin Lefkoşa şəhərində keçirilən IV Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresində Xalq yazıçısı Anar “Türk dünyasında ilin ədəbiyyat adamı” elan edilmişdi. Bu il 22 – 23 noyabrda Qazaxıstanın paytaxtı Astanada həmin Konqresin V toplantısına dəvətliyik. “Türk dünyasında ilin ədəbiyyat adamı” ödülü də Anar müəllimə orada təqdim olunacaq.
Bir neçə gün öncə atam Astanadan, onun paytaxta çevrilməsi tarixçəsindən, havasından, iqlimindən, adamlarından xeyli danışandan sonra söhbətimizi yay-qış aktuallığını itirməyən mövzuya gətirir: “İsti geyin, özünü soyuğa vermə...” Bəzən mənə elə gəlir ki, avqustun ortasında Afrikaya da səyahət eləsəm, eyni sözlərlə yola salacaq məni. Yəqin bu, valideynlik duyğusunun ən ibtidai ifadəsidir...
...Hava limanında oturub bu barədə düşünür və yazmaq istəyirəm. Elçin Hüseynbəyli yaradıcılıq sirrlərini bölüşür, həyatda qarşılaşdığı tipik obrazları şifahi şəkildə təsvir edir. Təyyarə beş saat gecikir, zamanımız boldur. Ürəyin nə qədər istəyir düşün, danış, müzakirələr elə... Rəşad Məcid bu gedişlə heç Konqresə çatmayacağımızı deyib hadisələri özünəməxsus yumorla şərh edir. Almataya, oradan Astanaya uçmalıyıq. Amma uçuş qrafiki dəyişildiyindən mənzilbaşına nə zaman yetişəcəyimiz məlum deyil.
... Almatada təyyarədən enəndə atamın nəsihətini düşünüb gülümsəyirəm. Adamın Allahı var, düz deyirmiş, qalın geyinmək lazım idi. Sərin Abşeron havasından sonra Almata soyuqla müalicə kamerasını xatırladır.
Hava limanında Anar müəllimə yaxınlaşan həmyerlimiz diqqətimi çəkir. Uzun illərdir Almatada yaşayan, amma doğma dilində təmiz danışan yaşlı kişi ürək sözlərini yazıçıya çatdırır: “Fəxrimizsiz, Anar müəllim. Almataya xoş gəlmisiz. Burada yaşayırıq. Gedək bizdə qonaq olun. Allah cansağlığı versin sizə. Anar müəllim, sizi görüb çox sevindim. Anar müəllim...” Yazıçının belə uzun və bitmək bilməyən etiraflara reaksiyası çox maraqlı gəlir mənə (Yeniyetmə təvazökarlığı ilə başını aşağı salıb təşəkkür edir... Və nədənsə bu yerdə “Məni Xaçmazda tanıdılar” – deyə öyünən gənc həmkarım yadıma düşür). Amma Anar müəllimin iti, eyni zamanda təmkinli, ağır reaksiyalarını bir az sonra, hələ sovet dövründə “Ağ liman”ı qazax dilinə tərcümə etmiş Berik Şaxanov və oğlu Qazıbəylə görüşdə daha çox müşahidə edəcəyəm. Qısaca desəm, Şaxanovlar ailəlikcə Anar yaradıcılığının vurğunlarıdı. Təbii ki, təsvir olunan mühitdən kənar adamların sevdiyim əsərlərə aid fikirlərini öyrənmək istəyirəm. Özümdən asılı olmayaraq sorğu-suala tuturam Şaxanovları. Berik Şaxanov o dövrdə “Ağ liman”ın Qazaxıstanda necə sürətlə populyarlaşmasından, oğlu isə Anar müəllimə sevgisindən, əsərlərinə pərəstişindən həyəcanla, az qala əlləri əsə-əsə danışır. Və söhbət davam etdikcə burada gizli bir yarışın getdiyini duyuram. Əsərdən-əsərə, mövzudan-mövzuya keçidlər maraqlıdır: “Sonda Kəbirlinskinin xanımı....”, “Nemətin gecə Təhminəyə zəng etm...”, “Zaur... Hə Zaur. Axırda ölən təkcə Təhminə deyildi axı...”, “Mən, Sən, o və telefon... Hollivud... “Sizə məktub var” “Tom Xenks...” Bir-birimizin sözünü kəsə-kəsə, qarşı tərəfə aman vermədən müzakirələr edirik. Rəqibimin Anar yaradıcılığına bu cür bələd olması məni sevindirir. Amma monoloqunun ortasında sanki onu çaşdırmaq üçün qəfil bir sual verirəm: “İndi, danışarkən bu əsərlərin müəllifinin yanınızda oturduğunun fərqindəsinizmi?” Anar müəllim anındaca iti yumoru ilə reaksiya verib qazax oxucusunu “nokautdan” xilas edir.
