Avropalı diplomatın azərbaycanlı
xanımı
AYGÜN İSMAYILOVA: “AVROPADA YAŞAMAQ
MƏNƏ TƏK İNTUİSİYA İLƏ
HƏRƏKƏT ETMƏYİ YOX, RASİONAL OLMAĞI DA
ÖYRƏTDİ”
İlhamə Qasımlının təqdimatında
“Qərib söhbət”
İnsan sevdiklərindən, böyüyüb boya
başa çatdığı yerdən, mühitdən
uzaqdadırsa, deməli, qəribdir. Fərqi yoxdur, o mühitdən az uzaqda, ya çox uzaqdasan. Bu
layihə də biz Qəriblərin layihəsi olacaq. Danışanlar da, danışdıran Mən –
İlhamə Qasımlı da Qəriblərik.
“Qərib söhbət”lərimiz müxtəlif
coğrafiyaları əhatə edəcək. Amerikadan da,
Avropadan da – bir sözlə, hər yerdən olacaq müsahiblərimiz.
Bunun üçün mütləq oraya getməyə gərək
yoxdur – müasir informasiya texnologiyalarının imkanı ilə
dünyanın hər yeri ilə istər səsli-görüntülü,
istərsə də çat vasitəsilə müsahibələrimizi
alacağıq.
“Qərib söhbət”imizin budəfəki qonağı
Aygün İsmayılova Azərbaycan mətbuatında,
xüsusilə xəbər jurnalistikasında özünü
təsdiqləmiş jurnalistlərdən idi. “Azadlıq” qəzeti,
“Space TV”, “Trend” xəbər agentliyində, son illərdə isə
beynəlxalq təşkilatlarda çalışıb.
Xüsusilə, informasiyanı əldə etmək və
müsahiblə ünsiyyət sahəsində yüksək
bacarığa malik olub... Ona görə “olub”
deyirik ki, artıq jurnalistikadan diplomatiya aləminə, həm
də Avropanın diplomatiya aləminə transfer edilib.
Dinamik və
sərbəst jurnalist həyatından sonra təmkinli və protokol
diplomatiya həyatı odla suyun müqayisəsidir. İndi onun həyatını müsahibələr
yox, diplomatik qəbullar, rəsmi görüşlər rəngləndirir.
Səfir xanımı statusunun ictimai məsuliyyətini
çiyinlərində daşıyır.
Hər
şey 2008-ci ildə Aygün “Trend”in təmsilçisi olaraq
Belçikanın Azərbaycandakı o zamankı səfiri
Frank Geerkenslə görüşə gedərkən baş verdi. Bu işgüzar
tanışlıq romantik münasibətlərə keçdi
və nəticəsi bu oldu ki, Aygün İsmayılova
artıq Avropanın siyasi mərkəzi Belçikanın
hakimiyyət ailəsində təmsil olunan bir azərbaycanlıdır.
Həyat yoldaşı Frank Geerkens hazırda
Belçikanın Hollandiyadakı səfiridir.
Qəriblik yalnız nostalji hissləri ifadə eləmir,
həm də fərqli mədəniyyətləri, adət-ənənələri,
mətbəxləri və daha nələri görmək,
müqayisə etmək üçün bir fürsətdir. Aygün İsmayılova ilə
söhbətimiz buna imkan verdi.
“Hazırda
Avropada yaşayıram və bundan çox məmnunam”
– Azərbaycanda
dinamik jurnalist həyatın vardı. Sonra səhv
etmirəmsə, ATƏT-in Bakıdakı nümayəndəliyinə
işə keçdin. Səbəb
yalnız maddi məsələ idi?
–
Düzdür, bir müddət ATƏT-in Bakı ofisində
işlədim. Maddi cəhətdən heç
bir dəyişiklik yox idi. Söhbət
2008-ci ildən gedir. Azərbaycan Avropaya və
ümumiyyətlə, Qərbə doğru baxmağa
başlamışdı. Düşündüm ki, mənim
də bu prosesdə rolum ola bilər.
