“Plüralizmin əsas əhəmiyyəti
odur ki, müxtəlif
fikirlər içərisindən həqiqəti seçmək
imkanı verir”
Bakı
Dövlət Universitetinin
beynəlxalq jurnalistika
kafedrasının müdiri,
Gürcüstanın əməkdar
jurnalisti, professor Həmid
Vəliyev qəzetimizə
müsahibəsində həm
özünün jurnalistika
sahəsinə gəlişi
və bu istiqamətdəki fəaliyyəti
barədə danışıb,
həm də ümumən mətbuatımızın
müxtəlif sahələrinə,
inkişaf tarixinə müqayisəli nəzər
salıb.
– Mən Gürcüstanda
dünyaya gəlmişəm. Orada boya-başa
çatmışam. Bizim ailəmizdə
əsasən riyaziyyata
maraq böyük idi. Mərhum böyük qardaşım
o vaxtkı Azərbaycan
Dövlət Universitetinin
mexanika-riyaziyyat fakültəsini
bitirmişdi. Bu sahə üzrə xeyli irəliləmişdi.
O, riyaziyyatın o vaxtlar
yeni sayılan kibernetika sahəsi üzrə yaxşı müətəxəssis olub.
Mən isə hələ yeniyetməlikdən yazı-pozuya
maraq göstərirdim.
Hələ orta məktəbdə
oxuyarkən həm Azərbaycan, həm də rus dilində
indiki dillə desək, jurnalist materialları hazırlayırdım.
İlk oçerkim 1956-cı ildə
“Stalin yolu” qəzetində
çap olunub. Oçerk bütün rayonda, hətta rayonun ərazisindən də uzaqlarda yayılmışdı.
Hamı onu oxuyurdu. O vaxt deyəsən səkkizinci sinifdə idim. Sonralar yazılarım rayon qəzetlərindən başqa
Tiflis mətbuatında dərc
edilirdi. Komsomol fəalı
olduğuma görə,
Tiflisdə iki qəzetin müxbiri təyin olunmuşdum.
Tez-tez yazılarım çıxırdı.
Beləliklə, jurnalistikaya həvəsim
artdı və qərara gəldim ki, bu mənim
həyatda seçəcəyim
yeganə sahədir.
Mən bu peşəni çox sevirdim. Jurnalistikaya sevərək bu
sahəyə gəlmək
bu peşənin dərinliklərinə yiyələnməyi
təmin edir. Hələ qəbul olunmamışdan
əvvəl yazmağa
başladınsa, sadəcə
olaraq sonradan oxuduğun dövrdə bunu təkmilləşdirirsən. Sovet dövründə qəbul qaydası indikindən fərqli idi. Hansı sahəni istəyirdinsə, o sahəyə imtahan verirdin. Qəbul olsan olurdun,
olmasan gedirdin istehsalata. Həvəsi
olanlar sonrakı illərdə yenidən həmin ixtisasa imtahan verirdilər. Amma indi abituriyentlər bir neçə ixtisas seçirlər.
Çox
vaxt istəmədikləri
bir fakültəyə
qəbul olub oxuyurlar. Mən ilk qəbulda jurnalistikaya imtahan verib 19 bal topladım. Həmin vaxt mövcud 20 bala qarşı 19 bal toplamaq yüksək nəticə idi. Bircə imtahandan dörd almışdım, qalan hamısından qiymətlərim
əla idi. Jurnalistikaya qəbul üçün 20 bal lazım olduğundan kəsildim və kəndə qayıtdım.
Avqustun sonlarında universitetdən
teleqram gəldi ki, siz Azərbaycan
Dövlət Universitetinin
hüquq fakültəsinin
rus bölməsinə
daxil olmusunuz. Mən təəccübləndim ki,
mən hara, hüquq hara? O vaxt belə hesab edirdim ki,
hüqüqşünaslar özlərini
müəyyən qədər
cəmiyyətdən yuxarı
tuturlar. Mənə elə gəlirdi
ki, hüquq sahəsini lovğa adamlar seçirlər.
300-dən artıq abituriyentin içərisində
yeganə mən idim ki, rus
dilindən imtahandan əla almışdım.
Bu səbəbdən də hüquq fakültəsinin rus bölməsinə qəbul
etmişdilər. Lakin mən
oxumağa getmədim.
Qərara gəldim ki, ya mütləq
jurnalist olacağam, ya da ümumiyyətlə,
ali təhsil
almayacağam. Elə tanıdığım adamlar
vardı ki, on il jurnalistikaya
imtahan veriblər ki, məhz jurnalist
olsunlar. Belələri sonradan yaxşı
jurnalist kimi yetişir. Gələn
il yenidən
jurnalistikaya sənəd
vermək fikrində qalaraq orta məktəbdə
pioner baş dəstə rəhbəri
kimi işlədim. Bu, pedaqoji təcrübə
hesab olunurdu. İşlədim, eyni zamanda Tiflisdə radioda çalışdım. Sonra da
rayon qəzetində fəaliyyət
göstərdim. 1959-cu ildə yeni qərar çıxdı
ki, Azərbaycan Dövlət Universitetinin hüquq və jurnalistika fakültəsinə
yalnız iki illik iş təcrübəsi
olanların sənədləri
qəbul ediləcək.
Beləliklə, yenə də
jurnalistikaya yolum müvəqqəti bağlandı.
1960-cı ildə mayda sənədlərimi filologiya fakültəsinin
jurnalistika şöbəsinə
verdim və qiyabiyə qəbul oldum. Beləcə, bir qədər
gec də olsa arzuma çatdım.
– Sovet dövrünün jurnalisti çağdaş
həmkarından çoxmu
fərqlənirdi?
– Sovet dövründə jurnalistika ağır sahə sayılırdı.
Belə ki, texniki imkanlar
indiki kimi deyildi. Bundan əlavə, jurnalistlərin
öz sözlərini
demək üçün
imkanları məhdud idi. Yəni ürəyindən gələni deyə bilmirdin. İdeoloji cəhətdən mətbuat çox siyasiləşmişdi. O dövr
üçün mətbuata
partiyalı mətbuat
deyilirdi. Kommunist partiyası nəyi
diktə edirdisə o da olmalı idi. Şübhəsiz ki, o dövrdə
öz millətin, xalqın, ölkən haqqında da müəyyən söz demək mümkün idi. Yəni öz xalqını,
millətini, ölkəni,
respublikanı nə qədər istəsən
tərifləyə bilərdin.
Necə ki, Səməd Vurğun öz məlum şeiri ilə Azərbaycan
abidəsi yaratmışdı.
Buna görə də o şeiri
bu gün böyükdən- kiçiyə
hamı əzbər bilir, dünyanın bir çox dillərinə tərcümə
olunub. O şeir bizim Azərbaycanımız
haqqında elə dolğun təsəvvür
yaradır ki, inanmıram ki, hansısa jurnalist Azərbaycanın surətini
o dərəcədə işləyib-yarada
bilsin.
525-ci qəzet.- 2012.- 4 dekabr.- S.6.