... Xoşbəxtlikdən Astanaya, V Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin açılış mərasiminə vaxtında yetişirik. Lev Qumilyov adına Avrasiya Milli Universitetində təşkil olunmuş konfransda Qazaxıstan Yazıçılar Birliyinin sədri Nurlan Orazalin giriş sözü ilə çıxış edərək qonaqları salamlayır və bu cür tədbirlərin keçirilməsinin faydasından danışır. Daha sonra TÜRKSOY-un sədri Düsen Kaseinov rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən, türk xalqları ədəbiyyatının, incəsənətinin təbliği istiqamətində görülən işlərdən söz açır və bu barədə videorolik konfrans iştirakçılarına təqdim olunur.
Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu belə tədbirlərin təşkil olunması vacibliyi və türk dünyası ədəbiyyat dərgiləri arasında əlaqələrin möhkəmlənməsi zərurətindən bəhs edir. Çıxışlardan sonra bayaqdan bəri gözlədiyimiz “Türk dünyasında ilin ədəbiyyat adamı” ödülünün təqdimat mərasimi başlanır. Türksoyun rəhbəri Düsen Kaseinov Anarın türk dünyasına, ədəbiyyatına xidmətlərindən danışaraq bu mükafatın ona verilməsinin təsadüf olmadığını vurğulayır: “Anar təkcə Azərbaycanın yox, bütün türk dünyasının yazıçısı, mütəffəkkiridir. Onun fəaliyyətinə, yaradıcılığına nəzər saldıqda buna bir daha əmin oluruq. Əslində Anar bu ödülə hər il layiq görülə bilər...” Mükafat Anar müəllimə təqdim olunur, qazax milli geyimi əyninə geyindirilir və çıxış üçün söz ona verilir: “Əziz dostlar! Mən bu gün ikiqat sevincliyəm. Əvvəla ona görə ki, yüksək ödülə layiq görülürəm, ikincisi isə ona görə ki, bu mükafat mənə dostlarımın arasında, qardaş ölkənin paytaxtında təqdim olunur. Bu çətin, zor dünyada bizim, türk xalqlarının xilası yalnız birlikdədir. Biz bir olsaq, ədəbiyyatımız, incəsənətimiz, dilimiz inkişaf edər. Bu işdə böyük çaba göstərən iki təşkilat sədrinin adını özəlliklə qeyd etmək istəyirəm. TÜRKSOY başkanı Düsen Kaseinov və Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu. Mən onlara öz təşəkkürümü bildirir, qardaşlıq yolunda uğurlu addımlar diləyirəm”.
Anar müəllimdən öncə bu mükafata layiq görülmüş Əli Akbaş ödülçünü təbrik edib bunları deyir: “Mənim Anar bəylə tanışlığım Sovet dövrünə təsadüf edir. Hələ o zamanlardan mən onun yaradıcılığını oxuyub heyran qalmışdım. Yazdığı hekayələri, əsərləri baş tacımızdır. Onunla eyni ödülü paylaşmaq bir şərəfdir və mən buna görə çox sevinirəm. Anar bəyi təbrik edir, onunla öyündüyümü bildirirəm”.
Tədbirin təşkilatçılardan biri, mənim nəzərimdə Azərbaycan ədəbiyyatının dostu İmdat Avşar “İlin ədəbiyyat adamı”nın şəkli həkk edilmiş suvenirləri iştirakçılara paylayır və mən onun canfəşanlığına baxaraq müsahibəsində “Anarın əsərini tərcümə etdiyim üçün fəxr edirəm...” sözlərinin nə qədər səmimi deyildiyini düşünürəm.