– Üstəlik,
Avropa həyatına marağın da vardı...
– Əlbəttə!
Atalar sözü var: “Min dəfə eşitməkdənsə,
bir dəfə görmək yaxşıdır”.
– Bir
atalar sözü də var: “Niyyətin hara mənzilin ora”.
–
Haqlısan. Niyyətim məni istədiyim mənzilə
gətirdi. Hazırda Avropada
yaşayıram və bundan çox məmnunam.
– Mətbuatın,
demək olar ki, bütün sahələrində
çalışmışdın – qəzet, televiziya,
informasiya agentliyi, nəhayət, mətbuatla bağlı
menecer. Hansı daha maraqlı idi?
– Azərbaycanda
uzun müddət jurnalist kimi çalışdıqdan sonra
son illərdə, artıq menecer kimi işləməyə
hazır olduğumu düşünürdüm. Məncə, bu sahədə müəyyən nailiyyətlərim
də oldu. Elə bu təcrübə məni
biznes aləminə yönəltdi. İndi
təhsilimi biznes kommunikasiyası üzrə alıram və
qlobal şirkətlərin təcrübəsini öyrənirəm.
– Avropada Azərbaycana oxşayan nəsə varmı? Gündəlik
həyat, mentalitet, dil – daha nə qədər fərqliliklərin
arasında oxşarlıqlar tapmaq olurmu?
– Avropa
böyükdür. Hər bir ölkənin fərqli
mədəniyyəti və xüsusiyyəti var. Cənubi
Avropada Azərbaycanla oxşarlıqlar tapmaq olar. Düzdür, dilimiz tam fərqli olsa da, onlar da
kollektiv təfəkkürlü insanlardır. Bundan
başqa, bizim kimi dadlı yeməkləri sevirlər, emosional,
bəzən də çox həssas ola
bilirlər.
– “Kollektiv təfəkkürlü insan” deyərkən nəyi
nəzərdə tutursan?
– Kollektiv
təfəkkürlü insanlar qrup maraqlarını şəxsi
maraqlardan üstün tuturlar. Bir misal gətirim: “Eurovision”
musiqi müsabiqəsi zamanı yalnız Azərbaycanda
yaşayan azərbaycanlılar deyil, hətta burda – Avropada olan
azərbaycanlılar eyni vaxtda televiziya qarşısında əyləşib
“bizim ölkə” qalib gəlsin deyə həyəcanlanırdılar.
Kollektiv təfəkkürlü insanlar uğuru
da, itkini də, “biz” nöqteyi-nəzərdən qiymətləndirir.
Amma fərdiyyəçi cəmiyyətlərdə
hər şey “mən”lə bağlıdır. Ona görə də Şimali-Qərb ölkələrində
“Eurovision” müsabiqəsi zamanı intuziazm o qədər də
yüksək deyil. Onların təfəkküründə
qrup maraqları anlayışı, hissləri prioritet deyil.
– Avropaya
psixoloji-mənəvi adaptasiyan necə keçdi?
– Hər
bir mədəniyyətə uyğunlaşma dildən
başlayır. Bura köçən kimi ilk
növbədə holland dilini öyrənməyə
başladım. Avropalı bir insanla evli olmam və
uşağımın da yarı azərbaycanlı, yarı
avropalı olması bu prosesi bir az da
asanlaşdırdı. Qızımla bərabər
mən də, gündəlik olaraq bu cəmiyyətin incəliklərini,
gözə görunən və görünməyən cəhətlərini
aşkar edirəm.
Psixoloji-mənəvi uyğunlaşmağa gəldikdə
isə, əvvəlcə çətin idi. Uzun illər
yaşadığın, böyüdüyün mühitdən
uzaqlaşmaq, çox vaxt öz dilində danışa biləcəyin
adam tapmamaq, öz xörəklərini yeməmək,
zarafatları eşitməmək çətin idi. Amma bu, insanın uyğunlaşma istəyi və
bacarığından asılı olan bir məsələdir.
Bir də düşdüyün mühitdən.
Ətrafdakıların sənin mədəniyyətinə,
adətlərinə həssas olması çox vacibdir. Ən azı ilkin mərhələdə.
Əgər sən özun də başqa mədəniyyətlərə
açıqsansa, onda bu proses qarşılıqlı
anlaşma ilə daha asan gedəcək. Elə
bu səbəbdən də mən Hollandiya universitetlərindən
birində təhsil almaq qərarına gəldim. Kommunikasiya elminə yiyələnmək istədim.
– Deməli,
bundan sonra peşəni dəyişirsən...
– Bu
yaxınlarda Qərb universitetlərindən birində M.B.A. dərəcəsi
alacam. Ondan sonra beynəlxalq kommunikasiya uzrə məsləhətçi
kimi fəaliyyət göstərmək niyyətindəyəm.
Dünyanın qloballaşması siyasi, iqtisadi və
mədəni mühitin beynəlmiləlləşməsinə
aparır. Dünya “qlobal kənd”ə
çevrilir. Bu mühitdə,
dünyanın müxtəlif hissələri arasında
kommunikasiya problemi ortaya çıxır. Elə
götürək, bizim çox da uzaq olmayan tariximizi. Sovet rejiminin dağılması dünya xəritəsinə
yeni ölkələrin adını saldı. Bu ölkələrin bəziləri artıq Avropa
İttifaqının üzvüdür. Amma
çox vaxt bu ölkələrdə yaşayan mütəxəssislərlə
Qərb mədəniyyətli peşəkarlar arasında
kommunikasiya problemi ortaya çıxır. Bu
halda baryerlərin aradan qaldırılması, fərqli mədəniyyətləri
və baxışları interpretasiya edəcək mütəxəssislərə
ehtiyac yaranır. Mən də öz yerimi
burda görürəm.
– Sənin Azərbaycandan gedişin həmkarlarının
böyük marağına səbəb olmuşdu. Belçikanın Azərbaycanda
o zamankı səfiri ilə evliliyini jurnalistikada olan adamlar
maraqla izləmişdilər...
–
Sözün düzü, bu mənim üçün də
gözlənilməz idi. Eyni maraqlar, eyni
düşüncə tərzi, həyata baxış bizi daha
da yaxınlaşdırdı və sonunda evlənmək qərarına
gəldik. Ən vacibi isə
qızımız dünyaya gəldi. Qızımıza
ad seçərkən ağlımıza ilk gələn Qurban
Səidin “Əli və Nino” əsəri oldu. Bu əsərdən ilham alıb
qızımızın adını Nina qoyduq.
– Niyə
məhz “Əli və Nino”ya istinad etdiniz. Bu əsərdə
özünüzü xatırladan nələrsə vardı?
– “Əli və Nino” Avropada çox məhşur olan bir əsərdir. Getdiyim hər
bir yerdə bu əsəri oxumuş bir-iki adama rast gəlirəm.
İnsanların bu əsərdə baş verənləri
mənə dönə-dönə danışması məni
çox sevindirir. Mən də fəxrlə
deyirəm ki, əsərdə söhbət açılan
dünyanın bir parçasıyam. Qızım
Avropada yaşayıb tərbiyə almasına baxmayaraq, istəyirəm
ki, mənim də köklərimlə əlaqəsi itməsin.
–
Tanışlığınız necə olmuşdu?
– İlk
tanışlıq sırf işgüzar xarakterli
idi. O zamanlar mən “Trend” xəbər agentliyində
çalışırdım. Belçika səfiri
də jurnalistlərlə görüşlər keçirirdi.
Onlardan biri də mən idim.
– Əslində, bu, mətbuat konfransı da deyildi, daha məhdud
dairədə olan bir görüş idi. Daha sonra
başqa tədbirlərdə də rastlaşdıq və
sonda nə baş verdiyi sizə məlumdur.