Mükafatlandırma mərasimindən sonra “Türk dünyasında ədəbi əlaqələrin keçmişi, bugünü və gələcəyi” mövzusunda plenar iclas başlayır. Oturum başkanı Anar müəllimdir. İclasda Qazaxıstanın Xalq yazıçısı A.Nurpeyisov, qırğız şairi O.Sultanov, kabardin-balkar Xalq şairi Əsgər Doduyev və başqaları çıxış edib mövzu ətrafında müzakirələr aparırlar. Həmin gün “Ədəbiyyat və ədəbiyyat dərgiləri”, “Tərcümə və milli ədəbiyyatlar”, “Ədəbiyyat və milli dil” mövzularında da toplantılar keçirilir, müxtəlif ölkələrdən gəlmiş mütəxəssislərin fikirləri dinlənilir.
Növbəti gün, 23 noyabrda Avrasiya Yazarlar Birliyinin sədri Y.Öməroğlunun başçılığı ilə “Ədəbiyyat dərgiləri arasında Beynəlxalq əməkdaşlıq imkanları və qarşıda duran problemlər” mövzusunda iclas keçirilir. İlk olaraq söz “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə verilir: “Avrasiya Yazarlar Birliyi yarandığı müddətdən bəri türk xalqları ədəbiyyatına böyük töhfələr verib. Birliyin təsis etdiyi “Kardeş Kalemler” dərgisi öz səhifələrində ayrı-ayrı türk xalqları yazarlarının əsərlərini dərc edir. Nəticədə dərgini oxuyanlarda müasir türk ədəbiyyatları barədə təsəvvür yaranır”. Rəşad Məcid həmçinin ədəbiyyat dərgiləri və Tərcümə Konqreslərini yüksək qiymətləndirərək ədəbi əlaqələrin yaranması istiqamətində bu tədbirlərin əhəmiyyətini vurğulayır, “Türk dünyasında İlin ədəbiyyat adamı” titulunun verilməsinin yazarların təbliğində böyük rol oynadığını qeyd edir.
“Kardeş Kalemler”dən İmdat Avşar, Qırğızıstan “Janı Alatoo” dərgisindən Saliya İbrahimova və başqaları mövzu ətrafında çıxışlar edib, fikirlərini bölüşürlər. Kabardin-Balkar şairi Əskər Doduyev Yaqub Öməroğluna, Xalq yazıçısı Anara, Düsen Kaseinova ölkəsindən gətirdiyi medal və mükafatları təqdim edir.
Nahardan sonra Konqres iştirakçılarını Qazaxıstanın “Ulduz” jurnalının 90 illik yubiley mərasimi və növbəti il üçün “Türk dünyasında ilin ədəbiyyat adamı”nın seçimi gözləyir. 90 yaşlı jurnalın baş redaktoru Uluqbəy Esdövlətovun qonaqlara dərgi və onun tarixçəsi, müxtəlif dönəmlərdə adının necə dəyişilməsi haqqında danışdıqları xüsusi maraqla qarşılanır. Tədbirə mədəniyyət və informasiya naziri Darhan Minbay də qatılıb. D.Kaseinov, Y.Öməroğlu, S.Kozıbayev və başqaları çıxışları ilə jurnalın redaksiya heyətini təbrik edirlər. Azərbaycandan “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli Ulqubəy Esdövlətovla uzun zamandır tanışlığından danışıb bu dərginin ədəbiyyatlarımız arasında əlaqələrin genişlənməsində xidmətlərindən bəhs edir: “Mən bu yubiley münasibətilə bütün Qazaxıstan ədəbi mühitini təbrik edirəm və jurnalın redaksiya heyətinə uğurlar diləyirəm. İllər uzunu bu jurnalda qazax dilinə tərcümə olunmuş Azərbaycan yazıçılarının da əsərləri dərc edilib. Belə bir təntənənin keçirilməsi şübhəsiz təkcə qazax yox, bütün türk dünyası ədəbiyyatına göstərilən sayğıdır. Bir neçə ildən sonra bizim “Ulduz”un da 50 illiyidir və mən arzu edərdim ki, Azərbaycanda da