– İlk günlərdə münasibətlərinizdə
azərbaycanlı və avropalı mentaliteti fərqi hiss
olunurdu?
– Əlbəttə! Biz tez-tez qərarları
emosiyamıza istinad edib veririk, tələsik nəticə
çıxarırıq. Qərb mentalitetli insan
isə əvvəlcə məsələnin faydasını və
ziyanını tərəziyə qoyur və ona ən əlverişli
olanı seçir. Avropada yaşamaq mənə
tək intuisiya ilə hərəkət etməyi deyil, rasional
olmağı da öyrətdi.
– Sosial
şəbəkədə sənin kral sarayında keçirilən
bir mərasimdə şəkillərini
görmüşdüm. Kareta ilə həyat
yoldaşınla saraya daxil olmağın təsvir olunmuşdu.
Qaçaqaç jurnalist həyatından sonra kübar zadəgan
həyatı yaşayırsan, deyəsən...
–
Hollandiyaya gələn hər bir səfir kareta ilə
Kraliçanın sarayına gedir. Bu, Niderland
Krallığında bir ənənədir. Mən isə çox sadə bir həyat
yaşayıram. Hətta avtomobildən belə
çox vaxt istifadə etmirəm. Velosipedim mənim
üçün hər an rahat nəqliyyat
növüdür.
– Səfir
xanımı da səfirin özü kimi protokol şəxsdir.
Biz azərbaycanlılar isə protokol şəxsləri
bahalı avtomobildə, şık geyimdə təsəvvür
edirik. Velosipeddə səfir xanımı qeyri-standart
görünür...
– Status
meylli, ierarxik quruluşlu cəmiyyətlərin nöqteyi-nəzərindən
bu, qeyri-standart görünə bilər. Qərbi
Avropada bu, çox adi haldır. Yüksək
vəzifəli şəxslər belə, velosipeddən istifadə
edirlər.Həm də ki, velosiped digər nəqliyyat vasitələrindən
daha səmərəlidir. Birincisi, ən
ucuz nəqliyyat növüdür. İkincisi,
ekologiyanı çirkləndirmir. Üçüncüsü,
insanların sağlamlığına müsbət təsir
göstərir. Qərbi Avropada orta yaş
həddi 75 ildir.
– Bu da
mentalitetdəki çox böyük fərqlərdən biri –
elə deyilmi?
– Hər
bir cəmiyyətin öz özəllikləri, ənənələri
var. Bu ənənələr illərlə formalaşır.
Buna təsir edən bir çox amillər var: tarix, din, dil, hətta
iqlim. Fərqin olması mentalitetlərdən
birinin yaxşı, o birinin pis olması demək deyil. Sadəcə
olaraq, bu fərqlər
var və onları başa düşmək və onlara
hörmətlə yanaşmaq lazımdır.
– Azərbaycanda
nəinki vəzifə sahibi, azacıq tanınmış
adamı belə, velosipeddə təsəvvür edirsənmi?
– Bu tək
Azərbaycanda deyil. Dediyim kimi, status meylli ölkələrdə
eyni mənzərəni izləmək olar. Sözsüz
ki, bununla razılaşmamaq da, Qərbdəki
yaşayış tərzini daha yaxşı hesab etmək də,
hətta yaşamaq üçün Qərbə köçmək
də olar. Amma hər bir cəmiyyətin
artıq kök salmış ənənələri var və
onları dəyişdirmək o qədər də asan deyil.
– Bu cəmiyyətin
yetişdirdiyi insanlardan biri kimi özünü dəyişdirə
bilmisən?
–
Dünyaya baxışım dəyişib. Zənnimcə
bu da yaş, təcrübə ilə bağlı prosesdir.
– Diaspor fəaliyyətinə
maraq göstərirsənmi, yoxsa diplomatik vəziyyətinə
görə bu məsələyə müşahidəçi
qalmalı olursan?
– Dediyim
kimi, çox aktiv həyat tərzi sürürəm. Uşağın problemləri, təhsilim və sair.