jurnalımızın yubileyi geniş qeyd olunsun...” Digər ölkələrin dərgi redaktorları da Elçin Hüseynbəylinin sözlərinə qoşulub Qazaxıstanın “Ulduz”unu təbrik edirlər. Beləliklə növbəti il üçün “Türk dünyasında ilin ədəbiyyat adamı”nın seçim müzakirələrinə başlanır. İlk olaraq çıxış edən Xalq yazıçısı Anar ödülün kərkük ədəbiyyat adamı Əta Tərzibaşıya verilməsini məsləhət bilir: “Əta Tərzibaşı İraq türkmənlərinin görkəmli alim, ədəbiyyatşünaslarındandır. Kərkük ədəbiyyatına aid çox faydalı tədqiqatları var. Onun yaşının çoxluğunu, türkmənlərin basqı altında olduğunu da nəzərə alaraq növbəti ilin ədəbiyyat adamı ödülünün ona verilməsini təklif edirəm”. Kıprıs tərəfi yazıçı İbrahim Bozqurdun, Türkiyə nümayəndələri isə qazax nasiri Tölen Abdikin namizədliyini irəli sürürlər. Öz ölkəsi tərəfindən namizədliyin verilməsi qaydalara uyğun olmadığından qazax yazıçısı Tölen Abdik 2013-cü il üçün “Türk dünyasında ilin ədəbiyyat adamı” elan olunur. Konqres Əta Tərzibaşına Türk dünyasına xidmətə görə xüsusi ödül verilməsini qərara alır. Sonda Konqresin yekun Bəyannaməsi oxunur. VI Ədəbiyyat dərgiləri Konqresinin gələn il Türk dünyasının mədəniyyət paytaxtı elan olunan Eskişehirdə keçirilməsi qərara alınır. Bununla Konqres işini başa çatdırır.
Səhərisi gün Konqres iştirakçıları bir sıra muzeylərə, Nazarbayev Mərkəzinə və Astanada fəaliyyət göstərən Türkiyə Mədəniyyət Mərkəzinə baş çəkirlər. Daha sonra qonaqları Xalq yazıçısı Anarın “Türk dünyasında ilin ədəbiyyat adamı” ödülünü alması münasibətiylə Azərbaycan diasporunun təşkil etdiyi ziyafət gözləyir. Ziyafəti Qazaxıstanda Azərbaycan diasporunun rəhbəri Vidadi Salahov açır, Anarın bütün azərbaycanlıların sevimli yazıçısı olduğunu vurğulayır və belə bir mükafatdan sevindiklərini dilə gətirir. Ordakı azərbaycanlılar adından Anar müəllimə hədiyyələr bağışlayır.
Elə həmin gün Xalq yazıçısı Anar Qazaxıstanın baş nazirinin müavini Krımbek Kuşerbayev, Mədəniyyət və informasiya naziri Darhan Minbay ilə görüşür. Görüşdə “Dədə Qorqud” dastanı əsasında Türkiyə, Qazaxıstan və Azərbaycanın birgə çəkəcəyi çoxseriyalı film barədə Xalq yazıçısı Anarın təklifi müzakirə olunur.
Növbəti gün Astananı gəzmək, Bayterek, Xanşatırı ilə tanış olmaq imkanı yaranır. Lakin mən bu şəhərin gözəlliyini təyyarə illüminatorundan baxanda daha çox dərk edəcəyəm. Astana yaddaşıma Ağ şəhər kimi həkk olunur. Səmasıyla, torpağı eyni rəngdə olan şəhərə yuxarıdan tamaşa etdikcə beynim durulur və burada keçirilən tədbirlərin əsas missiyasını bir daha anlayıram. Birlik yaratmaq. Bu məqamda bir sutkadır oyaq olmağıma baxmayaraq ilk dəfə gördüyüm Qazıbek Şaxanovla, Bakı üçün dəhşətli darıxmağıma, pessimistliyimə rəğmən qazax qızı Seuli ilə Anar müəllimin əsərlərinə aid bitməyən müzakirələrimiz yadıma düşür. Və anlayıram ki, insanları bu cür birləşdirən, yaxınlaşdıran ədəbiyyatı yaradan adamları qorumasaq, heç bir birlikdən söhbət gedə bilməz.
PƏRVİN
525-ci qəzet.-
2012.- 1 dekabr.- S.10.