Yəni əlavə fəaliyyət
üçun vaxtım olmur. Amma yenə də
səfirliyimizin Azərbaycanla bağlı tədbirlərində
iştirak etməyə çalışıram.
– Ailənizdə Azərbaycan xatırlanırmı, ya
kosmopolit ab-hava var?
–
Üç hadisə ailəmizdə xüsusi qeyd olunur: Novruz
bayramı, Yeni il bayramı və təbii
ki, Krismas. Novruzda xonça düzəldirik.
Yeni ildə plov va dolma bişirirəm. Krisması isə Qərb ənənələrinə
uyğun keçiririk. Həmin axşam
bütün ailə süfrə başına
yığışır və bir-birinə hədiyyələr
verir.
– Həyat
yoldaşın Novruza maraq göstərirmi? Novruzun
hansı atributları onunçün maraqlıdır?
–
Sözun düzü, bunu heç zaman sual etməmişəm
ona. Müşahidələrimdən deyə bilərəm
kı, bütün atributlar maraqlıdır. Məncə,
yalnız dünyanın bir necə ölkəsinə aid olan
bu qədim bayram, onunla tanış olmayan hər
kəsin marağına səbəb olur.
– Azərbaycanlı
xanımı olan ailənin gündəlik menyusu nədir?
– Azərbaycan
xörəkləri arasında bizdə ən çox seviləni
yarpaq dolmasıdır. Mən dolmanı çox
sevirəm. Yoldaşım da dolmaya biganə
qalmır.
Evdə vaxtaşırı dolma bişirirəm və hətta
avropalı dostlarımız da həmin axşamları bizə
qoşulurlar.
Əslində, avropalılar dolmanı
tanıyırlar, amma onu ilk dəfədir ki, bizim
hazırladığımız tərzdə yeyirlər.Dediklərinə
görə, dolmanı isti yeməyin və üstünə
qatıq tökməyin ləzzəti başqadır.
Avropalı qohum və dostlarım bizim plovu da çox
sevirlər.
Ötən il Yeni il bayramında
bişirdiyim plovu çox ləzzətlə yedilər.
– Avropada
ləziz yeməkləri bişirməkçün dadlı ərzaqlar
tapmaq olur? Çünki tanışlar deyirlər
ki, ordakı ətin dadı azərbaycanlı damağına
uyğun deyil.
– Mənə
lazım olan ərzaqları çox vaxt burda tapa bilirəm. Amma Azərbaycandakı meyvə-tərəvəzin
dadını burda tapa bilmirəm.
– Evləndikdən
sonra Azərbaycana getmisən?
– Təbii
ki, ildə bir neçə dəfə Bakıya, daha dogrusu,
Bakıma dönürəm. Bu yaxınlarda Azərbaycana
getmişdim. Sözün düzü,
Bakıda bir neçə dəfə azdım. Şəhərin düzümü dəyişdirilib
və ətrafdakı gözəl binalara baxa-baxa hara gəlib
çıxdığımı anlaya bilmədim. Nəzərə çarpacaq başqa cəhət isə
insanların həyatdan zövq almasıdır.
Amma bir
şeyi yenidən etməyə cürət etmədim – Bakıda
avtomobil sürməyi. Həddən artıq
ayıq olmaq lazımdır.Maşınların sayı
çoxdur və qaydalar da aydın deyil.
– Bir
gözəl qızın var. Mənimçün həmişə
maraqlı olub ki, Avropada uşağa ailədə və
yaxın çevrədə münasibət necədir? Bəlkə gülməli görünə bilər
– məsələn, Avropada uşağı əzizləyərkən
nə deyirlər? “Qadan alım”, “ana qurban”
və başqa bu kimi əzizləmələri Avropada hansı
sözlər əvəz edir?
– Əlbəttə ki, hər bir millət
uşaqlarını fərqli əzizləyir. Avropalılar
tez-tez “əzizim” sözündən istifadə edirlər.
Mənim qızıma gəldikdə isə, onun
valideynləri fərqli mədəniyyətlərdən gəldiyindən,
o da qarışıq tərbiyə alır və
qarışıq sözlərlə əzizlənir.
– Amerikada uşaq sevmək, uşaq oxşamağın bir çərçivəsi var. Ailədən olmayan biri uşağı nəinki öpsə, hətta ona xoş söz desə və ya üzünə gülsə belə, uşaq təcavüzü kimi ağır ittihamla üzləşə bilir. Avropada bu vəziyyət necədir?
– Amerikada olduğu kimi, Avropada da şəxsi mülkiyyət və onun toxunulmazlığı məsələsi çox həssas mövzudur. Hətta belə bir deyim də var ki, bir şəxsin azadlığı o birinin azadlığının başladığı yerdə bitir. Bu baxımdan, xüsusən də Şimali Avropada, insanlar göruşdükdə xüsusi məsafəni saxlayırlar, söhbət edərkən başqasına toxunub və ya toxunmamaqla bağlı müəyyən qaydalara riayət edirlər. Bu, cəmiyyətin həm yazılmış, həm də yazılmamış qanunudur. Bu o demək deyil ki, bütün Avropa ölkələrində eyni qaydalar hökm sürür. Misal ücün, əgər İtaliyaya getməli olsanız, adamların söhbət edərkən bir-birinə çox yaxın durmasını, tez-tez toxunmalarını, hətta ucadan danışmalarını görərsiniz. Dili başa düşməyənlərdə belə bir təsəvvür yarana bilər ki, iki italiyalı dalaşır, amma əslində, bu onların danışıq tərzidir.
–
Avropanın diplomatik korpusunda təmsil olunursan. Azərbaycan və
türk diplomatlarının sənə münasibətləri
necədir – doğma, fərqli münasibət hiss edirsən?
– Azərbaycanlı
və türk diplomatlarla və onların xanımları ilə
münasibətim çox yaxşıdır. Hər
görüşümüzdə məmnuniyyətlə öz
dilimizdə söhbət edirik.
–
Jurnalistika mühitindən sonra diplomatik mühit necə
görünür?
– Hər
bir mühitin öz özəllikləri var. Mənim
üçün hər ikisi maraqlıdır.
–
Jurnalistika çox dinamik həyat və səmimiyyəti rahat
göstərə biləcəyin bir peşədir. Diplomatiya
isə əksinə –
emosiyasız və hissləri gizlətməyə
sövq edən, hissləri biruzə verməməyə
hesablanan bir peşədir. Sən də bu
diplomatiyanın içindəsən. İki
ziddiyyətli peşənin arasında yaşamaq necə bir
hissdir?
– Dediyim
kimi, mən jurnalistikadan hələ Azərbaycanda ikən
getdim. 10 il kifayət qədər uzun bir
zaman və təcrübə idi. Mən yenilik və
inkişaf axtaran bir insanam. İndiki həyatımda
daim yeni insanlarla qarşılaşıram, fərqli yerləri
aşkar edirəm, mədəniyyətləri öyrənirəm.
Məncə, jurnalistikadakı yerimi tərk
etdikdən sonra öz yeni yerimi tapmışam.
– Avropada qohum münasibətləri necədir? Azərbaycan ənənələrindən hansı fərqləri var?
– Avropada ailə institutuna yanaşma, əlbəttə ki, fərqlidir. İstər ər-arvad, istərsə də valideyn münasibətləri daha çox rasional xarakterlidir. Yəni ailədə ər və arvadın ayrı büdcələri ola, ev xərcləri yarı bölünə bilər. Uşaqlardan da 18 yaşına çatdıqdan sonra müstəqil olub öz gəlir mənbələrini tapmaq gözlənilir. Son illər artıq Azərbaycanda da bu tendensiya müşahidə olunur. Tək qazanc üçün deyil, həm də müstəqil olmaları üçün azərbaycanlı qadınlar da işləməyə can atır.
525-ci qəzet.-
2012.- 1 dekabr.- S.8-9.